A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi
Müəllif: Ayətullahul-üzma Məhəmməd Fazil Lənkərani
Naşir: Mo’ce-elm
Çap tarixi: 2007
Səhifələrin sayı: 128
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


HƏZRƏT ƏLİNİN (Ə) MALİK ƏŞTƏRƏ MƏKTUBUNUN ŞƏRHİ

(İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı)

MÜƏLLİF:

AYƏTULLAH MƏHƏMMƏD FAZİL LƏNKƏRANİ

TƏRCÜMƏ EDƏN: ƏLİ NUR

Allahın adı ilə

«İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı» adlı bu kitab İslam inqilabının əvvəllərində o həzrətin Malik Əştərə əhdnaməsi üzərində keçirdiyim izahlı dərslərdir. Əvvəllər də bu kitab tam və geniş şəkildə dəfələrlə nəşr olunmuşdur. Amma geniş oxucu kütləsinin yüksək marağını nəzərə alaraq, bu dəfə yeni redaktə ilə nisbətən sadələşdirilərək əziz müsəlman bacı-qardaşlara təqdim olunur.

Kitabın yenidən redaktə və tənzim olunmasını üzərinə götürən hörmətli alim cənab Hüseyn Kərimiyə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu addım həzrət Əmirəl-mö’minin Əli əleyhissəlam və İmam Zaman əccələllahu-təala fərəcəhüş-şərifin razılığına səbəb olsun, inşallah!

Məhəmməd Fazil Lənkərani

03.05.2004

ÖN SÖZ

Kitabın əsas mövzusuna keçmək üçün bir müqəddimə bəyan etməyə məcburuq:

1. “Nəhcül-bəlağə”

“Nəhcül-bəlağə” 1000 il bundan öncə həzrət Əli (ə), onun ilahi və insanpərvər məktəbinin aşiqlərindən biri olan Seyid Rəzi tərəfindən, həzrət Əlinin (ə) buyuruqları və yazıları əsasında toplanıb tərtib olunmuş bir məcmuədir. Mərhum Seyid Rəzidən öncə bütün bu buyuruqlar və yazılar müxtəlif kitab və risalələrdə pərakəndə şəkildə əks olunmuşdu. Təxminən hicri 400-cü ildə Seyid Rəzi çox pərakəndə gövhərləri toplayıb kitab tərtib etmişdir. Bu dəyərli və misilsiz kitabda həzrət Əlinin (ə) xütbə, hədis, məktub, vəsiyyətnamə, moizə, kəlam, dövlət fərmanları, Qur’an ayələrinin təfsiri, 100-lərlə tərbiyəvi göstəriş və həyatverici qanunlardan ibarət uca və böyük düşüncə əsərləri əks olunmuşdur. Tərtibçi bu əsərə həzrətin misilsiz bəlağət və üslubu prizmasından baxdığı üçün öz işində məhz bu prinsipə əsaslanmış və kitabı “Nəhcül-bəlağə”, yə’ni “bəlağət yolu” adlandırmışdır.

2. Malik Əştərin əhdnaməsi

“Nəhcül-bəlağənin” digər mövzuları kimi əbədilik tapmış parlaq mövzularıdan biri Malik Əştərin əhdnaməsidir. Bu əhdnamə həzrət Əlinin (ə) öz vəfalı köməkçisi və böyük səhabəsi Malik Əştər Nəxəiyə tarixi fərmanından ibarətdir. Bu fərman 14 əsr əvvəldən bu günədək İslam tarixi və mədəniyyətində əbədi və insanpərvər bir yazı kimi qorunmuşdur. İmam Əli (ə) uyğun fərmanı Malik Əştər Misirə göndərilərkən yazmışdı. Bu böyük şəhid Misir məmləkətində mövlası Əlinin (ə) hökm və əmrlərini icra etməli idi.

İmam (ə) bu məktubda Malik Əştərə xitab edib islami ədalət hökumətinin qanunlarını, onun əsas xətti və çərçivəsini bəyan etsə də, əslində bu məktub zaman və məkandan asılı olmayaraq bütün insanlara ünvanlanmışdır.

