A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda evlilik və ailə hüquqları-2
Müəllif: Əliəkbər Babazadə
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Qadınlar, adətən, ehsasata (emosiyalara) uyduqlarına, sevinib və ya qəzəbləndikləri zaman son dərəcədə dəyişildiklərinə, işin axırına az diqqət yetirdiklərinə görə Əli (əleyhissalam) öz ardıcıllarına tövsiyə edir:

“Pis və üsyankar qadınlardan uzaq olun, onların yaxşıları ilə rəftarda ehtiyatlı olun.”[279]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Öz qadınlarınızın şərindən Allaha pənah aparıb onların yaxşılarından da ehtiyat edin. Əgər onlar sizə göstəriş versələr, fikirləşmədən onlara tabe olmayın, çünki axırda sizi məsiyətə vadar edə bilərlər.”[280]

Bu hədsilərdən çoxlu məsələ aydın olur, çünki üsyankar və istisna qadınlar bu dəyərli kəlamlarda aləm varlıqlarının ən pisi, şeytanın həmkarları kimi təqdim edilir, öz ərləri üçün ən güclü düşmən sayılır. Əsas etibarı ilə münhərif və xətakar qadınlar yer üzündə fəsadın, əxlaqi pozğunluğun və hərc-mərcliyin yaranıb yayılmasına səbəb olmaqla insanın kamala yetişməsinə, Allaha pərəstiş olunmasına mane olurlar. Bu xətərli varlıqlar cəmiyyəti fəsada çəkməklə, öz pozğun əxlaqları ilə ərlərini müxtəlif müşküllərə, o cümlədən, vaxtından əvvəl qocalmağa mübtəla edir, onların bədbəxtliklərinə səbəb olurlar. Bu cəhətdən müqəddəs islam dini öz ardıcıllarına bu barədə də lazımi göstəriş verir ki, bu fəsad bataqlığına düşməsinlər.

ALLAHIN HÜQUQLARI ƏRİN HÜQUQLARI İLƏ YANAŞIDIR

Ərin hüquqları ən yüksək hüquqlar kimi təqdim olunduğundan, habelə qadınların da vəzifəsi onlara qeydsiz-şərtsiz itaət etmək olduğundan, islami hədislərdə ərin hüquqlarına itaət etməyə iltizam verməyən, diqqət yetirməyən qadınlar ən pis qadınlar kimi tanıtdırılır. Onlar bu hallarda Allahın haqqını da yerinə yetirməmiş olurlar. Ərin hüquqlarına riayət etməyə zəmanət verməkdən boyun qaçıran və bu qanunu pozan qadınlar lənətə, qarğışa layiq görülmüşdür və onlara ən ağır cəza vədəsi verilir. İndi isə sizin diqqətinizi bu bardə bir neçə rəvayətə cəlb edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Ərinin haqqına riayət etməyən qadınlar şəksiz Allahın haqqını da yerinə yetirməmiş və Ona pərəstiş etməmişlər.”[281]

Həzrət başqa bir hədisdə iki təkidlə buyurur:

“Allahın lənəti o arvada olsun ki, ərinə əziyyət verir. (Həzrət mətləbin davamında buyurur) Xoş o səadətli qadının halına ki, ərinə ehtiram qoymaq üçün çalışsın, hər bir halda ona itaət etsin.”[282]

Həzrət bu müfəssəl hədisdə fasiq, münhərif və üsyankar qadınların nişanələrini bəyan edərək buyurur ki, onlar aşağıdakı xüsusiyyətlərə malik olanlardır:

1-Öz ailə və qohumlarının yanında şəxsiyyəti olmayanlar;

2-Ərinin yanında, evdə təkəbbürlü olub, özünü uca hesab edənlər;

3-Doğmayan qadınlar;

4-Xəbərsizlik ucbatından həsədə və kinəyə əl atanlar;

5-Rəva görülməyən yaramaz işləri görməkdən qorxub çəkinməyənlər;

6-Əri yanında olmadıqda özlərini bəzəyənlər;

7-Ərinin istəklərinə müsbət cavab vermək yerinə, onun istəklərini görməməzliyə vurub sözlərini eşitməyən və xəlvətdə xətərli, minilməyən at kimi onun qanuni istəklərindən boyun qaçıranlar;

8-Ərini üzrlərini qəbul etməyənlər;

9-Ərinin xətalarını bağışlamayanlar.[283]

Bu kimi sifətlərə malik olan və özlərinin islahı üçün çalışmayan qadınlar insan surətində bəşər surətində olan heyvandır.

