A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan həyatında təqlidin rolu
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 128
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Demək, dini rəhbərlərin hökm və rəftarları mövzulara uyğun olaraq dəyişir və onlardan bəzilərini müəyyənləşdirə bilərik. Məsələn, dinşünas bir fəqih həzrət Əlinin iyirmi beş il xilafətdən əl çəkməsinin səbəblərini araşdırıb tapa bilər. Eyni şərait təkrarlandıqda dini rəhbər də eyni cür hərəkət edə bilər. Demək, sabit əhkam və rəftar mövzu və ünvandan asılıdır. Onları dəyişən zaman deyil. Sadəcə, hər mövzunun öz hökmü var. Məsələn, səfərdə olan şəxsin namazı vətəndə olan şəxsin namazından fərqlənir. Vətənində olan günorta namazını dörd rəkət qılırsa, səfərdə olan bu namazı yarı qılır. Bu iki hökm iki müxtəlif mövzuya aiddir.

Demək, hökmlər və rəftarlar arasındakı fərqlərin səbəbi plüralizm yox, mövzuların müxtəlifliyindən qaynaqlanır.

Əlbəttə ki, fərqli mövzularla bağlı müxtəlif hökmlərin mövcudluğu dinin kamilliyini göstərir. İslamın kamilliyi ondadır ki, hər mövzuya aid hökm mövcuddur. Sağlam adamın öz hökmü, xəstə adamın öz hökmü var. Müsafirin öz hökmü, vətəndə olanın öz hökmü var. Dəstəmaz ala bilməyən təyəmmüm edir. Orucdan zərər çəkən oruc tutmur. Əgər din sağlam adamı xəstə adamdan fərqləndirməsəydi, bu nöqsan olardı. Mövzuların dəyişməsində ictimai şərait, hətta iqlimin rolu var. Dini rəhbərlər hər bir şəraiti nəzərə alaraq hökm verir. İslam hakimi öz ixtiyari çərçivəsində cəmiyyətin məsləhətini nəzərə alır. O, İslam cəmiyyətinin xeyiri üçün nəyisə haram, nəyisə vacib edə bilər. Bir vaxt mərhum Mirza Şirazi tərəfindən tütünün haram buyurulması buna misal ola bilər. Bu hökm hökuməti bir hökm olmuşdur. Hökmdə müsəlmanların ümumi xeyiri nəzərə alınmışdır. Həmin vaxt qərb ölkələri bir neçə vasitə ilə, o cümlədən tütünçülük bəhanəsilə müsəlman ölkələrini əsarət altında saxlayırdılar. Uyğun hökm İslam cəmiyyətini uyğun əsarətdən qurtardı. Cəmiyyətin xeyri istənilən bir şəraitdə nəzərə alınır. Əgər ölkəyə hücum olmuşsa müdafiə gücü olanların müdafiəyə qalxması vacibdir. Əgər bu gün Amerika və sionist rejim İslamın müqəddəs məkanlarından olan Qüdsü işğal edib Fələstin xalqını qırırsa, İslam hakimi bu ölkələrlə ticarətə qadağa qoya bilər. Nefti olan ölkələr Amerikaya neft verməkdən imtina edə bilər. Belə olsa Amerika və İsrail diz çökər, təcavüzkarlığından əl götürər. İmam (ə) buyururdu: “Əgər hər bir müsəlman İsrailin üzərinə bir qab su töksə İsrail qərq olar.” Bu buyuruqlar İslami birliyin əzəmətindən danışır. Təəssüf ki, özünəinamsızlıq və qərbpərəstlik hazırda bu vəhdətin qarşısını alan amillərdəndir.

Vəliyyi-fəqihin, İslam hakiminin verdiyi hökm məsumun verdiyi hökm kimidir. Qeyd etdik ki, dini rəhbərlərin hökmlərindəki fərq fərqli baxışlardan yox, mövzular arasındakı fərqdən yaranır. Dini rəhbər yalnız ona verilən ixtiyar çərçivəsində hökmü dəyişir. Belə bir dəyişiklik dində dəyişiklik deyil. Əgər mərhum Mirza Şirazi tütünü haram buyurdusa, bu işdə məqsəd İngiltərə imperializminin müsəlman cəmiyyətinə uzanmış çirkin əlini kəsmək idi. Uyğun hökm müsəlmanları izzətə çatdırmaq məqsədi izləyirdi. Allah buyurmurmu ki, O möminlərin ziyanına kafirlərə yol qoymamışdır.[55]

Ölkələr arasında ədalətli rabitələr təbiidir. Hər bir ölkə öz ehtiyaclarının təmini üçün digər ölkələrlə əlaqə qura bilər. Bir şərtlə ki, bu əlaqələr tərəflərdən birinin müstəqilliyini zərbə altında qoymasın. Belə olduqda İslam hakimi uyğun rabitələri qadağan edə bilər. Belə bir hökm qismən maddi zərərə səbəb olsa da, nəticədə müstəqillik qorunun.

