A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda qəhraman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


O Həzrət (ə) Şüreyh Qaziyə (səksən dinarlıq ev aldığına görə) buyurdu: “Bu evin qəbzinin bir nüsxəsini yazıram. O nüsxə belədir: Bu, zəlil bəndənin köçməyə hazır olan ölüdən aldığı, fani olanların məhəlləsində, həlak olanların küçəsində, qürur sarayından bir evdir. Onun dörd tərəfi vardır. Bir tərəfi bədbəxtlik və bəlalardan, ikinci tərəfi acı hadisələr və müsibətlərdən, üçüncü tərəfi süstləşdirici istək və meyillərdən, dördüncü tərəfi isə doğru yoldan, azdırıcı şeytana birləşmiş divardan ibarətdir.  Bu evin qapısı da dördüncü tərəfə açılır”.[17]

İmam Əlinin (ə) bəyanında dünyanın dörd tərəfində bəlalar və müsibətlər olduğunu görürük. Beləliklə aydın olur ki, dünya rifah və asayiş yeri deyil. Orada insan həmişə bəla və giriftarçılıqla mübarizədədir.

GİRİFTARÇILIQLARIN SƏBƏBİ

İndi isə bu giriftarçılıqların səbəbini araşdıraq.

Qur`ana nəzər salanda görürük ki, bu giriftarçılıqların səbəbi bizim keçmişdəki xoşagəlməz əməllərimizdir. Məsələn, Şura surəsinin 30-cu ayəsində buyurulur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır və Allah (günahlardan) çoxlarını əfv edər”.

Bu və buna oxşar ayələrdə müsibətlərin səbəbləri kimi keçmişdə baş vermiş günahlar göstərilir. “Rum” surəsinin 41-ci ayəsində buyurulur: “İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad və giriftarçılıq əmələ gələr ki, Allah (bununla) onlara etdikləri bə`zi günahların cəzasını daddırsın və bəlkə onlar (tövbə edib pis yoldan) qayıdalar”.

Bu ayəyə əsasən yerdə və quruda baş vermiş bəlalar həm əməllərin cəzası, həm ibrət almaq və həm də günahkarların tövbə edib Allaha tərəf qayıtmasına görədir. “Bəqərə” surəsinin 155-ci ayəsində buyurulur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az qorxulu müharibələr, bir az aclıq (qıtlıq), bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edənlərə müjdə ver”.

Bu ayəyə əsasən də müxtəlif giriftarçılıq və bəlaların səbəbi insanın imtahan olunmasıdır. “Ənkəbut” surəsinin 2-ci ayəsində buyurulur: “İnsanlar (iman gətirdiklərini) güman edib onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?”

“Fitnə” kəlməsi qızılı oda qoyub, onun xalisini qatqısından ayırd etmək mə`nasını ifadə edir. Daha sonra bu söz hər cür zahiri və batini imtahana da deyilib. Beləliklə, aydın olur ki, insan həmişə fitnə və imtahan arasındadır. Həzrət İmam Əli (ə) giriftarçılıq barəsində buyurub: “Pərvərdigara! Sənə fitnədən (imtahandan) pənah aparıram, deməyin. Çünki imtahan olunmayacaq kəs yoxdur. Lakin hər kəs Allaha pənah aparmaq istəsə, doğru yoldan azdıran fitnələrdən Allaha pənah aparsın. Allah-təala (Qur`anda “Təğabun” surəsinin 15-ci ayəsində) buyurur: “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız sizin üçün ancaq bir sınaq vasitəsidir”. Bu cümlənin mə`nası budur ki, Allah insanları mal-dövlət və oğul-uşaqla imtahan edir ki, verdiyi ruzidən narazı qalan və şükr edib razı olan kəslər tanınsınlar. Hərçənd ki, Allah insanlara onların özlərindən daha agahdır, lakin bu imtahan və sınaq, mükafat və cəzaya layiq olan əməllərin aşkar olunması üçündür”.[18]

Digər tərəfdən, rəvayətlərdə bəlaların səbəbi bə`zən imtahan, bə`zən əməlin cəzası, bə`zən də keçmiş günahların bağışlanması, bə`zən isə (Allah övliyalarının bəlaları kimi) mə`nəvi dərəcənin artması kimi qeyd olunur. Bütün ayə və rəvayətlərdən belə nəticə çıxarırıq ki, bəlaların səbəbləri aşağıdakı beş haldır:

Keçmiş əməllərin cəzası.

