A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Minacatın əzəməti
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 160
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


Minacatın əzəməti

Misbah Yəzdi

Tərcümə etdi: Məhəmməd Əhməd

Müqəddimə

Bismillahir-rəhmanir-rəhim

Əxlaq alimləri xəstə axtarışında olan həkimlərə bənzəyirlər. Onlar xəstələri müalicə edərkən canlarını belə əsirgəmirlər. Mə`nəvi xəstələrin qəflətdə olması onları narahat edir. Xəstələri müalicə etmək üçün bütün vasitələrə əl atırlar. Bə`zən xoşagələn söhbətlərlə, bə`zən odlu yazılarla, bə`zən dərs və müzakirələrlə, bə`zən qarşılıqlı söhbətlər və hər bir mümkün vasitə ilə!

Böyük əxlaq alimlərindən biri də dəyərli filosof, İslam dünyasının nadir şəxsiyyətlərindən olan həzrət Ayətullah Misbah Yəzdidir. O, bütün qüvvəsi ilə çalışmış və bu mühüm işin öhdəsindən yetərincə gəlmişdir.

Bu dəyərli və nurlu elmi simanın ürəklə dediyi əxlaq dərsləri qəlblərə yatır. Bu dərslərin tə`sirləri hamıya mə`lumdur.

Haqq mənzilinə, dua və minacata bağlanmış bu arif şəxs mə`sumların hədislərini, dua və minacatlarını araşdırmışdır. O bu yolla öz dinləyicilərinin nəfs və əxlaqlarının islahına çalışmış, hamını öz feyzindən bəhrələndirmişdir.

Burada da həzrət ustad Misbah Yəzdi ən gözəl və tə`sirli üsulla “Şəbaniyyə” minacatını şərh edərək onun əxlaq və mə`rifət dolu mövzularını açıqlamışdır.

Allah-təaladan bu böyük ustad üçün artıq tövfiq diləyirik. İnqilabın böyük rəhbəri həzrət Ayətullah Xameneiyə uzun ömür və sağlamlıq arzulayırıq.

Seyyid Məhəmməd Riza Ğiyasi Kermani

“Şə`baniyyə” minacatının şərhi

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd

“Allahım, Məhəmməd və onun ailəsinə rəhmət göndər.”

Salavat zikrinin əhəmiyyəti

Bu minacat şə`ban ayında hər gün günəş batarkən oxunan dua kimi salavatla başlanır.

Dua mətnində bir neçə dəfə salavat təkrarlanır. “Səhifeyi-Səccadiyyə”dəki duaların bir çoxunda (həzrət Səccadın Məhəmməd (s) ailəsindən olmasına baxmayaraq) girami Peyğəmbər (s) və onun Əhli-beytinə salavat təkrarlanır.

Namazda təşəhhüdün bir hissəsinin salavatdan ibarət olması onun əhəmiyyətini bildirir. Salavat deməmək namazın batil olmasına səbəb olur. Sünnə əhlinin dörd imamından biri sayılan Şafei Əhli-beytə ithaf etdiyi şe`rdə belə deyir:

Batilsə sizlərə salamsız namaz,

Məqamınız üçün yetər bu əsas.[1]

Namaz Allahla fərdi rabitədir. Lakin namazda salavat deyilməlidir və bu hökm yalnız şiələrə yox, bütün firqələrə aiddir.

Salavat zikri barəsində bir neçə nöqtə:

1-ci nöqtə: Dua qaydalarından biri də budur ki, duanın qəti qəbul olması üçün ondan əvvəl və sonra salavat zikr olunsun. Bu işin səbəbi belə izah olunur: Duadan öncə və sonra salavat zikr olunarsa, bu əslində üç dua hesab olunacaq. Çünki salavatın mə`nası peyğəmbər və onun əhli-beyti üçün xüsusi rəhmət istəməkdir. Heç bir şübhəsiz, duadan öncə və sonrakı salavat Allah tərəfindən qəbul olunur. Çünki Allahın ən gözəl bəndələr üçün edilən ən xalis duaları qəbul etməməsi mümkün deyil. Eyni zamanda iki qəbul olunmuş dua arasında bir yığcam duanı qəbul etməmək Allahın fəzl və kəramətindən uzaqdır. (Əlbəttə, bu o hala aiddir ki, duanın qəbul olma şərtləri yerində olsun; özgələr üçün ziyan və ya günah istəyi olmasın!)

