A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda evlilik və ailə hüquqları-2
Müəllif: Əliəkbər Babazadə
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


“Ey insanlar, ibadət məqamında, məscidə gedərkən özünüzü səliqəyə salıb bəzənin. Və de: Kim Allahın Öz bəndələrinə məxsus etdiyi nemətləri haram etmişdir?”[36]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

“Allah taala Özü gözəldir və gözəllikləri də sevir, bəndələrindən də istəyir ki, Onun lütf və nemətlərini zahir etsinlər. Kifayət qədər maddi imkanları olan halda bəzənməklə, zinət verməklə öz şəxsi paltar və məskənlərini, habelə ümum məkanları bəzəyib təmiz saxlasınlar.”[37]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Allah taala gözəldir və gözəlliyi də sevir. O, ehtiyaclı olmağı izhar etməyi düşmən tutur.”[38]

Əgər Xudavənd Öz imanlı bəndələrindən olan süffə səhabələrini Quranda tərifləyirsə, bu onların izzəti-nəfs göstərmələri fəqirlik və pərişanlıq izhar etməmələri xatirinədir. Onlar müsəlmanların içərisində ən kasıb olmalarına baxmayaraq bu barədə bir şey izhar etməmişlər.[39]

Həzrət İmam Sadiq (əleyhissalam) Mədinədə olarkən bir müddət kasıblaşdı. Şəhər əhalisi bundan xəbər tutduqda söz-söhbətlər başlandı. İmam (əleyhissalam) bu söz-söhbətdən agah olduqda, yoxsulluq sirrinin aşkar olmasının qarşısını almaq məqsədi ilə min dirhəm məqbləğində pulu Mədinənin valisinə malının zəkatı kimi göndərib öz ictimai abır-heysiyyətini qoruyub saxladı.[40]

İmam Riza (əleyhissalam) buyurur:

“Peyğəmbərlərin əxlaqından biri də paklıqdır.”[41]

İmam Həsən (əleyhissalam)-ın gözəl və səciyyəvi xüsusiyyətlərindən biri də bu idi ki, namaz vaxtlarında ən yaxşı və gözəl paltarlarını geyinərdi. Bu işin səbəbi barəsində soruşduqda buyurardı: “Allah Özü gözəldir və gözəllikləri də dost tutur. Mən də Allahım üçün bəzənirəm.”[42]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Cümə günləri qusul edin, hər kəs cümə günü qusul etsə, bu iş onun bir həftəlik günahlarının kəffarəsi olar.”[43]

Yenə buyurur:

“Dişləri təmizlədikdən sonra qılınan namaz Allah yanında dişləri təmizləmədən qılınan 70 rəkət namazdan sevimlidir.”[44]

Başqa bir hədisdə buyurur:

“Ümmətimin zəhmətə düşməsindən qorxum olmasaydı, onlara dəstəmaz kimi, hər namaz vaxatı mesvak vurmalarını da vacib edərdim.”[45]

Bu hədisdən məqsəd budur ki, dişi təmizləmək vacib həddində olmasa da, təkidli bir müstəhəb əməldir. Yuxarıdakı ayə və rəvayətlər göstərir ki, paklıq, nəzafət və səliqəlilik mühüm bir məsələdir və Allah taala ona riayət etmək üçün müxtəlif göstərişlər vermişdir. Peyğəmbər və Məsum imamların da təkidli tövsiyələri məhz bu əsasda olmuşdur. Allah taala bu məsələlərə riayət edənləri əfv edərək bağışlayır, bu əməllər üçün çoxlu mükafatlar təyin edir. Bütün müsəlmanlara, xüsusilə ictimai yerlərdə yaşayan şəxslərə lazımdır ki, bu gözəl xüsusiyyətə riayət etsinlər.

