A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda qəhraman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Cihad bə`zi məsələlərə görə qadınlara vacib olmasa da, cəbhədə döyüşçülərə kömək etmək, məsələn; yaralıları daşımaq, onların yaralarını sarımaq, su vermək kimi işləri yerinə yetirmək, onların bacardıqları xidmətlərdəndir. Bu yolla onlar cihadda iştirak edə bilərlər. Aşağıdakı bir neçə nümunəyə diqqət yetirək:

a) “Ümmü Sənan Əsləmiyyə” dilavər qadınlardan biri idi. O istəyirdi ki, həmişə İslam döyüşçüləri ilə birlikdə düşmənlə döyüşsün. Xeybər döyüşü zamanı Həzrət Rəsulullahın (s) hüzuruna gələrək ərz edir: “Çox istəyirəm sizinlə hərəkət edib yaralılara tibbi yardım göstərim, mücahidlərə kömək edim, onların əşyalarını qoruyum və susuzlara su verim”.

Peyğəmbər (s) ona icazə verir və buyurur: “Həyat yoldaşım Ümmü Sələmə ilə birlikdə gəlin”. O çox sevinərək bu işi yerinə yetirir.[80]

b) “Ümmü Əmmarə” də (yuxarıda qeyd olunduğu kimi) İslam döyüşçülərinə kömək etmək üçün cəbhəyə gedərdi.

v) İmam Baqir (ə) buyurur: “Ühüd savaşında İmam Əli (ə) altımış yerdən yara almışdı. Peyğəmbər (s) “Ümmü Səlim” və “Ümmü Ətiyyə” adlı iki qadına İmam Əlinin (ə) bədənindəki yaralara dərman qoyub bağlamağı tapşırdı. Onlar yaraları bağlayarkən gördülər ki, yaraların çoxluğundan  onları bağlamaq mümkün deyil. Çünki hər bir yaranı bağladıqda, onun yanında başqa bir yara görünürdü. Əhvalatı Peyğəmbərə (s) xəbər verdilər.[81]

q) Müfəzzəl deyir ki, İmam Sadiq (ə) buyurdu: “Həzrət İmam Mehdi (ə) ilə birlikdə on üç qadın da vardır”.

Ərz etdim: “Nə üçün?”

Buyurdu: “Həzrət Rəsulullah (s) dövründə olduğu kimi bu qadınlar, yaralıları müalicə edib, xəstələrə tibbi yardım göstərərlər”.[82]

d) Həzrət Rəsulullahın (s) zamanındakı döyüşlərin çoxunda yaralılara tibbi yardım göstərməkdə, daşımaqda, onlara su verməkdə yaxından iştirak edən qadınlardan biri də Muəvvəz ibn Əfva`nın qızı Rəbiə idi.[83]

QADINLARIN SİYASİ İŞLƏRDƏ İŞTİRAK ETMƏSİ

Hicrətin səkkizinci ilində Məkkə İslam döyüşçülərinin, Allah Peyğəmbərinin (s) və İmam Əlinin (ə) əli ilə fəth edilərək müsəlmanların ixtiyarına keçdi. Kafirlər təslim oldular və Peyğəmbərin (s) hüzuruna gəlib o Həzrətə (s) bey`ət etdilər. Bu arada şücaətli və qəhrəman bir qadın, Əkrəmə ibn Əbi Cəhlin həyat yoldaşı “Ümmü Həkim” İslam dinini qəbul edəndən sonra bir dəstə qadınla Peyğəmbərin (s) hüzuruna gəldi. Ümmü Həkim Həzrətdən (s) soruşdu: “Allahın fərmanı “mə`ruf”dan[84] məqsəd nədir? Bizə də ona riayət etmək sifariş olunub”.

