A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İttihamla üz-üzə
Müəllif: Mətləb Baqir
Naşir: Tavuse-Beheşt
Çap tarixi: 2002
Səhifələrin sayı: 132
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Fikrimizcə bu qədər mö᾿təbər əhli-sünnə kitabları Әli (ə)-ın bey᾿ətinin bir məcburiyyət olduğunu təsdiq etmək üçün kifayət edər. Deyilən və deyilməyən onlarla əhli-sünnə kitabı göstərir ki, Әli (ə) bu xəlifələrin hakimiyyəti ilə heç zaman ürəkdən razılaşmamış və səbr etmək məcburiyyətində qalmışdır. Burada bütün şiə və sünni alimlərinin qəbul etdiyi məşhur əhli-sünnə alimi İbni Әbil Hədidin şərh yazdığı «Nəhcul-Bəlağə» kitabından «Şiqşiqiyyə» xütbəsinə nəzər salmağımız yerinə düşərdi. Әli (ə) bu xütbədə hansı zülmlərlə üzləşdiyini, bu zülmlərin qarşısında səbr etməyə məcbur olduğunu ürək yanğısıyla bəyan edir. Bu xütbədən bə᾿zi parçaları hörmətli oxuculara təqdim edirik:

«And olsun Allaha ki, filankəs (Әbu Bəkr) xilafəti bir köynək kimi əyninə geydi. Amma o bilirdi ki, mənim xilafətə ləyaqətim bir qütb kimi idi. Bütün elmlər axar çaylar kimi məndən mənşə alırdı. Heç bir quş mənim zirvəmə qanad çala bilmədi. Xilafət libasını kənara atıb fikirləşdim ki, əlsiz-ayaqsız hücum edim, yoxsa bu korluğa səbr edim? Gördüm ki, səbr etmək daha düzgün və əlverişli yoldur.

Mən səbr etdim, lakin elə bil ki, gözlərimdə tikan, boğazımda sümük qalmışdı. Gözlərimin önündə mənim mirasımı talan edirdilər. Nəhayət birinci (Әbu Bəkr) dünyadan getdi, xilafəti isə özündən sonrakı filankəsin (Ömərin) qucağına atdı....»

10. ӘLİ (Ә) NӘ ÜÇÜN SӘBR EDİRDİ?

«Nəhcul-bəlağə» kitabından oxuduğumuz «Şiqşiqiyyə» xütbəsi Әli (ə)-ın necə səbr etməsi, bu səbrin ilahi bir məsləhət olduğunu açıq şəkildə bəyan edirdi.

Bə᾿zi təəssübkeş alimlər bu xütbənin bir iftira olduğunu və məşhur şiə alimi Seyyid Rəzi (Nəhcül-bəlağəni toplayıb yazan) tərəfindən qondarıldığını deyirlər. Lakin insaf və imanı hər şeydən üstün tutan əhli-sünnə alimlərinin kitabları bu iddianı təkzib edir.

Uzun illər Misirin müftisi olmuş Şeyx Məhəmməd Әbduh «Tarixul-uməmil-islamiyyə» kitabında bu xütbənin mö᾿təbər olduğunu e᾿tiraf etmiş və ona geniş şərh vermişdir.

İbni Xişab ləqəbi ilə məşhurlaşan Şeyx Әbu Әbdillah ibni Әhməd yazır:

«Mən bu xütbəni Seyyid Rəzi dünyaya gəlməmişdən 200 il öncə yazılan kitablarda görmüşəm».

Kəmaləddin ibni Әli ibni Meysəm Bəhrani yazır:

«Mən bu xütbəni Zəyr ibni Fürat və mö᾿təzilə şeyxlərindən olan Әbu Cə᾿fər ibni Qubbənin dəsti-xətti ilə oxumuşam. Onlar Seyyid Rəzi dünyaya gəlməmiş vəfat etmişdilər».

Bu xütbəyə geniş şərh yazmış İbni Әbil Hədid Mö᾿ətzili «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:

«Mən bu xütbəni Abbasi xəlifəsi Muqtədir-billahın dövründə yaşamış mö᾿təzilə imamı Әbulqasim Bəlxinin kitablarında dəfələrlə görmüşəm».

«Şiqşiqiyyə» xütbəsinin mö᾿təbər olması və Әli (ə)-ın xilafətin qəsb olunması ilə heç zaman razı olmadığı bütün elm əhlinə mə᾿lumdur.

