A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan və mənəviyyat
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 359
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Həvarilər İsa Peyğəmbərə dedilər: “Ya İsa! Allaha müxlis (ixlasla ibadət edən) kimdir?” İsa peyğəmbər buyurdu: “Müxlis o kəsdir ki, Allaha ibadət edər və onun bu əməlinə görə kiminsə tərifləməsini sevməz.”

Bunun üçün də insan Allaha görə etdiyi bir işdə kimisə şərik qoşarsa, onun bu əməlini Allah qəbul etməz.

Musa Peyğəmbər Misirdən çıxıb Mədyən şəhərinə yollandı. Şəhərin girəcəyində bir bulaq var idi. Camaat öz qoyunlarını suvarmaq üçün o bulağa gəlirdi. Orada iki qız dayanmışdı. Onlar da öz qoyunlarını suvarmaq üçün ora gəlmişdilər. Lakin bulaq başında çox adam olduğundan qızlar qoyunlarını suvara bilmirdilər. Musa Peyğəmbər gəlib qızlara qoyunları suvarmaqda kömək etdi. Qızlar ona təşəkkürlərini bildirib ayrıldılar. O qızlar Şüeyb peyğəmbərin qızları idi. Lakin Musa Peyğəmbər onun qızlarını tanımırdı. Qızlar yolda başlarına gələn əhvalatı evdə öz atalarına danışdılar. Şüeyb peyğəmbər bildi ki, o, Musa(ə)-dır. O, qızlara dedi: “Gedin, onu bizə qonaq çağırın.” Qızlar gəlib Musa(ə)-a dedilər ki, atam səni evə dəvət edir. Musa(ə) Şüeyb peyğəmbərin evinə daxil olanda gördü ki, süfrə açıblar. Ona görə də süfrə kənarında əyləşmədi. Şüeyb peyğəmbər dedi: “Nəyə görə süfrə kənarında əyləşmirsən?” Musa peyğəmbər orada qiymətli bir söz dedi: “Biz elə bir ailədənik ki, axirətə görə etdiyimiz bir əməli heç bir şeyə, hətta yer kürəsini qızılla doldursalar belə, onunla dəyişmərik.” Şüeyb peyğəmbər dedi: “Mən bu qonağlığı sənin etdiyin o yaxşılığa görə vermirəm. Mən də bu süfrəni Allaha xatir sənin üçün açmışam.”

Buna görə də ixlasla, saf niyyətlə görülən əməllər insanın qəlbində iman yaradır.

7 Əhli-beytə təvəssül və məhəbbət

Qəlbdə iman yaradan əməllərin yeddincisi və əsas səbəbi Həzrət Məhəmməd(s) peyğəmbərin Əhli-beyti ilə əlaqə saxlayıb onlara qəlbən bağlanıb təvəssül etməkdən ibarətdir. Hər bir şəxs bir iş gördükdə Əhli-beytə təvəssül edərsə, Allah onu gördüyü işlərdə müvəffəq edər. Lakin Əhli-beytə sevgisi olmayan və onlara təvəssül etməyən şəxslər müvəffəqiyyətlərdən məhrum olunmuşdur. Belə şəxslər öz-özlərini təqvalı hesab edirlər. Lakin həqiqətə gəldikdə isə, görünür ki, onlarda təqva yoxdur. Çünki təqvanın əldə edilməsinin əsası və kökü haqqa boyun əymək, yəni Əhli-beytə məhəbbət bəsləyib onlara təvəssül etməkdən ibarətdir. Əgər bir insanda yuxarıda qeyd etdiyimiz altı əməl olub bu sonuncu əməl olmasa, yəni Əhli-beytə məhəbbəti olmasa Allah-təala onun heç bir əməlini qəbul etməz.

Peyğəmbərlərin birinin dövründə möminlər-dən bir nəfər Allaha dua edirdi. Lakin duaları nədənsə qəbul olunmurdu. Həmin şəxs Peyğəmbərin yanına gəlib dedi: “Ya Peyğəmbər, mən nə qədər dua edirəmsə, Allah mənim dualarımı qəbul etmir. Bunun səbəbi nədir?” Peyğəmbər Allahla münacat edərkən Allahdan o şəxsin duasının qəbul olunmamasının səbəbini soruşdu. Allah-təala buyurdu: “Ey Mənim Peyğəmbərim! Mən ona görə onun dualarını qəbul etmirəm ki, o, yer üzərində Mənimlə insanlar arasında təyin etdiyim vasitə və peyğəmbərimə etinasızlıq edir. Hər kim Mənim göndərdiyim vasitələri saymayıb Məndən bir şey diləsə, mən onun duasını qəbul etmərəm.”

