A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan və mənəviyyat
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 359
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Həzrət İbrahimin(ə) gözəl xüsusiyyətlərindən biri bu idi ki, o, qapısına gələn, ona ağız açan bir insanı heç vaxt əliboş qaytarmazdı.

قَالَ الصَّادِقُ(ع): اِنَّمَااتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً لأنه لم يريد حداً

İmam Sadiq(ə) buyurur: “Həzrət İbrahim(ə) onun qapısına gələn (ona ağız açan) şəxsi əliboş yola salmadığına görə Allah-təala onu Özünə xəlil etdi.”

Tarix boyu görsənmədi ki, bir nəfər İbrahim(ə)-ın qapısına gedib ona ağız açdıqda əliboş qayıtsın. Və hər kəsin ona ehtiyacı olduğunu hiss etdikdə onu möhtac qoymazdı. Hər kəsdə bu xüsusiyyət olarsa cənnətə gedər. Həzrət İbrahimi(ə) də cənnətə aparan məhz onun bu və bu kimi xüsusiyyətləri olmuşdur. Çünki Allah-təala insanı onun zahiri gözəlliyinə görə yox xüsusiyyətlərinə görə cənnətə və ya cəhənnəmə aparır. Mümkündür bir şəxs zahiri cəhətdən çox gözəl bir insan olsun lakin pis xüsusiyyətlərinə görə cəhənnəmə gedir. Lakin zahiri kifir elə insanlar vardır ki, onların gözəl xüsusiyyətləri onları cənnətə aparıb çıxarır.

Odur ki, Həzrət İbrahim(ə) heç kəsi əliboş yola salmazdı. Allah təala bizlərə də belə bir xüsusiyyətdə olmağı tövsiyə etmişdir.

قَالَ رسول الله(ص): من قضى لأخيه حاجة كان كمن عبدالله دهرا

Həzrət Peyğəmbər(s) buyurur: “Mömin bir şəxsin bir istəyini yerinə yetirən şəxs Allaha bir ömr ibadət edən şəxs kimidir.”

Ümumiyyətlə insan gərək biri ona ağız açdıqda onu bacardığı qədər əliboş yola salmasın.

İmam Hüseyn(ə) buyurur: “Səndən bir şey istəyən şəxs öz hörmətini itirir, sən isə onun istəyini yerinə yetirməməyinlə öz hörmətini itirmə!”

Ayətullah Bürucirdinin barəsində alimlərdən biri belə bir hadisə nəql edir. Yuxuda gördüm ki, böyük və əzəmətli bir məclisdir və böyük alimlər orada əyləşiblər. Məclisin başında şəxsən Peyğəmbər(s), onun sağ tərəfində Ayətullah Bürucirdi əyləşmişdi. Mən yuxuda öz-özümə fikirləşirdim ki, Şeyx Müfid, Müqəddəs Ərdəbili, Seyyid Mürtəza kimi böyük olimlər ola-ola niyə görə Ayətullah Bürucirdi Həzrət Peyğəmbərin(s) yanında əyləşib. Bu məndə çox təəccüb doğurdu. Görəsən hansı xüsusiyyətə görə Peyğəmbər(s) Ayətullah Bürucirdini öz yanında əyləşdirib? Birdən gördüm ki, Həzrət Peyğəmbər(s) əli ilə Ayətullah Bürucirdini işarə edərək buyurdu: “Heç kəsi öz qapısından əliboş yola salmadığına görə.”

Bu əməl çox gözəl bir əməl və xüsusiyyətdir. Əgər insanın öz qonşusu namaz qılmasada, oruc tutmasa da belə qapıya gəldikdə onun ehtiyaclarını bacardığı qədər ödəmək çox gözəl bir əməldir. Allah belə xüsusiyyətli insanları sevir. Əhli-beyt(ə) da bu cür xüsusiyyətli insanlar idilər. Onların düşmənləri belə qapılarına gəlsəydi onları əliboş yola salmazdılar. Əbdülməlik ibn Mərvan İmam Səccadın(ə) düşmənlərindən biri idi. O, İmam Səccadın(ə) evinin damın uçurtmuşdur. Bir zaman gəldi ki, Mərvan özü evsiz qaldı. Hər kəsə ağız açdısa faydası olmadı. Ona İmam Səccadın(ə) yanına gedib ondan kömək diləməsini tapşırdılar. O, İmamın hüzuruna utana-utana gəlib ondan kömək istədi. İmam Səccad(ə) buyurdu: “Mənim iki evim var. Bu evdə qalmaq istəyirsənsə mən köçüm o biri evə sən gəl burada qal. Burada qalmaq istəmirsənsə get o biri evdə yaşa.”

