A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda evlilik və ailə hüquqları-2
Müəllif: Əliəkbər Babazadə
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu hadisənin oxşarını Salman da demişdir. O deyir: Əlinin evinə getdim, gördüm ki, Peyğəmbərin qızı un üyüdür. Bu işdə o qədər əziyyət çəkirdi ki, əlləri şişmiş və əl dəyirmanının dəstəyi qana bulaşmışdı. Elə bu halda oğlu Hüseyn acından ağlayırdı. Həzrət Zəhraya dedim: Ey Peyğəmbərin qızı, nə üçün Fizzəni köməyə çağırmırsan? Cavab verdi ki, atamın buyuruğuna əsasən, bir gün o, bir gün isə mən işləyirəm. Bu gün onun istirahət günüdür. Salman deyir: Mən Fatimənin icazəsi ilə onun yerində oturdum və un üyütməyə başladım. Namaz vaxtı Həzrət Rəsulun yanına gedib namaz qıldım, gördüklərimi Əli (əleyhissalam) üçün nəql etdim. O Həzrət hey ağlayırdı. Sonra Fatimənin yanına gedib az müddətdən sonra üzündə təbəssüm bizim yanımıza qayıtdı. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) onun sevincinin səbəbi barəsində soruşdu. Əli (əleyhissalam) cavab verdi ki, mən evə gedəndə gördüm ki, qızın Fatimə yatmışdır, Hüseyn də onun sinəsi üstündə yatıb. Amma əl dəyirmanı bir kəs fırlatmadan öz-özünə işləyirdi. Həzrət təbəssüm edərək buyurdu: “Ya Əli, Allahın yer üzündə bir mələyi vardır ki, Mühəmmədə və onun Əhli-beytinə xidmət edir.”[388]

Bəli Fatimeyi Zəhra Əlinin evində çox əziyyət çəkirdi: övladlarını tərbiyə edir, həyat çətinliklərinə dözürdü. Amma çətinliklərə sinə gərir, heç vaxt məğlub olmurdu. Əlinin öladları və Fatimənin özü çox vaxt ac olurdular. Həmçinin Əli və Peyğəmbərin özü də ac olurdu. Nəhayət Həsən və Hüseyn (əleyhiməssalam) babalarını görəndə şikayət edib dedilər ki, babacan, anamıza de ki, bizə yemək versin.[389]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir gün Zəhranı görüb buyurdu:

“Nə üçün rəngin belə saralmışdır? Ərz etdi ki, Ya Rəsuləllah, acından belə olmuşam. Sonra Həzrət onun barəsində dua etdi ki, Allah onun aclığını aradan qaldırsın. Cabir ibni Əbdüllah deyir: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) dua etdikdən sonra Fatimə heç vaxt acmadı.[390]

Burada qeyd edirik ki, Həzrət Peyğəmbər və Əlinin gəliri o qədər də az deyildi ki, belə pərişan olsunlar. Onlar həmişə öz yeməklərini fəqilərə verirdilər. Belə ki, Əli (əleyhissalam) “Nəhcül-bəlağə”nin 200-cü xütbəsində buyurur: Peyğəmbər həmişə səy edirdi ki, özünü dövrünün ən yoxsul şəxsi ilə eyni səviyyədə saxlasın.

Başqa bir hadisəni nəql etməklə bu məsələ daha aydın olar. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) həmişəki adəti üzrə səfərdən qayıdanda əvvəlcə Həzrət Zəhranın evinə baş vururdu. Bir dəfə gələndə gördü ki, evin qapısına bir pərdə asılıb, Əli (əleyhissalam)-ın müharibə qənimətlərindən (öz payından) aldığı boyunbağı qızı Fatimənin boynundadır. Həzrət əvvəlki dəfələrin əksinə olaraq Fatimənin evində dayanmadı və buyurdu:

“Qızım, sən ki qızıl boyunbağı asmısan, camaat deməzmi ki, müstəkbirlər kimi libas geyir və bəzənir?” Zəhra (əleyhissalam) bunu eşidən kimi boyunbağını çıxartdı və onu satıb Allah yolunda bir qul azad etdi.[391]