Allah-təala Quranda bu barədə belə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ

لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Təqvalı olun. Ona (Onun rəhminə və lütfünə qovuşmaq üçün) vəsilə seçib yol axtarın, Allah yolunda çalışın (cihad edin), bəlkə nicat tapasınız.”1

Həzrət Peyğəmbər(s)-dən soruşdular: “Ya Rəsulallah, Allahla insanlar arasında ən gözəl vasitələr kimləridir?” Həzrət Peyğəmbər(s) buyurdu: “Mən və mənim Əhli-beytim.”

Peyğəmbər və Əhli-beytə məhəbbət bəsləməyi və təvəssül etməyi şirk hesab edən insanların Qurandan məlumatları yoxdur. Çünki Allah-təala özü Quranda təvəssül etməyi əmr etmişdir. Hətta İslamın bütün firqələrinin hamısı təvəssül etməyin çox gözəl bir əməl olduğunu kitablarda qeyd etmişlər.

Böyük sünnü alimlərindən biri olan Səmhudi “Vəfaül-vəfa” adlı kitabında bu barədə belə yazır: “Peyğəmbər(s)-in vasitəsilə Allahdan şəfa diləməyə, həm xilqətdən öncə, həm o həzrətin sağlığında, həm vəfatından sonra, həm Bərzəx aləmində, həm də Qiyamət günündə icazə verilmişdir.”

Səmhudi həmin əsərində Ömər ibn Xəttabdan Adəmin tövbəsi barədə belə bir rəvayət yazır. Adəm tövbədən sonra Həzrət Peyğəmbər(s)-ə təvəssül edərək dedi: “Ey mənim Rəbbim, Sənə and verirəm Məhəmməd(s)-ə, mənim günahlarımı bağışla.”2

Yusif peyğəmbərin quyudan nicat tapması da Məhəmməd(s)-ə və onun Əhli-beytinə qəlbində bəslədiyi böyük məhəbbəti sayəsində və onları vasitə hesab etməklə mümkün olmuşdur. Qardaşları Yusif(ə)-ı quyuya atıb getdikdən sonra Yusif Allahdan ona nicat verməsini dua etdi. Lakin nicat tapmadı. Allahın mələyi Həzrət Cəbrail(ə) onun yanına gəldi və dedi: “Ey Yusif! Bu quyudan nicat tapmaq istəyirsənmi?”

Yusif(ə) dedi: “Niyə istəmirəm?”

Cəbrail dedi: “Elə isə bu duanı oxu və nicat tap.”

أَللّهُمَ إِنِّى أَسْئَلُكَ بِأَنَّ لَكَ الْحَمْد لا إِلهَ إِلّا أَنْتَ الْمَنَّانُ بَدِيْعُ السَّمَوَاتِ وَالْأَرْضِ ذُوالْجَلالِ وَالْإِكْرَامِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍِ وَآلِ مُحَمَّد وَ أَنْ تَجْعَلَ إِلى مْمَّا أَنَا فِيْهِ فَرَجًا وَ مَخْرَجًا

“Ey Allahım, səndən istəyirəm, çünki həmd sənə məxsusdur. Səndən başqa minnət qoyan yoxdur. Yeri-göyləri yaradan ləyaqət və cəlal sahibisən. Məhəmməd (s) və onun ailəsinə salavat göndər və mənə düşdüyüm bu müşküldən nicat ver.”1

Həzrət Yusif(ə) bu duanı oxuyan kimi, Allah-təala ona quyudan nicat verdi.

Bir çox hədis və rəvayətlərdə Quranda gələn vəsilə sözünün Əhli-beyt(ə)-a aid olduğu vurğulanmışdır. Hətta Peyğəmbər(s)-in öz zamanında belə insanlar Peyğəmbərə təvəssül edib Allahdan öz istəklərini almışlar.

Səmhudi “Vəfaül-vəfa” kitabında Nəsaidən və Tirmizidən belə bir hədis nəql etmişdir:

“Bir kor kişi Peyğəmbərin hüzuruna gəlib dedi: “Allahdan mənə sağlamlıq (afiyət) verməsini istə.”