Pis yoldan qayıtmaq və tövbə etmək vasitəsi.

İmtahan və sınaq. Özünü tanısın ki, imtahanın öhdəsindən necə gələ bilir.[19]

Keçmiş günahların bağışlanması.

Mə`nəvi məqam və dərəcənin artması.

Beləliklə, biz öz araşdırmalarımızda bəlaların səbəblərini anladıq. Bəla üz verdikdə gərək dözümsüz olmayaq. Əksinə, səbir və müqavimət göstərməklə Allaha xatir özümüzü onların çətinliklərinə öyrəşdirsək və bu yolda polad kimi iradəli olsaq, çox tə`siri olacaq. “Bəqərə” surəsi 155-ci ayənin davamında buyurulur: “Səbir edən şəxslərə müjdə ver”.

“O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman “Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” deyirlər”.

Allahın lütf və mərhəməti bu cür insanlara şamil olacaq və belə insanlar doğru yolda olanlardır.

GİRİFTARÇILIĞIN ƏN MÜHÜM AMİLİ VƏ YAXUD İMTAHAN

Giriftarçılığın səbəbləri arasında hamını əhatə edən və ən mühümü, imtahan və sınaq amilidir. Allah-təala hətta peyğəmbərləri də (onların mə`nəvi dərəcələrinə görə) imtahan edir. Heç kim bu qanundan istisna olunmur. İmtahanın yolları çoxdur. “Ənbiya” surəsinin 35-ci ayəsində buyurulur: “Biz sizi xeyir və şərlə sınağa çəkərik”.

Beləliklə, insan hər cür xeyir və şərlə imtahan olunur. Bə`zi rəvayətlərdə hamıya aid edilən fitnə (imtahan) on hissəyə bölünür:

Doğru yoldan azmaqla imtahan.

Sınaq imtahanı.

Dəlil və höccət imtahanı.

Şirk imtahanı.

Küfr imtahanı.

Odda yanmaqla imtahan.

Əzabla imtahan.

Ölməklə imtahan.

Haqq yoldan saxlanmaqla imtahan.

 Şiddətli giriftarçılıqla imtahan.

Bə`ziləri məhəbbətlə imtahanı da bunlara əlavə edirlər.[20]

Yuxarıda göstərilənlərlə çox imtahan olunduğuna görə, insanların ehtiyatlı olması üçün onlar təkrar-təkrar xatırladılır. İmam Əli (ə) buyurur: “Fitnələr qabağa gələndə az yaşlı dəvə balası kimi olun. Onun nə möhkəm beli olur ki, minələr və nə də sağmaq üçün döşləri olur”.[21] İmam (ə) bu sözləri o zaman buyururdu ki, iki azğın dəstə bir-biri ilə döyüşə başlamışdır. O həzrət demək istəyir ki, ehtiyatlı olun. Bu fitnə öz məqsədləri üçün nə sizə minsin və nə də mali imkanlarınızdan özləri üçün istifadə etsin. Yoxsa, əgər döyüşən tərəflərdən biri haqq olsaydı, ona kömək etmək vacib olardı.[22]

BƏLALAR MÜQABİLİNDƏ SƏBİR

Bundan əvvəl deyildiyi kimi, bəlalar dünyanı əhatə edib. Hər kəsin bir cür giriftarçılığı və bu giriftarçılıqların hər birisinin öz səbəbləri var. Onlardan ən mühümü bu yarış meydanında kimin qalib gəlməsini müəyyənləşdirən imtahan və sınaqdır. İndi isə digər bir amilə diqqət yetirək. Bu, acı hadisələr və bəlalara səbir etməkdir. Gərək insan bəlalar qarşısında son həddə qədər dözüb, səbir və müqavimət göstərməklə mümkün olmayanları reallaşdırıb, Allah fərmanına təslim olsun.

