A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan həyatında təqlidin rolu
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 128
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Hansı ki, dini məsələlərdə fəqihə təqlid edilməsi ağıl və fitrətin tələbidir, cəmiyyətin dini ehtiyaclarını ödəyir. Müğənnidən din haqqında soruşanlar müctəhiddən din haqqında soruşmağı qəbahət sayır, bu işi meymun işi sayırlar. Onların nəzərincə, ruhanilərin insanları dini məsələlərdə təqlidə dəvəti qəbahətli bir işdir. Hansı ki, bu yolda addım atanlar özləri meymun sayağı İslam düşmənlərinə təqlid edirlər. Onlar düşmən dəyirmanına su tökür, düşmənin proqramlarını həyata keçirirlər. Bu qəbil hərəkətlər məzəmmət olunur və nifrətəlayiqdir. Düşmənlərin son məqsədi insanları hətta peyğəmbər və məsum imamlara təqliddən çəkindirməkdir.

DÜZGÜN TƏQLİD VƏ ONUN ŞƏRTLƏRİ

Dini vəzifələrimizə və şəri hökmlərə münasibətdə Peyğəmbər (s) və Əhli-beytin (ə) yolunu izləyən bizlər həqiqi İslam maarifindən faydalanmaq istəyindəyik. Təqlid məsumların rəy və baxışına yaxınlaşmaq üçün zəruri şərtdir. "Hər kəs öz rəyini meyar götürməlidir" kimi şeytani şübhələr bizim üçün qəbulolunmazdır. Öncə prinsipial olaraq təqlid mövzusunu araşdırmalı, təqlidin düşüncə və fitrət, Quran və sünnə baxımından təsdiqlənən bir həqiqət olduğuna inanıb təqlid dairəsini müəyyənləşdirməliyik. Təyin etməliyik ki, hansı hallarda təqlid olar, hansı hallarda olmaz. Təqlid mövzusunu araşdırarkən zaman və məkan məhdudiyyətlərini nəzərdən qaçırmamalıyıq. Bəzi dini hökmlər və göstərişlər üçün zaman və məkan məhdudiyyətləri vardır. Məsələn, geyim məsələsində isti məntəqələrdə yaşayan insan soyuq məntəqələrdəki insanlara, soyuq məntəqədə yaşayan insanlar isti məntəqədə yaşayan insanlara təqlid edə bilməz. Bu onların sağlamlığı üçün təhlükəlidir.

İslam peyğəmbəri isti havalı hicazda yaşadığından həmin iqlimə uyğun geyinmişdir. Təbii ki, soyuq məntəqədə yaşayan insan «peyğəmbərə təqlid edirəm» deyib eyni libasları geyinə bilməz. Hətta təqlidin düzgün olduğu hallarda onun mütləq olub-olmadığı, zaman və məkan kimi müəyyən şərtlərdən asılılığı öyrənilməlidir. Bəzən danışıqda da müəyyən qeydlər edilir. Bu qeydlərdən aydın olur ki, öyrənilən söz nəzərdə tutulmayan bir hala aid ola bilər. Eyni zamanda söz şərti rəftara şamil olunmur. Çünki rəftar danışıqdan fərqlidir. Rəftarla bağılı qeydlər “ləbbi” və ya “məqami” səciyyələrə malikdir. Bəzən danışıq üçün də uyğun şərtlər özünü doğruldur.

İCTİHAD ZƏRURƏTİ VƏ DİNDƏ TƏQLİD

Şübhəsiz ki, dini hökmləri tanımaq üçün Əhli-beytdən (ə) nəql olunmuş rəvayətləri tərcümə edib xalqın ixtiyarına vermək düzgün deyil. Bəziləri iddia edirlər ki, fəqihlərin risalə yazmasına ehtiyac yoxdur və xalq özü rəvayətlərdən nəticə çıxarmalıdır. Hansı ki, rəvayətləri anlamaq üçün müqəddimə biliklərə ehtiyac var. Rəvayətin qəbul olunması üçün şərtlər mövcuddur. Ən əsası rəvayətin mötəbərliyi təyin olunmalıdır. Bunun üçünsə fundamental biliklərə ehtiyac var. Yalnız fəqihlər rəvayətləri araşdırıb, onları müqayisə etmək və sonda düzgün qənaətə gəlmək imkanına malikdirlər. Bəzən nəql olunmuş rəvayətin əsas məqsədi qapalı olur. Bu qəbil rəvayətləri düzgün anlamaq üçün insan hədis elmi ilə tanış olmalı, düzgün nəticə əldə etmək üçün oxşar rəvayətlərdən istifadə etməlidir.

