A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan həyatında təqlidin rolu
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 128
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Quran nazil olan vaxt “vəhy” termininin müxtəlif anlamları yox idi. Məsələn, ilham sözü vəhy sözü kimi geniş işlədilmirdi Vəhyin lüğət mənası iti və gizli xəbərdir. Belə bir təbir risalət vəhyi, ilham, hətta fitri yolla hidayət mənalarını əhatə edirdi. Məsələn, bal arısına vəhy dedikdə fitri bir hidayət, qəlb yolu ilə göstəriş mənası anlaşılır.[16] Ayədə buyurulur ki, sənin Rəbbin bal arısına vəhy etdi...

Bəzi ayələrdə insana vəhydən danışılır. Məsələn, həzrət Zəkəriyya vəhy ünvanı kimi tanıtdırılır. Uyğun məqamda vəhy dedikdə işarələrlə anlatmaq nəzərdə tutulmuşdur. Ayədə bildirilir ki, o (Zəkəriyya) mehrabdan qövmünün arasına gəlib onlara gündüz və gecə dua oxumalarını işarə etdi.[17]

Qurani-kərimdə iki ləyaqətli və saleh qadına, həzrət Məryəm və Musanın anasına vəhy nazil olduğu bildirilir. Şübhəsiz ki, nəzərdə tutulan risalət vəhyi deyil. Allahın yaxın mələyi həzrət Məryəmin yanına xüsusi bir tapşırıqla gəlmişdi. Həzrət Musanın anasına vəhy isə qeybi bir ilham sayılır.

Həzrət Məryəmin əhvalatında nəql olunur ki, o, Beytül-Müqəddəsin bir guşəsində ibadət və dua üçün yer seçmişdi. Həmin xəlvət yerdə raz-niyaza məşğul idi. Qəfildən bir şəxs təcəssüm etdi. Uyğun mövzudan danışan ayədə bildirilir ki, biz öz ruhumuzu onun yanına göndərdik və ruhumuz ona bəşər surətində göründü...[18]

Təfsirçilər arasında həzrət Məryəmə görünən ruhla bağlı müxtəlif fikirlər var. Kimlərsə onun Cəbrəil, kimlərsə başqa bir mələk olduğunu bildirirlər. Hər halda xanım Məryəmin gözünə görünən qeybi bir varlıq olmuşdur. Bu varlıq insan surətində görünmüş, gətirdiyi xəbəri ona ilham etmişdir.

Musanın anasına vəhyin göndərilməsi ilə bağlı bildirilir ki, Firon kahinlərin yuxu yozumu əsasında Bəni-İsraildən olacaq bütün oğlan uşaqlarının öldürülməsi əmrini verdi. Onun göstərişi əsasında məmurlar yeni doğulan bütün uşaqları məhv edirdilər. Həmin vaxt həzrət Musa (ə) dünyaya göz açdı. Anası Musaya görə narahat idi. Allah-taala çıxış yolu göstərərək Musanın anasına vəhy etdi. Ona tapşırıq verildi ki, körpəni Nil çayına atsın və bu körpə ona qaytarılacaq.[19]

Ayədə Musanın anasına onun övladının peyğəmbərliyi müjdə verilir. Demək, Musanın anası qeybi xəbər əsasında hərəkət etmişdir. Əks təqdirdə o öz övladının peyğəmbərliyindən xəbər tuta bilməzdi. Deyilənlərdən belə bir nəticə əldə olunur ki, Quran buyuruqlarına əsasən, ilahi vəhy təkcə peyğəmbərlərə aid deyil. Risalət vəhyindən əlavə vəhylər də var. Peyğəmbərlərə aid olan isə risalət vəhyidir. Amma məsum imamlara da vəhy olunmuşdur. Cəbrəil onlara görünmüş, onlarla danışmış, Allahın göstərişlərini çatdırmışdır. Onlara vəhy nazil olması peyğəmbərlik dəlili sayılmır. Cəbrəil təkcə peyğəmbərə yox, həzrət Məryəmə, məsum imamlara da görünmüşdür. Bəli, İslam peyğəmbəri dünyasını dəyişdikdən sonra risalət vəhyi tamamlanmışdır. Ayə və rəvayətlərdən məlum olan budur ki, peyğəmbər olmayan bəzi şəxslər də Cəbrəili görmüş, onunla danışmış, onu dinləmişlər. Nəql olunan rəvayətlərə əsasən, məsum imamların Cəbrəil və sair mələklərlə əlaqəsi olmuşdur. Onlar bəzən mələkləri görmüş, bəzən onların səsini eşitmişlər.

