A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan həyatında təqlidin rolu
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 128
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Qeyd etdik ki, ağıl müstəqil şəkildə bir çox məsələləri dərk etmək gücündə deyil. Amma bir çox məsələlər ağıl tərəfindən dərk olunmasa da bir o qədər əhəmiyyət kəsb etmir. Məsələn, ağıl sübuta yetirə bilməz ki, Marsda həyat var, yoxsa yox. Əslində bu suala cavab tapılsa da, həmin cavab hansısa problemi həll etmir. Bu qəbil məsələlərə yanlış cavab verilsə də, elə bir qorxusu yoxdur. Müəyyən məsələlərsə aydınlaşdırılmadığı halda az zərər verir. Ona görə də onların aydınlaşdırılması istiqamətində ciddi təlaş göstərməyi zəruri saymırıq. Bilirik ki, onları bilməsək də, bir o qədər zərərə düşmürük. Amma elə məsələlər var ki, insan üçün həyati əhəmiyyət daşıyır, onun xoşbəxt və ya bədbəxt olmasında aparıcı rola malikdir. Onları ağıl dərk etmir deyə bir kənara qoymaq düzgün deyil. Məsələn, ilahi peyğəmbərlər ölümdən sonrakı həyatdan danışır. Peyğəmbərlərin bu mövzuya toxunması ən azı bizi ehtiyatlı olmağa çağırır. Quranın qeyd etdiyi məad mövzusu inkar edilərsə, insan əbədi əzaba düçar olar.[38] Demək, məad kimi mövzuların aydınlaşdırılması zəruridir və onların yanından asanlıqla ötüb keçmək olmaz. Məada inanmaqla inanmamağın eyni olduğunu iddia etmək düşüncəsizlikdir. Bu məsələyə ciddi yanaşılmalıdır. Məad bir həqiqətdirsə, onun inkarı insanı əbədi bədbəxtliyə düçar edər. Hətta bu qəbil mövzuları sübuta yetirə bilmədikdə inkar etməməliyik. Uyğun mövzulara ehyiyatla yanaşmalı, ya ağıl, ya da başqa səmərəli yollarla onun mahiyyətini dərk etməliyik.

Allah-taala buyurur ki, məadın inkarı insanı əbədi əzaba düçar edir. İnsan məadın varlığına azca ehtimal etsə belə, mövzu həyati əhəmiyyət kəsb etdiyindən onun mahiyyətini dərk etmək lazım gəlir. Məadla bağlı suallara qəti cavab verilməlidir. Əgər ağıl bu işdə acizdirsə başqa yollar tapmalıyıq. Müəyyən araşdırmalardan sonra məada inandıqda uyğun etiqad həyat yolumuza təsir göstərir. Bütün rəftarlarımız, hərəkətlərimiz, danışıqlarımız məad inancından başqa bir rəng alır. Məada inanan insan öz danışıq və rəftarlarına diqqət yetirir, ilahi bir məsuliyyət hiss edir. Qiyamətə inanan insan həyatının bir anını olsun belə boş keçirmək istəmir. Çünki bu mövzuya diqqətsizlik insanı əbədi əzaba düçar edir. Bəli, məada etiqadlı insan danışdığı hər sözə diqqətlidir.[39]

Məad və qiyamətə etiqadın məsuliyyət yaratması bəzilərini qorxuya salır və bu mövzu barədə düşünməməklə rahatlıq tapmağa çalışırlar. Onlar cilovsuz azadlıq əldə etməyə xatir əllərində dəlil olmadığı halda məadı inkar edirlər. Allah-taala bu barədə buyurur: “İnsan elə düşünür ki, onun sümüklərini bir yerə yığmayacağıq?! Bəli, Biz onun barmaqlarını bənd-bənd yığmağa qadirik. (İnsan məada şəkk etmir) O istəyir ki, (azad) özbaşına olsun. Soruşur ki, qiyamət nə vaxt olacaq?” [40] Digər bir ayədə oxuyuruq: “Elə ki onlara «Allahın vədi düzgündür və qiyamətə şəkk yoxdur» deyildi, söylədilər: “Biz bilmirik qiyamət nədir? Bu barədə yalnız gümanımız var, əmin deyilik!”[41]

Qiyaməti inkar edənlər məsuliyyətdən azad olmağa xatir ürəklərindən keçən işi görürlər. Onlar məad və qiyaməti inkar edirlər ki, düşüncələri asudə olsun. Əslində isə qiyamətin olmayacağına heç bir dəlilləri yoxdur. Dedikləri yalnız bəhanədir. Axı necə ola bilər ki, insanı heçdən yaradan Allah onu yenidən bərpa edə bilməsin?!