Bir çeşmə ayrıldı qayadan düzə,

Qəfildən bir daşla gəldi üz-üzə.

Həlimliklə belə söylədi daşa:

Yol ver, qoy yolumu mən vurum başa.

Qəlbi qara daş qaldırıb səsini,

Dedi: Uzaq dayan, kəsərəm nəfəsini.

Sellər tərpətməmiş məni yerimdən,

Sənin qarşındanmı qaçmalıyam mən?!

Bu sözlər çeşməni razı salmadı,

Təkan vurdu daş yerində qalmadı.

Çalışdı-vuruşdu, durmadı bir an,

Ötüb-keçdi daşdan, yol oldu asan.

Zəhmətlə çatarsan hər bir istəyə,

Atdığın ox çətin ki, daşa dəyə.

Get tər axıt, üzülməsin ümidin

Qisməti ölümdür hər naümidin.

Bil, işdə olarsa səbirin, dözümün,

Çətinliklər asan olası bir gün.

Qur`ani-məciddə yüz dəfədən çox müxtəlif tə`birlərlə səbir və müqavimətli olmaq barəsində söz açılır. Ancaq səbir, əlini əlinin üstünə qoyub, gözləmək deyil. Əksinə, səbir lüğətdə bir işi yerinə yetirmək və onu davam etdirmək üçün polad kimi iradəli olmaq və qəlbin əzmkarlığı mə`nasındadır. Səbir və müqavimət təkcə insanın ruhiyyəsinin aşağı enməsinin qarşısını almır. Əksinə, insanın ruhiyyəsini neçə dəfə yüksəldir. Eləcə də cəbhədə düşmən qarşısında səbir barəsində Qur`anda buyurulur: “Əgər içərinizdə iyirmi səbirli və müqavimətli kişi olsa, iki yüz kafirə qalib gələr”.[23]

“Ali-İmran” surəsinin 200-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Səbir edin. Düşmənlərin müqaviməti müqabilində də dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!”

Mütəal Allah bu ayədə qələbəyə olan ümidi dörd şeydə bilir:

Nəfs istəkləri və meylləri, çətinliklər və bəlalar müqabilində səbir və müqavimət.

Düşmən qarşısında səbir və müqavimət.

Sərhəd keşiyində səbir və müqavimət (bu, istər müsəlman məntəqələrinin sərhədi olsun, istərsə də siyasət və İslam mədəniyyətinin).

Hər bir şeyin əsası olan pərhizkarlıq və paklıqdakı (iffətdəki) səbir.

Qur`anda belə bir tə`birlər də var ki, “Allah səbir edənlərlədir”[24] və “Allah səbir edənləri sevər”.[25] Qur`anda dörd yerdə buyurulur ki, insanı hidayət edən ibrətamiz dərslər, çox şükür və səbir edən kəslər üçün haqq və xeyir əlamətidir.[26] “Məhəmməd” surəsinin 31-ci ayəsində buyurulur: “Biz içərinizdəki mücahidləri və səbir edənləri ayırd etmək üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri də yoxlayacağıq (kimin həqiqi, kimin yalançı olub şayiə yaydığı və nifaq üzündən (məqsədilə) söz danışdığı üzə çıxsın)”.

Talutun macərasında, Həzrət Samuel Peyğəmbər (ə) tərəfindən təyin edilən güclü və şücaətli bir kişi az bir dəstə ilə zəmanənin zalım diktatoru Calutun hər cəhətdən döyüşə hazır vəziyyətdə olan ordusunun qarşısında durdu. Görürük ki, Talut az adamla Calutla döyüşə gedəndə onun tərəfdarları bütün varlıqları ilə dedilər: “Pərvərdigara, bizə bol səbir və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”[27]

Həmin böyük ruh yüksəkliyi ilə Calutun hər cəhətdən döyüşə hazır olan ordusunu məğlub etdilər. Bu zaman (Davud adlı) yeniyetmə cavan Talutun qoşununda idi. Ordu cəbhənin ön xəttinə çatanda, o, əlindəki sapandla çox məharətlə Caluta tərəf bir-iki daş atdı. Daş Calutun alnından dəyərək onu yerə yıxdı. Calutun ordusu qorxuya düşüb, bir neçə itki verdikdən sonra qaçmağa başladı və bəni–İsrail qövmü qalib gəldi.[28]

Bəli, səbir və müqavimət belə bir mö`cüzə yarada bilir. Müşkül görünən işləri həyata keçirir və mümkün olmayanları da mümkün edir.