TƏZKİYƏ (PAKLAMA) VƏ TƏRBİYƏ MƏQAMI

Söhbətimizin bu məqamınadək həzrət Peyğəmbərin üç rəsmi məqamını nəzərdən keçirdik. Peyğəmbər Əhli-beyti (ə) də bu məqamlardan faydalanmışdır. Əlbəttə ki, yalnız peyğəmbərə aid məqamlar nəzərdə tutulmur. Həm peyğəmbər, həm də Əhli-beytin malik olduğu ən mühüm məqamlardan biri paklama və tərbiyə məqamıdır. Allah-taala Qurani-kərimdə buyurur: “Odur oxumamışlar arasından onların özündən olan birini seçən. Belə ki, ayələri onlara oxusun, onları pak etsin, onlara kitab və hikmət öyrətsin.”[20] Bəli, Qurani-kərimdə həqiqətlərin bəyanı, Quranın təfsiri kimi məqamlarla yanaşı mühüm paklama və tərbiyə məqamı da qeyd olunur.

Öncə qeyd etdik ki, kitab və hikmət təlimi dedikdə Quranın təfsiri, həqiqətlərin bəyanı, hökmlərin açıqlanması nəzərdə tutulur. Quranın yeganə həqiqi müəllimi Allah-taaladır. Bu kitabı qəlbi ilahi kitabın nüzul məhəlli olan şəxs açıqlaya bilər. Paklanma dedikdə isə mənəvi və əxlaqi tərbiyə nəzərdə tutulub. Paklanma (təzkiyə) bəzən fərdi, bəzən ictimai yönümdə olur. Belə ki, fərd tərbiyəçi ilə ünsiyyətdə olur, onun nəsihətlərindən bəhrələnir, onun təsiri ilə batinini paklayır. İctimai yönümlü təzkiyədə isə hər bir fərd öz tutumu həddində bəhrələnir.

Quran peyğəmbərin təzkiyə məqamına malik olduğunu vurğuladığından bu prosesə daha çox əhəmiyyət vermək lazım gəlir. Amma biz qəflətdə olduğumuzdan təzkiyə və özünütərbiyəyə bir o qədər fikir vermir, elmi məsələləri araşdırırıq. Biz bütün İslam elmlərinə yiyələnsək belə, Peyğəmbər və onun Əhli-beyti (ə) səviyyəsində kompleks bilik əldə edə bilmərik. Elm dəyərli olsa da bu dəyər mütləq deyil. Daxilən paklanmayan insanın elmi faydasızdır. Məsələn, şeytan Adəmdən öncəki elmlərlə yanaşı bu günədək əldə olunan təcrübələri kəsb etmişdir. Məgər bu biliklər onun məqamını ucaldırmı? Eləcə də həzrət Peyğəmbərin müasirləri olmuş münafiq alimlər hansı məqama çatmışlar? Əksinə, malik olduqları elm onları daha dərin faciəyə sürükləmişdir. Bütün bu tənəzzüllərin səbəbi həmin fərdlərin təzkiyə və gözəl ilahi əxlaqdan məhrumluğu olmuşdur. Demək, yalnız təzkiyə va paklanma ilə müşayiət olunan elm dəyərlidir. Təzkiyəsiz elm nəinki faydasızdır, hətta zərərlidir. Demək, təzkiyə və tərbiyədən uzaqlaşmaqla şeytanın qələbəsinə zəmin hazırlayırıq. Belə görünür ki, tərbiyə və təzkiyə məqamı İslam peyğəmbərinin malik olduğu məqamlardandır. Peyğəmbərdən sonra bu məqam Əhli-beytə (ə) tapşırılmışdır. İnsanların tərbiyə və təzkiyəsi məsum imamların öhdəsinədir.

