A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Fatimə Fatimədir
Müəllif: Doktor Əli Şəriəti
Naşir: Darul-bəşir
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Sə`d ibn Vəqqas mühasirə dövrünü dərin həyəcanla, ən çətin günlər kimi yad edir. Həmin bu dövrdə çətinliyin ən ağır yükü yenə də Peyğəmbər ailəsinin çiynindədir. Çünki onlar bütün çiyin yoldaşlarının məs`uliyyətini daşıyırlar. Mühasirənin aclığını, sıxıntısını, təhqirlərini yaşayan Fatimə (ə) öz kiçik əlləri ilə ata-anasına nəvaziş göstərir, özündən böyük bacılarına toxtaqlıq verir.

Hicrət dövründə isə ən böyük əzablar Fatimənin (ə) intizarındadır. Ailə qurarkən Əlini (ə) seçən Fatimə (ə) bu işdə də öz ictimai məs`uliyyətini unutmur. O, yalnız öz xanımı üçün çalışan ər deyil. Əli (ə) şəmşir və eşq kişisidir, əlində başqa bir şey yoxdur. O, sanki bütün bəşəriyyətin əzab yükünü daşıyan qəhrəmandır.

Fatimə (ə) öz seçimində agahdır. O, bu seçimin məs`uliyyətini ölənədək unutmur. O, elə bir ailə qurur ki, bütün bəşər tarixində bu ailənin oxşarı yoxdur. Bu ailənin hər bir üzvü nümunədir. Əlbəttə ki, idealların bir ailədə toplanması olduqca maraqlı bir faktdır.

Ailədaxili münaqişələrdə Peyğəmbərin (s) arvadı, Əbu Bəkrin qızı Aişənin xüsusi rolu olmuşdur. Bu qadını qıcıqlandıran nədir? O, Peyğəmbəri (s) özünə məxsus etmək istədiyi halda, Peyğəmbər (s) Fatimənin (ə) vurğunudur. Bu ilahi sevgi Aişəni üzür, onda həsəd yaradır. Amma bununla belə, Aişə deyir: “Peyğəmbər istisna olmaqla, Fatimədən üstün bir şəxs görmədim.” Təəccüblüdür, eləmi? Onu bu e`tirafa sövq edən nədir? Əlbəttə ki, Fatimənin (ə) inkaredilməz əzəməti!

Bu gün hər bir ziyalı qadın müəyyən mütaliədən sonra uyğun simaları tanıya bilər. Adət-ən`ənələrin yaratdığı müsəlman qadını yox, əsl nümunələri qərbin modern qadını ilə müqayisə etmək lazımdır. Sadəcə, həqiqi İslamı bilən və onu olduğu kimi təsvir edən yazıçıların, alimlərin əsərlərinə müraciət etmək lazımdır. Məsələn, Siffeyn savaşındakı müsəlman qadını tanıyan şəxs həqiqi müsəlmanı, köhnəpərəst müsəlmandan fərqləndirə bilər. Həmin döyüşdə müsəlmanları Əlinin (ə) bayrağı altında döyüşə ruhlandıran kimlər idi? Tərəddüdsüz deyə bilərik ki, həmin döyüşdə cihad əhval-ruhiyyəsinin müəllifi natiq müsəlman qadınlar olub.

Siffeyn döyüşü bitir, Əli (ə) dünyasını dəyişir. Biz həmin qadınları unutsaq da, Müaviyə unutmur. Onlardan birinin həbsi haqqında göstəriş verir. Qadını həbs edib, Dəməşqə gətirirlər. Bu həmin qadın idi ki, Əli (ə) şiələrini ruhlandırıb, Müaviyəyə qarşı nitqlər söyləmişdi. Müaviyə qadına deyir: «Sənin keçmişdə çox günahın olub. Bilirsənmi, Siffeyndə Əlinin qılıncı ilə əsgərlərimizin ölümündə sənin də əlin var?!» Müaviyə kimi amansız bir hakimin hüzurunda məhbus vəziyyətində dayanmış həqiqi müsəlman qadının cavabına baxın: “Sən mənə xoş xəbər verdin, Allah da sənə xoş xəbər yetirsin”. Budur müsəlman qadın!

Peyğəmbər əshabı haqqında yazılmış kitablardan yalnız biri müsəlman qadınlara həsr olunmuşdur. Tarix boyu nə vaxt həqiqi İslam hakimiyyəti mövcud olmuşsa, bu cəmiyyətdə müsəlman qadınlar müxtəlif sahələrdə aparıcı rol oynamışlar. Həqiqi İslam aradan götürülən kimi, müsəlman qadın da pərdə arxasında qalmışdır.