3 ALLAHDAN BAŞQA HEÇ KƏSƏ AĞIZ AÇMAMAQ

İnasafla həzrət İbrahimin(ə) əhvalat və həyatına nəzər saldıqda görərik ki, həqiqətən onun ləyaqəti vardır ki, Allah ona məhəbbətini izhar etsin. Həzrət İbrahim(ə) öz əməl və ixlası ilə bu dünyada hər bir insanın qüdrəti çatdığı miqdarda ixlasla onu Allaha təqdim edir. Və həzrət İbrahimin(ə) bu əməli də bizlərə bir örnəkdir. Quran və əhli-beyt(ə) onun bu kimi hadisə və əhvalatlarını tərif etmişlər.

Aşura günü İmam Hüseyn(ə) İmam Səccadla(ə) bir xeymədə xəlvətlikdə söhbət etmişlər. Alimlərin buyurduğuna görə İmam Hüseyn(ə) şəhadətə getməzdən əvvəl imamət sirlərini öz oğlu İmam Səccada(ə) tapşırdı. O günlər İmam Səccad(ə) bərk xəstə idi. Onun xəstəliyi bu dərəcədə ağır idi ki, yalnız İmam Hüseyn(ə) xeyməyə daxil olarkən əsaya söykənərək güclə ayağa qalxa bildi. Onlar xeymədə xüsusi söhbətlər etmişlər və heç kəsə xeyməyə daxil olmağa icazə verməmişlər. Onların etdikləri söhbətlərdən heç kəsin xəbəri olmadı. Yalnız İmam Səccad(ə) o söhbətlərin bəzilərini buyurmuşdur.

İmam Hüseyn(ə) oğlunun bərk xəstə olduğunu gördükdə ondan soruşdu: Oğul, sən bu halda Allahdan nə arzulayırsan?

İmam Səccad(ə) atasının cavabında buyurdu: Ata, mənim Allahdan istəyim budur ki, Allah Özü mənim barəmdə nə iradə etsə onun həyata keçməsini istəyirəm. Bu vəziyyətdə mənim dərd-qəmim yalnız Allahın mənim barəmdə istəyinin həyata keçməsidir. Ondan başqa heç bir şey arzulamıram.

İmam Hüseyn(ə) onun sözlərini dəstəkləyərək buyurdu: Oğul sənin bu sözlərin İbrahim(ə)-ın Allah barədə buyurduğu həmin sözlərdir. Həzrət İbrahim(ə)-ı odun içinə atmaq istədikdə Allahın mələyi onun yanına gəlib ürəyindən nə keçdiyini soruşduqda İbrahim(ə) belə buyurdu: Mən səndən heç nə istəmirəm. Allah təalanın mənim bu halımdan xəbərdar olması mənə kifayətdir. Allah Özü bilir ki, mən Ondan nə istəyirəm.

Bunları qeyd etməkdə məqsədim odur ki, həzrət İbrahim(ə) ilə Allahın xəlil, dost olsamı belə mərhələlərlə isbat olunmuşdur. Allah-təala onu ömrünün sonuna qədər müxtəlif imtahanlardan və sınaqlardan keçirmişdir.

Allahın ölüm mələyi həzrət İbrahimin(ə) canını almağa gəldikdə İbrahim(ə) ona dedi: İndi ki, məni aparmaq istəyirsən, sənə bir sualım var. Heç görmüsənmi ki, bir dost öz dostunun ölmünü istəsin? Əzrail(ə) Allaha dedi: İlahi, İbrahim(ə) mənə belə bir sual verdi. Allah-təala buyurdu: Get onun cavabında belə de: “Ya İbrahim! Heç görmüsənmi ki, bir dost öz dostunun görüşünə getməkdən imtina etsin?”

