A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda qəhraman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Rəvayətə görə, İranın Mədain şəhəri İslam ordusu tərəfindən fəth olunmamışdan əvvəl Şəhrəbanu bir gecə yuxuda görür ki, Peyğəmbər (s) İmam Hüseynlə (ə) birlikdə Mədaindəki sarayın eyvanına daxil olur və ona xitab edərək buyurur: “Ey əcəm padşahının qızı! Mən səni Hüseynə (ə) nişanladım”.

O sonrakı gecə yuxuda Həzrət Zəhranı (ə) görür və Xanım Zəhra ona deyir: “Sən oğlumun nişanlısı və mənim gəlinimsən. Tezliklə müsəlmanlar qalib gələcəklər və sən də onlara əsir olacaqsan. Nigaran olma, tezliklə ərin, oğlum Hüseynin (ə) vüsalına çatacaqsan”.[149]

İMAM HÜSEYNİN (Ə) ŞƏHRƏBANU İLƏ EVLƏNMƏSİ BARƏDƏ İMAM BAQİRİN (Ə) BUYURDUĞU SÖZLƏR

İmam Məhəmməd Baqir (ə) buyurur: “Yəzdgirdin qızı (Şəhrəbanu) əsir kimi Mədinəyə gələndə, Mədinənin qızları onun tamaşasına düzülmüşdülər. O, məscidə daxil olanda məscid onun nurundan işıqlandı (yəni məsciddə olanlar onu görəndə sevindi və heyrətə gəldilər). Ömər ona baxanda, üzünü gizlətdi və farsca dedi: “Vay! Hörmüzün ruzigarı qara gəldi”.

Ömər (farsca bilmədiyi üçün) dedi: “Bu qız məni söyür?”

Sonra onu satmaq qərarına gəldi. Əmirəl-mö`minin Əli (ə) Ömərə buyurdu: “Sənin buna haqqın yoxdur. Seçmək ixtiyarını öz öhdəsinə qoy. Hər kimi bəyənsə, mehriyyəsini həmin şəxsin beytül-maldakı payından hesabla”.

Ömər Əlinin (ə) təklifini bəyəndi və seçmək ixtiyarını Şəhrəbanunun öhdəsinə qoydu. Şəhrəbanu qabağa gəldi və əlin İmam Hüseynin (ə) çiyninə qoydu. İmam Əli (ə) ona buyurdu: “Adın nədir?”

O cavab verdi: “Cahanşah”.

Həzrət Əli (ə) buyurdu: “Sənin adın Şəhrəbanuvəyh olsun!”

Sonra İmam Hüseynə (ə) buyurdu: “Ey Hüseyn! Şübhəsiz, bu qızdan sənin üçün yer üzünün ən yaxşı insanı dünyaya gələcək”.[150]

HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHRƏBANUYA SUALI VƏ ONUN CAVABI

Şəhrəbanunu əsir kimi Mədinəyə gətirəndə, Həzrət Əli (ə) ondan soruşdu: “Atandan fil süvariləri (və İran ordusunun məğlubiyyəti) barəsində hansı sözləri xatırlayırsan?”

Şəhrəbanu cavabında dedi: “Yadımdadır, atam o zaman deyərdi ki, hər zaman Allahın iradəsi qalib gəlsə, bütün arzular onun müqabilində xar və nakam olar. Hər zaman ömürün, izzət və şövkətin sonu çatsa, ölüm vaxtı çatacaq. Onun qabağında təslim olmaqdan başqa çarə yoxdur”.

Həzrət Əli (ə) buyurdu: “Doğrudan da atan nə qədər gözəl söz deyib! Bütün işlər İlahi müqəddəratın müqabilində xar və təslim olar. Hətta əcəl çatan zaman belə, insanın xahişlərinə və gördüyü tədbirlərinə qalib gələr”.

Həzrət Şəhrəbanu İmam Səccadı (ə) dünyaya gətirəndə vəfat etdi.

 

5-İmam Baqirin (ə) anası Fatimə (ə)

İmam Baqirin (ə) əziz anası Fatimə (ə) (Ümmü Əbdullah) İmam Həsən Müctəbanın (ə) qızı idi. İmam Sadiq (ə) onu yad edib, şə`ni və məqamı haqqında buyurub: “O çox doğru və düz danışan idi. İmam Həsənin (ə) ailəsində onun kimi bir qadın olmayıb”.