Malik Əştərin əhdnaməsində həzrət Əlinin (ə) parlaq nəzəriyyə və düşüncələri o qədər dəqiq bəyan olunmuşdur ki, bu məktubda Allah qarşısında bəndə, cəmiyyətdə insan, İslam hökmlərinin icrasında məs’ul, hakim, İslam qanunlarının himayəsində bir fərd olaraq bütün insanların vəzifələrinin bəyan olduğunu iddia etmək mümkündür. Məktubda bütün vəzifələr aydın və dəqiq şəkildə bəyan olunmuşdur. Bu məktubda Malik Əştərə, əslində insana və bəşər tarixinə ünvanlanmış tapşırıqlara doğru-düzgün şəkildə əməl olunarsa, nəinki ictimai ədalət və əminamanlıq, hətta daha üstün nailiyyətlər əldə olunar. Belə ki, bəşər cəmiyyətində bütün fərdlərin elm və agahlıq, düşüncə və imanla islami tərbiyəyə başlamasına şərait yaranar. İnsanlar çirkin sifətlərdən uzaqlaşmaqla Allah üçün mö’min və saleh bəndələr olar, qurtuluş və həqiqət yoluna üz tutar.

3. həzrət Əlinin (ə) nəzərində Malik Əştərin şəxsiyyəti

Bu böyük səhabənin şəhadət xəbəri Əmirəlmö’mininə (ə) yetişdikdə həzrət qəm-qüssə içində buyurdu: “Həqiqətən, mən Allahın rəsulu üçün necə idimsə, Malik mənim üçün elə idi.”

İmamın bu dərin mə’nalı buyuruğundan mə’lum olur ki, Əli (ə) girami peyğəmbər məktəbinin ən böyük, ən layiqli və ən kamil şagirdi olduğu kimi Malik Əştər həzrət Əli (ə) məktəbinin ən böyük, ən layiqli və ən kamil şagirdi olmuşdur. Girami peyğəmbərə kimsə Əmirəl-mö’minin (ə) qədər yaxın olmamışdır. İmamın bu tə’biri Malik Əştəri ən dəyərli şəkildə vəsf edir, onun uca məqamda olduğunu bildirir. Belə ki, artıq kimsəni onunla bir məqama qaldırmaq olmur. Çünki həzrət Əli də ikinci bir şəxs haqqında uyğun tə’birləri işlətməmişdir.

Həzrət Əli (ə) digər bir məktubda Misir əhlinə xitabən Malik Əştəri belə tanıtdırır: “Həmd olsun Allaha. Mən sizin yanınıza elə bir Allah bəndəsini göndərdim ki, dəhşətli günlərdə yatmaz, qorxulu məqamlarda düşmənə arxa çevirməz, günahkarlara oddan da tünddür. O Haris Məzhəcinin oğlu Malikdir.

Nə qədər ki haqdır, onu eşidin və itaət edin. O, kütləşməyən və zərbəsi boşa çıxmayan Allah qılınclarındandır. Sizə köçməyi əmr etdikdə köçün, dayanmağı əmr etdikdə dayanın. O mənim göstərişim olmadan hücum etməz, geriyə çəkilməz.

Ey Misir əhli! Mən sizi özümünki bilib onu göndərdim. Çünki onu sizə xeyirxah gördüm və düşmənlərinizə qarşı sərtliyini bəyəndim.”[1]

DÜŞMƏN DİLİNDƏN MALİKİN VƏSFİ

Müaviyə Malikin şəhadət xəbərini eşitdiyi vaxt dərhal minbərə qalxdı ki, özü kimilərinə bu xoş xəbəri çatdırsın! O bu xütbəsində belə dedi: “Ey camaat, bilin ki, Əli (ə) ibn Əbi-Talibin iki əli vardı. Bu gün onun hər iki əli kəsilib və əlsiz qalıb. Onun bir əli Əmmar Yasər idi. Əmmar Siffeyn savaşında öldürüldü. Əlinin (ə) digər əli Malik Əştər idi. Bu gün onun ölüm xəbərini aldım. Sevinin, Əli əlsiz qaldı!”

Bəli, Müaviyə nadanlıq səbəbindən Malik Əştəri elə vəsf edir ki, onun sözləri Malikin məqam və şəxsiyyətini aşkarlayır. Müaviyənin Maliki “Əlinin (ə) ikinci əli” adlandırmasından mə’lum olur ki, alçaq düşmənlər də Malik Əştərin Əlinin (ə) ən yaxın və layiqli köməkçisi olduğunu bilirdilər.

