A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamın Əsasları
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 90
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Qüsldə bir neçə şey şərtdir:

1) Qüsl suyu, yeri, suyun tökülən yeri, qüsldə işlənən alət, məsələn, su qabı, qəsbi olmamalıdır;

2) Qüsl suyu xalis, saf olmalı, o qədər çirkin olmamalıdır ki, onun rəngi və iyi dəyişmiş olsun.

3) Qüslün suyu pak olmalıdır.

4) Qüsl edən şəxsin bədəni pak olmalıdır.

Əgər şəxsin boynunda yuxarıda deyilən altı qüslün biri olsa, namaz qılmaq üçün gərək qüsl etsin, sonra namaz qılsın. Bunu da qeyd edək ki, cənabət qüslü edəndən sonra namaz üçün dəstəmaz almaq lazım deyil. Amma digər qüsl olsa, qüsldən əlavə namaz üçün dəstəmaz almaq da lazımdır, ancaq dəstəmaz qüsldən qabaq olmamalıdır.

Dəstəmaz almaq üçün şəxs gərək sağ ovcuna suyu doldurub niyyət etsin ki, namaz qılmaq üçün dəstəmaz alıram vacib qürbətən iləllah. Elə bu anda suyu alnının tük bitən yerindən töküb üzünü yuxarıdan aşağıya baş barmağı ilə orta barmağın arasındakı məsafə enliyində çənəsinin ucuna qədər yusun. Sonra sağ qolunu dirsəyin bəndindən bir qədər yuxarı başlayıb üzü aşağı barmaqlarının başına qədər yusun. Daha sonra sol qolunu həmin qayda ilə yuyub sağ əli ilə üç barmaq enliyində başının qabaq tərəfinə məsh etsin (çəksin), bu şərtlə ki, əlində dəstəmaz suyunun rütubəti olsun. Bundan sonra sağ əlinin döşünü sağ ayağın barmaqlarının başına qoyub tamam pəncəsinə çəkib ayağın bəndinə yetirsin. Axırda həmin qayda ilə sol əl ilə sol ayağa məsh etsin. Məsh edən zaman əllərində dəstəmaz suyunun rütubəti olmalıdır. Əgər dəstəmaz suyundan başqa rütubətlə məsh etsə dəstəmaz batil olar.

Dəstəmazın da bir neçə şərti var:

1) Dəstəmazın suyu pak, mübah (həlal) və xalis olmalı, yəni murdar, qəsbi və müzaf (rəngi və iyi dəyişmiş çirkin su) olmamalıdır. Müzaf su ilə nə dəstəmaz dürüst olar, nə də qüsl. Müzaf su ilə murdar şeyi pak etmək də olmaz.

2) Dəstəmaz alanın yeri, suyun tökülən yeri, həmçinin dəstəmazda istifadə edilən qab və digər alətlər qəsbi olmamalıdır.

3) Dəstəmazda yuyulan üzvləri dal-qabaq salmaq olmaz, yəni hökmən əvvəlcə üz, sonra sağ qol, sonra sol qol yuyulmalı, daha sonra başa və sağ, həm də sol ayağa məsh olmalıdır.

4) Dəstəmazda bu əməllər fasiləsiz bir-birinin dalınca icra olunmalıdır.

Dəstəmazın sınmasına aşağıdakı şeylər səbəb olar:

1. İnsandan yel, sidik və peyin xaric olmaq, 2) yatmaq, 3) bihuş olmaq, 4) qüslə səbəb olan bütün şeylər dəstəmazı da sındırar.

Əgər şəxs dəstəmaz üçün su tapmasa, yaxud su ona zərər versə, onda namaz üçün təyəmmüm etməlidir. Təyəmmüm üçün şərtlər var: 1) Təyəmmüm gərək xalis torpağa olsun, torpağa başqa şeylər qarışmış olsa, təyəmmüm üçün yaramaz. 2) torpaq gərək qəsbi olmasın, 3) torpaq gərək pak olsun, 4) təyəmmüm edən zaman durduğu yer qəsbi olmasın. 5) təyəmmüm üzvləri gərək pak olsun, lakin mümkün olmayanda eybi yoxdur. 6) təyəmmüm üçün hər cür torpaq yarayar, məsələn, qum, gil, durum və s.

Əgər torpaq tapılmasa toza təyəmmüm etmək olar, o da olmasa, daşa təyəmmüm etmək cayizdir.