Dost həmişə öz dostunun görüşünü istəyər. Allah-təala da istəyirdi ki, İbrahimin(ə) ömrünün son vaxtlarında dost, xəlil sözünü ona təkrar etdirsin və ona olan məhəbbətini bütün aləmə elan etsin.

Yuxarıda qeyd etdiyimiz mətləb bir haşiyə ünvanı ilə qeyd olundu. Lakin əsas bəhsimiz həzrət İbrahimin(ə) hansı xüsusiyyətlərə görə Allahın xəlili olması barədədir.

قَالَ الصَّادِقُ(ع): اِنَّمَا اتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً لأنه لم يسئل احداً قط غير الله

İmam Sadiq(ə) buyurur: “Allah həzrət İbrahimi(ə) heç kəsə ağız açıb, Allahdan başqa birindən bir şey diləməməsinə görə Özünə xəlil etdi.”1

Həqiqətən həzrət İbrahim(ə) ömrünün sonuna qədər ehtiyacı olsaydı belə Allahdan başqa heç kəsə ağız açıb bir şey istəməmişdir. Həzrət İbrahim(ə) hər bir çətinliyə dözüb səbr edər və heç kəsə öz çətinliklərinə görə ağız açmazdı.

Əshabi süffə

İmam Baqir(ə) buyurur: Bir qrup ərəb Həzrət Peyğəmbərin(s) hüzuruna gəlib dedilər: Ya Rəsuləllah, biz səni və dini müdafiə etmək üçün gəlmişik. Onların sayı 400 nəfər idi. Onlar gəlib Peyğəmbərin(s) məscidində qalmalı oldular. Lakin məscid o vaxtlar kiçik olduğundan onlar məscidin kənarında süffədə (səkidə) qaldılar. Allah-təala onların barəsində “Bəqərə” surəsinin 273-cü ayəsində belə buyurur:

لِلْفُقَرَاء الَّذِينَ أُحصِرُواْ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاء مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ

“(Sədəqə) Allah yolunda canlarından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Məhəmməd!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarnızdan nə verdiyinizi şübhəsiz ki, Allah bilir!”

Onlar Allahdan başqa heç kəsə ağız açmadıqlarına görə Allah onların barəsində belə bir ayə nazil etmişdir. Çünki möminin xüsusiyyətlərindən biri də heç kəsə ağız açmamasıdır. İnsanın özündə bir şey olduğu halda onu başqasından istəməyə gəldikdə isə din bu işi bəyənmir və bunun çox pis əməl olduğu bəyan olmuşdur.

Həzrət Peyğəmbərin(s) bu barədə buyurduğu hədisə diqqət yetirək.

قال رسول الله(ص): من سئل و عنده ما يغنيه فإنما يستكثر من جمر جهنم

“Bir kəsin ehtiyacı olmadan başqalarından o şeyi tələb etməsi cəhənnəm atəşinin artmasına səbəb olur”

Bu ayə və hədislərdən nəticə almaq olar ki, mömin gərək bacardığı qədər öz istəklərinə görə birinə ağız açmasın. Bu barə də bir çox hədis və rəvayətlər də vardır. Onlardan bir neçəsini əziz möminlərin nəzərinə çatdırıram.

قال على(ع): فوت الحاجت اهون من طلبها الى غير اهلها

Həzrət Əli(ə) buyurur: İstəyin yerinə yetməməsi onu başqasına ağız açıb diləməkdən daha yaxşıdır. 1

قال على(ع): السؤال يضعف لسان المتكلم و يكسر قلب الشجاع و يوقف الحر العزيز موقف العبد الذليل و يذهب بهاء الوجه و يمحق الرزق

Həzrət Əli(ə) buyurur: Başqasına ağız açmaq insanın dilinin kəsərini azaldar, qüdrətli insanın qəlbini sındırar, əzəmətli və azad insanı alçaq, kölə yrinə qoyar, üzün həyasını aparar, və ruzini azaldar.2