4. Misir torpağının dəyər və əhəmiyyəti

Misir məmləkətinin siyasi vəziyyəti, dəyər və əhəmiyyəti həm imamın mübarək fərmanının mətnindən, həm də onun müqabil tərəfindən aydın olur. Əgər Misir həmin dövrdə İslam dünyası üçün əhəmiyyətsiz olsaydı, həzrət Əmirəl-mö’minin (ə) öz əzəmətli köməkçisini, Müaviyənin tə’biri ilə “ikinci əlini” həmin yerə hakim göndərməzdi. Əgər Misir uca dəyərə malik olmasaydı, həzrət Əmir (ə) bu ölkənin idarəsi üçün belə bir əhdnamə yazmazdı. Bütün bunlar göstərir ki, Misir həmin vaxt İslam hökuməti üçün böyük əhəmiyyətə və xüsusi üstünlüyə malik imiş.

Elə bu əsasla da həzrət Əli (ə) 25 il “gözündə tikan, boğazında sümük” qalmışlar kimi sükut və xanənişinlikdən sonra İslam məmləkətini hifz etmək üçün girami peyğəmbərin xilafət kürsüsünə oturdu və öz qədim haqqına çatdı. Həzrət ilk addımda Qeys ibn Sə’d ibn İbadəni, e’timad göstərdiyi bu şəxsi Misir valiliyinə tə’yin etdi. Qeys tezliklə Misirə daxil oldu və valiliyi öhdəsinə götürdü. Amma öncədən Misirdə gözü olan, bu ölkəni ələ keçirmək istəyən Müaviyə fitnəkarlıq üçün münasib fürsət gördü. Müaviyə həzrət Əlinin (ə) qədim düşməni idi. O dərhal Qeysə məktub yazdı və təklif etdi ki, Əliyə (ə) arxa çevirib ona bey’ət etsin. Müaviyə bu məktubda bütün hiyləgərliyini işə salmışdı. O bir tərəfdən Qeysi tamaha salıb ona böyük və’dlər verdi, digər tərəfdən Əlini (ə) Osmanın qətlinə şəriklikdə ittiham edib, qatil kimi xatırlatdı. Amma bu hiylələrdən heç biri Qeysi çaşdıra bilmədi. Sadəcə, Qeys Misirə yenicə daxil olduğundan, vəziyyətə hələ ki tam nəzarət etmədiyindən, bu sayaq hiylələrlə necə rəftar etməli olduğunu bilmədiyindən mövlası Əlinin (ə) hakimiyyətinə zərər yetirməmək üçün Müaviyəyə dərhal cavab vermədi. Nəhayət, Müaviyəyə bəhanə yeri qoymamaq üçün ikibaşlı bir cavab yazdı.

Müaviyə ikinci məktubu yazıb bu dəfə Qeysi sərt şəkildə hədələdi. O, Qeysdən tələb edirdi ki, Müaviyənin bey’ətini qəbul etsin. Qeys bu dəfə dözməyib Müaviyəyə tünd bir cavab yazdı və aşkar şəkildə ona müxalifliyini, Əliyə (ə) sədaqətini bəyan etdi. Qeys yazırdı: “Sən və sənin ətrafındakılar hamınız batilsiniz, haqq yalnız Əli (ə) və onun ətrafındakılardır.” Qeysin bu məktubunu alan Müaviyə planlarının boşa çıxdığını görüb yeni bir hiyləyə əl atdı. O, Qeysin adından yalan bir məktub quraşdırıb həmin məktubu Qeysin əvvəlki ikibaşlı məktubuna əlavə etdi. Şamda e’lan etdi ki, Əlinin Misirdəki nümayəndəsi Qeys öz mövlasından üz döndərib və ona bey’ət edib.

Bu xəbər həzrət Əli (ə) və onun səhabələrinə çatdıqda narahatçılıq yarandı, ətrafdakılar arasında söz-söhbət baş qaldırdı. Həzrətin yaxınları, xüsusilə Abdullah ibn Cəfər israr etdi ki, Əmirəl-mö’minin (ə) bu fitnəni dayandırsın və Qeysi dərhal Misirdən geri çağırsın. Amma həzrət bu təklifə qarşı çıxıb buyurdu: “Burada qurğu var. Mən Qeysi yaxşı tanıyıram və bilirəm ki, onun ünvanına deyilənlər həqiqət yox, bir böhtandır.” Bununla belə, həmin vaxt həzrət Əlinin (ə) ətrafında yaranmış vəziyyət onun Qeysə inamına baxmayaraq valini Misirdən geri çağırmasına səbəb oldu. Qeysin yerinə Misir valiliyinə Məhəmməd ibn Əbu-Bəkr tə’yin olundu.

Amma Məhəmməd ibn Əbu-Bəkrin də valiliyi çox çəkmədi. Müaviyə siyasətbaz və hiyləgər dostu Əmr Ası fitnə-fəsad törətmək üçün Misirə göndərdi. Vəziyyət praktiki olaraq Məhəmməd ibn Əbu-Bəkrin nəzarətindən çıxdı və arzulanmayan bir savaş vəziyyəti yarandı.

