A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İttihamla üz-üzə
Müəllif: Mətləb Baqir
Naşir: Tavuse-Beheşt
Çap tarixi: 2002
Səhifələrin sayı: 132
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu batil məzhəbi lə’nətləyən saysız-hesabsız hədislər şiə kitablarında yazılmışdır.

Gördüyünüz kimi Abdullah ibni Səba kimi iftiraçı bir şəxsin nə özü, nə əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamışdır. Şiə məzhəbi Әli (ə)-ı ilahiləşdirən, hətta onu Peyğəmbərdən (s) yüksək təqdim edən hədisləri tamamilə yalan və iftira hesab edir.

«Ya Әli, doğulduğun günü görməsəydim sənə Allah deyərdim».

Böyük Peyğəmbərimizdən (s) nəql olunmuş bu kimi qondarma hədislər, İslam dinini, xüsusilə şiə məzhəbini gözdən salmaq üçün uydurulmuş yalanlardır.

6.PEYĞӘMBӘR VӘ ӘHLİ-BEYTӘ TӘVӘSSÜL

Ötən bəhsimizdə qısa şəkildə olsa da, şiə məzhəbinin e’tiqadi məsələləri ilə tanış olduq. Qeyd etdik ki, şiələr ilk növbədə tövhidə inam bəsləyir və heç bir əməldə heç bir şeyi Allah-taalaya şərik qoşmurlar.

Uzun illər boyu şiə məzhəbinə olunan iradlardan biri də onların Peyğəmbər (s) və onun Әhli-beytinə təvəssül etmələridir:

Әgər şiələr tövhidə iman gətirmişlərsə, nə üçün öz hacət və istəklərini Allahdan deyil, Peyğəmbər (s) və imamlardan istəyirlər?

Cavab:

1.Hər şeydən öncə təvəssül etməyin mə’na və mahiyyəti açıqlanmalıdır.

Təvəssül etmək bir şəxsdən hacət, istək tələb etmək deyildir. Təvəssül sözünün mə’nası «vasitə salmaq» deməkdir. Bir şəxs Peyğəmbər (s) və ya onun Әhli-beytinə təvəssül edirsə, bu, Allahdan özgəyə sığınmaq deyil, onları vasitə salaraq Allahdan öz istəyini diləməkdir;

2.Yaşadığımız dünyaya diqqət etsək görərik ki, bu dünyaya vasitələr qanunu hakimdir. Hər bir şey vahid Allahın hökmü ilədir, lakin Allah-taala Özü bizlərə vasitələr göstərmiş və bu vasitələrdən nəticə almağı əmr etmişdir.

Məsələn, xəstələndiyimiz zaman mütləq həkimə və onun məsləhətlərinə müraciət etməliyik. Bütün dərdlərin dərmanı Allah-taalanın əlində olmasına baxmayaraq, biz Onun yaratdığı vasitələrə müraciət edirik. Xəstəliyimizin sağalması üçün həkimə müraciət etmək heç də Allahdan qeyrisinə sığınmaq deyil, həqiqətdə öz Pərvərdigarımıza sığınıb Onun yaratdığı vasitələrdən istifadə etməkdir.

3.Allah-taala Maidə surəsinin 35-ci ayəsində buyurur:

«Ey iman gətirənlər, Allahdan qorxun və Onunla öz aranızda vasitə tapın».

Qur’ani-Kərimin təkcə bu ayəsi təvəssül etməyin yə’ni, Allah-taalaya yaxınlaşmaq üçün vasitə tapmağın zəruri olduğuna kifayət edər. Bu ayədə vasitə dedikdə Peyğəmbər (s) və onun Әhli-beyti nəzərdə tutulur. Bu məsələ bir çox əhli-sünnə alimləri tərəfindən təsdiqlənmişdir. O cümlədən: Hafiz Әbu Nəim İsfahani «Nüzulul-Qur’an fi Әli» kitabında; Hafiz Әbu Bəkr «Ma nəzələ minəl-Qur’an fi Әli» kitabında; İmam Әhməd Sə’ləbi «Kəşful-bəyan» təfsirində; İbni Әbil Hədid Mö’təzili «Şərhu-nəhcil-bəlağə» kitabında və onlarla digər əhli-sünnə alimi bu ayədə «vasitə» sözünün Peyğəmbər (s) və Әhli-beytə şamil olduğunu bəyan etmişlər.