قال على(ع): التقرب الى الله تعالى بمسئلته و الى الناس تركها

İmam Əli(ə) buyurur: Allaha yaxınlıq hacətləri yalnız Ondan istəməklə, insanlara yaxınlıq isə onlardan heç bir şey istəməməklə hasil olar. 3

قال الصادق(ع): شيعتنا من لا يسئل الناس ولو مات جوعا

İmam Sadiq(ə) buyurur: Bizim şiələrimiz acından olsələr də belə camaata ağız açmazlar.1

Allahın həzrət İbrahim(ə)-ı özünə dost seçməsinin səbəblərindən biri onun bu xüsusiyyəti idi.

Həqiqətən mömin gərək heç kəsə öz ehtiyaclarına görə ağız açmasın. Əgər insan ehtiyaclı olan halda dözüb Allaha xatir səbr edərsə Allah-təala ona ağılagəlməz yerdən ruzi verər və ehtiyaclarını ödəyər.

İki tələbənin əhvalatı

Mən mədrəsədə dini təhsil aldığım vaxtlarda otaqda iki nəfər qalırdaq. Alimlərin moizələrində eşitmişdik ki, hər kəs öz ehtiyacına görə başqasının qapısına getməyib Allaha xatir səbr edib dözərsə, Allah ağıla sığmaz yerdən ona ruzi göndərər və onun ehtiyaclarını ödəyər.

Bir gün bizim pulumuz qurtardı və yeməyə bir az mərcidən başqa heç nəyimiz qalmamışdı. Bir-birimizə söz verdik ki, gəl heç kəsə ağız açmayaq. Səbr edək, görək axırı necə qurtarır. Bir gün bir nəlbəki mərci bişirib yedik və o günü bir təhər başa vurduq. Səhər açıldı. O gün də bir az mərci bişirib yedik. Üç gün beləcə səbr edirdik və bunu heç kəsə bildirmirdik. Axır günlər rəngimiz ağarmışdı və bizdə hal qalmamışdı. Lakin bir-birmizə bu işlərin axırının yaxşı olmasını təsəlli verirdik. Axırıncı gün məğrib və şam namazlarından sonra xəbər gəldi ki, dostumun atası onun yanına gəlib. O atasının görüşünə getdi və qayıdanda bir zənbillə qayıtdı. Atası onun üçün çoxlu bazarlıq etmişdi. Bundan əlavə ona bir miqdar da xərclik üçün pul da verdi.

Biz bu hədisin həqiqətini o vaxt dərk etdik ki, əgər insan Allaha xatir səbr edib dözərsə Allah onun üçün bir vasitə ilə ruzi yetirər.

4 ALLAHA SƏCDƏ

Ravi deyir ki, mən İmam Sadiq(ə)-ın hüzurunda olarkən o həzrətdən soruşdum: Allah hansı xüsusiyyətə görə Həzrət İbrahim(ə) peyğəmbəri özünə xəlil seçdi.

قال الصادق(ع): لكثرة سجوده على الأرض

İmam buyurdu: “Allah qarşısında torpağa çox səcdə etməsinə görə.”

Quran ayələrindən belə istifadə olunur ki, Allahın Ona çox səcdə edən insandan xoşu gəlir və insanları da məhz ona görə yaratmışdır. Çünki insanın təkamülə yetməsinin əsas amillərindən biri Allaha səcdədir. Həcc surəsinin 77-ci ayəsində belə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın. Rəbbinizə ibadət edin ki, bəlkə nicat tapasınız!”

Allah-təalanın insanları məhz Ona ibadət etmək üçün yaratmışdır. Zariyat surəsinin 56-cı ayəsində buyurur:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

“Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam.”