KİŞİNİN èAKLIĞI HƏYAT YOLDAŞINI İFFƏTLİ OLMASINA SƏBƏB OLUR

Bu fəslin əvvəlində qeyd etdik ki, bütün insanlar təbiətən gözəlliyi sevirlər. Bu cəhətdən də İslam dini kişilərə göstəriş verir ki, bəzənsinlər, vüqarlı hərəkət etsinlər, çirkli olmaqdan uzaq olsunlar. Çünki qadınlar istəyirlər ki, ərləri onlarla səliqəli, bəzənmiş halda yaşasınlar və onların daxili istəklərinə diqqət yetirsinlər. Əgər kişilər bu kimi incə məsələlərə riayət etməsələr və qadınlar da dindar və lazımi təqvaya malik olmasalar, şeytansifətlərin, həvayi-nəfsə tabe olanların hiyləgər və məkrli planlarına, torlarına düçar olub əxlaqi cəhətdən əyri yollara düşə bilərlər. Həmçinin qeyd olunan surətdə hətta dindar olsalar belə, ərinə qarşı məhəbbəti, eşq-əlaqəni tədricən əldən verirlər. Buna əsasən, paklığı, səliqəliliyi qoruyub saxlamaq dini vəzifə sayılır.

İmam Kazim (əleyhissalam)-ın səhabələrindən biri olan Həsən ibni Cəhim deyir: İmam Musa ibni Cəfər (əleyhissalam)-ı bəzənmiş və həna qoymuş halda gördüm ki, hər kəsi özünə cəzb edirdi. O Həzrətdən soruşdum ki, ey mənim mövlam, siz də həna çəkirsinizmi? Buyurdu:

“Bəli, çünki kişinin bəzənməsi arvadın iffətli olmasına səbəb olar. Keçmişdə bu məsələyə əhəmiyyət verməyənlərin çoxunun arvadı iffətsizlik yoluna düşmüşlər.”[46]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Paltarlarınızı yuyub-təmizləyin, bədəninizdəki artıq tükləri təmizləyin, dişlərinizə mesvak (fırça) vurun, paklıq və nəzafətə riayət edin. Çünki Bəni israil qövmünün kişiləri çirkli qiyafərdə yaşayırdılar. Bu səbəbdən onların ardvadları ismət pərdələrini yırtıb zina edirdilər.”[47]

Bu hədislər kişinin bəzənib səliqəli olmasını lazım bilir və bu işin həyat yoldaşının pak və ismətli olmasındakı rolunu təkidləndirir, buyurur ki, paklığa riayət etməmək həyat yoldaşının əyri yollara, inhirafa düşməsinə şərait yaradır. Buna görə də, gördüyünüz kimi, paltarın, ağızın həmişə pak, təmiz və səliqəli olması təkid olunaraq diqqət mərkəzində dayanır. Rəsuli Əkrəmin özü vaxtaşırı nəzafətə, paklığa riayət edir, özünə həmişə ətir vururdu. Onun ətri və bəzənməsi üçün sərf edilən xərcləri yeməyə verilən xərclərindən çox olurdu.

İmam Sadiq (əleyhissalam) buyurur:

“Rəsuli Əkrəm ətrə təamdan artıq pul xərcləyirdi.”[48]

Məsum rəhbərlərimiz bu məsələyə tamamilə riayət edərək öz ardıcıllarına və yaxın adamlarına da bu işi tövsiyə edirdilər. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) “Nəhrəvan” müharibəsində Əbdüllah ibni Abbası nümayəndə kimi xəvaric ilə bəhs etməyə göndərdi. O, gözəl paltarlar geyib, ətirləndi, ən bahalı atlardan birinə minib xəvaricə tərəf yola düşdü. Xərvariclər bu mənzərəni gördükdə təəcübləndilər və dedilər: Biz indiyə kimi elə fikirləşirdik ki, sən insanlar içində ən təqvalısısan. Amma indi görürük ki, sən təkəbbürlülərin geyimində bizə tərəf gəlmisən. İbni Assas “Əraf” surəsinin 32-ci ayəsini tilavət etdi. Bu ayə insanların zinətlənməsini göstəriş verir.”[49]

:işilər bilməlidirlər ki, onların bəzənməsinin camaatın nəzəri və şəriət ilə heç bir müxalifətçiliyi yoxdur, əksinə, ümumi bir vəzifədir ki, Məsum rəhbərlərimizin özləri əməli olaraq bu işi həyata keçirmiş, eyni zamanda bizə də tövsiyə etmişlər.

