A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda qəhraman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bəşir Mədinəyə gəlib Kərbəla xəbərlərini məsciddə camaata deyirdi, Ümmül-Bənin adamların arasından qabağa gəldi. Onun Bəşirə dediyi ilk sözü bu idi: “İmam Hüseyndən (ə) mənə xəbər ver. Oğlanlarım və səma altındakıların hamısı Hüseynə (ə) fəda olsun”.

Bəşirdən İmam Hüseynin (ə) şəhid olmasını eşidəndə naləsi ucaldı və dedi: “Qəlbimin damarlarını qırdın”.

Onun İmam Hüseynə (ə) olan bu məhəbbəti, mə`nəviyyatının kamilliyinə bir dəlildir ki, rəhbəri yolunda övladlarının göstərdiyi bütün fədakarlığını unutdu və təkcə rəhbərindən söz açdı.


 

Beşinci fəsil

Kərbəla qadınlarının müqavimətinə baxış

 

KƏRBƏLA QƏHRƏMANI HƏZRƏT ZEYNƏB (Ə)

Həzrət Zeynəbi (ə) hamımız yaxşı tanıyırıq. Qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyadakı şücaətli qəhrəmanlar onun şəxsiyyəti, çalışqanlığı və şücaəti qarşısında baş əyiblər. Zeynəb (ə) hicrətin 5-ci, ya 6-cı ilində Cəmadiəl-ula ayında dünyaya göz açıb və hicrətin 62-ci ilində Rəcəb ayının 14-ü, bazar günü Şamda və ya Misirdə dünyasını dəyişib.

O, yetkinlik yaşına çatanda çoxlu elçilər arasından igid və şəxsiyyətli bir kişini - əmisi oğlu Əbdüllah ibn Cəfər Təyyarı - özünə həyat yoldaşı seçdi. Bir şərtlə ki, hər zaman İmam Hüseyn (ə) səfərə getmək istəsə, Zeynəbin (ə) qardaşıyla birlikdə olmasına mane olmasın. Atasının həyatına zinət verdiyinə görə onu Zeynəb adlandırmışlar. Zeynəbi Kübranın (ə) barəsində deyilməli sözlər çoxdur. Onun qanlı Aşura inqilabındakı şücaətinə nəzər salaq.

İmam Hüseyn (ə) Mədinədən çıxıb, bir müddət Məkkədə qaldıqdan sonra İraqa tərəf mənzil-mənzil hərəkət edəndə Zeynəb (ə) qardaşı ilə birlikdə idi. O, yaxşı munis və möhkəm sirdaş kimi son imkanına qədər İmam Hüseyni (ə) himayə etməyə çalışdı. Kərbəlada İslam döyüşçülərinin misilsiz köməkçisi idi. O, altı qardaş (İmam Hüseyn (ə), Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-bəninin oğlanları) və Ovn (Əsmanın oğlu)) dağı gördü. Gözünün iki nuru - Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu – Kərbəlada şəhid oldular. Bundan əlavə Əli Əkbər, Qasim və Əbdullah kimi qardaşı uşaqlarının da dağına dözdü. İmam Hüseynin (ə) şəhid olduğu zaman özünü Ömər Sə`də çatdırdı və ona dedi: “Görmürsənmi Peyğəmbər (s) övladını öldürürlər?”

Onunla elə danışdı ki, çirkin və günahkar insanı ağlatdı. Zeynəb (ə) qardaşlarının başlarının bədənlərindən ayrılmasını, xeymələrin yanmasını və yetim uşaqlara zülm olunmasını gördü. Bütün bu müsibətlərin qabağında əgər dağ olsaydı əriyərdi. Amma tarixin bu dilavər carçısı, bu yorulmaz qəhrəman elə bir müqavimət göstərdi ki, onu bəyan və qələmlə təcəssüm etmək olmaz. O atasının zamanında Kufədə qadınların müəllimi idi. İmam Həsənin (ə) dövründə isə imkanı çatdığı qədər İslamın vüs`ət alması üçün çalışdı. Camaatın onun atasına və qardaşına etdiyi təkrar xəyanətlər, qədirbilməzlik və ailəsinə edilən zülmlər Zeynəbin (ə) cəddinin və atasının sünnəsini dirçəltməsi yolunda iradəsinə zərrə qədər də olsun mənfi tə`sir etmədi. O, qardaşı İmam Hüseynin (ə) dövründə, ağır Kərbəla macərasında özünü bütün çətinliklərə uyğunlaşdırdı. Maraqlısı budur ki, İmam Səccadın (ə) buyurduğuna əsasən, bütün bu çətinliklərdə o, gecə namazını tərk etmədi. Xanım Zeynəb (ə) ər evindəki firavan həyatından əl çəkib özünün bütün güc və qüvvəsini İmam Hüseynin (ə) yolunda sərf etdi. Kərbəla müsibəti baş verəndə onun yaşı əlli beşdən çox idi. Bu yaşda dağ kimi möhkəm qaməti və dərya qədər geniş olan qəlbi vardı. Zeynəb (ə) bu hadisələr zamanı üç mühüm işi yaxşı yerinə yetirdi:

1. Rəhbəri himayə;

2. Şəhidlərin uşaqlarını qoruyub saxlamaq;

3. Şəhidlərin qanını yerdə qoymamaq, onların yolunu davam etdirmək, hədəf və məqsədlərini ümmətə çatdırmaq.

İMAM HÜSEYNİ (Ə) HİMAYƏ ETMƏK

Zeynəb (ə) İmam Hüseyn (ə) sağ olduğu müddətdə onu himayə edirdi. İmam Hüseyn (ə) şəhid olandan sonra İmam Səccad (ə) rəhbər olanda (və aşura macərasında xəstə idi) onu himayə etdi. Bir neçə dəfə istədilər ki, İmamı (ə) qətlə yetirsinlər, ancaq Zeynəb (ə) buna imkan vermədi. Belə vəziyyətlərdən biri ibn Ziyadın Kufədəki iqamətgahında, İmam Səccadla (ə) ibn Ziyad arasında mübahisə zamanı yarandı. İbn Ziyad İmam Səccadı (ə) şəhid etmək istədikdə Zeynəb (ə) qoymadı və dedi: “Əgər o öldürüləcəksə, elə  isə məni öldür”.[101]

ŞƏHİDLƏRİN UŞAQLARINI HİMAYƏ ETMƏK

Zeynəb (ə) şəhidlərin uşaqlarına elə himayədarlıq edirdi ki, hətta öz yemək payını da onlar üçün saxlayır, uşaqlara gecə-gündüz nəvaziş göstərir və dayanmadan öz sə`yi ilə onları düşmən təhlükəsindən amanda saxlayırdı.

ŞƏHİDLƏRİN QANINA HİMAYƏDARLIQ

Zeynəb (ə) İmam Hüseyn (ə) və Kərbəla igidləri şəhid olandan sonra hər fürsətdə, hara getdisə onların hədəf və məqsədlərini çatdırırdı. Zalımların başı üzərində elə fəryad etdi ki, hələ də çəkdiyi fəryadın zərbələri Yezidin və Yezid dəstəsinin üzünə dəyir və uca bəyanı zülmkarları lərzəyə saldı.

Zeynəb, Yezidin Kufədəki qaniçən valisi ibn Ziyadın hökumət iqamətgahındakı çıxışında bütün mətləbləri bəyan etdi və hamını ağlatdı. Zeynəb car çəkdi: “Ey kufəlilər! Heç bilirsinizmi Peyğəmbərin (s) qəlbini necə parçaladınız, hansı qanı nə cür axıtdınız, necə də böyük bir günah etdiniz? Göydən sizə yağış əvəzinə qan yağacaq. Axirətdə isə elə bir əzaba giriftar olacaqsınız ki, heç bir şəfaətçinin sorağınıza gəlməməsinə təəccüb edəcəksiniz?”[102]

Həzrət Zeynəbin (ə) Yezidin Şamdakı hökumət iqamətgahındakı xütbəsi Yezid və onun əlaltılarını qiyamətə qədər rüsvay etdi. Onun çıxışı Qur`ani-Məcidin ayələrinə əsaslanan, hərtərəfli və qaneedici bir xütbə idi. Elə bil ki, bu xütbəni o xanımın ata-anası oxuyurdu. Qürurlanmış Yezidin burnunu yerə sürtdü. Həzrətin (ə) xütbəsi çox genişdir və burada bir neçə cümləyə diqqət yetirin: “Ey Yezid, ey o kəslərin oğlu ki, cəddim Peyğəmbər (s) Məkkənin fəthində əsir düşmüşkən onları azad etdi! Hər nə qədər hiylə və kələk bilirsənsə işlət. Lakin and olsun Allaha! Bizi və bizim səhnədəki hüzurumuzu heç vaxt məhv edə və vəhyin nurlu işığını söndürə bilməyəcəksən.