Təyəmmüm etmək üçün əvvəlcə gərək şəxs niyyət etsin ki, dəstəmaz (və ya qüsl) əvəzində təyəmmüm edirəm, vacib qürbətən iləllah. Sonra iki əlinin içini zərbə ilə torpağa vurub, əllərindən torpağı çırpandan sonra əllərinin döşünü alnının tük bitən yerindən bir qədər yuxarı qoyub aşağı çəksin, ta ki barmaqlarının ucu qaşlarına çatsın. Sonra əllərini bir də torpağa vurub sol əlinin içilə sağ əlinin dalına, biləyin bəndindən barmaqlarının ücüna kimi çəksin. Sonra sağ əlilə sol əlinin dalına həmin qayda ilə çəksin. Bu təyəmmüm qurtarandan sonra bir də ehtiyatən ikinci təymmmüm etsin, belə ki, əllərini torpağa vurub həm üzünə, həm də əllərinə çəksin. Burada təyəmmüm qurtardı.

2. İZALƏYİ - NİCASƏT

Müqəddimati-namazın ikincisi izaləyi-nicasətdir, yəni nicasəti yuyub bədəndən təmizləmək.

Nicasət, yəni nəcislik; nəcis-murdar, napak şeyə deyərlər; yəni elə murdar ki, onu pak etmək mümkün deyil, çünki o şeyin zatı murdardır. Məsələn, donuzu və ya iti yumaqla, dənizə basmaqla pak etmək olmaz.

Dünyada on bir nəcis şey var:

1-2) İnsanın və hər əti həram və həm də qanı sıçrayan heyvanın sidiyi və peyini. Əti həlal heyvanların sidiyi və peyini pakdır. Qanı sıçramayan əti həram hevanların da sidiyi və peyini pakdır.

3) Qanı sıçrayan heyvanların mənisi (sperması). Qanı sıçrayan heyvanların əti həlal da olsa (məsələn qoyun), mənisi nəcisdir.

4) Qanı sıçrayan heyvanların meyyiti; lakin bu heyvanların canı olmayan üzvləri (dırnaq, buynuz, yun, tük) meyyitin üstündən də götürülsə pakdır.

5) Qanı sıçrayan heyvanların qanı ( istər əti həlal olsun, istər həram).

6-7) Quruda yaşayan it və donuz murdar, amma suda yaşayan it və donuz pakdır. Lakin əti həramdır.

8) Maye halda olan hər bir sərxoş edən maddə (araq, çaxır və i.a.).

9) Pivə.

10) Kafir, yəni islamdan qeyri dinlərə etiqad edən şəxslər həmçinin islam dinində olan şəxs əgər üsuli-din və fürui-dinin maddələrindən birini inkar etsə, yenə də kafir kimidir, bədəni nəcisdir.

11) Bir neçə gün insan peyini yemiş heyvanın təri, həmçinin həramdan cünub olan ( məsələn, zina edən) şəxsin təri.

Bu on bir şeyə nəcisül-eyn deyirlər, yəni bu şeylərin öz zatı nəcis və murdardır. Əgər bu şeylər rütubətli halda pak şeylərlə təmasda olsa, yəni onlara toxunsa, sürtünsə onları da murdar edər. Nəcisül-eynin sürtünməsilə murdar olan şeylərə mütənəccis deyərlər. Bunları yumaqla pak etmək olar, bu şərtlə ki, onların yumağa qabiliyyəti olsun. Məsələn, murdar olmuş yağı və ya sirkəni yumaq mümkün deyil, pak etmək də olmaz.

Namaz qılan şəxsin bədənində və libasında nəcis və ya müqənəccis şey olarsa, əvvəlcə namazdan qabaq o şeyi bədənindən və libasından kənar edib, o yeri pak etməlidir.

3. QİBLƏNİ TANIMAQ

Namaz qılan şəxs gərək üzü Məkkə şəhərindəki Kəbəyə doğru dursun. Odur ki, coğrafi mövqedən asılı olaraq namaz qılan adam Məkkənin hansı tərəfdə olduğunu namazdan qabaq müəyyən etməlidir.

Bakıdakı kompasın göstərdiyi cənub xəttindən 21 dərəcə qərbə tərəf dönsək, sol tərəfimiz – şərqə, sağ tərəfimiz – qərbə, arxamız – şimala, iki qaşımızın arası Kəbəyə müqabil düşər.