Peyğəmbər (s) (“mə`ruf”un bir neçə aydın nümunəsinə işarə edib) buyurdu: “Məqsəd budur ki, qadınlar (acı hadisələr üz verəndə) sifətlərinə əlləri ilə xəsarət yetirməsinlər, üzlərinə vurmasınlar, saçlarını yolmasınlar, qara paltar geyinməsinlər, uca səslə nalə edib fəryad qoparmasınlar, öz kişilərini küfrə təhrik etməsinlər”.[85]

Bu qadınlar bey`ət üçün gəldikləri zaman Allah tərəfindən “Mumtəhinə” surəsinin 11-ci ayəsi nazil oldu. Ayədə qadınların bey`əti üçün altı şərt zikr olunur və belə buyurulur: “Ey Peyğəmbər! İmanlı qadınlar sənin yanına bey`ət üçün gəldikləri zaman,

1. Allaha şərik qoşmasınlar;

2. Oğurluq etməsinlər;

3. Zina etməsinlər;

4. Öz övladlarını öldürməsinlər;

5. Bir kəsə böhtan atmasınlar;

6. Yaxşı işlərdə sənə itaətsizlik göstərməsinlər.

Bunlara əsasən onların bey`ətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Allah bağışlayan və mehribandır!”

Qadınlar bey`ət üçün hazır olanda Ümmü Həkim soruşdu: “Necə bey`ət edək?” Peyğəmbər (s) buyurdu: “Mən heç vaxt qadınlarla əllə görüşməyəcəyəm”.

Sonra bir qab istədi. Qabı gətirdilər və ona su tökdülər. Həzrət (s) əlini onun içinə saldı və çıxartdı. Bu zaman buyurdu: “Ey qadınlar! Siz də öz əllərinizi bu suya vurun”.[86]

Belə nəticə alırıq ki, Həzrət Peyğəmbərin (s) dövründəki nümunəvi qadınlar O Həzrətin (s) məktəbinin şagirdləri kimi siyasi bir işdə, yə`ni bey`ətdə iştirak etdilər, arxa cəbhədə yaralılara tibbi yardım göstərmək üçün daim hazır olur, yaxın adamlarının şəhid olmalarını həmişə iftixar bilir və bu yolda Allaha xatir olduğu üçün müqavimətli idilər. Əgər onların ərləri şəhid olsaydı, digər həyat yoldaşı seçməyi özlərinə ar bilməzdilər. Hənzələnin həyat yoldaşı Cəmilənin əhvalatında işarə olunduğu kimi, onlar hətta ərlərindən sonra öz övladlarını da cəbhəyə göndərməyə hazır idilər.

Zeyd ibn Asimin həyat yoldaşı Ümmü Əmmarənin (Nəsibənin) sərgüzəştində deyilir ki, o, Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra düşmənin qarşısını almaq və Peyğəmbərlə (s) daim səhnədə qalmaq üçün Mədinə müsəlmanlarının Həzrətlə (s) bağladığı möhkəm peyman kimi tanınmış “Əqəbə bey`əti”ndə iştirak etdi. Peyğəmbər (s) buyurdu: “Bu iki qadının beyətini qəbul etdim. Mənim bunu qəbul etməyim, onlar üçün kifayət edər. Çünki mən (bey`ətdə) qadınlarla əl görüşmürəm”.[87]

HƏMNƏ VƏ ÜÇ ŞƏHİDİN XƏBƏRİ

Qəhrəmanlıq göstərmiş qadınlardan biri də Həmnədir. O, Əbdullah ibn Cəhşin həyat yoldaşı idi. Ühüd savaşından sonra o, Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Peyğəmbər (s) ona yaxınlarından üçünün - əvvəl (dayısı) Həmzə Seyyidüş-Şühədanın (ə), sonra qardaşı Abdullahın və daha sonra isə ərinin - şəhid olması xəbərini verdi. O narahat oldu. Lakin ağlayan halda dedi: “Bizim hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq. Allah onları bağışlasın və şəhidliyi onlar üçün mübarək etsin”.

Həmnə qəmgin halda, lakin qəlbi ümidlə dolu özünü Pərvərdigarının razılığı müqabilində təslim etdi.

MUS`ƏBİN HƏYAT YOLDAŞI ZEYNƏB

Müsəlman, igid bir cavan oğlan olan Mus`əb ibn Umeyr Ühüd savaşında şəhid oldu. Həzrət Peyğəmbər (s) Ühüd savaşından sonra Mədinəyə qayıdanda, onu qarşılayanların içində gözü Mus`əbin həyat yoldaşı Zeynəbə sataşdı. Həzrət (s) ona buyurdu: “Qardaşının (Əbdullahın) şəhid olmasına görə səbir et”.