SƏBİRİN NÖVLƏRİ

Əxlaq alimlərinin buyuruqlarında səbir və dözüm üç hissəyə bölünür:

1. Günahlar müqabilində səbir.

2. İtaətdə səbir.

3. Bəlaların və zəmanənin acı hadisələri müqabilində səbir.

Əgər bunların hər üçü birlikdə olsa, insan ən çətin hadisələrlə belə üzləşsə də hər cür iztirab və nigarançılığı özündən uzaqlaşdırar, təskinlik tapa bilər. Birinci səbir, “cihade əkbər” (ən böyük cihad) kimi tə`bir olunur və digər səbirlərin bünövrəsi sayılır. Ötən fəsildə qeyd olunduğu kimi “Bəqərə” surəsinin 155-ci ayəsində buyurulur: “Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman “Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” – deyirlər”.

Bu ayə Həzrət Əlinin (ə) buyurduğu kimi iki mətləbi bəyan edir:

1. Bizim hamımız Allahdanıq və bunu e`tiraf edirik.

2. E`tiraf edirik ki, biz Allaha tərəf qayıdacağıq.[29]

Yə`ni Allah qarşısında öz bəndəlik və təslim olmağımız gərək unudulmasın. Biz Allahın müqabilində bir şey deyilik. O hər nə istəsə, biz də onu bəyənməliyik. Baba Tahir deyir:

Kimisi dərd, kimisi dərman bəyəndi,

Kimi vüsal, kimi hicran bəyəndi.

Mənsə bəyənilənlər arasından,

Onu bəyəndim ki, canan bəyəndi.

“İsterca`” ayəsi kimi tanınmış bu ayədən istifadə edib, öz ruhiyyəmizi gücləndirək. “Bəqərə” surəsində iki yerdə (45-ci və 153-cü ayələrdə) buyurulur: “(Müsibət vaxtı) Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin”.

Namaz Allahla rabitə qurmaq üçün ən yaxşı vasitədir. Əgər bu rabitə kamil şəkildə yerinə yetirilsə, səbir və dözümlə birlikdə olsa, şübhəsiz hər cür acılıqları şirin edər. Bu sifarişlər kişi ilə qadına şamil edilsə də, “Əhzab” surəsində qadınlar barəsində xüsusi  şəkildə söz açılır: “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö`min kişilər və qadınlar, Allaha pərəstiş edən kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar, səbirli[30] kişilər və qadınlar, Haqq qarşısında müt`i və təvazökar olan (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən və oruc tutan kişilər və qadınlar, iffətli (namuslu) kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır!”

SƏBİR VƏ DÖZÜMÜN TƏSİRLƏRİ

Rəvayətlərdə səbir və dözümün dəyəri və mühüm tə`sirləri barəsində çoxlu sözlər deyilir. Biz burada onların içindən Əmirəl-mö`minin Əlinin (ə) səbir və dözüm barəsindəki çox ali bir bəyanını təqdim edirik: “Sizə səbirli olmağı tövsiyə edirəm. Çünki, baş bədənə lazım olduğu kimi, səbir də imana lazımdır. Başsız bədənin xeyiri olmadığı kimi, səbirsiz imanın da xeyiri yoxdur”.[31]

Həzrət Əli (ə) bu dərin mə`nalı müqayisəsində səbir və dözümün ali  təsvirini başın bədənə lazımlılığı ilə eyniləşdirir. Qulaq, göz, beyin, iyləmə və dadma orqanlarının hamısı başda yerləşir. Səbir və dözüm də həmçinin belə bir funksiyaya malikdir. Səbirin sayəsində yaxşı görmək, eşitmək, hiss etmək və dərk etmək olar ki, biz kimik, hara gedirik və indi nə etməliyik?