AĞIL VƏHYƏ TƏSLİM OLMALIDIR

Ağıl məad və qiyamət kimi bir sıra mövzuların sübutu üçün yetərli olmasa da, əqli dəlillərlə Allahı tanımış və iman gətirmiş insanın onu inkar etməyə dəlili yoxdur. Allah qiyamətin varlığını xəbər verir və ağılı bu hökmün qəbuluna çağırır. Allah buyuruğunun qəbulu əqlin hökmüdür. Allah buyurursa ki, mən sizi əbədiyyət üçün yaratmışam və orada ölüm yoxdur, ağıl Allahın buyuruqlarını inkar edə bilməz. Çünki uyğun məlumatlar vəhy yolu ilə, vəhyin qəbuluna ləyaqətli şəxs tərəfindən çatdırılır. Allah tərəfindən seçilmiş və səlahiyyəti sübuta yetirilmiş şəxs bir söz deyirsə ona iman gətirmək zəruridir. Əgər peyğəmbər Allah tərəfindən bir xəbər bəyan edirsə, sağlam ağıl onu qəbul edir. Çünki xəbər mötəbər bir mənbədən gəlmişdir. Peyğəmbərlər bəşəriyyət arasında vəhyin qəbuluna və çatdırılmasına ləyaqətli yeganə fərdlərdir. Başqalarında bu sayağı ləyaqət yoxdur. İlahi səciyyələrə malik peyğəmbər vəhy gətirirsə, şübhəsiz ki, onun dedikləri Allahın sözüdür və bu sözlərə şübhə ilə yanaşmaq olmaz. Kimsə gözləməməlidir ki, Allah onunla bilavasitə danışacaq. Çünki Allah buyuruğunun qəbulu üçün ləyaqət olmalıdır və Allah yaxşı bilir ki, vəhyi kimə göndərməlidir.[42]

Elə ki bir sözün Allah tərəfindən buyurulduğu və Peyğəmbər tərəfindən çatdırıldığı məlum oldu, ağıl bu sözə tabeçiliyə çağırır. Çünki istənilən bir qövm və irqdən olan peyğəmbər məsum olduğundan onun dedikləri dəlildir. Biz ağıl əsasında ona tabe olmalı və dediklərini qəbul etməliyik. Əlbəttə ki, bəziləri nəfs istəklərinə tabe olub təəssüb göstərir, hətta bu səbəbdən öz qövmlərindən olan peyğəmbəri qəbul edirlər. Əgər Peyğəmbər başqa qövmdən olsaydı, bir çox ərəblər onu qəbul etməzdilər. Allah-taala buyurur ki, əgər onu (Quranı) qeyri-ərəb dilli bəzilərinə nazil etsəydik və peyğəmbər onları dəvət etsəydi, ona iman gətirməzdilər.[43]

PEYĞƏMBƏR VƏ ONUN ƏHLİ-BEYTİNƏ (Ə) İTAƏT MEYARI

Bizim peyğəmbərə itaəti zəruri saymaqda məqsədimiz bu deyil ki, peyğəmbər bəşər nəslindəndir və aqildir. Biz onun islahatçılığını, mütəfəkkirliyini, xeyirxahlığını, cəmiyyətə canıyananlığını əsas götürmürük. Çünki bu xüsusiyyətlərdən heç biri deyilən sözü dəlil səviyyəsinə qaldırmır. Biz peyğəmbərə ona görə itaət edirik ki, o Allaha bağlıdır və dedikləri Allahın buyuruğu, yəni vəhydir. Onun peyğəmbərliyi ilahi möcüzələrlə bizə sübuta yetmişdir. Sübuta yetmişdir ki, onun dedikləri ilahi vəhydir. Bütün bu səbəblərdən ağıl hökm edir ki, onun dediklərinə iman gətirək. Hansı ki ağıl müstəqil şəkildə bu sahədə mühakimə apara bilmir. Ağıl yalnız həmin şəxsin mötəbərliyi barədə şəhadət verir. Ayədə buyurulur ki, onlara həmin bəşərdən olduğunu və yeganə Allah tərəfindən vəhy nazil edildiyini söylə.”[44]