Qadın azadlığından danışırlar. Məgər kişiyə nə hüquq verilib ki, qadına nə hüquq verilsin?! Əgər qadın üçün hicab, islami geyim əsarət sayırlarsa, kişinin də öz hicabı var!

Modernistlər müsəlmanlara təlqin etmək istəyirlər ki, hicab yalnız çadradır. Bəs əslində necədir? Mütəhhəri cənablarının bu sahədə gözəl araşdırmaları var. Çadra, çarşab yalnız müəyyən bir dövrə aid olan hicabdır. Zaman keçdikcə hicab da müasirləşir. Qadın azaddır və İslamın əsas göstərişlərindən olan hicab bu azadlığı məhdudlaşdırmır. Müasir hicablı qadın yarımçılpaq qadınlarla müqayisədə gözəl, cazibədar, ən əsası isə iffətlidir. 

Düşmən hicab adı altında əslində, çadraya hücum edir. Mühafizəkar dindar isə hicabı müdafiə etdiyini güman edərək, əslində, çadranı müdafiə edir. Hətta bə`zi köhnəpərəst dindarlar şortla gəzən qadınla müasir qaydada hicaba riayət edən qadına fərq qoymurlar. Onlar tamamilə yanlış olaraq, yalnız çadranı hicab hesab edirlər.

Çadranın simasında hicaba qarşı çıxan ziyalı isə hələ Zeynəbdən (ə) xəbərsizdir. Zeynəb (ə) Kərbəla inqilabının başlandığını gördüyü vaxt meydana atılır. Onu bu hərəkətə vadar edən qardaşı Hüseynə (ə) tərəfdarlıq hissi yox, Allah qarşısındakı məs`uliyyət hissidir. O, öz ailə həyatını buraxıb, bəşəri dəyərlər uğrunda mübarizə aparmağı öz insanlıq vəzifəsi bilir. O, şəhadət məqamınadək Hüseynlədir. Hüseynin (ə) şəhadətindən sonra Zeynəb (ə) cihad bayrağını ələ alır. Hüseynin (ə) öz qanı ilə yazdığı həqiqətləri Zeynəb (ə) oxumaqla davam edir. Zeynəb (ə) istər əsirlikdə, istər sürgündə olduğu vaxtlar bir an belə olsun susmur. Onun dünyaya yayılmış ədalət və azadlıq harayı hətta qeyri-şiələrdə, qeyri-müsəlmanlarda Əhli-beyt məktəbinə sevgi oyadır. Xilafət səltənəti dağıldıqdan sonra əsrlər ötüb. Amma ideal mübariz qadın obrazı Zeynəbi (ə) tanıyanların qəlbində bu gün də yaşamaqdadır. Bu qadın gününün, əsrinin yox, günümüzün və əsrimizin idealıdır.

Deyilənlər adət-ən`ənə çərçivəsinə sığmayan ilahi, əbədi dəyərlərdir. Nə qədər bəşəriyyət var, bu ideallar da yaşayasıdır. Bəşəriyyət, qızcığaz ikən azadlıq mübarizəsinə qalxmış Fatiməni (ə) tanımalıdır. Üç illik mühasirədə öz səbri, Peyğəmbər (s) tənha olduğu vaxt “ataya analığı”, Mədinədə böyük mücahid Əliyə (ə) xanımlığı ilə ideala çevrilmiş Fatimənin (ə) həyatı işıqlandırılmalıdır. Fatimə (ə) Həsən, Hüseyn, Zeynəb (ə) kimi övladlar tərbiyə etmiş anadır. İstər Həsən (ə), istər Hüseyn (ə), istər Zeynəb (ə) - hər biri nümunədir. Zeynəbin (ə) formalaşmasında Fatimənin (ə) xüsusi rolu var. Hüseyn (ə) Peyğəmbər məscidində, səhabələr arasında böyümüşdü. Zeynəb (ə) isə Fatimə (ə) işığında ərsəyə çatmışdı. Kərbəla hadisələrində Zeynəbi (ə) dəqiq izləyə bilənlər Fatimə (ə) ruhu ilə qarşılaşırlar. Necə olur ki, bir ailə bütün cəhətlərdən, bütün dövrlər üçün nümunəyə çevrilir? Əslində, hər şey məntiqə uyğundur.