Bu fəsili İmam Əlinin (ə) digər bir dərin mə`nalı sözü ilə sona çatdırırıq. Həzrət (ə) buyurur: “Fitnə və imtahan dəryalarının nəhəng dağ kimi dalğalarını nicat gəmisi ilə yarıb irəli gedin”.[32]

Bu gəmi namazdan, duadan, təvəkküldən (ümid etməkdən), birlikdən, doğru–düzgün rəhbərə itaət etməkdən, dözümdən, həmişə şəhidliyə hazır olmaqdan, haqq qarşısında razı və təslim olmaqdan, şükür etməkdən, agahlıqdan və s. ibarətdir. Qısa bir cümlə ilə desək, müsibət və giriftarçılıq dəryasının nəhəng dağ kimi dalğalarını kamil iman gəmisi ilə yarıb irəli gedin. Şairlərin padşahı deyir:

Mıxın sıxıntısı, sarsılmazlığı

Faydalıdır ibrət götürsə bəşər.

Yağdıqca başına ağır zərbələr

O da göstərəsi daha çox əsər.

Xüsusilə dua etməyi yaddan çıxartmayaq ki, bu çox tə`sirlidir. İmam Sadiq (ə) buyurur: “Atam İmam Baqirə (ə) hər zaman ruzigarın hüzünlü hadisələri üz versəydi, qadın və uşaqlarını toplayıb birlikdə dua edərdilər. Sonra o hadisələr və qəm-qüssələr aradan gedərdi”.[33]


 

Üçüncü fəsil

İSLAMDAN ƏVVƏLKİ  DÖVRLƏRDƏ  QƏHRƏMANLIQLAR GÖSTƏRMİŞ NÜMUNƏVİ QADINLAR

İslamdan əvvəlki dövrlərdə bir çox məşhur nümunəvi qadınlar olub. O cümlədən:

1. Hizbilin həyat yoldaşı.

2. Fir`onun həyat yoldaşı Asiyə.

3. Həzrət İbrahimin (ə) anası Buna.

4. Həzrət Musanın (ə) anası.

5. Həzrət Musanın (ə) bacısı.

6. Həzrət İsanın (ə) anası Məryəm.

7. Həzrət İsmayılın (ə) anası Hacər.

Biz burada İslamdan əvvəlki dövrlərdə yaşamış bir neçə nümunəvi qadının həyatını şərh edəcək, onların nümunəvi qadın olmalarının və adlarının əbədi qalmasının səbəbini zikr edəcəyik ki, digər qadınlar da onlardan örnək alıb bu yolla müqavimət dərsi öyrənsinlər.

1-Dülgər Hizbilin həyat yoldaşı Fir`onun qarşısında

Fir`on tarixin böyük diktatorlarından idi. O, camaatı bütpərəstlik və özünə pərəstişə məcbur etməklə, illərlə Misirə hakim olmuşdu. Yoxsul və ac camaat onun zalım, haqsızlıqla dolu və sıxıntılı hakimiyyətindən təngə gəlmişdilər. Mehriban Allah məzlum insanlara nicat vermək üçün Musanı (ə) bəni–İsrail qövmünə göndərdi. Ancaq vəziyyət elə idi ki, hər kəs Musaya (ə) iman gətirsəydi, ona ən ağır işgəncə və əziyyətlərlə e`dam hökmü verilirdi. Bu insanlardan biri dülgər Hizbilin həyat yoldaşı idi. O, Musaya (ə) gizlincə iman gətirir, ancaq canının qorxusundan imanını gizlədirdi. Bu qadın camaat kimi deyildi. Aydın fikir və açıq gözlə başa düşürdü ki, Fir`on camaatın Allahı deyil və bütlər də Allaha şərik deyillər. Ruzigarın əliylə o, Fir`onun hərəmxanasına, onun qızının bəzək və saç düzümü ilə məşğul olan adam kimi get-gəl edirdi. Bir gün Fir`onun qızının saçını bəzəyəndə daraq əlindən yerə düşdü. Dili uca Allahın zikrinə öyrəşdiyi üçün bilmədən dedi: “Allahın adı ilə”.