Peyğəmbər (s) dəstəmaz alıb iki rükət namaz qıldıqdan sonra, belə dua etməsinə göstəriş verdi:

أَللّهُمَ إِنِّى أَسْئَلُكَ أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الْرَّحْمَةِ يَا مُحَمَّد إِنِّى تَوَجَّهْتُ بِكَ رَبِّى فِى حَاجَتِى لِتَقْضِيَ لِى أَللَّهُم شَفِّعْهُ فِى

“İlahi, mən istəyirəm ki, rəhmət peyğəmbəri Məhəmmədin vasitəsi ilə, mənə nəzər yetirəsən. Ey Məhəmməd, mən sənin vasitən ilə Allaha üz tuturam və Allahdan diləyimi istəyirəm. İlahi, onun (peyğəmbərin) şəfaətini mənim haqqımda qəbul et.” O, bu duanı etdi və şəfa tapdı.2

Peyğəmbər(s)-dən sonra da müsəlmanlar O Həzrətin qəbrinə müraciət edib öz istəklərini almışlar.

Bəzi insanlar nadanlıq və elmsizlik üzündən Peyğəmbər və onun Əhli-beytinin vasitəçiliyini şirk hesab edirlər. Bu, çox səhv bir fikirdir. Şirk odur ki, insan Allahın vəhdaniyyətinə şərik qoşsun. Biz Peyğəmbər və onun Əhli-beytini Allahla öz aramızda vəsilə qərar verib öz istək və diləklərimizi Allahdan istəyirik. Çünki onlar Allah yanında hamıdan hörmətli insanlardır və onların vasitəsilə Allahdan dua və istəklərimizi dilədikdə, Allah onların hörmətinə xatir bizim diləklərimizi yerinə yetirər. Əgər bu əməl dində qadağan bir əməl olsaydı, “üçüncü xəlifə” də bu əmələ etiraz edərdi.

Buna əsasən də insan əgər Əhli-beytə təvəssül edərsə, Allah-təala onun qəlbini imanla nurlandırar. Əgər insanın Əhli-beytə məhəbbəti olmasa, Allah-təala onun etdiyi heç bir ibadəti qəbul etməz.

İbn Həcər Məkki “Səvaiq” kitabında imam Şafeidən belə bir rəvayət nəql edir. Şafei Həzrət Peyğəmbər(s)-i bir vasitə sayaraq belə bir şer oxudu:

آلُ الْنَّبِيّ ذَرِيْعَتِي وَهُمْ إِلَيْهِ وَسِيَلَتِي

أَرْجُوا بِهِمْ أُعْطَى غَدًا بِيَدِالْيَمِينِ صَحِيفَتِى

“Peyğəmbərin Əhli-beyti mənim üçün bir vəsilədir. Onlar Allahla mənim aramda olan bir vəsilədirlər. Ümid edirəm ki, Qiyamət günü onlara xatir mənim nameyi-əməlimi sağ əlimə verəcəklər.”1

Alusinin təfsirində Əhli-beyti vasitə saymaq barədə çox bəhs edilmişdir. Müəllif bu barədə belə deyir: “Mən Peyğəmbər(s)-in vasitəsilə Allaha müraciət etməkdə heç bir maneə görmürəm. İstər o həzrətin sağlığında olsun, istərsə də vəfatından sonra.”

Buna görə də insan əgər qəlbinə iman daxil olmasını istəyirsə, mütləq Əhli-beytlə əlaqə saxlayıb onlara bağlanmalıdır. İnsan bir çətinliyə düşdükdə və ya bir ehtiyacı olanda Əhli-beytə üz tutub, onlara hədiyyə namazı qılmaqla öz istəklərini ala bilər.

Bizim öz dövrümüzdə yüzlərlə yox, bəlkə minlərlə insan məhz bu yolla öz istəklərini almışlar.