İmam Baqirin (ə) üstün olmasının səbəblərindən biri bu idi ki, iki tərəfdən (yə`ni həm ata və həm də ana) imamətə bağlıydı. Onun əsli İmam Həsən (ə) və İmam Hüseyn (ə) vasitəsilə risalət mənbəyi həzrət Peyğəmbərə (s) çatır. Onun uca mə`nəvi məqamı və kəramətlərindən biri budur ki, həzrət (ə) bir gün bir divarın altında oturur. Birdən divar yarılır və onun uçacağını bildirən möhkəm səs eşidilir. Həzrət (ə) divara işarə edərək buyurur: “Yox! Mustafanın haqqına and verirəm. Allah sənə aşmağa icazə verməsin”.

Divar onun bu sözü və işarəsindən sonra havadan asılı vəziyyətdə qalır və İmam (ə) sağ-salamat oradan uzaqlaşır. Bundan sonra İmam Sadiq (ə) (o Həzrətdən (ə) təhlükənin uzaqlaşmasına xatir) yüz dinar sədəqə verir.[151]

6-İmam Sadiqin (ə) anası Ümmü Fərvə

Həzrət İmam Sadiqin (ə) əziz anası, Fatimə adlı möhtərəm qadın Ümmü Fərvə kimi tanınırdı. Ümmü Fərvə İmam Səccadın (ə) xalası oğlu Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı idi. O, tanınmış şiə fəqihi və İmam Səccada (ə) ən yaxın səhabədən sayılırdı. İmam Sadiq (ə) də onu İmam Səccadın (ə) daha e`tibarlı və e`timadlı səhabəsi kimi yad edirdi. Əhli-sünnə tarixçiləri onu “Tabein seyyidlər”indən və İmam Səccadın (ə) dövründəki “yeddi fəqihlər”dən biri kimi qeyd edirdilər. O hicri 101, ya 102, ya 108 və ya 112-ci ildə 72 yaşında Mədinədə vəfat etdi.[152]

Bir gün İmam Rzanın (ə) hüzurunda Qasim ibn Məhəmməd ibn Əbu Bəkr və Səid ibn Musəyyibdən (bunların hər ikisi öz əsrinin tanınmış və üstün fəqihlərindən idi) söz açıldı. Həzrət (ə) buyurdu: “Bu iki nəfər şiə idilər”.[153]

İmam Sadiqin (ə) anası Ümmü Fərvə belə bir şəxsin qızı idi. Onun şə`ni və məqamına İmam Sadiqin (ə) buyurduğu sözlər kifayətdir: “Anam imanlı, pərhizkar və yaxşı əməl sahibi olan qadın idi. Allah yaxşı əməl edənləri çox sevər”.

Sonra buyurur, “anam nəql edir ki, atam (İmam Baqir (ə)) ona buyurdu: “Ey Ümmü Fərvə! Mən hər gecə-gündüz Allah dərgahından şiələrim üçün min dəfə məğfirət diləyirəm. Çünki bizə müsibət və bəla gələndə, Allahın onu müşahidə etdiyini yəqin edib və agah olub, səbir edirik. Ancaq bizim şiələrimizin belə bir elm və yəqinliyi olmadığı halda səbir edirlər”.[154]

Görkəmli hədis alimi Məs`udi, “Mürucuz-zəhəb”də rəvayət edir: “Ümmü Fərvə öz əsrinin bütün qadınlarından daha pərhizkarı idi”.

O pərhizkar olmaqdan əlavə, o qədər dəyərli məqama malik idi ki, onun oğlu İmam Sadiqi (ə) “İbnul-Mukərrəmə” (Möhtərəm qadının oğlu) kimi xatırlayırdılar.[155]

Nəql olunur ki, bir gün Ümmü Fərvə Kə`bənin kənarında təvafla məşğul idi. Həcərul-əsvədin yanına gəldi və onu sol əllə məsh etdi. Oradakılardan biri (zahirən əhli-sünnə fəqihlərindən idi) ona dedi: “Ey Allahın kənizi! Sünnəti yerinə yetirəndə səhvə yol verdin” (Yə`ni sol əllə “Həcərul-əsvədi” məsh etdin).