Fir`onun qızı ondan soruşdu: “Allah deməkdə məqsədin atam Fir`ondur?”

O dedi: “Yox, mən elə bir kəsə sitayiş edirəm ki, sənin atanı yaradıb və onu aradan aparacaq!”

Fir`onun qızı həmin anda atasının yanına gedərək əhvalatı ona danışdı. Fir`on narahat olub qadını hüzuruna çağırdı və qəzəblə dedi: “Sən məgər mənim allahlığıma e`tiraf etmirsən?”

Qadın cavabında dedi: “Mən heç vaxt həqiqi Allahı buraxıb sənə pərəstiş etmərəm”.

Fir`on onun bu qətiyyətli sözündən o qədər əsəbləşdi ki, dayanmadan əmr etdi, misdən olan təndiri odla doldurdular. Təndir qızardıqda cəlladlara dedi: “Bu qadının uşaqlarının hamısını təndirə atın”.

Cəlladlar qadının gözləri qabağında, onun günahsız uşaqlarını təndirə atıb yandırdılar. Qadının uşaqları bir-bir odda yandılar, yalnız ananın qucağında kiçik övladı qalmışdı. Təbiidir ki, ananın südəmər uşağına məhəbbəti daha çox olar. O uşağı yanar odun alovları arasına atmaq üçün anadan güclə aldılar və anaya dedilər: “Əgər Musanın dinindən uzaqlaşsan, uşağını oda atmarıq”.

O digər uşaqlarına görə səbir etmişdi. Amma bu südəmər uşağa görə qəlbi təlatümə gəldi. İstədi ki, onları zahirdə qane etmək üçün bir söz desin. Bu zaman Allahın qüdrətilə uşaq dilə gəldi və anasına dedi: “Səbir et, sən haqsan!”

Ana səbir etdi. O uşağı da oda ataraq yandırdılar. Sonra isə qadının özünü də oda atdılar. O sağ olana qədər, çox acı işgəncələrə dözdü və düşmənin qarşısında özünü aciz göstərmək həsrətini, onların ürəyində qoydu. Cəlladlar ana və balalarının külünü göyə sovurdular.

İslam Peyğəmbəri (s) buyurur: “Me`rac gecəsi fəzada bir yerdə burnuma çox yaxşı bir ətir qoxusu dəydi. Cəbrayıldan (ə) soruşdum ki, bu misilsiz ətirli qoxu nədir? Cəbrayıl (ə) cavabında dedi ki, bu ətirli qoxu, Hizbilin həyat yoldaşının və uşaqlarının yanmış cəsədlərinin külündən gəlir. Onu bu fəzanın əhatə etdiyi hissəsində səpiblər. Bu yaxşı ətirli qoxu qiyamət gününə kimi yerin bu hissəsindən gələcək”.

Bəli bu, şücaətli və qəhrəman qadının mükafatıdır. Onun əməli Allah yanında o qədər dəyərlidir ki, pak cəsədinin gözəl ətri, İslam Peyğəmbərini (s) me`rac gecəsində təəccübləndirib və buyurub: “İndiyə kimi burnuma belə bir yaxşı və ətirli qoxu dəyməyib”.[34]

2-Fir`onun həyat yoldaşı Asiyə

Ağır və acı hadisələr müqabilində qəhrəmancasına dözüb səbir edən qadınlardan biri də Fir`onun həyat yoldaşı, Məzahimin qızı Həzrət Asiyədir. Allah-təala Qur`ani-Məciddə bu qadını mö`min şəxslər üçün məsəl çəkir və onun örnək kimi yad edir. “Təhrim” surəsinin 11-ci ayəsində buyurulur: “Allah iman gətirənlərə Fir`onun zövcəsini məsəl çəkir. Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Fir`ondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et” demişdi”.