Əgər günümüzə qayıtsaq, qeyd etməliyik ki, təhsil nazirliyində tərbiyə işləri ilə məşğul olan xüsusi şöbənin təşkili faydalıdır. Biz özümüz belə bir şöbənin fəaliyyətindən bu günədək faydalanırıq. Əlbəttə ki, bu qəbil şöbələrin fəaliyyətini arzulamayanlar da tapılır. Təhsil müəssisələrində tərbiyəvi proqramların dayandırılması şeytanların və münafiqlərin, puç əxlaqın bu müəssisələrə yol tapması ilə nəticələnir. Biz məsulların nəzərinə çatdırmalıyıq ki, tərbiyə məsələsinə ciddi yanaşsınlar, bəşəriyyətin səadətində bu yönümün misilsiz rolundan qəflətdə qalmasınlar. Təhsil müəssisələrində tərbiyə ilə məşğul olan istənilən bir formalı qurumun fəaliyyəti zəruridir.

İKİNCİ MƏCLİS

TƏQLİDİN MAHİYYƏTİ, YERİ VƏ ZƏRURİLİYİ

TƏZKİYƏ (PAKLANMA) VƏ TƏRBİYƏNİN MAHİYYƏTİ

Söhbətimizin mövzusu təzkiyə və tərbiyədir. Bu iki söz məna baxımınca bir-birinə yaxın olsa da, təzkiyə daha əhatəli mənaya malikdir. Tərbiyə dedikdə təkamül üçün zəmin yaradılması, istedad və qabiliyyətlərin son mərhələyə çatdırılması nəzərdə tutulur. Ağac və ya gül əkən bağban onun inkişafı üçün şərait yaradır, onu suvarır, ona ehtiyac duyulan istilik və işıq verməyə çalışır. Amma bəzən o, bitkinin inkişafına yön verir, maneələri aradan qaldırır. Məsələn, bitki və ya ağacın artıq budaqlarını, yarpaqlarını qırır, inkişafa mane olan amilləri aradan qaldırır. Bu qəbil fəaliyyətlər təzkiyə adlanır. Demək, inkişafa mane olan, keyfiyyət və kəmiyyətə mənfi təsir göstərən amillərin aradan qaldırılması təzkiyədir.

Tərbiyə və təzkiyə prosesi bəzən bitki və heyvan kimi şüursuz mövcudlara tətbiq edilir. Amma şüursuz varlıqlar ixtiyar sahibi sayılmır və seçim apara bilmir. İnsanın tərbiyə və təzkiyəsində isə onun öz seçiminə və istəyinə də ehtiyac var. Əgər insan tərbiyə və təzkiyəyə meyl göstərməsə görülən tədbirlər faydasızdır. Demək, insanın tərbiyə və təzkiyəsi zamanı təbii və fiziki vasitələrlə yanaşı insanın tutum və qabiliyyətləri nəzərə alınmalıdır. Yalnız bu amillər nəzərə alındıqda onun tərbiyə və təzkiyəsi üçün münasib zəmin yaradıla bilər. İnsan özü tərbiyə və təzkiyə seçimi aparırsa, bu proses onun təkamülü, doğru yola hidayəti ilə nəticələnir.

Əlbəttə ki, insan agah və şüurlu olduğundan tərbiyəçi təlim vasitələrindən də bəhrələnməlidir. Tərbiyə və təzkiyə ilə yanaşı insana zəruri məlumatlar verilməli, onun müxtəlif biliklərə yiyələnməsi üçün şərait yaradılmalıdır. Bəli, insanın tərbiyə və təzkiyəsində tərbiyəçi qarşı tərəfin təlimi ilə də məşğul olmalıdır. Əgər müəllimin vəzifəsi bilik verməkdirsə, tərbiyəçinin vəzifəsi moizə-nəsihət, doğru yola çağırışdır. Tərbiyəvi işlər müəllimin vəzifəsi sayılmır. Təzkiyə ilə təlim arasındakı fərq də məhz bu nöqtədədir. Əlbəttə ki, müəllim tərbiyəçi rolunu da oynaya bilər. Belə olduqda o tərbiyəvi işləri də öhdəsinə götürməlidir.