4.Әhli-sünnə kitablarında yazılmış çoxlu sayda hədislərdə xəbər verilir ki, Peyğəmbərin (s) böyük səhabələri çətin məqamlarda Әhli-beytə təvəssül etmiş, onlardan kömək istəmişlər. İbni Həcər Məkki «Әs-səvaiqul-mühriqə» kitabında yazır:

«Hicrətin 17-ci ilində şiddətli quraqlıq oldu. Camaat dəfələrlə «İstisqa» namazına (yağış tələb etmək üçün xüsusi namaz) getdilər, lakin heç bir nəticə hasil olmadı. İkinci xəlifə Ömər ibni Xəttab dedi: Sabah bir şəxsin vasitəsi ilə Allahı səsləyəcəyəm ki, mütləq yağış yağacaq.

Sabah sübh açılan kimi Ömər ibni Xəttab Peyğəmbərin (s) əmisi Abbasın qapısına gedib dedi: Evdən bayıra gəl ki, sənin vasitənlə Allahdan yağış istəyək.

Abbas dedi: Bir az otur, mən lazım olan vasitələri tapım.

Sonra Abbas Bəni-haşim tayfasını səslədi. Onlar evdən çıxanda Әli (ə) qabağda, Həsən və Hüseyn sağ və sol tərəfində, Bəni-haşim tayfası isə Abbasın arxası ilə gəlirdilər. Abbas üzünü Ömərə çevirib dedi: Heç kəs bizə qarışıb müsəllaya (namaz qılınan yerə) gəlməsin.

Müsəllaya yetişməzdən əvvəl Abbas əllərini qaldırıb dedi: İlahi, Sən bizi yaratmısan və bizim əməllərimizə alimsən. Pərvərdigara, bizə əvvəldə lütf və mərhəmət elə!

Cabir ibni Әnsar deyir: Dua tamam olmamış buludlar hərəkətə gəldi, yağış yağmağa başladı».

İbni Həcər, Buxaridən (Səhih-buxari kitabının müəllifi) nəql edir ki, ikinci xəlifə Ömər ibni Xəttab quraqlıq illərində Peyğəmbərin (s) əmisi Abbasın yanında durub belə dua edirdi: İlahi, biz Sənin Rəsulunun əmisinə təvəssül edib Səndən yağış diləyirik».

Bu hədisi İbni Әbil Hədid Mö’təzili «Şərhu-nəhcil-bəlağə» kitabının 2-ci cildində təfsilatı ilə gətirmişdir.

Burada belə bir iradın olması mümkündür: Peyğəmbər (s) və Әhli-beytə təvəssül etmək onların diri olduqları zamana aiddir. Öldükdən sonra belə bir təvəssülün nə əhəmiyyəti vardır?

Cavab:

Biz müsəlmanların əqidəsinə görə ölüm insanların yox olması demək deyildir. İnsanlar cismən torpağın altına köçsələr də, ruhən həmişə diridirlər. Biz onları görməsək də onlar bizi görür, səsimizi eşidirlər. Məncə bu barədə geniş izah verməyə ehtiyac yoxdur. Ölümdən sonra yeni bir həyatın başlanması İslam dinində zəruri sayılan bir e’tiqaddır. Bunu inkar edən şəxslər müsəlman sayılmırlar. Nə üçün biz ölülərə salam veririk? Nə üçün Qur’ani-Kərimdə keçmiş peyğəmbərlər xatırlanır, onlara salam göndərilir?

Nə üçün Allah-taala «Әhzab» surəsinin 56-cı ayəsində Peyğəmbərə (s) salavat və salam söyləməyi bizə vacib buyurmuşdur?

Әgər onlar bizim səsimizi eşitmirsə, ölüb yox olmuşlarsa, bu salamların nə kimi əhəmiyyəti vardır? Bütün bunlardan əlavə, Allah-taala müqəddəs kitabında bə’zi insanların əsla ölü olmadıqlarını aşkar şəkildə bəyan edir.

«Allah yolunda ölənlərə ölü deməyin, onlar diridirlər, lakin siz anlamırsız». (Bəqərə-154).

«Allah yolunda ölənlər əsla ölü sayılmazlar, onlar diridirlər...». (Ali-İmran-169).

Peyğəmbər (s) və onun pak Әhli-beyti (ə) Allah yolunda ölmədilərmi? Onlara ölü demək, bizim səsimizi eşitmirlər söyləmək bizim əqidəmizə uyğun gəlirmi?

Bu dəlil və sübutların qarşısında belə bir iradın olacağını da istisna etmirik:

«Şiələr Peyğəmbər (s) və onun Әhli-beytinə təvəssül etmirlər. Onlar bu müqəddəs şəxsləri vasitə kimi yox, əsl sığınacaq kimi səsləyirlər».