Bildiyimiz kimi, qadının zinətlənməsi, həyat rifahının yüksəlmək və ailəyə daha yaxışı qulluq etmək dini göstərişlərdəndir, amma Zəhra Peyğəmbərin qızıdır və bütün dini-siyasi mülahizələri nəzərə almalı, elə sadə yaşamalıdır ki, bu hal yalnız yeganə nümunə qadına məxsusdur. Mərhum Əllamə Şübbər yazır ki, o zaman müsəlmanların vəziyyəti o qədər ağır idi ki, hətta geymək üçün kifayət qədər paltarları yox idi, namazda rükuya gedəndə ovrətləri arxadan görünürdü, buna görə də Peyğəmbər əmr etmişdi ki, qadınlar kişilərdən qabaq rükudan qalxmasınlar.[392]

Həzrət Fatimənin həyat tarixi göstərir ki, o, ərinin evində işləyirmiş. Beləliklə də qadınlara ər evində işləməyi tövsiyə etmişdir.

ƏR EVİNDƏ İŞLƏMƏYİN SAVABI

47-ci fəsildə ər saxlamağın mükafatları barəsində söhbət olundu. İndi qısa şəkildə qazın ər evində işləməyinin savabını göstərən bir neçə hədisi qeyd edirik. Ümidvarıq ki, əziz oxucular üçün faydalı olacaq. İmam (əleyhissalam) buyurur:

“Hər qadın ərinin evində 7 gün xidmət etsə, mütəal Allah cəhənnəmin bütün qapılarını onun üzünə bağlayar və behiştin bütün qapılarını onun üçün açar; o, hər qapıdan girməkdə azaddır.”[393]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) də bu barədə buyurur ki, “bu işlər halal və ən böyük ibadətlərdəndir.”[394]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Hər qadın həyat işlərində əri ilə müdara etməsə (yola getməsə), ağır xərcləri ona qəbul etdirsə, nə qədər ki, bu şeytani işdən tövbə etməmişdir, Allah taala onun ibadətlərini, fəzl və bəxşişlərini qəbul etməz.”

Bu hədisdə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur ki, qadın maddi məsələlərdə əri ilə razılaşmasa, onu gücü çatmayan şeylərə məcbur etsə, Allah o qadının ibadətlərini qəbul etməz və onu Öz qəzəbinə düçar edər.[395]

Bir hədisdə oxuyuruq ki, Allah taala əri ilə yola gedən qadınları Bərrin behiştlərində Fatimə (əleyha salam) ilə birlikdə məşhur edəcəkdir.[396]

Əli (əleyhissalam) da ərinin mal-dövlətini qoruyub saxlayan qadınları tərifləmişdir.[397]

ƏLLİ BEŞİNCİ FƏSİL

ƏRƏ QARŞI MİSİLSİZ EŞQ

Layiqli qadınların bəyənilən xüsusiyyətlərindən biri də ərlərinə qarşı misilsiz eşq-məhəbbət bəsləməkdir. Bu məsələ o qədər təsirli və əhəmiyyətlidir ki, böyük din fəqihləri bu xüsusiyyəti nikahın əsas şərtlərindən biri hesab etmişlər. Bu xüsusiyyət olmadan ərin qarşılıqlı məhəbbəti və aram ruhu mümkün deyildir. Qəti şəkildə demək olar ki, ərinə həqiqi mənada aşiq olan qadın heç vaxt onun sözündən çıxmaz.