Əli (əleyhissalam) müxtəlif hiylə və xəyanətlərə əl atan öz vəzifələrini düzgün şəkildə yerinə yetirməyən bəzi qadınlar barəsində buyurur ki, onlar zahirdə insan, batində isə heyvandırlar. Bu cür fərdlər hərəkət edən ölülərdir.”[284]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Vay olsun o qadına ki, öz ərini qəzəbləndirə. Xoş olsun o qadının halına ki, əri ondan razıdır.”[285]

Ümidvarıq ki, dindar və imanlı qadınlar bütün bu rəzil sifətlərdən xoşakəlməz xüsusiyyətlərdən uzaq olub öz ərlərinə qarşı vəfadar və mehriban olsunlar, layiqli idarəçilik, eşq-məhəbbət, səfa-səmimiyyətlə ailə ocağını qızğın saxlasınlar və ərin atifələrini özlərinə cəlb etsinlər. Məhz belə olan surətdə həm ideal bir həyatı özü və ailəsi üçün icad edəcək, həm də Allah dərgahında savab qazanacaqdır.

İBRƏTAMİZ BİR HEKAYƏ

İmam Baqir (əleyhissalam)-ın səhabələrindən biri olan Əbu Həmzə Somali Həzrətdən belə bir hadisdə nəql edir: Bəni İsrail tayfasında bir nəfərin iki arvadı var idi. Onlardan birinin əsli-əsəbi pak, nəcabətli idi. O arvadından bir layiqli, o birisindən isə iki (naxələf) oğlu dünyaya gəldi. O kişi öləndə vəsiyyət etdi ki, bütün var-dövlətini yalnız bir oğluna versinlər. Onun vəfatından sonra oğlanlarının hər biri dedi: Atamın məqsədi mənəm və bütün irs mənə çatacaqdır. İxtilafı həll etmək üçün hər üçü qazının yanına getdi. Qazı da onları Bəni-ğənam qardaşlarının yanına göndərdi. Onlar həmin yerə çatdıqda böyük qardaş ilə görüşdülər, amma o dedi: Mən evin kiçik oğluyam, məndən böyük qardaşımın yanına gedin. Onlar ikinci qardaşın yanına getdilər, o da zahirdə əvvəlki qardaşdan cavan görünürdü. İkinci qardaş dedi: Məndən böyük qardaşımın yanına gedin. Üçüncü qardaşın yanına getdilər, gördülər ki, o da hamısından cavan görünürdü. Ona dedilər: Sənin məsələn bizim məsələmizdən daha təəccüblüdür; əvvəl de görək sizə nə olmuşdur ki, yaşı çox olan qardaş daha cavandır, yaşca cavan olanınız isə qocalıbdır? Yaşda bütün qardaşlardan böyük, zahirdə isə ən cavan görünən qardaş dedi: Bizim qocalan kiçik qardaşımızın üsyankar bir arvadı vardır, ona əzab-əziyyət verib qocaltmışdır. İkinci qardaşımın arvadı əxlaqi cəhətdən nisbətən orta səviyyədədir, bəzi hallarda ərini xoşhal edir, bəzən də qəmləndirir. Buna görə çox da qocalmamışdır. Amma yaşda hamıdan böyük olmağıma baxmayaraq, mənim arvadım əməli saleh və sözə baxandır. O heç vaxt məni narahat etməmişdir, əksinə, həmişə mənim narahatlıqlarımı öz məhəbbətləri ilə aradan qaldırır. Ona görə də mən cavan qalmışam.

