A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 537
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


1715. Allahın Peyğəmbəri (s): «Sözlərin ən yaxşısı Allahı yad etmək və hikmətin əsası Allaha itaətdir.» [1917]

1716. Allahın Peyğəmbəri (s): «Yaxşı rəftar etmək hikmətin zirvəsidir.»[1918]

1717. İmam Əli (ə):«Haqqa bağlılıq və haqqa yoldaş olan kəsə itaət etmək hikmətin əsasıdır.»[1919]

563. Hikmət gətirən şeylər

1718. İmam Əli (ə): «Şəhvətinə və nəfsi istəklərinə qalib gələn, hikmətin kamillik dərəcəsinə çatacaq.»[1920]

1719. İmam Əli (ə): «Hikmət günahdan çəkinməkdən başqa heç bir yolla əldə olunmaz.»[1921]

1720. İmam Sadiq (ə): «Hər kəs dünyaya arxa çevirsə, Allah onun qəlbində hikməti möhkəmlədər və dilini onunla dilləndirər.»[1922]

564. Hikmət əldə etməyə mane olanlar

1721. Allahın Peyğəmbəri (s): «Mə‘də boş olan vaxt qəlb hikməti qəbul edər. Mə‘də dolu olanda qəlb hikməti çölə atar.»[1923]

1722. İmam Əli (ə): «Şəhvətlə hikmət bir yerə sığmaz»[1924]

1723. İmam Sadiq (ə): «Qəzəb hikmət sahibinin qəlbini korlar. Öz qəzəbinə nəzarət edə bilməyən şəxs, öz ağlına da nəzarət edə bilməz.»[1925]

1724. İmam Kazim (ə): «Həqiqətən, əkin daş üzərində deyil, yumşaq torpaqda əmələ gələr. Hikmət də belədir, təvazökar qəlblərdə abad olar, özündənrazı və təkəbbürlü qəlbdə isə yetişməz. Çünki Allah təvazökarlığı ağıl üçün bir vasitə qoyub.»[1926]

1725. İmam Hadi (ə): «Hikmət, fəsadlı canlarda təsirli və faydalı olmaz.»[1927]

565. Hikmətin nəticəsi

1726. İmam Əli(ə): «Hər kimin qəlbində hikmət yer taparsa ibrətgötürən olar.»[1928]

1727. İmam Sadiq (ə): «Hikmətin barəsində çox düşünmək ağlı səmərəli edər.»[1929]

566. Hikməti qorumaq

1728. İmam Əli (ə): «Müdriklər hikməti əhli olmayanların ixtiyarına verəndə onu pozdular.»[1930]

1729. İmam Kazim (ə):«Hikməti nadanların ixtiyarına verməyin ki, ona zülm etmiş olarsınız. Hikməti hikmət əhlindən də əsirgəməyin ki, ona da zülm etmiş olarsınız.»[1931]

112 And içmək

567. Pak və müqəddəs Allaha and içməyin qadağan olunması

Qur’an:

«Yaxşılıq etməkdən, təqvalı olmaqdan, xalq arasında barışıq yaratmaqdan kənar durmanız üçün Allahı öz and yerinizə çevirməyin. Allah eşidən və biləndir.»[1932]

Hədis:

1730. İmam Sadiq (ə):«Allaha, doğru da olsa, yalan da olsa and içməyin. Çünki Allah-taala buyurmuşdur:«Allahı öz andlarınıza vasitə etməyin.»[1933]

568. Yalan and içmədən çəkinmək

1731. «Səvabul-əmal» kitabından:«Allah-taala buyurmuşdur:«Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm.»[1934]

1732. Allahın Peyğəmbəri(s):«Yalandan and içməkdən çəkinin. Çünki bu iş evləri sakinsiz qoyar.»[1935]

1733. İmam Sadiq (ə):«Hər kəs yalan olduğunu bildiyi halda and içsə Allaha qarşı müharibəyə qalxmışdır.»[1936]

1734. İmam Sadiq (ə):«Məcburən yalandan and içmək özündən sonra qalan övladlara yoxsulluq gətirər.»[1937]