İnsan gərək öz həyatında ibadəti birinci dərəcədə tutsun. Yaşıyış ikinci dərəcədə olmalıdır. Bir baxımdan insanda yaşayış birinci dərəcə, ibadət isə ikinci dərəcədə, bir baxımdan isə ibadət birinci dərəcədə yaşayış isə ikinci dərəcədə olmalıdır. Hər kəs yaşayışı birinci və əsas bir iş kimi qəbul etsə bu çox səhv yoldur. Allah Özü buyurur ki, insana ev, yemək, evlənmək və bu kimi şeylər lazımdar. Lakin yaranışdan məqsəd bu deyildir. Yaranışdan əsas məqsəd Allaha ibadət etməkdir. İnsanın başı başqa işlərə o qədər qarışmamalıdır ki, ibadəti yadından çıxartsın. Alimlər buyurmuşlar ki, yaşamaq yemək üçün yox, yemək yaşamaq üçündür. İnsanın əsl yaşayışı da belədir. Yəni, insan yaşamaq üçün ibadət etmir, bəlkə ibadət etmək üçün yaşayır. Əgər insanın əlində Allahı tanıma, mərifət yolu varsa demək hidayət yolunu tapmışdır. Belə olduqda insanın yeməyi, gəzməyi və s. əməlləri onun üçün ibadət hesab olunar. Çünki o artıq düz yolu tapıb onun ortası ilə hərəkət edir. İnsan əgər düz yolda deyilsə demək onun Quran oxumağı və namaz qılmağı da Allaha görə deyildir.

Alimlərdən biri buyurur: Mərhum imam Xomeyni ilə bizim aramızda əsas böyük bir fərq vardır. O fərq budur ki, biz deyirdik yeməyimiz olsun, uşaqlarımıza yaxşı tərbiyə verək, oğlanlarımızı evləndiərk və qızlarımızı ərə verək. Bunların hamısı ilə bərabər islam da diri qalsın. Lakin imam Xomeyni buyururdu ki, islamın izzəti olsun və din sağlam qalsın və dinin düşmənləri məhv olsun. Ondan sonra mənim oğlum və qızım istəyər evlənsin, istəyər evlənməsin. Həcc ziyarəti mənə qismət olarsa nə yaxşı olmazsa da olmayıb. Mən istəyirəm ki, din salamat qalsın.

Allah-təala bizləri ibadət barədə də belə yaratmışdır. Bizi ona görə yaradıb ki, səcdə, rüku edək və Allahın qarşısında baş əyək. Əlbəttə ki, ibadətlərin kənarında öz dünyamızı və yaşayışımızı da təmin edək.

Səcdə

Allah qarşısında səcdə etmək elə bir əməldir ki, insanın izzət və əzəmətini artırar və onu Allaha yaxın edər. Səcdə insanı Allaha yaxınlaşdıran ən gözəl əməldir. İnsanın Allaha ən yaxın olan vaxtı Onun qarşısında səcdə etdiyi zamandır. Səcdənin fəzilətləri barədə bir çox Quran ayələri və hədislər vardır.

Ələq surəsinin sonuncu ayəsini hər kəs oxuduqda səcdəyə getməsi vacibdir. Allah təala bu ayədə buyurur:

وَاسجد وقترب

Allah-təala bu ayədə insana səcdə etməyi əmr etmişdir. Çünki insan məhz səcdə vasitəsilə Allaha yaxın ola bilər. Səcdə etməyən insan heç vaxt Allaha yaxın ola bilməz. İbadətin ən yaxşısı və Allaha yaxın olmağın kəsə yolu səcdədir. Ona görə də yaxşı olar ki, insan səcdəyə gedərkən səcdələri uzatsın və özünü Allaha yaxın etmək üçün hazırlasın.

قال الصادق(ع): اقرب ما يكون العبد من الله عز و جل و هو ساجد و ذالك قول الله تعالى "وَاسجد وقترب"

İmam Sədiq(ə) bu barədə belə buyurur: Bəndənin Allaha ən yaxın olan vaxtı səcdə edən zamandır. Çünki, Allah Özü buyurur: “Sən ancaq Rəbbinə səcdə et və (Ona) yaxınlaş.”

قال الصادق(ع): السجود منتهى العبادة من بنى آدم

İmam Sadiq(ə) başqa bir hədisdə belə buyurur: Səcdə etmək Adəm övladının ibadətinin ən uca mərtəbəsidir.