Fatimə (ə) Peyğəmbərin (s), Əlinin (ə) ən əzəmətli vaxtlarında fəqirlik girdabındadır. Peyğəmbərdən (s) sonrakı müstəsna sıxıntı, çətinlik də onun mübariz xarakterini sındıra bilmir. Bütün mücahid İslam şirlərinin susduğu bir zamanda da Fatimə (ə) ədalətsizlik qarşısında susmur. Gecələr səhabələrin evlərini gəzir, ən mühüm adamlarla qarşı-qarşıya durub həqiqəti bəyan edir.

Fatimə (ə) dünyasını dəyişir və bəşər tarixində yeni bir ömür qazanır. Fatimə (ə) həqiqətsevərlik, ədalət, fədakarlıq rəmzi olaraq qalır.

O, bu günkü müsəlman qadına necə ana olmağı, Hüseyn və Zeynəb kimi övladları necə tərbiyə etməyi öyrədir. O, sədaqətli həyat yoldaşı, ictimai xadim kimi aktual qadın nümunəsidir.

Fatimə (ə) ölümü ilə də dərs verir. “Əli, məni gizli dəfn et, qoy ətrafımda dövrə vurub əzadarlıq etməklə, öz hakimiyyətlərinə dini don geyindirməsinlər...”. Hətta ölümü vasitəsi ilə də mübarizə aparan qadın!

Qadın seminarı

Birinci çıxış

Mən belə bir nəticəyə gəlmişəm ki, müasir İslam cəmiyyətində ailə bir tərəfdən qərbə, digər tərəfdən cahiliyyətə meyillənmişdir. Yə`ni biz ictimai fərd olaraq qərbə tərəf gedir, eyni zamanda cahiliyyəti yaşadırıq. Cənab Bəlağinin buyurduğu kimi, harada cahiliyyət varsa, bizi cəzb edir. Qısası, İslamdan uzaq düşmüş şəxs cahiliyyətə, çərçivəsiz azadlığa meyilli olur. Belə bir ictimai tip cahil ən`ənələr buxovunda qərbə üz tutur. Məsələn, özünü Avropa mədəniyyətinin daşıyıcısı hesab edən bizim qadın, quldarlıq dövründən qalmış “başlıq”dan imtina etmir.

Qeyd edildi ki, başlığa münasibət qadının təhsil səviyyəsindən asılıdır. Bəli, elm və cahiliyyət zidd məfhumlardır. Bəs necə olur ki, təhsil səviyyəsi praktiki olaraq başlığa münasibəti dəyişmir? Əksinə, təhsil artdıqca başlıq da artır!

Bizim tə`lim-tərbiyəmiz qədim dövrdə islami bünövrə üzərində qurulub. Bu gün də kifayət qədər dini tə`lim-tərbiyə mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə təhsil azaddır. Yə`ni, hətta ucqar bir kənddə əkinçiliyi bacarmayan, əli hər yerdən üzülmüş şəxs, heç bir çətinlik çəkmədən, bu mərkəzlərə daxil ola bilər. Təhsil alanların isə minimum ehtiyacları ödənilir. Bu məsələ təbəqələşməyə gətirib çıxarır. Böyük İslam alimlərinin əksəriyyəti, demək olar ki, 90 % -i cəmiyyətin məhrum təbəqəsinin nümayəndələridir.

Amma müasir universitet təhsili almaq üçün kifayət qədər xərc lazımdır və kasıb təbəqə bu xərcin öhdəsindən gələ bilmir. Cəmiyyətdəki təbəqələşmə elmə də sirayət edir. İran və Avropada doktorluq dərəcəsi almış əksər alim varlı təbəqədən çıxmış adamlardır. Başqa sözlə, müasir elm sahələrini burjuaziyanın nümayəndələri təmsil edir. Çox üzr istəyirəm, demək, başlıq elmi səviyyə artdıqca artmır. Başlığı artıran, təhsil dərəcəsinin sosial təbəqə dərəcəsindən asılılığıdır.

İkinci çıxış

Əsas məsələlərdən biri ailədir

Əvvəla, ərin öz xanımı qarşısında hansı öhdəlikləri var?

1.Ailənin bütün ehtiyaclarını ödəyəcək büdcənin tə`mini.

Yə`ni ailənin dolanışıq xərcləri kişinin öhdəsinədir. Kişi qadının bütün şər`i və qanuni ehtiyaclarını ödəməlidir. Bu ehtiyaclar sırasında qadının geyimi, yeməyi, məskəni də nəzərdə tutulur. Bu məsələlər nə qədər sadə əxlaqi və insani məsələlər olsa da, ailə səadəti üçün tə`yinedicidir. Bir yazıçı deyir: “Səadət bir neçə sadə kəlmə üzərində qurulmuşdur”. Unutmamalıyıq ki, klassik ən`ənələrdəki qadın-kişi münasibətləri, uyğun məsələdə İslamın baxışlarından köklü surətdə fərqlənir.