569. Zalıma and içdirməyin yolu

1735. İmam Əli (ə) :«Zalıma and içdirmək istəyəndə, ona «Mən Allahın qüvvət və qüdrətindən uzaq olum» dedizdirərək and içirdin. Çünki əgər yalandan buna and içmiş olsa çox tez bir zamanda öz cəzasına çatar. Ancaq, «And olsun Allaha, Ondan başqa Allah yoxdur» desə Allah cəza verməyə tələsməz. Çünki Allah-taalanı vahidliyi ilə mədh etmişdir.»[1938]

113 Halal

570. Halal

Qur’an:

«Səndən hansı şeylərin halal olduğunu soruşurlar. De ki, sizə pak şeylər halal olunmuşdur.»[1939]

«Ey insanlar! Yer üzündə halal və pak olan şeylərdən yeyin və şeytanın ardınca getməyin. O, sizin açıq-aşkar düşməninizdir.»[1940]

Hədis:

1736. İmam Əli (ə):«Sənə halaldan istifadə etməyi, ailənə yaxşılıq etməyi və bütün hallarda Allahı yad etməyi tövsiyə edirəm.»[1941]

571. Halal malı əldə etməyin çətinliyi

1737. İmam Sadiq (ə):«Qılınc vurmaq halal mal əldə etməkdən asandır.»[1942]

572. Möminin öz razılığı olmadan onun malından istifadə etmək halal deyil

1738. Allahın Peyğəmbəri (s) :«Heç kəsə, qardaşının razılığı olmadan onun malından heç nə halal deyil.»[1943]

114 Dözümlülük

573. Dözümlülük

1739. Allahın Peyğəmbəri (s) :«Dözümlü insan peyğəmbərliyə yaxındır.»[1944]

1740. İmam Əli (ə):«Dözümlülük ağlın kamilliyidir.»[1945]

1741. İmam Əli (ə):«Dözümlülük möminin işinin nizama düşməsinin səbəbidir.»[1946]

1742. İmam Əli (ə):«Kişinin gözəlliyi onun dözümlülüyü ilə ölçülür.»[1947]

1743. İmam Əli (ə):«Əgər dözümlü deyilsənsə də, özünü dözümlü kimi göstər. Çünki özünü başqa insanlara bənzədib, sonunda onlardan birinə çevrilməyən çox az adam tapılar.»[1948]

1744. İmam Əli (ə):«Dözümlü o kəsdir ki, öz qardaşlarına qarşı dözümlü olsun.»[1949]

1745. İmam Rza (ə):«İnsan dözümlü olmayınca, abid olmaz.»[1950]

574. Dözüm gətirən şeylər

1746. İmam Əli (ə):«Ağlın artması ilə dözümlülük də artar.»[1951]

1747. İmam Əli (ə):«Sənə dözümlü olmağı tövsiyə edirəm, çünki o, elmin səmərəsidir.»[1952]

1748. İmam Əli (ə):«Dözümlülüklə vüqar yüksək əzm və iradədən doğulmuş iki əkizdir.»[1953]

575.Dözümlülüyün səmərələri

1749. İmam Əli (ə) :«Dözümlü olan, ağalıq edər.»[1954]

1750. İmam Əli(ə):«Düşməninə qarşı dözüm göstərən, ona qalib gələr»[1955]

1751. İmam Əli (ə) :«Dözümlü şəxsin bu xasiyyətindən götürdüyü ilk bəhrə, nadanın müqabilində xalqın onun köməyinə gəlməsidir.»[1956]

1752. İmam Əli (ə):«Qəzəbin şiddətli vaxtında dözüm göstərmək, insanı Allahın qəzəbindən amanda saxlar.»[1957]

1753. İmam Sadiq (ə) :«Köməklik üçün dözümlülük kifayət edər.»[1958]

576. Dözümlülüyün izahı

1754. İmam Həsən (ə) (dözümlülüyün mənası haqda sualın cavabında): «Dözümlülük qəzəbi boğmaq və nəfsi saxlamaqdır.»[1959]