Demək, belə bir dua heç şübhəsiz qəbul olunur. Allah bu istəyi və ya ondan daha gözəlini əta edir.

Bir sual və onun cavabı

Belə bir sual ortaya çıxır ki, əvvəlində və sonunda heç bir dua olmayan (əvvəlində şəhadətlər, sonunda üç salam olan) şəhadətdə salavat deməyin fəlsəfəsi nədir? Eyni zamanda Allahın “Allah və Onun mələkləri Peyğəmbərə (s) salavat göndərir; ey iman gətirənlər, siz də peyğəmbərə salavat göndərin və onun qarşısında tamamilə təslim olun” göstərişindən sonra nə üçün salavat çəkilir?

Bu suala cavab vermək üçün üç müqəddiməyə ehtiyac var:

1. İnsan ixtiyari olaraq gördüyü hər bir işdə məqsəd və nəticə nəzərdə tutur. Bütün dualarımızda məqsəd duanın qəbul olmasıdır.

2. Şəxsi dualarımızın xeyirimizə olub-olmayacağını bilmirik. Lakin salavatın heç bir şübhəsiz qəbul olacağını bilirik. Buna görə ağıllı insan vaxtını qəbuluna əmin olduğu dualara sərf edir.

3. Peyğəmbər və onun Əhli-beytinə rəhmət istədikdə əslində, onlara bir hədiyyə təqdim edirik. Bilirik ki, bu səxavətli və kəramətli şəxslər bizim hədiyyəmizi cavabsız qoymayacaqlar. Onların cavabı bizlərə etdikləri dualardır. Onların duası qəti şəkildə qəbul olunur. (Burada lazım bilirik ki, İslam respublikasının televiziya yayım məs`ullarına təşəkkür edək. Bu şəxslər xəbərlər proqramından öncə salavat zikrini gözəl bir adət şəklinə salmışlar. Hər kəs salavat göndərsə bu şəxslər onun savabına şərik olacaqlar.) Özümüz özümüzə dua etdikdə qəbul olub-olmayacağı mə`lum deyil. Lakin onlar bizim üçün dua etsə, şübhəsiz ki, onların duası qəbul olacaq. Fəlsəfi dillə desək, həm dua edənin iste`dad və qabiliyyəti, həm əta edənin səxavəti nöqsansızdır. Yə`ni Allahın feyz verənliyi və mə`sumların qabiliyyəti mərhəmətin nazil olmasını labüdləşdirir. Uyğun halda dualarımızın qəbul olunmaması üçün heç bir maneə yoxdur. Bu səbəbdən də ağıl hökm edir ki, mənfəət istəyiriksə sadə şəkildə də olsa, o böyük şəxsiyyətlərə salavat göndərək.

2-ci nöqtə: Bu salavatların faydası insanın özünə qayıdır. Çünki peyğəmbər və onun ailəsinin vücudu başdan-başa ilahi rəhmətlə dolmuşdur. Beləliklə, bizim göndərdiyimiz rəhmətlər onların vilayətində olanlara çatır. Dolmuş stəkana dayanmadan su töksək onun altındakı qab və ətrafında olan mövcudlar bu sudan bəhrələnəcəkdir. Peyğəmbər və Əhli-beytin vücudu ilahi rəhmətdə qərq olduğundan göndərilən salavatların bərəkəti insanın özünə və digər şəxslərə çatır. Dualarda oxuyuruq: “İlahi, Məhəmməd və onun ailəsinə rəhmət göndər. Elə bir rəhmət ki, onun vasitəsi ilə günahlarımızı bağışlayasan və eyblərimizi örtəsən.[2]

Göndərdiyimiz hədiyyələr (salavatlar) müqabilində peyğəmbər və Əhli-beyt bizim üçün dua edir və bizi öz hədiyyələri ilə faydalandırır. Bütün bunlardan əlavə göndərdiyimiz salavatların nəticəsi özümüzə qayıdır.

3-cü nöqtə: Psixoloji prinsiplərə əsasən ləyaqətsiz insan böyük bir şəxsdən nə isə istədikdə əvvəlcə onun diqqətini cəlb etməlidir. Məsələn, öncə onun övladı və ya yaxın bir dostu ilə əlaqə yaradaraq öz istəkləri üçün zəmin hazırlamalıdır.