Hərçənd ki, sənin zülmlərin dağları uçurdan və göyləri viran edəndir. Ancaq sənin nənən İslamın əvvəlindəki şəhidlərin ciyərini (Həzrət Həmzənin (ə) ciyərini) çeynəyibsə, səndən bundan artıq nə gözləmək olar? Sən İslamla açıq-aşkar müxalifət bayrağı qaldıranların oğlusan.

Mən istəməzdim ki, zəmanə məni səninlə üz-üzə gətirsin. Ancaq indi belədirsə, mən səni şəxsiyyətsiz bilib və sənə qarğış yağışı yağdıracam.

Bizim əzizlərimizi öldürməyinə sevinmə (Qur`an buyurur): Allah yolunda öldürülənləri (şəhid olanları) ölü zənn etmə! Xeyir, onlar öz Rəbbinin yanında diri olub, ruzi (cənnət ruzisi) yeyirlər”.[103]

Zeynəbin (ə) xütbəsi elə bir iş gördü ki, Yezid bütün günahları ibn Ziyadın boynuna yıxdı və onu danladı.[104]

O Həzrət (ə) Kərbəla macərasından sonra Mədinəyə qayıtdı. Orada da fürsət düşən kimi camaatı Yezidin əleyhinə qaldırar, onu ifşa edərdi. Əhvalatı Yezidə xəbər verdilər. Alimlərdən bə`zilərinin nəql etdiyinə görə, Yezid Mədinənin valisinə əmr etdi ki, Zeynəbi (ə) Misirə sürgün etsin. Həzrət Zeynəb (ə) İmam Hüseyn (ə) şəhid olandan bir il və bir neçə ay sonra dünyadan getdi. Onun nurlu mərqədi Misirin paytaxtı Qahirədədir. Alimlərdən bə`zilərinin əqidəsinə görə isə Zeynəb (ə) əri ilə Şama getdi və orada dünyasını dəyişdi. Bu, tarixdə əbədi yaşayan və dağ kimi vüqarlı olan bir neçə şəhid bacısının və iki şəhid anasının qəhrəmanlığı barəsindəki qısa mövzu başlığı idi. O, ibn Ziyadın qarşısında açıq-aşkar şəkildə demişdi: “Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim”.

Yə`ni şəhidlik bizim üçün səadətdir. O, İmam Hüseynin (ə) yaralanmış bədənini əlləri ilə qaldıraraq dedi: “Pərvərdigara! Bu qurbanı bizdən qəbul et”.[105]

Əziz şəhid anaları və bacıları gərək bu mövzuya diqqət yetirsinlər. Bu iş Allaha xatir olduğu üçün səbir yerinə şükür etməlidirlər ki, belə bir  iftixara nail olmuşlar. Necə ki, İmam Əliyə (ə) Peyğəmbər (s) tərəfindən şəhid olacağı müjdəsi verildi, şükr etdi və buyurdu: “Burası şükr etmək yeridir, nəinki səbir etmək yeri”.[106]

HƏZRƏT ƏLİNİN (Ə) QIZI ÜMMÜ GÜLSÜM

Zeynəbin (ə) bacısı Ümmü Gülsüm də yaranmış fürsətlərdən müxtəlif sahələrdə zalımlara qarşı istifadə etmiş və atası İmam Əlinin (ə), anası Fatimeyi-Zəhranın (s) bir nümunəsi (oxşarı) idi. Ümmü Gülsüm Zeynəb-Kübradan (ə) sonra - hicrətin 6-cı, ya 7-ci ilində - Mədinə şəhərində dünyaya gəldi. Evlənmək yaşına çatanda, əmisi oğlu Ovn ibn Cəfər Təyyarla ailə qurdu. Ümmü Gülsümə Zeynəbi-Suğra da deyirlər. O bütün hadisələrdə, mehriban anası Zəhra (ə), əziz atası İmam Əli (ə) şəhid olanda hazır idi və Kərbəla hərəkatında da fəal iştirak etdi. Onun xüsusiyyətlərindən biri də bu idi ki, hər münasib fürsətdə yazdığı şe`rlərlə yezidiləri məhkum və ifşa edirdi. O, bacısı Zeynəblə (ə) çiyin-çiyinə öz İmamını (ə) qoruyur, döyüşçülərə kömək edirdi. Eyni zamanda şəhidlərin uşaqlarına himayədarlıq edir və onların hədəflərini öz əsrinin insanlarına çatdırdı. Kufədə cəllad ibn Ziyadın hökumət iqamətgahında xütbə oxudu, onu və Yezidin adamlarını, Kufə camaatını məhkum etdi və axırda buyurdu: “Yəqin bilin ki, Allah hizbi (dəstəsi) qalibdir və şeytan hizbi həlakətdə və ziyanda olacaq”.

