A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Minacatın əzəməti
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 160
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bə`zən səmimi qəlbdən Allahdan bol ruzi, sağlamlıq və sair hacətlər diləyirik. Çünki bütün bunlara ehtiyacımız olduğunu anlayırıq. Əgər bir müddət ev-eşiksiz və ya icarədə qalsaq, səmimi qəlblə Allahdan mənzil istəyəcəyik.

İnsan aşiq olduğu şəxsi uzun müddət görməzsə, səbirsizliklə onunla görüş intizarında olacaq. Əgər ayrı bir şeyə başı qarışarsa, mə`şuqla görüşə olan şövq sönəcəkdir. Buna görə də həkimlər dərin eşqə düşüb, xəstələnən insanların ayrı bir şeylə başlarının qatılmasını tövsiyə edir. Çünki qəlb və zehn mə`şuqu hər nə qədər çox xatırlayarsa, insan bir o qədər şövqə gələr.

Sədaqətlə, ciddi şəkildə Allahdan Onunla görüş şövqü istəməyimizə ümid var. Bu halı əldə etməyin müxtəlif şərtləri var.

Allahla görüşə müştaq olmaq üçün Onu yad etmək lazımdır. Nə qədər çox düşünsək, bir o qədər müştaq olarıq. İmtahan üçün bir neçə gecə səhərə yaxın, az işıqlı və sakit bir yerdə bir saat Allahı düşünün. Gecə sakitlik olur, eyni zamanda fikiri yayındıran səbəblər olmur. Bu iş üçün gizli bir yer seçilməlidir. Məşğələlər nəticəsində tədricən özünüzdə şövq yarada bilərsiniz. Baxmayaraq ki, bu iş başlanğıcda çətin olur.

“Gecənin bir vaxtı durub gecə namazı qıl.”[66]; “Gecə qalxıb namaz qıl... Aramla, ağır-ağır (tərtil ilə) Qur`an oxu!”[67] Əlbəttə ki, bu göstərişlər səbəbsiz deyil. Allah-təala buyurur: “Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və (o zaman) söz demək daha münasibdir!”[68]

Qəlbimizin dərinliyində və fitrətimizdə Allaha doğru yol olduğuna inanırıq. Burada məfhumlar rol oynamır. Qəlb zatən Allahı tanıyır. “Mən sizin Rəbbiniz deyiləmmi?”— soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!”—deyə cavab vermişdilər...”[69] Bu ayə fitrətin Allahı tanımasına bir dəlildir. Özgələr bizi Allahdan ayırdı. Əgər özgələri unutsaq, qəlb yenidən Allahı tanıyacaq, lakin məfhumlar vasitəsi ilə yox! Məfhumlar zehnə aiddir. Lakin qəlbin tanıması Allahlıqdır. Allah da insanlara müştaqdır. Rəvayətə əsasən, Allah-təala buyurur: “Dostlar mənə müştaqdırlar. Mən isə onlara daha müştaqam.

Təşnə su axtarır, su da təşnəni,

Çağırdığın Allah çağırır səni.

“İlahi mən təərrəfə bikə ğəyru məchulin və mən la zə bikə ğəyru məxzulin və mən əqbəltə ələyhi ğəyru məmlulin”.

“İlahi, Sənin tanıtdırdığın tanınmamış qalmaz. Sənə sığınan xar və köməksiz olmaz. Sənin üz tutduğun şəxs yorğun və süst olmaz.”

İnsan anlayır ki, Allahla əlaqə vasitəsi ilə bütün hallarda, bütün işlər gerçəkləşir. Allahla rabitə kəsildikdə isə məğlubiyyət və bədbəxtlik yaranır. İnsan təbiəti belədir ki, əgər hansısa bir mövzunu ətraflı və izahla anlasa ona daha çox tə`sir edəcək. Məsələn, sadəcə Allahın bütün işlərə qadir olduğunu, ruzi verdiyini deyirik. Lakin bu haqda ətraflı izah verib, Onun süd verən körpəni, səhrada, okeanın dərinliyində və ya səmanın yüksəkliyində mövcud olan hər bir canlıya ruzi verdiyini düşünsək, ruhumuza daha çox tə`sir edəcək.