2.Qadına ehtiram kişinin əsas vəzifələrindəndir.

3.Güzəşt.

Kişi qadının yol verdiyi nöqsanlara səbrlə yanaşmalı, yaxşı xüsusiyyətlərinə rəğmən, onu bağışlamağı bacarmalıdır.

4.Kişi yalnız evdən çıxarkən bəzənməməlidir. O, ailədə həyat yoldaşı üçün öz təmizliyinə, səliqəsinə diqqət yetirməlidir.

5.Qadının cinsi ehtiyaclarını ödəmək kişinin vəzifəsidir. Hətta ibadətlər zamanı ifrata varıb, qadına diqqətsizlik göstərmək olmaz.

6.Həyat yoldaşında başqalarının gördüyü sirr və eybi ondan gizlətmək.

7.Qohumlarla görüş üçün qadına icazə verib, onu azad buraxmaq. Qadın qohumlarına kömək etmək istədiyi zaman ona imkan vermək. Qadını ailə çərçivəsində məhdudlaşdırmamaq.

8.Qadının dərdinə şərik olmaq.

9.Qadının fərdi mülkiyyət hüququna ehtiram göstərmək. Yalnız İslam dinində qadının bu hüququ qorunur. Bütün ehtiyacları ər tərəfindən ödənən qadın öz mülkünün sahibidir və bu mülkün istifadəsində azaddır.

 

Qadının da öz əri qarşısında vəzifələri mövcuddur:

1.Ailənin əsas əziyyətini çəkən, ailənin dayağı olan ər qarşısında təmkin, dözüm.

2.Evdə hər hansı yad adamı qəbul edərkən ərdən icazə almaq.

3.Ərlə xoş davranış.

4.Kişinin çətinliklərində ona yardımçı olub, kasıblığa dözmək. Əri, ailənin ehtiyaclarını ödəmək üçün qeyri-məqbul yollara vadar etməmək.

Qarşılıqlı hüquqları sadaladıq. İndi mühüm bir nöqtəyə toxunmaq istəyirəm. Qərbdə qadın azadlığı haqqında danışarkən onu ailədən ayırıb, fərd kimi götürürlər. Fərdiyyətçilik ictimai varlıq üçün öldürücüdür. Qərb cəmiyyətində ən dağıdıcı nəticələr fərdi yanaşmadan doğmuşdur. Qərbdə bu gün ailə barədə möhkəm danışmaq qeyri-ciddi görünür. İslam ailəni, qərb isə insanı əsas götürür. Qərb ailə dedikdə bir dam altda yaşayan iki ayrı-ayrı insanı nəzərdə tutursa, İslam ər və arvadı bir tam kimi götürür. Ona görə də İslamda qadın üçün ayrıca hüquq nəzərdə tutulmur, çünki o, ailənin yarısıdır. Ərin arvad, arvadın isə ər qarşısında hüquqları və vəzifələri vardır.

Üçüncü çıxış      

 “Əlcəzair azadlıq təşkilatı” 1954-1961-ci illərdə Fransaya qarşı azadlıq müharibəsi apardığı zamanlarda “Əlcəzair sənədlərdə” adlı 2 cildlik kitab nəşr edir. Bu kitablarda e`lanlar toplanır. Həmin e`lanlardan biri diqqəti cəlb edir: “Çox arvadlılıq!”. Mə`lumdur ki, bu məsələ xüsusi ilə son dövrlərdə ziyalıları və bir çox başqalarını narahat edir. Bu insanlar İslamın ruhunu dərk etmək üçün araşdırma aparmaq gücündə deyillər. Onlar yalnız bə`zi şəhvətpərəst müsəlmanların həyatını əsas götürərək İslama hücum edirlər. Amma həqiqət tam başqadır!

Biz bir çoxarvadlıdan bu işin səbəbini soruşduq. Belə cavab verdi: “İmkan varsa, nə qədər istəsən, arvad ala bilərsən”. Bunu İslam yox, bir düşgün müsəlman deyir. Bəs, İslam öz hökmünü necə əsaslandırır.