Ümmü Fərvə ona belə cavab verdi: “Bizim sənin elminə ehtiyacımız yoxdur”.[156]

Səriştəli alim, mühəddis Qumi bu cümlələri nəql etdikdən sonra deyir: “E`tiraz edən zahirən əhli-sünnə fəqihlərindən idi. Ümmü Fərvənin əri İmam Baqir (ə), qaynatası İmam Səccad (ə), övladı hikmət mə`dəni və elmin qaynar bulağı olan İmam Sadiq (ə), öz atası (Qasim) böyük fəqih şəxslərdən və İmam Səccadın (ə) e`timadlı şagirdlərindən biri olduğu halda, onların elm və fiqhlərindən necə də ehtiyacsız olmasın?”[157]

7-İmam Kazimin (ə) əziz anası Humeydə

İmam Musa Kazimin (ə) əziz anası Humeydə Məğrib (Afrika və Əndəlos tərəflərindən olan) mühacirlərindən idi. İmam Baqir (ə) oğlu İmam Sadiqin (ə) onunla evlənəcəyi ərəfədə o xanıma buyurdu: “Adın nədir?”

Ərz etdi: “Humeydə”.

İmam (ə) ona buyurdu: “Sən dünyada mədh olunmuş, axirətdə isə bəyənilmisən”.

Sonra isə İmam Sadiqə (ə) buyurdu: “Bu qızı həyat yoldaşın olması üçün özünlə apar”.

İmam Sadiq (ə) həyat yoldaşı Humeydənin (İmam Kazimin (ə) anasının) şə`ninə buyurub: “Humeydə çirkinliklərdən və qatqılardan saf qızıl külçəsi tək pakdır. Allahın mənə və məndən sonrakı höccətə bəxş etdiyi kəramətə xatir, mələklər onu mənə qovuşanadək daim qorudular”.[158]

Humeydə savadlı və hədis bilən bir qadın idi. O e`timadlı rəvayətçi kimi bə`zən İmam Sadiqdən (ə) eşitdiyi rəvayətləri nəql edirdi. Əbu Bəsir deyir ki, İmam Sadiq (ə) şəhid olandan sonra onun yanına getdim və başsağlığı dedim. O ağladı və mən də ağladım. O dedi: “Əgər İmam Sadiq (ə) vəfat edən zaman hüzurunda olsaydın, təəccüblü bir mənzərəni müşahidə edərdin. O Həzrət (ə) son anlarında gözünü açdı və buyurdu: “Bütün yaxın adamlarımı buraya topla”.

Hamını çağırdım. O Həzrət (ə) onlara nəzər saldı və buyurdu: “Şübhəsiz bizim şəfaətimiz namazı yüngül sayanlara çatmayacaq”.

İmam Kazim (ə) Əbva` kəndində (Məkkə ilə Mədinə arasında yerləşir və Peyğəmbərin (s) anası Həzrət Amənənin (ə) qəbri oradadır) dünyaya göz açdı. Həzrətin (ə) ata-anası (İmam Sadiq (ə) və Humeydə) həcc mərasimini yerinə yetirmək üçün dostları ilə birlikdə Mədinədən Məkkəyə gedəndə yolda İmam Kazimin (ə) dünyaya gəlməsi kəramətlər və təəccüblü hadisələrlə baş verdi. Bu barədə hədislərdə və tarixdə nəql olunub.[159]

8-İmam Rzanın (ə) möhtərəm anası Nəcmə

İmam Rzanın (ə) anası Məğribdən (Afrika və keçmiş Əndəlos hüdudlarından) olan “Tuktəm” adlı bir qadın idi.[160] İmam Kazimin (ə) anası Humeydə (o da Əndəlosdan idi) onunla tanış olur və onu oğlu İmam Kazimin (ə) həyat yoldaşı olması üçün bəyənir. Tuktəm imamət və vilayət ailəsində Nəcmə adlandırılır. Nəcmə İmam Kazimlə (ə) ailə qurmazdan əvvəl Humeydədən İslam əxlaqı və qayda-qanunlarını öyrənir. O, din, iste`dad və ağıl cəhətindən qadınların ən yaxşısı idi. Həzrət Humeydə deyir: “Nəcmə bizim evə gələndə Peyğəmbəri (s) yuxuda gördüm, mənə buyurdu: “Ey Humeydə! Nəcməni oğlun Musaya (ə) bağışla (onunla evləndir). Şübhəsiz, tezliklə yer üzünün ən yaxşı insanı ondan dünyaya gələcək”.