Minacatın bu hissəsində Allahla rabitə nəticəsində gerçəkləşən işlərdən bir neçəsinə işarə edirik. Əlbəttə, bu mövzuda bir çox nümunələr göstərmək olar. Lakin dua və minacatın həcminə riayət üçün bir neçə nümunə ilə kifayətlənirik:

1. Allah vasitəsi ilə tanınan daim məşhur olur. Əgər Allah insanı hansısa bir sifətlə və ya hansısa bir yerdə tanıtdırarsa o daim həmin sifətlə və həmin yerdə məşhur olacaq. Bu sonrakı cümlələrdə “sənin vasitənlə” kəlməsi tə`kidlə ifadə olunur. Yə`ni Allahla rabitə nəticəsində hər bir şey əldə etmək olur.

Əxlaq elmində bəyənilməmiş və rəzil sifətlərdən olan şöhrətpərəstlik şeytani və nəfsani meyllərdəndir. Lakin minacatın bu hissəsində mövzuya çevrilmiş “tanınmaq” bəyənilmişdir. Çünki mö`min tanındıqda xalq ondan faydalanır. Məsələn, həzrət Süleyman Allaha ərz edir: “Pərvərdigara! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra heç kəs ona nail ola bilməsin.”[70] Həzrət Süleyman sultanların sahib olduğu səltənət həvəsində deyildi. Çünki bu uşaq həvəsidir. Həzrət oxşarsız qüdrət və səltənət sayəsində Allahın dinini, tövhidi yaymaq istəyirdi. Buna görə də sultanlığa çatıb, bütün imkanlara sahib olduqdan sonra həsir toxuyaraq yaşayış xərclərini tə`min edirdi. (Əlbəttə, bə`zi insanların bu cür iddia etməsi mümkündür. Lakin Allah insanları imtahan edir. Allah-təala buyurur: “Onların bə`ziləri Allahla əhd bağlayırlar ki, əgər bizə sərvət versən, Sənin yolunda sədəqə verəcəyik və salehlərdən olacağıq.”[71] Lakin Allah onların münafiq sifətlərindəki pərdəni götürür və “Tövbə” surəsinin 76-cı ayəsində buyurur: “Lakin Allah öz fəzlindən onlara əta etdikdə, xəsislik etdilər...”)

Bə`ziləri isə belə bir iddia edib, sədaqətli oldular. İnsanların hidayətini arzulayır və məqsədə çatmaq üçün vasitə axtarırdılar. Həzrət İbrahim belə dua edir: “(Pərvərdigara,) sonra gələnlər arasında mənə yaxşı ad qismət elə!”[72] Bu həmin İbrahimdir ki, girami peyğəmbərə ona tabe olmaq göstərişi verildi. (Vəttəbəə millətə İbrahimə). Allah ona imamət verdikdə, İbrahim övladlarının da imamətə sahib olmasını arzulayır. Qur`anda buyurulur: “Allah-təala (bir çox imtahanlardan sonra) İbrahimə buyurdu: “Mən səni xalqa imam seçdim.” İbrahim ərz etdi: “Mənim nəslimdə imamət sahibi olacaq? Allah-təala buyurdu: “Mənim əhdim zalımlara çatmaz.”[73] İbrahim ölümdən sonra adının ucalmasını və övladlarının imamət sahibi olmasını arzulayır. İbrahim ixlasla deyir: “Mən, həqiqətən, üzümü göyləri və yeri yaradana çevirdim.”[74] Demək, İbrahim adının yaşaması sayəsində onu tə`limlərinin yaşamasını və xalqın tövhidə hidayət olmasını istəyir. Əks halda həzrət İbrahim şöhrətpərəst insan deyildi ki, ad və iz qoyub ölmək istəsin.

İnsanın həvəs əsasında yox, xalqa xidmət üçün məşhur olmaq istəməsi mümkündür. Çünki əgər adsız olarsa onun sözlərinə e`tina göstərilməz. Xalq onun elmini, kitabını tanımaz və bunlardan istifadə etməz. Adları hələ də yaşayan böyük alimləri xalq tanıyır və bu tanıma nəticəsində onların dərslərindən və kitablarından istifadə edirlər.