İmam Riza (əleyhissalam) buyurur:

“Layiq deyildir ki, kişi bir gün də olsun belə ətir vurmağı tərk etsin.”[50]

(Bu məsələnin əhəmiyyəti səbəbi ilə 40-cı fəsilədə də ona işarə ediləcək.)

OTUZ BİRİNCİ FƏSİL

MEHR-MƏHƏBBƏT OCAĞI

Ailə eşq-məhəbbət, səfa-səmimiyyət ocağı olmalıdır ki, ailə üzvlərinin hər növ yorğunluqları çıxsın, övladlar xüsusi bir məhəbbətlə tərbiyələnsinlər. Ər və arvad da İslamın həyatverici qanunlarından istifadə edərək bir sevincdolu həyata–cənnət həyatına başlasınlar. Bu halda mehr-məhəbbət əhval-ruhiyyəsi ailəyə hakim olar, ailə üzvləri sevincdən, ruhi sağlamlıqdan və inkişafdan faydalanar. Belə ailələr cəmiyyətin ürəyiyanar, mehriban, çalışqan və vəfadar üzvləri olacaqlar. Əgər ər-arvad arasında anlaşılmazlıq yaranarsa, onların həyatının cəhənnəmə çevrilməsindən əlavə, belə ailələrdə tərbiyə olunan övladlar da cəmiyyət üçün ən xətərli və şər ünsürlərə çevriləcəklər. Bu fəsildə qadının əxlaqi hüquqlarından bəhs edildiyi üçün biz ərin öz arvadına qarşı olan vəzifə və borclarını araşdıracağıq. Kişilərə üz tutub deyirik ki, qadınlar Allahın əmanətləri, ərin ətirli gülləridir. Onlar bu gözəl və ətirli güllərin, ilahi əmanətlərin pərvərişinə ciddi əhəmiyyət verməli, insaniyyət qayda-qanunlarına riayət etməlidirlər. Yalnız bu halda belə gözəl rəftarın xoşagələn və şirin təsirlərindən bəhrələnəcəklər. İndi isə bu barədə bəzi İslami hədisləri diqqətinizə çatdırırıq:

“Allahın lütf nişanələrindən biri də budur ki, sizin üçün öz cinsinizdən həyat yoldaşları (zövcələr) yaratdı ki, siz onların yanında aramlıq tapasınız, ünsiyyətdə olasınız. Və Allah sizin aranızda məhəbbət və rəhmət qərar verdi.”[51]

Bu ayədə qadın ərin aramlıq və asayiş amili kimi göstərilmişdir. Ayədəki “məvəddət” və “rəhmət” kəlmələrinə əsasən, ər-arvad arasında olan rabitə eşq-əlaqə, mehribançılıq əsasında olmalı, onun kökləri isə dindən ilham almalıdır. Çünki cinsi qərizələri söndürmək üçün yaranan ötəri həvəslər və məhəbbətlər çox da davamlı olmayıb kiçik bir xoşagəlməz rəftar və maneə ilə ailənin dağılmasına gətirib çıxarır. Allah taala buyurur:

“Öz qadınlarınızla gözəl tərzdə rəftar edin.”[52]

Bu ayədəki “məruf” sözü ehsan və yaxşılıq mənasındadır. Bu kəlmə Qurani kərimdə həyat yoldaşı ilə gözəl rəftar barəsində on iki yerdə işlədilmişdir və bu məsələnin əhəmiyyətini çatdırır.