“İctimai zərurət” adlı bir gerçəklik var. Bə`zən tarixdə çox ağır dönəmlər olur. Dul qadınlar, yetimlər aclıqdan kütləvi şəkildə qırılır. Kimsə inkar etməz ki, bu çox acı faktdır. Bəs, bu problem necə həll olunmalıdır? Əgər bir dul qadından söhbət getsəydi, çıxış yolu tapılardı. Əgər hər hansı səbəbdən (məsələn, müharibə) cəmiyyətdə qadın-kişi nisbəti pozulmuşdursa, bir kişiyə on qadın düşürsə, çıxış yolu nədir? Bu qadınları aclıq, ölüm, ya da... ya da fahişəlik gözləyir.

İkinci Dünya Müharibəsindən sonrakı Almaniyanı xatırlayaq. Bu müharibədə səkkiz milyon insan qırılmışdır. Ölənlərin əksəriyyəti kişilər idi. Alman qadınları ailə hüququndakı məhdudiyətlərə son qoyulması üçün nümayişlər keçirtdilər. Onlar təkarvadlılığa qarşı çıxadılar.

İslamda müvəqqəti nigah da nəzərdə tutulur. Bu gün olsun ki, qeyri-qanuni şəkildə bir neçə qadınla yaşayan, seksual azadlıq tələb edən ziyalınüma müvəqqəti nigah hökmünü əldə əsas tutaraq, İslamın ünvanına çirkin sözlər danışır. Amma qeyd etdik ki, hər bir İslam hökmünün ruhu var və bu ruhu anlamaq üçün araşdırmalara ehtiyac var.

Xüsusi ilə müasir dövrdə dünyanın əksər nöqtələrində gənclər cinsi böhran problemi ilə üzləşmişlər. Qanunsuz nigahlar baş götürüb gedir. Bu nigahlardan, daha doğrusu, cinsi yaxınlıqlardan atasız uşaqlar doğulur. Müvəqqəti nigah tərəflərin qarşısına vəzifələr qoyur, əxlaqsızlığın qarşısını alır. Zənnimcə uyğun məsələyə  yeni münasibətlə yanaşma zəruridir. İstər çoxarvadlılıq, istər müvəqqəti nigah hökmlərinin fəlsəfəsi aydınlaşdırılmalı, elmi təhlillər aparılmalıdır.

Mən gənc nəslin müəllimiyəm və bu məclisdə gənclər iştirak edirlər. Onların problemi çoxarvadlılıq deyil. Hələ ki, talaq məsələsi də onlar üçün aktual deyil. Mənə müntəzəm olaraq məktublar gəlir. Çoxlarının eşitdiyi bir hekayə var: Subaylıqdan əziyyət çəkən əsəbi bir cavan olur. Bu cavan birinə elçiliyə gedir. Qızın atası “Fikirləşib, cavab verərik” deyir. Oğlan günortadan sonra yeniden elçi daşını döyür. Qızın atası əsəbi halda çıxıb, “Axı, sən səhər çağı gəlmişdin, bizə möhlət ver yaxşı düşünək, götür-qoy edək” deyir. Oğlan axşam vaxtı üçüncü dəfə qız qapısını döyür və qızın atası qapıda görsənən kimi sözə başlayır: “Ağa, bil ki, bu gecə də dərdimə çarə olmadı” deyib, uzaqlaşır.

Gənc nəslin istəyi budur ki, burada danışılan əqli, elmi, dini məsələlər axır ki bir əməli nəticəyə çatsın və böyük bir ictimai problem aradan qalxsın. Əgər məsələlər sözdə qalıb, əməli şəkildə həll olunmayacaqsa, demək, zəhmətlərimiz hədərdir. Gənclik bizdən cavab gözləyir. Onlar dinlərinə sədaqətli, imanlı insanlardır və problemin düzgün həll yolunun intizarındadırlar. Onları nə köhnə izdivac ən`ənələri, nə də modernizmin verdiyi cinsiyyət azadlığı qane etmir. Onlara evlənmə imkanı, həyat yoldaşı seçimi üçün şərait lazımdır. Məmləkətin layiqli gəncləri üçün bu imkanlar çox məhduddur. Biz bu nəsil qarşısında məs`uliyyət daşıyırıq!

Hicab

Bütün ata-anaların müştərək bir xüsusiyyəti vardır. Onlar dini elə təbliğ edirlər ki, sanki şeypuru tərsinə üfürürlər. Onlar gənc nəslə bu sayaq məsləhət verirlər. Sanki həkim dodağı yaralı xəstəyə “Yaralanma!”, “Yaranın filan zərərləri var!” deyir. Bu sözlərin faydası varmı?!