Heç şübhəsiz, biz insanlar günahlar və çirkin işlərimizə görə Allahın əzəmətli dərgahından nə isə istəməyə layiq deyilik. Başqa bir tərəfdən, ehtiyaclarımızın ödənməsini Onun dərgahından istəməkdən başqa çarəmiz yoxdur. Demək, istəmək üçün icazə almalı və ləyaqət əldə etməliyik. Bu iş üçün ilahi övliyalara rəhmət diləməkdən yaxşı heç bir şey yoxdur. Beləliklə, Allahın ən əziz dostlarına salavat göndərib, ədəb nümayiş etdirməklə Allahın diqqətini cəlb etməyə layiq olur və ehtiyaclarımızı istəyirik.

Əslində salavat vasitəsi ilə Allahın əzəmətli dərgahında söz demək üçün cür`ət əldə edirik. Özümüzə nə isə istəməzdən öncə Allahın dostlarına rəhmət istəyirik. Başqa sözlə, bir növ israr edirik. Xüsusi bir tərzdə Əhli-beytə ərz edirik: “Başdan-başa ehtiyac içində olmağımıza baxmayaraq, sizi sevdiyimiz üçün özümüzdən əvvəl sizə rəhmət istəyirik.”

Əhli-beytin bizim dualarımıza ehtiyacı yoxdur. Lakin bizim bu işimiz fəqirin imkanlı bir şəxsin qapısını döyüb “Allah sənə ömür, sağlamlıq və bərəkət əta etsin” deməsinə bənzəyir. Fəqir bu şəxsin malik olduğu şeyləri Allahdan onun üçün istəyir. Bu sözlər məhəbbət göstəricisi və diqqəti cəlb etmək üçündür. İmkanlı şəxs heç zaman fəqirə “mən sağlamam” cavabını verməz. Çünki fəqirin bu duadan savay əlindən heç bir iş gəlmədiyini bilir. Fəqir bu sözlərlə demək istəyir ki, əgər sən sağlam olmasaydın mən Allahdan sənin üçün sağlamlıq istəyərdim. Demək, bu növ duaların əqli izahı yoxdur. Bu dualar yalnız eşq və məhəbbət göstəricisidir.

Hacı Mirzə Əli Həstəi İsfahanidən bir xatirə

Müctəhid mərhum Hacı Mirzə Əli Həstəi İsfahani ağa tanınmış xətiblərdən idi. O “Əsfar” kitabını tədris edirdi. Yaşım 20-dən az idi. Bə`zən Tehranda Hacı Seyyid Əzizullah məscidinə gedib onun söhbətlərinə qulaq asırdım. Bir gün ondan soruşdum ki, Əhli-beytin bizim rəhmət istəyimizə nə ehtiyacı var? Axı onlar hər növ rəhmətə malikdirlər. Ustad cavanlığımı və elmdə zəifliyimi nəzərə alıb əvvəlcə məni alqışladı. Sonra düşüncəmə uyğun şəkildə dedi: “Bir bağban öz ağası üçün bağ salır. Bağdakı güllərin toxumu, su, torpaq, açmış güllər və hətta bağban özü də ağanın mülkü hesab olunur. Lakin güllər böyüdükdə, bağda gözəl mənzərə yarandıqda ağa tamaşa üçün bağa gələrkən bağban güllərdən bir dəstəsini ədəblə ona təqdim edir və xoşgəldin deyir. Əvəzində isə mükafat alır. Bu bir növ ədəb qaydasıdır. Çünki bağban və bütün güllər ağaya məxsusdur. Demək, biz salavat göndərməklə mə`sumların bağından bir gül dərib onların özünə hədiyyə edirik.” Eyni mə`nanı “və əccil fərəcəhum” cümləsinə də aid etmək olar.

«Vəsmə` duai iza dəəvtukə vəsmə` nidai iza nadəytukə və əqbil ələyyə iza nacəytukə.»

“Səni çağıran zaman duamı, səsləyən zaman nidamı eşit; səninlə minacat etdikdə mənə nəzər sal.”

Bu minacat salavat zikrindən sonra üç oxşar cümlə ilə (dua, nida və minacat) başlayır. Bu duada belə ərz edirik: “İlahi, dua edərkən duamı eşit, fəryad edərkən nidamı eşit və minacat edərkən mənə üz tut.”

