A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 568
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


4724. İmam Əli (ə): «Qardaşının eybini üzünə deməkdə sizin üçün heç bir maneə yoxdur, yalnız onun da, eybinizi üzünüzə deməsindən qorxmaq-dan savayı. Siz axirəti uzağa atmaq və dünyayla dostluqda bir-birinizlə dostlaşmısınız.»[1397]

4725. İmam Sadiq (ə): «Mənim üçün ən əziz qardaş odur ki, eyblərimi mənə hədiyyə etsin.»[1398]

1392.Eyib axtarmaq.

Qur‘an:

«Eyib axtarıb[1399] tənə vuran[1400] hər kəsin vay halına.»

Hədis:

4726. Allahın Peyğəmbəri (s): «Möminlərin eyblərini axtarmayın. Çünki kim möminlərin eyblərini axtararsa, Allah da onun eyblərini axtarar. Allah-taala kimin eyblərini axtararsa, evinin içində olsa belə onu rüsvay edər.»[1401]

4727. İmam Əli (ə): «(Başqalarının) Eybləri eşələməyin özü bir eybdir.»[1402]

4728. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmandan):– «Camaatın arasında səndən ən uzaq olan və ən çox acığın gəldiyi insanlar, camaatda ən çox eyb axtaranlar olmalıdır. Çünki camaatın (istər-istəməz) eybləri var və hökmdar onları örtmək üçün ən layiqli şəxsdir. Buna görə də camaatın səndən gizlin eyblərini axtarıb çox dərinə getmə.»[1403]

4729. İmam Əli (ə): «Başqalarının səhvinə heç vaxt şad olma. Çünki sən də həmişəlik xətadan qorunmamısan.»[1404]

4730. İmam Əli (ə): «Kim eyb axtararsa, eybləri axtarılar və söyüş söyər-sə cavabını eşidər.»[1405]

4731. İmam Sadiq (ə): «Allahdan ən uzaq düşmüş bəndə, kimsəylə dostluq məsələsini ortaya atan və onun büdrəyişlərini bir gün başına qaxmaq üçün saxlayandır.»[1406]

1393.Eybləri örtmək.

4732. «Tənbihul Xəvater»: «Rəvayətə görə bir gün İsa (ə) həvarilərlə birgə, it leşinin yanından keçirmiş. Bu vaxt həvarilər deyirlər: «Bu it necə də ilənir!» İsa buyurur: «Əcəb ağ dişləri var.»[1407]

4733. Allahın Peyğəmbəri (s): «Elm və sərvət hər eybin üstünü örtər, nadanlıq və imkansızlıq hər eybin üstünü açar.»[1408]

4734. İmam Əli (ə): «Dözüm eyblərin gorudur.»[1409]

4735. İmam Əli (ə): «Eyblərin pərdəsi ağıldır.»[1410]

4736. İmam Əli (ə): «Kim abır-həya paltarını kimsənin əyninə geydirərsə, camaat onun eybini görməz.»[1411]

4737. İmam Əli (ə): «Bilik öz paltarını kimin əyninə geydirərsə, eybi camaatdan gizli qalar.»[1412]

4738. İmam Əli (ə): «Bəxtin sənə yar olunca sənin eybin gizlin qalar.»[1413]

1394. Kim nəyi bilməsə ondan irad tutar.

4739. İmam Əli (ə): «Kimsə nəyisə dərk etməkdə aciz qalarsa, ondan irad tutar.»[1414]

4740. İmam Əli (ə): «Kim nəyi bilməzsə, ondan eyb tutar.»[1415]

297 Başa qaxmaq

1395. Başa qaxmağın pislənilməsi.

4741. Xızır (ə) (Musaya (ə) tövsiyyə edərkən): «Ey İmranın oğlu! Heç kəsin günahını başına qaxma və öz günahın üçün ağla.»[1416]

4742. Allahın Peyğəmbəri (s): «Kim öz qardaşını tövbə etdiyi günaha görə danlasa, özü həmin günahı etməyincə ölməz.»[1417]

4743. Allahın Peyğəmbəri (s): «Günahlı və çirkin işin üstünü açanın özü, həmin işi görmüş kimidir. Nəyisə möminin başına qaxanın özü, həmin işi görməyənə qədər ölməyəcəkdir.»[1418]