Cavab:

Peyğəmbər (s) və Әhli-beytə təvəssül etməyin müəyyən qaydaları vardır. Bu qaydalar mö’təbər kitablardan öyrənilməli, İslam ideologiyasına uyğun istifadə olunmalıdır. Təbii ki, bə᾿zi savadsız və avam insanlar öz təvəssüllərində səhvə yol verə bilərlər. Avam insanların etdikləri səhvlər onların mənsub olduğu qəbiləyə və ya məzhəbə xələl gətirməz. Burada bir əhvalatı xatırlatmaq yerinə düşərdi:

«Bir avam müsəlman uzun illər hazırlıqdan sonra Həcc ziyarətinə getməyə nail olur. Dünyadan xəbərsiz olan bu savadsız kişi müqəddəs Kə’bəni görən kimi divarları qucaqlayaraq: «Qəbrinə qurban olum ay Allah!» (nəuzu-billah) deyə ağlamağa başlayır».

Bu savadsız şəxsin anlamadan bu cür küfr etməsi onun mənsub olduğu millətin, məzhəbin kafir olduğuna dəlalət edirmi?

Şiə məzhəbində təvəssülün nə olduğunu, hansı qanunlar çərçivəsində həyata keçirildiyini aydınlaşdırmaq üçün mö’təbər kitablara, böyük alimlərin göstərişlərinə müraciət etmək lazımdır.

Burada əksər münacat kitablarında yazılmış «Təvəssül duası»ndan bir parçanı diqqətinizə çatdırırıq:

«Ey mənim seyyid və mövlalarım! (Peyğəmbər (s) və Әhli-beyt(ə) nəzərdə tutulur) Mən sizə üz tutdum, siz mənim rəhbərlərim, çətin günümdə köməyim, Allahla mənim aramda hacət və istək vasitəmsiniz. Mən sizi öz Allahıma doğru vasitə etdim, sizin vasitənizlə Ondan şəfaət istədim, Allah yanında mənə şəfaət edin, günahlarımın bağışlanmasını istəyin. Siz mənim vasitəmsiniz, sizin sevginizlə, sizin yaxınlığınızla Allahdan nicat istəyirəm. Allah hüzurunda mənim ümidim olun, ey mənim ağalarım, ey Allahın dostları.....»

Təvəssül duasının bir hissəsinin tərcüməsini əziz oxuculara təqdim etdik. Hörmətli oxucular duanın mətnində tövhidə zidd olan bir kəlmənin olub-olmadığını yəqin ki, asanlıqla mülahizə edə bilərlər.

7.ŞİӘ MӘZHӘBİNDӘ XİLAFӘTӘ MÜNASİBӘT

İslam peyğəmbəri həzrət Məhəmməd (s) on üç il doğma vətəni Məkkə şəhərində İslam dinini təbliğ etdikdən sonra Yəsrib (Mədinə) şəhərinə hicrət etdi.

Bu hicrətin fəlsəfəsi ilk növbədə Peyğəmbərin (s) canının hifz olunması, həmçinin İslamın təbliği üçün əlverişli mövqe seçmək idi. İslam dini ictimai bir din olduğu üçün dini hakimiyyət qurulması, ilahi hökmlərin ictimaiyyətdə tətbiq olunması və nəhayət İslam dininin müdafiəsi üçün strateji mövqe seçməyə ehtiyac duyulurdu. Bu dini hakimiyyət Peyğəmbərin (s) risalətinin başlıca göstərişlərindən idi.

Peyğəmbər (s) yaranmış ilkin şəraitdən istifadə edərək öz risalətinin bu mühüm məqsədini həyata keçirdi. Mədinə şəhərində ilk İslam dövləti, bu dövlətin atributları, ədalətli qanunları və güclü ordusu yaradıldı.

Allahın Rəsulu ömrünün sonunadək ilahi vəhy və müqəddəs Qur’anın hökmləri ilə bu hakimiyyətin rəhbərliyini öz öhdəsinə götürdü.

Həzrət Məhəmmədin (s) dünyanı tərk edib əbədiyyətə qovuşması ilə bu hakimiyyət sona yetməli deyildi. Qiyamətə qədər bəşəriyyətin hidayətini öz öhdəsinə götürmüş İslam dini Peyğəmbərdən (s) sonra da ictimai rəhbərliyində, ədalətli hakimiyyətində qalmalı idi. Bu hakimiyyət Peyğəmbərin (s) xilafəti adlanır.

Xilafət hansı əsaslarla qurulmalıdır?

İslam hökumətinə kim rəhbərlik etməlidir? Bu rəhbər hansı yolla tə’yin olunmalı, kim tərəfindən seçilməlidir?