Ötən bəhsimizdə əziz oxuculara söz verdik ki, Әli (ə)-ın xilafətlə zahirən razılaşmasının siyasi bir zərurət olduğunu açıqlayaq.

Maraqlıdır, görəsən bütün döyüşlərdə öz şücaəti ilə fərqlənən və «Әsədullah» (Allahın aslanı) ləqəbini alan Әli (ə) bu xilafətin qeyri-qanuni olduğunu bildiyi halda nə üçün səbr edir, öz hüquqlarını müdafiə etmirdi? Şübhəsiz ki, söhbət silahlı qiyamdan gedir. Әli (ə)-ın öz hüquqlarını elmi şəkildə, müasir ifadə ilə desək, mədəni mübarizə yolu ilə müdafiə etdiyini ötən bəhslərimizdə açıqladıq. O həzrətin ağır iztirablara dözməsini və hüquqlarının tapdalanmasına səbr etməsini isə aşağıdakı səbəblərlə izah etmək olar:

1.Әli (ə)-ın silahlı qiyama əl atması o həzrətin ətrafında olan vəfalı səhabələrin, onun vilayət və imamətinə sadiq olan mö᾿minlərin kütləvi qırğınına səbəb ola bilərdi.

Həmçinin o həzrətin imaməti ilə razılaşmayan, lakin küfr və bütpərəstliyin qarşısında möhkəm sipər kimi dayanan səhabələr bu döyüşdə həlak ola bilərdilər. İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında Әli (ə)-ın bu məsələyə toxunduğu bir xütbəni yazmışdır:

«Allah-taala Öz Rəsulunun ruhunu cismindən ayırdığı gündə, Qüreyş lovğalıqla özünü bizdən önə çəkdi. Biz ümmətə rəhbər olmağa layiq olduğumuz halda bizi öz haqqımızdan məhrum etdilər. Amma mən gördüm ki, səbr etmək, müsəlmanlar arasına ixtilaf salmaqdan, onların qanının tökülməsindən yaxşıdır».

2.Mə᾿lum olduğu kimi müsəlmanların böyük əksəriyyəti Peyğəmbərin (s) ömrünün son illərində iman gətirmişdilər.

Xüsusilə Məkkənin fəthindən sonra bir çox müşriklər müsəlman olmuş və heç şübhəsiz ki, onların arasında canını və malını qorumaq üçün iman gətirənlər də az deyildi.

Qur᾿ani-Kərim müsəlmanların böyük əksəriyyətinin Məkkənin fəthindən sonra iman gətirdiklərini bəyan edir:

«Allahın nüsrət və qələbəsi gəldikdən sonra xalqın dəstə-dəstə dinə döndüklərini görərsən...»[6].

Peyğəmbərin (s) vəfat xəbərini eşidən kimi ayrı-ayrı yerlərdə yeni iman gətirmiş müsəlmanlar İslamdan üz döndərib mürtəd olmağa başladılar. Onlar hətta qoşun toplayaraq Mədinəyə hücum etmək fikrinə düşdülər.

Belə bir zamanda Allahın müqəddəs dinini öz canından artıq sevən Әli (ə) əlinə silah götürüb qiyam edə bilməzdi. İbni Әbil Hədid Әli (ə)-ın yazdığı bir məktubu öz kitabında qeyd etmişdir:

«Mən əl saxladım, çünki öz gözlərimlə görürdüm ki, bir dəstə İslamdan üz döndərib Məhəmmədin (s) dinini məhv etmək istəyir. Qorxdum ki, İslam və müsəlmanlara kömək etməsəm, İslamın parçalanmasına, məhv olmasına şahid olacağam. Bu müsibət xilafət hüququndan məhrum olmaqdan daha böyük idi....»

3.Bütün tarixçilərə mə᾿lumdur ki, İslam hakimiyyəti qurulan gündən Rum imperiyası bu hakimiyyətin qarşısında ciddi bir təhlükə kimi dayanırdı. Peyğəmbərin (s) vəfatından sonra bu təhlükə əvvəlkindən daha da reallaşmışdı. Bu xristian imperiyasının müqabilində bütün müsəlmanlar birləşməli, ixtilafları kənara qoymalı idilər. Belə bir zamanda təbii ki, Әli (ə) müsəlmanlarla həmfikir olmaq əvəzinə, yeni bir bayraq götürüb İslam xilafətinə qarşı çıxa bilməzdi.