Sizin məsələnizə gəldikdə isə, deməliyəm ki, gedib atanızın qəbrini açıb sümüklərini yandırın, sonra isə mənə müraciət edin, sizin barənizdə mühakimə yürüdüm.

Onlar atalarının qəbrini açmaq istəyəndə pak və iffətli qadından dünyaya gələn oğlu dedi: Mən öz fikrimdən döndüm və payımı sizə verdim.

Onlar qazının yanına qayıtdıqda qazı dedi: Atanızın bütün mal-dövləti bu oğlana çatır. Əgər siz də atanızın həqiqi övladları olsaydınız, onun halına yanar və ona rəhm edərdiniz.[286]

Bu hədisdən həyat yoldaşının əri ilə xoş rəftarını əsərləri tammamilə aydın olur.

QIRX YEDDİNCİ FƏSİL

ƏR SAXLAMAĞIN SAVABI

Arvadın əri ilə yola getməsi, ev işlərində səbirli olması, ailənin səfa-səmimiyyətini, mehr-məhəbbətini əldə etməkdə, övladın düzgün tərbiyəsində son dərəcə təsirli olmaqdan əlavə, axirət savabına da malikdir. Övlad tərbiyəsində ev daxili işlərində və əri razı salmaqda müəyyən tədbir görən, bu yolda hətta cüzi işləri də görən bir qadın cəhənəmin qapılarını öz üzünə bağlayır, behiştin qapılarını öz üzünə açır və Fatimeyi Zəhranın razılığını qazanır. İmam Sadiq (əleyhissalam) buyurur:

“Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur ki, səliqə-səhmana yaratmaq məqsədi ilə mənzil avadanlıqlarının yerini dəyişən bir qadın hər şeyi yerindən dəyişdirsə, Allah taala ona rəhmət və lütf nəzəri salar; hər kəsə də Pərvərdigari-aləm lütf nəzəri salsa, onu cəhənnəmdə yandırmaz.”[287]

İmam Sadiq (əleyhissalam) ərə qulluq etməyin savabı barəsində buyurur:

“Hər qadın ərinə (içməyə) bir qab su versə, bu əməlin mükafatı gecələri səhərə qədər ibadət olunan, gündüzləri oruc tutulan bir illik ibadətdən daha üstündür . Allah taala behiştdə onun üçün bir şəhər mərhəmət edər, 60 günahını bağışlayar.”[288]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Xoş o qadının halına ki, əri ondan razıdır. Onun məqamını başqaları üçün arzu edərlər. Ərin öz arvadından razılığı onun (arvadının) məqamını yüksəldir.”[289]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Hər qadın gündəlik namazlarını qılıb Mübarək Ramazan ayının orucunu tutsa, etiqadi nəzərdən də Əli (əleyhissalam)-ın hüquqlarını dərk etsə, onu Rəsuli Əkrəmdən sonra birinci xəlifə bilsə və ərinə tabe olsa, behiştin hər qapısından istəsə, daxil olacaq.”[290]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Hərgah bir qadın öz ərinə “mən səndən heç bir xeyir görməmişəm” desə və beləliklə də onu qəzəbləndirsə, onun bütün yaxşı əməlləri bada gedər.”[291]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Hərgah bir qadın öz ərini bir dəfə narahat etsə, nə qədər ki, əri ondan razı olmayıb, onun ibadətləri qəbul olunmur.”[292]

Bu hədis ciddi şəkildə qadınları evin idarəçiliyinə, övlad tərbiyəsinə, ərin hüquqlarına riayət etməyə təşviq edir, ərinə itaət edən əməlisaleh qadınlara ən yüksək mükafat vədə verir, ərinin qəzəblənməsinə səbəb olan, ev işlərindəki vəzifəsini yerinə yetirməyib səhlənkarlıq edən qadınları isə şiddətlə məzəmət edir, cəhənnəm əzabı və yaxşı əməllərinin heçə getməsi ilə onları təhdid edir. Buna əsasən, layiqli və yaxşı qadınlar onlardır ki, öz vəzifələrini layiqincə yerinə yetirib yaxşı əxlaqla ərlərinə hörmət etsinlər, ailənin səfa-səmimiyyətinə həmişəlik zəmanət versinlər, mehr-məhəbbət dolu ailələrdə ədəbli və cəmiyyət üçün işgüzar və ürəyiyanar övladlar tərbiyə etsinlər.