577. Qəzəbli olanda dözümlülük

1755. Loğman (ə) :«Dözümlü şəxs qəzəbli vaxtından qeyri bir halda tanınmaz.»[1960]

1756. İmam Əli (ə) – ən dözümlü şəxs barədə sualın cavabındaQəzəblənməyən kimsədir.»[1961]

1757. İmam Səccad (ə) :«Mənim o insandan xoşum gəlir ki, qəzəbləndiyi vaxtı səbr onu haqlasın.»[1962]

115 Axmaqlıq

578. Axmaqlıq

1758. İmam Əli (ə) :«Axmaqlıq, ən pis xəstəlikdir.»[1963]

1759. İmam Əli (ə) :«Ən pis yoxsulluq axmaqlıqdır.»[1964]

1760. İmam Əli (ə) :«Axmağın özü özünə vurduğu ziyanı, düşmən öz düşməninə vurmaz.»[1965]

579. Axmağın sifətləri

1761. Məsih (ə) «Axmaq kimdir?» sualının cavabında: «İnadkar, özündənrazı, bütün fəzilətlərin özündə olduğunu zənn edən, heç kəsi özündən üstün bilməyən, bütün hüquqların onunçün olduğunu düşünən və başqalarının onun üzərində olan heç bir haqqını tanımayandır. Bu elə axmaqlıqdır ki, onun dərdinə heç bir əlac yoxdur.»[1966]

1762. İmam Əli (ə) :«Kim başqalarının eyblərini görüb onları yaramaz hesab edir, sonra isə həmin eyibləri özündə bəyənirsə, həqiqi axmaq odur.»[1967]

1763. İmam Əli (ə) :«Kişinin axmaqlığı üç şeydən tanınar: mənasız (sözlər) danışmaqdan, ondan soruşulmayan suala cavab verməkdən və işlərində qorxmazlıq və cəsarətdən.»[1968]

1764. İmam Əli (ə) :«Axmağın nişanələrindən biri budur ki, hər an bir rəngə düşər.»[1969]

1765. İmam Əli (ə):«Xalqın sənin üçün dedikləri hər bir şeyi rədd etməyə çalışma. Axmaqlığı göstərməkçün elə bu kifayətdir.»[1970]

580. Axmaqla yoldaşlıq etmək

1766. İmam Səccadın (ə) öz alicənab oğlu Həzrət Baqirə (ə) tövsiyyələrindən: «Oğlum! Axmaqla oturub-durmaqdan və ya yoldaşlıq etməkdən çəkin, ondan uzaqlaş və onunla həmsöhbət olma. Çünki ağılsız adam istər yanında olsun, istərsə də başqa yerdə, alçaq və şəxsiyyətsizdir. Söhbətə başlasa axmaqlığı onu rüsvay edər və nə vaxt sakit qalsa, bu onun söz danışmaq qüdrətinin olmamasına görə olar. Əgər bir iş görərsə onu xarab edər, öhdəsinə bir məsuliyyət götürsə onu yarıtmaz. Nə öz elmi onun dadına yetər, nə də başqalarının biliyi ona fayda verər. Onun xeyrini istəyən insanın sözünə qulaq asmaz. Onunla oturub duranın əlindən rahatlığı olmaz, anası ölümünü istəyər. Zövcəsi onu itirməyi, qonşusu qonşuluqdan getməsini və yoldaşı onunla yoldaşlıqdan xilas olmasını arzulayar. Əgər məclisin ən kiçik şəxsi olsa, özündən yüksək şəxsləri əziyyətə salar. Məclisin ən böyük şəxsi olarsa tabeliyində olanları fəsada və pozğunluğa çəkər.»[1971]

1767. İmam Sadiq (ə) :«Hər kəs axmaqla dostluq etməkdən uzaqlaşmasa, tezliklə onun əxlaqını və xasiyyətini özünə götürər.»[1972]

571. Ən axmaq insan

1768. İmam Əli (ə):«Ən axmaq insan özünü hamıdan ağıllı biləndir.»[1973]

1769. İmam Əli (ə) :«Ən ağılsız insan odur ki, yaxşılıq etmədən (eyni halda) təşəkkür gözləsin, pislik edərək (əvəzində) yaxşı mükafat umsun.»[1974]