4744. Allahın Peyğəmbəri (s): «Qulluqçularınızdan kimsə zina etsə, ona hədd cəzasını tətbiq edin, ancaq başına qaxmayın.»[1419]

4745. Allahın Peyğəmbəri (s): «Əgər müsəlman qardaşın sənin bir eybini bilərsə və onu sənin başına qaxarsa, sənin ondan bildiyin eyb və günahı onun başına qaxma ki, sənin üçün mükafat, onun üçün isə günah olsun.»[1420]

4746. İmam Baqir (ə): «Ən pis şəkildə ölənlərdən qeyri, elə insan yoxdur ki, möminin üzünə onun pisinə danışsın. Belələri xeyir və səadətin üzünü görməməyə layiqdirlər.»[1421]

4747. İmam Sadiq (ə): «Kim mömini danlayarsa, Allah onu dünya və axirətdə danlar.»[1422]

4748. İmam Sadiq: «Öz qardaşının çətiniliyinə görə sevinmə ki, Allah ona rəhm edər və səni həmin çətinliyə düçar edər.» Eləcə də buyurmuşdur: «Qardaşının başına gələn müsibət və çətinliyə sevinənin özü, ona düçar olmayana qədər dünyadan getməz.»[1423]

298 Xoşluq

1396. Ən rahat həyat.

4749. İmam Əli (ə): «Ən rahat həyat məşəqqət və çətinliklə görülən işləri kənara atmaqdır.»[1424]

4750. İmam Əli (ə): «Ən xoş həyat qənaət etməkdir.»[1425]

4751. İmam Əli (ə): «Ən xoş və asudə həyatı o şəxs yaşayır ki, Allah-taala ona qənaətcillik və pak, ləyaqətli həyat yoldaşı əta etmiş olsun.»[1426]

4752. İmam Sadiq (ə): «Xoş xasiyyətdən rahat həyat yoxdur.»[1427]

1397. Həyatı korlayan amillər.

4753. İmam Sadiq (ə): «Üç şey həyatı korlayır: zalım hökmdar, pis qonşu və acıdil həyasız arvad.»[1428]

4754. İmam Sadiq: «Hər kimdə bu beş şeydən biri olmasa həmişə həyatı ləng, ağlı mə‘yus, fikri məşğul olar: birincisi sağlamlıq, ikincisi təhlükəsizlik, üçüncüsü ruzinin böyüklüyü, dördüncüsü həmdəm.» Rəvayətçi deyir ki, uyğun həmdəmin nə olduğunu soruşdum. Buyurdu: «Yaxşı arvad, yaxşı övlad və yaxşı yoldaş. Beşincisi, bunların cəmi olan asayiş.»[1429]

299 Aldanmaq və qəflət

1399. Aldanmaq və xəbərsizliyin pislənilməsi.

4755. İmam Əli (ə): «Xoşa o kimsənin halına ki, öldürücü yalanlar onu öldürməmişdir.»[1430]

4756. İmam Əli (ə): «Xəbərsizlik və yalanın məstliyi içkinin məstliyindən daha gec gedər.»[1431]

4757. İmam Əli (ə): «Kim (dünyanın) ilğıma aldanarsa, onun (səadət) kəndirləri bir-birindən qopar.»[1432]

4758. İmam Əli (ə): «Sizinlə möminin arasında qəflətdən pərdə var.»[1433]

4759. İmam Səccad (ə): «Nə çoxdur gününü eyş-işrətdə, yeyib içməkdə, gülməkdə keçirən və Allahın qəzəbinin bəlkə də onu bürüdüyünü və bu qəzəbə görə də, cəhənnəm oduna atılacağından xəbərsiz, aldanmış şəxs.»[1434]

4760. İmam Sadiq (ə): «Kim bu üç şeyə etimad edərsə, aldanar: olmayana və qeyri-mümkün şeyə inanan, etimad etmədiyi şeyə arxalanan və əldə edə bilməyəcəyinə tamah gözünü tikən.»[1435]

1399. Allaha qarşı məğrurluq və Ona əbəs tamah salmaq.

Qur‘an:

«Ey insan! Səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir? O Rəbbin ki, səni yoxdan yaratdı, düzəldib qaydaya saldı. Sənə istədiyi surəti verdi.»[1436]

Hədis:

4761. İmam Əli (ə): «Ey Məs‘udun oğlu! Allaha qarşı məğrur olma və öz qorxmazlığına, elminə, əməlinə, yaxşılığına və ibadətinə aldanma.»[1437]

4762. İmam Əli (ə): «Günahlardan amanda qalmağın amillərindən biri də budur ki, Allaha qarşı məğrur olmayın (və ona boş yerə tamah salmayın və özünüzü Onun əzabından amanda sanmayın).»[1438]

4763. İmam Əli (ə): «Bəndənin günah işlərdə israr edə-edə Allahdan

bağışlanmasını arzulaması, Allaha qarşı məğrur olmaqdır.»[1439]

4764. İmam Əli (ə): «Allahın yaxşılığı ilə az-az haqqın əzabına yaxınlaşan, günahlarının üstü örtüldüyünə görə məğrurlaşan və aldanan, (camaat tərəfindən) təriflənib təqdir olunduqlarına görə fitnə-fəsada düşənlər nə qədər də çoxdur!.»[1440]

1400. Dünyaya aldanmaq.

4765. İmam Əli (ə): «Dünyaya aldanmaqdan çəkinin. Çünki dünya yalandan insana verdiyi hər neməti və yaxşılığı həmişə geri alar və kim dünyaya ürək bağlayıb xoş olarsa, onu köçürər.»[1441]

4766. İmam Əli (ə): «Nəfsin dünyaya ürək bağlaması ən böyük aldanışdır.»[1442]

1401. Nəfsinə aldanmaq.

4767. İmam Əli (ə): «İzzətin səni aldatdı və bunun sonu sənin zəlilliyin olacaqdır. Belə isə öz çirkin əxlaqından qorx ki, bəlkə bu yolla hidayət olasan.»[1443]

4768. İmam Əli (ə) «Hər kim nadan olsa, öz nəfsinə aldanar və bu günü dünənindən daha pis olar.»[1444]

300 Peyğəmbərin döyüşləri

1402. Böyük Bədr döyüşü.

Qur‘an:

«Həqiqətən, siz Bədrdə az və zəif olduğunuz halda Allah hər an sizə yardım etdi. Allaha şükr edən olmaq üçün Ondan qorxun! O zaman sən möminlərə deyərdin: Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?»[1445]

Hədis:

4769. İmam Əli (ə): «Bədr döyüşündə Allahın Peyğəmbərinin (s) səhabələrinin üzü pambıq kimi ağappaq idi.»[1446]

4770. İmam Əli (ə): «Bədr döyüşündə biz özümüz Allahın Peyğəmbərinə (s) sığındıq. Həzrət hamımızdan düşmənə daha yaxın idi və həmin gün hamıdan çox şücaət göstərdi.»[1447]

4771.İmam Əli (ə): «Bədr döyüşündə aramızda Hiqdad ibn Əsvəddən başqa süvari yox idi. Doyüş axşamı ağacın altında dayanıb səhərə qədər namaz qılıb dua oxuyan Allahın Peyğəmbərindən (s) başqa, bizimlə olanların hamısı yatdı.»[1448]

1403. Uhud döyüşü və Həmraul Əsəd.

Qur‘an:

«Sən möminləri döyüşməli olduqları yerlərə yerləşdirmək üçün sübh tezdən öz ailəndən ayrılıb getdiyin vaxtı yadına sal! Şübhəsiz, Allah eşidən və biləndir.»[1449]

4772. İbn Məs‘ud: «Uhud döyüşündə qadınlar müsəlmanların arxa cəbhəsində igilər və müşriklərin yaraladıqları insanlara kömək edirdilər. Əbu Süfyan gəlib «hübəl (büt) zəfər çalsın» şüarını qışqırdı. Allahın Peyğəmbəri (s) müsəlmanlara buyurdu: «Siz də «Allahu əla və əcəllu» (Bir olan Allah uca və cəlallıdır) deyə qışqırın.» Müsəlmanlar da «Allahu əla və əcəllu» şüarını qışqırdılar. Əbn Süfyan qışqırdı: «Ləna əl-Uzza və la Uzza ləkum.» (Bizim Uzza adlı bütümüz var, sizinsə Uzzanız yoxdur) Allahın Peyğəmbəri (s) müsəlmanlara buyurdu: «Siz də deyin ki, «Allahu movlana və la movla ləkum» (Allah bizim rəhbərimizdir, sizinsə rəhbəriniz yoxdur).» [1450]