Mən bu göstərişə əməl edib Nəcməni oğlum İmam Kazimlə (ə) evləndirdim. İmam Rza (ə) da ondan dünyaya gəldi”.[161]

Rəvayətdə gəlib ki, Humeydə oğlu İmam Kazimə (ə) buyurur: “Oğlum! Tuktəm elə bir qadındır ki, ondan yaxşısını heç vaxt görməmişəm. Səni onunla evləndirirəm və sənə ona yaxşılıq etməyi sifariş edirəm”.[162]

Həzrət Nəcmə (ə) Allahın zikrinə, münacata və ibadətə o qədər vaxt ayırır ki, Həzrət İmam Rzaya (ə) süd verdiyi müddətdə qohumlarına deyir: “Dayə tutmaqla mənə kömək edin”.

Ondan soruşdular ki, sənin südünmü azalıb?

O cavabında deyir: “And olsun Allaha yalan demirəm! Südüm azalmayıb. Ancaq mən bu uşağa himayəçilik edəndən sonra namaz, təsbih zikrlərim və ibadətlərim azalıb (ibadət və münacatlarımı yerinə yetirmək üçün kömək istəyirəm)”.[163]

İmam Rzanın (ə) anası Həzrət Nəcmədən (ə) nəql olunur ki, “oğluma (Əli ibn Musa ər-Rzaya (ə)) hamilə olanda heç bir ağırlıq hiss etmədim. Yatanda öz bətnimdən həmd, təhlil və təsbih səsi eşidərdim və qorxardım. Yuxudan ayılanda isə heç bir səs eşitmirdim. O, (Həzrət Rza) dünyaya gələndə bir əlini yerə qoydu və başını səmaya qaldırıb dodaqlarını hərəkətə gətirdi. Elə bil ki, bir söz deyirdi. Bu anda atası Musa ibn Cəfər (ə) mənim yanıma gəldi və buyurdu: “Ey Nəcmə! Allahın kəraməti sənə mübarək olsun”.

Uşağı bir ağ parçaya büküb Həzrət Musa ibn Cəfərə (ə) verdim. Həzrət (ə) onun sağ qulağına azan, sol qulağına isə iqamə dedi. Fərat çayının suyundan istədi və onun ağzını Fərat suyu ilə islatdı. Sonra onu mənə tapşırdı və buyurdu: “Bu uşağı məndən al! O yer üzündəki Bəqiyyətullahdır”.[164]

İMAM MUSA KAZİMİN (Ə) QIZI HƏZRƏT MƏ`SUMƏNİN (Ə) HƏYATI

Qələm şə`ni və məqamını yazmaqda aciz olan çox möhtərəm qadınlardan biri İmam Musa Kazimin (ə) qızı Həzrət Fatimə Mə`sumədir (ə). Onun qəbri şiələrin ziyarətgahı və pənah apardığı yer, Qum elmiyyə hövzəsinin, müctəhidlərin və elm-əməl dahilərinin mərkəzidir. Bə`zilərinin nəql etdiyinə əsasən, onun anası həmin Həzrət Nəcmədir. Həzrət Rza (ə) həm ata və həm də ana tərəfindən onun qardaşıdır. Həzrət Fatimeyi-Mə`sumə (ə) hicri qəməri 173-cü il zilhiccə ayının əvvəlində Mədinə şəhərində dünyaya göz açıb və 201-ci il rəbiüs-sani ayının 12-də 28 yaşında Qum şəhərində dünyadan gedib.[165]

Hicri 200-cü ildə (yeddinci Abbasi xəlifəsi Mə`munun israrı və də`vətindən sonra) Həzrət Əli ibn Musa ər-Rza (ə) Xorasana gəldi və burada Mə`mun onu ehtiramla qarşıladı. Çoxlu imam övladları Həzrət Rza (ə) ilə görüşmək üçün Hicazdan İrana gəldilər. O cümlədən Həzrət Mə`sumə (ə) də öz qohumlarından ibarət karvanla qardaşı ilə görüşmək üçün İrana gəldi. Ancaq Savə şəhərinə çatanda xanım xəstələndi. Yaxınlarından Qum barəsində soruşdu. Onlar dedilər ki, yaxındır. Əmin-amanlıq və müqəddəs şəhər olduğuna görə xanım sakin olmaq üçün Qumu seçdi. Qumda tanınmış şiələrdən olan Sə`d Əş`ərinin oğlanları Həzrət Mə`sumənin (ə) Savəyə gəldiyini eşitdikdə onu qarşılayaraq izzət və ehtiramla Quma gətirdilər. O Həzrət (ə) Musa ibn Xəzrəc ibn Sə`d Əş`ərinin evinə gəldi.[166] 17 (ya 16) gündən sonra isə dünyasını dəyişdi.[167] İndi Həzrət Mə`sumənin (ə) Qumdakı pak və İlahi ziyarətgahı, ölkənin və xaricdəki müxtəlif bölgələrdən gəlmiş Əhli-beyt (ə) aşiqlərinin ziyarət mərkəzidir. İmam Kazim (ə) buyurur: “Qum Ali Məhəmmədin (s) evi, Ali Məhəmməd (s) şiələrinin sığınacağı və pənahgahıdır”.[168]