Hər hansı bir şəxs və ya dəstənin hakim və rəhbər olması üç yolla mümkündür:

1.İrsi yolla –hakim şəxs öldükdən sonra o şəxsin varisləri hakimiyyətə yiyələnirlər. Bu günədək ərəb krallıqlarında hakimiyyət irsi yolla tə’yin olunur;

2.Güc vasitəsi ilə – hamıdan güclü və varlı bir şəxs öz imkanlarından istifadə edərək zor gücü ilə özünü hakim e’lan edir. Bu şəxsin hakimiyyətə yararlı olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Bu hakimiyyətə itaət etmək icbaridir;

3.İcma və ya referendum – xalq səsvermə yolu ilə bir şəxsi hakimiyyətə tə’yin edir. Demokratik dövlətlərdə hakimiyyət səsvermə yolu ilə seçilir.

İslam hakimiyyəti və Peyğəmbərin (s) xilafəti bu üç yolun hansı biri ilə tə’yin olunmalıdır?

İrsi yolla İslam hakiminin seçilməsi tamamilə batil bir üsuldur. Heç bir şəxs atası hakim olduğu üçün hakimiyyət hüququ qazana bilməz.

Güc vasitəsi ilə hakimiyyətə gələn şəxsin də hakimiyyət hüququ məqbul sayılmır. Zülm və zor gücü ilə rəhbərliyə yiyələnən bir kəsin hakimiyyəti heç bir normal insan tərəfindən qəbul oluna bilməz.

İcma və ya referendum, başqa sözlə desək səsvermə yolu ilə hakimiyyətin tə’yin olunması müsəlmanlar arasında mübahisə doğuran məsələlərdən biridir.

Әhli-sünnə məzhəblərinin əksəriyyəti Peyğəmbərdən (s) sonra hakimiyyətin səsvermə yolu ilə tə’yin olunmasının zəruriliyini bildirirlər. Onlar, birinci xəlifə Әbu Bəkr ibni Qəhafənin xilafət və hakimiyyətinin bu yolla seçildiyinə e’tiqad bəsləyir və bu hakimiyyəti dini nöqteyi-nəzərdən məqbul hesab edirlər.

Şiə məzhəbində səsvermə yolu ilə Peyğəmbər (s) xəlifəsinin tə’yin olunmasını dini və elmi nöqteyi-nəzərdən düzgün hesab etmirlər. İslam hakimiyyətinin səsvermə və icma yolu ilə seçilməsinin İslam əsaslarına zidd olmasına aşağıdakı dəlil və sübutları gətirmək olar:

1.Xalqın əksəriyyətinin hər hansı bir məsələyə tərəfdar olması o məsələnin məqbul olması demək deyildir. İnsanlar ayrı ayrılıqda nöqsanlı ağıl, bə’zən səhv düşüncələrdən ibarətdirlər. Yüz və ya min səhv düşüncəli insan bir yerə toplansa belə, düzgün nəticəyə gələ bilməzlər. Bu toplantı yalnız və yalnız yüz və ya min səhv düşüncə və fikirdən ibarətdir.

Allah-taala Qur’ani-Kərimdə dəfələrlə xalqın əksəriyyətinin düşüncəsiz olduğunu, həqiqəti dərk edə bilmədiklərini bəyan etmişdir:

«Bu həqiqi bir dindir, lakin xalqın əksəriyyəti dərk etməzlər» (Yusif-40).

2.Biz ilahi hakimiyyəti digər hakimiyyətlərlə qarışdırmamalıyıq.

Bir şəxsə hakimiyyət verən şəxsin belə bir hüququ olmalıdır.

Hakimiyyət hüququ ilk növbədə Allaha məxsusdur. Allah-taala bu hüququ yalnız Özü istədiyi şəxsin öhdəsinə qoyur:

«Hökm yalnız Allaha məxsusdur».[3]

Qur’ani-Kərimdə bütün ümmətlərə hakimin yalnız Allah tərəfindən tə’yin olunduğu xəbər verilir:

«O zaman ki, Allah İbrahimi müxtəlif vasitələrlə imtahan etdi. İbrahim bu imtahanların öhdəsindən gəldikdən sonra, Allah-taala - səni bu ümmətə rəhbər və imam tə’yin etdim - dedi».[4]

Başqa bir ayədə Bəni-İsrail tayfasına tə’yin olunan hakim barəsində söhbət açılır:

«Onların arasında olan peyğəmbər dedi: Allah-taala Talutu sizə hakim qərar verdi».[5]

Bu ayələr və onlarla digər ayə bizə açıq şəkildə bəyan edir ki, dini hakimiyyət yalnız və yalnız Allah-taalaya məxsus olan bir hüquqdur. İnsanlara şax damarından yaxın olan Allah Öz ilahi hakimiyyətini istədiyi şəxsin öhdəsinə qoya bilər. Beləliklə, qeyd etdiyimiz üç yolun heç biri ilahi hakimiyyətin tə’yin olunması üçün düzgün sayılmır.