Ailə həyatının əsası mehr-məhəbbət əsasında qurulmuşdur. Allah taala “Rum” surəsinin 30-cu ayəsində bu həqiqəti aşkar şəkildə bəyan edir. Buna görə də Allah ər-arvad arasında o qədər məhəbbət yaradır ki, onun mislini heç kəsdə yaratmamışdır. İndi sizin diqqətinizi bu barədə bir hədisə cəlb edirik. Əli ibni Hüseyn (əleyhissalam) buyurur:

“Allah taala qadını əri üçün aramlıq səbəbi qərar vermişdir və bu, həqiqətdə böyük ilahi bir nemətdir.”[398]

Bu hədisdən aydın olur ki, qadın belə bir xüsusiyyətə malik olmazsa, aramlıq mümkün deyildir. Həyat yoldaşı islami əxlaqla, məhəbbət dolu baxışlarla, gözəl və bəzənmiş halda əri ilə qarşılaşarsa, rifahını, imkanlarını və həyat yoldaşının asayişini təmin edərsə, şəksiz ki, onun aramlığını da təmin etmiş olar və nəticədə ailə ocağında mehriban, ürəyiyanar və işgüzar övladlar tərbiyə olunar.

Ümmü Sələmə deyir: “Zəhra bəxt evinə gedəndə Peyğəmbər Əli və Fatiməni öz hüzuruna çağırdı. Əlinin sağ əlini, Fatimənin sol əlini öz sinəsinə qoyub hər ikisinin alnından öpdü və hər birinin məqamını digərinə tanıtdırdı, məhəbət dolu həyatı onlara tövsiyə etdikdən sonra Fatiməni Əliyə təhvil verdi.”[399]

Bəli, Əli və Fatimə (əleyhiməssalam) agahlıq üzündən ilə evləndilər, onlar bir-birinin məqam və mənzilətini bilirdilər. Bir-birinə o qədər məhəbbət bəsləyirdilər ki, maddi məsələlər və yoxsulluq onların müqəddəs eşqini zərrə qədər belə azalda bilmədi, ailənin səfa-səmimiyyətində sarsıntılara yol vermədi. Əli (əleyhissalam) möhkəm bir dağ kimi olduğu halda Həzrət Fatimə vəfat edəndən sonra onun hicranında özündən taqətsizlik göstərdi, bütün səbri tükəndi. Allah taaladan səbir istədi. Həzrət o qədər zəifləmişdi ki, köməkçi olmadan hərəkət edə bilmirdi; əmisi Abbas onun əlindən tutub evə apardı.[400]

İmam Sadiq (əleyhissalam) nəql edir ki, islam ordusu Rəsuli Əkrəmlə birlikdə cihaddan qayıdırdı. Mədinə arvadlarından bir çoxu şəhid olmuş ərləri, qohum-əqrəbaları barəsində soruşurdu. Bu zaman öz ailəsindən üç nəfər şəhid verən bir qadın Həzrətin yanına gəlib bir-bir onların barəsində soruşdu. Həzrət atasının və qardaşının şəhadət xəbərini ona verdi. Qadın bu xəbəri vüqarla dinlədi və Allaha şükür etdi, səbirsizlikdən əsər-əlamət görünmədi. Sonra əri barəsində soruşdu. Həzrət onun da şəhid olmasını xəbər verdi. Qadın bunu eşidən kimi bütün qüvvəsi əldən getdi, səbirsizlik etdi, onun böyük müsibətindən xəbər verən “vay, vay!” səsləri ucaltdı. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) o qadının öz ərinə qarşı bəslədiyi müqəddəs məhəbbətdən təsirlənərək buyurdu:

“Mən onu belə görüncəyə qədər heç də güman etməzdim ki, qadın öz ərinə qarşı bu qədər məhəbbət bəsləsin.”[401]

Bu hədis göstərir ki, ər-arvadın bir-birinə qarşı bəslədikləri eşq-məhəbbət çox müqəddəsdir. Valideyn-övlad arasında olan məhəbbət belə, bu məhəbbətə çata bilməz. Buna görə də islam dini göstəriş verir ki, mehriban və atifəli qadınlarla evlənin, bu cür qadınlar ən yaxşı qadınlardır. Rəsuli Əkrəm (s) buyurur:

“Qadınların gözəl, layiqli və səciyyəvi xüsusiyyətlərindən biri də budur ki, çox doğan olsunlar və öz ərlərinə qarşı çox məhəbbət bəsləsinlər. Əgər qadın və kişidə islam əxlaqına malik olmaq şərtdirsə, kifayət qədər eşq-məhəbbət də onun bir hissəsidir.[402]

