A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda qəhraman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Aişə adlı şərafətli və gözəl bir qız Məs`əblə evləndi. Məs`əb ər olmaqdan əlavə, onun üçün tə`lim-tərbiyə müəllimi idi. Hicab, iffət kimi sair mə`nəvi fəzilətləri ona öyrətdi və həyat yoldaşının dünya görüşünün artması üçün çox çalışdı.

Müharibə başladı. Məs`əb döyüşə getdi. Bir neçə müddətdən sonra qayıtdı. Məs`əbin mə`rifətli həyat yoldaşı onu qarşılamağa tələsdi. Ona təbrik dedi və üz-gözünün toz-torpağını təmizlədi. Məs`əb ona dedi: “And olsun Allaha! Qorxuram ki, bu paltarın, paslanmış zirehin və dəmir silahın iyi sənə əziyyət versin. Sənin mənə bu qədər məhəbbət göstərəcəyini gözləmirdim”.

O mə`rifətli qadın cavabında dedi: “And ola Allaha bu iy mənim üçün müşk ətrindən daha yaxşıdır”.[199]

YOXSUL KƏNDLİNİN ƏLLAMƏ MƏCLİSİNİN QIZI İLƏ EVLƏNMƏSİ

Saleh Mazandarani Mazandaran kəndlərinin birindən idi. Valideynləri yoxsul olan Saleh dini təhsil almaq üçün İsfahana gedərək oradakı bir mədrəsədə çox çətinliklə təhsil almağa başladı. Hətta gecələr mütaliə etmək üçün mədrəsənin ümumi çıraqlarının yanında saatlarla durar, onların nurundan istifadə edərdi. Onun elmi səviyyəsi artdıqdan sonra Əllamə Məhəmməd Təqi Məclisinin dərsində rəsmi şəkildə iştirak etməyə başladı. Əllamə onunla danışıqlarında və bəhslərində, Salehin mə`rifətli bir cavan oğlan olduğunu gördü. Molla Saleh evlənmək yaşına çatığı üçün ailə qurmaq qərarına gəlmişdi. Bir gün dərsdən sonra Əllamə Məclisi (rəh.) ona işarə etdi ki, gözləsin. Şagirdlər gedəndən sonra Əllamə ona dedi: “Eşitmişəm ki, evlənmək qərarına gəlmisən?”

Saleh ərz etdi: “Bəli”.

Əllamə içəridəki otağa keçərək dərs oxumuş, mə`rifətli və ağıllı qızı Aminəyə dedi: “İstəyirəm ki, səni sərvəti olmayan, lakin fazil və alim bir oğlana ərə verəm. Bu da sənin razılığından asılıdır”.

Aminə cavabında dedi: “Yoxsulluq ki, eyb deyil”.

Əllamə onun razılığını alıb toya hazırlıq görür. Aminə çox sadə şəkildə ər evinə gedir. Bu qadın o qədər mehriban idi ki, əri elmi kitabları mütaliə edəndə, elə vaxt olurdu ki, bə`zi məsələləri həll edə bilmirdi və ondan kömək istəyirdi, Aminə də məsələni həll edərdi. Təzə evləndikləri zaman bir gün Molla Saleh evdən çölə çıxdı. Qayıtdıqdan sonra gördü ki, həyat yoldaşı məsələnin cavabını doğru-düzgün yazıb qoyub. Bunu görə Saleh səcdəyə gedərək səhərə qədər ibadət və şükür etməklə məşğul oldu. Onun bu əməli üç gün çəkdi. Əllamə macəradan xəbərdar oldu. Molla Salehi çağırdı və ona dedi: “Əgər qızımla evlənmək istəmirsənsə, səni başqa bir qızla evləndirim”.