Qətiyyətlə ibn Ziyada buyurdu: “Peyğəmbər (s) Hüseyni (ə) görəndə gözünə işıq gələrdi, sənin gözün isə ancaq Hüseynin (ə) qətli ilə işıqlanıbdır. Peyğəmbər (s) İmam Hüseyni (ə) iyləyərdi, öpərdi və öz çiynində otuzdurardı, sən isə onu öldürdün. Çox çətin İlahi əzaba hazırlaş”.

Kufədəki bir mənzərədə, camaat Kərbəla əsirlərinə ürək yandırıb, çörək və xurma gətirib verəndə, Ümmü Gülsüm onlara qarşı çox bərk coşdu, xurma ilə çörəyi onların qabağına atdı və buyurdu: “Sədəqə bizə haramdır”.

Beləliklə, bu cür ucuz və yersiz hörməti Əhli-beytdən (ə) uzaqlaşdırdı və kufəliləri bu işdən şiddətlə qətiyyətlə çəkindirdi.

Bir gün Ümmü Gülsüm gördü ki, ibn Ziyadın tanınmış cəlladlarından biri, yə`ni Şimr öz qüdrətiylə fəxr edir. Onun üstünə fəryad çəkərək buyurdu: “Vay olsun sənə! Ey Allahın lə`nətlədiyi! Etdiyin bu zülmlərə görə fəxr edirsən? Bilirsənmi nə etmisən? Sən elə bir kəsi öldürmüsən ki, Cəbrayıl (ə) onun beşiyini yırğalayar, atası şirkin, küfrün qatili və qənimi idi. Onun cəddi və ata-anası kimi cədd və ata-ana harada görmüsən?”

Xuli düşmən cərgəsində olsa da, Ümmü Gülsümün göstərdiyi şücaətin tə`siri altına tez düşdü və dedi: “Sən şücaətli bir atanın övladısan və heç vaxt şücaətini itirməyəcəksən”.

Ümmü Gülsüm Şamda da öz vəzifəsini yaxşıca yerinə yetirdi. Yezidin məclisində şamlı bir kişi ikinci dəfə Yeziddən Əhli-beytin (ə) qızlarından birini ona kəniz kimi bağışlamasını istəyəndə Ümmü Gülsüm qəzəbləndi və ona dedi: “Ey şəxsiyyətsiz kişi! Allah dilini kəssin, gözünü kor etsin, əlini qurutsun və səni odda yandırsın. Peyğəmbər (s) övladlarından haramzadələrə xidmətçi olmaz”.

Hələ Ümmü Gülsüm sözünü qurtarmamış duası qəbul olundu. Bu zaman o dedi: “Allaha şükr olsun ki, axirətdən qabaq sənə dünyada əzab verdi”.

Ümmü Gülsüm hər fürsətdə dəyərli sözləri ilə Kərbəla əhvalatını danışır və Hicaz camaatını hakim rejimə qarşı qaldırırdı. O, (bə`zi rəvayətlərə əsasən) 61-ci hicri ilində cəmadiəs-sani ayının axırlarında dünya ilə vidalaşdı. Onun nurlu məzarı Mədinə şəhərindədir.[107]

Kərbəla macərasında İmam Hüseynin (ə) qızları Həzrət Səkinə və Fatimə (ə), həyat yoldaşı Rübab, Həzrət Müslimin həyat yoldaşı və qızı və bu kimi digər qadınlar da səbir və müqavimət göstərməklə İmam Hüseynin (ə) əzəmətli inqilabında iştirak etdilər. Bu böyük hərəkatda İmam Hüseynin (ə) və dostlarının həyat yoldaşlarını, qızlarını və uşaqlarını özləri ilə aparması sual doğurur. Qədim zamanlardan bəri soruşulan bu sualın cavabı  belədir:

O Həzrətin (ə) inqilabı rejim əleyhinə olan dünyəvi bir hərəkat idi. Onun səmərə verməsi, digər qiyam edənlərə nümunə olması, onun hədəfini və hərəkatını yaymaq, rəhbəri himayə etmələri üçün hamının fəaliyyət göstərməsi lazım idi.