Şiə məzhəbinin əqidəsinə əsasən xilafət və rəhbərlik Allah-taalanın əmri ilə Peyğəmbər (s) tərəfindən tə’yin olunmalıdır.

8.İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?

Ötən bəhsimizdə ilahi hakimiyyətin tə’yin olunması yollarını araşdırdıq.

Qeyd etdik ki, Peyğəmbərin (s) xəlifəsi və İslam hökumətinin rəhbəri yalnız Allahın əmri ilə Onun mə’sum Rəsulunun vasitəsi ilə tə’yin olunmalıdır. Bu məsələnin nə dərəcədə zəruri olmasını izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Kiçik bir müəssisənin rəhbəri səfərə getdiyi zaman öz işini mütləq inanılmış bir şəxsə tapşırır. Müəssisə və ya idarənin başsız qoyulması, qısa müddət ərzində özbaşınalıq və hərc-mərcliyin yaranmasına səbəb olacaqdır. Bütün insanlardan müqayisəedilməz dərəcədə ağıllı və uzaqgörən bir şəxs olan Peyğəmbər (s) 23 il ərzində ağır zəhmətlərin və saysız-hesabsız şəhidlərin qanı hesabına qurduğu bir ideal hakimiyyəti özbaşına qoya bilərdimi? Hətta qısa müddətli səfərlərə getdikdə Mədinə şəhərinə canişin tə’yin edən bir şəxs ümməti öz ixtiyarına buraxıb gedə bilərdimi?

Bu sualın cavabı dinindən və məzhəbindən asılı olmayaraq, hər bir ağıl sahibinə mə’lumdur. Lakin burada bir addım geri çəkilərək əhli-sünnənin mö’təbər saydığı səsvermə və ya icma məsələsinə nəzər salırıq.

Peyğəmbərdən (s) sonra xəlifələrin tə’yin olunma məsələsini əhli-sünnənin iddia etdiyi səsvermə və ya icma üsulu ilə olub-olmadığını araşdıraq.

1.Peyğəmbər (s) vəfat etdiyi gün, hətta dəfn mərasimindən öncə bir dəstə müsəlman Səqifə adlı bir yerə toplanıb Әbu Bəkr ibni Qəhafəni xəlifə seçdilər.

Yə’qin ki, səsvermənin bütün xalqın iştirakı və əksəriyyətin səsverməsi ilə müəyyənləşdiyini hamı qəbul edir. Çünki, azlıq təşkil edən bir dəstə xalqın əksəriyyətinə hakim ola bilməz.

Səqifə dediyimiz məkan Bəni-Saidə tayfasının müzakirə üçün toplandığı üstü bağlı kiçik bir yer idi.

Peyğəmbər (s) vəfat edən gün bu kiçik yerdə müsəlmanların neçə faizinin toplanmasının mümkünlüyü hamıya aydındır.

Bəs digər müsəlmanların, yerdə qalan böyük əksəriyyətin bu seçkidə iştirak etmək hüququ yox idimi?

Yəmən, Taif və digər ölkələrdə yaşayan yüz minlərlə müsəlman özlərinə rəhbər seçmək hüququndan məhrum idilərmi?

Böyük əhli-sünnə alimləri imam Fəxri Razi, Cəlaləddin Süyuti, İbni Әbil Hədid Mö’təzili, Təbəri, Buxari, Müslim və s. öz kitablarında açıq şəkildə bəyan etmişlər ki, hətta bu səsvermədə Mədinə müsəlmanlarının böyük əksəriyyəti iştirak etmədilər.

Bəs icma və səsvermə dedikdə kimlər nəzərdə tutulur?

