A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Minacatın əzəməti
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 160
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Allahın ata və ana vücudunda qərarlaşdırdığı lütf Onu tanımaq üçün bir vasitədir. Allah-təala öz sonsuz məhəbbət okeanından bir damlasını ata və ananın qəlbində qərarlaşdırmışdır. Əgər yaranışın əvvəlindən sonunadək olan bütün insanları və mövcudları toplasalar, onların məhəbbəti Allahın insanlara olan məhəbbət okeanının bir damlası qədər olmaz. Əgər bir ana övladının onu unutduğunu görərsə nə edər? Yoxsa onu rədd edib, evdən çıxarıb və ya öldürər? Heç zaman! Əgər ana öz övladından səhv və ya unutqanlıq görərsə (əgər bu unutqanlıq və səhv bilərəkdən və inadkarlıqla olmasa) son dərəcə mehribanlıqla ona öz səhvini xatırladacaq və onu öz məhəbbət ağuşuna alacaq.

İnsanlara verilmiş zövcələr də Allahın məhəbbətlərindəndir. Allah zövcələri insanlara aram həyat vasitəsi etmişdir. Allah-təala Qur`ani-kərimdə bu haqda buyurur: “Sizin üçün yanlarında aramlıq tapasınız deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması Onun nişanələrindəndir.”[119]

İndiyədək ərlə zövcəsi arasında olan bu məhəbbətin kim tərəfindən olduğunu düşünmüşükmü?

Şagirdlə müəllim, dostlar arasında olan məhəbbət və sair fitri kökə malik sevgi hissləri göstərir ki, insanlar ilahi məhəbbət haqda düşünüb rəhmət və şəfqət mənbəsinə çatmalıdırlar. Təəssüf ki, biz bu tədbirdən qafilik. Ən yaxşı halda valideynə hörmət edirik. Lakin bu mərhələdən oyana keçmirik.

Bəli, əgər bütün bu tədbirlər nəticəsiz olarsa, Allah bir növ lütf və rəhmət hesab olunan başqa yollarla bəndələrini özünə cəzb edir. Bu yollardan biri çətinliklərlə qarşılaşmaq, çıxılmaz vəziyyətlərə düşmək və məxluqdan naümid olmaqdır. Bu halda insanlar Allaha imanları olmaqdır. Bu halda insanlar Allaha imanları olduğu üçün Ona doğru qayıdır və onu düşünürlər: “Gəmiyə mindikləri zaman yalnız Allaha dua edərlər.”[120]

İnsanlar okean dalğalarının və gəminin qərq olmasını müşahidə edərkən əzəmətli dalğalar arasında istər-istəməz Allahı yad edirlər.

Odur xalqın üzün səndən çevirən,

Naçarlıqdan Ona üz tutasan sən.

Allah elə bir şərait yaradır ki, insan döydüyü hər bir qapıdan naümid qayıdır. Beləliklə, “ya Allah” deyə fəryad edir və bu zaman Allahın diqqət və lütfünün ləzzətini dadır.

Bəli, insan yalnız çox susadıqda dadlı suyun ləzzətini dərk edir. İnsan yalnız yaxşı acdıqda ləzzətli yeməyin tamını hiss edir. İnsan məhəbbətə çox ehtiyac duyduqda məhəbbətli əllərin nəvaziş ləzzətini duyur. Əks-halda adi şəraitdə insan nəinki məhəbbətin dəyərini anlamır, hətta bə`zən ərköyün uşaqlar kimi nəvaziş gördükdə əxlaqı korlanır.

Mərhum Qazi Təbatəbainin buyurduğu

Mərhum Əllamə Təbatəbai mərhum Qazi Təbatəbaidən nəql edir: “Bə`zən Allah-təala bir bəndəni uzun müddət kasıbçılığa, ağır və ya əlacsız xəstəliyə düçar edir ki, bir dəfə “ya Allah” desin. Demək, insanın nuraniləşməsi üçün bir dəfə Allahı düşünmək o qədər faydalıdır ki, insan bunu əldə etmək üçün uzun müddət çətinliyə dözməli olur. Bu da Allahın lütfüdür ki, O, insanı həyatın eniş-yoxuşlarında çətinliklərlə qarşılaşdırıb, hər yerdən naümid edib, özünə tərəf cəlb edir.