Bəziləri təqlid mövzusuna şübhə ilə yanaşır, hətta Allahın peyğəmbərinə təqlidi şübhə altına alırlar. Biz şübhələri aradan qaldırmaq üçün uyğun mövzuların ağıl tərəfindən təsdiqləndiyini qeyd etdik. Peyğəmbər məsum, Allah tərəfindən seçilmiş, vəhy daşıyıcısı olduğundan ağıl ona itaətə çağırır. Bu əsaslarla biz peyğəmbərin bütün danışıq və rəftarlarını nümunə götürməliyik. Peyğəmbərin vəhydən qaynaqlanan buyuruqları əslində Allah kəlamı olduğundan dinlənilməli və qəbul edilməlidir. Peyğəmbərə itaət Allaha itaətdir. Peyğəmbərin sünnələri də ilahi hökmlərdən qaynaqlanır. Bu baxımdan həmin sünnələr də qəbul edilməlidir. Peyğəmbər danışıq və rəftarda xətalardan uzaq bir məsum olduğundan onun sünnə və buyuruqları dəlildir. Digər bir tərəfdən, Allah qəti şəkildə peyğəmbərin rəftar və danışıqlarını izləməyi tapşırır: “Onun elçisinin gətirdiyindən yapışın, çəkindirdiyi işlərdən uzaq dayanın.”[45]

Bundan əlavə, biz şiələr inanırıq ki, Peyğəmbər əhli-beytinin də buyuruqları peyğəmbər buyuruqları kimi dəlildir. Peyğəmbərə itaət və təqlidi vacib saydığımız kimi onun Əhli-beytinə itaət və təqlidi də vacib bilirik. Ağıl bu barədə birbaşa hökm vermir. Amma Quran dəlillərindən, peyğəmbər buyuruqlarından sonra ağıl təsdiq edir ki, belə bir itaət zəruridir. Peyğəmbər Əhli-beytinə (ə) itaətin zəruriliyini təsdiqləyən ayələr var: “Ey iman gətirənlər! Allaha, Onun rəsuluna, özünüzdən olan əmr sahiblərinə itaət edin.”[46] Şübhəsiz ki, bu ayə hakimiyyət kürsüsünə əyləşmiş hər adama şamil olunmur. Necə ola bilər ki, Allaha iman gətirənlər Onun düşmənlərinə tabe ola?! Peyğəmbərin öz dövründə də uyğun ayə dövrün hakiminə itaət kimi qəbul edilməmişdir. Cabir ibn Abdullah Ənsaridən nəql olunmuş rəvayətdə bildirilir ki, “ulil-əmr” ifadəsi ilə bağlı peyğəmbərdən soruşulduqda o buyurdu: “Onlar mənim canişinlərimdir, məndən sonra müsəlmanlar üçün məsum imamlardır” Sonra həzrət Peyğəmbər on iki məsumun adını birbəbir sadalamışdır. Onların birincisi Əli ibn Əbu Talib, sonuncusu Əli övladlarından olan hazırda qeybə çəkilmiş imam Mehdidir (əc.).[47]

İmam Sadiqin (ə) dövründə İslam hakimiyyətini qəsb etmiş xəlifələr ədaləti bərpa etmək əvəzinə zalım sultanlar kimi davranırdılar. Xüsusilə Əhli-beyt (ə) şiələri sıxıntılara məruz qalır, təqib edilirdilər. Xəlifələrin ətrafındakı saray adamları onların hökmlərinə şəri don geyindirməyə çalışır, Quran ayələrinə istinad edirdilər. Onlar xalqı inandırmağa çalışırdılar ki, “ulil-əmr” dedikdə dövrün hakimləri nəzərdə tutulur. Xalqa təlqin olunurdu ki, öz hakimlərinə itaət etmək vacibdir. Əslində isə “ulil-əmr” dedikdə Peyğəmbər əhli-beyti nəzərdə tutulurdu. Əbu Bəsirin imam Baqirdən nəql etdiyi rəvayətdə bildirilir: “Ulil-əmr” Əli ibn Əbu Talib haqqında nazil olmuşdur.” Əbu Bəsir deyir: Xalq bizdən soruşurdu ki, nə üçün Allah Əli və onun Əhli-beytinin adını Quranda zikr etməyib? İmam cavab olaraq buyururdu: “Onlara söylə ki, Allah namaz hökmünü verdi, amma onun neçə rəkət olduğunu Peyğəmbər açıqladı. Allah həcc hökmünü verdi, amma yeddi dəfə təvaf etməyin zəruriliyini Peyğəmbər çatdırdı. Həmin ayə Əli, Həsən və Hüseyn haqqında nazil olmuşdur. Peyğəmbər (s) Əli (ə) haqqında buyurur ki, mən hər kimin mövlasıyamsa Əli də onun mövlasıdır.”[48]

