A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 260
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bütün bunlardan mə᾿lum olur ki, Fars Körfəzi Həmkarlıq Təşkilatı, əsasən müdafiə və təhlükəsizlik mahiyyəti daşıyan bir qurumdur və onun təşkil edilmə səbəbi isə, ABŞ-ın və məntəqə dövlətlərinin burada təhlükəsizliyə duyduqları ehtiyacdan irəli gəlir.

1979-cu ildə Iran Islam Inqilabının qələbəsi, SSRI tərəfindən Әfqanıstanın işğalı və 1980-cı ildə Iran-Iraq müharibəsinin başlanması, Fars körfəzi ölkələrinin inteqrasiyaya olan meyillərini daha da gücləndirdi. Әlbəttə, ABŞ dövlət xadimlərinin regional bir təşkilatın yaradılması haqqındakı tövsiyələri daha tə᾿sirli faktor sayıla bilər.

Nəhayət, 1981-ci ilin fevralında BӘӘ, Bəhreyn, Küveyt, Qatar, Oman və Səudiyyə Әrəbistanının xarici işlər nazirləri Әr-Riyad şəhərində toplaşaraq, Fars Körfəzi Həmkarlıq Təşkilatının tə᾿sis edilməsi barəsində yekdilliklə qərar qəbul etdilər. 3 ay sonra adı çəkilən ölkələrin başçıları Әbu Zəbi şəhərində konfransa toplaşaraq, təşkilatın nizamnaməsini imzaladılar. Әlbəttə ki, qurumun əsasnaməsində daha çox iqtisadi əməmkdaşlıqdan söz gedir. Lakin şura üzvlərinin həqiqi həmkarlığı müdafiə və təhlükəsizlik sahələrinə şamildir.

Şuranın baş katibi də, həmçinin, məhz bu mətləbə işarə edərək, belə bildirmişdi: “Biz NATO-ya oxşamayacağıq. Amma məntəqənin xüsusi vəziyyəti bizi təhlükəsizlik tədbirlərinə əl atmağa məcbur edir”.

Şuranın təşkilindən bir il sonra keçirilən ölkə başçılarının 2-ci iclasında (qeyd etmək lazımdır ki, burada müdafiə nazirləri və ordu qərargah rəisləri də iştirak edirdilər) üzv ölkələrin silahlı qüvvələrinin keyfiyyət və kəmiyyətcə inkişaf etdirilməsi və müştərək hərbi komandılığın yaradılması barəsində qərar qəbul edildi. Nəzərə almaq lazımdır ki, şuranın əsasnaməsində iqtisadi, ictimai, elmi, mədəni-maarif, əkinçilik, sənaye, turizm və səhiyyə sahələrində əməkdaşlıq etmək barəsində açıq-aydın maddələrin olmasına baxmayaraq, hərbi və təhlükəsizlik işləri və həmkarlığı haqqında aşkarcasına heç bir bənd yoxdur!

İRAN KÖRFӘZİ HӘMKARLIQ ŞURASININ HӘDӘFLӘRİ

Şuranın rəsmi təsdiq olunmuş məqsədləri əsasnamənin 4-cü maddəsində aşağıdakı şəkildə bəyan edilir:

1. Vəhdət əldə etmək üçün bütün sahələrdə üzv ölkələr arasında həmkarlığa və fəaliyyətlərdə həmahəngliyə nail olmaq;

2. Məntəqə əhalisi arasındakı rabitələri gücləndirmək və dərinləşdirmək;

3. Aşağıdakı sahələrdə oxşar qayda-qanunların tənzimlənməsi: iqtisadi-maiyyə işləri, ticarət, hüquq və gömrük rabitələri, maarif və tə᾿lim-tərbiyə, ictimai işlər və səhiyyə, informasiya və turizm, qanunvericilik və idarəetmə sahələri;

4. Sənaye, minerologiya, əkinçilik, heyvandarlıq və s. sahələrdə elmi təhqiqatların və texnologiyaların inkişaf etdirilməsi, ümumi inkişaf proqramlarını hazırlayan elmi-təhqiqat mərkəzlərinin yaradılması, məntəqə əhalisinin rifah halını yüksəltmək üçün həmkarlığın təşviq edilməsi.