“Əlləzinə səffəytə luhumul-məşaribə və bəlləğtəhumur-rəğaibə və əncəhətə ləhumul-mətabilə və qəzəytə ləhum min fəzlikəl-maribə”

“O kəslər ki, onların su içəcəyi yeri zülal etdin və onları istəklərinə çatdırdın. Hacətlərini gerçəkləşdirdin və öz fəzlinlə ehtiyaclarını tə`min etdin.”

Minacatın bu hissəsində öncüllər və Allaha qovuşma yolunda məqsədə çatmış, əvvəlki hissələrdə qeyd edilmiş səciyyələrə malik yolçular üçün bir neçə mükafat bəyan olunur:

1. Onların su içəcəyi yeri saf, zülal, şəffaf, təmiz və pak etdin.

İnsan yol gedərkən bir müddət sonra yorulub susayır. Əgər yaxınlıqda çay olduğunu bilərsə qəti şəkildə susuzluğunu yatırmaq üçün özünü həmin çaya çatdıracaq. Yaxşı bilirsiniz ki, çay kənarı lilləşmiş və çirkli olur. Yaxud, su hərəkət etmədiyi üçün kənardakı suyun rəngi dəyişir. Eyni zamanda zülal və saf su əldə etmək də mümkündür. Su hər nə qədər pak, xoşagələn və zülal olarsa, susamış və yorulmuş şəxs ona baxmaqdan bir o qədər çox ləzzət alacaq. Bu öncüllər zülal və saf su kənarlarından faydalanırlar. Biz də Allahdan istəyirik, bizi elə bir yolla aparsın ki, zülal və ləzzətli su çeşmələri ilə rastlaşaq. Bu tə`birlərin həqiqi mə`nası odur ki, saf, şübhələrdən, nəfs istəklərindən və şeytənətdən uzaq yol olsun. Belə bir yolda hərəkət rahat və asan olur. Əks halda şübhələr yolu insan üçün çətinləşdirir.

2. Onları arzularına çatdırdın;

3. Onları rəğbət göstərdiklərinə nail etdin;

4. İstəklərində kama çatdırdın;

5. Ehtiyaclarını tə`min etdin.

Əslində bütün bu tə`birlər bir mətləbə işarə edir. O isə ehtiyacların, istəklərin və hədəflərin tə`min olunmasıdır. İndi isə belə bir sual yaranır ki, öncüllərin istədiyi və Allahın tə`min etdiyi bu ehtiyac, istək və hədəf nədir?

Mənzil, maşın, bağ və sair bu kimi dünyəvi istəklərin nəzərdə tutulması çox çətin təsəvvür olunur. Bu şəxslərin istəkləri Allaha doğru olan hərəkət, məqsəd və yollara uyğun olmalıdır. Çünki hər bir mənzil özlüyündə bir məqamdır. Bu məqamdan ötdükdən sonra ikinci mənzilə çatılır. İkinci mənzildən ötüb üçüncü mənzil gəlir. Bu qayda ilə mənzillər bir-birinin ardınca keçilir və sonra son məqsədə çatılır.

Zənnimcə, bütün bu ehtiyaclar və istəklər insanı məqsəddən uzaqlaşdırıb, onun başını qatan işlər deyil. Çünki yolçu bütün qüvvəsini yola sərf etməlidir. Əks-halda qüvvəsi müxtəlif sahələrə paylanar və məqsədə çata bilmir. Beləliklə, çox ehtimal olunur ki, öncüllərin və yolçuların istəkləri dedikdə həmin Allaha doğru hərəkətə aid olan istəklər nəzərdə tutulur.

“Və mələ`tə ləhum zəmairəhum min hubbikə və rəvvəytəhum min safi şirbikə”

“Onların qəlbini məhəbbətinlə doldurmusan və öz xalis şərabınla onları doyurmusan.”