Allah-taala Quranda “ulil-əmr”, yəni əmr sahibləri ifadəsini işlədərkən dövrün hakimlərini nəzərdə tutmur. Biz uyğun ifadənin kimə aid olduğunu müəyyənləşdirmək üçün peyğəmbər buyuruqlarına müraciət edirik. Çünki Allahla rabitədə olan peyğəmbərdir və onun vəhylərini də o açıqlayır. Peyğəmbərin Quran ayələrinə verdiyi təfsir bizim üçün dəlildir. Peyğəmbərdən savayı kimsədə belə bir səlahiyyət yoxdur. Bütün təfsirçilər də etibarlı dəlil olaraq peyğəmbərin buyuruqlarına istinad edirlər. Quran ayələrini yalnız məsumların buyuruqları sayəsində dərk edə bilərik. Bu işdə məsum olmayanların söylədikləri dəlil deyil. Bəli, Peyğəmbər “ulil-əmr” ifadəsinin məsum imamlara aid olduğunu bildirir. Bunu qəbul etdikdən sonra Əhli-beytin buyurduqları da bizim üçün dəlil olur. Allahın hökmlərinə itaət etmək ağlın əmridir. Əgər Peyğəmbər Allahın buyuruğunu çatdırırsa, onun da buyurduqlarına itaət vacibdir. Nəhayətdə, Peyğəmbərin buyuruqları əsasında məsum imamlara tabeçiliyi ağıl zəruri sayır.

Əksinə, bəziləri bir müddəanın qəbul olunması üçün əksəriyyətin rəyini əsas sayırlar. Onların nəzərincə, yalnız əksəriyyətin səs verdiyi müddəa qəbul edilə bilər. Əksəriyyət ağıl və vəhyin ziddinə çıxırsa da, onu qəbul etmək lazımdır! Hansı ki, əksəriyyətin rəyi vəhy və ağıl əsasında qəbul edilə bilər. Peyğəmbərin məbus olduğu dövrdə əksəriyyət kafir, müşrik və bütpərəst idi. Həmin əksəriyyət dinə qarşı çıxırdı. Belə bir əksəriyyətin rəyini necə qəbul etmək olar?! Onların nəzərincə, Peyğəmbər insanları tövhidə dəvət edə bilməzdi. Əksəriyyətin rəyi mötəbər olsaydı, həzrət İbrahim bütləri sındıra bilməzdi. Amma o əksəriyyətin rəyini nəzərə almadan bütləri qırır və tövhid bayrağı ucaldır. Nə üçün İslam peyğəmbəri hicazda əksəriyyət təşkil edən bütpərəstlərə qarşı çıxdı? Məlum olur ki, yalnız əqli və nəqli dəlillər mötəbərdir. Əgər ağıl bir həqiqətin təsdiqində acizdirsə, Peyğəmbər və imamların buyuruqlarına üz tutmalıyıq. Onlar həqiqətləri başqalarından daha yaxşı görür və bəyan edirlər. Məsumların buyuruğu itaət olunası ən üstün buyuruqlardır.

Təqlid dedikdə fəqihin fətvalarına itaət nəzərdə tutulsa da, təqlid sözünün daha geniş əhatəsi var. Təqlid dedikdə əqidə məsələlərində də idealları izləmək nəzərdə tutulur. Peyğəmbər və məsumların buyuruqlarına itaət də təqlid qismindəndir. İnsanlar Peyğəmbər və məsumların buyuruğuna əqli dəlillər əsasında itaət edirlər. Biz müsəlmanları peyğəmbər və məsumlara təqliddən çəkindirənlərə deyirik ki, Allaha yaxın insanlara təqlid ağılın hökmüdür. Hətta ağılın dərk etmədiyi məsələlərdə məsumlara itaət əqli əsaslara malikdir. Peyğəmbər məsum olmaqla yanaşı nəhayətsiz biliyə sahib olmuşdur. Belə ki, peyğəmbərə itaət məntiqsiz bir itaət deyil. Ağıl hökm edir ki, insan bütün məsələlərdə mütəxxəsisə üz tutmalıdır.[49]