Bu qadın Fir`onun həyat yoldaşı olaraq sarayda, ləl-cəvahirat və bər-bəzək içində yaşasa da, heç vaxt bunlara aldanmadı. Xəlvətdə Musaya (ə) və Allaha iman gətirdi. Musanı (ə) uşaqlıq dövründə sudan götürdü və onu doğma anadan da yaxşı himayə etdi, heç vaxt qoymadı ki, ona bir zərər dəysin. Bu imanlı qadının o qədər dərin düşüncəsi və uzaqgörənliyi var idi ki, rəvayətlərə əsasən bir göz qırpımı qədərincə İlahi vəhyə kafir olmadı.[35] O, Allahpərəst bir partizan kimi imkanı olan qədər Musaya (ə) kömək edir və Fir`ona, onun əqidəsinə zərbə vururdu. Hizbilin uşaqlarının və həyat yoldaşının ürəkyandırıcı hadisəsi baş verəndə Asiyə daha fəryadlarını boğazında boğmadı, ağzına sükut möhürü vura bilmədi. Fir`onun qarşısında durub qətiyyətlə dedi: “Ey Fir`on! Nə vaxta qədər qəflət yuxusunda qalacaq və Allahın həqiqi bəndələrini yandıracaqsan?”

Fir`on dedi: “Mənim allahlığıma sən də şəkk edirsənmi?”

Asiyə dedi: “Mənim sənin allahlığına e`tiqadım var idi ki, bu gün də şəkk edəm? Mən Musanı (ə) Nil çayından götürdüyüm gündən onun peyğəmbərliyinə etiqadlı olmuşam. Buna görə də bacardığım qədər onu qorudum”.

Fir`on Asiyənin ağır cavabından elə narahat oldu ki, qəzəblə qışqırdı: “Ey Asiyə! Səni elə öldürəcəm ki, indiyə kimi heç kəsi belə öldürməmişəm”.

Fir`onun əmri ilə Asiyanı yerə uzadıb əl-ayağını dörd mıxa bağladılar və sinəsinə böyük daş parçası qoydular. Belə bir vəziyyətdə ona dedi: “Ey Asiyə! Musanın Allahına de ki, səni bu işgəncələrdən qurtarsın”.

Asiyə işgəncə altında çox narahat idi. Bu xəbər Musaya (ə) çatdı. Musa (ə) Allaha ərz etdi: “Ya Rəbbim! Asiyə üçün can verməyi asanlaşdır”.

Qur`anın (“Təhrim” surəsi, ayə 11) buyurduğuna əsasən, Asiyə deyirdi: “Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Fir`ondan və onun zalım qövmündən xilas et”.

Allah Asiyənin məqamını onu göstərdi və ruhunu gücləndirdi. O, behişt ne`mətlərindən yeyir və içirdi. Asiyə bunları gördükdən sonra sevindi və göz yaşı təbəssümə döndü. Fir`on təəccüblə dedi: “Həyat yoldaşım dəli olub. O belə bir vəziyyətdə gülür və boş yerə özünü ölümə verib!”

Asiyə dedi: “And olsun Allaha! Dəli olmamışam. Əksinə, öz yerimi Cənnətdə görürəm”.

O, elə həmin halda Allahının görüşünə tələsdi və şəhid oldu. Asiyəyə qızmar günəş altında işgəncə veriləndə, mələklər sıraya düzülüb günəşin qabağında duraraq ona kölgə saldılar.[36] O, Cənnətin ən yaxşı qadınları və tarixin dörd ən yaxşı nümunəvi, yə`ni Asiyə, Məryəm (ə), Xədicə (ə) və Fatimə (ə) kimi xanımlarından birinə çevrildi.[37]

Bə`zi hədis kitablarına əsasən, Asiyə dünyada ən pis insanın həyat yoldaşı idi. O, fədakarlığı və səbirli olması nəticəsində elə bir məqama çatdı ki, axirətdə ən yaxşı insanın həyat yoldaşı olacaq.

Bu, dözümlü, səbirli, fədakar, dini himayə edən və Allah yolunun yolçusu olan qadının mükafatı idi.

3-4-Musanın (ə) anası və bacısı

Ən çətin hadisələrin qarşısında davam gətirən və müqavimət göstərən qadınlardan biri də Musanın (ə) anası “Yukabed” və bacısı “Kəlsəmə” (yaxud Kəlimə) idi.



Geri   İrəli
Go to TOP