İnsanların hisslərini və tutumunu nəzərə aldıqda onların müxtəlif tutumda olduğunu görürük. Bu tutum yüklənə də bilər, yarı yüklənmiş də qala bilər. Əslində bu tutum daim dolmalı və heç zaman boş və ya yarımçıq qalmamalıdır; eyni zamanda bu tutum ilahi eşqlə dolmalıdır. İlahi eşqin kənarında dini vəzifələrin yerinə yetirilməsinə mane olmayan, uyğun yolu adlamaqda insana kömək edən ilahi eşq şüası və ilahi övliyalara eşqdən savayı heç nə olmamalıdır. Qur`ani-kərimdə buyurulur: “De ki: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın öz əmrini gətirəcəyini gözləyin.”[121]

Bütün bunlar insanın məhəbbətinə aid olan işlərdir. Çünki insan ata-anasını, övladını, qardaşını, zövcəsini, qohumlarını, var-dövlətini və sair şeyləri sevir. Lakin əgər bütün bunlar bəndəlik vəzifələrinin yerinə yetirilməsinə mane olarsa və bütün bunlara görə Allah yolunda cihad tərk edilərsə, ağır əzab gözlənilir.

Bütün bu məhəbbətlər şəriətə uyğun və Allaha məhəbbət xatirinə olarsa eybi yoxdur.

Beləliklə, Allahdan istəyirik ki, bizi o insanlara qovuşdursun ki, əvvəldə qeyd olunan səciyyələrə və mükafatlara malik olmaqdan əlavə, onların qəlbi də ilahi eşqlə doludur. Eyni zamanda Allah-təala dadlı, xalis, saf və zülal suyundan onlara içirmişdir.

Əvvəlki hissələrin şərhində bəyan olundu ki, insan maddi səfərlərdə susuzluğunun ödənməsinə ehtiyaclıdır. Susuzluq ağrısı aclıqdan çətindir. Mə`nəvi səfərlər və Allaha doğru seyrdə bir çox ehtiyaclar susuzluq tə`biri ilə bəyan olunur. Elə buna görə də minacatın bir hissəsində “məşarib”, bu hissəsində isə “şərb” tə`biri işlədilmişdir. Zülal və dadlı su içib, doymaq yolçulara verilmiş mükafat kimi yad edilir.

“Fəbikə ila ləzizi munacatikə və səlu və minkə əqsa məqasidihim həsəllu”

“Beləliklə, onlar sənin vasitənlə ləzzətli minacatına çatdılar və sənin tərəfindən öz əlçatmaz məqsədlərinə nail oldular.” Minacatın bu hissəsində Allaha doğru hərəkətdə öncüllərin əldə etdiyi mükafatların nəticə və tə`sirlərinə işarə edirik: Ləzzətlə dolu minacat və çox uca hədəflərə nail olmaq!

Əvvəldə gəlmiş “fə bikə” kəlməsi bir daha tə`kidlə bildirir ki, yolu qət etmək və onun nəticələrindən faydalanmaq yalnız və yalnız Allahın fəzl və tövfiqi ilə əldə olunur. Onun köməyi olmadan bir addım belə atmaq olmaz. Əgər minacat halı əldə olunursa Onun tövfiqidir. Əgər bu haldan istifadə edilərsə tövfiqin artması deməkdir. “Ləin şəkərtum ləəzidənnəkum”

“Əs`əlukə ən təc’ələni min əvfərihim minkə həzzən və əlahum indəkə mənzilən və əczəlihim min buddikə qəsmən və əfzəlihim fi mərifətikə nəsibən.”

“İlahi, Səndən istəyirəm ki, məni nümunəvi və öncül şəxslərdən qərar verəsən. O şəxslər ki, daha çox faydalanmışlar, Sənin yanında daha uca məqama malikdirlər, sənin məhəbbətindən daha çox pay almışlar və Səni tanımaq onlara daha çox nəsib olmuşdur.”

Minacatın bu hissəsində ərz edirik: İlahi, qovuşmaq istədiyim öncüllərin məqam, mə`rifət və məhəbbət baxımından ən üstünləri ilə eyni sırada olmaq istəyirəm. Orta və aşağı dərəcələrlə kifayətlənmirəm.

Əslində buradaca raz-niyaz, minacat ruhu və eşq başlanır.