Zeynəb dedi: “İnna lillahi və inna iləyhi raciun, səbir edərəm”.

Peyğəmbər (s) buyurdu: “Səbir et”.

Zeynəb dedi: “Kimə görə səbir edim?”

Peyğəmbər (s) buyurdu: “Həmzənin (ə) şəhid olmasına görə səbir et”.

Zeynəb dedi: “İnna lillahi və inna iləyhi raciun, səbir edərəm”.

Həzrət Peyğəmbər (s) üçüncü dəfə buyurdu: “Səbir et və dözümlü ol”.

Zeynəb dedi: “Kimə görə səbir edim?”

Peyğəmbər (s) buyurdu: “Ərin Mus`əbin şəhid olmasına görə səbir et”.

Zeynəb bu sözü eşidəndə əhvalı dəyişdi və ağlayıb dedi: “Aman bu dərddən!”

Həzrət Peyğəmbər (s) buyurdu: “Qadın üçün ər qədər yaxın ikinci bir şəxs yoxdur”.

Zeynəbdən soruşdular: “Nə üçün ərinə görə narahat oldun?”

O cavabında dedi: “Onun yetim qalmış uşaqları yadıma düşdü”.[88]

Yə`ni mənim ağlamağım və qəmginliyim ərimin Peyğəmbərdən (s) qabaq ölməsinə görə deyil. Əksinə onun yetimlərinə xatirdir.

ZƏHRA (S) MƏKTƏBİNİN ŞAGİRDİ FİZZƏ

Bə`zən müəllimi onun şagirdinin vasitəsi ilə də tanımaq olar. Həzrət Zəhranın (s) şagirdlərindən biri xidmətçisi Fizzə idi. O, iftixar etdiyi xidməti müddətində Zəhrayi Əthərin (s) məktəbindən dərslər öyrənmiş, onu elm və əməldə həyata keçirmiş və həmişə Əhli-beytin (ə) yanında nur kimi parlamışdı. O “Nəvbə” əhlindən idi. Geridə qalmış məntəqədən və səhrada yaşayan bir qövmdən çıxsa da, Fizzə düşüncə, elm, Qur`an və hədisləri bilmək cəhətdən yüksəlmiş və Zəhra (s) məktəbinin nümunəvi şagirdlərindən olmuşdu.

Əhvalatlardan birində nəql olunur ki, Abdullah Məkkəyə tərəf getdiyi yolda karvandan geri qalmışdı. Çöllükdə bir qadın gördü. Bu qadın da öz karvanından geridə qalmışdı. Belə qərara gəldilər ki, karvana çatmaq üçün birlikdə Məkkəyə tərəf yola düşsünlər. Yolda Abdullah o qadına nə dedisə, qadın Qur`an ayəsi ilə onun cavabını verdi. Karvana çatanda o qadının oğlanları çox sevindilər. Abdullah  onlardan soruşdu: “Bu qadın kimdir? Onunla hər nə danışdımsa, Qur`an ayəsi ilə cavab verdi”.

Onlar dedilər: “Bu qadın Xanım Zəhranın (s) kənizi və bizim anamız Fizzədir. İyirmi ildir ki, dilində Qur`an ayələri ilə danışır”.

Fizzə İmam Hüseynin (ə) hərəkatında iştirak etmiş və Həzrət Zeynəblə (ə) birlikdə olmuşdur. O, baş vermiş hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün himmətli və sadiq bir xidmətçi sayılırdı.[89]

Biz bu vasitə ilə də Fatimeyi-Zəhranın (s) məqamın dərk edə bilərik. O Həzrət (s) elm və əməl meydanında belə bir kəniz yetişdirmişdi.

ÜMMÜ HƏKİM

Həzrət Peyğəmbərdən (s) sonrakı dövrdəki nümunəvi qadınlardan biri də Əkrəmənin həyat yoldaşı Ümmü Həkimdir. Əbu Cəhlin oğlu Əkrəmə İslamı qəbul edəndən sonra, müsəlmanlarla rumluların savaşında şəhid oldu. Əbu Süfyanın oğlu Yezid bu qadınla evlənmək istədi. Lakin o, İslamda tanınmış şəxslərdən biri Xalid ibn Səidin həyat yoldaşı oldu. Xalid toya tədarük görmək istəyəndə o dedi: “Səbir et. Müharibə qurtarandan sonra evlənərik”.