HӘMKARLIQ ŞURASININ ORQANLARI

Bu şuranın 4 əsas orqanı var:

a) Altı üzv ölkə başçısından ibarət olan Ali Şura. Iclas iki ildə bir dəfə keçirilir. Onun nəzdində üzvlər arasındakı ixtilafları həll edən bir komissiya da mövcuddur.

b) Üzv ölkələrin xarici işlər nazirlərindən ibarət olan Nazirlər Şurası.

v) Katiblik - şuranın fəaliyyətlərini koordinasiya edən bir katibdən ibarətdir.

q) Aşağıdakı ixtisaslaşdırılmış komissiyalar:

1. Iqtisadi-ictimai layihələr hazırlayan komissiya.

2. Iqtisadi, ticarət və maliyyə fəaliyyətlərini həmahəng edən komissiya.

3. Sənaye həmkarlığı komissiyası.

4. Neft siyasəti üzrə komissiya.

5. Ictimai-maarif siyasətləri üzrə komissiya.

HӘMKARLIQ ŞURASININ FӘALİYYӘTLӘRİNӘ BİR BAXIŞ

Həmkarlıq Şurası, Fars körfəzinin cənub hissəsində yeni bir ictimai-siyasi əməkdaşlıq zonası yarada bilmişdir. Müdafiə və təhlükəsizlik məsələlərinə gəlincə, 1990-cı ildə Iraqın Küveyti işğal etməsi, şuranın bu istiqamətdəki üzvlərarası həmkarlığının lazımi səviyyədə olmamasını aydıncasına nümayiş etdirdi. Beynəlxalq aləmdə şura qərb dünyası ilə iqtisadi bağlılıqlara və məntəqənin ən qüdrətli dövləti Səudiyyə Әrəbistanın bölgədəki nüfuzuna baxmayaraq, özünəməxsus iqtisadi mövqelər qazana bilmişdir.

Həmkarlıq Şurası məntəqədəki bir sıra münaqişələr dövründə səmərəli tədbirlər görə bilməmişdir. Iran-Iraq müharibəsi zamanı bu şura, Iraqı dəstəkləyirdi. Iraq Küveyti işğal etdikdən sonra isə Iranla öz münasibətlərini yaxşılaşdırdı. Bu şura məntəqədə indiyədək, hətta öz üzvləri arasındakı münaqişələrin həllində tə᾿sirli rol oynaya bilməmişdir.

Lakin həmkarlıq Şurası ictimai-iqtisadi sahələrdə sözsüz ki, müəyyən müvəffəqiyyətlərə nail olmuşdur. O cümlədən, neft yataqlarının kəşfi, hasilatı, daşınması və satışı sahəsindəki siyasətlərin həmahəngliyi, gömrük rüsumlarının ləğvi və sərmayələrin azad şəkildə köçürülməsi, xarici köməklərdən birgə bəhrələnmək, üzv ölkələrin vətəndaşlarının gəmi və digər nəqliyyat vasitələrindən müştərək şəkildə istifadə edilməsi, körfəzdə sərmayə qoyuluşu şirkətinin tə᾿sis olunması, müştərək daşınma şirkətlərinin tə᾿sisi, ümumi pul vahidinin yaradılması imkanlarını təhqiq etmək, sənaye inkişafı üçün həmahəng fəaliyyətlərin bərpası və s.

(5-7) BEYNӘLMİLӘL İQTİSADİ TӘŞKİLATLARDAN NÜMUNӘ

Bu bölümdə iki beynəlxalq təşkilat, yə᾿ni, ümumdünya səviyyəsində olan Beynəlxalq Valyuta Fondu və regional təşkilat olan Iqtisadi Həmkarlıq Təşkilatı və EKO haqqında mə᾿lumat verəcəyik.

(5-7-1) BEYNӘLXALQ VALYUTA FONDU

I Dünya Müharibəsindən sonra dövlətlər milli valyutalarının dəyərini qiymətləndirmək üçün qızılın kursunu müəyyən etmişdilər. Lakin müharibə hələ davam edən vaxt qızılın kursu öz mövqeyini əldən vermiş və valyuta kursu onunla rəqabətə girmişdi. II Dünya Müharibəsi və ondan sonrakı hadisələr valyuta kurslarının müəyyən edilməsi məsələsini zəruri bir iş etdi.

Hərçənd ki, bə᾿zi ölkələr müharibə başlamazdan əvvəl “qızıl kursu”nu tərk etmişdilər. Məsələn, 1931-ci ildə Ingiltərə və 1934-cü ildə Fransa bu işdə öncüllük etmişdilər. 30-cu illərdə valyuta kursuna keçid elə bir əhəmiyyət kəsb etdi ki, bə᾿zi dövlətlər qiymətli kağızların ölkədən ixrac edilməsinə məhdudiyyətlər qoydular və daxili bazarda pulun dəyərinin azaldılmasına çalışırdılar. ABŞ, Ingiltərə və Fransa öz aralarında qiymətli kağızların dəyərinin dəyişdirilməsində birgə siyasət yeritmək haqqında müqavilə bağladılar.