Məsumların rəftar və əməllərindən danışan müəyyən rəvayətlər üçün isə hər hansı şərt qoyulmur. Bu qəbil rəftarlardan hamı, istənilən məkan və zamanda istifadə edə bilər. Uyğun rəvayətləri nümunə götürmək üçün ictihada ehtiyac yoxdur. Məsələn, həzrət Əli ibn Əbu Talibin ədalətə münasibəti həmişə örnəkdir. Bəzi rəftarlar isə mütləq deyil, onların qəbulu üçün müəyyən şərtlər ödənməlidir. Kimsə şübhə etmir ki, Əli ibn Əbu Talib ibadət əhli idi, Quran oxuyurdu. Onun düşmənləri də qəbul edirlər ki, Əmirəl-möminin vaxtının çoxunu ibadətdə keçirirdi. Həzrət hətta xurma bağılarında işlədiyi vaxt zikr edir, dua oxuyur, Quran qiraət edirdi. Amma araşdırmaya ehtiyaclı suallar da var. Məsələn, bir müstəhəb əməl o biri vacib əmələ mane olduqda Əmirəl-möminin müstəhəb əməli yerinə yetirirdimi? Məsələn, Əmr ibn Əbduvədlə savaşa getməli olduğu vaxt namazı döyüşdən üstün sayırdımı? Şübhəsiz ki, Əmirəl-möminin həm ibadət, həm də cihad əhli idi. İki iş bir-birinə mane olduqda həzrət daha mühümünü seçirdi. Demək, Əmirəl-mömininin əməl və rəftarlarından ibrət götürmək üçün müəyyən şərtlər nəzərə alınmalıdır. Məsələn, namazın cihada mane olması bir şərtdir. Bu qəbil qeyri-mütləq məsələlərdə elmin dərinliyinə varmaq, ictihad etmək lazımdır. Hər hansı rəvayətə kor-koranə təqlid etmək olmaz, müəyyən dəlillər əldə olunmalıdır. İnsan zəruri şərtləri araşdırmaq gücündə olduqda daha mühüm əməli seçə bilir. Bəli, Əhli-beytin (ə) buyuruqlarını anlamaq üçün çox vaxt ictihada ehtiyac olur. Əhli-beytin (ə) müəyyən əməllərinə təqliddə də ictihad zəruridir. Fəqih müəyyənləşdirir ki, hansı əmələ hansı şəraitdə təqlid olunmalıdır.

ÜÇÜNCÜ MƏCLİS

TƏQLİD AMİLLƏRİ VƏ BAŞQALARINA İTAƏT

TƏQLİDİN ZƏRURƏTLƏRİ VƏ TƏQLİDİN DAXİLİ BİR MEYL SAYILMASI

Ötən söhbətlərdə mütəxəssisə təqlid və itaətin əqli və fitri bir tələb olduğu bildirildi. Bu mövzu aydınlaşdıqdan sonra üç sual ortaya çıxır:

Kimlərə təqlid edilməlidir? Hansı məsələlərdə təqlid olunmalıdır? Təqlid üçün hansı amillər var?

Bu sualları cavablandırmazdan öncə aydınlaşdırmaq lazım gəlir ki, təqlid düşüncəli bir işdir, yoxsa daxili bir meyldir? Əgər təqlidin düşüncə ilə həyata keçən bir proses olduğunu qəbul etsək, onun amillərini araşdırmalıyıq. Təqlidin daxili bir meyl olduğunu, instinktiv həyata keçdiyini qəbul etsək məsələyə münasibət dəyişər.

Məşhur qərb pisixoloqlarından olan Vilyam Mark Duqal iddia edir ki, təqlid düşüncədən asılı olmayan daxili bir meyldir. Onun nəzərincə, insan uşaqlıq dövründən başlayaraq ətrafdakılara təqlid edir. Məsələn, körpə çalışır ki, bütün işlərində ata-anasına oxşasın, onların hərəkətlərini təkrarlasın. Pisixoloq düşünür ki, insan uşaqlıq dövrünü adladıqdan sonra da heyvani təqlid prosesi davam edir. Qeyd etməliyik ki, əksər pisixoloqlar və alimlər onun bu ifratçı nəzəriyyəsinə müxalifdirlər. Onlar qəbul etmirlər ki, təqlid heyvani bir meyldir.