“Fəqədinqətət iləykə himməti vənsərəfət nəhvəkə rəğbəti fəəntə la ğəyrukə muradi vələkə la lisivakə səhəri və suhadi və liqaukə qurrətə əyni və vəslukə muna nəfsi və iləykə şəvqi və fi məhəbbətikə və ləhi və ila həvakə səbabəti və rizakə buğyəti və civarukə təlibəti və qurbukə ğayətu suli və fi munacatikə rəvhi və rahəti və indəkə dəvau illəti və işfau ğəlləti və bərdu ləvəti və kəşfu kurbəti”

“Ey Allah, bütün meylimi sənə doğru yönəltdim. Bütün təmayülümü Sənə sərf etdim. Başqa heç nə yox, yalnız Sənsən muradım. Başqa heç kim üçün yox, yalnız sənin üçün gecələr oyaq qalıram. Sənin görüşün gözümün aramlıq səbəbidir. Sənin vüsalın qəlbimin arzusudur. Şövqüm Sənə doğrudur, Sənin məhəbbətin və istəyin arzumdur. Sənin razılığın diləyim və Sənin qonşuluğun tələbimdir. Səninlə minacat aramlıq və asayişimdir. Kədərimin aradan getməsi, yanğılı ruhumun sərinliyi və yanğımın şəfası Sənin yanındadır.”

Minacatın bu hissəsində belə ərz edirik: İlahi, yalnız Sənə çatmaq üçün çalışıram və başqa heç nəyə təlaş göstərmirəm. Başqa bütün işlərim bu məqsədimə xidmət edir.

İlahi, rəğbətim Sənədir. Bə`zən insan nəyinsə əslinə müştaq olur. İnsanın bu şeyə çatmaq üçün lazım olan vasitələrə meyl göstərməsi kömək məqsədi daşıyır. İnsan müəyyən bir şəxsə güclü məhəbbət bağladıqda və bu məhəbbət onun bütün qəlbini bürüdükdə Ondan başqalarına məhəbbət yalnız və yalnız onun şüası altında olacaqdır. Yə`ni insanın sevgilisinin şüası nəyə saçarsa, həmin şey də onun üçün sevimli olacaqdır. Bu mövzunu ilahi məhəbbət xəttində olan ilahi övliyalara məhəbbətə də aid etmək olar.

İlahi, sən mənim muradım və istəyimsən. Mənim istəyim başqa heç nəyə yox, yalnız sənə aiddir.

***İlahi, gecələr oyaq qalmağım behişt tamahı və ya cəhənnəm qorxusu kimi başqa şeylərə görə yox, yalnız sənin üçündür.

İlahi, yalnız səninlə görüş zamanı gözüm sakit olur və əbədi aramlığa çatıram. (Gözün sakit olması dedikdə ruhun aramlığı və özünə inam nəzərdə tutulur. Çünki insan iztirab keçirərkən onun gözləri davamlı şəkildə o tərəf-bu tərəfə baxır. Lakin insan aramlıq tapanda onun gözləri sakitləşir.[122]

İlahi, sənin vüsalın qəlbimin arzusudur. Yə`ni, mənimlə sənin aranda heç bir vasitə olmayacaq qədər yaxınlaşmağı arzulayıram.

İlahi, şövq və meylim başqa heç nəyə yox, yalnız sənə doğrudur.

İlahi, şövqüm sənin məhəbbətindədir. Mən sənin eşqinə valeh və şeydayam.

İlahi, “səbabət” (eşq mərtəbələrindən biri) və eşqim sənin üçündür.

İlahi, istəyim sənin razılığındır, bütün təlaş və eşq izharımla yalnız sənin razılığını istəyirəm.

İlahi, səninlə görüş ehtiyacım və arzumdur.

İlahi, səninlə qonşuluq, istəyimdir.

İlahi, sənə yaxınlıq xahişlərimin sonudur.

İlahi, mənim aramlığım, asayişim və razılığım səninlə raz-niyaz və minacatlardadır.

İlahi, dərdimin dərmanı sənin yanındadır. Mən elə bir xəstəyəm ki, onun dərmanı yalnız səndədir.

İlahi, içimin yanğısının şəfası sənin yanındadır.

İlahi, susuz və yanğılı ruhumun sərinləşmə vasitələri sənin əlindədir.

İlahi, qüssə və kədərimin aradan getməsi sənin əlindədir.

“Fəkun ənisi fi vəhşəti və muqilə əsrəti və ğafirə zəlləti və qabilə təvbəti və mucibə dəvəti və vəliyyə isməti və muğniyə faqəti”

“Belə isə, ey Allah, tənhalıqda munisim, günahlarımı bağışlayan, tövbəmi qəbul edən, duama cavab verən, günahdan qorunmaq zamanı məni hifz edən və ehtiyacımı ödəyən ol!”