O cavabında dedi: “Əksinə, Allahın mənə əta etdiyi ne`mətinə görə şükür və ibadət edirəm. Ancaq nə qədər çalışıramsa, görürəm ki, bu şükürü yerinə yetirə bilmirəm”.[200]

TOY LƏVAZİMATI YERİNƏ SİLAH ALMAQ

Həzrət Peyğəmbərin (s) dövründə Sə`dul-Əsvəd adlı bir müsəlman evlənə bilmirdi. Heç bir qadın onunla ailə qurmağa razı deyildi. Axırda əhvalatı Həzrət Peyğəmbərə (s) danışdı. Peyğəmbər (s) onu Ömər ibn Vəhəbin qızıyla nişanladı. Sə`d Peyğəmbərin (s) bu işindən çox şad oldu və evlənmək üçün toy tədarükü görməyə başladı. Toy üçün tə`yin olunmuş vaxt gəlib çatdı. Sə`d toy ləvazimatı almaq üçün bazara gedəndə birdən qulağına belə bir səs dəydi: “Əl-cihad, əl-cihad”.

“Döyüşə hazırlaşın! Tələsin, silahınızı götürüb, atlara minin. Fürsəti əldən verməyin . . . “.

Sə`d bir az fikirləşdi. Sonra qərara gəldi ki, toy ləvazimatı yerinə qılınc və nizə alsın. O, bunları alıb özünü İslam ordusunun döyüşçülərinə çatdırdı və böyük qəhrəmanlıqla döyüşüb axırda şəhid oldu.[201]

İndi bizim bundan da çox cavanlarımız vardır ki, bütün varlığını İslam yolunda fəda etmişlər. Gəlin biz də bu cavanlar kimi olaq. Qadınlar da çətin anlarda və böhranlı vəziyyətlərdə gərək bu cür fikirləşsinlər.

3-Ailədə qayda-qanunun və səfa-səmimiyyətin qorunub saxlanılması

Məhəbbət ər-arvad arasındakı mehribanlığın bünövrəsi və övladların tərbiyəsində mühüm amildir. Övladların yoldan azmalarının və törətdikləri fəsadların əsas səbəbi ərlə arvad arasında İslami məhəbbətin və düzgün qayda-qanunun olmamasıdır. Məsələn, kişinin, ya qadının narkotik maddələrə qurşanması, namuslu və iffətli olmaqda İslam qayda-qanunlarına riayət etməməsi və onların inadkarlığı uşaqları yoldan elə azdırır ki, elə bil daha onlar üçün çıxış yolu qalmır. Şübhəsiz ki, gərək evdə mehribanlıq olsun, uşaqlar rahat və arxayın boya-başa çatsınlar. Daha nigarançılıq və iztirab onlara hakim olmasın. İmam Sadiq (ə) buyurur: “Allah rəhmət etsin o kişiyə ki, həyat yoldaşıyla yaxşı rəftar edər. Çünki Allah onu həyat yoldaşı üçün himayəçi tə`yin etmişdir”.

Həmçinin buyurur: “Kişinin ən pis düşməni əxlaqsız arvaddır”.[202]

Qadın və qızların şəxsiyyəti, kişi və oğlanların şəxsiyyəti kimi qorunub saxlanılsın. Əgər qadının şəxsiyyəti tapdanılsa, qəlbində özünü alçaldılmış hiss edər. Bə`zən qızlar bu səbəbə görə, özlərini “alçaldılmış” bilib, eyibli olduqlarını güman edirlər. Nəticədə evlənməkdən boyun qaçırır və buna görə də cəmiyyət digər fəsadlarla üzləşir. Qur`an “Bəqərə” surəsinin 186-cı ayəsində, ər-arvadı bir-biri üçün “libas” bilir və buyurur: “Onlar sizin, siz də onların libasısınız”.

Burada “libas” kəlməsi onların hər ikisini bir-birinin eybini örtməsinə, abır-həyalarını qorumasına və özlərini iki bədəndə bir ruh kimi hiss etmələrinə çox gözəl bir işarədir. Həzrət Peyğəmbər (s) qadınlara, digər qadınların örtülü və eyib yerləri barəsində ərlərinə danışanlarla oturub-durmağı nəhy edər və buyurardı: “Əgər bir qadın, başqa bir qadının xüsusiyyətlərini (yə`ni örtülü yerləri barəsində) öz ərinə danışsa, onun əri o qadının bədənini görmüş kimi olur”.[203]

İndi isə qadınların hüququna riayət etməyə çox diqqət yetirmək üçün aşağıdakı Qur`ana aid bir əhvalata nəzər salın:

“Həzrət Peyğəmbərin (s) zamanı idi. Ovs ibn Samit evinə gələndə mehriban həyat yoldaşını namazda səcdə halında gördü. İstədi ki, namazdan sonra onunla cinsi əlaqədə olsun. Lakin həyat yoldaşı bu işə meyilsiz olduğunu bildirdi. O narazı oldu və dedi: “Əntə ələyyə kə zəhri ummi”.