2. Allaha sığınan şəxs xar, köməksiz və tənha qalmayacaq. Hamı bilir ki, ixtiyarında olduğu qüvvələr onun ehtiyaclarının ödənməsi üçün kifayət etmir. Qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün xarici amilə ehtiyac var. Məsələn, düşmən insanı hədələyərkən hansısa bir yerə sığınır.

Əsil mö`min isə istənilən bir ehtiyac zamanı Allaha sığınmalıdır. Allaha sığınmaq mö`minlərin iman dərəcələrinə görə müxtəlifdir. Bə`ziləri bütün hallarda Allaha sığınırlar. Onlar yalnız vəzifə olaraq vasitələrdən istifadə edirlər. Əks halda bütün işlərin Allah tərəfindən olduğunu bilirlər. Çox az insanlar belə tövhid dərəcəsinə yetişmişlər.

Bə`zi insanlar kimsənin köməyə çata bilməyəcəyi anda Allaha sığınırlar. Qur`ani-kərim dəfələrlə bu mövzuya işarə edərək buyurur: “O kəslər ki, gəmiyə minirlər və dənizdə tufanla qarşılaşırlar; coşmuş dalğalar gəminin ətrafını əhatə edir və onlar özlərini ölümlə həyat arasında görürlər; bu halda Allahı ixlasla çağırırlar. “Əgər bizi bəladan xilas etsən, sənə təşəkkür edəcəyik” deyirlər. Lakin xilas olub, sahilə çıxan kimi şirk edir və öz bütlərinə doğru gedirlər.

İnsan səmimi dostuna bir neçə dəfə müraciət edir və onun əlindən heç bir iş gəlmədiyini görür. Sonda yorulur və narahatlıqla ondan əl çəkir. Lakin əgər Allaha sığınarsa, heç zaman süstləşməz, xar olmaz və bütün çətinlikləri dəf olar.

3. Allah hər kimə üz tutsa, o yorulmaz və süstləşməz.

İnsan adətən dostları və yaxınları ilə yaxın ünsiyyətdə olduqca, bu ünsiyyətin ləzzəti azalır. Tədricən yorulur və onlarla get-gəl etmir. Lakin əgər Allah kiməsə nəzər salsa, bu şəxs heç zaman yorulmaz və onun marağı daha da artar.

Əgər Allah qarşısında vəzifələrimizə düzgün əməl etməsək, Allah bizdən üz çevirəcək. Bu an hər tərəfdən yorğunluq, süstlük və çətinlik bizi əhatə edəcək. Lakin bəndəlik vəzifələrimizə əməl etsək, Allah onunla ünsiyyət saxlamaq üçün zəmin yaradacaq və biz bir daha süstlüyə, yorğunluğa düçar olmayacağıq.

“İlahi mənintəhəcə bikə ləmustənirun və innə mən itəsəmə bikə ləmustəcirun”

“İlahi, Səndən kömək istəyənin yolu işıqlıdır. Səndən yapışana sığınacaq verilir.”

Duanın bu hissəsində iki mövzuya işarə olunur:

1. Düzgün yolu tapmaq üçün Allahdan kömək istəyənə Allah kömək edir və o işıqlı yola çıxır.

2. Hər kim Allaha sığınsa, Allah ona sığınacaq verir. Hündürlükdən yıxılan yapışmağa yer axtarır. Əgər insan Allahın fəzl və rəhmətindən belə yapışarsa, Allah onu süqutdan xilas edəcək.

“Qəd luztu bikə ya ilahi fəla tuxəyyib zənni min rəhmətikə və la təhcubni ən mərifətikə.”

“Ey Allahım, Sənə sığındım. Belə isə məni rəhmətindən naümid etmə, mənimlə öz mə`rifətin arasında pərdə salma.”