AQİLLƏRİN MÜNASİBƏTİ FƏQİHƏ TƏQLİD MEYARI KİMİ

Məsumların qeyb dövründə, peyğəmbər və onun məsum canişinlərinə əl çatmayan bir zamanda təqlid mərcəsi olan alimlərə təqlid məsələsi ortaya çıxır. Bəziləri mərcə alimlərə təqlidi ağıla zidd iş sayır və meymunlara xas bir iş kimi tanıtdırır. Cavabımız budur ki, məsumlara ardıcıllıq ağılın tələbidir. Təqlid mərcələri isə məsum olmadığından onların fətvalarında fərqlər mövcuddur. Amma onlara təqlid ağıla əsaslanır və cahilin alimə müraciət növüdür. Cahilin alimə müraciətinin zəruriliyi aqillərin qənaətidir və onların bu qənaəti mərcələrə təqlid üçün də bir əsasdır. Əgər insan bir sahədən baş çıxarmırsa və ağıl da köməyə gəlmirsə, uyğun sahədə mütəxəssisə müraciət olunur. Bu yolla insanların ehtiyacları təmin edilir. Mütəxəssisə müraciət edən bilir ki, həmin şəxs məsum deyil və xətalara yol verə bilər. Amma məlum məsələdir ki, uyğun sahə ilə tamamilə tanışlığı olmayanın bütün hərəkətləri xətalı olasıdır. Belə bir şəxsin mütəxəssisə müraciət etməkdən savayı yolu qalmır. Səhrada yolu itirən kəs yolu tanıdığını deyənin məsləhətinə qulaq asır. Belə birinin baxışı, şübhəsiz ki, yoldan tamamilə xəbərsiz insanın köməyinə gəlir. İnsan düşünür ki, əgər özü yol seçsə azmayacağına ümid yoxdur. Amma ona yol göstərənin göstərişlərinin faydalı olacağına daha böyük ehtimal var. Xəstənin həkimə müraciəti düşüncə sahibləri tərəfindən bəyənilir və əqli əsaslara malikdir. Həkimə müraciət edən öncədən bilir ki, həmin həkim səhvə yol verə bilər. Amma onun səhvə yol verəcəyinə ehtimal azdır. Ev almaq istəyən insan bu sahə ilə məşğul olan mütəxəssisə müraciət edir. Ev tikən insan memar və mühəndis soraqlayır. Dini məsələlərdən xəbərsiz birinin də fəqihin sorağınca getməsi, mərcə alimə təqlid etməsi tam məntiqidir. Əgər bir neçə fəqih varsa, insan onlardan daha elmli bildiyinə təqlid edir. Daha bilikli mərcənin həqiqətə daha yaxın hökm verəcəyi ehtimalı böyükdür. “Əgər xəstə həkimə müraciət edə biləcəyi halda bu işi görmürsə, məzəmmət olunur. Daha yaxşı həkimdən faydalanmaq üçün bəzən uzun yollar getmək, pul xərcləmək lazım gəlir. İmkanı olmayanlar isə yerli həkimə müraciət etməklə kifayətlənməli olur.

Demək, müctəhidə müraciət ibadət yox, ağılın tələb etdiyi bir üsuldur. Aqil insanlar bir şəxsi daha bilikli saydıqda ona müraciət edirlər. Daha bilikli insana əl çatmadıqda qismən biliyi olanlara üz tutulur.

Bəli, müctəhidə müraciətdə meyar elm, təqva və ədalətdir. Bir şəxsi başqalarından bilikli gördükdə ona müraciət edir, onun fətvaları əsasında hərəkət edirik. Belə bir təqlid ağıla əsaslanır. Bu işdə əqli və şəri meyarlarla yanaşı elm və təqva meyarları da var. Təqliddə milli, irqi, qövmi yaxınlıqlar, dil birliyi meyar deyil.

DEMOKRATLARLA FİRONÇULARIN MƏNTİQ FƏRQLƏRİ

Bəziləri iddia edirlər ki, hər işdə çoxluğun rəyini öyrənmək, ictimai rəyə tabe olmaq, inkişaf etmiş qərb mədəniyyətindən bəhrələnmək lazımdır. Onların nəzərincə, böyük elmi nailiyyətləri olan qərb bütün işlərdə örnəkdir. Bu düşüncəyə əsasən İslam peyğəmbəri bütpərəstliyə qarşı çıxmamalı idi. Çünki bütpərəstlik xalqın əqidəsi idi. Hansı ki, Peyğəmbər insanları tutduğu yoldan dönməyə, əcdadlarının yolundan imtina etməyə çağırırdı. Belə çıxır ki, həzrət Musa Firona etiraz etməməli imiş. Fironun sərvət və qüdrəti vardı, dövrünün mədəniyyət təmsilçisi idi. Onun hakimiyyəti altında böyük elmi nailiyyətlər əldə olunmuşdu. Belə çıxır ki, hamı Firona itaət edib, onun yolunu izləməli imiş! Həqiqətən də, Fironun dövründə bir çox nailiyyətlər əldə olunmuşdu. Həmin nailiyyətlərin bir nümunəsi də Misir ehramlarıdır. Bu ehramların tikintisindən neçə min il ötsə də, onların sirri açılmamışdır. Məlum olur ki, həmin dövrdə elm bu günkündən də güclü olmuşdur. Firon xalqı özünə itaətə çağırırdı. Çünki onun bərəkətli torpaqları, böyük qüdrət və sərvəti vardı.