O zaman bu sözə “zihar” deyilir, qadını boşamaq və onun kişiyə əbədi haram olması sayılardı. Xovlə hərçənd ki, təqsirkar idi, amma Ovs da tələsik belə qərara gəlməməli və arvadının şəxsiyyətini sındırmamalıydı. Hər halda o çox peşiman oldu və çarə yolu fikirləşməyə başladı. Xovlə də çox narahat olaraq özünü Peyğəmbərin (s) yanına çatdırdı. Əhvalatı ərz etdi və bildirdi: “Ovs mənim əmim oğludur. Ondan bir neçə övlad sahibiyəm. Onu çox sevirəm. Görəsən bir çarə yolu var?”

Peyğəmbər (s) buyurdu: “Hələlik bu barədə Allah tərəfindən bir əmr yoxdur. Əgər bir əmr olsa sizə bildirərəm”.

Qadın ağlaya-ağlaya evə qayıtdı. O hər gün Mütəal Allah tərəfindən bu barədə bir əmrin gəlməsi ümidi ilə Peyğəmbərə (s) müraciət edirdi. Mehriban Allah “Mücadilə” surəsinin ilk ayələrini əziz Peyğəmbərinə (s) nazil etdi. Ayələrin mə`nası belədir: “Ya Peyğəmbər! Sənə şikayət edən və səninlə danışan qadını eşitdim. Allah eşidən və görəndir. Əmr belədir: Qadınları ilə zihar edib, sonra sözlərindən peşiman olub dönənlər bir kölə azad etdikdən sonra qadınları onlara halal olur. Kim (azad etməyə bir kölə) tapmasa, iki ay ardıcıl oruc tutsun. Əgər buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır”.

Həzrət Peyğəmbər (s) Allahın əmrini Ovsa xəbər verdi. Ovs dedi: “Oruc tutmağa və kölə azad etməyə gücüm çatmır. Siz kömək etməsəniz, altmış fəqiri də doydura bilmərəm”.

Peyğəmbər (s) ona lızmı miqdarda buğda, ya arpa yeməyi verərək dua etdi. O da həmçinin Allahın əmrini icra etdi. Həzrət Peyğəmbər (s) bu ər-arvadın yenidən bir-biri ilə qalan həyatlarını davam etdirəcəyini bildirdi. Onlar  təzədən ailə qurub, yeni həyata başladılar. Bu, gücsüz qadının müdafiəsi idi ki, onun barəsində Qur`an ayələri nazil oldu. Peyğəmbər (s) şəxsən özü ailə mühitinin islahı və qorunması üçün tam ciddiyyətlə çalışdı.

Bu macəradan belə nəticə alınır ki, qadınlar da gərək öz ərlərinin iffətinin qorumağa çalışsınlar və özləri üçün çətinliklər yaratmasınlar. Gördüyümüz kimi, adı çəkilən qadın ərinə lazım olan şəraiti yaratmamaqla, onun həyat yoldaşı olan kişi isə tələsik qərara gəlməklə özlərini necə də çətinliyə saldılar.