Qeyd etmək yerinə düşər ki, biz İslam hakimi, şəri hakim dedikdə ya Malik Əştər kimi, məsum tərəfindən xüsusi təyin olunmuş hakim, ya da məsum imam vasitəsilə ixtiyar verilmiş hakim nəzərdə tuturuq. Belə bir hakimin hökuməti qanuni və ilahidir, ona itaət etmək vacibdir. Allaha, peyğəmbər və məsum imamlara itaət vacib olduğu kimi, şəri hakimə də itaət edilməlidir. Daha geniş mənada isə vəliyyi-fəqih tərəfindən təyin olunmuş şəxslər də mötəbərdir. Bundan savayı heç bir hakimiyyət etibarlı sayılmır. Çünki hakimlik məsumun icazəsilə müəyyənləşməlidir və bu işdə Allahın izni nəzərə alınır. İmam rahil buyurmuşdur: “Əgər iş başında fəqih dayanmasa bir azğın dayanasıdır. Prezidenti fəqih təyin etməsə, o qeyri-qanuni sayılır. Qeyri-qanuni rəhbər isə tağutdur, ona itaət tağuta itaətdir.”[56] İmamın bu sözləri əbədi olaraq yaddaşımıza yazılmalı, siyasətçilərimizin və məsullarımızın şüarına çevrilməlidir. Kimsə düşünməsin ki, hakimiyyət xalqın rəyi ilə etibarlı olur, hətta vəliyyi-fəqih də xalqın rəyi ilə etibar qazanmışdır.

FİQHİ FƏTVALAR ARASINDA FƏRQİN SƏBƏBİ

Qeyd etdik ki, dini rəhbərlər məsumdurlar və Allahın əsil hökmlərindən xəbərdardırlar. Buna görə də məsumlar arasında baxış fərqi yoxdur. Fəqihlər isə məsum deyillər və şəxsi araşdırmaları ilə öz fətvalarını bəyan edirlər. Bəzən onların dəlilləri arasında fərqlər olur. Buna görə də fətvalar arasında fərq təbiidir. Biz bunu inkar etmirik. Bəzi fiqhi mənbələr mötəbər dəlillərə malikdir və həmən mənbələrlə bağlı heç bir ixtilaf yoxdur. Bütün fəqihlər şəri hökmlərin isbat üsulu ilə tanışdırlar. Onlar həmin mənbələr arasında yekdil qərarlarını bildirirlər. Qeyd olunan mənbələr əsasında çıxarılan hökmlər zəruri və qətidir. Bəzi fiqhi dəlillərin isə mənbələri qəti olmadığından fətvalar arasında fərq yaranır.

Həzrət Mehdinin (əc.) qeyb dövründə fəqihlər məsumla görüşə bilmədiklərindən şəri hökmlərin isbatı üçün rəvayət kitablarına müraciət etməyə məcburdurlar. Bu kitabların müxtəlif nüsxələri var və ayrı-ayrı nüsxələr arasında fərqlər mövcuddur. Bəzən köhnəlmiş kitabları oxumaq çətin olur. Qədim xətləri oxuyarkən fərqli mülahizələr yaranır. Nəzərə alsaq ki, bugünkü nəşrlərdə də fərqlər olur, uyğun problemi anlamaq asanlaşar. Əgər fəqih bütün mənbələri əldə edə bilmirsə, təbii ki, fətvalar arasında fərq olasıdır.

Rəvayət mənbələri arasında da fərqlər var. Bəzən müxtəlif rəvayətçilər tərəfindən nəql olunmuş hədislər arasında fərq olur. Fəqih rəvayətin mötəbərliyini təyin edir. Məsələn, “İbn Sənan” adı ilə iki rəvayətçi tanınmışdır. Onların biri Məhəmməd ibn Sənan, digəri Abdullah ibn Sənandır. Fəqih min bir zəhmətlə rəvayətin hansı ibn Sənan tərəfindən nəql olunduğunu müəyyənləşdirir.