QADININ CİHADI

Cihadların ən yaxşısı odur ki, insan özünün pis və rəzilətli əxlaqları ilə mübarizəyə qalxıb onları aradan qaldırsın. Onların aradan qaldırılması ilə Kamali-Mütləqə çatmaq və Haqqın nurunu görmək yolundakı bütün maneələr aradan qalxır, insan xatircəmliklə, həvayi-nəfsin vəsvəsələrindən uzaq öz mələkuti və mənəvi həyatını davam etdirir və haqqın nuru onun yolunu işıqlandırır. Belə olanda ailə ocağında azacıq belə, narahatlıq yaranmır, ər, arvad və övladlar tam səmimiyyətlə, mehribanlıqla yaşayır, bir-birinə qarşılıqlı kömək edərək çatışmazlıqları, müşkülləri aradan qaldırırlar. Belə layiqli hərəkət və rəftarlar qadının ən böyük cihadı kimi təqdim edilir. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

“Qadının cihadı–yaxşı ər saxlamasıdır.”[293]

Əbu Cəfər (əleyhissalam) buyurur:

“Qadının cihadı–yaxşı ər saxlamasıdır. Ərin öz arvadı üzərində ən çox haqqı vardır, heç bir haqq onun haqqına çata bilməz.”[294]

Bu hədisdə İmam Baqir (əleyhissalam) buyurur ki, Allah taala cihadı həm qadınlara, həm də kişilərə vacib etmişdir. Bu fərqlə ki, kişilərin cihadı din düşmənləri ilə can və malları ilə müharibə etməkdir, qadınların cihadı isə ərlərinin əxlaqları müqabilində, onun ikinci arvad alması qarşısında səbirlilikdir.”[295]

Yəni qadının cihadçı olması o vaxt məlum olur ki, müxtəlif amillər səbəbi ilə ər-arvad arasında əxlaqi uyğunluq və səliqəlilik olmasın, həyat yoldaşı ilə nəzər ixtilafı olan məsələlərdə özünü saxlasın. O cümlədən, ərinin ikinci arvadına dözsün. İmam Baqir (əleyhissalam) bir hədisdə onu cihadının nişanəsi kimi təqdim edir. Həzrət İmam Sadiq (əleyhissalam)-ın qadının bu işə dözməsini onun kamil imanının və ləyaqətinin nişanəsi kimi bəyan edir ki, onu əvvəldə qeyd etmişdik.[296]

FATİMƏNİN HÜZURUNDA...

Ər saxlamağın, həyat çətinliklərinə dözməyin mükafatlarından biri də Fatimeyi Zəhra (əleyhissalam)-ın mübarək məhzərində olmaqdır. Ərinin razılığını qazanan, evin çətinliklərində ona kömək edən qadın axirət aləmində yüksək məqamlara çatacaqdır.

İmam Sadiq (əleyhissalam) buyurur:

“Qadınlardan iki dəstəsi, bərzəx aləmində qəbir sıxıntısı və qəbir əzabından azad olacaq, qiyamət günü də Fatimeyi Zəhra (əleyhissalam) ilə birlikdə məhşur olacaqlar (diriləcəklər) və onlardan hər birinə min şəhidin və Allaha min illik ibadətin əvəzi veriləcəkdir:

1-O qadındır ki, iman cəhətindən elə bir mərtəbəyə çatsın ki, ərinin sonrakı qadınla evlənməsi onun həyatına təsir etməsin, ərinə olan mehr-məhəbbətinə xələl gətirməsin;

2-O qadın ki, ərinin kobud rəftarına, bədəxlaqlığına dözsün, öz vəzifəsini yerinə yetirməkdə səhlənkarlıq etməsin;