Xalid dedi: “Ürəyimə damıb ki, bu savaşda şəhid olacam”.

Ümmü Həkim dedi: “Əgər elədirsə, maneə yoxdur”.

Xalid (arxa cəbhədə) bir körpünün kənarında onunla evləndi və müsəlmanlardan bir dəstəni toy ziyafətinə də`vət etdi. Buna görə də o körpü, Ümmü Həkim körpüsü adıyla tanındı. Müsəlmanlar hələ Xalidin qonağı idilər ki, rum qoşunu çatdı. Müsəlmanlar dayanmadan onların qarşısında sıraya düzüldülər və savaş başladı. Xalid şücaətli və dilavər bir kişi idi. O şiddətli tufan kimi düşmənin bağrını yardı və düşmənin bir dəstəsini öldürdükdən sonra şəhid oldu. Ümmü Həkim ikinci ərinin şəhadəti ilə üzləşdi. O özündə ümidsizlik və qəmginliyə yol vermədən evləndikləri xeymənin sütununu yerindən qopardıb rumlularla döyüşməyə başladı və onlardan yeddi nəfəri öldürdü.[90] Bununla belə o şücaətlik göstərib, hər dəfə qəhrəmanlıqla düşmən meydanına gedər və öz yerinə qayıdardı. Şəhid ərinin yolunu davam etdirmək, onun yolunu davam etdirmək və şəhidə layiqli həyat yoldaşı olmağı isbat etməyin mə`nası budur.

ÜMMÜ VƏRƏQƏ ƏNSARİNİN ŞƏHİDLİK ARZUSUNDA OLMASI

Ümmü Vərəqə Ənsari Abdullah ibn Harisin qızıdır. O özü şəhid olmaq ümidi və döyüşçülərə kömək etmək məqsədiylə Həzrət Peyğəmbərdən (s) Bədr savaşında iştirak etməsinə icazə verməsini xahiş etdi. Peyğəmbər (s) ona gələcəkdə şəhid olacağını müjdə verdi. Bundan sonra onu “Şəhidə” çağırardılar. O, Ömərin xilafəti dövründə, onun kəniz və qulamının əliylə şəhid oldu.[91]

 DÜŞMƏNİN MÜQABİLİNDƏ DURAN QƏHRƏMAN QADIN XƏVLƏ

Həzrət Rəsulullahın (s) vəfatından sonra müsəlmanlarla rumlular arasında böyük müharibə başladı. Düşmənin sayı müsəlmanlardan bir neçə dəfə çox idi. İslam ordusunun başçısı Xalid ibn Vəlid Zərar ibn Əzvər adlı bir şəxsi kəşfiyyat üçün düşmən ordusuna göndərdi. O getdi və qayıdaraq düşmən ordusunun hər cəhətdən hazırlıqlı olduğunu bildirdi. Xalid dedi: “Yaxşı olar ki, geri çəkilək”.

Zərar dedi: Qur`an buyurur ki, “Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın”,[92] “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə, çox bir dəstəyə qalib gəlib”.[93]

Zərarın əmri ilə savaş başladı və o, addım-addım irəliləyib, düşmənin bağrını yararaq döyüşə davam etdi. Amma onu əsir aldılar. Az sonra müsəlmanlar tərəfdən bir döyüşçünün irəliləyib meydanı şüar və qılıncla toz-torpağa bürüyərək döyüşdüyünü gördülər. Hamı təəccübləndi ki, bu cür qəhrəmanlıq göstərən kimdir? Bir az keçdikdən sonra gördülər ki, o, bədəni qana bulaşmış halda döyüşə davam edir. Xalid onun yanına getdi və dedi: “Nə vaxta qədər üzünü gizlədəcəksən? De görüm sən kimsən?”

O dedi: “Mən özümü tanıtdırmağa utanıram. Çünki özümə layiq bir iş görməmişəm. Mən Zərarın bacısı Xəvləyəm. Bilmirəm qardaşıma nə ediblər. Onu azad etmək üçün döyüşürəm”.