Rəvayətlərin anlaşılmasında da problemlər var. Bir neçə rəvayətçi tərəfindən ötürülmüş buyuruqların mötəbərliyi dəqiqləşdirilməlidir. Bəzən eyni bir söz məsumun dövründə bir mənada, hazırkı gündə başqa mənada işlədilir. Məsələn, Quran və “Nəhcül-Bəlağə”də “təqiyyə” sözü “təqva” mənasında işlədilmiş “təqah” sözü ilə eyni kökdəndir. Bu söz İmam Sadiqin (ə) dövründə təqiyyə, yəni əqidəni açıqlamamaq mənasında işlədilmişdir. Məsumların müəyyən buyuruqları təqiyyəyə əsaslana bilər. Fəqih bütün bu problemləri həll etməlidir. Bu qəbil araşdırmalarda fərqli baxışların olması təbiidir.

Fəqihlərin fətvaları arasındakı fərq müxtlif sahələrdə mütəxəssislərin baxışları arasındakı fərq kimidir. Biz ağılın mühakiməsindən istifadə etməli, daha elmli insanlara üz tutmalıyıq. Bu səbəbdən də daha elmli fəqihə müraciət edilməsi tapşırılır. Əlbəttə ki, ələm (daha elmli) fəqihin fətvasının Allah hökmü olduğunu iddia etmək olmaz. Hər halda daha alim fəqihin fətvası daha mötəbərdir.

Fiqhi mənbələrdə ictihad və şəri hökmlərin çıxarılması müəyyən üsullara əsaslanır. Fəqih bu çərçivədən çıxa bilməz. Fəqihin ixtiyarı yoxdur ki, öz baxışını məsumun baxışı kimi təqdim etsin. Rəvayətlər rəy əsasında şərh oluna bilməz. Demək, fətvalar arasındakı fərq dövrün dəyişməsi ilə əlaqədar deyil. Eyni bir dövrdə də fətvalar arasında fərq olur. Hətta eyni bir fəqih öncə bir fətva verir, bir müddət sonra fətvasını dəyişir. Fəqihin fətvası bəzən min il bundan öncəki fəqihin fətvasına uyğun olur. Bəzən də eyni dövrdə yaşayan fəqihlərin fətvası fərqlənir. Fəqih vəzifəlidir ki, din çərçivəsində fiqhi qaydalardan istifadə edərək dini hökmlər barədə rəy bildirsin. Bu yönümdə kimsə öz meyl və həvəsinə əsaslana bilməz. Bəli, fəqihlərin fətvaları arasındakı fərqin kökü dini plüralizmlə yox, mənbələrlə bağlıdır.

Ədalətli və təqvalı fəqihlər öz araşdırmaları nəticəsində fərqli fətvalar verirsə, onların fətvaları möhtərəmdir. Kimsənin onlara eyb tutmağa ixtiyarı yoxdur. Başqa sahələrdə də mütəxəssislər fərqli fikirlər söyləyir və onların fikirləri hörmətlə qarşılanır. İxtisası olmayanların sözü isə mötəbər deyil. Həkim olmayan bir şəxs tibb elmindən nə danışsa, məqbul deyil. Dini biliklərdən xəbərsiz insanın da fətva vermək haqqı yoxdur. Əlbəttə ki, kimlərsə xalqın və ya Amerikanın istəyinə uyğun fikir söyləyə bilər. Amma yalnız mütəxəssislərin söylədikləri mötəbər sayılır.

DOQQUZUNCU MƏCLİS

NİFAQ VƏ KÜFR CƏBHƏSİ HAQQ CƏBHƏSİNƏ QARŞI

HAQQ MEYARI ALLAHA VƏ ONUN SEÇİLMİŞLƏRİNƏ İTAƏTDİR

Son illərdə dini müqəddəsliklərin adiləşdirilməsi, dini təəssübün aradan qaldırılması üçün bir sıra məkirli planlar həyata keçirilir. Təəssüf ki, bu qəbil proqramlar bəzi müsəlman məsullar tərəfindən də himayə olunur. Uyğun proqramları tərtib edənlər xalqa məxsus etiqad və müqəddəslikləri sual altına alır, hətta Peyğəmbər və onun əhli-beytinin (ə) məsumluğuna münasibətdə şübhə toxumu səpirlər. Ən dəhşətlisi, Quranın Allah tərəfindən olub-olmaması müzakirəyə çıxarılır. Şübhəsiz, bütün dindarlar vəzifəlidirlər ki, bu qəbil fitnə-fəsadların qarşısını almaq üçün çalışsınlar. Biz də uyğun mövzuda söhbətlər etmişik və uyğun söhbətləri davam etdirəcəyik.