3-O qadın ki, öz mehriyyəsini ərinə bağışlasın.”[297]

Bu hədisdə səbirli qadınlar üçün çoxlu imtiyazlar verilmişdir. Fatimeyi Zəhra (əleyha salam)-ın yanında qərar tutmaqdan, qəbir əzabından azad olmaqdan əlavə, onların ər saxlamağının mükafatı da islam döyüşçülərinin cihadından üstün, savabı da onlardan artıq olacaqdır. Belə qadınlara min mücahid əsgərin savabı veriləcəkdir. Çünki ər evində səbirlilik göstərməsi, ərin razılığını cəlb etməsi onun üçün ən böyük imtiyazdır və bu məsələ hədislərdə də gəlmişdir. Biz onlardan ikisini qeyd etməklə kifayətlənirik:

İmam Sadiq (əleyhissalam) buyurur:

“Qadın üçün heç bir şəfaət (qiyamətdə bağışlanması üçün vasitəçilik) ərinin razılığını qazanmaq qədər faydalı və səmərəli deyildir. Xoş olsun o qadının halına ki, öz islami rəftarı və məxsus məhəbbətləri ilə ərinin məhəbbətini özünə cəlb etsin və onu özündən razı salsın.”[298]

Həzrət İmam Baqir (əleyhissalam) buyurur ki, anası Fatimeyi Zəhra (əleyhissalam)-ın şəhadətindən sonra Həzrət Əli (əleyhissalam) onun cənazəsinin yanında dayanıb Allaha ərz etdi:

“Xudavənda! Bu Sənin Peyğəmbərinin qızı Fatimeyi Zəhradır və mən ondan razılığımı bildirirəm. Pərvərdigara! Onu qəbrin vəhşətindən və övladlarından uzaq olması vəhşətindən hifz et. Xudavənda! Ona zülm etdilər, Sən Özün onlarla Fatimeyi Zəhra (əleyhissalam) arasında hökm et.”[299]

Bütün bunlar göstərir ki, ərin razılığı və onun şəfaəti həyat yoldaşının dərəcəsinin yüksəlməsində, hərçənd Fatimeyi Zəhra (əleyhissalam) kimi qiyamət gününün şəfaətçi olsa belə, təsirlidir. Fatimeyi Zəhra (əleyhissalam)-ın özü və onun anası Xədiceyi Kübra aləm qadınlarının ən yaxşısı olmaqla eyni zamanda, ölüm anlarında axirət fikrində olmuş və öz ərlərinin onlardan razı olmalarını istəmişlər, beləliklə də islam ardıcıllarına həyat dərsi vermişlər.

QIRX SƏKKİZİNCİ FƏSİL

LAYİQLİ QADINLARIN XÜSUSİYYƏTLƏRİ

Tovhidin nişanələrindən biri insanın, aləm varlıqlarının müxtəlif çöhrələridir ki, Allah Öz sonsuz və tükənməz qüdrəti ilə aləmin bütün məxluqlarını müxtəlif rənglərdə, formalarda xəlq etmişdir. Hətta iki ekiz uşaq bir ata-anadan olmalarına baxmayaraq, yenə də bir-birindən fərqlənirlər. Allah taala müxtəlif Quran ayələrində, o cümlədən, “Fatir” surəsinin 27-ci, “Nəhl” surəsinin 13-cü ayəsində bu həqiqətə işarə edir.

Qadınlar irq, rəng, qiyafə cəhətindən bir-birləri ilə nə qədər fərqlənsələr, həmin qədər də mənəviyyət, dəyanət, təqva, əxlaq, həyat yoldaşı ilə yola getmək, ailə əsl-nəcabəti nəzərindən fərqlidirlər və bu səbəbdən bir-birləri ilə aşkar fərqlərə malikdir. Bir qrup başqasından fərqlənir.

Biz 20 və 21-ci fəsillərdə onların bəzi xüsusiyyətlərinəi qeyd etmişdik. Bu fəsildə də, ailələrin səadətini, xoşbəxtliyini təzmin edən bəzi qismlərinə işarə edir, onları araşdırıb, təhlil edirik. Ümidvarıq ki, əziz oxucular üçün, xüsusilə ailə qurmaq niyyətində olan əziz cavanlar üçün faydalı olmuş olsun.