4. NAMAZIN VAXTINI BİLMƏK

Gecə-gündüz ərzində vacib olan beş namazın vaxtı aşağıdakı kimidir:

Sübh namazının vaxtı sübhi-sadiqdən Günəşin çıxmasına qədərdir. Zühr namazının vaxtı günortadan ta Günəşin batmasına dörd rəkət namaz qılan vaxta kimidir. Əsr namazının vaxtı günortanın əvvəlindən dörd rəkət namaz qılan qədər vaxt keçəndən ta Günəş batana kimidir. Şam namazının vaxtı Günəş batandan sonra şərq tərəfdə olan qırmızı şəfəq günorta yerindən qərbə tərəf keçəndən sonra ta gecənin yarısına dörd rəkət namaz qılan qədər vaxt qalana kimidir. Xüftən (və ya işa) namazının vaxtı şam namazının vaxtından üç rəkət namaz qılan qədər vaxt keçəndən sonra başlanır, ta gecə yarısına qədər davam edir

5. SƏTRİ – ÖVRƏT

Namazın müqəddimatının biri də sətri-övrət, yəni övrəti örtməkdir. Adam tuman geyməklə dalda və ya qabaqda örtdüyü eyibli yerlərinin hər birinə övrət, ikisinə bir yerdə övrəteyn deyirlər. Namaz qılan şəxs kişidirsə namazdan qabaq bu iki yeri örtməlidir. Əgər qadındırsa gərək iki əlləri və üzündən başqa bütün bədəni örtülü olsun. Əgər nəməhrəm olan yerdə namaz qılsa, əllərini və üzünü də örtməlidir.

Sətri-övrət üçün işlənən libasdan ötrü şərtlər var:

1) Libas gərək qəsbi və həram olmasın.

2) Libas gərək pak olsun.

3) Namaz qılan şəxsin bədənində və libasında əti həram olan heyvanın dərisindən, sümüyündən tükündən və ümumiyyətlə bədənindən heç bir şey olmasın.

4) Namaz qılan kişinin libası xalis ipək,bədənində qızıl zinətlər (məsələn qızıl üzük, qızıl belbağı və s.) olmasın. Amma əgər libas xalis ipək olmayıb qarışıq olsa, eybi yoxdur. Qadınlar üçün bu məhdudiyyət yoxdur, onlar namaz qılanda ipək və qızıl zinətlərindən istifadə edə bilərlər.

6. NAMAZIN MƏKANI

Namaz qılan şəxsin yeri gərək mübah olsun, yəni qəsbi və həram olmasın. Qəsbi yerdə namaz batildir. Bundan əlavə, namazın yeri gərək müstəqərr və dayanıqlı olsun, yəni namaz qılan halda insana hərəkət verməsin. Məsələn, yaylı çarpayı üstündə namaz qılanda atıb tutur. Belə olanda namaz batildir.

Burada namazın müqəddimatı çox müxtəsər şəkildə bəyan edilib tamama yetdi.

İndi də müqarinati-namazı öyrənək.

II MÜQARİNATİ - NAMAZ

Namazın içində vacib olan əməllərə müqarinati-namaz deyirlər. Müqarinati-namaz on bir şeydir. Müqarinati-namazda olan əməllər namazın mahiyyətini təşkil edir və minimum əməllərdir. İndi bu on bir vacib əməli öyrənək.

1) Qiyam, yəni iki ayaq üstə durmaq.

2) Niyyət, yəni namaz qılan şəxs hansı namazı qılacaqsa, ürəyində o namazı qəsd etsin.

3) Təkbirətül-ihram, yəni niyyət edəndən sonra Allahu əkbərdemək.

4) Qəraət, yəni həmd və surə oxumaq.

5) Rüku, yəni əllər dizlərin gözünə çatana kimi əyilmək.

6) Sücud – səcdələr deməkdir.

7) Təşəhhüd, yəni səcdələrdən sonra oturub, şəhadəteyni oxumaq.

8) Səlam, yəni təşəhhüddən sonra iki vacib və bir müstəhəbb səlamı oxumaq.

9) Zikr, yəni rüku və sücudun özünə məxsus dualarını oxumaq.

10) Tərtib, yəni namazın əməllərini göstərilmiş ardıcıllıqla icra edib, dal-qabaq salmamaq.