CƏFƏRİN ŞƏHADƏT XƏBƏRİ

Yuxarıdakı hədis və hekayətlərdən məlum olur ki, ər-arvadın bir-birinə qarşı məhəbbəti çox şiddətlidir və heç bir məhəbbət ona çata bilməz. İmam Hüseyn (əleyhissalam) və onun həyat yoldaşı Rübab bu müddəanın şahididir. İslam tarixində çoxlu nümunələr göstərmək olar, onun bəzilərini təqdim edirik:

Mutə müharibəsində islam ordusunun sərkərdəliyi Cəfər ibni Əbitalibə həvalə edilmişdi. O, var-qüvvəsi ilə şücaətlə müharibəyə girişib dini müdafiə etdi. İslam Peyğəmbəri bu müharibədə iştirak etmirdi, amma Mədinədə minbərdə oturub müharibə xəbərlərini (qeybdən) verirdi. Cəfər ibni Əbutalib şəhid olanda və qolları kəsiləndə Həzrət onun ailəsinin yanına gedib onlara əvvəlkilərdən daha artıq nəvaziş göstərdi, uşaqlarını bağrına basdı. Bu zaman Cəfərin həyat yoldaşı Əsma binti Ümeys bu misilsiz nəvazişdən heyrətə gəlib dedi: “Ya Rəsuləllah, elə bilirəm ki, uşaqlarım yetim qalmışlar!” Həzrət buyurdu: “Əgər Cəfər şəhid olubsa da mən onun uşaqlrını qoruyacağam.” Bu zaman Əsma o qədər şivən və nalə etdi ki, Həzrəti heyrətə gətirdi.[403]

BAŞQA BİR HADİSƏ

Bir gün Cəhişin qızı Rəsuli Əkrəmin yanına gəlib islam qoşununda cihad etməklə məşğul olan ailə üzvlərinin vəziyyətini soruşdu. Həzrət əvvəlcə onun dayısı Həmzənin və qardaşının şəhadət xəbərini verdi. O qadın bu iki şəxsin şəhadət xəbərini eşitdikdə istirca ayəsini (“inna lillahi və inna iləyhi raciun”) oxuyub dedi ki, onların şəhadətini Allahın öhdəsinə qoyuram, çünki onlar Allah yolunda şəhid olmuşlar. Sonra Həzrət onun ərinin şəhid olmasını xəbər verdi. Amma bu dəfə o imanlı qadın əvvəlkilərin əksinə olaraq səbirsizlik göstərdi, iki əlli başına vuraraq fəryad və şivən səslərini ucaltdı. Həzrət onun bu hərəkətini gördükdə buyurdu:

“Qadının nəzərində heç nə əri qədər dəyərli deyildir.”[404]

Burada əziz oxuculara üz tutub deyirəm ki, bütün qadın və kişinin ailədə və hətta bütün insanların müxtəlif məqamlardakı müvəffəqiyyətlərinin sirri iki şeydən ibarətdir:

1-Bütün qadın və kişilər üçün ailənin müxtəlif məsələləri barəsindəki agahlıqları və onların əməldə təsdiq edilməsi, həmçinin sair ictimai işlərdə öhdələrinə qoyulan vəzifələrlə tanışlıq və onların yerinə yetirilməsinə iltizam;

2-Bu zəmində lazımi ürəyiyanarlıq. Məsələn, Peyğəmbər və İmamların (əleyhimussalam) Allah dərgahında məsiyət, üsyankarlıq, itaətsizlik etməmələrinin səbəbi iki şeydir: Əvvəla, onlar bilirlər ki, günah ziyanlı bir şeydir. İkincisi, onlar Allaha aşiqdirlər, aşiq öz məşuqunun istəyinin əksinə bir iş görməz, onun əmrlərindən boyun qaçırmaz. Yusif (əleyhissalam) dövrünün fironundan istəyir ki, onu iqtisadi işlər üzrə vəzir seçsin. Onun Misrin iqtisadiyyatını öz öhdəsinə götürməsinin səbəbi məhz bu iki şərt əsasındadır.[405]

Həmçinin, Şüeybin qızı atasına təklif edir ki, Musanı işə götürsün. Bunun da səbəbi həmin şərtlər əsasındadır.[406]

Qadın və kişi ailə işlərinin sirləri və həyat yoldaşı saxlamağın normaları barədə lazımi agahlıq əldə edib onları öz həyatlarında dəqiq şəkildə icra etsələr və bu məsələlər qarşılıqlı məhəbbətlə yanaşı olarsa, ailədə azacıq çatışmazlıq yaranmaz.