Bir nəfərin 14-15 yaşlı uşağı sağalmayan bir xəstəliyə tutulmuşdu. Uşağın adı seyyid Yəhya idi. Həmin şəxsi mən tanıyıram. Onlar seyyid ailəsində anadan olmuşdular. O deyir ki, uşağı götürüb həkimə apardım. Həkimlər dedilər ki, bu uşağı vaxtında gətirsəydin, sağalmasına ümid yeri olardı. Lakin bunu vaxtından gec gətirdiyinə görə əlac yoxdur. Üç ay bu xəstəliyin müxtəlif əlamətləri olacaq, sonra da o, keçinəcək. Mən həkimlərə dedim: “Bəlkə uşağı Avropaya aparım.” Həkim dedi: “Mən demirəm aparma. Amma xeyri olmayacaq.” Həkimlər mənə bir az sakitedici dərmanlar verdilər ki, uşaq əziyyət çəkməsin. Mən ümidsiz halda uşağı evə gətirdim. Günlər keçdikcə həkimin dediyi əlamətləri uşaqda görürdüm. Mən göz görə-görə uşağın əlimdən çıxdığına dözə bilmirdim. Bu mənə çox ağır gəlirdi. Bir gün atam bizə gəldi. Mən atama dedim ki, uşaqda həkimlərin dediyi əlamətlərin çoxunu görürəm. Uşaq artıq heç nə yemir və ayağa dura bilmir. Mən belə görürəm ki, uşaq son anlarını yaşayır.

Onun atası yaşlı, təqvalı və hörmətli bir seyyid idi. Məhəllədə hamı ona böyük hörmət bəsləyirdi. Kişi danışır ki, atam uşağın vəziyyətini bu halda görüb ağladı. O, Quranı götürüb evin bir küncündə dayandı. Quranı başına qoydu və bir ayağını qaldırıb dedi: «İlahi, uşağa şəfa verməyincə mən yerə əyləşməyəcəyəm.» Mən gəlib atamın üzündən öpüb dedim: «Atacan, olan işdir, səbirsizlik edib özünə əziyyət vermə.» Atam mənə baxıb dedi: «Sən get işinlə məşğul ol. Mənim işimə qarışma.»

Mən gəldim uşağın yanına. Məni ağlamaq tutmuşdu. Özümü saxlaya bilmirdim. Bir tərəfdən atamın küncdə durub ağlaması, bir tərəfdən də uşağın bu vəziyyəti mənə çox pis təsir etmişdi. Mən ağlaya-ağlaya Həzrət Əbülfəzl(ə)-ın adını çəkib Allaha yalvarırdım. Çox ağladım, başımı uşaq yatan yerə qoydum və yatdım. Yuxuda gördüm ki, məhəlləmizin məscidinin qarşısında böyük çaxnaşma var. Gəlib camaatdan soruşdum: «Burada nə hadisə baş verib.» Dedilər: «Məgər bilmirsən ki, on dörd məsum bizim məscidə gəlib.» Mən qaça-qaça məscidə daxil oldum. Gördüm ki, məsciddə on dörd nəfər sıra ilə mənbərin yanında əyləşib. Bildim ki, bunlar on dörd məsumdur. Lakin yaşıl qəbalı, əmmaməli bir nəfəri mənbərə çıxan gördüm. Soruşdum: «Bəs o mənbərə çıxan kimdir.» Dedilər: «Həzrət Əbülfəzl(ə)dır.» Mən mənbərin yanına qaçıb həzrət Əbülfəzl(ə)-ın əbasından yapışdım. Həzrət Əbülfəzl(ə) dönüb mənə baxdı və buyurdu: «Nə istəyirsən?» Dedim: «Ağa, mən səndən seyyid Yəhyanı istəyirəm.» Həzrət Əbülfəzl(ə) mənə baxdı və buyurdu: «Seyyid Yəhyanı verdim sənə.” Elə bu anda yuxudan ayıldım. Gördüm ki, uşaq yatıb, atam isə evin küncündə eləcə dayanıb. Onun yanına gəlib dedim: «Atacan, Quranı başından götür. Həzrət Əbülfəzl(ə) uşağa şəfa verdi.» Atam dedi: «Mən hardan bilim ki, uşaq şəfa tapıb.» Dedim: «Gəl əyləş, mən sənə danışım.» Atam əyləşdi, mən yuxuda görüklərimin hamısını ona danışdım. Uşaq yuxudan ayıldı, gördük ki, tamamilə sağalıb. Beş-altı aydan sonra həkimlərin mənə verdiyi kağızları da, uşağı da götürüb xəstəxanaya yollandım. Həmin həkimlərin yanına gedib kağızları onlara verdim. Həkimlər mənə dedildər: «Nə oldu, uşaq öldü?» Dedim: «Yox. Mən uşağın şəfasını aldım.» Dedilər ki, bu ola bilməz. Dedim ki, uşağı özümlə gətirmişəm, icazə verin içəri gəlsin. Uşaq gəldi, həkimlər onu rentgendən keçirib analiz etdilər. Gördülər ki, onda heç bir xəstəlik yoxdur. Dedilər: «Elə bil bu uşaqda heç xəstəlik olmayıb.» Bu hadisənin üstündən təqribən on il keçir və həmin uşaq indi böyüyüb yaşayır.