Müharibədən sonrakı problemlər səbəb oldu ki, 1945-ci ilin iyununda 44 ölkə nümayəndəsi Bretton-Vuds şəhərində toplanaraq, müvafiq müqavilələri imzaladılar və bunlar da öz növbəsində 3 komissiyadan təşkil edilmişdi. Birinci komissiyada Beynəlxalq Valyuta Fondunun yaradılması məsələsi müzakirə edilmişdi. Ikinci komissiyada, Beynəlxalq Inkişaf və Yenidənqurma Bankının yaradılması, üçüncü komissiyada isə, Beynəlxalq Maliyyə Həmkarlığı mövzusu müzakirə obyekti olmuşdu. Birinci komissiyanın işinin nəticəsi, Beynəlxalq Valyuta Fondunun yaradılması oldu ki, onun əsasında də 1945-ci ildən 1973-cü ilədək icra olunan Beynəlmiləl Maliyyə Nizamı dünyada bərqərar edilmişdi. Bu sistemdə 3 əsas müddəa vardır:

1. Qiymətli kağızların sabit dəyəri.

2. Dəyişdirilmə qabiliyyəti.

3. Dollar—dəyişdirilmə və ehtiyatda saxlama qabiliyyətidə malik valyutadır.

Dəyəri qızıl ilə ölçülən dollar, II Dünya Müharibəsindən sonra nəinki əmtəələrin qiymətlərinin ölçü me᾿yarına çevrildi, daha doğrusu o, beynəlxalq maliyyə əməliyyatlarında ən güclü və ən e᾿tibarlı ödəniş vasitəsi oldu.

Bretton-Vuds pul sistemi 1971-ci il 15 avqust tarixindən, dolların qızıl ilə rabitəsinin pozulmasının Nikson vasitəsi ilə həyata keçirildiyi vaxt, böyük təhlükə ilə üzləşdi və qızıl, pulun dəyərinin me᾿yarı funksiyasını əldən verdi. 1973-cü ildə dünyanın bir çox mö᾿təbər valyutalarının qızılla ölçülən kursu ləğv olundu və valyuta kursları “üzən” oldular. Bundan sonra kursun tə᾿yini bazar mexanizmi və onun tələblərinə uyğunlaşdırıldı. Beynəlxalq Valyuta Fonduna üzv ölkələr də, öz milli valyutalarının dəyərini dollar və digər e᾿tibarlı valyutaların kursları əsasında formalaşdırmağa başladılar.

Kursun “üzən” olması və 1974-cü ildə neftin qiymətinin artması beynəlxalq pul sistemində islahatların aparılması zərurətini doğurdu. Nəticədə, 1974-cü ilin yanvarında Beynəlxalq Valyuta Fondunun əsasnaməsində aşağıdakı ibarələr meydana gəldi:

Sabit kursları azad buraxmaq, onları sərbəst və “üzən” şəkildə saxlamaq, ölçü vahidi kimi qızılı kənara qoymaq.

Fond qızılı kənara qoymaqla, “xüsusi yığın hüququ”nu 1976-cı ildən ölçü vahidi kimi qəbul etmişdir. Dəyərlərin rabitəsi 16 əsas dünya valyutalarının bir-birlərinə nisbətən olan kursları ilə hesablanır. Fondun nəzdində beynəlxalq dəyər sistemi, maliyyə mənbələri, köçürməl və ödənişlərə nəzarət edən bir şura yaradılması nəzərdə tutulmuşdur.

Beynəlxalq Valyuta Fondunun ümumi yığıncağı vardır ki, bu da onun ən ali orqanı sayılır. Hər üzv ölkəni burada bir nümayəndə təmsil edir. Bunlar da adətən, ya maliyyə nazirləri, ya da mərkəzi bankların rəhbərləri olurlar.

Ümumi yığıncaq ildə bir dəfə öz iclaslarını təşkil edir. Gündəliyində əsas məsələlərin həlli durur, o cümlədən, yeni üzvlərin qəbulu, üzvlərin səhmlərinin tə᾿yini və ya səhmlərin dəyişdirilməsi, xüsusi yığın hüququnun verilməsi və s.