Minacatın bu hissəsində ərz edirik:

İlahi, o zaman ki, tənhayam və hamıdan üz çevirmişəm mənim munisim və həmdəmim ol.

İlahi, büdrəmələrimi azalt.

İlahi, səhvlərimi bağışla.

İlahi, tövbəmi qəbul et.

İlahi, dualarımı qəbul et.

İlahi, günahdan qorunmaq zamanı mənə hami ol ki, günaha düçar olmayım.

İlahi, ehtiyacımı tə`min et.

“Və la təqtəni ənkə və la tubidni minkə. Ya nəimi və cənnəti. Ya dünyayə və axirəti.”

“İlahi, məni özündən ayrıma və uzaqlaşdırma. Ey mənim ne`mətim və cənnətim, ey mənim dünyam və axirətim!”

“Muridin” minacatının sonuncu hissəsində belə ərz edirik:

Ey İlahi, məni özündən ayırma. Ey ilahi, məni özündən uzaqlaşdırma.

Ey o Allah ki, mənim behiştim sənsən və mənim behiştimin ne`mətləri də sən özünsən.

Ey o Allah ki, hər şeydən üstün dünya və axirətim sənsən. Dünya həyatında daim heç nəyi yox, səni axtarıram.

Məhəbbət “Muridin” minacatının əsas mövzusudur

Bu və bir çox başqa minacatların əsas mövzularından biri məhəbbətdir. Məhəbbət məfhumu “hub”, “vudd”, “səbabət” və sair tə`birlərlə ifadə olunmuşdur. Məsələn, “Minacatul-muhibbin”də deyilir: “Və əvridna hiyazə hubbikə və əziqna həlavətə vuddikə”, yə`ni bizi məhəbbət hovuzlarına daxil et və bizə öz məhəbbətinin şirinliyini dadızdır. Bu minacatın əvvəlində belə buyurulur: “İlahi, mən zəlləzi zaqə həlavətə məhəbbətikə fəramə minkə bədələn”, yə`ni İlahi, o kimdir ki, sənin məhəbbətinin şirinliyini dadmış, lakin sənin əvəzinə başqasını seçmişdir?! Bu duanın ortalarında isə belə buyurulur: “Həyyəmtə qəlbəhu li iradətikə”, yə`ni onun qəlbini öz istəyin üçün heyran etdin.” Bu kimi dualar çoxdur.

İndi isə belə bir sual yaranır ki, Allaha məhəbbət vacib, yoxsa müstəhəb işlərdəndir? Bu suala cavab olaraq bildirməliyik ki, məhəbbətin müxtəlif mərtəbələri vardır. Onun bir mərtəbəsi imanın şərtlərindəndir. Yə`ni mümkün deyil ki, insan Allaha iman gətirsin, lakin heç cürə onu sevməsin. Necə ki, əməlisaleh olmaq imanın şərtlərindəndir! Çünki əməl və iman ayrı-ayrı məfhumlar deyil. Yə`ni mümkün deyil ki, iman gətirmiş şəxs heç cürə Allaha itaət etməmək fikrində olsun. Çünki iman ixtiyarı işdir. Bə`zən isə iman qeyri-ixtiyari şəkildə hasil olur. Bu barədə Qur`ani-kərimdə buyurulur: “Ey iman əhli, iman gətirin.”[123]

Demək, mö`minin heç bir xeyir əməli olmasa, deməli onun imanı yalançıdır. Çünki iman Allahın rübubiyyətinə şəhadətdir. İtaət Allahın rübubiyyətini qəbul etmək şərtlərindəndir. Baxmayaraq ki, insan bütün vacibləri yerinə yetirməsin və ya imanın zəifliyi səbəbindən bütün günahlardan çəkinməsin!

Belə isə, Allahın bütün ne`mətlərini dərk edən və Onun ehtiyacları tə`min edən olduğunu anlayan insan Onu necə sevməyə bilər? Mümkündürmü ki, insan özünü sevə, lakin ona vücud bağışlayan və ehtiyaclarını tə`min edəni sevməyə?!