QADIN ƏRİN MƏŞUQƏSİ VƏ DİLRUBASIDIR

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Qadın öz əri üçün dilbər və məşuqədir. Hər kəs arvad alsa, ona nəvaziş edib onu qorumalıdır.”[53]

İmam Baqir (əleyhissalam) qadını dilrubaya, dilbərə, məşuqa oxşadıb buyurur ki, “onların saxlanmasında, qorunmasında səy edin, hüquqlarını zay etməyin.”[54]

Bu hədislərdə işlənən “löbət” kəlməsi uşağın məhəbbət bəslədiyi şeylərə deyilir. Buradan aydın olur ki, qadın ərinin sevimlisi, eşq bəslədiyi şəxs olmalı, ər də onun qorunub saxlanmasında hüquqlarına riayət etməkdə səhlənkarlıq etməməli, qəlbini dərin məhəbbətlə, nəvazişlə özünə cəlb etməlidir. Çünki hər bir məhəbbət dolu rəftar qadının duyğularını, eşqini cuşa gətirərək onu ərinə qarşı daha da mehriban və səmimi edir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Kişinin öz arvadına “mən səni sevirəm” deməsi heç vaxt onun qəlbindən çıxmaz.”[55]

İslam öz ardıcıllarına göstəriş verir ki, hər kəsi çox istəsəniz, onun özünə bildirin, çünki bu dostluğun izhar edilməsi dostluğun və qarşılıqlı məhəbbətin möhkəmlənməsində çox təsirlidir.

İmam Sadiq (əleyhissalam) buyurur:

“Hər kəsi çox istəyirsənsə, ona bildir. Çünki dostluğun elan edilməsi aranızdakı dostluq və qarşılıqlı məhəbbəti daha da artırar.”[56]

Əgər bu İslami göstərişə ictimaiyyətdə, xüsusilə ailə mühitində əməl olunarsa, müsəlman cəmiyyətləri və ailələr eşq-məhəbbət, səfa-səmimiyyət ocağına çevriləcəkdir. Bu barədə ər-arvad üçün hər növ utancaqlıq, xoşagəlməz, bəyənilməz sayılır. Onlar hökmən bir-birinə qarşı məhəbbət izhar etməklə səfa-səmimiyyətin öz aralarında daha da artmasına, beləliklə də ailənin bünövrəsinin möhkəmlənməsinə səbəb olar.

HƏYAT YOLDAŞINA MƏHƏBBƏT İMAN ƏLAMƏTİDİR

Ailədə dinc və sağlam əhval-ruhiyyədə yaşamaq müqəddəs İslam dininin ən böyük hədəflərindən biridir. Hər kəs bu məsələyə diqqət yetirsə, deməli dindar və vəfalı bir kəsdir; hər kəs buna etinasız yanaşarsa, dini və ictimai nəzərdən dəyərsiz bir şəxsdir. Həzrət Rəsul (səlləllahu əleyhi və alih) buyurur:

“Bir bəndənin imanı nə qədər artsa, qadınlara qarşı məhəbbəti də bir o qədər artar.”[57]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Bir kəsin bizə məhəbbəti nə qədər artsa, bir o qədər də arvadına məhəbbəti artar.”[58]

Həzrət yenə buyurur:

“Peyğəmbərlərin əxlaqından biri də öz arvadlarını sevməkdir.”[59]

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

“İnsanların iman nəzərindən ən yaxşısı ən gözəl əxlaqı olanı və öz əhli-əyalına lütflü və mehriban olanıdır. Və mən öz əhli-əyalıma hamınızdan artıq mehribanam.”[60]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Mən heç də güman etmirəm ki, bir nəfərin imanı xeyir cəhətindən artmış olsun, amma öz qadınlarına məhəbbəti artmasın.”[61]