Yaxşı olar ki, insan Allaha səcdə edərkən səcdəni uzatsın və zikr etsin. Bu barədə də bir sx hədislər mövcuddur. Onlardan bir neçəsini əziz möminlərin nəzərinə çatdırıram.

قال على(ع): اطلوا السجود فيما من عمل اشد على ابليس من ان ير ابن آدم ساجدا لأنه امر باالسجود فعصى و هذا امر باالسجود فأطاع و نجا

Həzrət Əli(ə) buyurur: Səcdəni uzadın. Adəm övladının səcdəsi kimi iblisə pis təsir edən bir iş yoxdur. Çünki o özü səcdə etməyə əmr edildi, lakin bundan boyun qaçırtdı. Adəm övladı isə səcdəyə əmr edildi, itaət edərək nicat tapdı. 1

عن معاوية ابن عمار قال: سمعت ابا عبدالله(ع) يقول: إن العبد اذا اطال السجود حيث لا يراد احدا قال الشيطان واويلاه اطاعوا عصيت وسجدوا و ابيت

Müaviyətibn Əmmar İmam Baqir(ə)-dan bu barədə belə bir hədis nəql etmişdir. Bəndə heç kimi nəzərdə tutmadan səcdələri uzadarsa, şeytan deyər ki, vay olsun mənə! Onlar itaət etdilər, mənsə üsyankar oldum. Onlar səcdə etdilər, mənsə boyun qaçırtdım.1

قال على(ع): اذا اردت ان يحشرك الله معى فأطل السجود بين يدىالله الواحد اقهار

Həzrət Əli(ə) buyurur: Allahın səni mənimlə məhşur etməsini istəyirsənsə, onda yenilməz tək olan Allahın qarşısında səcdələri uzat2.”

Üveys Qərəni

Üveys Qərəni həzrət Peyğəmbər(s) və imam Əlinin(ə) ən yaxın səhabələrindən biri idi. Demək olar ki, İslam fəlsəfəsinin və irfan elminin təməlçilərindən idi. Üveysislam qayda-qanunlarını tamamilə bilib ona incəlikləri ilə riayət edən bir şəxs idi.

Bir gün o, öz anasından Mədinə şəhərinə həzrət Peyğəmbəri(s) görüb ziyarət etmək üçün icazə istədi. Anası ona icazə verdi. Lakin oradan tez qayıtmasını tapşırdı. Üveys öz atına minib Mədinə şəhərinə yollandı. Şəhərə çatdıqda Peyğəmbəri(s) soruşdu. Dedilər ki, Peyğəmbər(s) şəhərdə yoxdur. Bir az gözlədi gördü ki, Peyğəmbər(s) gəlmədi. Öz atına minib evlərinə qayıtdı. Anası ondan soruşdu: Peyğəmbəri(s) gördünmü. Üveys dedi: Peyğəmbər şəhərdə yox idi. Anası soruşdu: Bəs niyə Peyğəmbəri(s) gözləmədin? Üveys dedi: Çünki sən mənə Mədinədə çox qalmamağı tapşırmışdın. Mən də sənin sözündən çıxmayıb orada çox qalmadım. Peyğəmbər(s) şəhərə daxil olanda buyurdu: Burnuma dostum Üveysin iyi gəlir. Dedilər: Ya Rəsuləllah, o sənin ziyarətinə gəlmişdi. Bir az gözlədi, anasına tez qayıdacaqını söz vrdiyinə görə çox gözləyə bilməyib getdi. Həzrət Peyğəmbər(s) buyurdu: O, bu əməli ilə elə bil məni ziyarət etmiş kimidir.

Üveys Qərəninin Allaha səcdə etməsi barədə belə nəql edirlər. Elə vaxtlar olurdu ki, o, bir gecəni səhərə qədər səcdə edirdi. Hətta belə bir hadisə olmuşdur ki, Üveys səcdədə olarkən bir quş onu daş bilib üstünə qonmuşdu. Lakin səhərə yaxın səcdədən qalxanda baxıb görərdilər ki, o Üveys Qərənidir.