Sözləri qurtardıqdan sonra rəcəz oxuyaraq düşmən üzərinə hücuma keçib döyüşə davam etdi. O, bu döyüşdən əlavə başqa döyüşlərdə də iştirak etmişdi.[94]

DÖRD ŞƏHİD ANASI XİNNƏSA

İslamın güclü mübəlliğlərindən (təbliğatçı) sayılan Xinnəsanın digər adı da Təmazur idi. O öz qəbiləsini İslama inandırmış və nəticədə qəbiləsinin bütün üzvləri hamılıqla iman gətirmişdi. Xinnəsa camaatı öz söhbətləri və şe`rləri ilə İslam dininə də`vət edərdi. (Hicrətin 14-cü ilində) Müsəlmanlarla iranlılar arasında (Kufənin qərbində, 15 fərsəxlikdə) Qadisiyyə məntəqəsində döyüş baş verdi. Onun oğlanlarından dördü həmin döyüşdə şəhid oldular. O, özü övladlarını ön cəbhəyə göndərdi və onları səbirli, dözümlü olmağa çağıraraq, Qur`an ayələrini oxumaqla onları döyüşə həvəsləndirirdi. Meydana tərəf çapıb döyüş mahnısı oxuyur və döyüşçüləri düşməni məhv etmək üçün hərəkətə gətirirdi. Oğlanlarının dördünün də şəhidlik xəbərini eşidəndə dedi: “Mənə onların şəhidliyi ilə iftixar bəxş edən Allaha həmd olsun. Allah məni də onlarla birlikdə öz rəhmət və rizvanında məhşur etsin”.[95]

Maraqlısı budur ki, İslamın əvvəlindəki qadınlar, mübarizə səhnəsində və bu kimi sair işlərdə həmişə hazır olardılar. İmam Əli (ə) Cəməl savaşında Aişəni Mədinəyə çatdırmaq üçün qırx silahlı qadını ona mühafizəçi tə`yin etdi.[96] Çünki hiyləgər insanlar tərəfindən ona təhlükə yaranar, fürsət axtaran adamlar isə bundan öz siyasi məqsədləri üçün istifadə edə bilərdilər.

ƏMR İBN HƏMİQİN HƏYAT YOLDAŞI AMİNƏ MÜAVİYƏNİN ZİNDANINDA

Əmr ibn Həmiq Həzrət Əlinin (ə) qoçaq və ixlaslı dostlarından idi. Həzrət İmam Əli (ə) şəhid olandan sonra, o, həmişə və hər bir fürsətdə Müaviyəni ifşa edib camaatı onun əleyhinə qaldırırdı. Onun bu hərəkəti Müaviyənin qulağına çatdı. Müaviyə Kufədəki valisi Ziyada yazdığı məktubunda tə`kid etdi ki, hər bir imkandan istifadə edib onu tutub qətlə yetirsin.

Əmr Müaviyənin cəlladlarının əlindən gizlənərək gizlin şəkildə fəaliyyət göstərirdi. O, axırda Müaviyənin Mosuldakı valisi Əbdürrəhman ibn Osmanın vasitəsi ilə tutuldu. Onun həyat yoldaşı Aminəni isə Ziyadın əmri ilə ərinin gizləndiyi yeri demədiyinə görə tutmuşdular. Müaviyə (Mosulun valisi) Əbdürrəhmana yazdı: “Əmrə iki yol təklif et! Ya Əlidən (ə) imtina, ya da ölüm”.

Əbdürrəhman bu tapşırığı Əmrə bildirdikdə Əmr cavabında dedi: “Əlidən (ə) imtina etmək (yə`ni mümkün olmayan şeydir). Çünki O, haqdır, Müaviyə isə batil. Amma mən ölməyə hazıram. Tezliklə Allahın, Peyğəmbərin (s) və Əlinin (ə) hüzurunda olacam və Müaviyədən intiqam alacam”.

Daha Əmrə imkan verməyib onu məzlumcasına öldürdülər. Ona hətta iki rəkət namaz qılmağa da icazə vermədilər. Beləliklə, o, Əlinin (ə) yolunda öz qanına boyandı, onun başını bədənindən ayırıb Müaviyə üçün göndərdilər.