Qurani-kərimdə Allaha, peyğəmbərlərə və onların canişinlərinə itaət vacib sayılmışdır. Eyni zamanda, Quran baxımından itaət meyarı haqqa üz tutub azğınlıqdan uzaqlaşmaqdır. Bu müqəddəs amala yalnız Allah, onun peyğəmbərləri və din rəhbərlərinə itaətlə çatmaq olar. Allah haqdır, haqqa hidayət edir, onun peyğəmbərləri xalqı haqqa çağırır, onlara doğru yolu işıqlandırır. Ən layiqli yol Allaha baş əyib, azğınlıq yoluna çəkənlərdən üz çevirməkdir. Quranda oxuyuruq: “De ki, şəriklərinizdən elə biri varmı ki, haqq yolu göstərsin? De ki, Allah haqq yolu göstərir. İtaətə haqq yolu göstərən layiqdir, yoxsa yol göstərilməyincə onu tapmayan? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz? Onların çoxu yalnız gümana uyur. Güman heç vaxt həqiqətə ehtiyacı ödəmir. Bəli, Allah gördüyünüz işlərdən agahdır.”[57]

“Yunus” surəsində “haqq” sözü çox işlədilmişdir. Zikr olunmuş iki ayədə uyğun söz dörd dəfə təkrarlanır. Haqqa hidayət Allaha hidayətin zəruri meyarı sayılır. Yuxarıdakı ayələrdə bildirilir ki, haqqa çağıran və hamını haqqa hidayət edən Allah itaətə daha layiqdir. Ayədə möhtac olanlara üz tutmağın nə faydası?! Həmin məqamda Allah-taala insanların ağıl və vicdanını mühakiməyə çağırır. Şübhəsiz ki, haqqa bağlı düşüncə və vicdanlar Allaha itaət yolunu seçir. Axı özü şübhə içində vurnuxanlara necə tabe olasan?!

Digər bir nöqtə budur ki, Allaha itaət insanın hidayətində mehvər kimi tanıtdırılır. Əsas məsələ, ilahi dinlərdə maya Allaha itaətdir. Allah insanların səadəti üçün yol açmışdır. Peyğəmbərlərə və məsum din başçılarına itaət Allahın izni ilə rəsmiləşir. Allah buyurur: “Allahın əmrinə tabe olmayan heç bir peyğəmbər göndərmədim.”[58]

Digər bir ayədə Allah-taala peyğəmbərə itaəti önə çəkir: “Peyğəmbərə tabe olan, həqiqətən, Allaha tabe olmuşdur.”[59]

Allahın elçilərinə itaətin Allaha itaət olması ağıl tərəfindən təsdiqlənir. Çünki onları Allah öz yoluna hidayət etmişdir. Onlara əmr olunmuşdur ki, başqalarını da Allahın yoluna dəvət etsinlər və onlara səadət zəmini hazırlasınlar.

MƏSUMLUQ (GÜNAHDAN UZAQLIQ) ALLAH PEYĞƏMBƏRLƏRİNİN ZATİ SƏCİYYƏSİDİR

«Ənam» surəsində Allah-taala on səkkiz peyğəmbərin adını çəkdikdən sonra 90-cı ayədə buyurur: “Bunlar (peyğəmbərlər) Allahın doğru yol göstərdikləridir, onların doğru yolunu tutun.”

Öncə Allah-taala buyurur ki, biz peyğəmbərləri haqqa və öz yolumuza hidayət etdik. Bəli, peyğəmbərlər tutduqları yola əmindirlər və Allah tərəfindən onlara zəmanət verilmişdir. Peyğəmbərlər insanları zənn-gümanları əsasında dəvət etmirlər. Sonra buyurulur ki, siz də onlara itaət edin, doğru yolu tutun. İşarə olunmuş ayələr peyğəmbərlərin məsumluğunu göstərir. Peyğəmbərlərin məsumluğu bizim zəruri etiqadlarımızdandır. Onların məsumluğunun fəlsəfəsi başqa ayələrdə belə açıqlanır: “Allah qeybi bilir və kimsəyə qeybdən xəbər vermir. Yalnız peyğəmbərliyə bəyənib seçdiyi istisnadır. Onun (peyğəmbər) üçün qarşıdan və arxadan nəzarətçilər qoyacaq. Bilsin ki, (peyğəmbərlər) Rəblərinin əmrini çatdırmışlar. Onlarda olandan tam xəbərdardır, hər şeyi saymışdır.”[60]