2.Әgər icma və səsvermə hüququ təkcə səhabələrə aiddirsə, əhli-sünnə alimlərinin yazdığı kitablar belə bir iş üçün tələb olunan yetərsayın olmadığını yazırlar. Peyğəmbərin (s) Mədinə şəhərində olan səhabələrinin böyük bir qismi nəinki bu səsvermədə iştirak etmədilər, hətta Әbu Bəkrə bey’ət etməkdən boyun qaçırdılar. Әhli-sünnə alimlərindən İbni Həcər Әsqəlani, Bilazəri öz tarix kitablarında, Məhəmməd Xandşah «Rövzətus-səfa» kitabında, İbni Әbdül-birr «İstiab» kitabında yazırlar:

«Sə’d ibni Ubadə, Xəzrəc tayfası (Mədinə şəhərində böyük tayfalardan biri), Qüreyş tayfasının bir hissəsi və 18 nəfər məşhur səhabə Әbu Bəkrə bey’ət etmədilər:

1.Salman Farsi;

2.Әbuzər Ğəffari;

3.Miqdad ibni Әsvəd Kəndi;

4.Әmmar Yasir;

5.Xalid ibni Səid ibn As;

6.Bəridəh əl-Әsləmi;

7.Әbi ibni Kə’b;

8.Xəzimə ibni Sabit zu-şəhadətəyn;

9.Әbul Heysəm ibn Teyhan;

10.Səhl ibni Hənif;

11.Osman ibni Hənif Zu-şəhadətəyn;

12.Әbu Әyyub Әnsari;

13.Cabir ibni Abdullah Әnsari;

14.Həzifə ibni Әl-yəman;

15.Sə᾿d ibni Ubadə;

16.Qeys ibni Sə᾿d;

17.Abdullah ibni Abbas;

18.Zeyd ibni Әrqəm.

Digər hədislərdə, o cümlədən Әhli-sünnə tarixçisi Yə᾿qubinin tarixində Әli (ə)-ın və Peyğəmbərin (s) əmisi Abbasın bey᾿ət etmədikləri yazılmışdır. Ümumiyyətlə, Bəni-Haşim tayfasının bey᾿ət etmədiyi barədə geniş söhbət açacağıq.

3.Әgər həqiqətən müsəlmanlar yığışıb səsvermə yolu ilə özlərinə rəhbər seçirdilərsə, nə üçün bu işə bütün müsəlmanları, heç olmasa səhabələri də᾿vət etmədilər? Peyğəmbərin (s) pak cənazəsi qüsl-kəfən olunan bir zamanda səs-səmir salmadan bir xəlvətə çəkilib ümmətə rəhbər, xəlifə tə᾿yin etdilər. Nə üçün səsverməni İslam hakimiyyətinin, əziz Peyğəmbərimizin (s) iqamətgahı, idarə mərkəzi olan «Peyğəmbər məscidində» (Məscidun-nəbi) təşkil etmədilər? Peyğəmbər hərəmi olan bu məscidin kənarında, Peyğəmbərin (ə) nurlu evində o həzrətin dəfn mərasimi keçirilirdi. Әziz peyğəmbərlərinin qəlbləri yandıran əzasına cəm olan müsəlmanlar, səhabələr bu seçkidən nə üçün xəbərsiz qalmalı idilər? Әn məhşur tarixçi, əhli-sünnə alimi Məhəmməd ibni Cərir Təbəri öz tarix kitabının ikinci cildində yazır:

«Ömər ibni Xəttab (ikinci xəlifə) Peyğəmbərin (s) evinə yaxınlaşdı, lakin evə daxil olmadı. İçəri xəbər göndərib Әbu Bəkri çağırdı. Әbu Bəkr «indi vaxtım yoxdur» dedikdə, bir daha xəbər göndərdi ki «mühüm bir məsələ ortaya çıxmışdır, sənin olmağın lazımdır». Әbu Bəkr bayıra çıxdıqdan sonra Әnsarın (Mədinə əhli‒Ovs və Xəzrəc tayfaları) Səqifəyə yığışıb özlərinə rəhbər seçmək istədiklərini dedi. Onlar birlikdə Səqifəyə tərəf yola düşdülər. Yolda Әbu Ubeydə rast gəldilər, üç nəfər yollarına davam etdilər».

Belə bir səsvermə və belə bir icmanı necə adlandırmaqda çətinlik çəkirik.

4.Әgər bu səsvermə həqiqətən normal şəraitdə keçirilmişdisə və hakimiyyət hüququ Әbu Bəkr ibni Qəhafəyə verilmişdisə, nə üçün Ömər ibni Xəttab bu xilafətin batil olduğunu, birinci xəlifənin seçilməsinin bir fitnə olduğunu deyirdi.

5.Әgər İslam xəlifəsi icma və səsvermə yolu ilə tə᾿yin olunmalıdırsa, nə üçün ikinci xəlifə Ömər ibni Xəttabın xilafəti bu üsulla tə᾿yin olunmadı?

İstisnasız olaraq, bütün əhli-sünnə tarixçiləri Ömər ibni Xəttabın birinci xəlifənin vəsiyyəti ilə hakimiyyətə tə᾿yin olunduğunu yazırlar.