11) Müvalat, yəni namazdakı əməllərin arasında böyük fasilə verməmək, bu əməlləri bir-birinə müttəsil etmək.

Bu on bir əməl namazı təmamilə əhatə edir. buna baxmayaraq, namaz qılmağın qaydasını daha aydın surətdə bəyan edək ki, öyrənmək istəyənlər asanlıqla buna müvəffəq ola bilsinlər.

1. NAMAZ QILMAQ QAYDASI

Namaza başlamaqdan qabaq əzan və iqamə demək müstəhəbbdir. Müstəhəbb o əmələ deyərlər ki, onu icra edəndə səvabı var, tərk edəndə günahı yoxdur.

Əzan və iqamə namaza daxil olmayan əməldir, lakin namazdan qabaq onları demək təkidlə tapşırılıbdır.

Əzan bu qayda ilə deyilir:

Allahu-əkbər – dörd dəfə;

Əşhədü əlla ilahə illəllah – iki dəfə;

Əşhədü ənnə Mühəmmədən rəsulullah – 2 dəfə;

Əşhədü ənnə Əliyyən vəliyullah – bir dəfə (təbərrük qəsdilə);

Həyyə ələssəlah – iki dəfə;

Həyyə ələl fəlah – iki dəfə;

Həyyə əla xeyril – əməl - iki dəfə;

Allahu əkbər – iki dəfə;

La ilahə illəllah – iki dəfə;

Burada əzan qurtarır.

Namaz qılan şəxs əzandan sonra gərək bir qədər fasilə versin və ya bir səlavat xətm eləsin, sonra iqaməyə başlasın.

İqamə belədir:

Allahu-əkbər – iki dəfə;

Əşhədü əlla ilahə illəllah – iki dəfə;

Əşhədü ənnə Mühəmmədən rəsulullah – 2 dəfə;

Əşhədü ənnə Əliyyən vəliyullah – bir dəfə (təbərrük qəsdilə);

Həyyə ələssəlah – iki dəfə;

Həyyə ələl fəlah – iki dəfə;

Həyyə əla xeyril – əməl - iki dəfə;

Qəd-qamətissəlah – iki dəfə;

Allahu əkbər – iki dəfə;

La ilahə illəllah – bir dəfə.

Bundan sonra namaz başlanır.

Namazın surəti. Əzan və iqaməni qurtarandan sonra iki ayaq üstündə üzü qibləyə durub ürəyində niyyət etsin ki, filan (məsələn, sübh) namazı qılıram, vacib qürbətən illəllah. Sonra iki əllərini qulaqlarının bərabərinə gətirib (bu müstəhəbbdir), desin: Allahu əkbər (bu vacibdir).

Buna təkbirətül-ihram deyirlər.

Bundan sonra arada fasilə vermədən qəraət oxusun. Qəraət – həmd və surədən ibarətdir. Həmd (Fatihə surəsi) belədir:

Bismillahir – rəhmanir – rəhim.

Əlhəmdü lillahi rəbbil – aləmiyn.

Ərrəhmanir – rəhimi maliki yovmiddiyn.

İyyakə nəbudu və iyyakə nəstəiyn.

İhdinəssiratəl – mustəqiym.

Siratəl ləzinə ənəmtə ələyhim.

Ğəyril-məğzubi ələyhim və ləzzallin.1

Burada həmd qurtardı. Bunun dalınca Qurandan bir surə oxusun. Yaxşı olar ki, İxlas surəsi oxunsun. Bu surə belədir:

Bismillahir – rəhmanir – rəhim,

Qül hüvəllahu əhəd. Allahüssəməd.

Ləm yəlid və ləm yuləd və ləm

Yəkun ləhu kufuvən əhəd.2

Bundan sonra müstəhəbbdir ki, desin: Allahu əkbər, sonra o qədər əyilsin ki,iki əllərinin içi dizlərinin gözünə çatsın, yəni rüku etsin və əyilmiş halda rükuun zikrini bu qayda ilə desin: Sübhanə – rəbbiyəl əzimi və bihəmdih 3. Əgər bu çətin olsa, bunun əvəzində üç dəfə Sübhanəllah demək olar. Sonra düzəlib, ayaq üstündə aram olsun və bir Allahu əkbər deyib (bu yenə müstəhəbbdir) səcdəyə getsin, yəni alnını möhürə qoyub, iki əlləri, iki dizləri, iki ayaq baş barmaqlarının ucu üstə durub səcdənin zikrini bu qayda ilə desin:

Sübhanə rəbbiyəl-əla və bihəmdih 4, əgər çətin olsa, bunun əvəzində üç dəfə Sübhanəllah da demək olar. Zikri deyəndən sonra düzəlib iki diz üstə otursun və bir Allahu əkbər deyib (müstəhəbbdir), yenə səcdəyə getsin. Bu səcdə tamamilə birinci səcdə kimidir. İkinci səcdədən düzəlib otursun və bir Allahu əkbər desin (müstəhəbbdir).Namazın bu qədər hissəsinə bir rəkət deyirlər; bundan sonra yenə də ayağa qalxıb əvvəlcə həmd sonra isə surə oxusun. Sonra bir Allahu əkbər (müstəhəbbdir) deyib qünut tutsun, yəni müstəhəbbdir ki, iki əlini əyib əğzının bərabərinə gətirsin və bir dua oxusun məsələn, Qurandan bir ayə oxuya bilər; ən sadəsi budur ki, bir səlavat desin: Allahummə səlli əla Mühəmməd və ali Mühəmməd. Sonra müstəhəbbdir ki, yenə bir təkbir (yəni ki, Allahu əkbər) desin və rükuə getsin. Yenə iki əllərini dizlərinə qoyub əvvəlinci rəkətdə olan kimi zikr deyib düzəlsin və bir təkbir (müstəhəbbdir) deyib əvvəlki qayda ilə iki səcdə və onların zikrini yerinə yetirib səcdədən düzəlsin və iki diz üstə oturub bir təkbir desin. Burada təşəhhüd oxunsun:

Əşhədü əlla ilahə illəllahü vəhdəhü la şərikə ləh. Və əşhədü ənnə Mühəmmədən əbduhu və rəsuluh. Əllahümmə səlli əla Mühəmməd və ali Mühəmməd 5

Burada namazın ikinci rəkəti qurtarır. Bura qədər bütün namazlar eynidir. Namazların bir – birindən fərqi bundan sonradır. İndi onları ayrı-ayrı öyrənək.

Sübh namazı. Bu namaz iki rəkətdir. Odur ki, təşəhüddü qurtarandan sonra gərək səlam deyilsin. Səlam bu cür deyilir:

Əssəlamu ələykə əyyühənnəbiyyü və rəhmətullahi və bərəkatüh6 (bu salam müstəhəbbdir).

Əssəlamu ələyna və əla ibadillahissalihiyn7 (bu vacibdir).

Əssəlamü ələykum və rəhmətullahi və bərəkatuh8. Sonuncu iki səlamdan biri vacibdir, onların hansı biri deyilsə, namaz xətm olar. Lakin, ehtiyatən, onların hamısını demək lazımdır. Burada sübh namazı qurtarır.

Şam namazı. Bu namaz üç rəkətdir. Şam namazı qılan adam ikinci rəkəti qurtarıb, təşəhhüd oxuyandan sonra gərək ayağa qalxıb üç dəfə bu zikri desin: Sübhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahü vəllahü əkbər 9. . Əgər bu çətin olsa bir tək həmd (yəni Fatihə) oxuya bilər, surə oxumaq lazım deyil. Bundan sonra bir təkbir (müstəhəbbdir) deyib, rükuə getsin, zikri deyib, düzəlsin və yenə bir təkbir (müstəhəbbdir) deyib, səcdəyə getsin. Əvvəlki rəkətlərdə olan kimi _______________

Fatihə surəsinin tərcüməsi.

1. Bağışlayan və mehriban Allahın adı ilə. Aləmlərin Pərvərdigarı olan Allaha sitayiş olsun. O, bağışlayan və mehribandır. O, Qiyamət gününün fərmandarıdır. Sənə sitayiş edirik və səndən kömək istəyirik. Bizi düz yolə hidayət et; o yola ki, onlara nemət vermisən, o yola yox ki, onlara qəzəb etmisən və onlar azğındırlar.

İxlas surəsinin tərcüməsi.

2. Bağışlayan və mehriban Allahın adı ilə. De ki, odur yeganə Allah; o Allah ki, ehtiyac vaxtı ona üz tuturlar. Nə doğub, nə də doğulub və ona tay olan bir şey də yoxdur.