İmana aid edilmiş həmin vəzifəlilik maddəsi məhəbbətə də aid edilir və bu qayda ilə vacib olur. Bu mərtəbədən keçdikdən sonra məhəbbətin başqa bir mərtəbəsi ilə rastlaşırıq. Bu mərtəbədə məhəbbət günahın qarşısını alır. Çünki bə`zən insan nəticə əldə etmək üçün öz istəklərinə zidd olan əməli yerinə yetirməli olur. Bu halda vəzifə və seçim məsələsi qarşıya çıxır. Bə`zən dadlı yemək insanın sağlamlığı üçün zərərli olur. Bu vaxt insan ya dadlı yeməkdən daşınıb sağlamlığını qorumalı, ya da ki, sağlamlığından keçib bu yeməyi yeməlidir. İnsan bunların hansını daha çox sevərsə, onu edəcəkdir. Beləliklə, dini hökmlərdə də məsələn, oruc tutmaq yemək yemək istəyən insan qəlbinin istəkləri ilə müxalifdir. İnsanın necə seçim etməsi onun imanından, Allaha və axirətə məhəbbətindən asılıdır. Əgər azacıq da olsa iman və məhəbbəti olmasa orucunu yeyəcəkdir. Bu hökm bütün haram işlər və vacib göstərişlərdə bəyan olunmuşdur. Əgər Allah məhəbbəti qalib gələrsə, insan günahdan çəkinib itaət edəcəkdir. Əks halda isə insan günaha üz tutacaq. Heç şübhəsiz, əgər məhəbbət güclü olarsa, məhbubun unudulmamasına səbəb olar.

İnsanın vacibləri yerinə yetirməsinə və günahlardan çəkinməsinə səbəb olan məhəbbət əqli vacib hesab olunur. Bu haqda bir çox rəvayət və ayələr mövcuddur. Qur`ani-kərimdə müşriklərlə bağlı buyurulur: “Müşriklər Allaha şərik qoşduqlarını Allah qədər sevirlər.”[124] Onlar Allahı sevdikləri kimi bütləri də sevirlər. Bu iki məhəbbət bir-birinə mane tö`rədir. Qarşı-qarşıya gələn iki bərabər qüvvə bir-birlərinin hərəkətinə mane olur. Demək, Allaha məhəbbət iman şərtlərindəndir. Bu məhəbbət başqalarına məhəbbətdən daha çox olmalıdır. Əks halda imanda nöqsan yaranar. Qur`ani-kərimdə buyurulur: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizi Allahdan, Onun peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə...”[125]

Bütün bu hədələr və xatırlatmalar valideynlərini, övladlarını, qohumlarını, mallarını, məskənlərini və başqa şeylərini Allahdan çox sevən şəxlərə ünvanlanmışdır. İnsan qeyd etdiklərimizi və sair şeyləri Allahdan çox sevərsə, ağır əzab intizarında olmalıdır! Demək, şeytana və nəfs istəklərinə qalib olacaq qədər ilahi məhəbbət qazanmaq tələb olunur. Əgər bu məhəbbətin şər`i vacib olmasını deyə bilməsək, də əqli vacib olmasını deyə bilərik.

Məhəbbətin bundan da üstün mərtəbəsi müstəhəb işlərin yerinə yetirilməsinə, məkruhlardan və hətta şübhəli və mübah işlərdən çəkinməyə səbəb olan məhəbbətdir. Bu məhəbbətin müxtəlif mərtəbələri mövcuddur. Onları tə`yin etmək çətin işdir.

Maraqlı bir rəvayət

Qeyd etdik ki, vacibləri yerinə yetirmək və günahlardan çəkinmək üçün bə`zi ilahi məhəbbət mərtəbələrinə çatmaq vacibdir. İman nə qədər xalis və kamil olarsa, məhəbbət də bir o qədər artar. İmam Sadiq (ə) bu barədə buyurur: “İnsanın nəzərində Allah onun özündən, atasından, anasından, övladlarından, ailəsindən, mal-dövlətindən və bütün xalqdan sevimli olmasa, onun imanı saf və kamil olmaz.”[126]

Bu haqda maraqlı bir rəvayətə nəzər salaq:

Yetkinlik yaşına çatmamış bir yeniyetmə həzrət Peyğəmbərə (s) salam verib, sevinc və məhəbbət dolu baxışlarla nəzər saldı.

Həzrət buyurdu: Ey cavan, məni sevirsənmi?

Dedi: Bəli, and olsun Allaha!

Həzrət buyurdu: Gözlərin kimi?

Cavan dedi: Daha çox!

Həzrət buyurdu: Məni atan qədər sevirsənmi?