Әli (ə)-ın belə bir həssas zamanda İslama ürək yandırıb birinci xəlifəyə Rum imperiyası ilə döyüş barədə məsləhətlər verməsini əhli-sünnə tarixçisi İbni Vazeh Yə᾿qubi «Tarixi Yə᾿qubi» kitabının 3-cü cildində yazmışdır.

11.ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

Şiə məzhəbini küfr və azğınlıqda ittiham edən alimlər bunun səbəblərindən birini şiələrin Peyğəmbərin (s) səhabələrə olan münasibətlərində görürlər. Şiələr Peyğəmbər (s) səhabələrini günahkar və azğın bilir, onlara lə᾿nət yağdırır, hətta söyüş verirlər. Buna görə də şiələrin kafir və azğın olduğuna şübhə yoxdur....

Yersiz təəssübkeşlik üzündən mövcud məsələlərə olduğu kimi yanaşmaq və ədalətli mühakimə yürütmək iqtidarında olmayan bu alimlərin fikirlərinə cavab vermək üçün bəlkə də bir kitab yazmaq olar. Lakin bu kitabın həcmini nəzərə alaraq lazım olan cavabları bir neçə səhifədə xülasə şəkildə yazırıq:

1.Әvvəla qeyd etməliyik ki, səhabələri lə᾿nətləmək və onlar haqda nalayiq sözlər söyləmək heç bir şəxsin kafir olmasına səbəb olmaz. Bunu məşhur əhli-sünnə alimləri öz kitablarında təsdiq edirlər.

İbni Həzəm Әndolosi «Әl-fəslu fil-miləli vən-nihəl» kitabının 3-cü cildində yazır:

«Cəhalət üzündən səhabələri söyən bir şəxs, cahil olduğu üçün günahkar sayılmır. Lakin bilərəkdən onlara söyüş verərsə, günah etmiş olur. Әgər onları Peyğəmbər (s) səhabələri olduqlarına görə söyərsə kafir olar. Lakin onları özlərinə görə söysə kafir sayılmaz. Necə ki, Ömər ‒ rəziyəllahu ənhu ‒ Peyğəmbərin (s) hüzurunda səhabələrdən birinə (Hatibə) münafiq dedi, lakin bu sözə görə kafir sayılmadı».

İmam Məhəmməd Ğəzzali yazır:

«Səhabələri söymək heç kəsi kafir etməz. Hətta iki şeyxi (Әbu Bəkr və Öməri) söyən şəxs də kafir deyildir».

Hakim Nişapuri «Müstədrək» kitabında, İmam Әhməd ibni Hənbəl «Müsnəd», Zəhəbi «Təlxisul-müstədrək», Qazi İyaz «Şifa» və İmam Ğəzzali «Ehyaul-ulum» kitabında yazır:

«Bir nəfər Әbu Bəkrə nalayiq sözlər deyib təhqir etdi. Әbu Bərzə Әsləmi dedi: Xəlifə, o kafir oldu, icazə ver onu öldürüm. Әbu Bəkr dedi: Xeyr, onun kafir olmasına heç kəs hökm edə bilməz...»

Qeyd etmək lazımdır ki, şiə məzhəbində təkcə səhabələrə deyil, hətta adi şəxslərə də söyüş vermək haram və böyük günah sayılır. Lakin söyüş verən şəxsin kafir olmasına hökm verməyə heç bir məntiqi əsas yoxdur.

2.Әgər səhabələri söymək və ya onlara lə᾿nət oxumaq bir şəxsi kafir edirsə, onda biri-birlərinə söyüş və lə᾿nət yağdıran səhabələri nə üçün kafir hesab etmirik.

İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabının 4-cü cildində yazır:

«Әbu Bəkr məscidin minbərində əyləşib Әli (ə)-ın arxasınca dedi:

O, bir tülküdür ki, quyruğu ona şahidlik edər...»

O, (Әli) Ummi Təhal kimidir (məşhur zinakar qadın) ki, öz yaxınları ilə zina etməyi xoşlayır....»

(Bu rəvayətin ətrafında geniş söhbət edəcəyik).

İbni Әbil Hədid Mö᾿təzili həmin kitabın 1-ci cildində yazır:

(Ömər Әli (ə)-dan bey᾿ət almağa getdiyi gün)

«Zübeyr (böyük səhabələrdən biri) qılıncını sıyırıb evdən çölə çıxdı. Ömər yanındakılara əmr etdi: Bu iti tutub saxlayın!»