Bizim öz zamanəmizdə bu kimi hadisələr həddən artıq çoxdur. Bir çox insanlar Əhli-beyti vasitə etməklə öz şəfalarını onlardan almışlar.

Əhli-beyti vasitə edən şəxs gərək təqvalı və qəlbi günahlardan təmiz olsun. Camaat arasında kiməsə vergi verilməsi və ya falçılardan istifadə etməsi cahilliyin və nadanlığın əlamətləridir. Yalandan: “Mənə vergi verilib,” -deyən və ya falçılıqdan istifadə edənlər camaatın nadanlığından faydalanırlar. Qəlbində təqva olmayan şəxsə Əhli-beyt yaxın düşməz. Əhli-beytə sevgi bəsləyən şəxsin gərək qəlbi təmiz və əməlləri də düzgün olsun.

Mərhum Ayətullah Əşrəf Mazəndəraninin şagirdlərindən biri deyir: «Mən Məşhəd şəhərinə İmam Rza(ə)-ın ziyarətinə gedərkən ustadımın yanına gəldim və bildirdim ki, mən İmam Rza(ə)-ın ziyarətinə gedirəm. Ayətullah Mazəndərani mənə dedi ki, İmama mənim salamımı yetir və o həzrətə de ki, gözünün ucu ilə bizə də bir lütf nəzəri ilə baxsın.

Mən Məşhəd şəhərinə yollandım. Bir neçə gün İmam Rza (ə)-ın hərəmini ziyarət etdikdən sonra Ayətullah Mazəndəraninin salam sözünü O Həzrətə dedim. Gecə yatıb yuxuda İmamı gördüm. İmam mənə buyurdu: Əşrəf Mazəndəraniyə mənim salamımı yetir və bu şeri ona oxu:

Ayine şo, cəmale pəritələtan tələb.

Caru bezən xane, sepəs mihiman tələb.1

Saf ol, güzgü kimi pəri camallıları özünə cəlb eylə.

Süpürgə çək evə, təmizlə, sonra qonaq tələb eylə.

Yəni həmişə əməllərin düzgün olmalı və qəlbin bütün çirkinliklərdən pak və təmiz olduqdan sonra bizi çağır.

Mən yuxudan ayıldım və yuxuda gördüklərimi yadımda saxladım. Öz şəhərimə qayıtdıqdan sonra, Ayətullah Mazəndəraninin evinə getdim. Qapını döydüm. Ayətullah Mazəndərani özü qapını açıb, üzümə baxdı və gülümsəyərək İmamın mənə oxuduğu şeri oxudu.

Gərək insanın qəlbi və əməli düzgün və təmiz olsun. Çünki insanın qəlbi təmiz və əməlləri düzgün olarsa, Allah belə xüsusiyyətləri ona inayət edər və imamlara əlaqə və məhəbbəti artar.

Biz yuxarıda qeyd etdik ki, insanın tövbəsi, təqvası, ibadəti və ixlası olmazsa, Əhli-beytə bağlı ola bilməz. Eləcə də Əhli-beytə məhəbbəti olmayan şəxsin təqvası və imanı da olmaz. Allah belə insanların ibadət və dualarını qəbul etməz. Çünki bu iki məsələ bir birinə qarşılıqlı surətdə bağlıdır.

Bu gecə Qədr gecəsidir və bu gecənin əməllərindən biri də Quranı baş üzərinə qoyub Allahın və Əhli-beytin adına and verib Allahdan öz istək və dualarımızı bildirməkdir. Bu gecə insan gərək öz istəklərini Həzrət peyğəmbərə və Əhli-beytə and verib Allahdan alsın. Hər kəs bu gecə öz istəklərini almasa uduzmuşdur.

Əllamə Əmini məclislərin birində Həzrət Xanım Fatimeyi-Zəhra(s.ə)-ın adını dilə gətirib ağladı. Sonra camaata dedi: «Camaat, kim istəyir getsin, lakin mən bu gecə öz diləyimi Xanım Zəhra(s.ə)-dan almamış burdan gedən deyiləm.”