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

“Əsir başqasının ixtiyarında olduğu kimi, qadın da ərinin ixtiyarındadır. Buna görə də Allah dərgahında sizlərdən ən yaxşı adam odur ki, həyat yoldaşı barəsində ehsan etsin, ona qarşı ən mehriban şəxs olsun.”[62]

Bu hədis və kəlamlardan nəticə alırıq ki, ilahi övliyalar və peğəmbərlər öz həyat yoldaşlarını sevmiş, onlara məhəbbət və ehtiram göstərmişlər, öz ardıcı‰larına da tövsiyə etmişlər ki, öz qadınlarının qədəmlərini əziz saysınlar. Bu məsələ imanın bir hissəsi, dinin, etiqadın nişanəsi kimi təqdim edilmişdir. Bu qəbildən olan kişilər İlahinin dərgahına ən yaxın və ən əziz insanlar hesab edilir. Hətta Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) özünü bu ilahi qanuna əməl etmək nəzərindən insanların ən irəlidə olanı bildirmişdir. Başqa bir hədisdə bu məsələyə əhəmiyyət verməmək bədbəxtlik və axirət əzabının amili kimi göstərilir. İndi isə sizin diqqətinizi bir tarixi hadisəyə cəlb edirik.

Ənsarın ən nüfuzlu şəxsiyyətlərindən biri olan Səd ibni Məaz Mədinə şəhərində Peyğəmbərə iman gətirən ilk səhabələrdən biri idi. O, “Bədr” müharibəsində bütün varlığı ilə Həzrət Peyğəmbəri müdafiə etmişdi. “Əhzab” müharibəsində müsəlmanların əksəriyyətinin canına qorxu, vəlvələ düşdüyü bir zaman Həzrətə ərz etdi: “Ya Rəsuləllah, öz şəmşirlərim ilə təcavüzkarların müqabilində dayanacağam.” O, elm, təqa və mövqe baxımından Peyğəmbərin yanında elə bir məqama malik idi ki, Həzrət onu Bəni Qüreyzə münafiqlərini cəzalandırmaq üçün hakim təyin etdi və Cəbrəili-Əmin onun bu barədə etdiyi hökmü Allahın haqq hökmü kimi qiymətləndirdi. Səd ibni Məaz Allah yanında o qədər sevimli bəndə idi ki, o vəfat edərkən Allahın ərşi lərzəyə gəldi. 90 min məlaikə Cəbrəil ilə birlikdə asimandan nazil olub onun dəfn mərasimində iştirak etdi. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) ayaqyalın və əbasız onun qoyulduğu tabutdan tutmuşdu. Hətta Həzrət özü şəxsən ləhəd daşlarını öz rəhmət əlləri ilə möhkəmlətdi. Belə ki, o vaxta qədər Həzrətdən belə iş görünməmişdi. Sədin anası Həzrətdən bu qədər lütf və mehribanlıq müşahidə etdikdə vəcdə gəlib dedi: “Ey Səd, xoş olsun halına, behiştə getdin!” Həzrət buyurdu:

“Allahın tərəfindən yəqinliklə danışma! (Bu ilahi insanın bütün təqva, iman, şücaət və sair məziyyətləri ilə yanaşı, tam təəssüflə ailədəki əxlaqı çox da xoşagələn deyildi. Ailəsində azacıq kobud rəftar edirdi.) Bu səbəbdən də qəbir onu sıxdı.”[63]

Bu hədisdən aydın olur ki, ailədə yaxşılıq etməli, Allah eləməmiş, kobud rəftardan uzaq olmalıyıq.

HƏYAT YOLDAŞI İLAHİ ƏMANƏTDİR

Qadınlarla yaxşı rəftar etməyi İslam dini çox təkid edir. Belə ki, hətta onları Allahın əmanətləri kimi təqdim edərək onların hüquqları barəsində azacıq belə laqeydliyi, etinasızlığı, diqqətsizliyi ilahi əmanətə xəyanət hesab edir. Buna əsasən, bu böyük və ilahi nemətin, əmanətin qorunmasında səy etməliyik ki, ilahi ədalət məhkəməsində mühakiməyə çəkilməyək. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qızı Fatiməni Əli ibni Əbutalib (əleyhiməssalam)-ın evinə köçürəndə ona buyurdu: “Ya Əli, qızım sənin əlində əmanətdir.”