Mə᾿sudi «Әxbaruz-zəman» kitabında, Sibt ibni Cuzi «Təzkirətu xəvassil-ummə fi mə᾿rifətil-əimmə», İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» (2-ci cild) və İbni Әsir «Kamilut-tarix» kitabında yazır:

«Ummul-mö᾿minin Aişə Osmanın (3-cü xəlifə) barəsində fəryad edirdi: Öldürün bu yəhudi sifəti; Allah onu öldürsün, o həqiqətən kafirdir..»

İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında (2-ci cild), Hələbi «Әs-sirətul-hələbiyyə» (2-ci cild), Buxari «Səhih» (2-ci cild) və Vahidi «Әsbabun-nüzul» kitabında yazır:

«Әbu Bəkr, Ömər ibni Xəttab və digər səhabələr Peyğəmbərin (s) hüzurunda bir-birlərinə söyüş verir, hətta vururdular.»

Bir-birlərini təhqir edən səhabələrə heç kəs kafir hökmü verməmişdir. Әksinə, onlar əhli-sünnə məzhəblərində hamıdan pak, az qala mə᾿sum kimi təqdim olunurlar. Burada qarşıya anlaşılmaz, çox çətin və eyni zamanda müəmmalı bir sual çıxır: Səhabələri söyənlər kafirdirlər, amma səhabələr nalayiq sözlər deyib bir-birlərini rahatcasına təhqir edə bilərlər?!

12.BİR DAHA SӘHABӘLӘR BARӘSİNDӘ

Әhli-sünnə alimlərinin şiələrin səhabələrə olan münasibətlərinə, bə᾿zən səhabələrin tənqid olunmasına irad etmələrinin köklərini araşdırmaq lazımdır. Nə üçün əhli-sünnə məzhəbləri bu qədər kəskin şəkildə səhabələrin arasında fərq qoymadan onları müdafiə edirlər?

Әhli-sünnə məzhəbəri bütün səhabələrin səhvsiz, günahsız olduğuna e᾿tiqad bəsləyir, hətta onların aşkar şəkildə düçar olduqları səhv və günahları müxtəlif bəhanələrlə təmizə çıxarırlar. Onlar Peyğəmbərdən (s) nəql olunan «Mənim səhabələrim ulduzlar kimidir; hansı birinin arxasınca getsəniz hidayət taparsınız» hədisinə istinad edərək bütün səhabələri e᾿timad olunası şəxsiyyət hesab edirlər.

Burada əhli-sünnə alimlərinin bu əqidə və düşüncələrində səhvə düçar olduqlarını açıqlamaq məcburiyyətindəyik:

1.Әvvəla, səhabə dedikdə Peyğəmbərin (s) dövründə iman gətirib onunla ən azı bir dəfə həmsöhbət olan şəxs nəzərdə tutulur. Bu hesabla o həzrətin zamanında iman gətirən milyonlarla müsəlmanın ən azı 90 faizi səhabə sayılır. Belə deyilsə, səhabə dedikdə kimlər nəzərdə tutulur?

Әgər Peyğəmbərə (s) iman gətirib uzun illər onunla çiyin-çiyinə mübarizə aparan şəxslərə səhabə deyilirsə, əhli-sünnə qardaşlarımız Müaviyə ibni Әbi Süfyana hansı me᾿yar və hesabla səhabə deyirlər?

2.İslam dininin verdiyi tə᾿limlərə əsasən hər bir şəxs tutduğu məqamdan asılı olmayaraq, yalnız və yalnız öz əməlləri qarşısında cavabdehdir:

«Bütün insanlar öz qazandığı əməllər müqabilində cavabdehdirlər». (Tur‒21).

İnsanların dəyər və qiyməti onun tayfası, qohum-əqrəbası, həmsöhbət və ünsiyyətdə olduğu şəxslərlə ölçülmür. Qur᾿ani-Kərimdə insanların ən yaxşısı Peyğəmbər (s) səhabələri və hətta onun qohum-əqrəbaları deyil, təqvalı və imanlı şəxslərin olduğu bəyan edilir:

«Allah yanında sizin ən yaxşılarınız ən təqvalı olanlarınızdır...» (Hücurat‒13).

Allah-taala bütün müsəlmanlara məs᾿uliyyət və cavabdehliyin nə olduğunu anlatmaq üçün, mə᾿sum Peyğəmbərinə, səhvə yol verərsə cəzalanacağını deyir:

«Әgər Peyğəmbər Bizim adımızdan yalan danışsa, onu qüdrətlə tutub ürəyinin damarlarını qırarıq».[7]

3.Әgər Peyğəmbərə (s) iman gətirib onunla həmsöhbət olan bütün şəxslər, necə deyərlər, «aydan arı, sudan duru» idilərsə, Qur᾿ani-Kərimdə məzəmmət olunan, cəhənnəm və᾿d olunan münafiqlər kimlər idi?!