Həmin dövrdə Firon özünü məmləkətin sahibi bilir, gününü eyş-işrətdə keçirirdi. Həzrət Musa Kənan məntəqəsindən idi. Oranın əhalisi öz torpaqlarından qovulub didərgin salınmışdı. Həzrət Musa sadə libasla əlində ağac Fironun sarayının qarşısında dayanıb dedi: “Mən Allahın peyğəmbəriyəm və Firon mənə tabe olmalıdır.” Musanın Fironun sarayının qarşısında dayanıb peyğəmbərlik iddiası etməsi ətrafda gülüş doğururdu. Həzrət Musa bir müddət sarayın qarşısında dolandı. Amma onu saraya buraxmırdılar. Təlxək gündə Fironun hüzuruna gəlib həzrət Musanı yamsılayırdı. Nəhayət, Firon göstəriş verdi ki, Musanı onun hüzuruna gətirsinlər və onun kimliyini görsün. Həzrət Musanı saraya buraxdılar. O öz sözünü Firona dedi.

Firon Musanın yolunu izləyənlərə dedi: “Məgər bu bərəkətli torpaqların hakimiyyəti mənim əlimdə deyilmi?! Məgər böyük qüdrət və sərvət sahibi mən deyiləmmi?! Bəs necə olur ki, siz mənim kimi imkanlını qoyub Musa kimi zəifə iman gətirirsiniz?! Hansı ki, o ağıllı-başlı danışa da bilmir! Necə olur ki, belə bir yoxsulun sözünü dinləyirsiniz?!" Qurani-kərimdə bu barədə buyurulur: “Firon öz qövmünü çağırıb dedi: “Ey insanlar, misirin hakimiyyəti və altından axan çaylar mənə məxsus deyilmi? Yoxsa görmürsünüz? Mən doğru-dürüst danışa bilməyən bu miskindən üstün deyiləmmi? Nə üçün onun qızıl qolbaqları yoxdur? Nə üçün onunla mələklər gəlməyib?”[50]

İSLAM QANUNLARINA İTAƏT, QƏRB QANUNLARININ İNKARI

Əgər bir şəxs Firon məntiqi əsasında başqalarına təqlid edərsə, onun təqlidi kor-koranədir və meymunsayağıdır. Firon kimi elmi və var-dövləti ilə öyünən qərbə tabeçilik də bu qəbildəndir. Bir ölkənin texnoloji baxımdan tərəqqisi onu mənəvi cəhətdən nümunə götürmək üçün əsas deyil. Biz inkişaf etmiş ölkələrin yalnız elmi nailiyyətlərindən istifadə edə bilərik. Amma onların qanunlarını İslam qanunlarından üstün saymaq olmaz. İslam qanunlarının üstünlüyünü nəzərə alsaq, qərb qanunlarına təqlidçiliyi ağılsızlıq saymalıyıq. Biz müsəlmanlar Allahın peyğəmbərlər və məsum imamlar vasitəsilə bizə çatdırdığı qanunları insanların tənzimlədiyi qanunlardan üstün tuturuq. Çünki məsumlar bütün nöqsanlardan uzaq olmuşlar. Onlar bizim üçün ideal nümunələrdir. Hazırda onlara əlimiz çatmır və onların yolunu izləyən təqlid mərcələrinə, müctəhidlərə itaət edirik. Çünki din alimləri məsum imamlara daha çox oxşayır, onların buyuruqlarını daha yaxşı dərk edir. Xəstənin həkimə müraciəti ağıllı iş sayıldığı kimi, dini məsələlərin öyrənilməsi üçün fəqihə müraciət də məntiqi qəbul olunmalıdır. Demək, bizim təqlidimiz kor-koranə və meymunsayağı deyil. Qərbin aldadıcı elmi nailiyyətlərinə aldanıb onların yolunu izləyənlər ağıl və məntiqdən uzaq addım atır. Qərbin məntiqi hiylə və yalandan ibarətdir. Onlar bəşər hüquqları, demokratiya adı altında millətlərin başına oyun açır, heç bir cinayətdən çəkinmirlər.