Allah-təala qəlblərimizi iman nuru ilə işıqlandırsın və bizi dünya və axirətdə Əhli-beytdən ayrı salmasın.

2000-ci il. Ramazan-23

SEYYİD ƏLİ ƏKBƏR OCAQNEJAD

BAKI-2003

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ وَالعاقِبَةُ لِلتَّقوى وَ الْيَقِينِ وَالصَّلاةُ وَالسَّلامُ عَلى اَشرَف ِ الأَ نْبِياءِ وَالْمُرْسَلِيَنَ حَبِيبِينا وَحَبِيب ِ اِلهِ الْعالَمِينَ اَبِى الْقاسِمِ مُحَمَّدٍ وَعَلى آلِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ َولَعْنَةُ اللهِ عَلى أَعْدا ئِهِمْ أَجْمَعِينَ مِنَ الآنَ اِلى قِيامِ يَوْمِ الدِّينِ

ALLAHIN İNSANA MƏHƏBBƏTİ

Tarixə nəzər saldıqda elə insanların şahidi oluruq ki, onlar Allaha etdiyi ibadət və itaətlərin nəticəsində Allahın məhəbbətini qazanmış və Onun sevimli bəndələri olmuşlar. Allah-təala belə insanları bir çox sınaq və imtahana çəkdikdən sonra onlra olan məhəbbətini də bütün insanlara bəyan edib açıqlamışdır. Belə şəxslərə Allahın xüsusi məhəbbəti vardır ki, bu məhəbbətin başqa insanlara adiyyatı yoxdur. Hikmət sahiblərinin bu barədə belə bir ifadələri vardır.

ان اللهِ تعالى اذا احب عبدا تفقده كما يتفقد الصديق صديقه

“Allah bir bəndəsini sevdikdə dost öz dostuna təfəqqüd etdiyi kimi Allah da öz sevdiyi bəndəsinə o cür təfəqqüd edər.”1

Alimlər buyururlar ki, Allah təala çox istədiyi şəxsə inayət edər və onu tərif edərkən onun adını çəkir. Bu insan üçün çox yüksək bir məqamdır. Bu məqam Peyğəmbərlərin bəzisinin və imamların məqamıdır ki, Allah onlara inayət edir. Məsələn, Allahın sevdiyi dostlarından biri də Musa(ə) peyğəmbərdir. Bu barədə Allah təala “Taha” surəsinin 41-ci ayəsində Allah-təala Həzrət Musaya(ə) buyurur:

اصْطَنعتك لنفسي

“Mən səni Özüm üçüm seçdim”

Və yaxud Əraf surəsinin 144-cü ayəsində buyurur:

قَالَ يَا مُوسَى إِنِّي اصْطَفَيْتُكَ عَلَى النَّاسِ بِرِسَالاَتِي وَبِكَلاَمِي فَخُذْ مَا آتَيْتُكَ وَكُن مِّنَ الشَّاكِرِينَ

“(Allah) belə buyurdu: “Ya Musa! Mən Öz risalətimlə və danışmağımla insanlardan səni seçib üstün tutdum. İndi sənə verdiyimi al şükr edənlərdən ol!”

Allahın Musa(ə) peyğəmbərə verdiyi bu məqam heç kəsə verilməmişdir.

İmam Sadiq(ə) bu barədə belə buyurur:

اوحى الله الى مُوسَى: اتدرى لم اصطفيتك بكلامى دون خلقى؟

قال يا رب لم ذاك؟

قال: انى قلبت عبادى ظهرا و لبطن فلم اجد فيهم احدا اذل لى نفسا منك يا موسى انك اذا صليت وضعت خدك على التراب

“Allah-təala Musa Peyğəmbərə vəhy göndərdi. Ya Musa! Bilirsənmi insanlar arasında başqasını yox, səni Özüm üçün həmsöhbət seçmişəm?

Musa(ə) dedi: Ey Rəbbim, niyə görə?

Allah-təala buyurdu: Mən bütün bəndələrimin arasında axtarış apardım. Lakin səndən təvazökarını tapmadım. Ya Musa! Sən Mənə ibadət edərkən üzünü torpağın üzərinə qoyub təvazökarlıqla ibadət etdiyinə görə səni Özüm üçün həmsöhbət və xəlil seçdim”1

İnsan gərək bacardığı qədər alnını torpağa qoyub Allaha ibadət etsin. Çünki insanla torpaq arasında qırılmaz bir əlaqə vardır. Alnını torpağa qoyub Allaha xalis niyyətlə ibadət edən və Onun əmrlərinə tabe olan şəxslərə Allah xüsusi bir lütf inayət edər.