Özünü müsəlman sayan bəzi ziyalınümalar peyğəmbərlərin məsumluğunu inkar edir, deyirlər ki, peyğəmbərlər də vəhyi başqaları kimi anlayırlar və səhvə yol verə bilərlər. Onlar öz danışıqlarında, məqalələrində, kitablarında müsəlmanların müqəddəsliklərini və etiqadlarını şübhə altına alırlar. Əslində bu iş dini zərurətlərin inkarıdır. Təəssüf ki, bu qəbil hərəkətlər hətta müsəlman məsullar tərəfindən himayə olunur!

ŞEYTANIN AZĞINLARA BƏLƏDÇİLİYİ

Haqqa dəvət edən və Allah tərəfindən seçilmiş peyğəmbərlərə qarşı şeytanlar və şeytansifətlər fəaliyyətdədir. Allah-taala ciddi şəkildə insanları şeytan və şeytansifətlərə itaətdən çəkinməyə çağırır. Çünki onlar ağıl və fitrətin ziddinə hərəkət edirlər. Özü haqq yoldan çıxmış belələri başqalarını da azdırır, bədbəxtliyə sürükləyirlər. Qəlblərdə nifaq və küfr toxumu səpən bu zümrə şeytana itaətdədir. Onlar şeytanların dostu cərgəsində dayanır. Belələrinin qəlbinə şeytan hakimdir və onların cilovu şeytanın əlindədir. Quran buyurur: “O (şeytan) yalnız onu sevən və onun rəhbərliyini qəbul edən kəslərə hakimdir.”[61]

Allah peyğəmbərlərinə vəhy nazil edir, onlara doğru yolu, səadət yolunu göstərir. Onları xalqı doğru yola dəvət etmək üçün seçir. Şeytan da öz dostlarına və ardıcıllarına təlqin edir, onları azdırır. Onlara başqalarını azdırmaq yolunu öyrədən də şeytandır. Quranda oxuyuruq: “Həqiqətən, şeytanlar gizlində öz dostlarının qulağına pıçıldayırlar ki, sizinlə düşmənçilik etsinlər. Əgər onlara itaət etsəniz, şübhəsiz, siz də müşriksiniz.”[62]

Şeytan öz ardıcıllarına onların bilmədikləri üsulları öyrədir. Şeytandan ilham alanlar həmin üsullarla haqqa qarşı mübarizəyə qalxır, peyğəmbər məktəbilə vuruşur, möminlərin qəlbinə şəkk-şübhə toxumu səpir. Buna görə də Quran möminlərə xəbərdarlıq edir ki, şeytanın ardıcıllarından özlərini qorusunlar, onlarla oturub-durmasınlar. Çünki onların məqsədi ətrafdakıları azdırmaqdır və bu işdə zəif əqidəli insanlardan yapışırlar. Bəli, bəziləri öz dini inancını müdafiə etməkdə acizdir. Belələri çox tez təsir altına düşür, imanlarını əldən verir. Şübhəsiz ki, şeytan həqiqi alimlərin və haqq yolu tanıyanların sorağınca getmir. Yaxşı bilir ki, onları azdıra bilməz. Bəli, şeytanın hədəfi şəkk-şübhələrdən yaxa qurtarmağı bacarmayanlardır. Quranda belələrinə xitabən buyurulur: “Allah bu kitabda sizə nazil etmişdir ki, onun ayələrinin inkar olunduğunu, məsxərəyə qoyulduğunu eşitdikdə onlarla əyləşməyəsiniz. Belə ki, söhbətlərini dəyişsinlər. Yoxsa siz də onlar kimi olarsınız. Allah bütün münafiqləri və kafirləri cəhənnəmdə bir yerə toplayacaq.”[63]

YENİLİKÇİLƏRİN VƏ MÜNAFİQLƏRİN AZDIRICI TƏBLİĞATINA QURBAN GEDƏN GƏNCLƏR

Münafiqlər və biganələrlə əyləşənlər onların təsiri altına düşürlər. Belələri zahirən müsəlman kimi tanınsalar da, qəlbləri nifaqa bulaşmışdır. Münafiqlər və din düşmənlərilə mübahisəyə girmək istəyən şəxs öncə öz etiqad əsaslarını möhkəmləndirməli, yetərincə dini maarifə yiyələnməlidir. Söhbət zamanı mübahisə üsullarını bilmək, dəlillərə malik olmaq lazımdır. Yalnız bu yolla etiqadların müdafiəsinə qalxmaq olar. Güləş fəndlərilə tanış olmayan insan peşəkar güləşçi ilə meydana çıxa bilməz. Əgər meydana çıxsa ilk addımda məğlub olar. Dini etiqadlar haqqında xülasə məlumata malik olanlar da şübhələri cavablandırmaq imkanında deyillər. Onlar dini etiqadlarla bağlı suallarla rastlaşdıqda istər-istəməz təsir altına düşür, sonda imanlarını əldən verirlər.