Sözsüz ki, əvvəlcə xəstəliyi yaradan səbəblər müəyyənləşdirilməlidir. Gənc nəslin düçar olduğu mə`nəvi böhranın kökləri tapılmalıdır.

Uşağa deyəndə ki, “Dur, ziyarətə gedək!”, o, dərhal qalxıb yola düzəlir. Hətta ziyarətdən qayıdarkən «bir də nə vaxt gedəcəyik?» soruşur. İlk əvvəllər uşaq namaza, oruca da belə həvəsli olur. Amma vaxt ötdükcə süstləşir, maraqlar dəyişir. Valideyn əvvəlcə mülayim, sonra isə qəzəbli halda onu ibadətlərə məcbur etməyə çalışır. “Sən namaz qılmalısan, hicab geyməlisən!” - deyə güc göstərir. Amma nə qədər ki, uyğun süstlüyün səbəbləri tapılmayıb, danlaqlar faydasızdır.

Mən həmişə gənc nəsillə ünsiyyətdə olmuş bir adam kimi, təcrübəyə əsaslanaraq deyirəm ki, gənci öz dininə biganə hala salan səbəblər tapılmamış, görülən tədbirlər müvəqqəti uğurlarla nəticələnəsidir. İnanın ki, ata-ananın danlaqları qarşısında məcbur qalıb namaza duran gənc Allahla danışmır, ata-anaya nifrin yağdırır!

Bir dəfə Mədinədə bir şəxslə söhbət edirdim. Ərəbistan, İslam dini haqqında danışırdıq. Söhbətimiz o qədər şirin alınmışdı ki, müştərilərə də fikir vermirdi. Zahirən çox mö’min görünürdü. Birdən azan verildi. Dedim ki, dur namaza gedək. Durub mənə qoşuldu. Məscidə çatdıq. Gördüm dəstəmaz almadan namaza durdu... Dəstəmazsız!

Bir neçə il əvvəl yaşadığım küçənin  qonşuluğunda biri vardı. Evdən çox ciddi islami qiyafədə çıxırdı. Mənim pəncərəmdən görünən dalanda ildırım sür`əti ilə paltarını dəyişib, modern bir tipə çevrilir, şəhərə üz tuturdu! Buna deyirlər - “Şəxsiyyətin izdivacı” və ya “İki şəxsiyyətlilik”!

Əgər ata-ana körpəlikdən düzgün tə`lim-tərbiyə yolunu tapa bilməsə, həmin uşaq bir vaxt valideynlərlə üzbəüz dayanıb ağzına gələni deyə bilər, təhqir edər. Belə bir vəziyyətdə ata-ana nə edə bilər? Heç nə! Bacardığını et, polisə get! Bununla məsələ həll olurmu? Bəs, həll yolu nədir?

İslam peyğəmbəri (s) İslamı, dini hökmləri, dini inancları öz 23 illik peyğəmbərliyinin birinci ilində yox, tədricən açıqladı. Əvvəlcə tövhid, Allahın birliyi bəyan olundu. Düz üç il “La lahə illəllah” (“Allahdan başqa mə`bud yoxdur”) kəlmələrinə heç nə əlavə olunmadı. Namaz, oruc, həcc, zəkat, məhdudiyyətlər barədə hələ ki, heç nə deyilmirdi. Demək, həmin üç il ərzində İslama iman gətirənlərdən dünyasını dəyişən olubsa, onlar namaz və orucdan xəbərsiz olublar.

Hər şeydən öncə yeni əqidə və dünyagörüşü formalaşmalı idi. Bu fikir beyinlərdə kök saldıqdan sonra növbəti addımı atmaq olardı. Hətta ardıcıllar özləri yeni vəzifə, məs`liyyət tələb edirdilər. Artıq namaz hökmünü e`lan etmək olardı. E`lan olundu. Amma neçə rək`ət? Əvvəllər iki rək`ət namaz vacib buyuruldu. Müsəlmanlarda əqidə möhkəmləndikcə, rək`ətlərin sayı artdı.

Hicrətə bir neçə ay qalmış cihad hökmü açıqlandı. Hansı şəkildə? Diqqət edin, kafirləriöldürmək şəklində yox, sadəcə bildirdi ki, zülm görən şəxs fəryad çəkə bilər! Yalnız hicrətin ikinci ilində, yə`ni Peyğəmbərin risalətinin 15-ci ilin də əsl cihad hökmü verildi. Artıq müsəlmanlarda elə bir iman gerçəkləşdi ki, onlar din yolunda canlarından keçməyə hazır oldular. Daha sonra xüms hökmü açıqlandı. Demək, müsəlmanlar mallarından da keçməyə hazır idilər.