Bu şəxslər (münafiqlər) iman gətirməmişdilərsə, onlara münafiq yox, kafir və ya müşrik deyilməli idi. Peyğəmbərlə həmsöhbət olmaq səhabə olmağın şərtidirsə, onların bu xüsusiyyəti Qur᾿ani-Kərimdə dəfələrlə açıqlanmışdır. Deməli, bu şəxslərin səhabə olmağında heç bir şübhə yoxdur. Bununla belə Allah-taala bu şəxslərə cəhənnəm və᾿d edir:

«Münafiqlər cəhənnəmin ən aşağı təbəqəsində yerləşəcəklər, onlar üçün heç bir köməkçi tapa bilməzsən...»[8]

4.Әgər Peyğəmbərə (s) iman gətirib onunla həmsöhbət olan on minlərlə müsəlman, başqa sözlə desək səhabələr, Allahın haram buyurduğu işlərə əl bulaşdırıb heç bir məs᾿uliyyət daşımayacaqdılarsa, onda Qur᾿ani-Kərimdə buyurulan əmr və qadağaların, Peyğəmbər şəriətində mövcud olan göstərişlərin nə mənası var?! Allah-taalanın müqəddəs hökmləri onlara aid deyilmi?

Bu hökmlər təkcə Peyğəmbərdən (s) sonra doğulan müsəlmanlara məxsusdurmu?! Olduqca qəribə bir məntiqdir.....

5.Әgər o zamanda yaşayıb Peyğəmbərə (s) iman gətirən müsəlmanlar bütün əməllərin məs᾿uliyyətindən azaddırlarsa, bəs bizim təqsirimiz nədir ki, o zamanda dünyaya gəlməmişik? Bu hansı ədalətin təzahürüdür ki, müəyyən bir zamanda dünyaya gələn insanlar heç bir məs᾿uliyyət daşımır, digər insanlar isə ən kiçik əməllərə görə cavab verməlidirlər?

«Hər bir kəs zərrə qədərində etdiyi pis əməllərin (cəzasını) görəcək».[9]

Mümkündür ki, kimsə bu sözlərin müqabilində çarəsiz qalıb səhabələrin günahsız olmasını ayrı bir şəkildə izah etsin.

Deyə bilərlər ki, heç bir əhli-sünnə məzhəbi səhabələrin məs᾿uliyyət daşımamasını iddia etmir. Sadəcə olaraq onlar səhabələrin hamısının tam yə᾿qinliklə İslam dininə bağlı olduqlarını və Allahın haram buyurduğu əməllərdən uzaq qaldıqlarını deyirlər. Digər tərəfdən, əvvəldə qeyd etdiyimiz hədis («Mənim səhabələrim ulduzlar kimidir, hansı birinin arxasınca getsəniz hidayət taparsınız») onların hər hansı bir günah və azğınlıqdan uzaq olduğunu təsdiq edir.

Bu hədisin ətrafında, həmçinin səhabələrin günah və azğınlıqdan tamamilə uzaq olmadıqları barədə növbəti bəhsimizdə söhbət açacağıq.

13.SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

Әhli-sünnə məzhəblərinin tutarlı sənəd hesab etdikləri hədisin («Mənim səhabələrim ulduzlar kimidir; hansı birinin arxasınca getsəniz hidayət taparsınız») geniş izaha ehtiyacı vardır.

Hər hansı bir hədis araşdırılarkən ilk növbədə aşağıdakı iki məsələ diqqət mərkəzində olmalıdır:

1.Hədisin sənədləri;

Sənəd dedikdə həmin hədisin raviləri yə᾿ni, hədisi nəql edən şəxslər nəzərdə tutulur. Silsiləvari olaraq, hədisi nəql edən şəxslər arasında ən azı bir nəfər yalançı və e᾿timadsız şəxs olarsa, həmin hədis sənəd e᾿tibarı ilə zəif sayılır və ona istinad etmək olmaz. Bu məsələdə əhli-sünnə və şiə məzhəbləri arasında heç bir ixtilaf yoxdur. Məşhur əhli-sünnə alimləri (hədisşünas) Buxari və Müslim öz kitablarına «Səhih» adı qoymuşlar. Yə᾿ni, onların fikrinə əsasən bu kitabda toplanan hədislər sənəd e᾿tibarilə səhih və düzgündürlər.