İndi isə belə bir sual yaranır: Vücuda gəlməzdən öncə hər bir şeyi bilən, eşidən və görən Allah necə ola bilər ki, kiminsə səsini eşitməsin. Nə üçün biz Ondan öz fəryadımızı və səsimizi eşitməsini istəyirik?

Cavab budur ki, hazırda insanlara aid eşitmək nəzərdə tutulmur. İnsanda səs öncə qulaq pərdəsinə toxunub onu titrədir, bu titrəyiş sinirlər vasitəsi ilə beyinə ötürülür və sonda maddə ilə əlaqə nəticəsində ruhun dərki üçün zəmin yaranır. Əgər qulaq pərdəsi sağlam olmazsa, insan eşidə bilməz. Hazırda isə eşitmək dedikdə qəbul etmək mənası anlaşılır. Günümüzdə hər hansı ötürülən informasiya haqqında “filan kəs məni eşitdi” deyilir. Burada səsin qulağa çatması yox, nəzərdə tutulan təsirin həyata keçməsi başa düşülür.

Eşitmək dedikdə xüsusi lütf nəzərdə tutula bilər. Necə ki, dinləyici qulağına səs dalğalarının çatmasından əlavə danışana xüsusi diqqət göstərir. Bu xüsusi diqqət səs dalğaları qulağa çatarkən baş verən maddi proseslərdən deyil.

Beləliklə, Allahın eşitməsi dedikdə onun xüsusi diqqəti və ya deyilənləri qəbul etməsi nəzərdə tutulur. Əslində müəyyən baxımdan ikinci mə`na birinci mə`nadan fərqlənmir.

Allah ilə raz-niyaz etmək, Ondan cavab almaq və Onunla əlaqə yaratmaq istəyimizi havada səs-küy salan milçəyin insanlara onun səsinə qulaq asmaları üçün xahiş etməsinə bənzəyir. Təbii ki, milçəkdə insanların ona qulaq asması üçün ləyaqəti yoxdur. O özü kimi milçəklərlə söhbət etməlidir. Demək, insanın Allah ilə söhbəti milçəyin insanla söhbətinə bənzəyir. Buna görə mə`rifətli insan dua edərkən öncə Allahdan istəyir ki, onun duasını, fəryadını və minacatını eşitsin. İnsan öncə dinləyicisi olduğunu bilməli, sonra danışıb, ehtiyaclarını istəməlidir. Lakin ona “mənimlə danışma” deyilərsə daha danışmaq üçün heç bir yer qalmır. Yaxud, “Allah onlarla danışmaz” və daha pisi “onlara nəzər salmaz” ayələrinin şamil edildiyi insanın danışmasının, dua, fəryad və minacat etməsinin mə`nası yoxdur.

Dua, nida və minacat arasındakı fərq

Bu üç kəlmə arasında bir neçə fərq var: “Dua” geniş və ümumi mə`naya malikdir. Əgər bir şəxsi istər uzaqdan, istər yaxından, istər uca səslə, istər ahəstə, istər tanıyaraq, istər tanımadan çağırsalar, bu çağırış “dua” adlanır. Lakin uca səslə çağırış “nida” adlanır. Nida edən insan uzaqdan və ya yaxından səsini çatdırmaq məqsədi ilə yox, sakitləşmək, ruhi təskinlik tapmaq üçün səsini ucaldır. Başqalarının eşitməyəcəyi səslə kiminləsə danışmağa “Minacat” deyilir. Əlbəttə, bə`zən insan Allahla, bə`zən isə Allah insanla minacat edir. Necə ki, bu həqiqəti həzrət Əli (ə) “Nəhcül-bəlağə”də təsdiqləyir. Allah-təala buyurur: “Bəndəmin məqsədi yalnız mənim razılığım olsa onu sevərəm. Qaranlıq gecələrdə və sakit gündüzlərdə onunla minacat edərəm.”[3] Yə`ni bəndə elə tərzdə söhbət edir ki, Allahın onunla danışdığını anlayır. Lakin heç bir şəxs bu rabitədən xəbər tutmur. Bu növ rabitə Allahın bəndə ilə minacatı adlanır.