Fondun digər əsas orqanlarından biri isə, 20 nəfərdən ibarət olan “idarə hey᾿əti”dir. Bu nümayəndələrin 5 nəfəri fondda ən çox səhmə malik olan ölkələr tərəfindən tə᾿yin olunurlar. Qalan 15 nəfər isə, 2 il müddətinə ölkələrin coğrafi bölgüsünə görə fond üzvləri tərəfindən seçilirlər.

Fondun digər struktur vahidi, icraçı direktor və Idarə Hey᾿ətinin Sədri hesab olunur. O, 5 il müddətinə idarə hey᾿əti tərəfindən seçilir və ümumi yığıncağın nizamnaməsi, habelə fondun idarə hey᾿ətinin əsasnaməsi çərçivəsində onun fəaliyyətlərini idarə etmək məs᾿uliyyətini öz öhdəsinə alır.

Fondda səsvermə, üzvlərin səhmlərinin sayına görə hesablanır. Səhmləri çox olan ölkələr daha çox qüdrətə malik olurlar. ABŞ ən çox səhmə malik olduğundan, ümumi yığıncaqda da ən çox səs hüququna yiyələnib. Ondan sonra gələn Ingiltərə, Almaniya, Fransa və Yaponiya müvafiq paylarına görə səs hüququna malikdirlər.

Beynəlxalq Valyuta Fondu, göstərilən vəzifələrdən başqa dünya pul sisteminin sabitliyin qorumaq, üzv ölkələrin maliyyə vəziyyətlərini yaxşılaşdırmaq, onlara kömək göstərmək, ölkələrin iqtisadiyyatını sağlamlaşdırmaq və məşğulluğun səviyyəsini yüksəltmək məqsədi tarazlaşdırılmış bir ticarət rejiminin yaradılması kimi mühüm işləri öz öhdəsinə almışdır. Fondun üzv ölkələrlə əməkdaşlığı iqtisadi tövsiyələr, maliyyə yardımı və s. formalarda həyata keçirilir. Iqtisadi böhranların və maliyyə problemlərinin həlli ilə üzbəüz olan fondun, daim artan və çoxalan maliyyə vəsaitləri olmalıdır. Dünya iqtisadiyyatının yüksəlişi və beynəlxalq səviyyədə ticarətin inkişafı, fondun maliyyə qüdrətini şübhəsiz ki, yalnız artırır. Onun səhmlərinin vəziyyətinə hər beş ildən bir yenidən baxılır. 1995-ci il iyun ayına olan vəziyyətə görə ümumi səhmlər 125 milyard dollardan 185 milyarda qədər artmışdır. Fond, ölkələrin ehtiyaclarını tə᾿min etmək və maliyyə böhranlarını aradan qaldırmaq üçün dünyanın müxtəlif maliyyə mənbələrindən borc ala bilər. Dünyanın 11 sənaye ölkəsi və Səudiyyə Әrəbistanı indiyədək özlərini bir sıra maliyyə ehtiyaclarını fondun ixtiyarına qoymuşlar.

Fondda səsvermə bu qaydadadır: hər üzv 250 əsas rə᾿yə malikdir və onun hər 100 min səhmi müqabilində bir səsdən artıq rə᾿y əldə etmiş olur. Fondda çox səhmə malik olmaq, çox rə᾿yə malik olmaq deməkdir. Bu isə öz növbəsində fondun icra hey᾿əti, qərarları, əməliyyatları və əsas siyasətlərində daha artıq qüdrət qazanmaqla eynidir.

(5-7-2) İQTİSADİ HӘMKARLIQ TӘŞKLATI VӘ YA EKO

EKO təşkilatı regional iqtisadi qurumların bir nümunəsidir. Onun coğrafi əhatə dairəsi Iran, Qafqaz, Mərkəzi Asiya, Pakistan və Türkiyəyə şamildir. Aşağıda adları çəkilən 10 ölkə EKO-ya üzvdür: Azərbaycan, Türkiyə, Iran, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Әfqanıstan və Pakistan. Bu təşkilat dil cəhətdən 3 məntəqə dilinə—türk, fars və ordu dillərinə mənsub olur. Iran bu regionda coğrafi mövqeyinə görə mərkəzdə yerləşir və EKO-nun əsas mərkəzi mehvərini Iran, Türkiyə və Pakistan təşkil edirlər.