Həzrət Əli (ə) belə çətin vəziyyətdə mövcud müşküllərə qalib gəlmək üçün vəfalı köməkçisi Malik Əştəri Misirə vali tə’yin edib, yola saldı. Malik Əştərə ətraflı və dəyərli əhdnamə təqdim olundu ki, onun göstərişlərindən faydalanmaqla Misirdə işləri qaydasına salsın. Malik Əştər yolda ikən Məhəmməd ibn Əbu-Bəkrin şəhadət xəbəri həzrət Əliyə (ə) çatdı. Ən dəhşətlisi, Malik yol arası Ərş şəhərində zəhərlə qətlə yetirilib şəhadətə çatdı. Beləcə, Malik əhdnamədəki göstərişləri yerinə yetirə bilmədi.

5. “Nəhcül-bəlağədən” istifadə qaydası

Şiə əqidəsində Qur’an, “Nəhcül-bəlağə” və mə’sum imamların digər əsərləri yeganə düşüncə xətti, haqqı batildən seçməyin yeganə yoludur.

Beləcə, təfəkkür meydanında alimlər İslam maarifi ilə bağlı söz və yazılarını Qur’an, «Nəhcül-bəlağə» və mə’sumların digər əsərləri ilə əsaslandırsalar, dedikləri həqiqətdir. Əks-təqdirdə onların fikirləri əsassız sayılır. Buna görə də mə’sumlar nəql olunan hədislərin düzlüyünü aydınlaşdırmaq üçün buyurmuşlar: Nəql olunmuş hədisləri Qur’anla tutuşdurun. Qur’ana uyğundursa, düzgündür, uyğun deyilsə, saxtadır.

Qur’an və Nəhcül-bəlağəyə bu sayaq yanaşma iki şəkildə gerçəkləşəcək: Birinci halda zehni təmiz və yersiz mühakimədən uzaq insan müqəddəs kəlmələrlə tanış olacaq, ikinci halda Qur’an və Nəhcül-bəlağənin, eləcə də mə’sumların buyuruqlarının görüşünə əvvəlcədən formalaşmış düşüncələrlə gedəcək. Şübhəsiz ki, ikinci halda biz Qur’an və Nəhcül-bəlağədən düzgün nəticə çıxara bilməyəcəyik. Əvvəlcədən formalaşmış düşüncələr Qur’ana qəbul etdiriləcək, ilahi mənbələrdən sui-istifadə olunacaq.

İkinci yanaşma nəinki səmərəsiz olur, hətta insana Qur’an və Nəhcül-bəlağəyə zidd yanaşmalar öyrədilir. Belə bir yanaşmada insan batilə üz tutur. Məgər biz inanmırıqmı ki, Qur’an Allahın buyuruğudur, Nəhcül-bəlağə və mə’sumların buyuruqları vəhydən qaynaqlanır?! Demək, biz vəhyi öz düşüncələrimizə uyğunlaşdırmamalı, düşüncələrimizi vəhy yoluna yönəltməliyik. Şəxsi mühakimələrimizin təsdiqi üçün müqəddəs buyuruqlar arasında əsas axtarıb dəlillər uydurmaq yol verilməzdir.

Demək, Qur’an və mə’sumların buyuruqlarından istifadə qaydası budur ki, insan vəhy qaynağına nəzər sahibi kimi yaxınlaşmasın. Əksinə, vəhyə müraciət olunarkən bütün öncəki bilgilər bir kənara qoyulmalı, insan pak bir zehnlə həqiqət çıraqlarını soraqlamalıdır.

İndi əhdnamənin növbəti səhifələrini vərəqləyək:

هذَا مَا أَمَرَ بِهِ عَبْدُ اللهِ عَلِيٌ أَميِرُ الْمُؤْمِنِينَ، مَالِكَ بْنَ الْحَارِثِ الاَْشْتَرَ فِي عَهْدِهِ إِلَيْهِ، حِينَ وَلاَّهُ مِصْرَ

“Bu fərman Allah bəndəsi Əli Əmirəl-mö’minin peymanı əsasında Haris oğlu Malik Əştər Misirə hakim seçilərkən ona ünvanlanır.”

Belə görünür ki, həzrət Əli “Allah bəndəsinin əmri əsasında” tə’birləri ilə İslam maarifinin iki mühüm və əsas nöqtəsinə işarə edir: qəflətin aradan qaldırılması və Allaha bəndəlik sayəsində ağalıq.