Duanın axırlarında beş məsələ açıqlanır:

1. Allahın tanıtdırdığı tanınmamış qalmır;

2. Allaha sığınan, köməksiz qalmır;

3. Allah hər kimə üz tutsa, həmin şəxs süstlüklə qarşılaşmayacaq;

4. Allahın yoluna daxil olanların yolu işıqlanacaq;

5. Hər kəs Allaha bağlansa, ona sığınacaq verəcək.

İndi isə nəticə çıxarmaq zamanıdır. Beləliklə ərz edirik: İlahi, sənə sığındım, hər kim Sənə sığınır, ona sığınacaq verirsən. Belə isə mənə sığınacaq verməməyin mümkündürmü? Məni rəhmətindən naümid etmə. Mənimlə mehribanlığın arasında maneə qoyma. Çünki Sənin lütf və rəhmətin daim şəlalə kimi axmaqdadır. Lütf və mərhəmətinin mənə çatmamasının səbəbi maneələrdir. İlahi, bu maneələri götür ki, mən də lütf və rəhmətinə nail olum.

“İlahi əqimni fi əhli vilayətikə məqamə mən rəcəz-ziyadətə min məhəbbətikə”.

“İlahi, məni vilayət əhlinin arasında qərar ver. Sənin geniş məhəbbətinə ümidvar olan kəsi!”

Minacatın bu hissəsi ilə bağlı bir neçə nöqtəyə işarə edək:

1. Bə`zi insanlar ilahi vilayət əhlidirlər;

2. Allah bə`zilərini bu şəxslərin arasında qərar verir.

Vilayət və vilayət əhli

İndi isə baxaq, görək Allahın vilayəti nədir? Vilayət əhlinin arasında olanların hansı xüsusiyyətləri olur? hansı insanlar geniş məhəbbətə ümidvardırlar? Vilayət və ilahi məhəbbət arasında hansı əlaqələr mövcuddur? Bütün bu suallarla bağlı geniş mövzularda söz açılmalıdır. İndi isə bu haqda geniş söz açmağa imkan yoxdur.

Təfsirçilər vilayət kəlməsinin təfsiri ilə bağlı geniş söz açmışlar. Bu kəlməyə daha yaxın məfhum rabitə və əlaqə məfhumudur. Yə`ni, bə`zən iki mövcud yanaşı olur, bir-birlərinə tə`sir edirlər. Bu növ əlaqə, tə`sir və qarşılıqlı tə`sirə ərəb dilində “vilayət” deyilir. Bə`zən bu məfhumu qarşılıqlı nəzərdə tuturlar. Tərəflərin biri tə`sir edir, o biri isə tə`sirlənir. Necə ki, Allah insanın vəlisidir. Lakin heç kəs Allaha tə`sir edə bilməz. Qur`ani-kərimdə bə`ziləri Allahın vəlisi kimi tanıtdırılır: “Bilin ki, Allah övliyaları üçün heç bir qorxu və kədər yoxdur.”[75] Biz vilayətə şəhadət verərkən belə deyirik: “Şəhadət verirəm ki, Əli Allahın vəlisidir.” Demək, həm Allah Əlinin vəlisi, həm də Əli Allahın vəlisidir. Burada rabitə qarşılıqlıdır. Lakin yalnız Allah-təala tə`sir edir.

Əlbəttə, bə`zən rabitə bir tərəfli olur. Məsələn, ata uşağın vəlisi olur. Lakin uşaq atanın vəlisi olmur. Yə`ni ata uşağa tə`sir edir, uşaq isə ataya tə`sir etmir. Yaxud İslam rəhbəri ilahi göstərişləri çatdırmaqda müsəlmanların vəlisidir. Lakin bu işdə müsəlmanlar onun vəlisi deyil. (Yə`ni, İslam rəhbəri müsəlmanlara nəzarət edir, müsəlmanlar isə ona nəzarət etmir.) Lakin müsəlmanlar bir-birlərinin vəlisidirlər. Onlar bir-birlərinin işlərinə nəzarət edirlər. Yaxşılığa də`vət edir, pisliklərdən çəkindirirlər və bir-birlərinə tə`sir edirlər. Onlar bir bədənin üzvləri olduqlarını anlayırlar və bir-birlərinin məsləhətlərini, tövsiyələrini qəbul edirlər. Necə ki, göz ələ və ayağa yol göstərir. Yol getdikdə ayaq gözə təşəkkür etməlidir. Yol getməyin gözə heç bir dəxli olmadığını düşünməməliyik.