Amerikanın son prezidenti Buş əksəriyyətin rəyini qazana bilməmişdi və seçkilərdəki saxtakarlıq bütün dünyaya məlumdur. İş sonda məhkəməyə çəkildi və prosesdə iştirak edən yeddi hakimdən respublikaçılar partiyasından olan dördü Buşun xeyrinə hökm verdi. Bəli, haqq-ədalətdən danışılan ölkədə tərəfbazlıqla prezident seçildi. İndi özünüz deyin, biz min bir fırıldaqla seçilmiş hakimiyyəti, yoxsa elm, təqva və müdiriyyəti ilə ləyaqətini təsdiqləyən rəhbərliyi nümunə götürməliyik?! Elm və təqvalı insanlar cəmiyyətə can yandırır, sadə şəkildə yaşayır, peyğəmbərlərin və məsumların yolunu izləyir. Əgər Amerika və qərb insan haqlarının tapdanmasından narahatdırsa, nə üçün Fələstin xalqının başına od yağdırılır?! Hazırda avropalılar da, amerikalılar da öz dövlətlərinin işğalçı sionist rejimini himayə etməsini qınayır, öz etiraz səslərini ucaldırlar. Onlar öz dövlətlərinin atdığı addımlardan xəcalət çəkir, hər vasitə ilə ona təsir göstərməyə çalışırlar. Belə bir vəziyyətdə hansı ümidlə qərb və amerikanın yolunu izləməliyik?!

Peyğəmbərlərə və Allahın övliyalarına, onlara daha çox oxşayanlara arxa çevirib başdan ayağa çirkab içində olanları nümunə seçməyimiz hansı ağıl və məntiqə əsaslanır? Məgər Amerikanın sabiq prezidenti öz əxlaqsızlığını etiraf etmədimi? Bugünkü Amerika prezidentinin ayağında seçkilərin saxtalaşdırılması kimi bir cinayət yazılmayıbmı? Amerika demokratiyasını nümunə seçmək ağılsızlıq deyilmi? Fəqihin hakimiyyəti qərb hakimiyyəti ilə necə müqayisə oluna bilər? İslam inqilabının böyük rəhbəri və onun saleh canişininin hansı nöqsanı var? Bu saleh insanları azğın qərb və Amerika başçıları ilə müqayisə etməkmi olar?! Bu günədək kim mərhum İmamı və onun canişinini öz məqamından sui-istifadədə suçlayıb? Bu sayaqı ilahi rəhbərləri qoyub başqalarının ardınca getməyimiz ağılsızlıq deyilmi? Bu gün fəqih hakimiyyətinin yerinə qərb demokratiyasını oturtmaq istəyənlər, hətta Salman Rüştünün himayəsini qazanmağa çalışanlar nə düşünür? Bu günlərdə Nyu-York Tayms qəzetində oxudum ki, məlun Salman Rüştü öz həmməsləkinə çıxarılan hökmə təəssüfləndiyini bildirmişdir! Quran buyurur: “Allahın nemətini küfrə dəyişən, öz qövmünü fəlakətə aparanı görmədinmi?![51]

YEDDİNCİ MƏCLİS

İSLAM VƏ LİBERALİZMİN ADƏT-ƏNƏNƏLƏRƏ, ETİQAD VƏ DƏYƏRLƏRƏ MÜNASİBƏTİ

TƏQLİDİN ZƏRURİLİYİ VƏ ONUN MÜXTƏLİF SAHƏLƏRİNƏ YENİDƏN BAXIŞ

Qeyd etdik ki, din sahəsində təqlid və ardıcıllıq əqli dəlillərə və aqillərin keçdiyi yola əsaslanır. Yəni ağılın müstəqil şəkildə dərk etmədiyi və isbat edə bilmədiyi işlərdə insan onun yolunu işıqlandıranların ardınca gedir. İlk addımda səlahiyyətli müctəhidə təqlid olunur. Ağıl hökm edir ki, insan istənilən bir nöqsan və xətadan uzaq olanlara təqlid etməlidir. Bu zümrəni isə peyğəmbərlər və məsum imamlar təşkil edir. Əgər məsumlara birbaşa təqlid mümkünsüz olarsa, ikinci addımda, ağılın hökmü ilə məsumlara daha çox oxşayanlara, ilahi maarif sahiblərinə üz tutulur. Şübhəsiz ki, din sahasində belələri daha az səhvə yol verir və onlara ardıcıllıqla insanların dini ehtiyacları ödənir. Buna görə də müsəlmanlar fiqhi məsələlərdə fiqh bilicisi olan mərcəyə təqlid edirlər. Onlara müraciət cahilin alimə müraciəti nümunəsidir. Din sahəsində dini maarifə daha çox yiyələnənlərə üz tutmağımız zəruridir.