QƏFLƏTİN ARADAN QALDIRILMASI

Qüdrət sahibləri üçün ən böyük bəla (onların əksərini fəsada, günaha, zülm-sitəmə, istismar və qətlə sürükləyən səbəb) özlərindən və necəliklərindən qəflətdir. Əgər istənilən bir məqama yüksəlmiş hakim və qüdrət sahibi öz fiziki və mə’nəvi qüvvələrinin başqa bir mənbədən qaynaqlandığını bilsə, bütün bu imkanların əta edən varlıq tərəfindən istənilən bir anda geri alına biləcəyinə inansa, kimsəyə zülm etməz, savaş və tüğyan fikrinə düşməz. Bu bəlaya diqqətsizlik göstərib Allahın əzəmətini və öz heçliyini anlamayan şəxsin azğınlığı hər an güclənəsidir. Zahiri məqam və taxta oturmuş Əli (ə) da özünə xitabən deyir: “Agah ol ki, nəyin varsa Ondandır və Ona doğrudur.”

ALLAHA BƏNDƏLİK SAYƏSİNDƏ AĞALIQ

Həzrət Əlinin (ə) düzgün İslam dünyagörüşünün əsasını təşkil edən baxışına əsasən, məqam və rəyasət gücü, mə’nəvi nüfuz, bir sözlə, ağalıq (qarət və sitəmkarlıq yox, həqiqi ağalıq) Allaha bəndəlik sayəsində mümkündür.

Həzrət Əli (ə) bu mövzunu bəyan etmək üçün “əmr” sözündən sonra “Allahın bəndəsi” tə’birini qeyd edir və bu bəyanla həqiqi ağalıq səbəbini, yə’ni bir olan xaliqin varlığını önə çəkir.

VALİNİN MƏS’ULİYYƏTLƏRİ

جِبْوةَ خَرَاجِهَا، وَجِهَادَ عَدُوِّهَا، وَاسْتِصْلاَحَ أَهْلِهَا، وَعِمَارَةَ بِلاَدِهَا

“Misir vilayətində Malikin vəzifələri bunlardır: Xərac (vergi) toplamaq, düşmənlərlə cihad, əhali arasında sülh və əmin-amanlıq yaratmaq, şəhərlərin abadlığı.”

Həzrət Əli (ə) bu bəyanla Malik Əştərə həvalə olunan hakimiyyətin çərçivəsini dörd məsələ əsasında müəyyənləşdirir: Xərac, müdafiə, islah, abadlıq.

XƏRAC TOPLANMASI

“Xərac” dedikdə xüsusi bir vergi nəzərdə tutulur. Bildiyimiz kimi, Misir camaatı İslamı könüllü şəkildə qəbul etməmişdi. Onlar müsəlmanlara müqavimət göstərə bilmədiklərindən təslim olub İslamı qəbul etmişdilər.

Fiqhi terminalogiyada İslam qoşununun sülh-sazişsiz, hərbi qələbə ilə əldə etdiyi torpaqlar “əraziyyu məftuhətil-ənva” adlanır. Belə torpaqlar bütün müsəlmanlara məxsusdur və hamının bu torpaqlarda payı var. Bu əsasla İslam dövləti və İslam hakimi uyğun torpaqları müsəlmanlar arasında bölüşdürür. Pay torpağın müqabilində illik icarə alınır. Belə bir icarə haqqı fiqhi terinalogiyada “xərac” adlanır.

DÜŞMƏNLƏRDƏN MÜDAFİƏ

“Cihadə əduvviha” tə’birindən aydın olur ki, həzrət cihad dedikdə müdafiə savaşını nəzərdə tutmuşdur. Əhli-beyt (ə) rəvayətlərinə əsasən (eləcə də şiə fəqihləri icmasına görə), ibtidai cihad, yə’ni müsəlmanların ilkin olaraq hücum çəkməsi yalnız mə’sum imamın hüzuru ilə mümkündür. Qeyb dövründə ibtidai cihada icazə verilmir. Aydın olur ki, mə’sum imamın birbaşa nəzarətindən xeyli uzaq məntəqəyə göndərilən Malik qeyb dövründəki kimi hərəkət etməli, hərbi yürüşlərdən çəkinib, müdafiə işləri ilə məşğul olmalı idi. Mə’sum imamdan uzaqda olan valinin ibtidai cihad icazəsi yox idi.

XALQIN İSLAHI

Deyilənlərdən aydın olur ki, valinin vəzifəsi təkcə xalqın iqtisadi və dünyəvi işləri ilə məşğul olmaq deyil. Xalqın islah və tərbiyəsi də valinin əsas vəzifələrindəndir.