4773. Ənəs: «Uhud döyüşündə Peyğəmbərin qabaq dişləri sındı, o Həzrətin başı yarıldı və başının ortasından qan axa-axa buyurdu: «Onları Allah yoluna də‘vət edən peyğəmbərinin başını yaran, qabaq dişlərini sındıran camaat nicat, qurtuluş tapsın?[1451] Sonra Allah-taala bu ayəni göndərdi: «Sənin bu işlərdə əlin yoxdur.» [1452]

4774. İmam Əli (ə): «Uhud döyüşündə camaat Allahın Peyğəmbərinin (s) ətrafından dağıldığı vaxt mən ölənlərin arasında Onu axtarsam da, Allahın Peyğəmbərini (s) görmədim. Öz-özümə dedim: «Allaha and olsun, O qaçanlardan deyildi. Ancaq ölülərin də arasında görmürəm. Zənnimcə, Allah bizim bu rəftarımıza qəzəblənib və peyğəmbərlərini səmaya çəkib. Deməli, mənim varlığımın bir faydası yoxdur və ölüncəyə qədər döyüşməliyəm. Buna görə də qılıncımın qınını sındırıb düşmənə həmlə etdim və onlar mənim qarşımdan uzaqlaşdılar. Birdən gördüm ki, Allahın Peyğəmbəri (s) də onların əhatəsindədir.»[1453]

1404. Zatur-Riqa döyüşü.

4775. İmam Sadiq (ə): «Zatur-Riqa döyüşündə Allahın Peyğəmbəri (s) bir dərənin kənarında ağacın altında atdan düşdü. Bu zaman sel gəldi və Həzrətlə dostlarını bir-birindən ayırdı. Bir müşrik kişi peyğəmbəri (s) bu halda gördü. Müsəlmanlar da dərənin qarşı tərəfində dayanıb selin dayanmağını gözləyirdilər. Həmin müşrik kişi yoldaşlarına dedi: «Mən Məhəmmədi öldürəcəyəm.» Sonra peyğəmbərin yanına gəlib, Allahın Peyğəmbərinin (s) üstünə qılınc çəkdi və dedi: «Ey Məhəmməd! İndi kim Səni mənim çəngimdən qurtaracaq?» Həzrət buyurdu: «Mənim və sənin Allahın.» Bu zaman Cəbrayıl həmin kişini atdan yıxdı və o, arxasıüstə yerə düşdü. Allahın Peyğəmbəri (s) qalxıb qılınc çəkdi və onun sinəsinə çöküb soruşdu: «Kim səni mənim çəngimdən qurtaracaq ey Ğəvrəs?» Ərz etdi: «Sənin mərhəmət və kərəmin, ya Məhəmməd!» Həzrət həmin kişidən əl çəkdi və o, qalxıb dedi: «Allaha and olsun, sən məndən yaxşısan və kərəm sahibisən.»[1454]

1405. Əhzab və Bəni Qureyzə döyüşü.

4776. Yəzid ibn Əssəm: «Allah əhzabı darma-dağın etdikdə, Peyğəmbər (s) evinə qayıtdı və üstünü, başını yumağa başladı. Bu vaxt Cəbrayıl o Həzrətin yanına gəlib dedi: «Allah səni bağışlasın. Göylərin mələkləri silahlarını yerə qoymamış, sən silahını yerə qoymusan? Bəri Qureyzə qalasına bizim yanımıza gəl.» Sonra Allahın Peyğəmbəri (s) car çəkib qalanın yanında onlara qoşuldu.»[1455]