QADININ ƏRİNƏ İTAƏT ETMƏSİ

Ailə quruluşunun qorunması, onun ehtiyaclarının təmin olunması üçün ər, ailənin məsulu və başçısıdır, onun bu iş üçün səlahiyyəti, şəksiz ki, qadından daha artıqdır. Biz 44-cü fəsildə qeyd etmişik ki, qadınların təbiəti, dünyaya hakim olan qayda-qanunlar və bunlardan da daha mühüm müqəddəs islam şəriəti kişinin başçı olmasını təkid edir. Bu halda qadınlar gərək harama düşməyə və vacibatın tərk olunmasına gətirən hallar istisna olmaqla öz ərlərinə tabe olsunlar. Əks halda, ailə üzvləri arasında hərc-mərclik, qarışıqlıq inzibatsızlıq, dava-dalaş hakim olacaq, mövcud eşq, məhəbbət kökündən dəyişiləcək, hətta bəlkə də məhv olub aradan gedəcəkdir. Evlənmənin əsl hədəfi eşqdir; məhəbbət əsasında möhkəmlənən bu hədəf aradan gedəcəkdir. Bu həlakedici təhlükələrin qarşısını almaq üçün islam dini qadınların kişilərə tabe olmasını və itaət etməsini vacib və zəruri bilir.

Quran buyurur:

“Kişilər ailənin məsulu və yeganə sərpərəstidir (başçıdır), üstəlik qadınların qəyyumu hesab olunurlar.”[300]

Qəvvam, qəyyim-mübaliğə və şiddəti çatdırır. Qəyyim o kəsə deyilir ki, başqasının məsuliyyətini öz öhdəsinə almış olsun.[301]

Deməli, Allah bu ayənin əsasında tabe olmaqdan daha üstün bir məsələni–kişilərin qadınlar üzərindəki sərpərəstliyini vacib etmişdir. Əlbəttə, ərin haqqı yoxdur ki, bu ayədən və ona verilən sair ixtiyarlardan istifadə edib həyat yoldaşının məsləhətinin əksinə olan bir iş görsün; habelə, bu sərpərəstlik ailə sisteminin, qadının mənafeyinin qorunub saxlanması üçün qoyulmuşdur.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Hərgah qadın ərinin icazəsi olmadan evdən çıxsa, evə qayıdana qədər xərcləri və nəfəqəsi ərinin öhdəsinə deyil.”[302]

İnqilabın böyük rəhbəri İmam Xomeyni fətva məqamında buyurur:

“Kişinin qadın üzərində olan vacib haqlarından biri də budur ki, qadın ərinə itaət etsin, onun əmrlərindən boyun qaçırmasın, ərinin icazəsi olmadan evdən çölə çıxmasın, hətta öz qohumlarını görmək üçün olsa belə, hətta atası xəstələnsə və ya ölsə ərinin icazəsi olmadan onun yoluxmasına gedə və ya matəmində iştirak edə bilməz.”[303]

PEYĞƏMBƏR (səlləllahu əleyhi və alih) ƏRİN FƏRMANINI POZMADI

İmam Sadiq (əleyhissalam)-dan nəql olunan mötəbər hədisdə buyurulur ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in dövründə səhabələrdən biri səfərə getdi və arvadına dedi ki, mən səfərdən qayıtmayınca evdən bayıra çıxma. Təsadüfən arvadın atası xəstələndi. O, Rəsuli Əkrəmə xəbər göndərdi ki, ərim mənə belə əmr etmişdir, mənə icazə verirsən atamı görmək üçün evdən çıxım? Həzrət buyurdu ki, yox, öz evində otur və ərinə tabe ol. Bir müddətdən sonra atasının xəstəliyi ağırlaşdı. Qadın yenə də xəbər göndərib atasını görməyə icazə istədi, amma Həzrət yenə göstəriş verdi ki, öz evində qal və ərinin əmrinə itaət et. Nəhayət bir gündən sonra o arvadın atası dünyadan getdi. Qadın üçüncü dəfə Peyğəmbərə xəbər göndərdi ki, icazə verirsənmi bu dəfə atamın matəmində iştirak edim? Peyğəmbər buyurdu ki, yox, evində otur ərinin əmrinəitaət et.