Tərbiyə və təlim arasındakı digər fərq təlim prosesindəki təkrar və məşğələlərdir. İnsan öz biliklərini təcrübədə işə salmaq üçün təkrar və məşğələlərdən faydalanır. Bəzi biliklər sırf zehnə aiddir və onların yaxşı dərk olunması zəruridir. Bəzi biliklər isə hökmən təcrübədə tətbiq edilməlidir. Bu səbəbdən də uyğun bilikləri dərk etməklə yanaşı onların təkrarına ehtiyac var. Məsələn, sürücülük peşəsinə yiyələnən insan zəruri biliklər əldə etdikdən sonra sükan arxasında öz biliklərini təcrübədən keçirməlidir. Tərbiyəçinin əsas rolu ondan ibarətdir ki, tərbiyə olunan şəxs öz biliklərini təcrübədə yoxlasın. Yəni ümumi biliklərin cüzi əməli göstərişlər şəklində icrasına ehtiyac var. Tərbiyə olunan şəxsə xatırladılmalıdır ki, hansı mərhələdə hansı göstərişə əməl edilməlidir.

Demək, insanın tərbiyə və təzkiyəsi üçün xüsusi tutumlara, qabiliyyətlərə və ləyaqətlərə ehtiyac var. İnsanın bu yönümdə ehtiyaclarından yalnız onu yaradan varlıq xəbərdardır. Yalnız Allah insanın düzgün tərbiyə və təzkiyə yolunu bilir. O bu məlumatları öz peyğəmbərlərinə öyrətmişdir. Onlar ilahi təlimlərə əsaslanaraq insanların təkamülü üçün zəmin hazırlayırlar. İnsan ixtiyar sahibi olduğundan ictimai şərait və tərbiyəçinin təlaşlarının ziddinə gedə bilər. Yalnız tərbiyə olunan şəxsin istəyi ilə tərbiyə prosesi bəhrə verər. Bəli, istedad və qabiliyyətlərin doğru yolda istifadəsi üçün tərbiyə olunan şəxsin istək və iradəsinə ehtiyac var.

İNSANIN TƏRBİYƏSİ ÜÇÜN ƏN ALİ NÜMUNƏ

Tərbiyəçini müvəffəqiyyətə çatdıracaq tərbiyə üsulları haqqında çox danışılmışdır. Tərbiyəçilərin yekdil rəyi budur ki, tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün nümunələr təqdim edilməlidir. Bəli, yalnız düzgün nümunənin təqdimi tərbiyə prosesinin müvəffəqiyyətlə başa çatmasını təmin edir. Əlbəttə ki, bu prosesdə müvəffəqiyyət üçün tərbiyəçi özü də nümunəvi olmalı, əməli şəkildə qarşı tərəfi məqsədə doğru aparmalıdır. Tərbiyəçi tərbiyə olunan şəxsə təlqin etdiyi xüsusiyyətlərə özü də malik olmalıdır. Başqa halda düzgün nümunələr təqdim etməkdən savayı yol yoxdur. Əxlaq alimlərinin ustad seçimində diqqətli olmaq göstərişi də bu amilə əsaslanır. Ustad təkcə əxlaqi gösrərişləri öyrənmək üçün seçilmir. Ustad özü tərbiyə etdiyi şəxsə nümunə olmalı, qarşı tərəf onunla ünsiyyətdə əməli şəkildə nümunələri tanımalıdır.