Münafiqlər və fitnəkar biganələr etiqadlı insanlar qarşısında dayanmaq gücündə deyillər. Bu səbəbdən də onlar dini biliklərə malik insanlara yox, bu sahədə biliyi zəif olan gənclərə üz tuturlar. Gənclərin düşüncəsinə demokratiya, azadlıq şüarları ilə hakim olurlar. Gənclərə deyirlər ki, siz sözləri dinləyin və onun yaxşısını seçin! Biz də bu qəbil azadlığın tərəfdarıyıq. Amma peşəkar şeytansifətin təcrübəsiz gənclərlə üzbəüz əyləşməsi yolverilməzdir. Peşəkar şeytansifətlər aldadıcı fəndlərə yiyələnmişlər və lazımınca biliyi olmayanları tovlamaq onlar üçün çətin deyil. Dünyanın şeytansifətlərini iyirmi ildir ki, mübahisəyə çağırırıq. Hər dəfə bir bəhanə ilə bu mübahisədən qaçırlar. Onlar yaxşı bilirlər ki, İslam alimləri ilə üzbəüz oturmaq gücündə deyillər. Bu səbəbdən də alimlərdən yayınıb gənclərə üz tuturlar.

HAQQA ARDICILLIĞIN VƏ PUÇ QƏRB DÜŞÜNCƏSİNƏ ARXA ÇEVİRMƏYİN ZƏRURİLİYİ

Elmi Allahdan öyrənmiş, insanları doğru yola hidayət edə biləcək peyğəmbərlərə itaət etmək yaxşıdır, yoxsa danışıq və rəftarı ziddiyyətlə dolu azğınlara? İnsan kimi dinləməlidir? Aşkar möcüzə və ayələrlə gəlmiş peyğəmbərləri, yoxsa azğın nəfs istəyi əsasında danışanları? Tarix boyu bəşəriyyət 124 min peyğəmbərlə ünsiyyətdə olmuşdur. Onlar eyni yola çağırmış, eyni sözü demişlər. Bu ilahi elçilərə inanaq, yoxsa sözünün əvvəli ilə axırı düz gəlməyənlərə? İslam düşmənlərinin danışığına diqqət yetirsək, onların iki cümləsinin bir-birinə uyğun gəlmədiyini görərik. Ondan soruşanda ki, dünən dediyin nə idi, bu gün dediyin nə? Cavab verir ki, dünən dediyim dünənə aid idi, bu gün dediyim bu günə! Guya hər şey dəyişir və insan gündə bir söz danışmalıdır! Bir yazıçıdan soruşurlar ki, bu gün danışdıqların doqquz il bundan qabaq danışdığınla uyğun gəlmir, bunun səbəbi nədir? Cavab verir ki, mən doqquz il bundan qabaq ölmüşdüm, indi dirilmişəm! Belələri üçün əqidə dəyişikliyi su içmək kimi asandır.

Peyğəmbərlərin və onların ardıcıllarının məntiqi budur ki, yolumuz Allah yoludur, dediklərimiz ağıl və fitrətə uyğundur. İnsanları öz ardlarınca çağıran biganələr isə yeni söz danışmaqla öyünür və xalqın rəğbətini dəlil göstərirlər! Məgər əksəriyyətin rəğbəti haqlılıq göstəricisidir?! Belə bir məntiq Allahın məntiqi ilə uyğun deyil. Allah peyğəmbərə buyurur: “Əgər yer əhlinə tabe olsan, onlar səni Allahın yolundan azdıracaq. Onlar yalnız zənn-gümana uyur, boş və əsassız danışırlar.”[64] Yuxarıdakı ayədə peyğəmbərə xitab olunsa da, Allah bütün bəşəriyyətə müraciət edir. Burada “qızıma deyirəm, gəlinim eşitsin” məsəli yada düşür.