Demək, mö`minlərin bir-birləri ilə əlaqələri vardır. Qur`an buyurur: “Bə`zi mö`min kişilər və mö`minə qadınlar bir-birinə vəlidirlər.”[76]

Mələklər də insanın övliyasıdır. Onlarla insan arasında qarşılıqlı əlaqə mövcuddur. Qur`anda mələklərin dilindən buyurulur: “Biz dünyada da, axirətdə də sizin vəlinizik.”[77] Cinlər və şeytanlar bə`zi insanların vəlisi ola bilər. Allah-təala buyurur: “Şeytanın hakimiyyəti yalnız onu özlərinə vəli seçənlərin üzərindədir!”[78] Tağutlar, zalım hakimiyyətlər kafirlərin övliyalarıdır: “Kafirlərin vəlisi tağutlardır.”[79]

Allahın vilayəti

Demək, vilayət qarşı tərəflə istər yaxşı, istər pis yaxın və tə`sirli əlaqədən ibarətdir. Allah bütün mövcudların vəlisidir. Allah bütün mövcudlara onun özündən daha yaxındır. Allah mövcudların üzərində istədiyini edə bilir. Allahın ümumi vilayəti (məsələn, Allahın ümumi rübubiyyəti) bütün insanların üzərində eynidir. Lakin şüurlu və ixtiyarlı mövcudlara aid olan vilayətə daxil olmaq üçün layiqli olmaq lazımdır. Əgər insan ilahi vilayətə daxil olub, Allahın vəlisi olmaq istəyərsə, yə`ni Allahın onun işlərinə nəzarət edib, onu özbaşına buraxmamasını arzulayarsa, imanlı olmalı və göstərişlərə əməl etməlidir. Çünki Allah iman gətirənlərin vəlisidir. Allah imansız insanların vəlisi deyil. Yə`ni bu qəbil insanların işlərinə nə nəzarət edir, nə də onlara tədbir görür. Lakin Allah bə`zi insanların işlərini öz öhdəsinə götürür. Belə bir insan xeyirin nədə olduğunu anlayır və heç nədən nigaran qalmır.” Onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar.”[80] Çünki Allahın onları sevdiyini bilirlər. Allah onlara yalnız xeyir əta edir. Beləliklə, nigarançılığa heç bir səbəb yoxdur.

İmam Sadiq (ə) buyurur: “Mö`minin işlərinə təəccüb edirəm. Əgər Allah yer üzünün səltənətini ona əta edərsə, demək xeyiri bundadır. Əgər bədənini tikə-tikə doğrayarlarsa, yenə də xeyiri bundadır.”[81]

Əlbəttə, bu vilayətin sonsuz mərtəbələri var. Birinci mərtəbə odur ki, hər nə versələr qane olur, halal ruzi, yaxşı zövcə, çətinliklərin aradan qalxması, hacətlərin gerçəkləşməsi ilə kifayətlənir. Ən üstün mərtəbə budur ki, bütün işlərini öhdəsinə götürmüş Allahın necə də sevimli olduğunu anlayır, ona aşiq olur və əldə etdiyi ilahi məhəbbətlə kifayətlənmir.

Minacatın bu hissəsində ərz edirik: İlahi, məni vilayət əhlinin arasında qərar ver. (Lakin, hansı mərtəbədə? Mə`lum olur ki, vilayət əhlinin məqamları müxtəlifdir. Beləliklə, Allahdan yenə də istəyirik) Məhəbbətinin artacağına ümid edən şəxslərin arasında!

Yuxarıda qeyd etdiklərimizdən bir neçə nəticə çıxarırıq:

1. İman üçün Allah-təala ilə xüsusi əlaqə yaratmaq lazımdır;

2. Allah hamının yaradanı və hamının Rəbbidir. Lakin Onun lütf və mərhəməti hamıya eyni qədər şamil olmur. Allah həm dünyapərəstlərə, həm də allahpərəstlərə kömək edir. Lakin Allahın köməkləri fərqlidir. Bə`zi insanlara bilmədikləri halda xeyir əta edir. Müəyyən hallarda insanlar əta olunan xeyirlərdən gileylənirlər. Məsələn, fəqirlik, zəlzələ, sel və sair. Qur`anda buyurulur: “Bə`zən xoşlamadığınız bir şey sizin üçün xeyirli ola bilər.”[82]

3. Biz öz istəyimizlə istədiyimiz məqama çata bilmərik. Bu məqamı Allah əta etməli, onu qorumalı və artırmalıdır. Demək, Allahdan istəməliyik ki, “əta et”, “qoru” və “artır.”