Yuxarıdakı nəzəriyyəyə cavab olaraq bildirməliyik ki, uşaqlıq dövründə insanın təfəkkürü formalaşmadığından onun bir çox hərəkətləri instinktiv olur. Amma təfəkkür inkişaf etdikcə amillər də dəyişir. İlk əvvəllər heç nəyin səbəbi ilə maraqlanmadan ətrafda gördüklərini təkrarlayan insan (körpə) zaman ötdükcə məsələlərin mahiyyətinə varır. Bəli, körpə öz anasının sinəsinə düşüncəsiz şəkildə meyl edir. Amma sonradan elə bir mərhələyə çatır ki, qidalanmanın zərurətini anlayır. O artıq nə yeyəcəyini, nə vaxt yeyəcəyini müəyyənləşdirir. Əgər körpə düşüncəsiz şəkildə ağlayırsa, bu o demək deyil ki, həyatın növbəti mərhələlərində də onun göz yaşları ixtiyarsız şəkildə axasıdır. Əgər özümüzə diqqət yetirsək, əmin olarıq ki, hərəkətlərimizin arxasında məqsəd dayanır. Biz başqalarına itaət edərkən də bunu planlaşdırırıq. Demək, təqlidin dəlilləri olmalıdır.

Bu gün qərbdə ictimai rəyə, ictimai ənənələrə qarşı etiraz halı yaşanmaqdadır. Müxtəlif qruplar heç kimin bəyənmədiyi şəkildə rəftar etməyə səy göstərirlər. Onlar bu yolla azadlıqlarını nümayiş etdirdiklərini düşünürlər. Bu cərəyanın şiddətlənməsi nəticəsində cəmiyyətdə çox eybəcər tiplər yaranır. Bir qrup insan guya kimsədən asılı olmadığını sübuta yetirmək üçün libasını, saç düzümünü, çöhrəsini, hərəkətlərini əcaib şəklə salır. Onlar bütün bu işləri cəmiyyətə etiraz olaraq yerinə yetirirlər. Demək, hətta bu düşüncəsiz insanlar planlı şəkildə hərəkət edirlər.

Təqlidin heyvani bir istək olmadığını təsdiqləyən dəlillərdən biri də budur ki, cəmiyyətə daxil olan gənc qarşılaşdığı rəftarlar arasında seçim aparır. Onun bütün gördüklərinə təqlid etməsi təbii deyil. Onun hər seçimdə hansısa bir dəlili var. Ən azı bir qrup insanın düşüncəli şəkildə təqlid etdiyini nəzərə alsaq, belə bir sual yaranar ki, təqlidin hansı amilləri var? Qeyd etməliyik ki, təqlid iki yönümdə özünü göstərir: düşüncədə və əməldə. Bəzən insan başqalarına təqlid edərək heç bir əsası olmayan bir şeyə inanır. Bəzən də əsassız şəkildə başqalarının əməllərini təkrarlayır.

DÜZGÜN TƏQLİD HƏQİQƏTƏ APARAN YOLDUR

İnsanın düşüncəsi, dərketmə qüvvəsi olduğundan hər hansı etiqada təqliddə həqiqəti kəşf etməlidir. Əgər insanın müəyyən nəzəri məsələni dərk etməyə gücü yoxsa, o uyğun sahədə mütəxəssisə təqlid edə bilər. Nəzəri baxımdan başqalarına təqliddə məqsəd doğru yol və sağlam həyat tərzinin təmini olmalıdır. Həqiqətə çatmaq əzmində olan insan baxışlarında heç bir yanlışlıq olmayan kəsə təqlid etməlidir. Başqa sözlə, ideal bir şəxs nümunə götürülməlidir. Əlbəttə ki, cüzi nöqsanları da nəzərə almamaq olar. Əgər bir həkim arabir səhvə yol verirsə, ondan birdəfəlik üz çevirmək olmaz.