1770. İmam Əli (ə) :«Ən axmaq insan odur ki, özündə də olduğu halda başqaların eybini yaramaz hesab edir.»[1975]

582. Axmağın cavabı

1771. İmam Əli (ə) :«Axmağın müqabilində susmaq, ona cavab verməkdən yaxşıdır.»[1976]

116 Hamam

573. Hamam

1772. İmam Əli (ə):«Hamam nə gözəl saraydır: (Cəhənnəmdəki) Odu yada salar və çirki (bədəndən) aparar.»[1977]

1773. İmam Səccad (ə) :«Üç şey insanı kökəldər, üç şey isə arıqladar. Kökəldən üç şey bunlardır: hamama çox getmək, xoş ətir iyləmək və yumşaq paltar geymək. Arıqladan üç şeysə budur: çox yumurta, balıq və yetişməmiş xurma yemək.»[1978]

1774. İmam Sadiq (ə):«Üç şey bədəni korlayar və çox öldürücü təsir göstərər:«Axşamdan qalmış bozbaşı yemək, tox qarına hamama getmək və yaşlı qadınlarla cinsi əlaqədə olmaq.»[1979]

1775. İmam Sadiq (ə) :«Mə‘dəndə az bir şey olanda hamama get ki, hərarət onu aşağı yatırsın. Bu sənin bədəninin qüvvətlənməsi üçün daha yaxşıdır. Tox qarına da hamama getmə.»[1980]

1776. İmam Kazim (ə):«Bir gündən bir hamama getmək insanı kökəldər. Hər gün hamama getmək isə böyrəklərin yağını əridər.»[1981]

117 Ehtiyac

584. Ehtiyac

1777. İmam Əli (ə) :«Hər kimə yaxşılıq etsən onun ağası olarsan. Hər kimə ehtiyac əlini uzatsan onun əsiri olarsan. Hər kəsdən ehtiyacsız olsan onunla həmtay olarsan.»[1982]

1778. İmam Əli (ə): «Hər kəsə ehtiyacın olsa, onun yanında xar olarsan.»[1983]

585. Ehtiyacların ödənilməsi

1779. Allahın Peyğəmbəri (s) :«Öz qardaşına kömək etmək və xeyir vermək üçün çalışan şəxsə Allah yolunda mübarizə edənlərin savabı yazılacaq.»[1984]

1780. Allahın Peyğəmbəri (s):«Öz mömin qardaşının bir ehtiyacını ödəyən kəs, bütün ömrünü Allaha ibadətlə keçirən bəndə kimidir.»[1985]

1781.İmam Sadiq (ə):«Hər kəs Allah rizasına öz müsəlman qardaşının ehtiyacını ödəmək üçün çalışarsa, Allah-taala ona min-min xeyir əməlin savabını yazar.»[1986]

1782. İmam Sadiq (ə) :«Hər kəs öz mömin, müsəlman qardaşının ehtiyacını aradan götürməyə sə‘y göstərərsə, qardaşının ehtiyacının fikrində olduğu vaxtadək Allah-taala onun öz ehtiyacının götürülməsini lütf edər.»[1987]

1783. İmam Sadiq (ə):«Allah-taala buyurmuşdur:Camaat mənim ailəmdir. Onlardan mənim yanımda ən sevimliləri camaatla daha mehriban olanları və onların ehtiyaclarının ödənilməsi naminə daha çox çalışanlarıdır.»[1988]

1784. İmam Sadiq (ə) :«Öz qardaşının ehtiyacını aradan götürmək yolunda addım atan kimsə Səfa ilə Mərva arasında sə‘y edən şəxs kimidir.»[1989]

1785. İmam Sadiq (ə) :«Hər kəs öz mömin qardaşının bir ehtiyacını ödəyərsə, Allah-taala Qiyamət günü onun yüz min ehtiyacını ödəyər ki, onların da birincisi Cənnətdir.»[1990]

1786. İmam Sadiq (ə):«Möminin ehtiyacını ödəmək, hər birinə yüz min (dirhəm, ya dinar) xərclədiyin iyirmi həccdən Allah yanında daha sevimlidir.»[1991]