Beləcə, mə’sumlar diqqət yetirməlidirlər ki, onların işi küçələri asfaltlamaq, əhaliyə məişət xidmətləri göstərməklə başa çatmır. İslam cəmiyyətində hər bir məs’ul insanların mə’nəvi durumuna diqqət yetirməli, mə’nəvi məsələlərin tənzimində aparıcı rol oynamalıdır. Onlar “bu iş ruhanilərin vəzifəsidir və bizə aid deyil” deyib uyğun insani və islami məs’uliyyətdən qaça bilməzlər.

ŞƏHƏRLƏRİN ABADLIĞI

Valinin mühüm vəzifələrindən biri şəhər və kəndlərin öhdəsində olan ərazilərin abadlığını tə’min etməkdir.

Tarix boyu İslamın ünvanına yazılmış böhtan və iftiralara baxmayaraq, İslam xristian rahibliyindən fərqli olaraq İslam cəmiyyətinin maddi və rifah problemlərinə yetərincə diqqət ayırmış və ayırmaqdadır. İslam Allahı yaddan çıxarmayacaq həddə, zülm-sitəm və istismara səbəb olmayan qədər dünyəvi ne’mətlərdən və maddi ləzzətlərdən faydalanmağı qanuni sayır.

CƏMİYYƏTİN İSLAH VƏ TƏRƏQQİSİ ÜÇÜN ÖZÜNÜTƏRBİYƏ ZƏRURƏTİ

أَمَرَهُ بِتَقْوَى اللهِ

(Həzrət Əli (ə)) Maliki ilahi təqvaya (Allahdan qorxmağa) çağırır.

Əgər təqva əmri əvvəlki cümlələrlə əlaqəli nəzərdən keçirilsə, aydın məfhum və yetərli mə’na kəsb edər. Ötən cümlələrdə həzrət Əli (ə) xalqın islah və tərəqqisini bir vali vəzifəsi kimi Malikin nəzərinə çatdırır. Mə’lum məsələdir ki, təqvası olmayan, nəfs istəkləri və heyvani hisslər sorağınca gedən bir vali tabeçiliyində olan xalqı doğru yola sövq edə bilməz. Çünki hidayətçi (doğru yola çağıran) insanın təbliğdə ilk rabitəsi özü ilədir. Əgər bu insan azğın nəfs istəklərini cilovlayıb, ağıl və mə’nəviyyata tabe edə bilsə, özünü hidayət etmiş olacaq. Yalnız bu işdən sonra o vücudundan xaricdə, tə’sirli olub, cəmiyyəti xeyirə sövq edə bilər. Amma özü ilə rabitədə azğın nəfs istəklərinə tabe olan, öz tərbiyəsində müvəffəqiyyət əldə edə bilməyən insan başqalarını doğru yola sövq edə bilməz. Təbii ki, həmişə yanında olan nəfslə mübarizədə müvəffəqiyyət qazana bilməyən insan arabir rastlaşdığı fərdlərlə rabitədə, həm də cəmiyyət səviyyəsində qalib gələ bilməyəcək.

Mə’sum imamların təqva mövzusundakı bəyanatlarından mə’lum olur ki, təqva insanın özünə baxışı, nəfsə nəzarəti və hakimiyyəti mə’nasındadır. Təqva bir qrup rahattələb xanənişinin özünə şüar etdiyi kimi, mübarizə meydanını tərk edib, İslam cəmiyyəti və ümmətdən uzaqlaşmaq deyil.

SƏADƏT VƏ BƏDBƏXTÇİLİK YOLU

İslam dünyagörüşündə ilahi göstərişlərə itaət səadət, ilahi göstərişlərə itaətsizlik bədbəxtçilikdir. Bu islami me’yarı ətraflı şəkildə açıqlamazdan öncə həzrət mövlanın buyuruqlarına nəzər salaq:

أَمَرَهُ بِتَقْوَى اللهِ، وَإِيثَارِ طَاعَتِهِ، وَاتِّبَاعِ مَا أَمَرَ بِهِ فِي كِتَابِهِ: مِنْ فَرَائِضِهِ وَسُنَنِهِ، الَّتِي لاَ يَسْعَدُ أَحَدٌ إِلاَّ بِاتِّبَاعِهَا، وَلاَ يَشْقَى إِلاَّ مَعَ جُحُودِهَا وَإِضَاعَتِهَا

“(Həzrət Əli (ə) hər şeydən öncə Malikə aşağıdakı işləri əmr edir:) İlahi təqva, Allaha itaət yolunu seçmək, Allahın öz kitabında əmr etdiyi sünnə və vacibatlara əməl etmək!