Amma bəziləri həqiqətə çatmaq üçün yox, tamamilə puç məqsədlərlə başqalarının baxışlarına tabe olurlar. Belələri ilk addımda müvəffəqiyyət qazansalar belə, məqsədləri düzgün olmadığından sonda uğursuzluqla rastlaşırlar. Layiq olmayan kəslərə təqlid insanı doğru yoldan azdırır, nəticədə bədbəxtlik baş verir. Bəziləri də həqiqəti kəşf etmək məqsədində olsalar belə, ideal seçimində yanılırlar. Məsələn, başı ağrıyan bir şəxs bəzən həkim əvəzinə özü kimi başqa bir xəstənin göstərişlərinə əməl edir. Nəticədə nəinki xəstəlik aradan qalxmır, hətta bir az da şiddətlənir. Hansı ki addım atmazdan öncə yaxşı araşdırma aparılmalıdır. Tibbi baxımdan məsləhət verən şəxs ixtisas sahibi olmalı və onun mütəxəssisliyi başqa mütəxəssislər tərəfindən təsdiqlənməlidir.

Düşüncəli insanlar hətta adi həyati məsələlərdə ideal seçiminə ciddi diqqət yetirirlər. Onlar mütəxəssisliyi, ləyaqəti nəzərə alırlar. Məsələn, bir həkimə müraciət etmək istədikdə öncə araşdırma aparır, həmin şəxsin mütəxəssislik dərəcəsini müəyyənləşdirməyə çalışırlar. Yalnız əmin olduqdan sonra ona müraciət edirlər. Eləcə də düşüncəli insanlar dini məsələlərdə təqlid etmək istədikdə istənilən bir ünvana üz tutmur, fiqhi bilikləri başqalarından üstün olanı seçirlər. Onlar məqsədə çatmaq üçün yetərincə araşdırma aparır, daha elmli fəqihi müəyyənləşdirdikdən sonra arxayınlıqla təqlid edirlər. Əlbəttə ki, müctəhidlik iddiasında olan hər adama təqlid etmək yanlış addımdır.

KOR-KORANƏ TƏQLİDİN NÖVLƏRİ

1.Əcdadların yanlış ənənələrinə təqlid

Cəmiyyətin kor-koranə, heç bir dəlilsiz təqlidi təhlükəlidir, fərd və cəmiyyətin xoşbəxtliyi üçün maneədir. Bu növ təqlidə misal olaraq keçmiş nəsillərin yanlış adət-ənənələrinə təqlidi göstərmək olar. Uyğun münasibət bir çox qövmlərin məhvinə səbəb olmuşdur. Əcdadlara təqlid səbəbindən bir çox millətlər hətta peyğəmbərlərə qarşı çıxmış, cahil ənənələrə bağlılıqdan zərər çəkmişlər. Qurani-kərimdə buyurulur ki, biz insanların hidayəti üçün hansı peyğəmbəri göndərdiksə onu təkzib etdilər, məsxərəyə qoydular, sehrbaz, divanə, şair adlandırdılar.[25] Onlar iddia edirdilər ki, şair və divanə bir şəxsə görə bütlərdən əl çəkməməlidirlər. Peyğəmbər onların fitrətini oyatmaq üçün bütlərdən hansı xeyir gördüklərini soruşduqda inadkarlıq göstərirdilər. Düşüncəli insan anlayır ki, insanın öz əli ilə yonduğu bütdən ona fayda yoxdur. Şüursuz bir cismə pərəstiş etməkmi olar? Onlar öz yanlış münasibətlərinə haqq qazandıraraq əcdadlarının yolunu getdiklərini söyləyirdilər.[26]

Bəli, həmin yolunu azmış qövmlər ata-babalarına təqlidi pozulmaz sünnə sayır, heç bir məntiqi dəlilləri olmadıqları halda müqavimət göstərirdilər. Onlar Allahın nazil etdiyi kitaba itaətə çağırıldıqları vaxt atalarının yoluna üstünlük verirdilər. Quran bildirir ki, onlar atalarının dərk etməyib getdiyi bir yola üz tuturlar.[27]

Tarixdə heyrət doğuran ayinlər çox olmuşdur. Bu gün də dünyanın müxtəlif nöqtələrində bu qəbil ayinlərlə rastlaşmaq mümkündür. Bu gün də hindistanda yüz milyonlarla bütpərəst var. Onlar normal məntiqə sığmayan ayinlər icra edirlər. Sonsuz qadınlar kişi bütdən süzülən sudan içirlər ki, övlad sahibi olsunlar! Əcdadlarının yolunu müqəddəs sayanlar bu gün də azğın ənənələri yaşatmağa cəhd göstərirlər. Bizim də məmləkətimizdə çərşənbə axşamları od üzərindən atılmaq kimi yanlış ayinlər yaşanmaqdadır. İnsanlar bu işin faydasız olduğunu bildikləri halda onu icra edirlər.