KƏRBƏLADA BƏNİ-HAŞİMDƏN BAŞQA BİR NEÇƏ QƏHRƏMAN QADIN

Qanlı Aşura tarixinin qızıl səhifələrində İmam Hüseynə (ə) yaxın (qohum) olmayan digər bir neçə qəhrəman qadının da adı nur kimi parlayır.

KƏRBƏLADAKI TƏZƏ EVLƏNMİŞ VƏHƏBİN HƏYAT YOLDAŞI VƏ ANASI

60-cı hicri ilinin zilhiccə ayı idi. Köçəri yaşayan və mal-qara sahibi olan xaçpərəst əqidəli Vəhəb və anası həmişəki kimi ilin müxtəlif fəsillərində bu yerdən başqa yerə köçürdülər. Həmin il onlar yaşıl-yamaclı və yaxşı ab-havalı (Kərbəla yaxınlığında) Sə`ləbiyyə çöllüyündə xeymə qurdular. Vəhəb evlənmək yaşına çatanda anası Qəmər Haniyə adlı qızın elçiliyinə getdi və o razı oldu. Bir neçə gündən sonra qız Vəhəbin evinə köçdü.

Kufəyə tərəf mənzil-mənzil hərəkətdə olan İmam Hüseynin (ə) karvanı Sə`ləbiyyə məntəqəsinə çatanda İmamın (ə) gözü bir xeyməyə sataşdı. Yaxınlaşanda bir qoca arvad gördü. Ondan əhvalını soruşdu. Qoca öz vəziyyətini Həzrətə (ə) bəyan etdi. Ancaq susuzluqdan çətinlik çəkdiyini dedi. Qəlbi həmişə imkansızlardan ötrü döyünən İmam (ə) o səhrada öz nizəsi ilə yerdəki torpağın bir hissəsini araladı. Birdən oradan su çıxdı. Qəmər təəccübləndi və İmamın (ə) şəxsiyyəti və qeyri-adiliyi onu özünə cəlb etdi. İmam (ə) öz səfərinin macərasını ona dedi və buyurdu: “Oğlun gəlsə, ona de ki, istəyirsə, bizim köməyimizə gəlsin”.

Pak və təmiz qəlbli yeniyetmə Vəhəb suyu görəndə macəradan agah oldu və İmam (ə) onu özünə cəzb etdi. Toyundan on beş (ya on yeddi) gün keçsə də, anası və həyat yoldaşı ilə birlikdə İmamın (ə) hüzuruna gəldi. Bir az söhbət etdikdən sonra İslamı qəbul etdilər. Vəhəb dedi: “Sizin xəbəriniz bizə çatdı. Mən bundan sonra sizin əsgərinizəm”.

İmam (ə) ona təşəkkür etdi. Vəhəb anası və həyat yoldaşıyla birlikdə İmam Hüseynin (ə) karvanı ilə birlikdə Kərbəlaya gəldi. Aşura günü çatdı. Vəhəbin şücaətli anası Qəmər təkrar-təkrar ona deyirdi: “Sənə verdiyim südün əvəzində istəyirəm ki, qanını ovucuna alıb İmamın (ə) xidmətində şəhidlik həddinə kimi düşmənlə döyüşəsən”.

Vəhəb dedi: “Həyat yoldaşımla bəs nə edim?”

Ana dedi: “Əzizim! Əbədi gözəlliyi bir neçə günlük gözəlliyə dəyişmə”.

Ananın sözləri Vəhəbi dəyişdirdi. O artıq İmam Hüseynin (ə) aşiqi olmuşdu. Vəhəbin həyat yoldaşı Haniyənin də əriylə söhbətdən sonra qəlbinə bir nur saçdı və dedi: “Mənim və sənin canından mini İmam Hüseynə (ə) fəda olsun. Ancaq qadınlar üçün cihad olmadığına görə mənim səndən bir istəyim var. İmamın (ə) yanına gedək. Onun (ə) hüzurunda mənə söz ver ki, qiyamətdə behiştə getməli olsan, mənsiz daxil olmayacaqsan”.

Vəhəb razı oldu. İmamın (ə) hüzuruna getdilər və orada öz verdiyi sözünü izhar etdi. Xülasə, iki cavan həyat yoldaşı ömürlərinin şirin çağında İmam Hüseynin (ə) karvanı ilə birlikdə hərəkət etdilər. Vəhəb aşura günü meydana getdi. Zalım düşmənlərdən bir dəstəsini öldürərək öz yerinə qayıtdı. Qan qılıncından daman halda anasının yanına gəldi və dedi: “Məndən razı qaldın?”