EKO, Iran Islam inqilabının qələbəsindən əvvəl regionda mövcud olmuş digər bir iqtisadi qurumun—”abadlaşdırma üçün məntəqə həmkarlıq təşkilatı”nın dəyişilmiş formasıdır. Həmin təşkilat Islam inqilabından sonra öz fəaliyyətini dayandırıb, daha sonra isə, başqa şəkildə və digər ad altında—EKO kimi işə başladı.

SENTO adı ilə məşhur olan hərbi-siyasi mahiyyətli və bir növ iqtisadi təşkilat sayılan digər qurum isə Soyuq Müharibə dövründə kommunizmin nüfuzunun qarşısını almaq məqsədi ilə ABŞ və digər qərb dövlətlərinin strateji maraqlarını qoruyan, bölgədə Amerikanın “peykləri” hesab olunan Iran, Türkiyə və Pakistan tərəfindən tə᾿sis edilmişdi. Iran SSRI-nin cənuba tərəf yönəlmiş tə᾿sirinin qarşısını almaq üçün nəzərdə tutulan “nazik rimland divarı” rolunu oynayırdı. Ona görə də, ABŞ və qərb üçün Iranın xüsusi əhəmiyyəti var idi.

Qeyd etmək lazımdır ki, BӘS-cilərin qiyamından əvvəl, Iraq da SENTO-nun üzvü sayılırdı. Lakin SSRI-yə tərəf meyl etdiyindən, SENTO-dan çıxmışdı. Hərbi-siyasi qurum SENTO ilə paralel olaraq Iran, Türkiyə və Pakistandan ibarət olan Abadlaşdırma üzrə Regional Iqtisadi Təşkilat, 1974-cü ildə Ankarada həmin ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən konfransda tə᾿sis edildi.

Bu dövr, Soyuq müharibə və fövqəldövlətlərin rəqabətinin ən yüksək zirvəyə çatdığı bir vaxta təsadüf edirdi. Adı çəkilən 3 ölkə isə ABŞ və qərbin düşərgəsində qərar tutmuşdular. Öz coğrafi, strateji və geopolitik mövqeyinə görə, Iran daha mühüm əhəmiyyət kəsb edirdi. Ona görə də, onun regiondakı rolu digər ölkələrdən üstün idi.

Yuxarıda adı çəkilən iqtisadi təşkilatın əsas məqsədi, üzv ölkələr arasında ictimai, iqtisadi və texniki sahələrdə əməkdaşlığı gücləndirməklə, regionda iqtisadi inkişafa nail olmaq idi. Xüsusilə, ticarət əlaqələri, sənayenin inkişafı, daşınma, bank və sığorta sistemi, turizm və poçt xidmətləri, eləcə də texniki yardımların yüksək səviyyəyə qaldırılması nəzərdə tutulurdu. Abadlaşdırma üzrə Regional Iqtisadi Təkşilat, ABŞ və qərb ilə sıx bağlılığa baxmayaraq, özünün 15 illik fəaliyyəti dövründə nəzərə çarpacaq müvəffəqiyyətlərə nail ola bilmədi.

Onun qəbul etdiyi qərarlarda sənaye inkişafına dair 30 və neft-kimya sənayesi sahəsində 13 layihə təsdiq edilsə də, bunların yalnız 3-ü kamil surətdə icra olunmuşdu. Ticarət, sənaye, əkinçilik, nəqliyyat daşınmaları, sığorta, bank sistemi, telefon-teleqraf və poçt, informasiya, texniki həmkarlıq və s. sahələrdə 16 müqavilənin imzalanmasını isə, bu qurumun müvəffəqiyyətli fəaliyyətlərinə aid etmək olar.

EKO-NUN YARADILMASI VӘ TӘ᾿SİSİ

Abadlaşdırma üzrə Regional Iqtisadi Təşkilatın Iran Islam inqilabı dövründə fəaliyyətində yaranmış süstlüyü aradan qaldırmaq üçün 1984-cü ildə üzv ölkələr Ankarada konfrans təşkil etdilər. Adı çəkilən təşkilatın əsasnaməsində bir sıra dəyişikliklər aparmaqla, baza sənədi kimi onu yeni qurumun—EKO-nun nizamnaməsi olaraq qəbul etdilər. 1990-cı ildə Iran, Pakistan və Türkiyə ölkə başçılarının Islamabadda keçirilən yığıncağında EKO-nun nizamnaməsi son variantda təsdiq olundu. SSRI-nin dağılması, Qafqaz və Orta Asiyada yeni dövlətlərin meydana çıxması ilə ticarət rabitələrinin yeni mərhələsi üçün EKO-nun əhdnaməsinə təzədən baxılması zərurəti yarandı. Həmin dövrdə əsasnamədə yenidən bir sıra dəyişikliklər aparıldı və Mərkəzi Asiya, Qafqazda təzə zühur etmiş dövlətlərin EKO-ya qəbul olunması üçün yol açıldı. Bu minvalla EKO üzvlərinin sayı 15-ə çatdı.