Maraqlıdır ki, duanın üçüncü hissəsində əvvəlki iki hissədən fərqli olaraq “minacatımı eşit” yox, “minacat edərkən mənə nəzər sal” deyilir. Bu işin səbəbi odur ki, minacat və xüsusi söhbət zamanı qarşı tərəfin tam diqqət etməsi lazımdır. Qarşı tərəf tam diqqət etmədikdə nəzərdə tutulan hədəf hasil olmur. Demək olar ki, minacatda yalnız xüsusi şəkildə söhbət etmək əsasdır. Söhbətin nə mövzuda olması o qədər də əhəmiyyətli deyil. Başqa sözlə, məhbubla ünsiyyət yaratmaq mühümdür. Əgər məhbub lütf etməyib üz çevirsə nəzərdə tutulmuş məqsəd hasil olmur.

Demək, insan istəsə də, istəməsə də Allah onun sözlərini eşidir. Lakin Allahın lütf edib insanı dinləməsi, ona nəzər salması mühümdür. Onun istəklərinin Allah tərəfindən qəbul olunması sonrakı mərhələyə aiddir. Necə ki, bə`zi minacatlarda qəti surətdə Allahdan heç nə istənilmir. Məsələn, insan “ilahi əgər məni min dəfə cəhənnəmə atıb yandırsan qəlbimdən məhəbbətin xaric olmayacaq”— deyərkən Allahdan heç bir şey istəmir. Bu sözlər yalnız sevgi bildirən kəlmələrdir. İnsan bu sözlərlə istəyir ki, Allah onu dinləsin və ona lütf etsin. Eşitməklə bağlı qeyd olunan üç mə`na arasında (elm, diqqət və qəbulolma) ikinci mə`na, yə`ni “diqqət” daha münasibdir.

“Şə`baniyyə” və sair minacatlara bu növ dua ilə başlanılması əslində bəndələrə dua qaydalarına riayət etməyi və Allahla söhbətə layiq olmağı öyrədir: eyni zamanda insanlara öyrədilir ki, Allahdan onlara minnət qoyub hacətlərinə nəzər salmasını istəsinlər. Çünki günahlar onların abırını aparmış və Allahın nəzər salmasına mane olmuşdur. Bir duada oxuyuruq: “...İlahi, günahlarım çöhrəmi pisləşdirib, dualarımın qarşısını alıb, mənimlə sənin aranı kəsmiş və səsimin sənə çatmamasına səbəb olmuşdur... İndi isə mən sənə doğru yol axtararaq insanların ən sevimlisi, ən əzizi və ən layiqlisinin vasitəsi ilə sənə yaxınlaşmaq istəyirəm...”

Xatırlatmalıyıq ki, tövbə üçün də ləyaqətimiz yoxdur. Gərək ilahi övliyaların vasitəçiliyi ilə ləyaqətli tövbə edək.

Minacatın salavatla başlanmasından belə bir mə`na anlaşılır ki, hətta günahların bağışlanmasını istəmək üçün ləyaqətli olmalıyıq. Allahın tövbələrimizi qəbul etməsi üçün Onun sevimli bəndəsinin adını çəkməklə tövbəyə layiq oluruq. Dua zamanı bu növ ədəb nümayişi daha çox qəlb iştirakına səbəb olur və insanın duasının dəyərini artırır. Əgər bir şəxs hədiyyə gətirdiyi gül dəstəsini evin bir küncünə atarsa, hədiyyənin dəyəri azalar. Lakin təvazökarcasına gül dəstəsini təqdim edərsə, hədiyyənin dəyəri yüksələr. Adi halda bağça və ya bazarda gül dəstələri ucuz və boldur! Hansı qaydada ədəb nümayiş etdirmək lazım olduğunu bilmədiyimiz üçün ilahi övliyalar ədəb qaydalarını bizə öyrətmişlər. Beləliklə, naqis düşüncəmizlə özümüzdən cümlələr icad etməyə ehtiyac yoxdur. Yalnız nəql olunmuş cümlələr barəsində azca düşünməli, sonra həmin cümlələri ədəblə ilahi dərgaha ərz etməliyik.

Əgər insan Allahın ona e`tina göstərmədiyini və onun sözlərinə diqqət etmədiyini təsəvvür edərsə, heç zaman söhbət və raz-niyaz alınmaz. Buna görə Allahdan istəyirik: “İlahi, sözlərimi dinlə və xüsusi lütflə mənə nəzər sal! İlahi, sənə doğru qaçdım.” Sanki insanı hədələyən düşmənlər var; O düşmənlərinin çəngindən qaçıb, onların hərəkət etdiyi istiqamətin əksinə sür`ətlə getmək istəyir.