Ana dedi: “İmam Hüseynin (ə) qabağında şəhid olmayınca, səndən razı qalmayacam!”

Vəhəb meydana tərəf çapdı. O qədər vuruşdu ki, axırda şəhid oldu. Vəhəbin həyat yoldaşı Haniyə, özünü qana boyanmış Vəhəbin başı üstünə çatdırdı. Vəhəb dedi: “Xeyməyə qayıt”.

O dedi: “Heç vaxt qayıtmaram. Sən mənim munisim idin. İndi səni tənha qoymaram”.

Vəhəbin qana boyanmış bədənini düşmənin qoşun başçısının (Ömər Sə`din) yanına apardılar. Ömər Sə`d ona dedi: “Sənin hücumun çox çətin və ağır idi”.

Sonra əmr etdi ki, onun başını bədənindən ayırsınlar. Həyat yoldaşı qaniçən düşmənlərin üstünə qəzəblə qışqıraraq, ürək yanğısı və şücaətlə özünü Vəhəbə çatdırdı. Başı Vəhəbin sinəsi üstündə olan halda düşmən dəmir dəyənəklə onun başına vurdu. O da şəhid oldu. Anasının qəlbinə dağ çəkmək üçün Vəhəbin başını ona göndərdilər. O, cavan oğlunun başını götürüb öpdü və dedi: “Şükr olsun Allaha ki, İmam Hüseynin (ə) qarşısında şəhid olmağınla məni üzüağ etdin”.

Sonra xeyməyə gəlib xeymənin sütununu götürdü və düşmənlə döyüşə getdi. Düşmənlərdən ikisini öldürdü. İmam Hüseyn (ə) qadını xeyməyə qaytararaq, onun üçün dua etdi və ona behişt müjdəsi verdi. Qəmər sevinərək dedi: “İlahi! Behişt ümidini məndən alma”.[108]

ZÜHEYR İBN QƏYNİN HƏYAT YOLDAŞI DƏYLƏM

Zuheyr ibn Qəyn öz tayfasının başçısı idi. O öz karvanı ilə birgə Kufədən həccə getmişdi. Məkkədə İmam Hüseynin (ə) hərəkət etməsi xəbərini eşitdi. Amma İmam Hüseynlə (ə) birgə olmaq üçün mə`nəvi hazırlığı yox idi. Buna görə də İmam Hüseynin (ə) karvanı ilə rastlaşmamaq üçün karvanını Məkkədən Kufəyə qaytarırdı. Çünki İmam Hüseyn (ə) onu görsə və kömək üçün çağırsa, o çıxılmaz vəziyyətdə qalardı. Züheyrin karvanı Kufəyə tərəf yola düşmüşdü. Təsadüfən istirahət üçün bir yerdə dayandılar. Onların yaxınlığında təpənin arxasında İmam Hüseynin (ə) karvanı istirahət üçün dayanmışdı. İmam Hüseyn (ə) xəbərdar olanda, Züheyrə xəbər göndərdi. Züheyr İmam Hüseyni (ə) qəlbən çox sevirdi. Amma iman nuru onun qəlbinə daxil olmamışdı. Bu zaman İmam Hüseynin (ə) göndərdiyi şəxs onun xeyməsinə gəldi və dedi: “İmam Hüseyn (ə) sizi çağırır”.

Züheyr və ətrafındakılar öz yerlərində donub qaldılar. Sükuta qərq olub dinmədilər ki, bu nə işdir?! Birdən Züheyrin Dəyləm adlı həyat yoldaşının coşqun səsi ucaldı: “Ey Züheyr! İmam Hüseynin (ə) göndərdiyi adam bura gəlib. Niya ona cavab vermirsən? Peyğəmbər (s) övladının çağırışını cavabsız qoyursan? Yaxşı olar ki, İmam Hüseynin (ə) hüzuruna gedib sözünü eşidəsən və qayıdasan?”

Həyat yoldaşının tə`sirli sözləri onu elə döndərdi ki, həmin an ayağa qalxdı və İmam Hüseynin (ə) göndərdiyi adamla birlikdə Həzrətin (ə) hüzuruna getdi. İmamla bir az söhbət etdikdən sonra vilayət nuru onun qəlbinə işıq saçdı, dünyaya olan məhəbbəti aradan getdi və İmam Hüseyn (ə) yolunda fədakarlıq etməyə hazır oldu. Xeyməyə qayıdıb həyat yoldaşına dedi: “Mən səni boşayıram. Öz yaxınlarının yanına get və bundan sonra azadsan. İstəmirəm ki, mənə görə sən də əziyyət çəkəsən”.