Əlbəttə insan üçün yarım saat səcdədə qalmaq böyük hünərdir. İnsan gərək özünü uzun səcdə etməyə öyrətsin. Səcdə nə qədər çox olarsa insan bir o qədər Allaha yaxın olur. Heç olmasa insan namaz qılarkən səcdənin zikrlərini aram-aram deməlidir. Böyük alimlərin birinin əhvalatında belə yazırlar ki, o, səcdədə olarkən hər sübhanəllah kəlməsinə görə bir damla göz yaşı tökərdi.

Odur ki, Həzrət İbrahimin(ə) Allah qarşısında çox səcdə edərdi. Onun Allahla dost və xəlil olmasının səbəblərindən biri Allah qarşısında sox səcdə etməsi idi.

5 GECƏ NAMAZI

Həzrət İbrahim(ə) Peyğəmbərin gözəl çüsusiyyətlərindən biri bu idi ki, gecələr hamı yuxuda olarkən o, namaz qılıb Allaha ibadət edərdi.

قَالَ رَسُولُ اللهِ(ص): مَااتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً الا... لصلاته بااليل والناس ينام

Həzrət Peyğəmbər(s) buyurur: “Allah-təala həzrət İbrahim(ə) peyğəmbəri gecələr camaat yuxuda olarkən gecə namazı qılmasına görə Özünə xəlil və dost seçdi.”[1]

Yəni gecələr camaat yuxuda olarkən Həzrət İbrahim(ə) yatmır və Allah qarşısında ibadət edərdi.

Ümumiyyətlə tarixdə adları diri qalmış və Allahın sevimli bəndələri olmuş insanlar bacardıqları qədər gecə namazı qılmışlar. Onların bütün işlərdə müvəffəq olmaları da məhz gecə namazının sayəsində olmuşdur. Yaxşı olar ki, insan heç olmasa həftədə bir və ya iki dəfə gecə yarı yuxudan ayılıb gecə namazı qılsan. Bacaran şəxslər hər gecə qıla bilərlərsə onlar üçün daha yaxşı və xeyirlidir. Çünki gecə namazının vasitəsilə insan Allaha daha da yaxın ola bilər. Və Allaha yaxın olan şəxslər də məhz gecə namazının vasitəsilə yaxın olmuşlar.

Gecə namazının qaydası

Gecə namazı 11 rəkətdir. Səkkiz rəkətini iki-iki eynilə sübh namazı kimi “gecənin nafilə namazını qılıram qürbətən iləllah” niyyəti ilə qılınır. Sonra iki rəkət “şəf” namazı qılınır. Bu da eynilə sübh namazı kimi “şəf namazı qılıram qürbətən iləllah” niyyəti ilə qılınır. Bu namazın birinci rəkətin həmd surəsindən sonra “nas”, ikinci rəkətin həmd surəsindən sonra isə “fələq” surəsini oxumaq müstəhəbdir.

Axırıncı bir rəkətin adı “vətr” adlanır. Onun niyyəti belədir: “Vətr namazı qılıram qürbətən iləllah.” Bu namaz bir rəkətdir. Bu namazın həmd surəsindən sonra bir surə oxumaq kifayət edər. Lakin müstəhəbdir ki, üç və ya beş surə oxunsun. Bu namazın həmd surəsindən sonra üç dəfə “ixlas”, bir dəfə “nas” və bir dəfə də “fələq” surəsini oxumaq müstəhəbdir. Bu namazın qunutunda bir salavat demək kifayətdir. Lakin bu namazın qunutunda 40 mömini dua etmək (istər ölülərdən olsun, istərsə də dirilərdən onları dua etmək, məsələn “əllahumməğfir Həsən”) və yetmiş dəfə “əstəğfirullahə rəbbi və ətubu ilyeh” demək müstəhəbdir. Qunutdan sonra rüku, sonra səcdələr və sonra isə təşəhhüd və salamları deməklə namaz tamamlanır.

Yuxarıda saydığımız bu qaydalar gecə namazının qaydalarıdır.

Gecə namazının fəzilətləri.

Gecə namazı barədə Peyğəmbər(s) və imamlardan bir çox hədis və rəvayətlər vardır. Onlardan bir neçəsini qeyd edirik.