Çünki kimsə bu əmrlərə itaət etməmiş səadətə nail olmayacaq, kimsə bu göstərişləri tərk etməmiş bədbəxtliyə uğramayacaq.”

Kitab dedikdə təkcə Qur’an nəzərdə tutulmur. Nəzərdə tutulan həm Qur’an, həm də Əhli-beyt (ə) rəvayətləridir. İslamda bütün dini sünnə və qaydalar “kitabullah” adlandırılır. Səbəb budur ki, bütün vaciblər, haramlar, məkruhlar və müstəhəblər Allah yazısıdır. Yə’ni Allah insanların əməl etməsi üçün təqdir qələmi ilə bütün bunları yazıya almışdır. Belə ki, uyğun buyuruqlar şəriətdə öz əksini tapmışdır.

Varlıq aləmində Allah əmrlərinə itaət etmədən heç bir şə’n və məqam sahibi xoşbəxtliyə çata bilməz. Bu iş yalnız vaciblərə əməl, haramların tərki ilə mümkündür. Əksinə, vacib əmrlərə itaətsizlik və e’tinasızlıqla Allah göstərişlərindən çıxan, qoyulmuş hədləri pozan fərd bədbəxt olur.

Aydın olur ki, heç bir elmi dərəcə insanı xoşbəxtliyə çatdıra bilməz. Amma elm və bilik sayəsində Allaha itaət yolunu seçən insan daha sür’ətli hərəkət edib, daha uca məqama yüksələ biləcək.

TƏQVANIN YÖNÜMLƏRİ

Təqvanın iki yönümü var: dini vaciblərə əməl və haramların, bəyənilməyən işlərin tərki.

Həzrət mövlanın buyuruğunda “isari taətihi” tə’biri təqvanın birinci yönümünü, “ən yəksir nəfsəhu indəş-şəhəvat” tə’biri təqvanın ikinci yönümünü bəyan edir.

BÖYÜK CİHAD (“CİHADİ-ƏKBƏR”)

Bə’zi rəvayətlərdə nəfslə mübarizə cihad kimi xatırlanır. Bu mövzuda “Vəsailuş-şiə” müəllifi imam Sadiqdən (ə) nəql edərək yazır: “Girami İslam peyğəmbərinin düşmənlə savaşa göndərdiyi dəstə qələbə ilə geri döndü. Onlar vətənə qayıtdıqdan sonra hamılıqla həzrət Peyğəmbərin (s) hüzuruna gəldilər. Həzrət bu qalib dəstəyə xitabən buyurdu: “Əhsən kiçik cihadı başa çatdıranlara! Amma böyük cihad hələ ki, öndədir.” Bir şəxs soruşdu: “Ya rəsuləllah, böyük cihad hansıdır?” Həzrət buyurdu: “Nəfslə mübarizə!”[2] Qur’ani-məciddə behiştə daxil olmaq üçün azğın nəfs istəklərini cilovlamağın şərt qoyulması bu mübarizənin əzəmətini təsdiqləyən yetərli nümunədir. Qur’an bu barədə buyurur: “Rəbbinin məqamından qorxan, nəfsini azğın istəklərdən uzaq saxlayanın yeri behiştdir.”[3]

Gördüyümüz kimi, bu ayədə behiştə daxil olmaq üçün iki əsas şərt qoyulur: Allahın əzəmətindən qorxu və azğın istəklərdən çəkinmək.

ALLAH YOLUNA YARDIM SAYƏSİNDƏ QEYBİ KÖMƏKLƏR

Bu gün İslam cəmiyyətində başqa dövrlərdən daha çox ilahi və qeybi yardımlardan danışılır. Xüsusilə haqqın batil əleyhinə savaşında mücahidlər başqalarından daha çox bu qeybi yardımları hiss etmişlər.

Qur’an və “Nəhcül-bəlağə”də ilahi və qeybi yardımlara çatmaq üçün müəyyən şərtlər bəyan olunur:

وَأَنْ يَنْصُرَ اللهَ سُبْحَانَهُ بَيَدِهِ وَقَلْبِهِ وَلِسَانِهِ، فَإِنَّهُ، جَلَّ اسْمُهُ، قَدْ تَكَفَّلَ بِنَصْرِ مَنْ نَصَرَهُ، وَإِعْزَازِ مَنْ أَعَزَّهُ.