İslam yolunda minlərlə insan canından keçmiş, tövhid ayinlərini dirçəltmək üçün fədakarlıq göstərmişlər. İslam düşmənlərinin işgəncələrinə məruz qalmış alimlərin say-hesabı yoxdur. Bu gün də din alimləri və mücahidlərin bütpərəstlik ayinləri ilə mübarizəsinə ehtiyac var. Şübhəsiz, uyğun ayinləri yaşadan yalnız düşüncəsizlik və milli təəssüblərdir. Quran yuxarıda haqqında danışılan axmaq adətləri məhkum edir. Amma özünü hamıdan ağıllı sayanlar, dini hökmlərin icrasında fəqihə və təqlidə qarşı çıxanlar axmaq ayinlərə arxa durur, düşüncəli təqlidi meymunluq saydıqları halda düşüncəsiz təqliddən ilham alırlar. Əslində cahil adət-ənənələrə kor-koranə itaət cəmiyyət üçün bir sıra təhlükələr yaradır. Məsələn, baharın gəlişi dövründə çərşənbə axşamı yığıncaqlarında xoşagəlməz hadisələr baş verir, naməhrəmlər qeyri-şəri rabitələrə qatılır. Düzgün təqlid doğru yolu tanımaq, ilahi əqidələrə yiyələnmək üçündür. Bu məqsədə çatmaq üçün insan dəyər və etiqadları tanıyan, bu əqidələri yaymaq səlahiyyətinə malik insanlara təqlid edir. Əlbəttə ki, ata-babaların yanlış adətlərinə təqlid bundan fərqləndirilməlidir. Bu qəbil təqlid Quranın bir sıra ayələrində sərt şəkildə məzəmmət olunur.

Başqalarının əməl və rəftarlarından örnək götürmək istəyən insan araşdırmalıdır ki, həmin rəftarlar ağıl və məntiqə uyğundurmu? Digər bir tərəfdən örnək seçilməsi nəzərdə tutulan insanın belə bir səlahiyyətə malik olub-olmadığı müəyyənləşdirilməlidir. Bəli, insanın təqlid etməkdə məqsədi həqiqətə çatmaqdırsa, belə bir təqlid nəinki düzgündür, hətta qaçılmazdır. Belə bir təqlidsiz ictimai həyatın davamı mümkün deyil. Amma təqlid etməkdə insanın məqsədi milli adətləri və qohumluq ənənələrini qorumaqdırsa, belə bir təqlid insanı məhv edə bilər. Əlbəttə ki, adət-ənənələrə təqlidin zərərindən danışılarkən zərərsiz təfərrüatlar nəzərdə tutulmur. Pərəstiş və ibadət kimi mövzularda, ailə təşkilində, insanın dünya və axirət səadəti ilə bağlı məsələlərdə ənənələrə üz tutmaq insanı acı aqibətə düçar edir. İnsan tale yüklü məsələlərdə heç bir araşdırma aparmadan ata-babaların yoluna tabe ola bilməz. Bu qəbil münasibəti ağıl və şəriət məhkum edir. Ağıl və məntiqdən uzaq ənənələrə kor-koranə təqlidçiliyin sonu yalnız insanın özü üçün təhlükəlidir.

2. Şan-şöhrət əldə etmək üçün təqlid

Bəziləri şan-şöhrətə çatmaq, ictimai məqam əldə etmək üçün təqlid edir. Bəzilərinin sabit şəxsiyyəti yoxdur, cəmiyyətdə etibar qazanmamışlar. Onlar hər vəchlə xalqın diqqətini cəlb etməyə çalışırlar. Amma bu işdə düzgün yolu tanımırlar. Onlar hər vəchlə özlərini məşhurlara oxşatmağa cəhd göstərir, onlar kimi geyinir, onlar kimi davranırlar. Bir çox gənclər şöhrət ardınca gəzərkən ağıl və düşüncəyə müraciət etmir, yalnız özünü şöhrətli insanlara oxşatmağa çalışır. Onların iş-gücü zahirən bəzənmək, məşhurlara oxşamaqdır. Onlar hətta yerişlərini də məşhurların yerişinə bənzətməyə çalışırlar. Şübhəsiz ki, sağlam düşüncədən qaynaqlanmayan bu qəbil təqlidlər məntiqi əsasa malik deyil. Belələri ya hövsələsizlik göstərib lazımınca düşünmür, ya da təfəkkürləri lazımi həddə inkişaf etməmişdir. Onlar yalnız tanınmaq üçün tanınmışların yolunu izləyirlər.