Başqalarına nümunə olmaq istəyən insan rəftarlarında nöqsana yol verərsə, ətrafdakıları tərbiyə edə bilməz. Allah-taala öz bəndələrinə minnət qoyaraq nümunə üçün məsum şəxslər seçmişdir. Bu şəxslər istənilən bir nöqsandan uzaqdır, onların danışıq və əməlləri ən kamil həddədir. Onlar əsl ideallardır. Allah-taala Qurani-kərimdə peyğəmbərlərin, xüsusi ilə İslam peyğəmbərinin nümunə olduğunu təkidlə vurğulayır. Tərbiyələnmək istəyən insana ən böyük xidmət ona düzgün, məsum nümunə tanıtdırmaqdır. Beləcə, sonuncu və ən kamil peyğəmbər olan İslam peyğəmbəri Allah-taalanın insanlara lütf etdiyi böyük nemətdir. O həm vəhy daşıyıcısıdır, həm üstün məqamlara malikdir, həm insanların özündən olduğu üçün yaxşı nümunədir. İslam peyğəmbəri günah və xətadan uzaq olduğu üçün bizi səadət və kamilliyə çatdıracaq ən düzgün nümunə sayılır. Biz öz danışıq və rəftarlarımızı bu nümunə əsasında tənzimləməliyik. Bu yönümdə şiələrin başqa İslam firqələrinə münasibətdə imtiyazları var. Şiələrin İslam peyğəmbərindən əlavə onun Əhli-beytindən (ə) olan məsum imamlar kimi idealları var. Məhz bu şəxslərə təqlid edilməsi, məsum imamlar və xanım Fatimənin (ə) ideal seçilməsi ən düzgün yoldur. Biz onların rəftarlarını nümunə götürə bilərik. Allah-taala məsum imamların vücudu neməti ilə, onlara ardıcıllıqda öz yardımı ilə nemətlərini tamamlamışdır. Bu ilahi nemətlərdən ən üstün istifadə yolu əziz Peyğəmbər və məsum imamların məqamından nümunə götürüb bu nümunələri öz həyatımızda işə salmağımızdır. Öncə onların rəftarları ilə yetərincə tanış olmaq lazımdır. Yetərli tanışlıqdan sonra həyatımızın müxtəlif yönümlərində həmin rəftarları tətbiq etməyə çalışmalıyıq. Bir növ öz danışıq və rəftarlarımızda onlara təqlid etməliyik. Əlbəttə ki, bədxahlarımız məsumların danışıq və rəftarlarına təqlid mövzusuna münasibətdə şübhə toxumu səpirlər. Öncə bu şübhələri cavablandırmaq lazım gəlir. Uyğun şübhələr cavablandırılmasa insanlar ilahi ideallardan məhrum qala bilər.

QURAN VƏ DOĞRU YOLDA OLANLARA ARDICILLIQ

Əksər dillərdə işlədilən "nümunə" sözü dini mahiyyətə malik deyil. Quranda uyğun məna “usvə” və “iqtida” sözləri ilə ifadə olunmuşdur. Rəvayətlərdə də bu sözlərlə rastlaşırıq. Allah-taala Quranda bəzi peyğəmbərlərin adlarını və xüsusiyyətlərini sadaladıqdan sonra buyurur: “Bunlar Allahın hidayət etdiyi kəslərdir, onların hidayətinə iqtida et.”[21] Bu ayədə Allah peyğəmbərləri məhz Özü hidayət etdiyini vurğuladıqdan sonra bəndələrinə onlara iqtida etmək göstərişi verir. Bəli, peyğəmbərlər ilahi hidayət nemətindən bəhrələndikdən sonra nümunə olmaq ləyaqəti qazanmışlar. Onları nümunə seçmək bizim işimizdir. İqtida etmək nümunə seçmək mənasını bildirir. Cəmiyyət namazında imama iqtida etmək namazda onu nümunə götürmək mənasını bildirir. Nümunə götürmək mənasında “təəssi” sözündən istifadə olunur. Bu sözlə yanaşı “itba” sözü də geniş işlədilir. Bu söz iqtida və təəssi sözləri ilə bir sırada dayansa da daha geniş mənaya malikdir. Düşüncə ilə bağlı, nəzəri və etiqadi məsələlərdə “təbəiyət”, yəni tabeçilik sözündən istifadə olunur. “İtba” sözünün müxtəlif formaları ilə Quranda rastlaşırıq. Həzrət İbrahim buyurur: “Ey ata, elmdə mənə verilən sənə verilməyib. Mənə tabe ol, səni doğru yola hidayət edim.”[22]

Yuxarıdakı ayədə iki nöqtəyə diqqət yetirmək zəruridir: Əvvəla, həzrət İbrahim Azəri ata deyə çağırır. Hansı ki, Azər İbrahimin əmisidir. Belə bir müraciətin səbəbi qarşı tərəfə ehtiram göstərilməsidir. Uyğun hadisə baş verən vaxt həzrət İbrahim bir gənc idi, Azər yaşa dolmuşdu. Onlar arasında bütpərəstlik və bir Allahla bağlı mübahisə gedirdi. Uyğun mübahisədə həzrət İbrahim (ə) bütün ədəb qaydalarını gözləyərək ona ən nəzakətli şəkildə müraciət edir. Necə ki, yaşlı insan özündən kiçiyə məhəbbət göstərdikdə ona oğlum deyə müraciət edir.