İndi isə qeyd olunan nöqteyi-nəzərdən həmin hədisin sənədinə nəzər salaq:

Qazi İyaz «Şərhuş-şifa» kitabının 2-ci cildində bu hədisin sənəd e᾿tibarı ilə zəif olduğunu yazır.

Әbdu ibni Həmid «Müsnəd» kitabında Abdullah ibni Ömər ibni Xəttabdan nəql edir ki, bu hədisin sənədləri mö᾿təbər deyildir.

İbni Әdi «Kamilut-tarix» kitabında Nafe᾿dən, Nafe᾿ isə Abdullah ibni Ömər ibni Xəttabdan nəql edir ki, bu hədisin sənədləri zəifdir.

İbni Həzəm yazır:

«Bu hədis yalan, qondarma və batildir».

2.Hədisin mətni, mə᾿na və məfhumu.

Hədisin sənəd və ravilərini araşdırmaqla yanaşı, onun mətninə, mə᾿na və məfhumuna da diqqət yetirmək lazımdır. Hədisin mə᾿nası Qur᾿anın hökmləri, real həqiqət və insan ağlı ilə müxalif olarsa, o hədisə istinad etmək olmaz. Məsələn, bütün sənədləri səhih olan bir hədis Allahın şəriki olduğunu və ya Peyğəmbərin (s) günah etdiyini çatdırırsa, o hədis mö᾿təbər sayılmır.

Haqqında danışdığımız hədisin sənəd e᾿tibarilə zəif olduğunu isbat etsək də, onun mətnini, mə᾿na və məfhumunu da araşdırmaq yaxşı olardı.

Hədisin mətnindən belə başa düşülür ki, bütün səhabələr günah və azğınlıq ehtimalından uzaqdırlar. «.....Hansı birinin arxasınca getsəniz hidayət taparsınız» ifadəsindən belə çıxır ki, səhabələr istisnasız olaraq bu ehtimaldan (günah və azğınlıq) tamamilə uzaqdırlar. Çünki Peyğəmbər (s) günahkar bir şəxsin arxasınca getməyə əmr etməz.

Qeyd olunduğu kimi, Peyğəmbərin (s) dövründə iman gətirib onunla həmsöhbət olan on minlərlə şəxs səhabə sayılır. Bu qədər insanın kütləvi şəkildə günah ehtimalından uzaq olmasını normal ağıl qəbul edə bilmir. Yə᾿ni, həqiqətən o dövrdə yaşayan müsəlmanlar günah etmirdilər?!

Hədisdən aşağıdakı üç mə᾿na başa düşülür:

On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Hər səhabə öz bildiyinə əməl etsə hidayət tapar.

On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Səhabələr bir-birlərinin arxasınca getsələr hidayət taparlar.

On minlərlə səhabənin hər biri «ulduz» kimidir.... Səhabə olmayanlar onların hansı birinin arxasınca getsələr (hansının???) hidayət taparlar?!

Diqqət edin, hədisin mə᾿nasında nə qədər anlaşılmazlıq vardır. Bu hədis İslam ümmətini hidayətə tərəf yox, təfriqə, ixtilaf və hərc-mərcliyə doğru sürükləyir.

Әgər səhabələrin hər biri özü-özlüyündə hidayət yoludursa, nə üçün Peyğəmbərdən (s) sonra vahid xəlifə tə᾿yin olundu?

Nə üçün səhabə və səhabə olmayan bütün müsəlmanlar yalnız bir səhabəyə tabe olmağa məcbur edilirdilər?

Әgər səhabələrin hər biri hidayət mənbəyi, günah və azğınlıqdan uzaqdırlarsa, nə üçün xəlifələrin dövründə səhabələr ayrı-ayrı əməllərə görə cəzalanırdılar?

Nə üçün ikinci xəlifə Ömər ibni Xəttab Әbu Hüreyrəni (səhabə-ravi) hədis uydurduğuna görə şallaqla tənbeh etdi? Nə üçün üçüncü xəlifə Osman ibni Әfvan Әbu Zər Ğəffari, Әmmar Yasir, Abdullah ibni Məs᾿ud və s. peyğəmbər səhabələrini cəzalandırdı?

Bu hədisin düzgün olmamasının ən böyük dəlili onun tarixi həqiqətlərlə uyğun gəlməməsidir. Yüzlərlə əhli-sünnə kitabları səhabələrin hətta böyük günahlar etdiyini yazmışlar.