Bir şəxs cəmiyyətdə məşhurdur deyə hər işdə ona təqlid etmək düzgün deyil. Heç bir əsassız, sadəcə məşhurluğa xatir təqlid düşüncəsizlikdən qaynaqlanır və bəyənilmir. Əlbəttə ki, əgər bu qəbil təqliddə dinə ziddiyyət yoxdursa və harama yol verilmirsə, keçinmək olar. Amma şəriət baxımından haram, düşüncənin məhkum etdiyi məsələlərdə kimlərəsə kor-koranə təqlid etmək fərdi və ictimai həyat üçün təhlükəlidir, cəmiyyətdə fitnə-fəsadı genişləndirir, ən azı, şəxsiyyətin müstəqilliyini puça çıxarır. Bu gün gənclərin bəzi qıcıqlandırıcı libaslar geyməsi milli və dini varlığımıza zərbə vurur. Bu meyllər mədəni və ictimai müstəqilliyimizi əlimizdən alır. Qeyd etdiyimiz kimi, uyğun istiqamətdə təqlid öz milli mənliyini dəyərləndirməyənlərin işidir. Qeyd etdik ki, Hindistanda hələ də çoxları bütə sitayiş edir. Amma onlar neçə yüz il qərbin müstəmləkəsi olsalar da, öz milli mənliklərini qorumuş, adətlərini əldən verməmişlər. Hələ də hindlilər və pakistanlılar milli libasda gəzir, beynəlxalq konfranslara həmin libaslarda gəlirlər. Onlar hər vəchlə öz mədəni və tarixi mənliklərini qoruyurlar. Bəziləri isə bir anda öz rəngini dəyişir, heç nəyə istinad etmədən milli adətlərinə arxa çevirir, biganələrin ardınca düşür. İstənilən bir cəmiyyətin düşüncə azadlığı elə bir həddə olmalıdır ki, zərərsiz milli ənənələrindən əl çəkməsinlər. Bəli, milli mənliyini dəyərləndirənlər zərərli və alçaldıcı işlərdə özlərini başqalarına bənzətmirlər.

3. Firqə və qrup mənafelərinə xidmət edən təqlid

Bəzən insanlar bir baxışın yanlış olduğunu bildikləri halda fərdi və ya firqəvi mənafelərə xatir həmin baxışlara təqlid edirlər. Bəziləri ictimai və ya beynəlmiləl bir şəraitdə biganələrin diktə etdiyi yolu tutur, öz ağıl və düşüncələrini ayaq altına alırlar. Şübhəsiz ki, bu sayağı təqlid əcdadların adət-ənənələrinə təqliddən də həqarətlidir. Bəzi qərbpərəst siyasətçilər qərbdəki imperialist dairələrin planına uyğun olaraq hərəkət edir, ölkənin inkişafını qərbə kor-koranə təqliddə görürlər. Bu qəbil riyakar insanlar müsəlmanlıq iddiasından da çəkinmirlər. Onların öz əqidələrini açıq bəyan etməyə də cəsarətləri çatmır.

Müsəlman cəmiyyətlərində bu gün də anti-islam əhval-ruhiyyəsində çıxış edənlər var. Bəlkə də, son illər bu qəbil hərəkətlər daha da güclənmişdir. Belələrinin üslubunu cəmiyyət də bəyənmir. Şübhə etmirik ki, müqəddəs dinin ziddinə addım atan bu qəbil insanlar biganələrin muzdurlarıdır. Əlbəttə ki, onların arasında aldanmışlar da ola bilər. Amma dünənədək İslamdan dəm vuranların birdən birə yüz səksən dərəcə çevrilib müqəddəs dinə müxalif olması təbii görünmür. Belələrini aldanmış saymaq olmaz və onlar özlərini biganələrə təslim edənlərdir. Bəli, bir çox təqlidi rəftarların əqli və şəri əsası yoxdur. Psixoloji baxımdan bəziləri fərdi və ya firqəvi mənafelər naminə əsassız təqlidə üz tuturlar. Bu münasibətin tarixi kökləri var, Qurani-kərimdə də uyğun yersiz təqlidlərə işarə olunur. Məsələn, bütpərəst müşriklərlə bağılı belə bir ayə var: “(İbrahim) dedi: “Siz yeganə Allah əvəzinə dünya həyatında aranızda olan bütləri seçirsiniz.”[28]