Həzrət Peyğəmbər (s) buyurub: “Hər kəs Allaha xatir özünün bədxasiyyət qadınıyla səbirli və mehriban olsa, Allah ona dərgahında şükr edənlərin mükafatını verər”.[204]

4-Şəhidin hər iki tərəfli qohumlarının, onun uşaqlarına diqqət yetirmələri

Əlbəttə şəhidə ehtiram hamı üçün vacibdir. Çünki o, ən yaxşı sərmayəsini, yə`ni öz canını İslam, cəmiyyət və ölkəsi yolunda fəda etmiş, bununla düşmənin qarşısını almağa səbəb olmuşdur. Əgər şəhidlər olmasaydı, hamıya ziyan dəyərdi. Bu arada xüsusilə şəhidlərin yaxın qohumları çox diqqətli olmalıdırlar. Məxsusən şəhidin qadınına, uşaqlarına, ata və anasına nəhayət dərəcədə ehtiram olunmalıdır. Təəssüflər olsun ki, bəzən şəhidin ata-anasıyla həyat yoldaşı arasında xırda bir səbəbə görə dava-dalaş  düşür. Əgər hər iki tərəf İslam cəmiyyətinin qayda-qanunlarına bağlı olsalar və ona əməl etsələr, heç bir kin-küdurət və düşmənçilik ortaya çıxmaz. Həzrət Peyğəmbər (s) öz göstərişlərinin birində buyurur: “İnsan şəhid olanda haqq münadisi nida edər:

Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir qəlbdən ötüb keçməyən ne`mətlər sənə müjdə olsun!”

Həzrət (s) sonra davam edir: “Allah-təala buyurur:

Mən şəhid yadigarlarının himayəçisiyəm. Hər kəs onları sevindirsə, məni sevindirər və hər kəs onları qəzəbləndirsə, məni qəzəbləndirirər”.[205]

Şəhidin məqamını və onun yadigarlarının ehtiramını yada salaq. Görəsən xırda bir səbəb üstündə, onun pak ruhunu narahat etməyə və ona hər iki tərəfdən yaxın olan adamları qəmgin etməyə dəyərmi? Yadda saxlamaq lazımdır ki, bizim hər sahədə qayda-qanunlarımız vardır. Nə üçün qayda-qanunlara diqqət olunmasın və nəticədə Allah eləməmiş İslam və şəhidlərin yolunun əksinə olaraq, acı və xoşagəlməz hadisələr baş versin. Ümidvarıq ki, şəhidlərin qohumları öz dəyərlərini başa düşüb lazımsız işlərlə öz böyük hörmətlərini hədər verməyəcək və şəhidlərin pak ruhunu incitməyəcəklər. Unutmamalıyıq ki, şəhidlərin uşaqları, onların bədənlərinin yarısıdırlar. Onlar şəhid övladı olmaqlarıyla fəxr edirlər. Gərək onların həyatları bə`zi inadkarlıqların əlində oyuncağa çevrilməsin. Bu məsələlərin həllinin açarı şəhidin ata-anasının və həyat yoldaşının əlindədir. Yaranmış çətinliklərin həllinə məntiqlə, mehribançılıq və məhəbbətlə yanaşmaq lazımdır. Başqaları da çətinliyin həllində yardımçı olmalıdırlar. Əgər bacarmırlarsa, müdaxilə etməməlidirlər.

5-Ali ruhiyyə, dözümlülük və nigaran olmamaq

Təbiidir ki, əgər böyük dövlətlərin müdaxiləsi olsa, uzun sürən müharibələrdə çoxlu ziyanlar, didərginlər olacaq, bir çox evlər viran qalacaq, şəhidlər, yaralılar, əlillər və sair yaranacaq. Bu çətinlikləri aradan qaldırmaq üçün bütün qüvvələrin səfərbər olunmasından və zərər çəkmişlərə nicat verməyə tələsməkdən əlavə, güclü ruhiyyə, səbir, inqilabçı dözümü, nigaranlıqdan uzaqlıq kimi insanı təhlükələrdən saxlamaq üçün gərəkli olan köməklər lazımdır. Bu ruhiyyə təvəkkül, ixlas, iman və Haqqın insan üçün tə`yin etdiyi taleyin müqabilində təslim olmaq sayəsində əldə edilir. Qur`an ayələri, hədislər, İmam Əlinin (ə) Nəhcül-bəlağədəki kəlamları və mə`sum imamların (ə) sözləri insana bu cür hadisələrdə yaxşı köməkçi və munisdir.