Azadlıq sevən insanlar, o cümlədən İmam Hüseyn (ə) Müaviyəyə yazdığı məktubunda onun bu zülmünü pisləyib məhkum etdilər. Müaviyənin sarayında kasa yalayanlardan biri ona dedi: “Yaxşı olar ki, Əmrin başını zindandakı qadını Aminəyə aparıb yarasına duz səpək və dediyi bütün şər sözlərin intiqamını alaq”.

Aminənin göstərdiyi rəşadətlərdən çox narahat olan Müaviyə bu təklifi qəbul etdi. Əmrin başını zindana aparıb Aminənin üstünə atdılar. Aminənin gözü Əmrin başına sataşanda, onun qəhrəmanlıqlarını yada salıb göz yaşı axıtdı. Bu vaxt dedi: “Ərimi bir neçə müddət məndən gizlətdiniz. İndi isə başını mənim üçün hədiyyə gətirmisiniz. Ey mənim ömür-gün yoldaşım, xoş gəlmisən! Mən səni heç vaxt yaddan çıxartmayacam”.

Sonra mə`mura dedi: “Müaviyəyə de ki, tezliklə ərimin qanının intiqamını səndən alacam. Müaviyə çox böyük günaha batıb. Tezliklə Allahın qəzəb və əzabı onu tutacaq”.

Sonra o, ərinin başını bağrına basıb bir neçə söz dedi. Mə`mur Aminənin sözünü Müaviyəyə çatdırdı. Müaviyə əmr verdi ki, onu qəsrinə gətirsinlər. Bərk qəzəblənmiş Müaviyə Aminəyə dedi: “Eşitmişəm mənim barəmdə belə bir sözlər demisən? Bir halda ki, bizim əlimizdə olduğunu yaxşı bilirsən”.

Aminə dedi: “Bəli, bilirəm və İlahi əzab sənin başının üstündədir”.

Müaviyə Aminənin alovlu sözlərinin müqabilində tab gətirməyib əmr etdi ki, onu oradan uzaqlaşdırsınlar. Aminə məclisdən çölə çıxanda dedi: “Təəccüb edirəm ki, Müaviyənin bizimlə söhbət etmək qüdrəti yoxdur və əliylə işarə edir ki, məni çölə çıxartsınlar”.

O qapının ağzına çatmamış Müaviyə əmr etdi ki, Aminəni qaytarsınlar. Onu yenidən Müaviyənin yanına apardılar. Müaviyə əmr etdi onun qabağına qızıl-gümüş töksünlər. Aminə üzünü onlardan çevirdi və dedi: “Ey Müaviyə! Üzün qara olsun. Ərimi öldürdün, indi də məni mükafatlandırırsan. And ola Allaha! Bunların yüz bərabəri qədər olsa da, ərimin bir dırnağı ilə belə dəyişmərəm”.

Müaviyə güldü və dedi: “Əlidən (ə) uzaq ol, səni azad edim”.

Aminə Əlinin (ə) adın eşidəndə gözləri yaşardı və ağlayaraq Müaviyənin üstünə qışqırıb fəryad qopardı: “Ey Müaviyə! Gör necə də dəhşətli təklif irəli sürürsən. Pərvərdigara! Bil ki, Əli (ə) yox, Müaviyə lə`nətə layiqdir”.

Müaviyə xəcalət çəkdi. Əmr etdi Aminəni təzədən zindana apardılar. Bir neçə müddətdən sonra əmr etdi ki, onu zindandan azad etsinlər və İraqa qaytarsınlar. Məbada Şam camaatı (Müaviyənin nəzərincə) onun şər sözlərini eşidib, Müaviyənin əleyhinə qiyam etmək fikrinə düşərlər.[97]

HÜCR İBN ƏDİNİN MÜDAFİƏSİNDƏ ƏNSAR QADINI HİNDİN GÖSTƏRDİYİ ŞÜCAƏTLİK

Hücr ibn Ədi İmam Əlinin (ə) zamanında Müaviyənin əleyhinə olan inqilabçılardan idi. Həzrət Əli (ə) şəhid olandan sonra onun apardığı mübarizənin davam etdirən Hücr ibn Ədi və yeddi dostunu Müaviyə Dəməşqin yaxınlığında “Mərci Əzra”da şəhid etdi. Hücrü qətlə yetiriləcəyi yerə aparanda, çox çətin şəraitdə və sıxıntıdaydı, əgər hər kim onu müdafiə etsəydi, Əlinin (ə) dostu kimi e`dam olunardı. Zeyd Ənsarinin Hind adlı cəsur qızı bu barədə bir şe`r oxudu:

Ey parlaq ay, bir boy göyə ucal sən,

Şama aparılan Hücrü görəsən.