Quran ayələrində dərin psixoloji və sosioloji kökləri olan nöqtələrə işarə olunur. Təəssüf ki, bu nöqtələrə diqqətsizlik göstərir, onları tez bir zamanda yaddan çıxarırıq. Daha az əhəmiyyət kəsb edən məsələlərə isə lazım olduğundan artıq diqqət göstəririk. Yada saldığımız ayədə də psixoloji və sosioloji bir nöqtəyə işarə olunmuşdur. Bir çox azğınlıqların və yanlış ənənələrə təqlidin səbəbi məhz bu amildir. Allah-taala bütpərəstlərə buyurur ki, siz bütlərə ağıl əsasında itaət etmirsiniz. Bəli, bu qəbil təqlidi nə ağıl, nə də ilahi ayələr təsdiqləyir.[29] Ayədə bildirilir ki, insanlar dostluq əlaqələrini qorumağa xatir ağıl və Allahın rədd etdiyi şirk və bütpərəstliyə üz tuturlar.

QƏRB MƏDƏNİYYƏTİNƏ KOR-KORANƏ TƏQLİD

Bu gün ağıl və səmavi kitabın təsdiqləmədiyi bəzi qərb dəyərlərinə rüsxət verilməsinin səbəbi onlarla dostluq əlaqələrinin qorunması, onların rəğbətini qazanmaq istəyidir. Çoxları Avropa birliyinə qatılmağa xatir bu addımı atır. Məsələn, umuruq ki, Almaniyanın və ya İngiltərənin xarici işlər naziri bizi tərif etsin, beynəlxalq bank bizə pul ayırsın. Belə rəftar qərb ölkələri qarşısında əskilməkdən başqa bir şey deyil. Qərb dövlətlərinin istəyinə təslim olmaqla nələrsə əldə etmək istəyi Allah tərəfindən məhkum olunur: “Allahın əvəzinə məbudlar seçdilər ki, onları izzətə çatdırsın.”[30] Bəziləri bütlərə ona görə əyilirdilər ki, başqa bütpərəstlərin rəğbətini qazansınlar. Bəzi müsəlman dövlət xadimləri və tanınmış şəxsiyyətlər bütpərəst ölkələrə getdikləri vaxt dostluq rabitələri yaratmağa xatir bütxanalara gedib bütlərə təzim edirlər. Qərb mədəniyyəti plüralizm və tolerantlığı cahanşümul mədəniyyət kimi tanıtdırır. Bəzi müsəlmanlar da bu cərəyanın təsiri altına düşür. Onlar düşünürlər ki, hər kəsin dini onun özü üçün möhtərəmdir və bütün dinlərə eyni gözlə baxmaq lazımdır. Guya bir dini haqlı sayıb, o birilərini rədd etmək mədəniyyətsizlikdir! Belələri düşünürlər ki, biz onların bütlərinə ehtiramla yanaşsaq, onlar da bizim etiqadlarımıza hörmət göstərər, məscid və ziyarətgahlarımıza rəğbətlə baxarlar. Əslində İslam dünyagörüşü bu qəbil düşüncə tərzi ilə münasib deyil. Başqaları bizim etiqadlarımıza hörmət qoysalar da, qoymasalar da, İslam bizə bu bəhanə ilə puç məbudlara sitayiş etmək icazəsi vermir. Axı necə ola bilər ki, bir müsəlman saxta məbudlara boyun əyə?! Müsəlmanın bir parça daş və ya taxta bütə əyilməsi onun İslamın izzətini alçaltması deyilmi?!