Bu məsələ İslami tarix və rəvayətlərdən əlavə, Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın öz kəlamlarında da görünməkdədir. Belə ki, o Həzrət Zəhranı dəfn etdikdən, mübarək əlləri ilə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in əmanəti olan o məzlum xanımı təhvil verərkən məlum olur. Belə ki, o həzrət Rəsuli Əkrəmə salam verdikdən, Həzrət Zəhraya qarşı edilən zülmlərdən, haqqını qəsb edənlərdən şikayət etdikdən sonra dedi:

“Ey Peyğəmbər, Allahın və Onun Rəsulunun əmanəti təhvil verildi və o, sənə doğru gəldi. Mən isə bundan sonra həmişə qəmli olacağam, gözlərimə yuxu getməyəcəkdir.”[64]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Həqiqətən qadınlar kişilərin yanında heç bir xeyrə və ya zərərə malik deyillər. Onlar sizin yanınızda olan ilahi əmanətlərdir. Onlara əsla zərər yetirməyin, hüquqlarını unutmayın.”[65]

Osman ibni Məzunun arvadı Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-dən ər-arvadın hüquqları barəsində soruşdu və Həzrət onların hüquqlarını şərh edərək buyurdu:

“Qardaşım (Cəbrəil) həmişə qadınları tövsiyə edirdi. O qədər tövsiyə etdi ki, belə sandım ki, kişinin öz arvadına “uf” deməsi belə caiz deyildir. O mənə xəbər verib dedi ki, ey Mühəmməd, qadınlar barəsində Allahdan qorx və onlarla müdara et! Çünki onlar sizin əlinizdə olan əmanətlərdir. Siz onları ilahi əhd-peyman əsasında əmanət almısınız və onların namuslarına, canlarına hakim kəsilmisiniz. Onların barəsində yaxşılıqdan başqa bir iş görməyin.”[66]

Bu hədisdən aydın olur ki, qadınlar ərlərinin əlində əmanətdir. Onların barəsində hər növ qəflət, qüsur, ifrat və ya təfrit ilahi dərgahda məsuliyyətə səbəb olur. Ona görə də bacardıqca bu nemətlərin qədrini bilməliyik. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) öz oğlu Məhəmməd Hənəfiyyəyə buyurur ki,

“Bacardıqca öz arvadınla müdara et və onunla yaxşı rəftar et ki, səfa-səmimiyyətlə, məhəbbətlə dolu olan bir həyata, məişətə malik olasan.”[67]

Bu vəsiyyətin oxşarını o Həzrətin öz oğlu Həsən (əleyhissalam)-a etdiyi vəsiyyətində də görmək olar.[68]