Allah bizi əksəriyyətə itaətdən çəkindirir. Çünki xalqın əksəriyyəti əsaslı bilikdən məhrumdur. Onlar haqqı batildən seçmək gücündə deyillər və elmi dəlilləri yoxdur. Əksəriyyət zənn-güman əsasında danışır, nəfs meyillərinə əsaslanır. Haqq yolu tapmaq istəyən haqq yolda olana müraciət etməli, dəlillərə malik olmalıdır. Havadan danışanların ardınca gedənlər, sözsüz ki, yolunu azasıdır. Din düşmənləri gözəl və aldadıcı danışmaqla əksəriyyətin ağlını oğurlayır, dini etiqadlara münasibətdə şəkk-şübhə yaradırlar. Bu işin uzun tarixi var. Tarix boyu din düşmənləri olmuş və eyni üsulla hərəkət etmişlər.

Yenilik deyəndə elmi araşdırmlar sayəsində kəşf olunmuş həqiqət nəzərdə tutulur. Bu qəbil yeniliklərin elmi əsasları olur. Amma cəhaləti dirçəltmək, min illər təkrarlanmış sözləri təzə libasda meydana çıxarmaq yenilik deyil. Onlar deyirlər ki, təcrübədə sübuta yetirilməyən bir şey qəbul olunmur. Məgər bu təzə sözdürmü?! Bu sözü bir vaxt Bəni-İsrail söyləmişdi. Onlar həzrət Musaya dedilər: “Ey Musa, əgər Allahı aşkara görməsək heç vaxt ona iman gətirmərik.”[65] Bir sözün təzə olması da onun həqiqət olduğunu göstərmir. Dünyada bir çox yeni nəzəriyyələr əsassız olub və ayaq açan kimi də meydanı tərk edib. Əqli və elmi dəlillərə malik olan, ehtiyaclara cavab verən nəzəriyyə həqiqi nəzəriyyədir. İstənilən bir nəzəriyyənin ya dəlilləri olmalıdır, ya da bu nəzəriyyə Allah tərəfindən təsdiqlənməlidir. Allahın təsdiqlədiyi istənilən bir baxış mötəbərdir.

Bəli, insanın qarşısında iki yol var: Allah yolu və şeytan yolu. Allah bizə əmr edir ki, onun yolunu tutaq. Bizlər peyğəmbər və məsumların yolu ilə gedib haqqa yaxınlaşmalıyıq. Belə etsək fitri istəklərimiz və xoşbəxtliyimiz təmin olunar. Allah-taala eyni zamanda şeytana itaətdən çəkindirir. Çünki şeytanın yolu batildir və cəhənnəmə aparır.

QURAN VƏ ƏHZAB SAVAŞININ İBRƏTLƏRİ

İslam peyğəmbəri və digər peyğəmbərlərə itaəti zəruri sayan ayələrlə yanaşı onları nümunə kimi tanıtdıran ayələr mövcuddur. Ayədə buyurulur: “Şübhəsiz, sizin üçün Allahın rəsulunda nümunə, yaxşı öyüd var.”[66]

Təfsirçilər və tarixçilər bildirirlər ki, “Əhzab” surəsi Ühüd savaşından sonrakı Əhzab savaşı ilə bağlı nazil olmuşdur. Ühüd savaşı müsəlmanların zahiri məğlubiyyəti ilə sonuclandı. Müsəlmanlara ağır zərbə dəydi. Peyğəmbərin yaxınlarından bir hissəsi şəhid oldu, bir hissəsi yaralandı. Həzrət Peyğəmbərin dişi sındı, Əmirəl-möminin yaralandı. Bu məğlubiyyət münafiqləri daha da həvəsləndirdi. Onlara elə gəlirdi ki, artıq İslamın süqut anı çatıb. Digər bir tərəfdən, özünü qalib görən müşriklər müsəlmanlara son zərbəni vurmağa çalışırdılar. Onlar Peyğəmbərlə bağladıqları müqaviləni nəzərə almadan savaşa qalxdılar. Həmən vaxt müşriklər, yəhudilər və münafiqlərdən ibarət düşmən üçbucağı yarandı. Onlar eyni bir məqsəd ətrafında birləşdilər.