İndi isə çəngindən qaçıb, Allaha sığındığımız düşmənlərin kim olduğuna nəzər salmalıyıq. Şübhəsiz, Allah cisim deyil ki, O bir istiqamətdə, düşmən də ayrı bir istiqamətdə dursun! Bu ruhi və mə`nəvi qaçışdır. Demək, Allaha əks tərəf insanı süquta aparır. Ondan qaçıb-qurtulmaq isə insanı ucaldır. Bizi Allahla müxalif tərəfə çəkib süquta aparmaq istəyən amillər var. Yerin cazibəsindən çıxan peyklər kimi güclü olub, müxalif qüvvədən qaçıb, ayrı bir fəzada Allaha doğru hərəkət etməliyik.

(Qur`ani-kərim geniş bir biyaban səhnəsini canlandırır: Bu çöldə müəyyən yol yoxdur və xüsusi amillər insanı gicəltmək istəyir. Əlbəttə, şəxsin bə`zi dostları var. Onlar bu şəxsi öz yanlarına çağırırlar. Lakin insan bu amillər tərəfindən çaşdırıldığı üçün dostların də`vətini qəbul edə bilmir.[4] Qur`ani-kərim başqa bir yerdə belə buyurur: “Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sür`ətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.”[5] (Qur`anın bu növ təşbehləri insanın süqutunu göstərir.)

Əlbəttə, bütün mərhələlərdə müxalif qüvvələrin sayı artır və bu qüvvələrin cazibəsi güclənir. Necə ki, tələbələr hər il fərqli və çətin imtahanlarla üzləşirlər! Biz də ilk mərhələdə vaciblər və haramlarla üzləşirik. Sonrakı mərhələlərdə vaciblər və haramların müəyyən edilməsi çətinləşir. Hətta bə`zən insan vaciblə haramı ayırd edə bilmir və ya hansısa bir əməlin vacib, yoxsa haram olmasında şübhəyə düşür.

İbtidai siniflər üçün sadə imtahanlar, məktəbi qurtarmaqda olan şagirdlər üçün isə mürəkkəb riyazi düsturlar və başqa çətin suallar tə`yin edilmişdir. İnsanlar üçün həyatda da müxtəlif mərhələlər və imtahanlar mövcuddur; müvəffəq olmaq üçün kitab və sünnə ilə tanışlıq lazımdır!

Mərhum Ayətullah Hacı şeyx Məhəmməd Təqi Amilidən bir xatirə

Tir ayının yeddisi İslam firqəsində baş vermiş partlayış nəticəsində şəhid olan dostlardan biri (mərhum şeyx Qulam-Riza Daneş Aştiyani) Tehranda mərhum şeyx Məhəmməd Təqi Amilinin yanına gedib ondan mə`nəvi yüksəliş və nəfsin paklaşdırılması üçün yol göstərməsini istəmişdi. Mərhum şeyx Məhəmməd Təqi Amili ona belə cavab verir: “Sənin istəyin kipriklə dağ yarmaq kimidir. Əgər hazırsansa, bu yola qədəm qoy.”

Bu yolu adlamaq bir neçə şəxs tərəfindən daim aşağı çəkilən halda dağa çıxmağa bənzəyir. Yüksəklərə qalxmaq üçün dözümlü olub özünü bu şəxslərin əlindən xilas etməlisən. Bu şəxslər bizi daim Allahdan uzaqlaşdıran şeytanlardır. Onlar bir çox hallarda müxtəlif formalarda peyda olurlar. Məsələn, bə`zən elm və zöhd qiyafəsində zahir olub insanı azdıra bilərlər. Bu halda insan süquta getdiyindən xəbərsiz qalır və əksinə hansısa alimə itaət edib deyə xoşhal olur.

Mərhum şeyx Ənsari ilə bağlı bir yuxu

Şeyx Ənsari zöhd və təqva baxımından misilsiz idi. Təəssüf ki, bu şəxsin mə`nəvi məqamlarından xəbərsizik. Bu şəxsi yalnız “Məkasib” və “Rəsail” kitablarının müəllifi kimi tanıyırıq. Yaxşı olar ki, ustadlar bu kitabları tədris edərkən onların müəlliflərinin ruhi və mə`nəvi məqamları haqqında da danışsınlar və şagirdlər onları daha yaxşı tanısın.