İnsanın Allahın ona mə`rifət nuru əta etməsi üçün ləyaqəti olmalıdır. Dərs oxumaq, düşünmək, kitab yazmaq, məktəb açmaq, mürşid olmaq ləyaqət deyil. Bəli, insan mə`rifətdən danışa bilər. Lakin qəlbin nurani olması tamam başqadır. “Allah bir kəsə nur verməsə, onun nuru olmaz.”[83] Demək, istədiyimiz kimi, istədiyimiz vaxt nurani ola bilmərik. Yalnız Allah bizim mə`rifət, vilayət, eşq və məhəbbətimizi artırmalıdır. Bə`zən, insanın üzünə bütün qapılar bağlanır. Bə`zən isə çox asanlıqla Allaha yaxınlaşdığını, sanki Allahı görüb, onunla danışdığını hiss edir.

Beləliklə, Allahdan qətiyyətlə istəməli, eyni zamanda layiq olmalıyıq. “Allahın fəzlindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir.”[84] Əgər istəməsək, yaxınlaşmasaq və bağlanmasaq heç nə əldə etməyəcəyik. Əlbəttə, dua etmək də ilahi tövfiqdir. Bir neçə nöqtəyə diqqət etməliyik:

1. Mə`nəvi kamilliklər maddiyyatdan daha dəyərlidir və daha çox zəhmət tələb edir. Məsələn, lə`l sahibi olmaq istəyən şəxs zəhmət çəkməli, tər tökməli, mə’dənlərdə axtarış aparmalıdır. Əgər maddi əşyalar bu qədər zəhmətlə əldə olunursa, demək, mə`nəvi dəyərlər üçün daha çox zəhmət tələb olunacaq. Beləliklə, mə`nəvi dəyərləri əldə etməyin yolunu tapmaq lazımdır.

2. Allah öz övliyalarını sevir. Buna görə də bizdən qürrələnməyib, kamilliyə çatmaq üçün övliyalara bağlanmağımızı, onları vasitə seçməyimizi istəyir.

3. Məhəbbət və mə`rifətin bir mərtəbəsi ilə kifayətlənməməliyik. Hər mərtəbəni o biri mərtəbə üçün keçid vasitəsi etməliyik. “Allah aşkarcasına bildirmişdi: “Əgər şükür etsəniz, ne`mətlərinizi artıracağam.” Beləliklə, hər mərtəbədə ilahi nur hasil olarkən vəzifəmizə əməl etməliyik ki, Allah tə`kidlə və`d verdiyi kimi lütf və feyzini artırsın. Bu ayədə dörd tə`kid mövcuddur. Allaha şükür edənlərin maddi və mə`nəvi ne`mətlərini artıracağına and içmişdir. Allah-təala bə`zən Bəl`əm Baura kimi şəxslərin əhvalatlarını bizə xatırladır; ən üstün məqamlara çata bilən insan ən alçaq dərəcəyə endi. “Fəməsəluhu kəməsəlil-kəlb...”

Bəndələr

Bildiyiniz kimi, bəndəlik edən insanlar üç qismə bölünür:

1. Qullar; bu qisim bəndələr cəza qorxusundan ibadət edirlər. Yə`ni, Allaha itaətin vacib olduğunu düşünürlər, lakin məqsədləri cəhənnəm əzabından qorunmaqdır. Məsələn, əgər bu insanlar heç bir cəza olmayacağına əmin olsaydılar ibadət etməzdilər. Bu qisim insanların ibadətinə qulların ibadəti deyilir.

2. Tacirlərin ibadəti; bu qisim insanların məqsədi yalnız mükafat əldə etməkdir. Sanki Allahla müamilə edir, ibadətlərin müqabilində behişti alırlar. Bu qisim insanların ibadəti “tacirlərin ibadəti” adlanır.