MÜNAFİQLƏRİN BİGANƏLƏRLƏ HƏMRƏYLİYİ

Qurani-kərimin mütaliəsi bizə kömək edir ki, nifaq və küfr düşüncə tərzinin formalaşma amillərini müəyyənləşdirək. Məsələn, dünənədək İslam cəbhəsində olanların bu gün yüz səksən dərəcə dəyişib dini dəyərlərə zidd çıxması amili Quran ayələri əsasında müəyyənləşdirilə bilər. “Nisa” surəsinin 138-ci ayəsində buyurulur: “Münafiqləri ağrılı əzabla müjdələ.” Münafiqlər başqalarını aldatmaq istədikləri vaxt özlərini xeyirxah kimi göstərirdilər. Allah da onlara əməllərinə uyğun cavab verərək ağrılı əzab vəd edir. Əslində müjdə dedikdə nemət nəzərdə tutulur. Bu ayədə isə istehza ünvanında əzab müjdəsi verilir. Bəzi ayələrdə bildirilir ki, Allah-taala cəhənnəm əhli ilə istehza dilində danışar. Dünya həyatında özünü qüdrətli sayıb başqaları ilə təkəbbürlü rəftar edənlərə buyurulur: “Dad (cəhənnəm əzabını), sən həmin böyük qüvvət sahibisən!”[31] “Nisa” surəsinin 139-cu ayəsində münafiqlər belə tanıtdırılır: “Möminləri qoyub kafirləri dost tutanlar başı ucalığı onların yanındamı axtarırlar? (Bu xam xəyaldır) Çünki izzət bütünlüklə Allaha məxsusdur.” Allahın yada saldığı münafiqlər İslam cəmiyyətində yaşayır, başqaları kimi namaz qılır, hətta zəkat ödəyirdilər. Onlar özlərini xeyirxah kimi göstərirdilər. Amma cihad məqamı gəldikdə bəhanə gətirir, savaşdan çəkinirdilər. Elə məqamlar da olurdu ki, riyakarlıqla cihad meydanına çıxırdılar. Amma savaş məqamında bir kənarda dayanırdılar. Əgər müsəlmanlar qalib gəlsəydilər, özlərini bu qələbəyə şərik sayır, müsəlmanlar məğlub olsaydılar, onları savaşa qatıldıqları üçün məzəmmət edirdilər. Bir sözlə, onlar möminlərə və müsəlmanlara düşmən münasibət göstərir, əllərinə fürsət düşən kimi onları incidirdilər. Hər addımda hiyləyə əl atırdılar. Amma kafirlərə münasibətdə mehribanlıq göstərir, onlarla xəlvətə çəkilən kimi müsəlmanların ziddinə qurğu qururdular. Onlar istəyirdilər ki, kafirlərlə rabitələri sayəsində izzət və qüdrətə çatalar. Bizim də dövrümüzdə özünü demokrat və islahatçı adlandıran bir zümrə biganələrin rəğbətini qazanmağa can atır, nəticədə əcnəbi radioşəbəkələr onları tərifləyir, Amerika senatorları onların himayəsinə qalxır. Bu zümrə güc və nüfuzunu artırmaq üçün biganələrlə hər hansı rabitədən çəkinmir. Görən bu qafillər bilirmi ki, izzət və qüdrət yalnız Allaha məxsusdur? Əgər bilirlərsə, nə üçün izzət ardınca düşmən qapısını döyürlər? Bu biçarələr İslam düşmənləri ilə rabitələrə qatılır, bu yolla məqamlarının yüksələcəyini düşünürlər!

Allah-taala növbəti ayədə buyurur: “Əlbəttə ki, kitabda sizə nazil edilib ki, Allahın ayələri inkar olunub məsxərəyə qoyulan vaxt söhbəti dəyişənədək onlarla əyləşməyin. Yoxsa siz də onlar kimi olarsınız. Allah bütün münafiqləri və kafirləri cəhənnəmdə bir yerə toplayar.”

Ötən ayədə Allah münafiqləri kafirlər və Allah düşmənləri ilə rabitə yaratdıqları, bu yolla izzətə çatmaq istədikləri üçün qınadı. Bu ayədə ilahi ayələrin məsxərəyə qoyulduğu məclisdən uzaqlaşmaq əmr edilir. Göstəriş verilir ki, onlarla bir yerdə əyləşməyin, onlarla həmsöhbət olmayın. Bəli, müsəlmanların haqqı yoxdur ki, İslam həqiqətlərinin rədd edildiyi məclisdə əyləşələr. Məsum imamın müqəddəs məqamını bütün varlığı ilə sual altına almağa çalışanlar var. Bu qəbil məclislərdə əyləşməyə haqqımız yoxdur. Axı İslam maarifinin, müqəddəsliklərin təhqir olunduğu bir yığıncaqda necə əyləşmək olar?! Əgər həmin məclislərdə əyləşib deyilənlərə biganəlik göstərsək, tədricən danışılan sözlər öz təsirini göstərər, insanın din və imanı zəifləyər. Dinə qarşı təhqirlərə cavab verməyib susmaq bir növ onlarla razılaşmaqdır və bu münasibətin axırı kafirlər və din düşmənləri ilə yoldaşlıqdır. İnsan bu qəbil məclislərdə əyləşib susduğu üçün Allahın qəzəbinə gələ bilər.



Geri   İrəli
Go to TOP