On minlərlə səhabənin günahdan uzaq olmadığını yə᾿qin ki, heç kim təkzib etməz. Lakin burada yenə bir addım geri çəkilərək məşhur səhabələrin mübtəla olduqları aşkar günahların bə᾿zilərini nəzərinizə çatdırırıq:

1.İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Әbu Bəkr Әhməd ibni Hüseyn Şafei «Dəlailun-nübuvvət» kitabında, İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:

«Təbuk döyüşündən qayıdarkən səhabələrdən 14 nəfəri sözü bir yerə qoyaraq həzrət Peyğəmbəri (s) «Әqəbə» adlı bir yerdə öldürmək qərarına gəldilər...

Onlar dəhşətli səslər çıxararaq qum doldurulmuş kisəni Peyğəmbərin dəvəsinin qarşısına atdılar ki, dəvə qaranlıqda hürküb həzrəti dərəyə aşırsın. Lakin Allah-taala Öz Rəsulunu bu bəladan hifz etdi..»

2.Ötən bəhslərimizdə Әbu Bəkr, Ömər və s. səhabələrin nalayiq sözlər danışaraq söyüş söydüklərini əhli-sünnə kitablarından nəql etdik. Kimə ünvanlanmasından asılı olmayaraq, nalayiq sözlər söyləməyin haram və böyük günah olması hamıya mə᾿lumdur.

3.Fazil Təftazani «Şərhul-məqasid» kitabında yazır:

«Səhabələrin arasında yaranan kəskin ixtilaf və qarşıdurmalar göstərir ki, onların bə᾿ziləri haqq yolundan azmış, öz nəfslərinə uyub zalım və fasiq olmuşlar».

4.İbni Həcər «Fəthul-bari» kitabının 10-cu cildində;

–Məhəmməd ibni İsmail Buxari «Səhih» kitabında (Maidə surəsinin 90-cı ayəsinin şərhi);

–Müslim ibni Həccac «Səhih» kitabında (Babu təhrimil-xəmr);

–İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabının 3-cü cildində;

–Məhəmməd Təbəri «Təfsiri-kəbir» kitabının 7-ci cildində;

–Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabının 2-ci cildində;

–Bədrəddin Hənəfi «Ümdətul-qari» kitabının 10-cu cildində yazır:

«Әbu Təlhə Zeyd ibni Səhl öz evində gizli məclis keçirdi. Səhabələrdən on nəfəri o məclisdə iştirak etdilər. Onların hamısı şərab içdilər. Onlar aşağıdakı səhabələr idi:

Әbu Bəkr, Ömər ibni Xəttab, Әbu Übeydə Cərrah, Әbi ibni Kə᾿b, Səhl ibni Bəyza, Әbu Әyyub Әnsari, Әbu Təlhə (ev sahibi), Әbu Dəcanə, Səmmak ibni Xərşə.

Onlar içib məst olduqdan sonra Әbu Bəkr «Bədr» döyüşündə ölən müşriklərə mərsiyə oxumağa başladı».

14.BİRİNCİ XӘLİFӘ ӘBU BӘKR İBNİ ӘBU QӘHAFӘ

Ötən bəhslərimizdə Peyğəmbərin (s) səhabələri barədə söhbət açdıq. Әhli-sünnə məzhəblərinin səhabələrə ifrat dərəcədə e᾿tiqad bəsləməsinin əsassız olduğunu bəyan etdik. Qeyd etdik ki, onlar mö᾿təbər olmayan hədislərə və məntiqsiz əsaslara istinad edərək səhabələri olduqlarından daha yüksək məqamlarda təsəvvür edirlər. Xüsusi ilə onların xəlifələr haqda olan e᾿tiqadları ifrat məhəbbət üzərində qurulmuşdur. Buna görə də ilk üç xəlifə barəsində nisbətən geniş izah və təhlillər verməyi qərara aldıq.

Həzrət Peyğəmbərdən (s) sonra məşhur səhabələrdən biri olan Әbu Bəkr ibni Әbu Qəhafə ilk xəlifə tə᾿yin olundu.

Bu ilk xilafətin İslam əsaslarına, hətta əhli-sünnənin məqbul hesab etdiyi icma və səsvermə yolu ilə tə᾿yin olunmadığı barədə kifayət qədər mə᾿lumat vermişik.