SÖZƏ BAXMAYAN QADINLARLA RƏFTAR TƏRZİ

Bəzi hallarda arvadlar agahlıq olmadığı üçün, yaxud düzgün İslami tərbiyənin və ya mədəniyyətin olmaması və sair amillər üzündən ərlərinin sözünə baxmır, onlara əziyyət verir, ailənin səfa-səmimiyyətini cəhənnəmə döndərir. Belə olan hallarda agah ərlər özlərindən kobud və tünd reaksiya göstərməməli, onların amillərini, köklərini araşdırmalıdır. Əgər onun özü şəxsən bu amilləri araşdıra bilməsə, onda dindar və agah şəxslərdən kömək alıb üsyankarlığın, sözə baxmamazlığın köklərini kəsmək üçün bir tədbir görməlidir. Bu halda ailədə baş verən çatışmamazlıqların çoxu aradan qalxacaq. Xüsusilə cavan ər diqqət yetirməlidir ki, heç bir qadın əri üçün, habelə, heç bir ər arvadı üçün ideal tərzdə ola bilməz. “ərək razılaşma, səfa-səmimiyyət və sazişi dava-dalaşdan, təhqir və tənqiddən üstün tutsunlar. Üsyankar və sözəbaxmayan qadınları atifi ləhzələr vaxtı adətən nəsihət yolu ilə, qəzəb və kobudluqdan, habelə başqalarının gözündən uzaq olmaq şərti ilə sözəbaxan etmək lazımdır. Kişi sözə baxmamağın gətirəcəyi zərərlər, qarşılıqlı anlaşma olmayan vaxtlardakı yaranan müşküllər barəsində onu qane etməli və başa salmalıdır ki, bu işlərin nəticəsi nəhayət onun evinə qayıdacaqdır. Cavan kişilərin həmişə riayət etməli olduqları məsələlərdən biri də həyat yoldaşını təhqir etməkdən uzaq olmalıdır. Həmçinin kişi arvadına və onun ailəsinə ehtiram qoymalı, həyatında, məişətində rifah və firavanlıq yaratmalı, onun cinsi və ruhi ehtiyaclarını təmin edərək hər növ bəhanənin qarşısını almalı, həyat yoldaşını fikri istiqlaliyyətə doğru rəğbətləndirməli, başqalarının dəxalət etməsinin qarşısını almaqla müştərək həyatın şirin gələcəyini onun nəzərində canlandırmalı, həyatın, mənzilin müşküllərini müzakirə edərək onun özündən bu kimi müşküllərin həllində kömək istəməlidir. Bütün bunlar müştərək həyatın davam etdirilməsi üçün ən münasib yollardan biridir. Həyat yoldaşı sözə baxmayan qadınlar olan kişilər mütləq imamların həyatına diqqət yetirib onların bəzi hallarda sözə baxmayan qadınları olduqda onlarla necə davranıb rəftar etmələrini öyrənib ibrət almaq lazımdır. O Həzrətlərin ardıcılları da daha dözümlü olmalıdırlar.

İndi isə sizin diqqətinizi bu barədə olan bəzi hədislərə cəlb edirik. İmam Sadiq (əleyhissalam) buyurur:

“Atamın sözə baxmayan bir arvadı var idi ki, həmişə ona əzab-əziyyət verirdi, amma atam bunun əvəzində onu əfv edirdi.”[69]

İlahi peyğəmbərlərdən biri olan Hud (əleyhissalam)-ın arvadı ona əziyyət verirdi, üstəlik onun düşmənləri ilə əlbir olurdu. Amma Həzrət Hud (əleyhissalam) o qadının sağ qalmasını istəyir, buyururdu:

“Mömini bir kəs əziyyət etməlidir, yaxşı olar ki, bu əziyyət öz yanında olan qadını tərəfindən olsun.[70]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Həzrət İbrahim (əleyhissalam) özünün sözə baxmayan (üsyankar) əhval-ruhiyyəsi olan Saradan Allaha şikayət etdi. Allah da cavabında buyurdu: “Ey İbrahim, öz arvadınla keçin, çünki (sözə baxmayan, üsyankar) qadın əyri sümük kimidir. Əgər düzəltmək istəsən, onu sındırarsan, əgər öz halına buraxıb dəyməsən, ondan bəhrələnərsən.”[71]

Qeyd edək ki, qadınlar çox zərif, incə və atifəli varlıqlar olub ailə daxilində əsaslı rol ifa edirlər, eyni zamanda onların qəlbi çox nazik və həssasdır. Onlara qarşı çox diqqətli və ehtiyatlı olmalı, onlara nəvaziş göstərməli və əvəzində onlardan müsbət istiqamətdə faydalanmalısınız. Əgər kobudluq və bədrəftarlıq etsəniz, bu zərif varlıqlar bir növ “sınacaq” və artıq istifadə üçün yararlı olmayacaqlar. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) qadınların zəriflikləri barəsində bu həqiqətə işarə edərək oğlu Həsən (əleyhissalam)-a buyurur:

“Qadın zərafətlik və həssas olmaqda reyhan gülü kimidir. “özəl və ətirli olmaqla yanaşı, çox həssasdır. O qəhrəman deyildir ki, ailənin və ictimaiyyətin ağır məsuliyyətli işlərini görsün.”[72]

Bu hədislər göstərir ki, ilahi övliyaların, Məsum imamların bəzilərinin sözə baxmayan, üsyankar arvadları olmuş, amma o Həzrətlər onların xətalarını görməməzliyə vuraraq öz həyatlarını davam etdirmişlər; həyat yoldaşlarının onlara qarşı rəva gördükləri zülm və sitəmi qəbul etmiş, ancaq özləri heç vaxt onlara zülm etməmişlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu həqiqətə işarə edərək buyurur:

“Üç dəstə adam var ki, əgər qorxuları olmasa, zülm edərlər: 1-alçaq fitrətli insanlar, 2-sözə baxmayan qadınlar, 3-xidmətçilər.”[73]

Diqqət yetirilməlidir ki, qadının etdiyi zülmlərin qarşısını almaq üçün ona əzab-əziyyət vermək olmaz, əksinə, ağlasığan yolla, məhəbbət dolu baxışlarla, gözəl rəftarlarla onlara xətalarını anlatmaq lazımdır.

NƏ ÜÇÜN SÖZƏ BAXMAYAN QADINLARLA YAXŞI RƏFTAR EDƏK?

Qeyd etdiyimiz kimi, bədrəftar və üsyankar qadınları müxtəlif yollarla tərbiyə etmək olar. Əgər tam islah olmasalar, onların xətalarını nəzərə almamaq, üzə vurmamaq həyatı təlatümlü bir dənizə çevirməyin qarşısını müəyyən qədər alır, qəm-qüssələri müəyyən qədər azaldır. Çünki ixtilafları davam etdirmək, onları şişirtmək insanın ömrünü puç edir, canını əridir, evi müharibə səhnəsinə çevirir. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

“Əksəriyyəti ailə mühitində olan qəm-qüssələr insanın tez qocalmasına səbəb olur.”[74]

Həzrət başqa bir hədisdə buyurur:

“Qəm-qüssələr insanın bədənini əridib aradan aparır.”[75]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Hər kəs öz ailəsi və həyat yoldaşı ilə yaxşı rəftar etsə və öz müştərək həyatını belə davam etdirsə, Allah onun ömrünü uzadar.”[76]

İmam Səccad (əleyhissalam) cəmiyyətdə mövcud hüquqları bəyan edərkən qadının hüququna da işarə edərək buyurur: “Ər və arvad bir-birinə qarşı Allahın yaratdığı qarşılıqlı nemətlər kimidir və gərək bu nemətlərin qədri bilinsin, onlar bir-birini əzizləsinlər, nəticədə bir-birinə qarşı məhəbbətlə yaşasınlar.”

Bu fəslin sonunda zəruri bir məsələni xatırlatmağı lazım bilirik: o da bundan ibarətdir ki, həyat yoldaşı ilə mülayim, yaxşı rəftar etmək islam qanunları çərçivəsində olmalıdır. Buna əsasən, İslama zidd olan qeyrətsizlik, qadın və kişinin hicabsız surətdə qarışığından ibarət olan məclislərin təşkil olunması, camaatın gözləri önündə qadınların heysiyyətlərini aradan aparıb oyuncağa döndərmək kimi işlər ümumiyyətlə (haram olub) bizim bəhsimizdən xaricdir.

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın nəzərincə “ailəsinə və həyat yoldaşına qarşı qeyrətsizlik və etinasızlıq göstərənlər imansızdırlar.”[77]



Geri   İrəli
Go to TOP