586. Qardaşının ehtiyacını ödəməkdən imtina edən

1787. İmam Baqir (ə):«Bir müsəlman başqa bir müsəlmanla görüşmək və ya bir hacət istəmək üçün onun mənzilinə getsə və ondan içəri daxil olmaq üçün izn istəsə, o da evdə olduğu halda çölə çıxmasa, onlar bir-biri ilə görüşən vaxtadək ev sahibi daim Allahın Lənəti altında olar.»[1992]

1788. İmam Sadiq (ə):«Hər kəsə mömin qardaşı yoxsul vaxtında öz ehtiyacını söyləsə və o özü, yaxud da başqasının vasitəsilə onun ehtiyacını ödəyə biləcəyi halda bu işi görməsə Allah-taala Qiyamət günü onu əlləri boynunun arxasında bağlı halda qəbirdən qaldırar və bəndələrin sorğu-sualını qurtaranadək həmin vəziyyətdə saxlar.»[1993]

1789. İmam Sadiq (ə):«Bizim qardaşlardan biri ehtiyac əlini şiələrdən birinə tərəf uzatsa, o da kömək etməyə qadir olduğu halda öz köməyini əsirgəsə, Allah-taala onu bizim düşmənlərimizdən birinin ehtiyacını ödəməyə mübtəla edər və bu səbəbdən də Qiyamət günü əzaba düçar olar.»[1994]

1790. İmam Sadiq (ə):«Hər bir mömin, möhtac mömin qardaşını özünün malından məhrum edərsə, Allaha and olsun ki, Cənnət yeməyinin ləzzətini dadmaz və möhürlənmiş xalis (Cənnət) şərabı nuş etməz.»[1995]

587. Ehtiyacları ödəməyə tələsmək

1791. İmam Səccad (ə):«Hər kəs öz ehtiyac əlini mənə tərəf uzadan zaman, onun ehtiyacını və çətinliyini aradan götürməyə tələsərəm. Çünki qorxuram iş işdən keçə və mənim köməyimin artıq ona heç bir faydası olmaya.»[1996]

588. Dilək diləməyin qaydaları

1792. İmam Əli (ə):«Allahım! Məni, xəlq etdiklərindən pis adamların heç birinə möhtac etmə! Əgər məni möhtac edirsənsə, onlardan ən xoşxasiyyətli və ən səxavətlisi, mənim ehtiyacımı şirin dillə və mənə daha az minnət qoymaqla aradan götürənə, möhtac et!»[1997]

1793. İmam Səccad (ə) onun hüzurunda «Allahım! Məni öz bəndələrinə möhtac etmə!» deyə ərz edən şəxsə buyurdu: «Belə deyil, çünki insanlar bir-birinə möhtacdırlar. Sən belə de: Allahım! Məni yaratdıqların arasında pis adamlara möhtac etmə!»[1998]

1794. İmam Baqir (ə):«Təzə varlanmışa möhtac olan kimsənin hekayəti, əfi ilanın ağzında olan bir dirhəmin hekayətidir. Həm sənin ona ehtiyacın var, həm də əfi ilandan səni təhlükə gözləyir.»[1999]

118 Ehtiyat

589. Öz dinin üçün ehtiyat et

1795. İmam Əli (ə):«Sənin qardaşın, sənin dinindir. Belə isə, bacardığın qədər, öz dinindən muğayat ol.»[2000]

1796. İmam Sadiq (ə):«Öz dinində uzaqgörən və ehtiyatlı ol.»[2001]

1797. İmam Sadiq (ə):«Sənin üçün mümkün olan bütün işlərdə ehtiyatlı ol.»[2002]

119 Həyat

590. Həyat

1798. İmam Əli (ə):«Bilin ki, həyatdan başqa, elə bir şey yoxdur ki, sahibi ondan doyub yorulmasın. Çünki ölümdə öz rahatlığını görmür.»[2003]

591. Su və həyat

Qur’an:

«Hər bir canlını sudan yaratdıq.»[2004]

Hədis:

1799. İmam Sadiq (ə):«Suyun dadı həyatdır.»[2005]