Həm Peyğəmbər (s) və həm də İmam Sadiq (ə) buyurublar: “Hər bir imanlı insan bəlaya düçar olanda, onun qarşısında səbirli və dözümlü olsa, Allah ona min şəhidin savabını (mükafatını) verər”.[206]

İmam Sadiq (ə) deyib: “Şükür etmək kimi heç bir şey ne`məti artırmaz və səbir kimi heç bir şey bəlanı azaltmaz”.[207]

Cabir İmam Sadiqdən (ə) soruşdu: “Səbire cəmil” nədir?

İmam (ə) buyurdu: “Şikayət olunmayan səbir (yə`ni dözəndə, səbir edəndə daha şikayət etməyəsən)”.[208]

İmam Sadiq (ə) buyurub: “Nə çox olur ki, bir saat səbir uzun müddətli xoşbəxtliyə və nə çox da olur ki, bir saatlıq ləzzət uzun müddətli qəm-qüssəyə səbəb olur”.[209]

Həzrət Rəsulullah (s) buyurur: “Səbir üç hissədən ibarətdir:

1. Günah qarşısında səbir.

2. İtaət yolundakı səbir.

3. Giriftarçılığın və acı hadisələrin qarşısında səbir.

Hər kəs günah qarşısında səbir etsə, səbirin sayəsində günah ondan uzaqlaşana qədər Allah onun üçün yüz dərəcə yazar və hər dərəcənin digər dərəcə ilə fasiləsi yerlə göy arası qədər olar. Hər kəs Allaha itaət etmək yolunda səbir etsə və dözsə, Allah onun üçün altı yüz dərəcə yazar və hər dərəcənin digər dərəcə ilə məsafəsi yerin dibindən ərşə qədər olar. Hər kəs giriftarçılığın və acı hadisələrin müqabilində səbir etsə, Allah onun üçün doqquz yüz dərəcə yazar və hər dərəcənin digər dərəcə ilə fasiləsi, yerin axırıncı nöqtəsindən ərşin axırıncı nöqtəsinə qədər olar”.[210]

Şübhəsiz, əgər müsəlmanlar bu haqq sözlərin sayəsində tərbiyə olunsalar, güclü və sarsılmaz ruhiyyə ilə özlərini hər cür hadisələrə öyrədər və inkişaf edə bilərlər.

SƏBİR QƏHRƏMANI İKİ QADINDAN BİR DƏRS

1- İmam Sadiq (ə) buyurdu: “Allah-təala Davud Peyğəmbərə (ə) vəhy etdi ki, get Ovsun qızı Xəlavəyə behişt müjdəsi ver. Ona behiştdə səninlə bir yerdə olacağını çatdır”.

Həzrət Davud (ə) o qadının evinə gedərək qapısını döydü. Qadın çölə çıxanda Davudu (ə) görüb dedi: “Mənim haqqımda vəhy nazil olubmu ki, qapıma gəlmisən?”

Davud (ə) buyurdu: “Bəli”.

Qadın dedi: “O nə barədədir?”

Davud (ə) buyurdu: “O İlahi vəhy sənin fəzilətin barəsindədir”.

Qadın dedi: “O mən deyiləm. Bəlkə adı mənim adıma oxşar qadın olsun. Mən buna layiq deyiləm”.

Davud (ə) buyurdu: “O qadın sənsən”.

O dedi: “And olsun Allaha! Özümdə məni buna müvəffəq edən bir əməl görmürəm”.

Həzrət Davud (ə) ona buyurdu: “Öz həyatından mənə bir az danış”.

O qadın dedi: “Mənə hər bir dərd, bəla və ziyan dəyəndə səbir etdim və indi də səbir edirəm. Hətta Allahdan istəmədim ki, onu məndən uzaqlaşdırsın. Əgər özü məsləhət bilsə, onu uzaqlaşdırar. Səbir etməyim üçün savab istəmədim və həmişə Allaha şükr etdim”.

Davud (ə) ona buyurdu: “Elə buna görə həmin məqama çatmısan (ki, mənimlə behiştdə bir yerdə olacaqsan)”.