Izmir əhdnaməsinin məqsədləri və ya EKO-nun əsasnaməsi:

1. Daimi iqtisadi inkişaf üçün şəraitin yaxşılaşdırılması, məntəqənin ictimai-iqtisadi potensialından əlverişli şəkildə istifadə etməklə, üzv ölkələrin əhalisinin rifah halının və yaşayış səviyyəsinin yüksəldilməsi;

2. EKO-nun şamil olduğu ərazilərdə dünya ticarəti üçün mövcud olan maneələrin aradan qaldırılması, regiondaxili ticarətin inkişafı, dünyadakı və digər regionlardakı iqtisadi yüksəlişin təcrübəsindən istifadə etməklə, transregional ticarətin inkişafı;

3. EKO-nun dünya ticarətinə kömək etmək məqsədi və üzv ölkələrin əsas hədəflərinə uyğun olaraq, iqtisadi həmkarlığın təşviqi;

4. Məntəqədə fəal həmkarlıq etmək və ictimai, iqtisadi, mədəni-maarif, elmi-texniki sahələrdə qarşılıqlı yardıma nail olmaq;

5. Üzv ölkələri bir-birləri və dünya ölkələri ilə birləşdirən rabitələrin inkişafının sür᾿ətlənməsi;

6. Ümumi və xüsusi sektorlarda inteqrasiyanın gücləndirilməsi, iqtisadiyyatın sərbəstləşdirilməsinə çalışmaq, müştərək sərmayə qoyuluşu yolu ilə məntəqədə xüsusi sektorun üstünlük qazanmasını tə᾿min etmək;

7. Məntəqədəki insani mənbələrinin inkişafı üçün müştərək proqramların hazırlanması;

8. Məntəqənin təbii sərvətlərindən, xüsusilə də enerji mənbələrindən ən əlverişli surətdə istifadə etmək;

9. Məntəqənin sənaye və əkinçilik sahəsindəki potensial imkanlarından səmərəli şəkildə bəhrələnmək üçün sə᾿ylərin artırılması;

10. Məntəqədə narkotiklərdən istifadə edilməsinin kökünü kəsmək üçün həmkarlığın inkişafı;

11. Məntəqədə ətraf mühit və ekologiyanın qorunması istiqamətində həmkarlığın inkişafı;

12. EKO və beynəlxalq maliyyə qurumları, habelə digər beynəlmiləl təşkilatlar arasında qarşılıqlı mənfəətləri nəzərə almaqla əməkdaşlığın gücləndirilməsi;

13. Məntəqə sakinləri arasında mədəni-maarif və tarixi bağlılıqların daha artıq möhkəmləndirilməsi, turizmin inkişafı.

Yuxarıda adı çəkilən məqsəd və hədəflər EKO-nun fəaliyyətində nəzərdə tutulan ən ümdə məramlardır.

EKO TӘŞKİLATININ QURULUŞU

Iki ildən bir təşkil olunan üzv ölkələrin dövlət başçılarının iclasından əlavə, EKO-nun digər əsas orqanları da vardır. Həmin orqanlar bir-birləri ilə qarşılıqlı həmkarlıq şəraitində fəaliyyət göstərərək, EKO-nun ümumi iş prinsiplərini formalaşdırırlar. Bu orqanlar aşağıdakılardan ibarətdirlər:

Nazirlər şurası, daimi nümayəndələr şurası, regional proqramlar hazırlayan şura, regional qurumların ixtisaslaşmış müəssisələri, nazirlər şurasının tə᾿yin etdiyi xüsusi komitələr.

Nazirlər şurası, EKO-nun qərar qəbul edən və onun əsas siyasətini həyata keçirən ən ali orqanı sayılır. Bu şura üzv ölkələrin xarici işlər nazirləri və ya həmin səlahiyyətlərə malik olan nümayəndələrdən təşkil edilir.

Daimi nümayəndələr şurası, nazirlər şurası tərəfindən tə᾿yin olunmuş və həyata keçirilmək üçün nəzərdə tutulan planların icra edilməsi məs᾿uliyyətini daşıyır. Haqqında qərar çıxarılmalı olan mövzuların tənzimlənməsi və bu barədə qəbul edilən nazirlər şurasının qərarlarının icrası da, daimi nümayəndələr şurasının öhdəsindədir.