Əgər qadınlar, ərləri ilə xüsusilə islam əxlaqı əsasında rəftar etsələr, lazımi dərəcədə bəzənib ərlərini razı salsalar, yadların qarşısında hicablı və iffətli olub ərinin mal-dövlətini və sirlərini qorusalar, nəhayət bu kitabda işarə olunan sair vəzifələrə əməl etsələr, onların arasında azacıq da olsa, narazılıq yaranmayacaq, üstəlik onların qarşılıqlı məhəbbəti günbəgün artacaqdır. Amma son dərəcə təəssüflə qeyd etmək lazımdır ki, çoxları islami göstərişlərə deyil, xurafata, sehr və caduya əl atırlar. Əli (əleyhissalam) bu cür şəxsləri kafirlər kimi təqdim edərək onları cəhənnəm əhli və ilahi əzaba layiq hesab etmişdir.[407]

Bir qadın Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib dedi: “Ərim mənə qarşı bədəxlaqlıq edirdi, mən də ona cadu eləmişəm ki, mehriban olsun. Bunun hökmü nədir?” Həzrət buyurdu: “Vay olsun sənə, dinini, imanını puç etmisən! Allahın mələkləri, yer və göy səni lənətləyir.”

ƏLLİ ALTINCI FƏSİL

HƏYAT YOLDAŞININ TƏQVA VƏ İMANI

Həyat yoldaşının ləyaqət və səciyyəvi xüsusiyyətlərinin ən dəyərlisi və gözəli təqva və imandır. Bu xüsusiyyət hər bir şəxsdə, cəmiyyətdə əmin-amanlığın, xoşbəxtliyin əsas amili olmuşdur. Əli (əleyhissalam)-ın təbiri ilə desək, bu, hidayət açarı, qiyamətin azuqəsi, qul olmaqdan azadlıq səbəbi və bütün fəsad və bədbəxtliklərdən qurtuluş yoludur.[408]

Həzrət Əli (əleyhissalam) başqa hədisdə əxlaqi kamallara, səciyyələrə sahib olmağı təqva və pərhizkarlıq sayəsində bilir, təqvasız şəxsi isə cəhənnəm oduna və Allahın şiddətli qəhr əzabına düçar olacağını bəyan edir. Elə bir od ki, çox qəliz, dərinliyi çox, hərarəti son dərəcə şiddətlidir, əzabı anbaan yeniləşir, oradakıların haraylarına cavab verilmir. Belə bir şəxs əbədi olaraq qəm-qüssədə və giriftarlıqda qalacaqdır.[409]

Yaxşı həyat yoldaşı o qadındır ki, təqvalı və imanlı, ərinə qarşı sədaqətli olsun və bilsin ki, ailə həyatının təməli sədaqət əsasında qurulmuşdur və onların müştərək həyatları hər növ hiylə və məkrdən pak olmalıdır, qadın və kişinin müştərək həyatı hiyləgərlik qəbul etməz və nəhayət axırda məkrlər ifşa olar.