ÜHÜD SAVAŞINDAN SONRA PEYĞƏMBƏRƏ TƏKLİF

Ühüd savaşından sonra müsəlmanların ruhdan düşdüyünü görən müşriklər peyğəmbərə sülh təklif etdilər. Onlar öz başçılarından Əbu Süfyan, Əkrəmə ibn Əbu Cəhl, Əbul Əvər Səlmini Mədinəyə göndərdilər. Onlar Mədinədə münafiqlərin rəisi Abdullah ibn Ubəyin evinə gəldilər. Sonra ev sahibi və başqa iki münafiqlə birlikdə peyğəmbərin görüşünə getdilər. Onlar dedilər: “Bizim aramızdakı düşmənçiliyin sonu hər iki tərəf üçün ziyandır. Gəlmişik ki, düşmənçiliyə son qoyaq, sülh müqaviləsi bağlayaq. Qərarımız dinc-yanaşı yaşamaqdır. Sizin bizimlə, bütlərimiz Lat, Üzza, Mənatla işiniz olmasın, biz də sizin əqidələrinizə toxunmayaq. Biz dost olmaq, get-gəl etmək, ticarət qurmaq istəyirik. Gəlin bir-birimizin əqidəsinə toxunmayaq, hərə öz dininə itaət etsin.” Həzrət Peyğəmbər bu təklifi qətiyyətlə rədd etdi.

Bir qədər diqqətlə nəzər salsaq görərik ki, müşriklərin həmin vaxtkı təklifləri bugünkü plüralizm, tolerantlıq şüarlarına çox bənzəyir. Bu gün də hərənin dini özü üçün şüarı verilir. Müşriklər yaxşı bilirdilər ki, peyğəmbər onların təklifilə razılaşsa, sülh müqaviləsi imzalansa, müşriklər tədricən sadəlövh müsəlmanları yoldan çıxara biləcək. Onlar bu yolla İslamı süquta uğratmaq istəyirdilər. Allah buyurdu: “Yalançılara tabe olma. Onlar səndən mülayimlik istəyirlər ki, mülayimlik göstərsinlər.”[67]

Zahirən müsəlmanlığı qəbul etmiş münafiqlər də müşriklərlə gizli rabitədə idilər. Onlar da müşriklərlə sazişə tərəfdarlıqlarını bildirirdilər. Deyirdilər: “Ətrafımızı düşmən tutub, müşriklər və yəhudilər əl-ələ verib. Əgər bu düşmənlərlə sülhə getməsək, inadkarlıq göstərsək, onlar bizi məhv edəcəklər.” Amma Allah-taala öz peyğəmbərinə göstəriş verdi ki, onların təkliflərini rədd etsin: “Ey peyğəmbər, Allahdan qorx, kafirlərə və münafiqlərə tabe olma. Həqiqətən, Allah bilən və hikmət sahibidir.”[68]

XƏNDƏK SAVAŞINDA MÜNAFİQLƏRİN FİTNƏKARLIĞI

Peyğəmbər (s) müşriklərin sülh təklifini qətiyyətlə rədd etdi. Onu bu işdən Allah çəkindirdi. Müşriklər qərara gəldilər ki, müsəlmanlara son zərbəni vursunlar. İslamla tarixi düşmənçiliyi olanlar özlərinə həmfikir toplamağa başladılar. Onlar ərəb tayfalarına, yəhudilərə üz tutdular. Bütün bu güclər bir yerə toplandı və İslamı aradan qaldırmaq qərara alındı. Müxtəlif firqələrdən təşkil olunmuş bu qüvvə Əhzab adlanırdı. (“Əhzab” firqələr mənasını bildirir.)

Müşriklərdən və yəhudilərdən təşkil olunmuş Əhzab müsəlmanlarla savaş üçün hərbi hazırlığa başladı. Onlar çox böyük bir qoşun səfərbər edib Mədinəyə göndərdilər. Həzrət Peyğəmbər (s) də səfərbərlik apardı, müdafiə hazırlığı gördü. Salman Farsinin təklifi ilə şəhər ətrafında xəndəklər qazıldı. Bu xəndəklər düşmənin nüfuzuna mane olmalı idi. Müsəlmanlar xəndəkləri qazmaq üçün çox əziyyət çəkdilər. Aclıqdan əziyyət çəkən müsəlmanlar qarınlarına daş bağılayıb işi dayandırmırdılar. Peyğəmbər onları fədakarlığa səsləyir, qələbə vəd edirdi. Peyğəmbər (s) vəd edirdi ki, bütün Ərəbistan fəth olunası, İran və Rum diz çökəsidir. Münafiqlər peyğəmbərin sözlərini məsxərəyə qoyurdular. Düşünürdülər ki, qarınlarını doyura bilməyənlər İran və Rumu məğlub etmək fikrindədirlər!



Geri   İrəli
Go to TOP