Sonra öz ətrafındakılara dedi: “Hər kəs öz İmamına kömək etmək  istəyirsə, mənimlə birlikdə gəlsin”.

Onlarla xudafizləşdi və İmamın (ə) xeyməsinə tərəf hərəkət etdi. Züheyrin həyat yoldaşı göz yaşı axıdıb dedi: “Səndən bir istəyim var. Qiyamət günü İmam Hüseynin (ə) cəddi Peyğəmbərin (s) hüzurunda məni yada salasan”.[109]

Züheyr İmam Hüseynə (ə) qoşuldu. O, aşura günü böyük eşq və məhəbbətlə İmam Hüseyni (ə) müdafiə etdi və göstərdiyi misilsiz şücaətlə yüz iyirmi nəfəri öldürəndən sonra şəhid oldu. Elə bir məqama çatdı ki, Həzrət İmam-Zaman (ə.c.) (Seyyid ibn Tavusun dediyinə əsasən) bir ziyarətnamədə buyurur:

Salam olsun Züheyr ibn Qəynə ki, İmam Hüseynə (ə) buyurdu:

Səndən heç vaxt əl çəkmərəm. Peyğəmbər (s) oğlunu düşmənlər arasında qoyub gedim?! Allah məni o günə salamat çıxartmasın”.

Züheyr şəhid olan zaman, İmam Hüseyn (ə) onun başı üstünə gəldi və buyurdu: “Ey Züheyr! Allah sənə Öz dərgahında yer versin. Düşmənlərinə elə lə`nət etsin ki, meymun və donuz sifətinə çevrilsinlər”.[110]

Beləliklə şir kimi şücaətli bir qadın iki yol ayrıcında qalmış ərini izzət və şərəfə çatdırdı.

KƏRBƏLA MEYDANINDA ŞİR ÜRƏKLİ QOCA ANA

Aşura günü Cunadə ibn Haris Ənsari meydana gedib şəhid olandan sonra, oğlu Əmr də döyüşə girdi və kafirlərdən bir dəstəsini öldürəndən sonra şəhid oldu. Ondan da sonra atası şəhid olmuş cavan bir oğlan meydana gedəndə anası ona dedi: “Meydana get və peyğəmbər övladının düşməniylə döyüşüb İmamı (ə) müdafiə et”.

O, meydana tərəf çapıb, gücü çatdığı qədər İmam Hüseynin (ə) hüzurunda döyüşdü. İmam (ə) buyurdu: “Atası təzə şəhid olmuş bu cavan oğlanın anası bəlkə onun meydana gəlməsinə razı olmazdı”.

Cavan dedi: “Məni anam meydana göndərib”.

Cavan ildırım kimi sıçrayıb meydana tələsdi və döyüşməyə başladı. Axırda şəhid oldu. Onun anası bu səhnəni görürdü. Düşmən o cavanın başını bədənindən ayırdı və anasına tərəf atdı. Ana bir xeymənin sütununu əlinə götürüb özü meydana getdi və belə bir rəcəz oxudu:

Ey mənim qəlbimin sevinci Hüseyn! Mən əldən düşmüş, üzülmüş zəif bir qarıyam”.

Sonra düşmənlərə xitab edib dedi: “Ey Allah düşmənləri! Fatimənin (ə) əziz övladlarına kömək etmək üçün sizi ağır zərbələrlə məhv edəcəm”.

Bu qadın düşmənlərdən ikisini öldürdükdən sonra İmam Hüseyn (ə) onu xeyməyə qaytardı və onun üçün dua etdi.[111]

Ey şəhidlərin ana-bacıları! Siz də belə olsanız, qiyamətin günü Fatimeyi-Zəhranın (s) və Zeynəbi-Kübranın (ə) hüzurunda üzüağ olarsınız. Allaha təvəkkül etməklə haqq müqabilində təslim olub deyin: “Bizim üçün Allahın istəyi xoşdur”.