Bə`zi rəvayətlərə əsasən, Harun ibn Musa ibn Cəfər (ə) öz qohumlarından Həzrət Mə`sumə (ə) də daxil olmaqla 22 nəfərlə İrana gəlir. Yolda Harun (ə) yemək yeyərkən Mə`munun cəlladları hücum edərək onu şəhid etdilər, digər adamlarını isə yaralayıb pərakəndə saldılar. Nəql olunur ki, Savədə Həzrət Mə`sumənin (ə) yeməyinə zəhər qatıb, o əziz və möhtərəm Xanımı (ə) zəhərlədilər. Xanım (ə) yatağa düşdü və çox çəkmədi ki, şəhid oldu. Mə`mun İmam Kazimin (ə) övladlarından altı, ya da yeddi nəfərini şəhid etdi. Çünki onlar qardaşları İmam Rzanın (ə) qanını almaq məqsədiylə Mə`munun hakimiyyətinə e`tiraz etmişdilər . . . “.[169]

Müəllif isə belə deyir: “Bu nəzər, Həzrət Mə`sumənin (ə) 201-ci hicri qəməri ilində vəfat etdiyi qeyd olunmuş səhih nəzərlə uyğun gəlmir. Çünki Həzrət İmam Rza (ə) 203-cü hicri qəməri ilində şəhid olmuşdu”.

Həzrət Mə`sumənin (ə) (Əhli-beyt (ə) kəriməsi) məzarının ziyarəti barədə çoxlu rəvayətlər nəql olunub. O cümlədən, Həzrət Rza (ə) buyurub: “Hər kəs Həzrət Mə`sumənin (ə) məzarın ziyarət etsə, onun yeri behiştdir”.[170]

Yenə də buyurub: “Mənim şiələrimin hamısı Həzrət Mə`sumənin (ə) şəfaəti sayəsində behiştə daxil olacaqlar”.[171]

Diqqəti cəlb edən digər nöqtə budur ki, Həzrət Mə`sumənin (ə) ziyarətnaməsinin mətnini Həzrət Rza (ə) Sə`d Əş`əriyə öyrədibdir.[172]

9-İmam Cavadın (ə) anası Xəyzran

İmam Cavadın (ə) anasının adı Xəyzran idi. Onu Reyhanə, Səbikə və Mirrisiyyə kimi adlarla da çağırardılar. Bu qadın öz dövrünün ən yaxşı qadınlarından idi. İslam Peyğəmbəri (s) bu şücaətli və fəzilətli qadının və övladı İmam Cavadın (ə) gələcəyi barəsində belə buyurmuşdu: “Atam fəda olsun Nəvbə əhlindən olan pak təbiətli, ən yaxşı kənizin oğluna!”[173]

Xəyzran Nəvbə əhlindən (Misirin yaxınlığında, Afrikadakı məntəqələrdən biri) Mariyə Qibtiyyənin tayfasından idi. Mariyə Qibtiyyə Həbəşistanın padşahı Nəcaşinin İslam Peyğəmbərinə (s) hədiyyə etdiyi həmin mə`rifətli qadın idi. Peyğəmbərin (s) ondan İbrahim adlı övladı oldu, ancaq uşaq tezliklə dünyadan getdi.[174]

İmam Kazimin (ə) şagirdlərindən biri Yezid ibn Suləyt Mədinə ilə Məkkə arasındakı yolda İmam Kazimlə (ə) görüşdü. Həzrətdən (ə) özündən sonrakı canişini barədə soruşdu. Həzrət (ə) bir az şərh verdikdən sonra buyurdu: “Məni bu il tutacaqlar. İmamət oğlum Əli (ibn Musa ər-Rza (ə)) ilədir”.