Bəli, hicrətin 7-ci, 8-ci ilində hicab məsələsi açıqlanır. Yə`ni 20 il formalaşmadan sonra! Şərab məsələsi isə üç mərhələdə bəyan olunur. Bəli, peyğəmbər xalqı sıxıntıya salmadan, tədricən şərab kimi fəsadın kökünü kəsdi.

Bu gün musiqidən zərrəcə başı çıxmayanlar “Musiqi haramdır, ğina haramdır!” deyirlər. Bu İslamın, peyğəmbərin metodu deyil. Əvvəla, həmin sözləri tə`kidlə əmr edənlərin musiqi haqqında anlayışı yoxdur. Musiqinin min bir növü var. Min bir tə`sirə malik musiqilər var. Həm deyən, həm eşidən şəxs musiqinin növlərindən xəbərsizdirsə, bu söhbətin nə faydası var?

İslamın təbliğ metodu məntiqi və tədricidir. Bəli, müsəlmanlarda elə bir hazırlıq olub ki, Allah-təala əmr edib: “Şərabı, qumarı... tərk edin!”. Bu əmrin nəticəsi nə oldu? Mədinənin bütün küçələrində insanlar şərab küplərini dağıdırdılar! Polissiz, ordusuz! Yalnız Allahın əmri ilə!

Bəs biz necə təbliğ edirik? Dərindən düşünmədən, niyəsini bilmədən “Haram, kafir” -deyə bağırırıq. Bu metodla yalnız geriləmək olar, necə ki, geriləyirik! Bizim məntiqsiz təbliğimizə qəzəblə cavab verilir, hətta “Əl çək, bəli, mən kafirəm!” deyənlər tapılır. Demək, həqiqəti çatdıra bilməyən kəs yerində oturmalı, vəziyyəti gərginləşdirməməlidir!

Mən öz müəllimlik təcrübəmdə daim bu məsələyə diqqətli olmağa çalışmışam. Bir dəfə də olsun “Hicab örtün, namaz qılın!” -deyə əmr etməmişəm. Çünki təcrübədə belə metodların səmərəsizliyinə əmin olmuşam.

Bir vaxtlar təbliğ mərkəzi olan bir hüseyniyyədə çalışdığımız zaman hicaba riayət etməyən bə`zi xanımlarla aparılan söhbətlər çox şeyləri aydınlaşdırdı. Mə`lum oldu ki, insanı hicaba zorla bürümək mümkün olduğu hallarda da onlar daxilən “hicabsız” qalırlar.

 Hicabın məfhumu aydınlaşdırılmalıdır. Qadın anlamalıdır ki, hicabda onun cismi və ruhu üçün misilsiz faydalar vardır. Əgər bu məfhumları açıqlaya bilsək, “-Hicab ört” demək lazim deyil. Qadını başqaları yox, öz düşüncəsi hicaba də`vət etməlidir. Axı modernizmə vurğun qıza Zeynəbi (s.ə) ideal göstərməyin faydası nədir? Artıq onun üçün televiziyada gördüyü manikenlər, aktrisalar bütə çevrilmişdir. Bu bütü sındırmadan qadının diqqətini dini dəyərlərə yönəltmək qeyri-mümkündür. O, artıq qurbandır!

Bütü necə sındırmaq? Qadın üçün müqayisə imkanı yaradılmalıdır. Onun təsəvvüründə həqiqi Fatimə (s.ə) çöhrəsi canlandırılarsa, bütlər onun üçün cılız və iyrənc görünər.

Bu problem təkcə İslamın deyil. Hələ 3000 il bundan qabaq əlvan geyimli gözəl çin qızı bütün şərqi tə`sirləndirmişdi. Dünya qadınları bu qıza pərəstiş edirdilər. Hafiz Şirazi 700 il bundan öncə yazır:

 

Çin bütü öldürdü qəlbləri tamam,

Ya rəbb, qoru dini, qəlbləri ondan.

 

Demək, şirazlı biri də, çin qadınının gözəlliyinə sitayiş edirmiş. Demək, çin qızı  bütün dünyanı fəth edibmiş. Bizdə 4800 ildən çox tarixi olan bir çin kitabı var. Bu kitabda gözəl bədən quruluşuna malik olmaq üçün qadına qidalanma qaydaları öyrədilir. Qadına şıltaqlıq, işvəkarlıq öyrədən dörd min il yaşlı kitablar var. Demək, «qadının özü ilə oyunu» təzə məsələ deyil və bu oyunun ideoloji əsasları var. Çimərlik paltarı ilə xalqın qarşısına çıxıb, zərrəcə həya etməyən 17 yaşlı qız burjuaziyanın mənafelərinə xidmət edən ideoloji gəlincikdən başqa bir şey deyil! Amma o özünü başqalarından üstün hesab edir!