Digər bir nöqtə budur ki, həzrət İbrahim əmisi Azərə onun etiqadının batil olduğunu sübut etdi. Azərin heç bir bəhanəsi qalmamışdı. Həzrət İbrahim həqiqətləri dərk etmiş, səadət yolunu tanımışdır. O başqalarını da doğru yola hidayət edə bilərdi. Azər isə həqiqətlərdən xəbərsiz idi, xeyir yolu tanımırdı. Onun vəzifəsi İbrahimə tabe olmaq idi. Həzrət İbrahimin dəvəti bilməyənlərin alimə təqlid dəvəti idi. Doğru yolu tanımayanlar bu yolu tanıyanların mərifət çırağı sayəsində azğın yoldan çəkinə bilərlər. Əslində düzgün nümunələrin doğru yola çağırışı insanın fitrət və düşüncəsinin səsidir.

TƏQLİDİN MAHİYYƏTİ, ONUN AĞIL VƏ FİTRƏTDƏ YERİ

Ağıl və fitrət tələb edir ki, insan bilmədiyi və mütəxəssis olmadığı sahələrdə həmin biliklərə sahib olan mütəxəssisə təqlid etsin. Mütəxəssisin sözlərini qəbul etmək təbii bir ehtiyacdır. İstənilən bir millətdən, istənilən bir dindən olan düşüncəli insanlar cahilin alimə müraciətini qəbul edir. Beləcə, bilmədiyimiz sahələrə ehtiyac duyduqda mütəxəssislərə üz tutur, onların biliklərindən faydalanırıq. Xəstələnən insan həkimə, ev tikmək istəyən insan mühəndisə, məhkəmə iddiası qaldırmaq istəyən şəxs vəkilə müraciət edir. İstənilən bir sahədə cahilin, bilməyən şəxsin alimə müraciəti fitrət və ağılın tələbidir. Xəstəni məcbur etmək lazım deyil ki, o həkimə üz tutsun. Çünki o özü yaxşı bilir ki, xəstəlikdən yaxa qurtarmaq üçün həkimə müraciət olunmalıdır.

Yuxarıda deyilənləri nəzərə alsaq, aydın olar ki, dini vəzifələrini, şəri hökmləri bilməyən insanın uyğun sahədə mütəxəssislərə müraciət edib ehtiyac duyduğu məlumatı alması təbii bir addımdır. Din sahəsində mütəxəssis müctəhiddir. Hətta ayə və rəvayətləri bir kənara qoysaq, müctəhidə təqlidi qəbul etməliyik və bilməliyik ki, belə bir müraciət cahilin alimə müraciətinin bir növüdür. Hansı sahədə bilməyən insan bilənə müraciət etmirsə, səhvə yol verir və zərərə düşdükdə üzürlü sayılmır.

Düşüncə sahibləri ixtiyarında şəri məsələlərin açıqlandığı risalə olduğu halda bu risaləyə müraciət etməyib özbaşına addım atan və nəticədə xətaya yol verən fərdi məzəmmət edirlər. Din aliminə müraciət etmədiyindən dini vəzifələrində səhvə yol verən şəxsin Allah hüzurunda üzrü olmayacaq. Demək, ağıl və fitrətin tələbi olan alimə müraciət məsələsinə diqqətsizlik insan üçün problemlər yaradır. Alim həm şifahi, həm də yazılı şəkildə göstəriş verə bilər. Əsas məsələ uyğun göstərişlərdən istifadədir.