3. Böyük olan Pərvərdigara tərif və təqdis olsun.

4. Uca olan Pərvərdigara tərif və təqdis olsun.

5. Şəhadət verirəm ki, bu Allahdan başqa özgə bir Allah yoxdur və şəhadət verirəm ki, Mühəmməd onun qulu (bəndəsi) və elçisidir. Ey mənim Allahım, Mühəmmədə və onun övladına səlam yetir.

6. Ey Peyğəmbər, sənə səlam, Allahın rəhməti və bərəkəti olsun.

7. Səlam olsun bizə və Allahın salih bəndələrinə.

8. Sizə səlam, Allahın rəhməti və bərəkəti olsun..

9. Allaha təsbih və təqdis olsun. Tərif yalnız Allaha məxsusdur. Bu Allahdan başqa digər bir Allah yoxdur. Allah çox böyükdür.

yenə də səcdələrin zikrini deyib düzəlsin, oturub təşəhhüd oxusun və səlamı deyib, namazı xətm etsin.

Qalan namazların hamısı dörd rəkətlidir və eyni qayda ilə qılınır.

Zühr, əsr xüftən namazı. Bunların hamısı dörd rəkətdən ibarətdir; bunların əvvəlinci üç rəkəti şam namazında olan kimi qılınır, yalnız üçüncü rəkətin səcdələrindən sonra durub bir rəkət ona əlavə olunur. yəni üçüncü rəkətin səcdələrindən sonra təşəhhüd oxunmur. Şəxs gərək yenə ayağa qalxıb üç dəfə Sübhanəllahi vəlhəmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər, ya da tək həmd oxuyub rükuə getsin, onun zikrini deyib düzəlsin, sonra səcdəyə gedib zikrini desin. Bundan sonra ikinci səcdəni edib otursun, təşəhhüd və səlamları oxuyub namazı xətm eləsin.

Namazları qılma qaydası müxtəsər surətdə belədir. Bu namazların bəzisini kişilər bərkdən, bəzisini yavaşdan qılacaq. Kişilər sübh namazını, şam və xüftən namazının əvvəlinci iki rəkətini bərkdən qılmalıdırlar, qalan yerlərini gərək yavaşdan qılsınlar.

Namazların o yerlərini ki, kişilər bərkdən qılmalıdır, naməhrəm olmayan yerdə qadınlar da bərkdən qıla bilərlər. Ancaq bütün namazları yavaşdan qılmağa onların ixtiyarı var. Burada namaz qılmaq qaydaları qurtarır.

İndi də görək namaz dürüst olmaq üçün hansı şeylərə riayət etmək lazımdır.

2. NAMAZI BATİL EDƏN ŞEYLƏR

Namazı on bir şey batil edər:

1. Dəstəmazı batil edən, həmçinin qüslə səbəb olan şeylər. Bunların barəsində yuxarıda deyildi.

2. Təkfir, yəni həmd və surə oxuyan zaman əlləri bir-birini üstünə qoymaq (sünnilər belə edir).

3. Qəsdən qiblədən dönmək.

4. Danışmaq, hətta əgər bir hərf olsa, namazı batil edər.

5. Qəhqəhə ilə gülmək, amma təbəssüm etmək namazı batil etməz.

6. Dünya işlərindən ötrü ağlamaq. Lakin şəxs Allah-təalanın qorxusundan, məsələn cəhənnəmi və ya qəbri yadına salıb ağlasa, namaz batil olmaz.

7. Feli – kəsr, yəni çox iş. Bunun mənası odur ki, namaz qılan halda o qədər hərəkət edir və kənar işlərlə məşğul olur ki, namaz qılan adama oxşamır. Məsələn, başını qaşıyır, sonra düyməsini bərkidir, kəmərini çəkir, burnunu silir və s. Belə şəxsin namazı batildir.

8. Yemək və içmək. Amma əgər adamın ağzında yeməyin qırıntısı və xırdaca qalığı olsa, onu udmaq namazı batil etməz.

9. Həmdi oxuyub qurtarandan sonra amin demək namazı batil edər. Sünnilər belə edirlər.

10. İki və üç rəkətli namazların rəkətlərinin sayında şəkk etmək, həmçinin dörd rəkətli namazların iki əvvəlki rəkətləri sayında şəkk etmək namazı batil edər.