Cavan dedi: Daha çox!

Həzrət buyurdu: Məni anan qədər sevirsənmi?

Cavan dedi: Daha çox!

Həzrət buyurdu: Məni özün qədər sevirsənmi?

Cavan dedi: Ya Rəsuləllah, and olsun Allaha, səni özümdən çox sevirəm!

Həzrət buyurdu: Məni Allahın qədərmi sevirsən?

Cavan dedi: Allah! Allah! Allah! Ey Allahın rəsulu, belə bir məhəbbət nə sənə və nə də heç kəsə layiq deyil. Mən səni Allahın sevimlisi olduğun üçün sevirəm.” Peyğəmbər üzünü ətrafındakılara çevirib buyurdu: “Belə olun. Allahı Onun ehsanına və ne`mətlərinə xatir sevin. Məni Allah məhəbbətinə xatir sevin.”

Bu rəvayətə bir baxış

Gördüyünüz kimi yetkinlik yaşına çatmamış yeniyetmə nə dərəcədə agahdır; o xoşhalcasına və məhəbbətlə peyğəmbərin üzünə baxır və salam verir. Vücudunun peyğəmbərə məhəbbətlə dolu olmasını onun baxışlarından bilmək olurdu.

Həzrət ondan soruşdu: “Məni sevirsənmi?” Maraqlıdır ki, həzrət onu “cavan” kəlməsi ilə çağırmaqla bu gəncə xüsusi hörmət göstərdi. Həzrət sonra belə buyurdu: “Məni öz gözün qədər sevirsənmi?” Yəni əgər ya gözünün sağlam qalması və mənə zərbə dəyməsi, yaxud da gözünə zərbə dəyməsi və mənim sağlam qalmağım qərar olarsa, onlardan hansını seçərsən? Uzun müddət dini tərbiyə almamış və yetkinlik yaşına çatmamış uşaq belə bir eşq və məhəbbətlə cavab verir ki, səni öz gözümdən çox sevirəm. Yə`ni gözümü əldən verəcəyim halda Allahın rəsulunun mübarək canı salamat qalarsa, gözümü itirməyə hazıram. Maraqlıdır ki, həzrət “məni çox sevirsən, ya Allahını”—deyə sual verərkən təəccüb edir ki, məgər mümkündür kimsə Allahdan başqasını Ondan çox sevsin?!” Mən sizi Allaha xatir sevirəm və Allahı öz ehsanlarına xatir!” Peyğəmbər tövsiyə edir ki, bu cavana oxşayın və məni ayrıca yox, Allaha xatir sevin.

Cahil və nadan xalq içində İslam bərəkəti ilə bir cavan elə tərbiyə olunur ki, orta yaşlılar və yaşlılar üçün mə`rifət nümunəsinə çevrilir.

Demək, Allaha məhəbbət məsələsi heç nə ilə müqayisə olunmamalıdır. Qeyd etdiyimiz nümunə məhəbbətin vacib həddindən azacıq üstün olan ilk pilləsidir. Mümkündür ki, insan müstəhəb işlərdə Allahın istəyini özünün, dostunun, zövcəsinin və ya övladının istəyindən üstün tutsun. (Əlbəttə, mümkündür ki, bə`zi hallarda insan hansısa ibadəti insanların istəyinə qurban versin. Məsələn, müstəhəb oruc ibadətdir. Lakin əgər bir mö`min ondan orucunu açmağı istəyərsə, bu halda onun istəyini önəmli tutmalıdır. Çünki ilahi göstərişə əməl edərək mö`mini sevindirməyin savabı daha çoxdur.)

Əvvəldə qeyd etdiyimiz kimi mümkündür ki, bə`zən insan Allahı ne`mətlərinə və lütfünə xatir yox, yalnız və yalnız özünə xatir sevsin. Əgər Allahın heç bir ne`mət verməməsini fərz etsək, o ye`nə də Allahı sevəcəkdir. Bə`zən isə insan başlanğıcda yemək, mənzil, zövcə, övlad və sair bu kimi ne`mətləri düşünür və bu ne`mətləri əta etdiyi üçün Allahı da sevir. Demək, o əvvəlcə ne`mətləri sevir və sonra bu sevgi Allaha aid olur. Sonradan düşünür və Allahı ne`mətlərdən daha çox sevir. Beləliklə, seçim etməli olduqda Allahın istəyini üstün tutur. Elmi dillə desək, Allahın məhəbbəti ne`mətə məhəbbətə tabedir; insan tədricən anlayır ki, ötəri ne`mətlərdən daha çox əbədi ne`mət sahibi məhəbbətə layiqdir.