Psixoloqlar və sosioloqlar insan həyatında təqlidin əhəmiyyəti mövzusunu çox araşdırmışlar. Onlardan biri də tanınmış qərb psixoloqu Qabriel Tarddır. Onun nəzərincə, insanı ictimailəşdirən, onu mədəniyyətlərə diqqətli edən əsas amil təqliddir. Əgər təqlid olmasaydı insanın danışıq dili, yazı xətti olmazdı. Təqliddən imtina edən insan yazıb-oxumaq kimi misilsiz dəyərlərdən məhrum olar, öz əcdadlarının elmi və mədəni irsindən faydalana bilməzdi. İş başına gələn istənilən bir nəsil, özündən əvvəlki nəslin təcrübələrindən faydalanmalı, öz ictimai həyatını nizamlamaq, ehtiyaclarını aradan qaldırmaq üçün onlara təqlid etməlidir. Demək, keçmiş irsin mənimsənilməsində aparıcı amil təqliddir. Əgər öz həyatımızda ata-babalarımızın təcrübələrindən faydalanmasaydıq, onların məlumatlarından istifadə etməsəydik, hətta yemək və geyim kimi ehtiyaclarımızın təminində misilsiz problemlərlə üzləşərdik. Axı keçmiş təcrübələrdən faydalanmadan xörək bişirmək, libas tikmək, ev tikmək necə mümkün olar?! Bəşəriyyət təqliddən imtina etsəydi, hazırkı təkamüldən məhrum olardı. Bəli, keçmiş elmi, mədəni biliklərdən faydalanmanın ən əsas amili təqliddir.

Əlbəttə ki, bütün sahələrdə təqlidə üz tutmaq ifratçılıqdır. Biz düşünmürük ki, insanın formalaşmasında yeganə yol təqliddir. Hər halda yuxarıda sadalanan faktlar təqlidin qaçılmaz olduğunu göstərir. Əgər insan təqlidi yanlış bir addım sayırsa, təbii ki, yerində sayasıdır. Əgər övlad ata-anasından danışmağı öyrənməsə necə olar?! Müəllimdən yazmağı öyrənmək istəməyən insan necə savadlanar?! Bəli, həyatın əksər sahələrində, o cümlədən, ölüm-qalım kimi zəruri nəticələrə aparacaq işlərdə təqlid etmək zəruridir. Əgər xəstə öz müalicəsində həkimə təqlid etmirsə öz həyatına düşmən kəsilir.

QURANIN MƏSUMLARA TƏQLİD ÇAĞIRIŞI VƏ AZĞINLARA TƏQLİDƏ QADAĞASI

Alimlərə və doğru yolu tapmışlara müraciətin zəruriliyi, eyni zamanda cahillərə, yolunu azmışlara itaətin yolverilməzliyi ilə bağlı Allah-taala Qurani-kərimdə buyurur: “ Haqqa doğru çağıran kəsə, yoxsa yoldan çıxmış birinə itaət yaxşıdır?!”[23] Bu ayənin mesajı insan həyatının bütün sahələrində işləkdir. Bu göstəriş həm dini-əxlaqi, həm də ictimai-siyasi yönümlərə şamil olunur. İstənilən bir halda bizə münasib yol göstərilir. Allah-taala fitrət və düşüncəyə uyğun mövzulardan danışarkən sual üslubundan istifadə edir. Bu üsul Quranın hidayət üsullarındandır. Haqqa əsaslanan istənilən bir mövzu inkar edilərkən Allah inkarçıların ağıl və fitrətinə müraciət edir. Bəli, insanların düşüncə və fitrəti sorğuya çəkilir, bu yolla insanlara anladılır ki, onların tutduğu yol düşüncə və fitrətə ziddir. Nəzərə çatdırılır ki, səadət sorağında olan insan Allahın hidayət etdiyi insana üz tutmalıdır. Məhz belə bir şəxs insana haqq yolu tanıtdırıb, onu bu yola hidayət edə bilər. Əlbəttə ki, özü haqqı tanımayan bir şəxs başqa birini necə hidayət edə bilər?! Bu iki yol ayrıcında düşüncə və fitrət hansı yola səsləyir?! Şübhəsiz ki, insan doğru yolu tutmuş insanın çağırışına cavab verməli, haqqı tanıyan birinə tabe olmalıdır. Əksinə, yolunu azmış biri öz cəhalətini etiraf etməsə də, onun danışıq və rəftarından haqqı tanımadığı, hidayət olmadığı bəllənir.