6.Görəsən üçüncü xəlifə Osman ibni Әfvanın seçki üslubunu necə adlandırmaq olar?

Әgər icma və səsvermə zəruridirsə, üçüncü xəlifənin tə᾿yin olunmasında heç bir səsvermənin olmadığı hamıya mə᾿lumdur.

Әgər Ömər ibni Xəttabın tə᾿yin olunduğu üsul qanuni idisə, bəs nə üçün o, vəsiyyətində özündən sonra müəyyən bir şəxsi xəlifə tə᾿yin etmədi?!

Digər tərəfdən, xəlifənin seçilməsində vəsiyyət üslubunu qəbul ediriksə, nə üçün Peyğəmbərin (s) bu məsələ ilə bağlı hər hansı bir vəsiyyət etdiyini qəbul etməyək? Göründüyü kimi xəlifələrin tə᾿yin olunmasında müəyyən bir üsul və qayda müşahidə etmək olmur.

Heç bir xəlifənin tə᾿yin olunma üsulu bir-biri ilə uyğun gəlmir.

9.ӘLİ (Ә)-IN XİLAFӘTӘ MÜNASİBӘTİ

Ötən bəhsimizdə İslam hökumətinin ilk xəlifələrinin tə᾿yin olunması barədə danışdıq. Qeyd olunan tarixi mə᾿lumatlardan aydın oldu ki, xəlifələrin seçilməsi heç bir məntiqi əsasa uyğun gəlmir. Adları çəkilən xəlifələr hətta əhli-sünnənin qəbul etdiyi me᾿yarlarla seçilməmişdir. Bu mövzu ətrafında bəhs etdiyimiz zaman belə bir iradın qarşıya çıxacağı ehtimal olunur:

Sual:

«Әgər bu xəlifələr (ilk üç xəlifə) məntiqi və sağlam me᾿yarlarla seçilməmişdisə, nə üçün şiələrin mütləq imam və mə᾿sum hesab etdikləri Әli (ə) bu xəlifələrə bey᾿ət etmiş və hətta xilafət və hakimiyyət məsələlərində onlara yaxından köməklik göstərmişdi?

Cavab:

İlk növbədə Әli (ə)-ın xəlifələrə bey᾿ət etməsi və onlara yaxından kömək göstərməsi siyasi əhəmiyyət kəsb edirdi. Biz növbəti bəhsimizdə bu siyasi zərurəti geniş şəkildə təhlil edəcəyik.

Digər tərəfdən, əhli-sünnə tarixçilərinin yazdığına əsasən Әli (ə) altı aydan sonra birinci xəlifə Әbu Bəkrə bey᾿ət etdi. Bütün əhli-sünnə alimləri bu bey᾿ətin zor gücünə alınmasını təsdiq etmişlər. Burada dediklərimizi təsdiq etmək üçün bə᾿zi əhli-sünnə kitablarına müraciət edirik:

1.Səhih Buxari, 3-cü cild;

2.Səhih Müslim, 5-ci cild;

3.Әl-imamətu vəs-siyasə (Müslim ibni Qətibə Dinuri);

4.Mürucuz-zəhəb, 1-ci cild (Məs᾿udi);

5.Şərhu-nəhcil-bəlağə, 2-ci cild (İbni Әbil Hədid Mö᾿təzili).

Bu kitabların hamısında aşağıdakı cümlə eyni şəkildə yazılmışdır:

«Әli (ə), Fatimə (rəziyəllahu ənha) vəfat etdiyi günə qədər bey᾿ət etmədi».

Bütün tarixçilər həzrət Fatimənin Peyğəmbərdən (s) altı ay sonra vəfat etdiyini yazırlar. Bu müddətin dəqiq olmasını aşağıdakı kitablarda mülahizə edəcəyik:

Әhməd ibni Ә᾿səm Kufi Şafei «Fütuh» kitabında və Әbu Nəsr Həmidi «Cəm bəynə səhihəyn» kitabında yazır:

«Әli (ə) Әbu Bəkrə altı aydan sonra bey᾿ət etdi».

İndi isə oxuculara təqdim edəcəyimiz hədislər Әli (ə)-dan zorla bey᾿ət alınmasını təsdiq edən sənədlərdir:

1.Әbu Cə᾿fər Bilazi Әhməd ibni Yəhya ibni Cabir Bağdadi (adlarını çəkdiyimiz bütün alimlər əhli-sünnə məzhəblərindəndir) öz tarix kitabında yazır:

«Әbu Bəkr Әlidən bey᾿ət istədi. O, bey᾿ət etməyi qəbul etmədikdə Ömər ibni Xəttabı onun evinə göndərdi. Ömər bir parça odla onun evini yandırmağa getdi. Qapıda həzrət Fatimə ilə rastlaşdı. Həzrət Fatimə dedi: Ey Xəttabın oğlu, bizim evimizi yandırmaq üçün gəlmisən?