Bu şura daimi nümayəndələrdən və ya EKO yanında üzv ölkələrin səfirlərindən təşkil olunub. Onlar lazım olduqda, nazirlər şurasının iclasını çağıra bilərlər.

Regional proqram və layihələr hazırlayan şura, üzv ölkələrin müvafiq yönümlü strukturlarının nümayəndələri və həmin dövlətlərin təklif etdikləri şəxslərdən təşkil olunur. Bu şura ən azı ildə bir dəfə və nazirlər şurasının illik iclaslarından əvvəl öz yığıncaqlarını çağırır. Adı çəkilən şura, EKO-nun məqsədlərinin gerçəkləşdirilməsi üçün elmi layihələri Nazirlər Şurasına təqdim edir, keçmişdə qəbul olunmuş proqramları təhqiq edərək, onların nəticələrini araşdırır.

Təşkilatın katibliyi baş katibdən və onun müvafiq işçilərindən ibarətdir. EKO katibliyinin iqamətgahı Tehranda yerləşir. EKO-nun baş katibi 3 il müddətinə nazirlər şurasının rə᾿yinə əsasən üzv ölkələrin namizədləri arasından seçilir. Baş katib Nazirlər Şurasının qarşısında EKO-nun bütün fəaliyyətlərinin icrasına cavabdeh olan və məs᾿uliyyət daşıyan ən yüksək vəzifəli şəxs sayılır. O, səfir statusuna malik olur.

Regional qurumların ixtisaslaşmış müəssisələri xüsusi fəaliyyətləri həyata keçirmək üçün yaradılıblar. Onların say, növ və hədəflərini EKO-nun Nazirlər Şurası tə᾿yin edir.

Maliyyə məsələləri barəsində, habelə baş katibin seçilməsi, əməli iş planlarının təsdiqi, iqtisadi-maliyyə yardımları, müqavilə və xarici rabitələrin təkmilləşdirilməsi və s. bu kimi EKO üçün həyati əhəmiyyətə malik olan sair məsələlər haqqında (Nazirlər Şurasının razılığı ilə) qərarların qəbul edilməsi təşkilat üzvlərinin ümumi yekdil rə᾿yi əsasında olur. Lakin EKO-nun digər mövzular barəsində qəbul etdiyi qərarlar nisbi səs çoxluğu əsasında da həyata keçirilə bilər.

EKO-ya yeni üzvün qəbul olunması, coğrafi qonşuluq şərti ilə təşkilatın əsasnamə və nizamnaməsini qəbul etməklə, qurumun baş katibinə ərizə təqdim olunması yolu ilə mümkündür. Lakin bu qəbul ərizəsi EKO-nun Nazirlər Şurasının ümumi rə᾿yi əsasında təsdiq olunmalıdır.

EKO təşkilatı öz xarici münasibətlərini bir sıra regional və beynəlxalq qurumlar və ölkələrlə həmkarlıq əsasında bərqərar etmişdir. Әlbəttə, bu həmkarlığın növləri və hüdudları Nazirlər Şurasının ümumi rə᾿yinə görə tə᾿yin olunur. Bu təkşilat üzvlərinin sayının artması səbəbinə görə, 1991-ci ildə BMT-nin ümumi yığıncağında müşahidəçi yer almağa nail olmuşdur.

Həmçinin, EKO BMT-yə bağlı olan bir sıra regional və beynəlxalq qurumlar və orqanlarla ictimai-iqtisadi zəminlərdə həmkarlıq haqqında müqavilələr bağlamışdır. BMT-nin cəmiyyət bankı, narkotiklərin yayılmasının qarşısını almaqdan ötrü beynəlxalq proqram üzrə adı çəkilən təşkilatın müvafiq strukturları, abadlıq işləri ilə bağlı BMT-nin mə᾿lum orqanı, BMT-nin sənaye inkişafı üzrə qurumu ilə, habelə Islam Inkişaf Bankı, Islam Konfransı Təşkilatı, YUNISEF, YUNESKO və s. təşkilatlarla bağlanılan müqavilələr buna misal ola bilər.

Indiyədək, EKO ictimai-iqtisadi sahələrdəki öz əsas fəalyyətlərini Izmir sazişinə və Istanbul bəyannaməsinə görə qurmuş və həyata keçirməyə çalışmışdır.