Allah-təala sevdiyi insanları müxtəlif yollarla Öz məhəbbətini aləmə elan edir və bildirir ki, bu şəxs mənim istəkli bəndəmdir.

1. Birinci yolu budur ki, Allah təala ad çəkərək birinə olan məhəbbətini elan edir. Məsələn, Həzrət İslam Peyğəmbərin(s) barəsində hədisi-qüdsidə belə buyurur: “Ya Məhəmməd! Sən olmasaydın kainatı yaratmazdım.” Və yaxud Allah-təala həzrət Peyğəmbəri(s) “Muhəmməd həbibullah” adı ilə aləmə elan etməsi böyük bir məqamdır ki, həzrət Peyğəmbərdən(s) başqa heç kəs belə bir məqam verilməmişdir. Başqa peyğəmbərlərin də yüksək məqamları olmuşdur. Məsələn Allah İsa(ə) peyğəmbərə “Ruhullah” və ya Musa(ə) peyğəmbərə “Kəlimullah” adını verməsi də məhz onların Allaha olan məhəbbətinə və itaətlərinə görə verilmişdir. Həqiqətən bu Allahın peyğəmbərlərə verdiyi çox böyük bir məqamdır. Kəlimullah məqamını Allah təala Musa(ə) peyğəmbərə birdən-birə yox, bəlkə 50 il, 100 il müxtəlif sınaq və imtahanlara çəkdikdən sonra bu məqamı ona əta etmiş və bu məqamı Musa(ə) peyğəmbərə əta etdikdən sonra bütün aləmə “Musa Kəlimullah” deyə elan edir.

Odur ki, Allah-təala öz dostlarını bir çox sınaqlara çəkdikdən sonra onları aləmə tanıtdırır və elən edir ki, bu mənim dostumdur. Lakin insan bu məqama nail olandan sonra yolunu azmağa heç cür ixtiyarı yoxdur.

2. Allahın məhəbbət bəslədiyi insanı elan edib bütün aləmə tanıtdırmasının ikinci yolu isə Peyğəmbər və imamların vasitəsi ilə olur. Məsələn, Həzrət Peyğəmbər(s) Salman Farsi barədə buyurmuşdur: “Salman biz əhli-beytdəndir.” Həzrət Peyğəmbərin(s) Salman barədə belə buyurması onun üçün çox böyük məqam və tərifdir. Həzrət Peyğəmbər(s) buyurmuşdur: “Behişt dörd nəfərin müştaqıdır. Əli(ə), Əbuzər(r), Salman(r) və Miqdad(r)” Allah təala bu şəxsləri Peyğəmbər vasitəsilə elan edir. Lakin bu elan onların hərəsinin öz dərəcəsi ilə ölçülür və hərəsinin öz məqamı vardır.

3. Allah Öz istək və məhəbbət bəslədiyi insanları aləmə tanıtdırmasının üçüncü yolu isə əlamətlərlə olur. Yəni daha onların adını çəkmir, lakin onlar üçün istər islamdan əvvəlki şəxslər olsun, istərsə də islamdan sonrakı şəxslər əlamət sayaraq onları tərif edir. Məsələn, övlyaullah üçün bir sıra sifətləri sayaraq onları tərif edir. Onların dünyaya baxışları, rəftarları və s. əməllərinin necə olmasını tərif edir.

Yuxarıda sadaladığımız bu təriflər Allahın insanı üç yolla tərif etməsidir ki, bəzilərini şəxsən Özü, bəzilərini Peyğəmbər və imamların vasitəsilə, bəzilərinə isə bir sıra əlamətlər sayaraq onları aləmə elan edir və onlara olan məhəbbətini izhar edir.

Allah təalanın şəxsən Quranda bütün aləmlərə tanıtdırıb, elan etdiyi və məhəbbət bəslədiyi insanlardann biri həzrət İbrahimdir(ə). Allah-təala Quranın “Nisa” surəsinin 125-ci ayəsində belə buyurur:

وَاتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً

“Allah İbrahimi Özünə xəlil (dost) seçdi.”