Əlbəttə, bu iki qismin heç biri pis deyil. Cahil insanlarla müqayisədə bu qisim insanlar tə`rif olunasıdır. Qur`an da uyğun yol və məqsədlərdən istifadə edir. “Ağacları altından çaylar axan behiştlər.”[85]; “Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?”[86]; “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən mö`minlərin canlarını və mallarını satın almışdır.”[87]; “Həqiqətən, cəhənnəm pusqudadır.”[88]; “Sizi cəhənnəmə nə saldı? Belə cavab verəcəklər: Biz namaz qılanlardan deyildik.”[89]; “Pərvərdigara! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı daimidir.”[90] İnsanları ibadətə sövq etmək üçün onları müjdələyən və ya qorxudan bu kimi ayələr çoxdur.

3. Azadların ibadəti; bu qisim bəndələr yalnız və yalnız Allaha təşəkkür etmək və Onu sevdikləri üçün ibadət edirlər. Fərz etsək ki, behişt və cəhənnəm yoxdur, onlar yenə də ibadət edəcəklər. Bu qisim insanların ibadətinə azadların ibadəti deyilir. Əgər insan həqiqəti anlayarsa, ne`mət verənin qarşısında təvazökarlıq edər və mükafat ummaz. Əgər təşəkkür və qiymət vermək hissi güclü olarsa, Allahın ona həyat, vücud, hidayət və sair ne`mətlərdə haqqı olduğunu anlayar. Bu isə insanın Allah qarşısında ibadət etməsinə kifayətdir.

Məhəbbət və ya təşəkkür bildirməklə qılınan iki rəkət namaz mükafat ümidi və ya əzab qorxusu səbəbindən qılınan min rəkət namazdan üstündür. Sevdiyi qarşısında təvazökarlıq edən şəxsin mükafat umması məhəbbət şərtlərindəndir. Əlbəttə məhəbbətin sonsuz mərtəbələri var. Allahdan onun hər gün artmasını istəyək.

“İlahi və əlhimni vələhət bi zikrikə ila zikrikə və himməti fi rəvhi nəcahi əsmaikə və məhəlli qudsikə”

“İlahi, mənə öz zikrinlə daha üstün zikr üçün şövq, rəğbət və sevgi əta et. Mənim təlaşımı Sənin adlarına və müqəddəs məhəllinə çatmaqla əldə olunan aramlıqda qərar ver.”

Minacatın əvvəlki hissəsində sanki belə bir sual yaranır: İlahi, indi anladım ki, ne`mət verən qarşısında təşəkkür etməliyəm, Sənin vilayət və məhəbbət əhlinin arasında olmalıyam. Məhəbbətimin daim artması üçün nə etməliyəm?

Bu hissədə qarşıya çıxan sualın cavabı verilir: Allahı daha çox yad etməyə çalışın. Psixologiya və təcrübə elminə əsasən insan nə haqqında çox düşünsə onun məhəbbəti qəlbində artar. Demək, məhəbbətin artması üçün Allahı yad etmək lazımdır.

Zikr haqqında bir nöqtə

Güman etməyin ki, zikr dedikdə 1000 dənəli təsbeh götürüb təkrar-təkrar zikr demək nəzərdə tutulur. Allahı zikr, yad etmək dedikdə Onu qəlbən düşünmək nəzərdə tutulur. Qeyd etməliyik ki, Allahı yad etmək də məhəbbət kimi müxtəlif dərəcələrə malikdir və yalnız qəlbdə Allahı düşünmək kifayət etmir.

İnsanın yaranışı, onun ruzisi, çətinliklərin həlli, ne`mətlərdən dəfələrlə çox olan bəlaların uzaqlaşması və sair məsələlərə diqqət etmək və düşünmək, sonrakı zikr üçün zəmin yaradır. Əlbəttə, Allahı yad etmək üçün də ilahi tövfiq olmalıdır. Beləliklə, minacatın bu hissəsində ərz edirik: İlahi, biz istəyirik ki, Səni yad edək. Lakin bu iş üçün özün tövfiq əta et. Biz zikrin, Allahı yad etməyin ən üstün mərtəbəsinə çatmaq istəyirik. Buna görə də Allahın qəlblə zikrimizi getdikcə yüksək mərtəbələrə ucaltmasını və hər bir zikr mərtəbəsini o biri mərtəbəyə keçid vasitəsi etməsini istəyirik. Fərz edin ki, qaranlıq bir otağa daxil olub, işıqları yandırmaq istəyirsiniz. Lakin işıq düyməsinin harada yerləşdiyini bilmirsiniz. Əvvəlcə fənər yandırıb düymələrin yerini tapır, sonra isə otağın tamamilə işıqlanması üçün onları bir-birlərinin ardınca yandırırsınız. Zikr də öncə o biri mərhələyə keçid vasitəsi olan zəif mərtəbələrdən başlanır.