11. Namazı təşkil edən vacib əməllərdən birini az və ya çox etmək. Bu iş əgər qəsdən olsa, namaz batil olar, səhvən olsa, eybi yoxdur, onun başqa çarəsi var.

Məsələn, şəxs qəsdən səcdələrin birini və ya rüku, yaxud təşəhhüdü tərk etsə , namaz batil olar. Əgər namazdakı əməllərdən biri səhvən az və ya çox olubsa, namazı qurtarandan sonra ondan ötrü səcdəyi-səhv etmək lazımdır.

Səcdəyi-səhvin qaydası. Şəxs namazda hansı artıq və ya əskik əməli səhvən edibsə, yaxud səhvən danışıbsa, bunlar üçün namazı qurtarandan sonra səcdəyi-səhv etməlidir. Bundan ötrü niyyət edir ki, filan əməl üçün səcdəyi-səhv edirəm, vacib qürbətən iləllah; sonra başını səcdəyə qoyub deyir: Bismillahi və billah. Əssəlamu əleykə əyyühənnəbiyyü və rəhmətullahi və bərəkatüh. Sonra düzəlib oturur, bir Allahü əkbər deyib, bir də eyni qayda ilə səcdə edir. sonra düzəlib oturur, təşəhhüd oxuyur: Əşhədü əlla ilahə illəllahü vəhdəhu la şərikə ləh. Və

əşhədü ənnə Mühəmmədən əbduhu və rəsuluh. Əllahummə səlli əla Mühəmməd və ali Mühəmməd.

Bundan sonra səlam deyir: Əssəlamü ələykum və rəhmətullahi və bərəkatuh.

Burada səcdəyi-səhv qurtarır.

Namazın şəkkiyyatı, səhviyyatı, müstəhəbbatı, təqibatı barəsində çox şeylər var. Lakin onların hamısını bu müxtəsər kitaba sığışdırmaq mümkün deyil. Burada yazılan namazın minimum əməlləridir. Namaz qılmaq istəyən müsəlmanlar onu bu həcmdə qılsalar kifayətdir.

V FƏSİL

İSLAM ƏXLAQI

Yuxarıda dedik ki, fürui-din insanın cismani aləminin tərbiyəsi və mühafizəsi üçün qoyulmuş qanunlardır. Burada göstərilən on maddənin ətrafında çox böyük məsələlər var ki, onların bu kitabda yazılmasına imkan yoxdur. Bu maddələr dünyada insanın işlərini, hərəkatını, rəftarını, davranış qaydalarını, yoldaşa, dosta, özgəyə və cəmiyyətə münasibəti öyrədir. Bu barədə Qurani-Kərimdə həddən ziyadə ayələr, Peyğəmbər və imamların dilindən külli miqdarda hədislər vardır. Bunların hamısı kamil insan yetişdirmək məqsədini güdür; bunlar islamın əxlaq normalarıdır. Əgər insanlar bu normalara əməl etsələr, dünyada misli görünməmiş saf bir cəmiyyət əmələ gələr.

Bunlardan bəzisinə nəzər salaq.

1. ƏHKAMİ - XƏMSƏ

Əhkami – xəmsə, beş hökm deməkdir. İnsanın bütün işləri və əməlləri beş qismə ayrılır.

1. Vacib; bunlar o əməllərdir ki, allah-təala onların icrası üçün insanlara əmr edib. Hər kəs belə əməllərdən eləsə, Allah-təala onun üçün səvab yazar, Behişt vəd edər, tərk etsə günah yazar, Cəhənnəm vəd edər. Fürui-dinin bütün maddələri vacib əməllərdir.

2. Həram; bunlar vacibin əksi olan əməllərdir, yəni elə əməllərdir ki, Allah-təala onların tərkini əmr edib. Hər kəs belə əməlləri tərk etsə, Allah-təala onun üçün səvab yazıb Behişt vəd edər, icra etsə, günah yazıb Cəhənnəm vəd edər. Məsələn, şərab içmək, zina və ləvat etmək, qumar oynamaq, adam öldürmək, qeybət etmək və i. a. Bunlar həramdır, icra etməyi də günahdır.