Bu vaxta qədər EKO aşağıdakı qərarları qəbul etmişdir:

1. Türkiyədə EKO-nun inkişaf və ticarət bankının tə᾿sis olunması;

2. Türkiyədə EKO-nun təhsil üzrə qurumunun tə᾿sis olunması;

3. Istanbulda sığorta şirkətinin tə᾿sisi;

4. Islamabadda ticarət vizalarının çıxarılmasının asanlaşdırılması sahəsində imzalanan müqavilə.

5. Iranda aviasiya şirkətinin tə᾿sisi;

6. Iranda birgə gəmiçilik şirkəti yaradılması haqqındakı müqavilə;

7. Iranda EKO-nun mədəni-maarif müəssisəsinin yaradılması;

8. Aşqabadda ticarət tranzitinə dair bağlanmış müqavilə;

9. Aşqabadda ticarət tranzitinə dair bağlanmış müqavilə;

EKO təşkilatı strateji həmkarlıq üzrə gələcək 10 il üçün (2005-ci ilə qədər) öncül istiqamətləri—ticarət, nəqliyyat, rabitə və enerji sahələrində öz fəaliyyət proqramını tə᾿yin etmişdir ki, bunlar da aşağıdakılardan ibarətdir:

a) Ticarət:

1. Digər iqtisadi bölgələrin təcrübəsinə əsaslanaraq, ticarət əlaqələrinə əngəl törədən maneələrin ləğvi;

2. Üstün tariflərin tərtibinin genişləndirilməsi;

3. Sərhədyanı və azad ticarət məntəqələrində ticarətin təşviqi;

4. EKO məntəqələrində çoxtərəfli ödənişlər mexanizmindən istifadə edilməsi;

5. Әmtəə standartlarının tədricən bərabərləşdirilməsi;

6. Regional, xüsusilə də beynəlxalq ticarət qurumları ilə həmkarlıqda müştərək iş üslubunun seçilməsi.

b) Nəqliyyat və rabitə:

1. Poçt xidmətinin təkmilləşdirilməsi;

2. Üzv ölkələr arasında uzaq məsafəli yollar şəbəkəsi rabitələrinin yaradılması;

3. Mövcud peyk rabitələrindən daha yaxşı şəkildə istifadə etmək;

4. Dəmiryolu, hava xəttləri və dəniz vasitəsilə olan nəqliyyat şəbəkələrinin inkişafı;

5. EKO-nun bir məntəqəsindən digər bölgələrinə daşınmaların həyata keçirildiyi avtomobil yollarının inkişafı.

v) Enerji:

1. Məntəqənin ehtiyaclarını nəzərə almaqla, ümumi enerji proqramının hazırlanması.

2. Məntəqə çərçivəsində mövcud ikitərəfli layihələrin qiymətləndirilməsi;

3. Mövcud enerji mənbələri və imkanlarından daha yaxşı şəkildə istifadə edilməsi;

4. Üzv ölkələrin neft və qaz nəqliyyatı üçün xüsusi tədbirlərin hazırlanması.

q) Sənaye və kənd təsərrüfatı:

1. Regionda sənayenin inkişafı üçün elmi yolların tapılması, xüsusi sektorun inkişafı;

2. Müasir əkinçilik üsullarının tətbiqi üçün ümumi təftiş aparılması;

3. Müştərək regional layihələrin icrası;

4. EKO əkinçilik mə᾿lumatları bankının tə᾿sisi, təhlil və təhqiqat sahəsində həmkarlığın artırılması;

d) Humanitar mənbələrin inkişafı:

1. Hər üzv ölkə vasitəsilə digər məntəqə ölkələrinə birjalardakı səhmlərdən daha çox pay ayrılması;

2. Dilçilik və sənətkarlıq sahəsində tə᾿lim-tədris ocaqlarının inkişaf etdirilməsi və bu istiqamətdə üzv ölkələrin ehtiyaclarının təmin edilməsi;

3. Pakistan vasitəsilə tə᾿sis olunmuş EKO elmi müəssisəsinin imkanlarının yoxlanılması və lazımi təkliflərin irəli sürülməsi (Bu müəssisənin əsasnaməsi Iran, Türkiyə və Pakistan tərəfindən imzalanmışdır);

EKO-YA ÜZV ÖLKӘLӘRİN BAŞÇILARININ YIĞINCAQLARI

EKO üzvlərinin ölkə başçıları 1984-cü ildən 1996-cı ilə qədər ümumilikdə, aşağıda şərh olunduğu kimi 5 dəfə iclas keçirmişlər:



Geri   İrəli
Go to TOP