592. Həyatdan daha yaxşı olanlar

1800. İmam Əskəri (ə):«Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan.»[2006]

593. Həqiqi həyat

1801. İmam Əli (ə):«Dindarlıqdan başqa həyat, əminliyi əldən verməkdən başqa ölüm yoxdur.»[2007]

1802. İmam Əli (ə) :«Tovhid (təkallahlılıq) cana həyat bəxş edəndir.»[2008]

120 Heyvanat aləmi

594. Heyvanların hüququ

1803. «Biharul-ənvar» kitabından:«Allahın Rəsulu (s) dizində sarıq və belində yük olan bir dişi dəvəni görüb soruşur:«Bu dəvənin sahibi hardadır? Ona deyin ki, Qiyamət günü bu dəvənin ondan öz haqqını tələb etməyinə hazırlaşsın.»[2009]

1804. Allahın Peyğəmbəri (s):«Allah-taala mehribanlıq göstərməyi sevir və onu yerinə yetirməyə kömək edər. Belə isə, arıq heyvanları mindiyiniz zaman onları öz mənzillərinə gətirin. Quru və otsuz torpaqdan tez keçib-gedin və yaşıllıq, otluq olarsa heyvanları buraxın ki, orada istirahət etsinlər.»[2010]

1805. Allahın Peyğəmbəri (s):«Sağlam heyvanlara minin və onları sağlam saxlayın. Küçələrdə, bazarlarda onlardan öz xütbələriniz və söhbətləriniz üçün kürsü kimi istifadə etməyin. Nə çoxdur, öz suvarisindən daha xeyirli olan və Allah-taalanı daha çox yad edən miniklər.»[2011]

1806. Allahın Peyğəmbəri (s):«Heyvanın öz sahibi üzərində altı haqqı vardır: onun belindən düşən zaman ona ot versin, suyun yanından keçəndə onu suvarsın, səbəbsiz yerə onu vurmasın, gücündən artıq yükləməsin, qüvvəsi çatmadığı məsəfədə yola aparmasın, həddindən artıq müddətdə onun belində qalmasın.»[2012]

1807. Allahın Peyğəmbəri (s):«Heyvanların üzündən vurmayın, çünki onlar Allaha həmd və təsbih deyirlər.»[2013]

1808. Allahın Peyğəmbəri (s):«Əxlaqsız qadın su quyusu başında hürən və az qala susuzluqdan ölən bir it görür. Bu qadın ayaqqabısını sıxarır, üz örtüyünü açıb ayaqqabını ona bağlayır və quyudan it üçün su çıxarır. Bu əmələ görə Allah-taala onun günahlarını bağışlayır.»[2014]

1809. Allahın Peyğəmbəri (s):«Hər bir heyvan – istər quş olsun, ya qeyrisi əgər haqsız yerə öldürülərsə, Qiyamət gunu öz qatilindən şikayət edəcək.»[2015]

1810. Allahın Peyğəmbəri (s):«Hər kəs səbəbsiz yerə bir sərçəni öldürsə, həmin sərçə Qiyamət günü Allah dərgahına onun əlindən nalə çəkib deyəcək:«Ey mənim Rəbbim! Filankəs məni istifadə üçün deyil, səbəbsiz yerə öldürdü.»[2016]

1811. Allahın Peyğəmbəri (s):«Əgər heyvanlara etdiyiniz zülmlər bağışlanarsa, günahlarınızın əksəriyyəti bağışlanmışdır.»[2017]

1812. Allahın Peyğəmbəri (s):«Allah-taalanın sənin ixtiyarına verdiyi bu dilsiz-ağızsız heyvana görə Allahdan qorxmursan? Bu dilsiz heyvan onu ac saxlamağından və əziyyət verməyindən mənə şikayət etdi.»[2018]

1813. Allahın Peyğəmbəri (s):«Heyvanı müslə edənə (diri-diri heyvanın qulağını, dilini və burnunu kəsmək) Allah Lənət etsin.»[2019]

1814. İbn Abbas nəql edir:«Allahın Rəsulu (s) əziyyət verən heyvandan başqa, hər bir canlını öldürməyi qadağan etmişdir.»[2020]