İbrahim Kərxi adlı bir şəxs İmam Sadiq (əleyhissalam)-ın şiələrindən idi. Onun həyat yoldaşı vəfat etdikdən sonra Həzrətin hüzuruna gəlib dedi: Yəbnə Rəsulillah, mənim arvadım çox ləyaqətli və təqvalı idi, çox təəssüflə dünyadan getmişdir. Mənim təzədən evlənməkdən başqa bir çarəm yoxdur. Kiminlə evlənim? Həzrət buyurdu:

“Tam ayıqlıqla, diqqətlə evlənməli, elə şəxsi seçməlisən ki, əmanətdar və təqvalı olsun. Çünki öz malını, canını və sirlərini onun ixtiyarında qoyacaqsan. O, sənin barəndə hər növ rol oynaya bilər.”[410]

Həzrət bu hədisdə həyat yoldaşı seçməkdə çox incə məsələlərə işarə edib öz ardıcıllarına həyat yoldaşının ifa edəcəyi rolu çox mühüm cilvələndirir. Çünki ərin bütün maddi və mənəvi varlığı onun ixtiyarında olur. Buna görə də qadın çox təqvalı və ayıq olmalı, əri ilə həqiqi məhəbbət, ixlas və sədaqətlə rəftar etməlidir. Əks halda ərin ən güclü düşməninə çevrilib onun canına, sirlərinə, var-dövlətinə, namusuna hər vaxt və hər növ xəyanət edə bilər. Buna görə də bu kimi işlərin qarşısını alan ən mühüm amil, yaxşı əmələ sövq edən ən güclü mühərrik məhz həyat yoldaşının təqvasıdır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Hər kəs bir qadını, onun zahiri gözəlliklərinə görə alsa, ondan bəhrələnməz; hər kəs bir qadını, onun mal-dövlətinə görə alsa, yenə də peşman olar. Buna görə də siz dindar və təqvalı qadınlarla evlənməlisiniz.”[411]

İmam Sadiq və İmam Baqir (əleyhiməssalam)-dan nəql olunur ki, bir kişi Rəsuli Əkrəmin hüzuruna gəlib evlənmək üçün məşvərət etdi. Həzrət ona belə yol göstərdi:

““et evlən, amma arvadının yalnız təqva və dindarlığını nəzərə al.”[412]

Bu hədislərdə, gördüyümüz kimi, Həzrət həyat yoldaşının təqva, iman və dindarlığını evlənmənin əsas şərti kimi təqdim edir. Çünki bu iki şərt mövcud olmazsa, həyat yoldaşı ərinin xoşbəxtliyi, ruhunun aramlıq səbəbi ola bilməz.

Burada diqqətinizi iki maraqlı tarixi hekayətə cəlb edirik:

İKİ MARAQLI HADİSƏ

1-Bir gün təqvalı və imanlı bir qadın üzücü zəhmət və ağır müşküllərdən asudə olmaq üçün dəniz kənarına gəldi, amma orada da müşkülə düçar oldu. Çünki əyyaş və şəhvətpərəst bir kişinin gözü ona sataşanda, sanki öz itiyini tapmışdır kimi, onu əyri yola dəvət etdi. Lakin o imanlı qadın şeytani əmələ qurşanmadı. O nanəcib adam zorakılığa əl atıb onunla yaxınlıq etmək istəyəndə qadın əsməyə başladı. Kişi soruşdu: Nə üçün belə əsirsən? Qadın dedi: Mən bu vaxta qədər heç vaxt əyri yola getməmişəm. Bu ləyaqətsiz əməldən Allah dərgahında vəhşət hissi keçirirəm.

:işi bu sözləri eşidəndə qəflət yuxusundan ayılıb öz-özünə dedi: “Bu qadın yalnız bir dəfə əxlaqsız işə, təcavüzə məruz qaldıqda bu qədər vəhşət hissi keçirirsə, onda vay olsun mənə ki, başdan-ayağa fəsada qurşanmışam. Nə üçün həya etmirəm?” Bundan sonra o qadından əl çəkdi və əbədi olaq öz həqiqi yolunu tapdı.[413]