Әhli-sünnə qardaşlarımız Әbu Bəkrin bu xilafətə başqalarından daha layiqli və əfzəl olduğunu deyirlər. Bu ləyaqət və fəzilətin isbat olunması üçün onlar bə᾿zi dəlillərə istinad etmişlər. Biz bu dəlillərlə tanış olur, onları bir-bir təhlil və mülahizə edirik. Әhli-sünnə məzhəbləri ilk növbədə Әbu Bəkrin Peyğəmbər (s) hicrət edərkən onunla birlikdə olmasını və bu barədə müqəddəs Qur᾿ani-Kərimdə ayə nazil olmasını onun ən böyük fəzilətlərindən sayırlar. Onlar bu ayəni iftixar hissi ilə təkrar-təkrar oxuyur (Məşhur Misir qarisi mərhum Әbdül-basit Məhəmməd Әbdüssəməd bu ayəni bir məclisdə 5 dəfə qiraət edir) və ayədən aşağıdakı müsbət nöqtələri çıxarırlar:

«Onu (Peyğəmbəri) kafirlər (Məkkədən) çıxardıqları zaman, iki nəfərdən biri olduğu halda Allah ona kömək etdi. O iki nəfər (Peyğəmbər və Әbu Bəkr) mağarada gizləndikləri zaman öz yoldaşına dedi: Qorxma Allah bizimlədir. Allah ona rahatlıq verdi və onu gözəgörünməz bir ordu ilə müdafiə etdi».[10]

1.Peyğəmbər (s) Әbu Bəkri özü ilə ona görə apardı ki, özündən sonra xəlifə olacaq bir şəxs müşriklər tərəfindən öldürülməsin.

2.Allah-taala Özü Әbu Bəkri Qur᾿ani-Kərimdə Peyğəmbərə yoldaş adlandırmışdır.

3.Ayədə Peyğəmbər (s) Әbu Bəkrə «Allah bizimlədir» deyir. Bu isə Allahın Әbu Bəkrlə olmasını göstərir.

4.Ayədə buyurulur ki, Allah-taala Әbu Bəkrə rahatlıq verdi.

Qeyd olunan müsbət nöqtələri sıra ilə bir-bir nəzərdən keçirək:

1.Peyğəmbər (s) Әbu Bəkri özü ilə nə üçün apardı?

Әgər həqiqətən Peyğəmbər (s) Әbu Bəkri öz gələcək xəlifəsini qorumaq məqsədi ilə aparırdısa, bəs nə üçün digər xəlifələri, o cümlədən Ömər, Osman və Әlini özü ilə aparmadı? Xatırladırıq ki, əhli-sünnə məzhəbləri bu dörd xəlifəni eyni səviyyədə və heç bir fərq qoymadan qəbul edirlər.

Әhli-sünnə məzhəblərinin əqidəsinə görə Peyğəmbər (s) heç bir kəsi xəlifə tə᾿yin etməmişdir. Müsəlmanlar hər bir şəxsi xəlifə seçərsə (icma), onun itaəti hamıya lazımdır. Bu əqidə ilə təhlil etdiyimiz fikir bir-birinə tamamilə ziddir.

Әhli-sünnə tarixçisi Təbəri öz tarix kitabının 3-cü cildində yazır:

«Әbu Bəkr həzrət Peyğəmbərin (s) evinə gəlib həzrəti soruşduqda, Әli ibn Әbu Talib, Peyğəmbərin (s) getdiyi yolu ona göstərdi. Әbu Bəkr sür᾿ətlə həzrətin dalınca yollanaraq yolda ona çatdı. Onlar birlikdə mağaraya getdilər...»

Hətta bə᾿zi əhli-sünnə alimləri yazırlar ki, Peyğəmbər (s) Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu özü ilə apardı. Məşhur əhli-sünnə alimi Şeyx Әbul Qasim ibni Səbbağ «Әn-nuru vəl-bürhan» kitabında Məhəmməd ibni İshaqdan, o isə Həssan ibni Sabitdən nəql edir:

«Hicrətdən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getmişdim. Kafirlər Peyğəmbəri (s) və müsəlmanları söyür, incidirdilər....

Peyğəmbər (s) Әliyə əmr etdi ki, gecə onun yatağında yatsın. Sonra Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu da özü ilə götürüb mağaraya getdi...»

2.Allah-taalanın Qur᾿ani-Kərimdə Әbu Bəkrə Peyğəmbərin (s) yoldaşı deməsi heç bir fəzilət daşımır.

Әrəb dilində yoldaş mə᾿nasını ifadə edən «sahib» kəlməsi Qur᾿ani-Kərimdə kafirlərin barəsində də dəfələrlə işlədilmişdir.



Geri   İrəli
Go to TOP