Bəs həqiqət hardadır? 3 min il bundan qabaq bəşəriyyəti öz gözəlliyi ilə çaşdıran çin qızı bu gün hansı vəziyyətdədir? O, bu gün səhnəyə elə bir qiyafədə çıxır ki, avropalı manikenlər təhqir olunur!

“Bu gün Çin mədəniyyət, iqtisadiyyat baxımından Fransadan çox geri qalır” deyilir. Bu ideoloji gerilikdir, yoxsa həqiqi? Çin qızının iffətli, fransız qızının yarımçılpaq geyimi ölkənin inkişaf səviyyəsi ilə əlaqədardır, yoxsa ideologiya ilə? Geyim düşüncə tərzinin təzahürüdür! Qadının geyimi onun şəxsiyyətini, düşüncələrini, maraqlarını açır. Bu gün iffətli qadın hicabına, geyiminə diqqət verir və çılpaq gəlinciyə qürur hissi ilə deyir: ”Mənim geyimim mənim düşüncə tərzimdir, sənin görkəmin kapitalın, pulun çirkin üzüdür. Mən özümü səndən çox üstün bilirəm!”.

Bizdə vəziyyət necədir? İranda 15 il əvvəl universitetdə oxuyan qızın hicabı nəyi ifadə edirdi? Onun haqqında hansı rə`y vardı? Bu qız ya xürafatçı ailənin övladı hesab olunar, ya da çadra ilə kasıblığını gizləmiş kimi qəbul edilərdi.

Həmin dövr keçdi. İslam hakimiyyət olaraq qadınları dini dəyərlərin qorunmasına də`vət etdi. Hicabsızlığın rəva bilindiyi dövrdə mənə övladlarının açıq-saçıqlığından gileylənən valideynlər, görün, indi nə deyirlər: ”Uşaqlarımız modernizmlə mübarizədə ifrata varıb, dini dəyərlərdə tündlük göstərirlər”. Bu insanlar dəyişməyib! Dəyişən dəyərlərdir. Bir zaman ən`ənəçilik simvolu olan hicab, indi insani düşüncələri ifadə edir.

Təcrübə göstərir ki, məsələn, cəmiyyətin nisbətən savadsız təbəqəsi üçün islami geyim düşüncə tərzini ifadə etmir. Onların hicaba münasibəti adət-ən`ənə xarakterlidir. Əslində, yalnız dini dəyərlərin mahiyyətini anlayanlar üçün hicab e`tiqadla bağlı libasdır.

Bu gün geyim seçən qız nəyə əsaslanır? İki amil nəzərə çarpır: ya ananın geyimi, mühit əsas götürülür, ya da düşüncə tərzi. Birinci amil e`tibarsız və müvəqqətidir. Təqlidçilik nə vaxtsa ölümə məhkumdur! Bu insanlar mühit dəyişən kimi dəyişirlər.

Amma ikinci amilə əsaslananlar hicaba öz e`tiqadlarının simvolu kimi baxırlar. Onlar düşünürlər ki, dünyanın bütün xalqlarının, bütün ümmətlərin geyimi var və bizim də geyimimiz olmalıdır.

Diqqət edin, hicablı qadın bir qədər təhsil aldıqdan sonra, bir neçə ölkəyə səfərə çıxdıqdan sonra hicabsız mühitlərin tə`siri altında, ya da özünü ziyalı saydığı üçün hicabını atır.

Amma bir agah təbəqə də mövcuddur ki, hicaba qayıdır. Bu nəsil sanki öz hicabı ilə Avropa modernizminə mesaj göndərir: “50 il bizi aldatdın, yetər! Mən öz libasımla sənə “yox!” deyib, planlarına “Fatihə” oxuyuram!”. Bu sayaq düşüncə ilə hicabı hifz edənləri digər hicablılardan fərqləndirmək lazımdır! Hicabı düşüncəli şəkildə seçən kəs, artıq ciddi bir məktəbin nümayəndəsidir. Bu hicab çox dəyərli və möhtərəmdir. Belə qadınlar heç vaxt öz hicabından utanmır, əksinə, ən bayağı mühitlərdə də özünü üstün bilir.



Geri   İrəli
Go to TOP