KOR ATA VƏ DİLAVƏR QIZ

Əfifin oğlu Əbdullah İmam Əlinin (ə) xalis şiələrindən idi. İmam Əli (ə) birlikdə döyüşlərdə iştirak etmişdi və o Həzrətin (ə) ordusunun önündə gedənlərdəndi. Cəməl savaşında onun bir gözünə ox dəydi və o, gözünü itirdi. Siffeyn döyüşündə bir gözü ilə iştirak etdi. Ancaq bu döyüşdə onun həmin gözünə də ox dəydi və iki gözü də kor oldu. Ondan sonra savaşlarda iştirak etməkdən məhrum olmuşdu, ancaq qəlbi kor deyildi və o, fikri, dili ilə İmam Əlinin (ə) xidmətində olar, Onu və Əhli-beyti (ə) müdafiə edərdi. Kərbəla hadisəsi baş verəndə o, İmam Hüseynə (ə) və Həzrətin (ə) əzizlərinə edilən bütün zülmləri eşitməkdən çox əziyyət çəkirdi. Dua, qarğış, ağlamaq və fəryad etməklə zalımlara nifrətini bildirirdi. Bir gün Kufənin qaniçən valisi ibn Ziyad öz xam xəyalıyla qələbə bayramı münasibətilə məclis qurdu. Əbdullah həmişəki kimi məscidin bir kənarında oturmuşdu. Fürsət axtarırdı ki, öz fəryadlarıyla məclisi qarışdırsın. Birdən ibn Ziyadın söhbətə başladığını eşitdi. O deyirdi: «Şükr olsun Allaha ki, yalançı oğlu yalançını, Hüseyni (ə) öldürdü».

Məclisdəkilər məscidin küncündən ildırım kimi gurultulu fəryadın qalxdığını eşitdilər: “Ey haramzadə! Yalançı sən, sənin atan, səni və atanı camaatın boynuna mindirəndir! Ey pozğun qadının oğlu! Peyğəmbərin (s) pak və təmiz övladlarını öldürürsünüz, sonra pak müsəlman kimi danışırsınız”.

Onunla ibn Ziyad arasında mübahisə davam etdi. Axırda ibn Ziyad onun tutulmasının əmrini verdi və qışqırdı: “Onu qaçmağa qoymayın”.

Amma Əzud tayfası onu müdafiə etdi. Məclis bir-birinə dəydi. Əbdullahı evə apardılar. Camaat dağılışandan sonra Əbdullahın dilavər qızı atasına dedi: “Belə görürəm ki, ibn Ziyadın cəlladları bizim evimizə gələcəklər”.

Əbdullah qızına dedi: “Qızım qorxma. Qılıncımı ver və düşmən qapını döyəndə mənə yol göstər”.

Cəlladlar daxil oldular. Əbdullah qızının köməyi və yol göstərməsi ilə qılıncla onlara hücum etdi. Bu şir ürəkli qız Səfiyyə fəryad çəkib qışqırdı: “Ey kaş mən də kişi olaydım və səndən qabağa düşüb bu zalımlarla döyüşəydim”.

Hər tərəfdən Əbdullaha hücum etdilər. Səfiyyə atasını hücum edilən tərəfdən xəbərdar etdi. Şücaətlik fəryadı çəkən Əbdullah döyüşürdü. Axırda cəlladlar Əbdullahı mühasirəyə alıb ibn Ziyadın yanına apardılar. O da söhbətdən sonra, Əbdullahın edam əmrini verdi. Onun başını kəsib bədənini asdılar. O şəhid olandan sonra Səfiyyə heç vaxt zülm qarşısında təslim olmadı. Qızı tutub zindana salsalar da, o, zindanda axıra kimi müqavimət göstərdi. Süleyman ibn Surədlə Yezidin ölüm xəbərindən sonra məhbuslarla birlikdə qiyam qaldıran zaman zindandan çıxdılar və əməvi hakimiyyətinə qarşı hərəkatı e`lan etdilər.[112]

Kor Əbdullahın və dilavər qızının qiyamı zahirdə məğlub oldu, ancaq onların hərəkatı, digər qiyamçıların hərəkatı ilə birlikdə Muxtarın qiyamının bünövrəsini qoydu və onların pak qanlarından lalə çiçəkləri yetişib, qaniçən ibn Ziyadın qüdrətini məhv etdi.

BİR KƏNİZİN HAQQ SÖZÜ XƏLİFƏNİ QƏFLƏTDƏN OYATDI

Yeziddən sonra “İkinci Müaviyə” xilafət kürsüsünə əyləşdi. Onun xilafəti qırx gün davam etdi. O yatanda, gözəl kənizlərindən birini baş tərəfində, digərini isə ayaq tərəfində oturdardı ki, təhlükədən amanda qalsın. Bir gecə kənizlərindən biri xəlifəni yatmış güman edib o biri kənizə dedi: “Xəlifə məni çox sevir, gündə məni üç dəfə görməsə, sakit olmaz”.



Geri   İrəli
Go to TOP