2-İmam Sadiq (ə) buyurur: Bəni israil tayfasında dindar və zahid bir kişi var idi. Onun arvadı da çox imanlı, təqvalı idi. O kişinin qardaşı padşahın sarayında qazı işləyirdi. Bir gün padşah üçün vacib bir iş qarşıya çıxdı. Qazıya göstəriş verdi ki, bu iş üçün dindar və təqvalı bir nəfər təyin etsinlər. Qazı dedi: Heç kəs bu işə mənim qardaşım qədər layiqli deyildir. Nəticədə bu işi ona təklif etdilər. Çox isrardan sonra onu bu iş üçün hazırladılar. O, səfərə gedərkən həyat yoldaşını öz qardaşına əmanət tapşırdı. Amma o qadının gözəlliyi qazının ixtiyarını əlindən aldı, ona aşiq oldu, ehtirasları tüğyan etdi. Bu səbəbdən xəyanət fikrinə düşüb qardaşının namusuna toxunmaq istədi və bu işi qadına izhar etdi. Amma o təqvalı qadının kəskin müxalifəti ilə qarşılaşdı. Qazı dedi ki, əgər razı olmasan, səni padşahın yanında zina ilə müttəhim edəcək, daş-qalaq etdirəcəyəm. Qadın dedi: Mən əyri yola getməyəcəyəm, hər nə istəsən, onu da elə. Nanəcib və təqvasız qazı şəhvətinin əsiri olduğuna görə nəcib və pak qadını padşahın yanında zina ilə müttəhim etdi, daş-qalaq edilməsinə hökm verərək qardaşının namusunu minlərlə daşların altında qərar verdi. Amma Allah taala qadını bu bəladan qurtardı və son nəfəslərində gecə ikən hərəkət etdi.[414]

Bu hadisədən nəticə alırıq ki, qadınlar təqva və iman xüsusiyyətlərinə malik olmasalar, nəinki ixtiyarsız halda özlərini qorumağa qadir olacaq, üstəlik adi şəraitdə də müxtəlif xəyanətlərdən əl çəkməyəcəklər. Onları bu xəyanətlərdən xilas edə biləcək yeganə amil təqva və pərhizkarlıqdır. Buna görə də islam dini həyat yoldaşının təqvasını ərin səadət və xoşbəxtliyində əsas şərt bilir. Bəzi hədislərdə qadının mənsub olduğu ailənin də təqva və pərhizkarlığı nəzərə alınmalıdır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Həyat yoldaşı seçməkdə çox ehtiyatlı olun, çünki qadınlar öz qardaşlarının və bacılarının (oxşarını) dünyaya gətirirlər. Buna görə də həyat yoldaşının ailəsinin nəcabətinə və təqvasına diqqət yetirmək lazımdır.”[415]

Başqa bir hədisdə Həzrət buyurur: “Qızın gözəlliyinə aldanmayın, əksinə, onun ailəsinin təqvasını nəzərə alın.”[416]

Yenə buyurur:

“Ən pis və şər qadın o qadındır ki, təqvasız olsun, çirkin və xilaf işlər qarşısında etinasız olsun və vicdanı günah işdən azacıq da narahat olmasın.”[417]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Heç vaxt qadının gözəlliyi və mal-dövlətinə çatmaq xatirinə onunla evlənmə. Çünki ola bilər ki, qadının sərvəti onu üsyankarlığa və tüğyana vadar etsin, gözəlliyi də onu həsədə və napaklığa çəksin. Buna əsasən, təqvalı və imanlı qadınlarla evlənin ki, ruhi aramlığa nail olasınız.”[418]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Hər insanın dünya və axirət xeyri dörd şeyin bir yerə yığılması ilə müyəssər ola bilər: 1-Allaha mütəvəcceh olan pak qəlb, 2-Allahın zikri ilə məşğul olan dil, 3-Ruzgarın müşküllərində və cismi xəstəliklərdə səbr; 4-Ərinin işlərində və onun namusunun qorunmasında kömək edən imanlı və təqvalı həyat yoldaşı.”[419]

Qadınlar adətən məhəbətli, atifəli və ürəyiyanan varlıqlardır, amma eyni zamanda çox həssas və emosional xüsusiyyətlərə malik olan varlıq olub əqli məsələlərdə, uzaqgörənlikdə onlarda zəiflik hiss olunur. Əvvəlki fəsillərdə bu barədə söhbət etmişdik. Buna əsasən, bu kimi ürəyiyanar insanlar lazımi vəfadarlığa, təqvaya malik olmasalar, şeytani fikirlər, yanlış və istismarçı mədəniyyətlər müqabilində, yadların, əcnəbilərin təhriki ilə ani olaraq öz yollarını itirir, məğlubiyyətə düçar olurlar. Bu barədə İmam Sadiq (əleyhissalam) buyurur:

“Tamam əyar və imanı kamil olan qadın qara rəngli inəyin üstündə olan ağ bir nöqtəyə bənzəyir.”[420]

Əlbəttə, o qədər imanlı, fədakar, şir ürəkli qadınlar vardır ki, təkcə özlərini deyil, həm də ərini və övladlarını təqvaya, insani kamala çatdırırlar. Başqa sözlə desək, ləyaqətli və ürəyiyanar insanlar məhz belə pak və təqvalı anaların mehr-məhəbbət dolu qucaqlarında böyüyüb tərbiyə almışlar.

Ümidvarıq ki, bütün qadın və kişilər, onların ailə üzvləri tam agahlıqla təqva və pərhizkarlığa riayət edərək səadətə çatsınlar, nəfsani həva-həvəslərlə mübarizə aparsınlar, ictimaiyyətin və ailənin mənafeyini nəzərə alsınlar, özləri özlərinə hakim olsunlar. Bu xüsusiyyət hər şeydən üstündür.

Süleyman peyğəmbərdən nəql olunub ki, həvayi-nəfsi təsxir edib ixtiyarına alan bir şəxs təklikdə bir şəhəri fəth edən şəxsdən çox-çox güclüdür.[421]

Bəli, ola bilsin ki, bir kəs bütün dünyaya hökmranlıq etsin, amma öz nəfsinə qul olsun.[422]

Həzrət Əli (əleyhissalam) buyurur:

“Hər kəs təqvanın əksinə hərəkət edərək həvayi-nəfsinə tabe olarsa, axirətini dünyaya satar.”[423]

ƏLLİ YEDDİNCİ FƏSİL

QADININ ELMİ TƏHSİLİ

Hər aqil insanın yaxşı xüsusiyyətlərindən biri kamal axtarmaqdır ki, müntəzəm surətdə ona doğru irəliləyir və bu yolda çoxlu müşküllərə dözür ki, məqsədinə çatsın. Onun kamalının nə olması və onu tanımaqda nəzərlər müxtəlif ola bilər və hər kəs müəyyən bir şeyi özü üçün kamal təsəvvür edə bilər. Amma kamalı əldə etmək yolunda hamı birdir, eşq ilə onun ardınca gedirlər. Əgər elm və agahlıq bəzilərinin təsəvvür etdiyi kimi, Mütləq Kamal olmasa da, şəksiz ki, onun səmərəli şaxələrindən biri olacaq. Hər kəs bu dünyada agah yaşamaq, dini, ictimai, ailə məsələlərini istənilən səviyyədə yerinə yetirmək istəsə, gərək elm kəsb etmək üçün çalışsın. Bu vəzifədə, şəhərdə və ya kənddə yaşamasından, varlı və ya kasıb, qadın və ya kişi olmasından asılı olmayaraq bütün insanlar müştərəkdir. Bu yolda, belə bir elmli cəmiyyət yaratmaqda təkcə özləri məsul deyillər, həm də bütün layiqli insanlar, hətta dövrün hakimiyyət orqanları lazımi şəraiti hazırlamaq üçün cavabdehlik daşıyırlar. Müqəddəs islam dini də bu səfalı və müşkül açan yolu daha agah və səfalı yaşamaq üçün, habelə həyatın, insanın kamala çatmaq sirləri kimi öz ardıcıllarına tövsiyə edir.

Əli (əleyhissalam) bu gövhər dəyərli kəlamında buyurur:

“Savadsız şəxsin savad qazanmaq üçün daha artıq həvəslə atdığı hər addım qədərində savadlı şəxsin də vəzifəsi budur ki, onlara elm öyrətsin, elmə, agahlığa və kamala doğru gedən yolu göstərsin.”[424]

Musa ibni Cəfər (əleyhissalam) buyurur:



Geri   İrəli
Go to TOP