4777. İmam Baqir (ə) («Çox mal-dövlət zay etmişəm»[1456] ayəsi barədə)– «Məqsəd Xəndək döyüşündə Əli ibn Əbutalibin ona İslamı qəbul etməyi təklif etdiyi Əmru ibn Əbduddur. Əbdud demişdir: «Sizinlə mübarizəyə xərclədiyim bu qədər var-dövlət nə olsun?» O, Allahın yoluna qarşı mübarizədə malını xərcləmişdi. Əli (ə) onu öldürdü.»[1457]

4778. İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) xəndək qazanda mü­səl­man­lar maneəyə rast gəldilər. Allahın Peyğəmbəri (s) külüngü Əmirəl-möminin və ya Salmanın əlindən alıb ona elə zərbə vurdu ki, 3 tikə oldu. Bu vaxt Allahın Peyğəmbəri (s) buyurdu: «Allah bu zərbəmlə Kəsra və Qey­sə­rin xəzinələrini mənimçün açdı.» Oradakılardan biri dostuna dedi: «Bizim heç birimizin zəruri ehtiyac (subaşı) üçün (düşmənin qorxusundan) çölə çıx­ma­ğa qadir olmadığımız halda, bizə Kəsra və Qeysərin xəzinələrini vəd edir.»[1458]

1406. Xeybər döyüşü.

4779. Burəydə: «Xeybər döyüşü günündə Əbubəkr bayrağı aldı. Ancaq fəth edə bilməyib qayıtdı. Sonrakı gün Ömər bayrağı götürdü və o da uğursuz geri döndü. İbn Muslimə öldürüldü və camaat (müsəlmanlar) qayıtdılar. Allahın Peyğəmbəri (s) buyurdu: «Bu bayrağı eləsinə verəcəm ki, Allahı və peyğəmbərini sevir, Allah və peyğəmbəri də onu sevir və fəth, qələbə qazanmayana qədər geri dönməz.» Biz həmin gecəni, sabahın qələbə günü olacağı üçün sevinc içində keçirdik. Allahın Peyğəmbəri (s) səhər namazını qıldı, bayrağı istədi və yerindən qalxdı. Peyğəmbərə yaxınlığı və Onun yanında mövqeyi olan bizlərdən hər birimiz bayraqdarın özü olacağına ümid edirdik. Hətta, Peyğəmbərə yaxın olduğuma və onun yanındakı mövqeyimə görə boynumu dartıb başımı dik tutmuşdum. Ancaq Həzrət, Əli ibn Əbutalıbi çağırdı. Əlinin (ə) gözü ağrıyırdı. Allahın Peyğəmbəri (s) onun gözünə əl çəkdi və bayrağı ona tapşırdı. Fəth və qələbə də onun nəsibi oldu.»[1459]

1407. Məkkənin fəthi uğrundakı döyüş.

4780. Ömər ibn Xəttab: «Məkkənin fəth olunduğu gün Allahın Peyğəmbəri Məkkəyə daxil oldu. Səfvan ibn Ümməyə, Əbu Süfyan ibn Hərb və Haris ibn Hişamın ardınca adam göndərdi. Ömər deyir: «Öz-özümə dedim ki, Allah onları bizim çəngimizə salıb və əməllərinin cəzalarını onlara dadızdıracağıq. Ancaq Allahın Peyğəmbəri (s) onlara buyurdu: «Mən bu gün sizlərə, Yusifin qardaşlarına dediklərini deyirəm: «Bu gün sizə ağrı-acı yoxdur. Mehribanların ən mehribanı olan Allah sizi bağışlayır.» Ömər deyir: «Ağlımdan belə bir fikir keçdiyinə və Allahın Peyğəmbərinin (s) isə onlara belə cavab verdiyinə görə Peyğəmbərdən (s) utandım.»[1460]

4781. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) Ramazan ayında Bədr döyüşünə getdi və Ramazan ayında da Məkkəni fəth etdi.»[1461]

4782. İmam Rza (ə): «Məkkənin fəth olunduğu gün, sayı üç yüz altmış olan büt Kə‘bənin ətrafında düzülmüşdü. Həzrət əlindəki çubuqla onları vura-vura buyururdu: «Haqq gəldi və batil məhv oldu. Həqiqətən də, batil məhv olasıdır. Haqq gəldi və batil bir daha geri dönüb başlamayacaq.» Bu zaman bütlər bir-bir üzü üstə yerə düşdülər.»[1462]