Doğru yolda olmayanların aşkar bir nümunəsi istənilən bir mövzuya şübhə ilə yanaşan ziyalınümalardır. Onlar hər şeyə şübhə edir, bu şübhə ilə öyünürlər. Biz kimə üz tutmalıyıq? Allah tərəfindən doğru yola yönəldilmiş peyğəmbərlər və övliyalara, yoxsa hər nəyə şübhə ilə yanaşanlara?! Şübhə içində olandan yolmu istəyək?! Əlbəttə ki, şübhə içində vurnuxanlar öz məntiqlərinə don geyindirmək üçün yəqin mərtəbəsinə çatmağın mümkünsüz olduğunu bildirirlər. Onlar deyirlər ki, insan həqiqi yəqin məqamına çata bilməz. Onlar iddia edirlər ki, yəqin mərtəbəsində olduğunu iddia edənlər zənn-gümana uyurlar. Bəli, bu zümrədən olanlar insanı doğru yola yönəltməyə acizdir!

FAYDALI TƏQLİDLƏ ZƏRƏRLİ TƏQLİDİN BİR-BİRİNDƏN SEÇİLMƏSİ

Aydın oldu ki, elm və bilikdən məhrum olan insan ağıl və fitrətin hökmü ilə mütəxəssisə müraciət etməlidir. Xüsusilə dini məsələlərdə din alimlərinə müraciət etmək zəruridir. Belə bir müraciətin həyatı əhəmiyyəti var. Yalnız din alimlərinin göstərişləri sayəsində insan öz vəzifələri ilə tanış olub onlara əməl edə bilər. Məhz bu həqiqətlə bağlı Allah-taala buyurur: “Əgər bilmirsinizsə bilənlərdən (zikr əhlindən) soruşun.”[24] Bir daha qeyd edirik ki, istənilən bir sahədə həmin sahənin mütəxəssisinə müraciət etmək, ona təqlid ağıl və fitrətin əmridir. İnsanı daim doğru yoldan azdırmaq fikrində olan şeytanlar ən aşkar məsələləri də şübhə altına alırlar. Aşkar bir həqiqət olan dində təqlid mövzusu da şübhəli bir məsələ kimi təqdim edilir. Hansı ki, bütün din alimləri öz risalələrində dini hökmlərdə təqlidi şəri vəzifə sayırlar. İnsan ya müctəhid olmalı, ya ehtiyat yolunu tutmalı, ya da təqlid etməlidir. Dini hökmlərdə zəruri şərtlərə malik (cameuş-şərait) fəqihə təqlid olunmalıdır. Amma bəziləri həyasızlıqla “təqlid meymun işidir” söyləyirlər. Məgər müctəhidə təqlid bilmədiklərini bilən şəxsdən öyrənmək deyilmi?! Məgər xəstə öz dərdinə çarə qılmaq üçün həkimə müraciət etmirmi?! Hətta həkim özü xəstələndikdə özünə aid olmayan sahədə başqa bir həkimə müraciət edir və o həmin həkimin göstərişlərinə tabe olur.

Unutmamalıyıq ki, təqlidin müxtəlif mənaları var. Təqlidin arzulanmayan növləri də mövcuddur. Şəkk-şübhə yaradan insanlar bəyənilməyən təqlidi əllərində bəhanə tutaraq zəruri təqlidlərə qarşı hücuma keçirlər. Hansı ki, eyni bir söz müxtəlif mənalar daşıya bilər və hər bir mənanın öz hökmü olar. Bəzən mənalar arasında fərq o qədər böyük olur ki, onları ayırmaq çətin olmur. Misal olaraq “top” sözünü göstərə bilərik. Kürə şəkilli oyuncaq da, hərbdə işlənən mərmi atan silah da top adlanır. Bu mənalar arasında fərq o qədər böyükdür ki, onu hamı dərk edə bilir.

Bəli, bəzən bir sözün ayrı-ayrı mənaları o qədər yaxın olur ki, insan nəzərdə tutulan mənanı müəyyənləşdirə bilmir. Yalnız nəzər sahibləri bu mənaları xüsusi diqqət göstərərək bir-birindən seçə bilirlər. Eyni zamanda, şəkk-şübhə yaratmaq istəyənlər mənaların yaxınlığından sui-istifadə edərək müsbət mənanın üzərinə kölgə salırlar. Onlar bu yolla öz çirkin məqsədlərini izləyir, ətrafdakıları aldadırlar.



Geri   İrəli
Go to TOP