Ömər dedi: Bəli....»

2.İbni Xəzabə «Ğürər» kitabında Zeyd ibni Әsləmdən nəql edir:

«Mən həmin gün Ömərlə birlikdə idim. Odun götürüb Fatimənin evinin qapısına apardıq. Ömər Fatiməyə dedi: Evdə kim varsa çölə çıxsın, yoxsa evi və evdəkiləri yandıracağam....»

3.İbni Әbdi Rəbbih «Әqdul-fərid» kitabının 3-cü cildində yazır:

«Әli və Abbas Fatimənin evində oturmuşdular.

Әbu Bəkr Ömərə dedi: Get onları gətir. Gəlmək istəməsələr, zorla gətir. Ömər bir parça od götürüb onların evinə yollandı....»

4.Әbu Әbdullah ibni Müslim ibni Qətibə ibni Әmr Bahili Dinuri «Tarixul-xüləfa ər-raşidin» kitabının 1-ci cildində yazır:

«Әbu Bəkr bir dəstə şəxsin Әlinin evində toplanaraq ona bey᾿ət etmədiyini eşidən kimi Öməri onların üzərinə göndərdi.

Ömər gəlib onların evdən çıxmasını tələb etdi. Onlar boyun qaçırdıqda Ömər od-alov gətirməyi əmr etdi və dedi: And olsun Ömərin canı əlində olan Allaha, çıxmasanız evi sizinlə birlikdə yandıracağam. Ömərə bu evdə Fatimənin olduğunu dedikdə cavab verdi: Fatimə olsa belə evə od vuracağam.

Bu zaman Әlidən başqa hamı çıxıb bey᾿ət etməyə getdi. Әli (ə) dedi: And içmişəm ki, Qur᾿anı bir yerə toplayıb yazım; bu işi qurtarmayınca çölə çıxmayacağam.

Ömər yenə tə᾿kid etdikdə Fatimənin naləsini görüb geri qayıtdı. Qayıtdıqdan sonra Әbu Bəkri təhrik etməyə başladı. Әbu Bəkr bir neçə dəfə Qunfuzu göndərsə də Әli rədd cavabı verdi. Nəhayət Ömər bir dəstə adamla yenidən Әlinin evinə getdi. Qapıdan Peyğəmbərin qızı onların səsini eşidib nalə etməyə başladı:

“Atacan, ey Allahın Rəsulu, səndən sonra Xəttabın oğlu (Ömər) və Әbu Qəhafənin oğlundan (Әbu Bəkr) biz nələr çəkdik ”

Xalq Fatimənin səsini eşidib geri qayıtdı. Ömər bir neçə nəfərlə qalıb Әlini zorla evdən çıxardı, Әbu Bəkrin yanına aparıb ona bey᾿ət etməsini istədi. Әli «Әgər bey᾿ət etməsəm nə edəcəksiniz?» deyə soruşdu. Cavabında «And olsun Allaha boynunu vuracağıq» dedilər. Әli dedi: Deməli, Allahın bəndəsi, Peyğəmbərin (s) qardaşını öldürəcəksiniz? Ömər cavab verdi: Sən Peyğəmbərin qardaşı deyilsən. Bu zaman sakit əyləşən Әbu Bəkr dilləndi: Nə qədər ki, Fatimə sağdır, onu incitməyin....

Әli özünü Peyğəmbərin (ə) qəbrinə çatdırıb Qur᾿ani-Kərimdə Harunun qardaşı Musa peyğəmbərə dediyi cümləni dedi:

«Anam oğlu, bu tayfa məni zəiflətdi və az qala məni öldürəcəkdilər».

5.İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil bəlağə» kitabının 1-ci cildində yazır:

«Әli və Bəni-Haşim tayfası Fatimənin evində idilər. Zübeyr də onlarla birlikdə idi. Ömər bir dəstə ilə o evə tərəf gedib onlardan çölə çıxmalarını istədi. Zübeyr qılıncını götürüb çölə çıxdı. Ömər yanındakılara əmr etdi: Bu iti tutub saxlayın.

Sümmə ibni Әsləm onun qılıncını alıb daşa vuraraq sındırdı....»

6.Məhəmməd ibni Cərir Təbəri öz məşhur tarix kitabının 2-ci cildində yazır:



Geri   İrəli
Go to TOP