Növbəti sual budur ki, biz hansı sahələrdə təqlid etməliyik? Hər işdə təqlid olunmalıdır, yoxsa təqlidin öz sahəsi var? Əgər insanın uyğun sahədə şəxsi baxışı yoxsa və başqalarından istifadə etmirsə çətinliyə düşür. Məsələn, Marsda həyatın olub-olmamasını bilmiriksə, bu sahədə başqalarına tabe olmağımıza ehtiyac yoxdur. Çünki bu məsələdən xəbərdarlıq heç bir həyati əhəmiyyət kəsb etmir. Yalnız dünya və axirət səadətimiz üçün əhəmiyyət daşıyan məsələlərdə təqlid etməyimiz zəruridir. Şəxsən etiqadı olmayan və bu sahədə başqalarının yolunu izləməyən insan təhlükə ilə üzbəüzdür. Ağıl tələb edir ki, bu sahədə insan özünə çarə qılmalıdır. Ağıl nəinki zərərin, hətta ehtimal olunan zərərin aradan qaldırılmasını əmr edir. İnsan din sahəsində ya çalışıb özü ictihada çatmalı, ya da ictihada çatanların nəzərinə tabe olmalıdır.

Din sahəsində müqəddəs şəriətin zəruri saydığı etiqadlara yiyələnməliyik. Allah və ilahi peyğəmbərlərin bəyan etdiyi göstərişləri yerinə yetirməyimiz vacibdir. Bu sahədə səhlənkarlıq edən şəxs Allahın əzabına düçar olacaq. İnsanın onun səadəti üçün zəruri olan biliklərə müstəqil yiyələnməsi çətindir. İnsanlardan az bir hissəsi zəruri dini biliklərə yiyələnib ictihada çata bilir. Əksəriyyət isə ictihad səviyyəsində biliklərdən məhrumdur. Hansı ki, bu biliklərsiz xoşbəxt olmaq mümkünsüzdür. Demək, dini ehtiyacların ödənməsi üçün bu sahənin mütəxəssislərinə, müctəhidlərə üz tutmağımız vacibdir. Belə bir təqlid fiqhi məsələlərdə təqliddən daha geniş məna kəsb edir. Nəzəri və etiqadi məsələlər də bu çərçivəyə daxildir. Təqlid sahələrini tanımaq üçün müəyyən mütaliələrə ehtiyac var. Zəruri mütaliələrdən sonra məlum olur ki, dinin dörd sahəsində təqlid etmək zəruridir. Əlbəttə ki, bu sahələr arta da bilər.

Birinci sahə etiqadlar, inamlar sahəsidir. Bu sahədə varlıq və yoxluq kimi iki məfhumla rastlaşırıq. Məsələn, deyilir ki, Allah var, peyğəmbərlər Allah tərəfindən göndərilib və ya qiyamət haqdır. Demək, birinci sahədə gerçəkliklərdən danışılır. İkinci sahə göstəriş xarakterli dəyərlərdən ibarətdir. Bu sahədə vaciblərdən və olmazlardan danışılır. Məsələn, bildirilir ki, doğruçuluq yaxşıdır və doğru danışmaq lazımdır. Yalan pisdir və yalan danışmaq olmaz. Bu iki baxış yalnız doğru və yalanın müsbət və mənfi dəyərlərini bəyan edir. İnsan doğruçuluq göstərişinə əməl etməli, yalandan çəkinməlidir. Əlbəttə ki, dəyərlərin etiqadlarla əlaqəsi var. İnsan etiqadlara sahib olduqdan sonra, məsələn, Allah və peyğəmbəri qəbul etdikdən sonra müəyyən dəyərlərlə üzləşir. Əgər Allahın varlığına inanırıqsa, ona itaət edib razılığını düşünməli, onun bəndələrinə xidmət edib razılığını qazanmalıyıq. Allaha qarşı müxalifət, cəmiyyətin xeyrinə biganəlik mənfi dəyərlərdəndir.

Üçüncü sahə yollar və üsullar sahəsidir. Dəyərlərin həyata keçməsi üçün üsullara ehtiyac var. Dəyərlər zaman və məkan kimi şərtlərdən asılı olaraq fərqlənə bilər. Məsələn, əmin-amanlıq bir dəyərdir. Cəmiyyətdə əmin-amanlıq yaradılması mühüm işdir.



Geri   İrəli
Go to TOP