Burada qarşıya belə bir sual çıxır. Görəsən Allah-təala Həzrət İbrahimi(ə) hansı xüsusiyyətlərə görə Özünə dost və xəlil seçib aləmə elan etmişdir? Cavab belədir ki, Allah-təala Həzrət İbrahimi(ə) bir çox gözəl xüsusiyyətlərinə görə Özünə dost və xəlil seçmişdi. Həzrət İbrahimin həmin xüsusiyyətlərindən bir neçəsini əziz möminlərin nəzərinə çatdırıram.

1 Gözəl əxlaq

Bir gün həzrət İbrahim(ə) öz evinin qapısını açıb içəri daxil oldu. Həyətdə bir nəfər cavan oğlanın gəzişdiyini gördükdə çox təəccübləndi. Oğlanın yanına gəlib soruşdu: Mənim həyətimə girməyə sənə kim icazə verib? Oğlan dedi: Mənə ev sahibi icazə verib. İbrahim(ə) öz-özünə fikirləşdi ki, ev sahibi mənəmsə mən buna icazə verməmişəm. Yenə də oğlandan kimin icazəsi ilə evə daxil olmasın soruşduqda oğlan yenə həmin cavabı verdi: Mənə ev sahibi icazə verib. Həzrət İbrahim(ə) üçüncü dəfə soruşmaq istədikdə başa düşdü ki, həmin oğlan Cəbraildir(ə). Dedi: Cəbrail, xoş gəlmisən. Ev Allahındır ev svhibi də Odur. Lakin bu dəfə gəlməkdən məqsədin nədir? Cəbrail(ə) dedi: Ya İbrahim(ə) Allah-təala yer üzündə Özünə bir nəfəri dost seçib. Həzrət İbrahim(ə) dedi: Cəbrail, Allahın dostu kimdir? Onu mənə tanıtdır, mən də gedim onun qulluğunda olum və ona xidmət edim. Cəbrail(ə) dedi: Ya İbrahim, Allah səni Özünə dost seçmişdir. Həzrət İbrahim(ə) buyurdu: Ya Cəbrail, Allah-təala məni hansı xüsusiyyətimə görə Özünə dost seçib? Cəbrail(ə) dedi: Gözəl əxlaqa malik olduğuna görə.

İnsanların bəziləri elə fikirləşirlər ki, mən Allahın dostu ola bilmərəm. Bu çox yanlış bir fikirdir. Bu səhv düşüncə bəzi insanların qəlbində yaranmışdır. Onlara insanın yüksək məqamlara çatması barədə dedikdə, onlar inkar edərək belə deyirlər: “O, Peyğəmbər və ya imam olduğuna görə o məqamı ələ gətirmişlər. Lakin mən bu məqama çata bilmərəm.”

Onların cavabında belə demək lazımdır ki, məgər tarixdə Peyğəmbər(s) və imamlardan başqa bu məqama çatan şəxslər yoxdurmu? Və ya İslam dininə əməl etmək mümkün deyilmi? Niyə islam dininə əməl etmək həm mümkündür həm də çox gözəldir. Elə fikirləşmək lazım deyil ki, Cənnətə gedən insanlar qeyri-adi insanlardır. Xeyr bu fikir və düşüncələr çox səhv bir fikirdir. Cənnətə gedənlərin xüsusi əxlaqları və ya xüsusi əməllər yoxdur. Cənnətə gedənlər Quranda buyurulan əxlaqlara malik olduqlarına və Quranın hökmlərinə düzgün əməl etdiklərinə görə Cənnətə getmişlər.

Ümumiyyətlə insan Allahın vacib etdiyi əməllərə riayət edib, Onun çəkindirdiyi işlərdən çəkinməklə cənnəti qazanmış olar. Lakin insanın etdiyi ibadətlər keyfiyyətli və ixlaslı olmalıdır.

Bir gün bir şəxs Həzrət Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, mən gündəlik vacib namazlarımdan artıq müstəhəbbi namazlar qıla bilmirəm və Ramazan ayının orucundan başqa oruc tutmağa gücüm və imkanım çatmır. İldə bir gün müəyyən vaxt malımın xümsünü verirəm. Bunlardan artıq əməl etməyi bacarmıram. Mən cənnətə gedə bilərəmmi? Həzrət Peyğəmbər(s) buyurdu: Sən bu əməllərlə cənnətdə mənim yanımda olacaqsan. Lakin gözünü naməhrəmdən, dilini yalandan, qarnını haramdan qorumaq şərtilə.



Geri   İrəli
Go to TOP