Şeyx Ənsarinin məqamı çox ucadır. Mərcəlik məqamına çatdığı vaxt ona çoxlu pul gətirilirdi. Şeyxin yoldaşı hamilə idi. Qonşu qadınlar şeyxə təklif edirlər ki, yoldaşının doğuşdan sonra istifadə etməsi üçün bir qədər yağ alsın.

Şeyx Ənsari pullardan bir tümən götürüb yoldaşı üçün yağ almaq barədə düşünür. Bu an şeyxin fikirinə gəlir ki, əgər Nəcəf şəhərində din tələbələrindən birinin yoldaşı hamilə olsa onun yağ almağa bir tümən pulu olacaqmı? Şeyx bu fikirlə geri qayıdır və pulu götürdüyü yerə qoyur. Həmin gecə ariflərdən biri yuxuda şeytanın möhkəm və rəngarəng iplər hazırladığını görür. Soruşur: “Bunlar nədir?” Şeytan cavab verir: “Bu kəndirləri xalq üçün düzəltmişəm. Bunlar ilə xalqı şəhvət, rəyasət, məqam, pul və sair bu kimi tələlərə salıram.” Bu an arifin gözü qırılmış qalın bir kəndirə sataşır. Şeytandan soruşur: “Bu nədir və kimin üçündür?” Şeytan kədərli halda ah çəkib deyir: “Doqquz ay zəhmət çəkib bu kəndiri toxudum. Dünən gecə şeyx Ənsarinin boynuna atdım. Lakin o bir hərəkətlə kəndiri qırıb neçə aylıq zəhmətimi zay etdi.”

Bu şəxs yuxudan ayıldıqdan sonra şeyxin yanına gedib gördüklərini danışır. Şeyx Ənsari əvvəlcə ağlayır, sonra həmin bir tümən barəsində danışır. Şeyx bu tövfiqə görə Allaha təşəkkür edir.

Bizim rəngarəng tələləri olan xeyli düşmənlərimiz var. Peyğəmbərlər bizə bu barədə xəbərdarlıq etmişlər: “Rəyasət məhəbbəti, sadiq insanların düşüncəsindən uzaqlaşan axırıncı şeydir.”[6] Çünki insan xalqın ona hörmət etməsini, şəkillərinin nəşr olunmasını və ictimai ünvan sahibi olmasını istəyir. Bütün bu cazibələrdən qurtulub Allaha üz tutmalıyıq. Bu qaçışın yüksək və ya ahəstə sür`ətlə olması bizi özünə tərəf çəkmək istəyən düşmənin qüvvəsindən asılıdır. Psixologiyada deyilir: İnsanda gizli qüvvələr var. Təhlükə hiss etməyincə bu qüvvələr məxfi qalır. Bir çox hallarda özümüzün də bu qüvvələrdən xəbərimiz olmur. Lakin güclü düşmən tərəfindən tə`qib olunarkən qaçıb qurtulmaq üçün bütün qüvvəmizi işə salırıq.

Düşmənlərin növləri

Bu minacatda qəlb iştirakı ilə deyirik: “İlahi, mən güclü və inadkar düşməndən qaçmışam. Əgər qaçmasaydım, düşmən mənə qalib gələrdi və səadətimi itirərdim.”

Ətrafımızda daim bizi Allahdan uzaqlaşdırmaq istəyən qorxulu düşmənlər təhlükəsi var. Bu düşmənlər aşağıdakılardan ibarətdir:

1. Nəfs

“Ən inadkar düşmən insanın öz şəhvani və şeytani istəkləridir. Bu istəklərlə məşğul olmaq ilahi yaxınlıq məqamından uzaqlaşmağa səbəb olur.”[7] Yə`ni böyük günahlar və haram işlərdən əlavə, bə`zən halal nəfsani istəklər də kamilliyə mane olur.

Faydalı bir xatirə

Təzəcə evlənmişdim. Böyük şəxslərdən biri öz kiçik şagirdini yoxlamaq üçün bizə gəldi. Onun üçün şirni gətirdim. Şirnidən azacıq yeyib mənə belə buyurdu: “Bu şirni quşun ayağına bağlanmış və onun uçmasına mane olan bir daşa bənzəyir.” Mənə anlatmaq istəyirdi ki, bə`zən halal işlər də uca kamilliklərə çatmağın qarşısını alır. Dünyanın halal ləzzətləri insanı hərəkətdən saxlayır. Haram və günaha gəldikdə isə bunlar insanı cəhənnəmin dibinə sürükləyir. Cavanlığın ilkin dövrlərini yaşayan və çirkin nəfsani sifətlərə aludə olmayan cavanlar çalışmalı və halal olsa belə nəfsani istəklərlə mübarizə aparmalı, müstəhəbləri yerinə yetirib nəfslərini cilovlamalıdırlar. Cavanlar imamın buyurduğu kimi, cavanlığın qədrini bilməlidirlər. Onlar öz iradələri ilə bir çox işlər görə bilərlər.