Sonra buyurdu: “Oğluma (Həzrət Rzaya) müjdə ver ki, tezliklə əmin, e`timadlı və mübarək bir oğlan (yə`ni İmam Cavad (ə)) sahibi olacaq. O sənə mənimlə burada görüşməyini xəbər verəcək. O zaman ona xəbər ver ki, oğlanın (İmam Cavadın) anası, Rəsulullahın (s) oğlu İbrahimin anası, Rəsulullahın (s) həyat yoldaşı Mariya Qibtiyyənin tayfasından olan bir kənizdir. Əgər bacarsan mənim salamımı o kənizə (Xəyzurana) çatdır”.[175]

Beləliklə görürük ki, İmam Kazim (ə) Xəyzuranla görüşməzdən və o xanımın İmam Rza (ə) ilə evlənməsindən əvvəl Həzrət Peyğəmbər (s) salamını Cabir ibn Əbdullah vasitəsilə İmam Baqirə (ə) çatdırdığı kimi, öz salamını ona çatdırmağı buyurur.

İMAM RZANIN (Ə) XƏYZURANIN PAKLIĞI VƏ MƏDHİ BARƏSİNDƏ BUYURDUĞU SÖZLƏR

Bir gün İmam Rza (ə) öz əshabına buyurdu: “Mən elə bir övlad (İmam Cavad) sahibi olmuşam ki, dəryaları yaran Musa ibn İmrana oxşayır. Anası da paklıq və müqəddəslikdə İsa ibn Məryəmə (ə) oxşayır. Bu uşağın anası (yə`ni Xəyzuran) pak və pakizə yaradılmışdır”.[176]

İmam Rzanın (ə) bacısı Həkimə söyləyir ki, İmam Cavadın (ə) təvəllüdü yaxınlaşanda, İmam Rza (ə) mənə buyurdu: “Həkimlə (mama ilə) birlikdə Xəyzuranın otağına get”.

Sonra İmam Rza (ə) o otağın işığını yandıraraq oradan çıxdı və  qapını bağladı. Xəyzuranda doğum ağrısı başlananda çıraq söndü. Çıraq söndüyünə görə narahat olduq. Lakin Həzrət Cavad (ə) dünyaya gələndə həmin otaq onun vücudunun nuru ilə işıqlandı. Bu zaman İmam Rza (ə) qapını açaraq otağa daxil oldu. Uşağı götürüb beşiyinə qoydu və mənə buyurdu: “Ey Həkimə! Beşiyin yanında qal”.

Üçüncü gün gördüm ki, İmam Cavad (ə) gözlərini səmaya dikib. Sonra sağ və sol tərəfə baxdı və dedi: “Əşhədu ənla ilahə illəllah

Və ənnə Məhəmmədən Rəsulullah”.

Həkimə deyir ki, mən qorxdum və dəhşətə gəldim. Bu halda Həzrət İmam Rzanın (ə) hüzuruna getdim və ərz etdim: “Bu uşaqdan elə sözlər eşitdim ki, təəccübləndim”.

İmam Rza (ə) buyurdu: “Nə eşitdin?”

Ərz etdim: “O Allahın birliyinə və Məhəmmədin (s) risalətinə şəhadət verdi”.

İmam Rza (ə) buyurdu: “Bu uşağın həyatında təəccüblü işlər sən gördüyündən də çoxdur”.[177]

10-İmam Hadinin (ə) anası Həzrət Səmanə

Həzrət Səmanə (ə) Məğrib əhlindən idi. Allahın əli ilə Mədinəyə gəlib çıxdı və İmam Cavadın (ə) həyat yoldaşı oldu. Bu mə`rifətli qadın mə`nəvi fəzilətlər və kamal yolunda o qədər üstün idi ki, onu Seyyidə və Ümmül-Fəzl (fəzilətlər anası) adlandırardılar. Həzrət Səmanə (ə) öz dövründə zöhd və pəhrizkarlıqda misilsiz idi. İlin çox günlərini müstəhəb oruc tutardı.

Səmanə Məğrib karvanıyla Mədinəyə gəldi. Orada Məhəmməd ibn Fərəcin vasitəsi ilə İmam Cavadın (ə) evinə gələrək O Həzrətin (ə) həyat yoldaşı oldu. İmam Cavad (ə) onun şə`ninə belə buyurub: “Onun adı Səmanədir. O məni həqiqətən tanıyır. O, behişt qadınlarındandır. Tüğyankar şeytan ona yaxın gəlmir. İnadkar zalımların hiyləsi ondan uzaqdır. Heç vaxt yatmayan Tanrının lütf və mərhəməti altındadır”.