İmam Sadiq (ə) bu əhvalatların nəqlindən sonra buyurdu: “Bu bir dindir ki, Allah onu saleh bəndələri üçün istəmişdir”.[211]

 

2- “Ümmü Əqil” adlı qadın səhrada yaşayırdı. Bir gün onun yanına iki qonaq gəldi. Bu zaman qadının oğlu Əqil mənzildən çöldə, dəvələrin yanında idi. Birdən qadına xəbər verdilər ki, dəvələr hürkəndə oğlun aralıqda qalaraq ölüb. Ümmü Əqil ona xəbər gətirəndən qonaqları qəbul etmək üçün kömək istədi və ona bir qoyun verdi. O da qoyunu kəsib ətini ayırdı. Ümmü Əqil bu ətdən qonaqlar üçün ləziz yemək bişirib onların qabağına qoydu. Qonaqlar yemək yeyəndə əhvalatdan xəbərdar oldular. Onlar Ümmü Əqilin səbirinə, dözümünə və ruhiyyəsinə təəccüb etdilər ki, o, bu müddətdə oğlunun ölməsini bildirməyib. Qonaqlar gedəndən sonra Ümmü Əqil müsəlmanlardan bir dəstəsinin yanına gələrək dedi: “Sizin aranızda Qur`andan agahlığı olan bir şəxs varmı mənə Qur`an ayəsi ilə təsəlli versin?”

Bir şəxs bəli deyərək bu ayələri oxudu: “Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman “Biz Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq”-deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır”.[212]

Ümmü Əqil onlarla vidalaşıb getdi və dəstəmaz alıb namaz qılmağa başladı. Sonra əlini dua etmək üçün qaldırdı və ərz etdi: “Ya Rəbbim! Səbir barəsində verdiyin fərmana əməl etdim. İndi isə verdiyin və`dəni (mükafatı) mənə çatdır”.

“Əgər oğlum olsaydı, filan ehtiyacımı yerinə yetirərdi” sözləri zehnindən keçəndə, deyirdi: “Allah ümməti üçün Məhəmmədi (s) əbədi (yadigar) etmişdir. (Məhəmməd (s) varımızdırsa, nə qəm varımızdır)”.[213]

Sə`di deyib:

Qəmi varmı arxası möhkəm olanın,

Nuhun qorxusu yox düşsə tufana.

6-Çətinliklərlə mübarizə aparmaq üçün qəti qərar

Qadınla kişinin güclü iradəsinin olması demək olar ki, işləri 95% asanlaşdırır. Bu barədə müəllifin kifayət qədər təcrübəsi vardır. Qadınlar həmişə ağır və acı hadisələrlə qarşılaşırlar. Bə`zən də kişi (yə`ni əri) müxtəlif bəlalara düçar olur. Əgər qadın hər cür hadisələrlə mübarizə aparmaq üçün ciddiyyətlə qəti qərara gəlsə, ərini özündən yaxşıca razı salar və onun üçün elə möhkəm arxa olar ki, bunun dəyərini Allahdan başqa heç kəs bilməz. Bu barədə aşağıdakı mətləblərə diqqət yetirin:

a) İmam Əli (ə) öz şe`rlərindən birində buyurur:

İnsan iki halda olur. Çətinlik asanlıq halında, ya da ne`mət bəla halında”.

Qəhrəman oğlan o kəsdir ki, əgər ruzigar ondan üz çevirsə, acı hadisələr onu üzməsin”.

Əgər çətinliklər mənə üz versə, mən onun müqabilində möhkəm dağ kimi dayanaram dözərəm”.

Bu bəlaların xoşagəlməzliklərin müvəqqəti olduğunu bildiyim üçün onların müqabilində səbir edərəm”.

Öndə ya ne`mət var, ya da ki bəla.

O kəs zirəkdir ki, sınmamış qala.

Çətinliklər başa ələnən zaman,

Ötəridir bilib, bərk dayanıram.

b) Deyirlər tanınmış şahlardan biri, Kəsra (Ənuşirəvan), öz zəmanəsinin həkim və alimi Büzürgmehrə qəzəbləndi. Əmr verdi, onu zindana atdılar. Zəncir və kündə ilə şairə işgəncə verirdilər. Bir müddətdən sonra, bir neçə nəfəri məxfi şəkildə Büzürgmehrin yanına göndərdi. Gizlin mə`murlar gördülər ki, o oturub və üzündə heç qəm-qüssə əlaməti yoxdur. Ondan soruşdular: “Necə olur ki, bu çətin və ağır vəziyyətində səni şad görürük?”