2. Cin şeytanlar

“Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam.”[8] Uyğun ayəyə əsasən şeytan bizim and içmiş düşmənimizdir. Bu mövzu bir atalar sözü formasını almışdır. Şeytanın bütün Adəm övladlarını azdırmaq üçün içdiyi and böyük bir anddır.

3. Şeytan törəmələri

“Şeytan və onun camaatı sizi onları görə bilmədiyiniz yerlərdən görürlər.”[9] Uyğun ayəyə əsasən şeytanın törəmələri və onun ətrafındakılar cinlərdən olan şeytanlardandır. Onlar öz səngərlərindən bizləri görən düşmənlərimizdir. Lakin biz onları görmürük və haradan atəş açdıqlarını bilmirik. Buna görə də onların atəşlərindən gizlənmək və münasib cavab vermək bizim üçün çətindir.

4. İnsan şeytanlar

“Ən`am” surəsinin 112-ci ayəsinə əsasən cin şeytanlar adəm övladlarından şagirdlər yetişdirirlər. Bu şagirdlər onlardan geri qalmır və bə`zən daha qüvvəli olurlar. “Nas” surəsində buyurulur: “De ki, pənah aparıram insanların Rəbbinə... cinlər və insanlardan.”[10]

Demək, cin və insandan olan şeytanlar, şeytanın törəmələri və insanın nəfsi daxildən və xaricdən daim bizi tə`qib edən inadkar düşmənlərdir. Bu düşmənlər müxtəlif şəkillərdə, müxtəlif hiylələrlə bizləri vəsvəsə edirlər. Unutmamalıyıq ki, bu düşmənlərin hədəfindəyik. Günah üçün zəmin yaranarkən onların qurduqları tələyə yaxınlaşdığımızı bilməliyik. Yolda bir torba qızılla oğru ilə qarşılaşan tacir düşməndən qaçdığı kimi biz də öz düşmənlərimizin şərindən Allaha doğru sür`ətlə qaçmalıyıq.

Bir neçə şeyi bilməyimiz lazımdır:

1. Daim bizi tə`qib edən düşmənlərimiz var. Onlar iman və mə`rifət sərmayəsini bizdən oğurlamaq istəyirlər.

2. Təkbaşına bu düşmənlərin öhdəsindən gələ bilmərik. Buna görə Əmirəl-mö`minin (ə) buyurur: “İlahi, qəlbim hicablanmış, nəfsim nöqsanlı, əqlim məğlub və nəfs istəklərim qalib olmuşdur.”[11]

3. Düşmənlərin çəngindən elə bir kəsə doğru qaçmalıyıq ki, bizi nəfsimizin, cin və insandan olan şeytanların şərindən qorusun.

4. Bu qaçış qəlbin qaçışı və həvəslərdən ayrılmaqdır. Əks halda nəfs daim bizimlədir və ondan qaçmaq mə`nasızdır; Allah isə hər yerdə mövcuddur, Onun xüsusi yeri yoxdur: “Hansı tərəfə yönəlsəniz, Allah oradadır.”[12]

“Və vəqəftu bəynə yədəykə mustəkinən ləkə mutəzərriən iləykə raciən lima səvabi lədəykə”

“Qarşında miskin, yalvarıb-yaxaran və yanındakı savablara ümidli olan halda dayanmışam.”

Həyat çöllərində vəhşi canavarlardan qaçıb əzəmətli dərgaha sığındıqda bu dərgahın sahibi ilə üzləşirik.

İnsan hansısa bir şəxsin hüzurunda bir neçə formada dayana bilər:

1. Sağ tərəfində;

2. Sol tərəfində;

3. Üzbəüz;

Yalnız üçüncü halda insan kamil şəkildə qarşı tərəflə üzləşir. Bu qarşılaşma halına ərəb dilində “bəynə yədəyk” deyilir.



  İrəli
Go to TOP