1815. İmam Sadiq (ə):«Bir qadın pişiyi susuzluqdan ölənədək bağlı saxladığına görə əzaba məruz qaldı.»[2021]

121 Həya

595. Həya

1816. İmam Əli (ə):«Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir.»[2022]

1817. İmam Əli (ə):«Həya bütün yaxşılıqların açarıdır.»[2023]

1818. İmam Əli (ə):«İnsanların ən ağıllısı onların ən həyalısıdır.»[2024]

1819. İmam Əli (ə) :«Həya pisliyə mane olar.»[2025]

1820. İmam Əli (ə):«Həya iffətliliyin səbəbidir.»[2026]

596. Həya və iman

1821. Allahın Peyğəmbəri (s):«Hər dinin öz təbiəti vardır, İslamın təbiəti də həyadır.»[2027]

1822. İmam Sadiq (ə) :«Həyası olmayanın imanı yoxdur.»[2028]

597. Həyanın qınanıldığı hallar

1823. Allahın Peyğəmbəri (s):«Həya iki növdür: əqldən doğan həya və ağılsızlıqdan törəyən həya. Əqlin həyası elmdir, axmaqlığın həyası isə cahillik.»[2029]

1824. İmam Əli (ə):«Utancaqlıq məhrumiyyətə yaxındır.»[2030]

1825. İmam Əli (ə):«Utancaqlıq ruzinin yolunda maneədir.»[2031]

1826. İmam Əli (ə):«Kim haqqı deməyə utanırsa axmaqdır.»[2032]

598. Həyasızlığın nəticəsi

1827. Allahın Peyğəmbəri (s):«Peyğəmbərlərin (ə) misallarından xalq arasında bu sözdən başqa bir şey qalmayıb:Həyan olmasa, istədiyin hər işi et.»[2033]

1828. İmam Əli (ə):«Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya etməz.»[2034]

1829. Allahın Peyğəmbəri (s):«Allahdan öz yaxşı qonşularından həya etdiyin kimi həya et. Çünki Allahdan həya etmək əminliyi artırar.»[2035]

1830. Allahın Peyğəmbəri (s):«Hər biriniz gecə və gündüz sizin kənarınızda olan iki mehriban qonşudan həya etdiyiniz kimi, özünüzlə birgə olan iki mələkdən də həya etməlisiniz.»[2036]

1831. İmam Kazim (ə):«Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin.»[2037]

600. Həyanın zirvəsi

1832. İmam Əli (ə):«Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir.»[2038]

122 Aqibət

601. Aqibət

1833. Allahın Peyğəmbəri (s):«Mömin həmişə aqibətinin pis olmasının qorxusu içindədir. Ruhu bədənindən çıxana və ölüm mələyi qarşısında zahir olan anadək Allahın razılığına, bağışlanmasına qovuşduğuna əminliyi olmur.»[2039]

1834. Allahın Peyğəmbəri (s):«Bə‘zən insan uzun müddət Cənnət əhlinin işini yerinə yetirir, amma axırı Cəhənnəm əhlinin aqibəti olur.»[2040]

1835. Allahın Peyğəmbəri (s):«Kimsənin işinin aqibəti sizə məlum olmayınca, ondan (yaxşı əməllərindən) heyrətə gəlməyin. Çünki insan ömrünün böyük hissəsini, ya bir müddətini yaxşı işlər görməklə keçirir və bu halda dünyadan köçərsə Cənnətə getmiş olar. Ancaq, (görürsən) insan birdən dəyişir və nalayiq işlər görməyə başlayır.»[2041]

602. Yaxşı sonluğun səbəbləri

1836. İmam Əli (ə):«Allah-taalanın səni pis aqibətdən qorumasını istəyirsənsə, bil ki, sənə yetişən hər xeyir Allahın lütfündən və uğurundandır. Sənə yetişən hər pisliyə görə isə (bil ki,) Allah sənə möhlət və fürsət vermişdir. Onun sənə qarşı olan səbr və güzəştindən qorx.»[2042]



Geri   İrəli
Go to TOP