O cavabında dedi: “Mən bir neçə dərmanı bir-birinə qarışdırıb ondan mə`cun (yə`ni bir neçə tərkibdən qarışıq şəkildə düzəlmiş dərman) hazırlayıb içirəm. Buna görə də şadam”.

Dedilər: “O mə`cun dərmanı nədir?”

Dedi: “Bu mə`cun dərman altı şeydən təşkil olunubdur”.

Allaha arxayın olmaq.

İnsan üçün Allah nə tə`yin etmişsə, o da olacaq.

İmtahanlarda səbir və dözümlü olmaq daha yaxşıdır.

Əgər səbir etməsəm, dözümsüzlüklə dərdi və əzab-əziyyəti qova bilmərəm.

Vəziyyətləri məndən də pis olanlar vardır.

Bu saatdan sonrakı saata qədər (bu sütundan digər sütuna kimi) fərəc (yə`ni çətinliklərin həlli) ehtimalı vardır”.

Mə`murlar şahın yanına qayıtdılar. Əhvalatı şaha danışdılar. Şah əmr etdi, Büzürgmehri azad etdilər.[214]

Belə bir vəziyyəti və ruhiyyəni ələ gətirmək üçün insan gərək təvəkkülünü (ümidini), imanını, hazırlığını, yaxşı və müsbət işlərlə məşğul olmağı artırsın və soyuqqanlı deyil, istiqanlı olsun. Mə`lum olduğu kimi hərarət (istilik) soyuqluqdan (əhəmiyyət verməməkdən və pis rəftardan) daha yaxşıdır. Çünki hərarət, (yə`ni dirilik) canlının təbiətidir və həmçinin soyuqluq da ölülük təbiətidir. Həzrət Peyğəmbər (s) buyurub: “İstiqanlı adamlara uzun ömürlük müjdəsini ver”.

Həmçinin buyurub: “Hər bir dərdin kökü, soyuqqanlılıqdır”.[215]

7-Ərinə kömək etmək

Çox zaman qadınlar ərləri tərəfindən əziyyət və çətinliklərə məruz qalırlar. Məsələn, ər xəstələnir, ya müflis olur, ya ailəsinin dolanışığını tə`min etmək üçün yaxşı işi olmur, ya şəhid olur, ya canına və malına ziyan dəyir və yaxud ümumiyyətlə, qadın ər tərəfindən narahatlıq içində yaşayır. Bu narahatçılıqların çoxu qəsdən olmur. Ancaq təəssüflər olsun ki, əksər hallarda qadın hövsələsizlikdən rəftar tərzini dəyişir və mehribançılığı itirir. Aydındır ki, belə olan halda onun özü, həyat yoldaşı və övladları üçün pis nəticələr baş verir. Qadın əgər bu laqeyidlik yerinə, cəhd göstərsə və ərinə kömək etsə, həm ərinin işini asanlaşdırar, həm özünə və uşaqlarına kömək etmiş olar və həm də Mütəal Allah dərgahında üzüağ olar. Bu, həm də ailənin çətinliklərinin həllində təsirli ola bilər. Həzrət Peyğəmbərin (s) dövründə, O Həzrətin (s) Əbdullah ibn Məs`ud adlı yaxın sirdaşlarından birinin qadınının adı “Zeynəb Səqəfiyyə” idi və ondan bir neçə övladı olmuşdu. Onların güzəranı yaxşı deyildi. Zeynəb özü qərara gəldi ki, ərinə kömək etsin. Eyni halda vəzifələrini və dini ibadətlərini yaxşıca yerinə yetirməkdən başqa, o, sənətlə də məşğul olmaqla bir miqdar pul qazanardı. Bununla da ailə güzəranını tə`min etməkdən əlavə, yoxsullara da kömək edərdi. Bir gün ərinə dedi: “Görəsən Mütəal Allah yanında mükafatım vardır?”