وَأَمَرَهُ أَنْ يَكْسِرَ نَفْسَهُ عِنْدَ الشَّهَوَاتِ، وَيَزَعَهَا عِنْدَ الْجَمَحَاتِ، فَإِنَّ النَّفْسَ أَمَّارَةٌ بِالسُّوءِ، إِلاَّ مَا رَحِمَ اللهُ

“(Qeybdən faydalanar) Sübhan Allaha əli və dili ilə yardım edən. Çünki Allah Ona yardım edib əziz tutana yardım göstərməyi və əziz tutmağı öhdəsinə götürmüşdür. Ona əmr edər ki, öz nəfsini azğın istəklərin tərki ilə sındırsın, azğınlıq etdiyi vaxt cilovunu çəksin. Nəfs daim pisliyə çağırır. Yalnız Allahın mərhəmət nazil etdiyi nəfs istisnadır.”

Deyilənlərdən tam aydın olur ki, əgər insan özünü tanımaq və özünü tapmaq, insanların hidayəti və cəmiyyətin islahı üçün hətta kiçik bir addım atarsa, əslində Allaha yardım sorağınca getmiş olur. İndi baxaq görək, Allaha necə və hansı yollarla yardım edə bilərik? Həzrət Əlinin (ə) Malik Əştərə xitabına əsasən, üç yolla uyğun məqsədə çata bilərik: qəlblə yardım, əllə yardım, dillə yardım.

QƏLBLƏ YARDIM

Qəlb vasitəsilə Allaha yardım etmək üçün hər şeydən öncə özünütərbiyə və nəfsin paklığına çalışmalıyıq. Bu istiqamətdə hərəkət edən insan özünü paklamaq üçün çalışmalıdır. Çünki Allaha qəlb vasitəsi ilə yardım daxili saflaşdırmaqdan, insanın özünə ilahi rəng vurmasından, fitrətə qayıdışdan ibarət insanlıq mərhələsinə çatmaqdan, aləmlərin Rəbbi qarşısında müt’ilik göstərib təslim olmaqdan fərqli bir şey deyil.

Beləcə, özünütərbiyədə ilk addım qəlb və ruhu düzgün e’tiqada hazırlamaq, ilahi hökm və qanunlara möhkəm iman əldə etməkdir. Başqa sözlə, öz qəlbi ilə Allaha yardım fikrinə düşən insan çalışmalıdır ki, qəlbində kamil e’tiqad və xalis iman üçün zəmin hazırlasın. Bu yol elə bir eşq, iman, ixlasla adlanmalıdır ki, hər gün insanın e’tiqadı daha da kamilləşsin. Nəhayət, insanın hər günü onun əvvəlki günündən bir addım öndə olur, e’tiqad və imanı daha da dərinləşir. Beləcə, insan bir nöqtəyə çatır ki, tutduğu yolda növbəti addımlar atmaq üçün güc tapır, mərhələ-mərhələ daha yeni və daha tə’sirli addımlara müvəffəq olur.

ƏL İLƏ YARDIM

Həzrət Əlinin (ə) dəyərli buyuruğunda Allaha əl ilə yardım məsələsi bəyan olunarkən əslində əl yox, qüdrət nəzərdə tutulur. Belə bir təşbehlə Qur’ani-kərimdə də rastlaşırıq: “Allahın əli bütün əllərin fövqündədir”, yə’ni Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir. Heç bir qüdrətdə ilahi qüdrətlə qarşılaşmaq imkanı yoxdur. Ürfi (el arası) danışıqlarda da çox vaxt “əl” sözü “qüdrət” mə’nasını bildirir. Məsələn, deyirlər ki, filankəsin əlindən bir iş gəlmir. Yə’ni filankəsin bir iş görməyə qüdrəti yoxdur. Bə’zən deyirlər: “Zəmanənin əli zalımdan məzlumun intiqamını aldı.” Hər iki cümlədə “əl” sözü qüdrət və güc mə’nasını bildirir.

Deyilənlərə əsasən, həzrət mövlanın Malik Əştərə buyuruğundakı “Allaha yardım” ifadəsinin həqiqi mə’nası anlaşılır. Nəzərdə tutulur ki, Malik (həm də xitab tərəfi olaraq biz) Allaha yardım yolunda var qüvvəsi ilə çalışmalı, ilahi hökm və qanunların həyata keçməsi üçün bütün gücündən istifadə etməli, hamını İslamın müqəddəs hədəflərinə sövq etməlidir.

DİL İLƏ YARDIM



  İrəli
Go to TOP