Ziyad ona e`dam istəmiş deyə,

Əsir apardılar Müaviyəyə.

Bir gün darvazadan asılar bu can,

Didər bədənini qan içən heyvan.

Meydan zülmün olar Hücrdən sonra,

Amma ki bu qəmdən könüllər yara.

Fərəhlən bu işdən, ey Ədi oğlu,

Xalqa yananların sinəsi dağlı.[98]

MÜQAVİMƏTLİ QADIN SUDƏ

Həzrət Əlinin (ə) qoşunu ilə Müaviyənin qoşunu arasında baş verən Siffeyn döyüşü on səkkiz ay davam etdi. Bu, nurun zülmə qarşı savaşı idi. Sudə evdə oturub nurun, yə`ni Əlinin (ə) qoşununa kömək edə bilməməsini özünə ar bilirdi. Dözə bilməyib özünü cəbhəyə çatdırdı. Yaralılara tibbi yardım göstərmək və onlara su vermək üçün hazır oldu. O, bə`zən coşdurucu sözlər və şe`rlərlə Əlinin (ə) dostlarını küfrə qarşı qaldırardı. Qardaşına dedi: “Atan kimi qəhrəmanlıqla düşmənin qarşısında dur. Öz şücaətlərinlə Hindi (Müaviyənin anasını) və oğlunu zillətin (alçaqlığın) qara torpağına otuzdur. İman və hidayət bayraqdarı, Həzrət Peyğəmbərin (s) qardaşı, Əlini (ə) qoru”.

Bu qəhrəman qadının səsi Müaviyənin qulağına çatdı. Əmr etdi ki, onun adını Əlinin (ə) dostlarının sırasında yazsınlar. Əgər bir gün muradına çatsa, ondan intiqam alsın. İllər ötdü. Həzrət Əli (ə) şəhid oldu, Müaviyə isə hakimiyyəti ələ aldı. O, şəhərlərə zülmkar hakimlər tə`yin etdi. Onlardan biri də Busr ibn Ərtat idi. O, otuz min nəfərə yaxın Əli (ə) tərəfdarını öldürmüşdü.

Sudə bu çətin şəraitdə özünü Müaviyənin sarayına çatdırdı. Qürur taxtında olan Müaviyə onu görəndə dedi: “Sən Siffeyn savaşında həzrət Əlinin (ə) qoşununu bizim əleyhimizə qaldıran adamsan. İndi isə öz ayağınla bura gəlmisən. Bizim əleyhimizə şe`rləri deyən kim idi?”

Sudə qətiyyətlə dedi: “O şe`rləri deyən mən idim. Mənim kimisi gərək düz danışa və sözü gizlətməyə. Əlinin (ə) vücudundakı haqqa sevgi və haqqa itaət, məni şe`r və şüarla car çəkib onu müdafiə etməyə vadar etdi”.

Müaviyə dedi: “Bu sözləri buraxaq. De görüm nə şikayətin var?”

Sudə dedi: “Şikayətim sənin bu zülmkar valin Busr ibn Ərtaddandır. Onu camaatın boynuna mindirmisən. Hamını üzərlik dənəsi kimi çəkməsinin altında əzir və bizim mallarımızı qarət edir. Gəlmişəm deyəm ki, ya onu vəzifəsindən çıxart, ya da biz onun əleyhinə qiyam edəcəyik”.

Müaviyə dedi: “Bu fikirdəyəm ki, səni onun yanına göndərim və səninlə necə istəsə rəftar etsin”.

Sudə zehnində Əli (ə) ilə Müaviyə arasında müqayisə apardı və bir şe`r dedi ki, mə`nası belədir:

Salam olsun torpağa bələnmiş qanlı cana,

Ədaləti özüylə apardı o məkana.