Əbdullah dedi: “Get, Peyğəmbərdən (s) soruş!”

O, Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Təsadüfən gördü ki, digər bir qadın da həmin sual üçün gəlib. Onlar Bilal Həbəşini həmin sualı Peyğəmbərdən (s) soruşmaq üçün vasitə qərar verdilər. Bilal Həzrət Rəsulullahın (s) hüzuruna gedib qayıtdı və dedi: “Rəsulullah (s) buyurur ki, sizin iki mükafatınız vardır:

Allah yolunda infaq (sədəqə vermək) mükafatı.

Öz yaxınlarına (ərinə və uşaqlarına) kömək etmək mükafatı. Bunun özü də sileyi-rəhm sayılır”.[216]

8-Agahlıq və təxəssüs

Dolaşıq məsələ kimi bə`zi işlər qadınlara ailədə əziyyət verir. Qadın həyatın çətinliklərini kitab oxumaqla və bacarıqlı adamlarla məsləhətləşməklə həll etməli və onun açarlarını tapmalıdır. O, bu açarlarla həyatın hər cür bağlı kilidlərini, dolaşıq düyünləri iti və güclü pəncəsiylə açar. İnsan bu qeyd olunanları gecikdirməsin ki, yoxsa şairin aşağıdakı şe`rindəki kimi təəssüflənər.

Əfsus arzularım hələ ki xamdır,

Arzular bişincə ömür tamamdır.

O, maraqlanıb doğru və düzgün yolu öyrənməlidir. Həzrət Peyğəmbər (s) buyurub: “Hər bir şeyin sütunu vardır. İslam dininin sütunu, agahlıq və mütəxəssis olmaqdır”.[217]

Həzrət Əmirəlmö`minin Əli (ə) buyurub: “Düşüncəsiz və şüursuz ibadət edən adam, öz ətrafında fırlanan dəyirman ulağına bənzəyir və o heç bir şey anlamır”.[218]

9-Öhdəyə almaq və məs`uliyyət hissi

Bütün qələbələrin əsası və çətinliklərdən ibarət olan qayaları aşıb keçməyin əsas vasitəsi Mütəal Allahın dərgahında məs`uliyyət hissidir. Əgər insan işlərini Allaha xatir yerinə yetirsə və başa düşsə ki, onun ən xırda pis, ya yaxşı işi Allah dərgahında qalır və qiyamət günü ona görə cavab verməlidir, o zaman bütün çətin işləri Allaha xatir, asanlıqla yerinə yetirər. İmamlar (ə) və alimlər çox ağır çətinliklə qarşılaşanda buyurardılar: “Çətinlikləri asanlaşdıran şey, o işin böyük Allaha xatir olmasıdır”.

Belə olan halda, biz də başqalarının oduna yandıq və sair kimi sözlər deyilməz və hamı Allahın razılığına xatir iş görər.

DOĞRU YOLDAN AZMAĞIN KÖKLƏRİ

Bə`zi əxlaq alimlərinin dediyinə görə, doğru yoldan azmağın səbəbi üç şeydədir:

1. Şəhvət qüvvəsi;

2. Qəzəb qüvvəsi;

3. Xəyal və vəhm qüvvəsi.

Əgər birincinin qarşısı alınmasa ismətsizliyə, abırsızlığa və pozğunluğa səbəb olacaq. Əgər ikincinin qarşısı alınmasa yersiz əsəbləşməyə, dava-dalaşlara və fitnələrə səbəb olacaq. Üçüncüsünün qarşısı alınmasa, təkəbbürə, zülmə və haqsızlığa səbəb olacaq. İstər kişi, istər qadın olsun, insan gərək məs`uliyyət hissiylə, təqva və öhdəsinə almaqla bu qüvvələri nəzarətə götürüb onlardan islah və təkamül üçün bir vasitə kimi istifadə etsin.

BİZİM PUSQUMUZDA DAYANMIŞ SƏKKİZ GÖZƏTÇİ



Geri   İrəli
Go to TOP