İmam Sadiq (əleyhissalam) buyurur: “O qadın atasının ömrünün son anlarında onunla görüşə bilmədi, həmçinin onun matəmində də iştirak edə bilmədi. Nəhayət o kişinin cənazəsini dəfn etdilər. Bu dəfə Rəsuli Əkrəm o dindar qadına xəbər göndərdi ki:

“Ey qadın! Allah bu həssas vaxtda ərinə tabe olmağın səbəbi ilə səni və atanı bağışlayıb Öz rəhmətini sizə şamil etdi.”[304]

Bu hədisdə mövcud şahidlərdən məlum olur ki, qadının ərə tabe olması islamın danılmaz hökmlərindən və məsələlərindəndir.

“Əhzab” surəsinin 6-cı ayəsinə uyğun olaraq Peyğəmbəri Əkrəm camaatın can və malı üzərində mütləq ixtiyar sahibi olduğundan, öz icazəsi ilə o qadının ərinin hökmünü qüvvədən sala bilər. Amma Həzrət ərin ehtiramına, ailənin dəyərinə diqqət yetirərək o kişinin verdiyi hökmü pozmadı və islamın qanununu ailənin inizibatı barəsində möhtərəm saydı.

Bu hədislərdən, xüsusilə Həzrət İmam Xomeyninin (r.ə) fətvasından məlum olur ki, qadınların vəzifəsi budur ki, şəriət qanununa əsasən öz ərlərinə tabe olsunlar. Heç kəsin haqqı yoxdur ki, bu islam qanununu pozsun.

İmam Baqir cəddi Əmirəl-möminindən (əleyhiməssalam) nəql edir ki, o Həzrət, Fatimeyi Zəhara (ə.s) ilə birlikdə Peyğəmbərin hüzuruna gəldi. Birdən gördülər ki, o Həzrət şiddətlə ağlayır. Səbəbini soruşduqda cavab verdi ki, ya Əli, meraca getdiyim gecə, ümmətimin qadınlarına verilən müxtəlif əzabların şahidi oldum. Onlara verilən şiddətli cəzalardan nigaranam, buna görə də ağlayıram. Sonra onlara verilən əzabların növləri və sahibləri barəsində buyurdu:

“Qadınlardan bir qrupunu dilindən asacaqlar, çünki onlar öz ərlərinə dilləri vasitəsilə, uzundilliliklə əziyyət vermişlər. Bir qrupu da ayaqlarından asılmışdır, çünki onlar ərlərinin icazəsi olmadan bayıra çıxmışlar.”[305]

Bu hədis göstərir ki, ərinə itaət etməyən üsyankar qadınlar acınacaqlı taleyə məhkum olunub, müxtəlif əzablara giriftar olacaqlar. Əlbəttə, şəksiz agah və dindar qadınlar ailə qanununun əksinə heç nə etmədiklərindən ilahi əzaba da layiq görülməyəcəklər.

ƏRİN QƏZƏBİ ALLAHIN QƏZƏBİDİR

Əvvəldə qeyd etdik ki, ərin hüququ həyat yoldaşı üçün bütün hüquqlardan mühümdür. Ərin hüququ valideynin hüququndan da öndə gedir. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) bu barədə buyurur:

“Əgər arvad ərinin hüquqlarını düzgün yerinə yetirməsə, Allaha düzgün ibadət etməmişdir.”[306]

Təkid məqamında o Həzrət buyurur:

“Əgər Allahdan başqasına səcdə etməyə icazə verilsəydi, əmr edərdim ki, qadınlar ərlərinin qabağında səcdə etsinlər.”[307]

Bunun əksi də doğrudur, yəni əgər bir kəs öz ərinə əzab versə, onu qəzəbləndirsə, Allahı qəzəbləndirmişdir.