Əlbət səbəbi vardı bu yanaşı gedişin,

And içmişdi ayırmaz həqiqətdən öz işin.

Müaviyə dedi: “Kimi nəzərdə tutursan?”

Sudə cavabında dedi: “Məqsədim Həzrət İmam Əlidir. Bir gün onun mə`muru camaatın malının zəkatını toplamaq üçün gəlmişdi. Bizimlə bir az pis rəftar etdi. Şikayət etmək üçün Həzrətin (ə) yanına getdim. Gördüm ayaq üstə durub namaz qılmaq istəyir. Məni gördü və buyurdu: “Bir işinmi vardır?”

Əhvalatı Həzrətə (s) söylədim. Çox narahat oldu. Göz yaşı axıtdı və dedi: “Pərvərdigara! Sən mənə və bu mə`murlara şahid ol ki, mən onlara zülm etməyi əmr etməmişəm”.

Sonra mə`muru üçün tünd bir məktub yazaraq mənə verdi ki, ona verəm. Çox çəkmədi ki, məmuru tutduğu vəzifədən kənarlaşdırdı”.

Müaviyə Sudənin coşqun və hay-küylü sözlərinin tə`siri altına elə düşdü ki, naçar qalıb əmr etdi ki, camaatın bütün mallarını onlara qaytarsınlar və onlarla yaxşı rəftar etsinlər. Sudəni də azad buraxdı.[99]

QƏHRƏMANLIQ GÖSTƏRMİŞ BİR NEÇƏ QADIN

Sudə kimi qəhrəmanlıq göstərmiş digər bir neçə qadın Müaviyənin qarşısında durmuş, söz demiş və onu məhkum etmişdilər. Məsələn, Darmiyyə Həcuniyyə, Ümmül-Xəyr, qızı Curəyş, Ümmü Sənan, Kufədən Zərqa, kor olmuş qoca qadın Bəkkarə Hilali və sair kimi qadınlar. Zərqanın Müaviyəyə dediyi sözlərdən biri belədir: “And olsun Allaha! Bizim Əliyə (ə) olan məhəbbətimizin necə də böyük olduğunu hələ də dərk edə bilməyibsən”.[100]

Müaviyənin qarşısında durub onu məhkum etmiş şücaətli qadınlardan Haris ibn Əbdül-Müttəlibin qızı Ərva və Bəkkarə Hilaliyyə adlı iki qoca qadındır. Ərvanın Müaviyəyə dediyi sözlərdən biri belədir: “Ey Müaviyə! And olsun Allaha! Sən bu zülmkarların camaata hakim olmasına və onlara qarşı istədikləri cür`əti etmələrinə səbəb olmusan . . .

Mənə e`tiraz etməyinin əvəzində get anandan soruş ki, sənin atan kimdir? Mənim sənə heç bir ehtiyacım yoxdur?”

Sonra o ayağa qalxdı və oradan uzaqlaşdı.

DÖRD ŞƏHİD ANASI ÜMMÜL-BƏNİNDƏN BİR XATİRƏ

İmam Əlinin (ə) dərrakəli həyat yoldaşı Hizam ibn Xalidin qızı Ümmül-Bənin bəni-Kilab qəbiləsinin şücaətli bir ailəsindən idi. İmam Əlinin (ə) qardaşı Əqil, o Həzrət (ə) üçün elçilik etdi. Onun adı Fatimə idi. İmam Əlidən (ə) Həzrət Abbas (ə), Əbdullah, Cəfər və Osman adlı dörd övlad sahibi olanda ona “Ümmül-bənin” (oğullar anası) deyirdilər. Bu ana qəhrəman oğullar, igid övladlar yetişdirdi. Tarixdə igidlik göstərmiş Həzrət Abbas (ə) onun tərbiyəsi ilə böyüyüb boya-başa çatmışdı. Onun oğlanlarının hamısı Kərbəlada şəhid oldular. Bu dörd qəhrəman oğulun şəhidlik xəbəri anaya çatanda təbiidir ki, qəlbi yandı və xüsusən oğlu Abbas (ə) üçün göz yaşı axıtdı. Ancaq ruhiyyəsi o qədər güclü idi ki, bir şe`r dedi:



Geri   İrəli
Go to TOP