1408. Huneyn döyüşü.

4783. İmam Sadiq (ə): «Peyğəmbərin (s) Huneyn döyüşündəki qədər ağır günü olmayıb. Çünki ərəblər Həzrətə düşmən kəsilmişdilər.»[1463]

301 Fırıldaq və əliəyrilik

1409. Fırıldaqçılığın pislənməsi.

4784. Allahın Peyğəmbəri (s): «Kim öz müsəlman qardaşına fırıldaq gəlsə, Allah bərəkəti onun ruzisindən götürər, həyatını xarab edər və onu öz halına buraxar.»[1464]

4785. Allahın Peyğəmbəri (s): «Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr və mələklər həmişə ona qarğış edərlər.»[1465]

4786. «Kənzul-Ummal»: «Allahın Peyğəmbəri buğda kisəsinin yanından keçirdi. Əlini onun içinə saldı və barmaqlarına nəmişlik gəldi. Buyurdu: «Bu nədir, ey satıcı?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri. Ona yağış dəyib.» Həzrət buyurdu: «Niyə o hissəni üstə qoymamısan ki, camaat görsün? Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»[1466]

4787. İmam Əli (ə) (Ona iş görənlərdən birinə tövsiyyəsindən): «Həqiqətən də, ən böyük ümmətin xəyanətidir (yaxud ümmətə edilən xəyanətdir). Ən çirkin fırıldaq isə rəhbərlərin (və ya rəhbərlərə qarşı edilən) fırıldağıdır.»[1467]

4788. İmam Əli (ə): «Xalqın dini işlərində onlara fırıldaq gələn Allahın və Onun peyğəmbərinin düşmənidir.»[1468]

4789. İmam Sadiq (ə): «Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»[1469]

4790. «əl-Kafi»: İmam Kazim (ə) kölgədə (qaranlıqda) Şapur parçası satan Heşam ibn Həkəmin yanından keçdikdə buyurdu: «Ey Heşam! Kölgədə mal satmaq fırıldaqçılıqdır və (alqı-satqıda) fırıldaq rəva deyil.»[1470]

302 Qəsb etmək

1410. Qəsb etmək.

4791. Allahın Peyğəmbəri (s): «Kimsə müsəlmanın malını haqsız yerə qəsb edərsə, Allah həmişəlik ondan üz döndərər, gördüyü hər yaxşı işə qəzəblənər və tövbə edib götürdüyü malı sahibinə qaytarmayana qədər onları yaxşı işlər siyahısına salmaz.»[1471]

4792. Allahın Peyğəmbəri (s): «Kimsə kimsənin torpağını nahaqdan qəsb edərsə, Allah-taalanı onunla qəzəblənmiş halda görüşər.»[1472]

4793. Allahın Peyğəmbəri (s): «Qardaşının malını nahaq yerə almaq heç bir müsəlmana rəva deyil. Çünki Allah müsəlmanın malını müsəlmana haram etmişdir.»[1473]

4794. İmam Əli (ə): «Evdə qəsb edilmiş daşın olması, həmin evin dağılmasının zaminidir.»[1474],[1475]

4795. İmam Sadiq (ə): (Haqsız yerə torpaq alıb orada ev tikənin hökmü haqda suala cavabından): «Evi viran olar və torpaq sahibinə qaytararlar. Zülmkarın alın tərinə və haqqı tapdalayana haqq yoxdur.»[1476]

4796. İmam Əli (ə): «Başqasının icazəsi olmadan onun malını ələ keçirmək heç kəsə rəva deyildir.»[1477]

303 Qəzəb

1411. Qəzəb bütün pisliklərin açarıdır.

4797. Allahın Peyğəmbəri (s): «Qəzəb şeytan alovunun bir hissəsidir.»[1478]

4798. İmam Əli (ə): «Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşmançılıq çəkər. Əgər peşman olmasa, dəliliyi qət‘idir.»[1479]

4799. İmam Sadiq (ə): «Qəzəb hər bir pisliyin açarıdır.»[1480]