Böyük alim Seyyid Mürtəza “Uyunul-mu`cizat” kitabında Həzrət Səmanənin şə`nindən yazır: “O, Allaha ibadətdə təvazökarlıq və acizliyin son həddində olardı və Allahla çox sıx bağlılığı vardı”.[178]

İman nuru cilvələnir bu canda,

Mustafa qanunu yaşayır onda.

Çöhrəsi günəşdir şərəf şəfəqli,

Qəlbi vaqif, Ümmül-kitab hədəfli.

İmamət tacıyla başı ucalmış,

Önündə mələklər diz üstə qalmış.

11-İmam Həsən Əsgərinin (ə) anası Həzrət Süsən

Həzrət Süsən (ə) adlı-sanlı tayfada doğulmuş, çox möhtərəm və savadlı bir xanım idi. Allahın əli ilə Mədinəyə gələrək İmam Hadinin (ə) həyat yoldaşı olmaq şərəfinə nail oldu. O, Süsən,[179] Səlil və Hudeys[180] kimi müxtəlif adlarla tanınırdı. Onu İmam Hadinin (ə) yanına gətirəndə və İmam Hadinin (ə) həyat yoldaşı olanda, Həzrət (ə) onun şə`nində belə buyurdu: “Səlil hər bir pislikdən, nöqsandan, çirkin xüsusiyyətlərdən və napaklıqdan uzaqdır”.[181]

Onu kiçik qeyb dövründə “Cəddə” (Qaim İmamın nənəsi) çağırırdılar. Bir gün İmam Həsən Əsgəri (ə) anası Süsənə (ə) buyurdu: “260-cı ildə mənə müsibət üz verəcək. Həmin ildə mənim dünyadan getməyim ehtimal olunur”.

Həzrət Süsən (ə) narahat oldu və ağladı. İmam Həsən Əsgəri (ə) anasına dedi: “Narahat olma! Şübhəsiz İlahi təqdir baş verməlidir”.

İmam Həsən Əsgəri (ə) dövri diktatorun əmri ilə (İraqda) Samirra şəhərinə sürgün olunmuşdu. 260-cı ildə Həzrət Süsən (ə) həcc əməllərini yerinə yetirmək üçün Mədinədən Məkkəyə getdi. Mədinəyə qayıdanda hər gün İraqdan gələn xəbərlərlə maraqlanırdı. Ona oğlu İmam Həsən Əsgərinin (ə) Samirrada dünyadan getməsi xəbərini çatdırdılar. Samirraya gələndə Cəfər Kəzzabın (İmam Hadinin oğlu, İmam Həsən Əsgərinin qardaşı) yalandan İmam Həsən Əsgərinin (ə) irsinə iddia etdiyini gördü. Ona e`tiraz edərək buyurdu: “İmam Həsənin (ə) vəsisi mənəm”.

Sonra Həzrət Süsən (ə) həmin dövrün qazisi Əbu Şəvaribin yanında oğlu İmam Həsən (ə) tərəfindən özünün vəsi olmasını isbat etdi.[182] Böyük alim Şeyx Səduq nəql edir ki, İmam Zaman Həzrət Məhdi (ə) zahir oldu və öz cəddəsinin (nənəsinin) haqqını Cəfər Kəzzabın müqabilində müdafiə etdi. Cəfər mat-məttəl qaldı. Daha sonra yazır: “İmam Həsən Əsgərinin (ə) anası (Həzrət Süsən) vəsiyyət etdi ki, dünyadan gedəndə məni ərim İmam Hadinin (ə) və oğlum İmam Həsən Əsgərinin (ə) qəbrinin yanında (Samirra şəhərində) torpağa tapşırarsınız”.

Xanım dünyadan getdikdən sonra, onu orada dəfn etmək istəyəndə, Cəfər Kəzzab mane olaraq dedi: “Bu mənim evimdir. Heç kəsin burada dəfn olunmağa icazəsi yoxdur”.

Bu zaman Həzrət İmam-Zaman (ə) zahir oldu və Cəfərə dedi: “Ey Cəfər! Bu sənin evindir, yoxsa mənim?”