Quyu qazan şəxs, nəmli torpağa çatarkən həmin yerə diqqətlə baxır və suya çatmaq üçün sür`ətlə qazmağa başlayır. İnsan qəlbində də həmin proses baş verir; əgər qəlbdə həqiqət tapılıb, daha sür`ətlə üzə çıxarılarsa, daha çox həqiqət əldə olunacaq. İlahi mə`rifət, məhəbbət və zikr də belədir. Əgər insan öncə tapdığı kiçik yolda qətiyyətlə dayanarsa onun mə`rifəti və qəlblə zikri artacaq.

Əlbəttə, bu işlər Allahın lütfü ilə gerçəkləşir. Allahdan istəməliyik ki, öz məhəbbət və zikrini qəlbimizdə artırsın; Onu daha çox yad etmək üçün bizə şövq versin.

Maraqlıdır ki, bizə yolu göstəriblər. Əgər özbaşına getməli olsaydıq nə vaxt yola çatacağımız mə`lum deyildi.

Bəli, müştaq olmalıyıq. Bizim üçün asan olan zikrləri sonrakı zikrlər üçün müqəddimə etməliyik. İnsan Allahın qüdsi məhəlli və adları vasitəsi ilə əldə olunan rahatlıqda sonuclanan yolda təlaş etməlidir. Allahın müqəddəs məhəlli və adları vardır. İnsan həqiqətlərə yetişməklə müvəffəq ola bilər. Bu müqəddəs məkan pakizəlik məkanıdır; bu müqəddəs məkan bütün çirkinliklərdən uzaqdır. Beləliklə, kamillik mərtəbələrindən biri Allahın müqəddəs məkanı və adlarına çatmaqdır. Bu məkana çatdıqda təsəvvürümüzə sığmayan, heç nə ilə müqayisə edilməyən ləzzət, aramlıq və asayiş əldə olunur. Demək, insan bu kamala çatmaq üçün çalışmalıdır.

Duanın bu hissəsində bağışlanmaq, dünyəvi ehtiyaclar, əzab qorxusu və maddi arzulara çatmamaqdan söz açılmır. Minacatın bu hissəsində ən üstün ləzzətlərə, yə`ni müqəddəs ilahi məkan və adlara çatmaqdan danışılır. Lakin hər insanda bu qədər yüksək təlaş yoxdur. Əgər bu dualar olmasaydı, insan belə uca məqamların olmasını güman etməzdi.

Biz insanların təlaşı zəifdir; adətən, yemək, geyim, istirahət üçün sakit məkan və bu qəbildən olan ne`mətlər əldə etməyə çalışırıq. Müqəddəs məkan və ilahi adlara çatmaq üçün təlaş ilahi bəxşişdir.

İlahi adlar nə deməkdir?

Allahın bir çox adları var. Məsələn, Allah, Rəhman, Raziq, Xaliq və sair. Əhli-beyt (ə) rəvayətlərinə əsasən, Allahın adları əyandır. Bu o demək deyil ki, Allahın adları cisim kimi görünür. Əlbəttə, məfhumları dərk etmək üçün maddi nümunələrdən istifadə etməkdən başqa çarəmiz yoxdur. Məsələn, adın əyan olması dedikdə onun hansısa məkanda sakin olduğunu və ora çatmalı olduğumuzu güman edirik. Əslində adların əyan olması dedikdə onların həqiqi olduğu nəzərdə tutulur. İnsan hər bir mərhələdə maddiyyat üfüqünü keçərkən qəlbi ilə Allahın cilvəsini müşahidə edir. O müxtəlif mərhələlərdə müşahidə etdiyi ilahi cilvələri adlandırır. İnsan müşahidə etdiklərini vəsf etmək üçün onları isim, cilvə və nur kimi sözlərlə ifadə etməyə məcburdur.



Geri   İrəli
Go to TOP