3. Müstəhəbb; bunlar o əməllərdir ki, onların icrası üçün Allah-təala savab yazar, Behişt vəd edər, lakin tərk etməyi üçün nə günah yazar, nə də Cəhənnəm vəd edər. Məsələn, namazdan sonra təqib duaları oxumaq, gecə namazı qılmaq, müsəlman meyitinin dəfni mərasimində iştirak etmək, rəcəb və şaban aylarında oruc tutmaq, naxoş müsəlmanlara baş çəkmək, yoxsul müsəlmanlara əl tutmaq, qonağa hörmət etmək(hətta əgər kafir olsa da), müsəlmanların istifadəsi üçün quyu qazmaq, su çəkmək, yol düzəltmək, ağac əkmək (bunlara baqiyatüs – salihat, yəni baqi olan xeyr işlər deyərlər), əhli-qəbristanı ziyarət etmək və i. a. Bu cür əməllərə müstəhəbb və ya sünnət deyərlər. Belə əməllərin sayı həddən ziyadədir.

4. Məkruh; bu müstəhəbbin əksidir, yəni o əməllərdir ki, onları tərk etmək üçün Allah-təala səvab yazar. Behişt vəd edər, lakin icra etməyi üçün nə günah yazar, nə də Cəhənnəm vəd edər. Məsələn, qəbristanda və ya it olan evdə namaz qılmaq, at və ya eşşək əti yemək, meyyiti dəfn etməzdən qabaq yalqız qoymaq, meyyitə kətan parçadan kəfən biçmək, kəfəni dəmir alətlə (məsələn, qayçı və ya bıçaqla) kəsmək və i. a. Bu cür işlərə məkruh deyirlər.

5. Mübah; bunlar o əməllərdir ki, onları istəyirsən icra et, istəyirsən tərk et, Allah-təala nə savab yazar, nə günah, nə Behişt vəd edər, nə də Cəhənnəm. Məsələn, uzanmaq, yatmaq, durub gəzmək, orucluq günü olmayan vaxtda həlal və pak su içmək və ya çörək yemək, adamlarla adi söhbət etmək (bu şərtlə ki, qeybət və hərzə söz olmasın) və s. Bunlar mübah əməllərdir.

Buradan məlum olur ki,insanın hər bir işi bu beş qismdən biri olar. Bunlar əhkami-xəmsə adlanır.

İnsan gərək hər bir əməlində bilsin ki, bu əməl əhkami-xəmsənin hansı birindəndir; bilməsə, ola bilər ki, səvab əvəzinə günah qazansın. Məsələn, səvab qazanmaq məqsədilə Orucluq bayramı və ya Qurban bayramı günündə oruc tutan şəxs, əksinə günah qazanar; çünki bu günlərdə oruc tutmaq haramdır.

Buradan məlum olur ki, bu beş hökmün ən lazımlısı vacib və həram qismləridir, bunlarla ehtiyatlı dolanmaq lazımdır, çünki bunların birinin tərki, o birinin icrası günaha səbəb olur.

Hər müsəlmana birinci növbədə vacib olan əməllər fürui-dinin on maddəsidir. Bu barədə yuxarıda izahat verilib. Bunlardan başqa yenə də vacib əməllər var; məsələn, ata-anaya itaət və onlara himayə etmək, qohumları, yaxın əqrəbanı başa çıxmaq,onlardan xəbər tutmaq (buna siləyi-ərham deyərlər) və s.

Bunların hamısını burada yazmağa imkan yoxdur.

İndi də həram şeylər haqqında müxtəsər məlumat verək ki, müsəlman qardaşlarımız özlərini Allah-təalanın qəzəbindən və Cəhənnəm əzabından xilas etmək üçün bu əməlləri tanıyıb, onlardan ictinab (pəhriz) etsinlər.

Günah və həram sayılan əməlləri iki qismə ayırırlar. Bunlardan bir qisminə günahi-kəbirə, yəni böyük günah, o birinə günahi-səğirə, yəni kiçik günah deyirlər. Hərçənd günahın böyüyü və kiçiyi yoxdur, çünki günah deyilən şey Allah-təalanın əmrindən çıxmaq, ona etina etməmək, ona qarşı ədəbsizlik etmək deməkdir. Lakin günahların bir-birilə müqayisəsində bu cür bölgü ortaya çıxır.

Günahların hamısını bu müxtəsər kitabda yazmağa imkan yoxdur. Yalnız günahi-kəbirələri yazırıq.

2. GÜNAHİ - KƏBİRƏLƏR

Qurani-kərimdə günahi-kəbirələr haqqında ayələr vardır, onların barəsində yazsaq, mətləb uzanar.



Geri   İrəli
Go to TOP