4800. İmam Sadiq (ə): «Qəzəb müdrik şəxsin qəlbini məhv edəndir.»[1481]

1412. Qəzəbə hakim olmağa həvəsləndirmək.

4801. Allahın Peyğəmbəri (s): «Sizə ən güclünüzdən xəbər verimmi? Bu, qəzəbli olanda özünü saxlayanınızdır.»[1482]

4802. İmam Baqir (ə): «Heç bir güc, qəzəbin qarşısını almaq qədər deyil.»[1483]

4803. İmam Sadiq (ə): «Kim öz qəzəbinə sahib deyilsə, ağlına da sahib deyil.»[1484]

1413. Qəzəbi söndürməyə həvəslənmək.

Qur‘an:

«Onlar qəzəblərini udar, insanların günahlarından keçərlər.»[1485]

«O kəslər ki, qəzəbləndikləri zaman bağışlayırlar.»[1486]

Hədis:

4804. Allahın Peyğəmbəri (s): «Həqiqətən, cəhənnəmin qapısı var ki, oradan yalnız Allaha qarşı günahlarla öz qəzəbini sakitləşdirən girər.»[1487]

4805. Allahın Peyğəmbəri (s): «Kim qəzəbinin qarşısını almasa, Allah da ona qarşı əzabının qarşısını almaz.»[1488]

4806. İmam Baqir (ə): «Kim qəzəbini soyuda bilsə və onu udsa, Allah qiyamət günündə onun qəlbini iman və rahatlıqla aşırıb daşırar.»[1489]

4807. İmam Sadiq (ə): «Qəzəb, ona qarşı dözümü olan üçün nə qədər gözəl qurtumdur.»[1490]

1413. Qəzəbin dərmanı.

4808. Allahın Peyğəmbəri (s): «Ey Əli! Qəzəblənmə və qəzəblənsən də otur və Allahın bəndələr üzərində qüdrəti və onlara etdiyi güzəşt barədə düşün. Sənə «Allahdan qorx» deyilsə, qəzəbini kənara qoy, öz güzəşt və səbrinə müraciət et.»[1491]

4809. İmam Əli (ə): «Qəzəbinizə susmaqla, nəfsin istəklərinə ağılla dərman edin.»[1492]

1415. Qəzəb, Allaha sitayişin yolunda.

4810. Musa (ə): «Pərvərdigara! Kimlərdir, Sənin sayəndən qeyri bir kölgənin olmadığı bir vaxtda ərşində olan o bəndələrin?» Allah ona vəhy buyurdu: «Mənim haramlarım halal sayılanda yaralı pələng kimi qəzəblənən kimsələr.»[1493]

4811. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) dünyaya görə qəzəblənmirdi. Ancaq haqqa görə qəzəblənsəydi, heç kəs onu tanımazdı və haqqın intiqamını alana qədər heç nə Onun qəzəbinin qarşısını ala bilməzdi.»[1494]

4812. İmam Əli (ə): «Kim yaramaz adamlarla düşmən olub Allaha xatir qəzəblənsə, Allah ondan ötrü qəzəblənər və qiyaəmət günündə onu şad edər.»[1495]

304 Allahdan günahlarının bağışlanmasını diləmək

1416. Cünahların bağışlanmasını diləmək.

Qur‘an:

«Bir günah iş gördükləri, yaxud zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını diləyənlər....»[1496]

«Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər»[1497].

Hədis:

4813. Loğman (ə) (Öz övladına tövsiyyəsi):–«Övladım! Məbada, xoruz səndən zirək olsun və sən yuxuda olarkən səhər erkən oyansın və bağışlanmasını diləsin!»[1498]

4814. Allahın Peyğəmbəri (s): «Ən yaxşı dua günahlarının bağışlanmasını diləməkdir.»[1499]

4815. Allahın Peyğəmbəri (s): «Ən yaxşı ibadət istiğfar (günahlarının bağışlanmasını istəmək) etməkdir.»[1500]

4816. Allahın Peyğəmbəri (s): «Çox istiğfar edin. Çünki Allah istiğfarı sizə yalnız ona görə öyrətmişdir ki, günahlarınızı bağışlasın.»[1501]



Geri   İrəli
Go to TOP