İmam Sadiq (əleyhissalam) buyurur:

“Allah Təala Öz Peyğəmbərinə vəhy etdi ki, qızı Fatiməyə desin: heç vaxt ərin Əli ilə müxalifət etmə, çünki Əlinin qəzəbi Allahın qəzəblənməsinə səbəb olar.”[308]

Bu hədislər ailələrə çoxlu dərslər verir. Əli və Fatimə (əleyhiməssalam) hər ikisi Məsum olmaqla yanaşı, bir-birinə qarşı müxalifət etmir, hətta bu müxalifətin təsəvvürü də onlar üçün bağışlanmazdır. Bu ilahi vəhy qadınlar üçün ümumi bir dərsdir. Onlar bilməlidirlər ki, ər ilə müxalifət etmək Allahın əmrləri ilə müxalifətdir. Ərin qəzəbi Allahın qəzəbinə səbəb olur.

Belə ki, bu qanunu pozan qadınlara ağır cəzalar və cəhənnəm vədəsi verilir ki, bu özü də Allahın qəzəbindən nəşət tapır. Bu da bizim əvvəldə qeyd etdiyimiz müddəanın inkarolunmaz şahidlərindəndir. İndi isə başqa bir qisminə işarə edirik.

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Əgər bir qadın yer üzünün bütün qızıl-gümüşlərini ərinin evinə gətirsə, sonra ona minnət qoyub “bunlar mənim malımdır, sən kimsən?!” desə, bütün ibadətləri məhv olacaq, hətta əgər yer üzünün ən yaxşı ibadət edənlərindən olsa belə.”[309]

Biz əvvəlki bəhslərdə göstərdik ki, qadınların maddi istiqlaliyyəti var, onlarda istədikləri kimi, hər cür istifadə edə bilərlər. Amma burada uzundillilik məsələsi olduğuna, öz mal-dövləti vasitəsi ilə ərinin qəlbini sındırdığına görə müqəssir sayılır və İlahi dərgahda cəzalanacaqlar.

Bu fəslinsonunda bir daha təkrar edirik ki, ən yaxşı qadın o qadındır ki, ərinə itaət etsin; ən pis qadın odur ki, ərinin əmrindən boyun qaçırtsın.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Qadınların ən yaxşı sifətlərindən biri də budur ki, ərlərinin sözünə baxıb əmrlərinə tabe olsunlar.”[310]

İslam cəmiyyətinin agah və dindar qadınları gərək islamın onların mənafeyini əks etdirən həyatbəxş qanunlarına tabe olsunlar, yadların zəhərli təbliğatlarına aldanmasınlar. Qərbdəki əxlaqi fəsadlara, fahişəliyə, ailə və ictimaiyyətdəki yaranan əmin-amansızlığa diqqət yetirsinlər. Çünki, onların hamısı səhih olmayan mədəniyyətlərinin nəticəsidir.

QIRX DOQQUZUNCU FƏSİL

CİNSİ EHTİYACLARIN TƏMİN OLUNMASI

Evlənmədə əsl hədəflərdən biri də layiqli və əməlisaleh övladalara malik olmaqdır. Onlar da qadınların bərəkəti ilə yaranır. Buna görə də qadının uşaq sahibi olması islam nəzərindən mühüm bir imtiyaz hesab olunur. Doğmayan qadınlarla evlənmək məkruh sayılır. Hər insanın daxilində qoyulmuş cinsi ləzzətlərin fəlsəfə və səbəblərindən biri nəsil artırmaq və insan nəslini qoruyub-saxlamaqdır. Buna görə də istimna, livat və sair kimi yaramaz, mənfur əməllər, insaniyyəti əsl yolundan inhirafa, əyriliklərə salmasına, habelə ağlasığmaz əməl olduğuna görə qadağan edilmişdir. Bu əməlləri görənlərə islam dinində ağır cəza tədbirləri təyin olunmuşdur.



Geri   İrəli
Go to TOP