Ne`mət sevilməli, yoxsa sahibi?

Ayı sevək, yoxsa xaliq həbibi?

Məhəbbətin ən üstün mərtəbəsi insanın ilahi kamilliklər barədə düşünməsidir. İnsanın fitrətində gözəlliklərə məhəbbət mövcuddur. Elə buna görə də kamilliklərin sahibini sevəcəkdir. Əgər insan Allahın cəmal və cəlal sifətlərini, zati kamillikləri və məxluqları ilahi kamalın təzahüri kimi bilsə və heç bir şeyin müstəqil kamala malik olmadığını, hər bir kamilliyin ariflərin şe`r və dilində açıqlanan ilahi kamilliyin nümunəsi olduğunu anlasa, onun Allaha məhəbbəti zati və başqa kamilliklərə məhəbbəti qeyri-zati olacaqdır. Allahın kamal sifəti əbədi olduğu üçün Ona məhəbbət də daimidir. Lakin səxavətli insana səxavətli olduğu vaxtadək məhəbbət götərilir. Əgər bu kamil sifəti əldən verərsə, daha heç kəs ona məhəbbət göstərməyəcək. Demək, məhəbbət əslində kamillik hesab olunan səxavətə aid edilmişdir. Bu məsələni gözəllik, şücaət və başqa bu kimi kamilliklərə də aid etmək olar.

Allahın sifətləri eynən Onun zatı olduğundan, Allaha münasibətdə hansısa keyfiyyət dəyişikliklərindən danışmağa dəyməz.

Bir şəxs Allahı düzgün tanıyarsa, deyə bilməz ki, Allahın sifətlərini sevdiyimdən Onun zatını sevirəm. “Allahın sifətini sevirəm, amma zatını yox” demək də olmaz.

Mə`rifət və imanı bizim kimi naqis olanlar digər kamilliklərə müstəqil yanaşırlar. Amma elələri var ki, bütün gözəllikləri və yaxşı sifətləri Allah kamalının cilvəsi kimi görür. Bu məqamda itaətdən danışmağa dəyməz. “Ərəfə” duasında deyilir: “Pərvərdigara! Sən o kəssən ki, öz dostlarının qəlbində səni tanımaları və sənə şərik qoşmamaları üçün nur parlatmısan və biganələri öz dostlarının qəlbindən çıxarmısan ki, səndən qeyrisini sevməsinlər.”

Bəli, bu zümrədən olanlar hətta girami peyğəmbər və mə`sum imamları ilahi kamal cilvəsi sayırlar. Ona görə də Allahı və Onun cilvələrini sevirlər. Belə bir məhəbbət mərhələsinə çatmaq vacib olmasa da, bu mərhələyə çatmaq üçün çalışmağa dəyər. Allaha yaxın məqama yüksəliş heç bir dünyəvi müvəffəqiyyətlə müqayisə oluna bilməz.

Qüdsi hədisdə deyilir ki, Allah-təala həzrət Davuda xitabən buyurdu: “Ey Davud, öz şagirdlərinə münasibətdə təvazökar və sadə ol. Allaha yaxınlıq yolunu seçənlərlə sərt davranma. Əgər məni sevənlər bilsəydilər ki, bu yolu tutanların mənim hüzurumda hansı məqamları var, onların ayağı altda torpaq olardılar.”[127]

İki mühüm nöqtə

Hazırkı qüdsi hədisdə iki nöqtə diqqəti cəlb edir:

1. İnsan öncə güman edir ki, hazırkı hədisdə “muridin” dedikdə həzrət Davudun müridləri nəzərdə tutulur, Allah bu müridləri Davuda tapşırır. Amma azca düşündükdən sonra mə`lum olur ki, nəzərdə tutulan Allaha yaxınlıq məqamı üçün çalışanlardır. Olsun ki, onlar lazımı məqama çatmamışlar. Bununla belə, Allah həmin zümrə ilə mehriban davranmağı, onlara sərt yanaşmamağı tapşırır.



Geri   İrəli
Go to TOP