Beləliklə, İmam Zaman (ə) öz nənəsi Süsənin (ə) haqqını müdafiə etdi və sonra qeybə çəkildi.[183]

HƏZRƏT SÜSƏNİN (Ə) İMAM-ZAMANLA (Ə) CAMAAT ARASINDAKI VASİTƏÇİLİYİ

Həzrət Süsənin (ə) yüksək məqamını bəyan edən faktlardan biri də budur ki, İmam Həsən Əsgəri (ə) şəhid olanda İmam Zamanın (ə) bibisi, İmam Cavadın (ə) qızı Həkimə xanımdan (ə) soruşdular ki, “şiələr kimə pənah aparsınlar və kimə müraciət etsinlər?

O, cavabında dedi: “Cəddəyə (yə`ni Həzrət Süsənə), İmam Həsən Əsgərinin (ə) anasına müraciət etsinlər”.

Şeyx Səduq bu mətləbi nəql etdikdən sonra yazır: “Bu cümlə onun (Süsənin) şərafətinin, kamal və məqamının əzəmətini sonsuz həddə bəyan edir. Bu qadın o ümmətlə İmam Məhdi (ə.f.) arasında vasitə olmaq, vəsilik və imamət sirlərini daşımaq ləyaqətini qazanmışdı”.[184]

12-İmam Zamanın (ə) anası Həzrət Nərgiz (ə)

Qədim döyüşlərdə, adət üzrə bir kəndi, ya şəhəri fəth etsəydilər, düşmən qoşununun kişi və qadınlarını əsir edərək bazarlarda qul kimi satardılar. İmam Zamanın (ə) anası çox iffətli, pak və möhtərəm bir qadın idi. Həzrət Nərgiz şərqi Rumdan (indiki Türkiyə ərazisindən) döyüş əsirləri arasında İraqa gətirilmiş qızlardan idi. İmam Hadi (ə) onu alaraq oğlu İmam Həsən Əsgəri (ə) (on birinci İmam və Həzrət İmam Zamanın (ə) atası) ilə ailə qurmaq üçün seçdi. Bu evlənmə nəticəsində nurani bir övlad, yə`ni Həzrət İmam Zaman (ə) 255-ci hicri ili, şaban ayının 15-də Samirra şəhərində dünyaya gəldi. İndi isə dünya həmin şəxsin vücuduna bağlıdır və o qeyb pərdəsi arxasındadır. Bir gün gələcək, dünya onun rəhbərliyi və nəzarəti altında ədalət, məhəbbət və səfa-səmimiyyətlə dolacaqdır. İndi isə diqqət yetirin, İmam Zamanın (ə) anası Nərgiz Xatun (ə) [185] kimdir və İmam Həsən Əsgərinin (ə) evinə necə gəlib çıxdı?

NƏRGİZ - (Ə) İSANIN (Ə) VƏSİSİ ŞƏM`UNUN NƏVƏSİ

İmam Zamanın (ə) anasının adı “Məleykə” (Məlika) idi. O, ata tərəfindən şərqi Rum imperatorunun oğlu Yəşuanın qızı, ana tərəfindən isə Şəmunun nəvəsidir. Şəm`un Həzrət İsanın (ə) yaxın sirdaşlarından və onun vəsisiydi. Məleykə sarayda, imperator ailəsində yaşamasına baxmayaraq, çox iffətli və pak bir qız idi. Elə bil ki, heç bu ailədə yaşamırdı. O, anasına və öz anası tərəfə oxşamış, Şəm`un kimi yaşamış və İsa ibn Məryəm kimi səfa-səmimiyyətli, mə`nəviyyatlı olub xüsusi bir paklığa malik idi. Buna görə də o, dünyapərəst imperator ailəsi ilə qaynayıb qarışmaq istəmirdi. Əksinə, çox istəyirdi ki, pak və allahpərəst bir ailədə yaşasın. Allah ona kömək etdi və o, mö`cüzəli bir şəkildə hədəf və istəyinə çatdı.

HƏZRƏT NƏRGİZİN (Ə) ELÇİLİYİ VƏ NİKAH MƏCLİSİ

Məleykə evlənmək yaşına çatanda babası Rum imperatoru onu qardaşı oğlu ilə evləndirmək istədi. Heç kəs imperatorun fərmanına itaətsizlik edə bilmədiyi üçün imperator özü qardaşı oğlu tərəfindən Məleykəyə elçilik etdi və sonra çox əzəmətli bir nikah məclisi qurdu. O məclisdə üç yüz nəfər seçilmiş ruhani, xaçpərəst keşişi, yeddi yüz nəfər ordu komandiri, zabitlər, dörd min nəfər əşraf, e`timadlı və varlı adamlardan iştirak edirdi.



Geri   İrəli
Go to TOP