قال الصادق(ع): شرف المؤمن صلاته بااليل

İmam Sadiq(ə) buyurur: “Gecə namazı qılmaq möminin şərəfidir.”1

قال رسول الله(ع): من كثرت صلاته بااليل حسن وجهه بالنهار

Həzrət Peyğəmbər(s) buyurur: “Gecələr çox namaz qılan şəxsin gündüzlər üzü nurani olar.”2

Allah təala gecə namazını Peyğəmbər(s)-ə vacib etmişdir. Belə ki, gecə yuxudan ayılıb iki rəkətini qılmalı. Bir az keçdikdə yenə iki rəkətini qılmalı idi. Səhərə qədər yuxudan ayılıb iki rəkət, iki rəkət qılmalı idi. Çünki Allah təala gecə namazını ona belə vacib etmişdir.

Ərəb dilində belə bir şer vardır ki, mən onun yalnız tərcüməsini qeyd edirəm. “Mən təəccüb edirəm ki, gecələr aşiq eşqin gücündən necə yatır? Bir halda ki, aşiqə yuxu haram olub.

Allah gecə namazı qılanın həm üzünü ağ edər, həm də ruzisini artırar.

قال الصادق(ع): صلاة اليل يبيض الوجه و تجلب الرزق

İmam Sadiq(ə) buyurur: “Gecə namazı insanın üzünü nurani edər və ruzini artırar.”[2]

قال رسول الله(ص): ما زال جبرئيل يوصنى بقيام اليل حتى ظننت ان خيار امتى لن ينامو من اليل الا قليلا

Həzrət Peyğəmbər(s) buyurur: “Həzrət Cəbrail gecə namazını mənə o qədər tövsiyə edərdi ki, elə bilirdim mənim ümmətim gərək gecələrin az miqdarını yatmalıdır.”2

İnsan gecə namazı qılmaqla Allahın razılığını qazanır.

قال على(ع): قيام اليل مصححة لبدن و تمسك باخلاق النبيين و رضى رب العالمين

Həzrət Əli(ə) buyurur: “Gecə namazı bədənin sağlamlığı, peyğəmbərlərin əxlaqını insanda təcəssüm etdirər və Allahın razılığına səbəb olar. ”3

Günahlar gecə namazının qılınmasına maneədir

Bir çox hədislərdə gəlmişdir ki, günahlar insanı gecə namazı qılmağa maneə yaradır.

قال الصادق(ع): ان الرجل يذنب الذنب فيحرم عن صلاة اليل

İmam Sadiq(ə) buyurur: “Günah edən şəxs gecə namazından məhrum olar.” 1

Hətta yalan danışmaq insanı gecə namazından məhrum olar.

قال الصادق(ع): ان الرجل الكذب الكاذبة فيحرم عن صلواة اليل

İmam Sadiq(ə) buyurur: “Həqiqətən insan bir yalan danışmaqla gecə namazından məhrum olar”2

İnsan gərək heç olmasa həftədə bir dəfə də olsa belə gecə namazı qılmalıdır. İnsanın ixtiyarı özündə olmalı və günahlardan çəkinməklə gecə namazı qılmalıdır.

Həzrət Peyğəmbər(s) buyurmuşdur: “Möminin noxtası olmalıdır. Onun noxtası Qurandır.”

Ümumiyyətlə möminin noxtası və ixtiyarı öz əlində olmalıdır ki, yolunu azmasın. Yəni hər bir işdə ehtiyatlı və diqqətli olmalıdır. Əgər insanın noxtası və ixtiyarı öz əlində olmasa günahlar onu uçuruma tərəf aparıb onu cəhənnəmə atacaq.

قال الباقر(ع): جاء رجل الى اميرالمؤمنين(ع) قال: انى قد حرمت صلواة اليل. فقال: قد قيدتك ذنوبك

İmam Baqir(ə) buyurur: Bir nəfər həzrət Əlinin(ə) hüzuruna gəlib dedi: Ya Əmirəlmöminin mən gecə namazı qılmaqdan məhrum olmuşam. İmam Əli(ə) buyurdu: “Günahlar sənin əl-qolunu bağlamışdır.”1



Geri   İrəli
Go to TOP