A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan və mənəviyyat
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 359
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


İnsan və mənəviyyat

SEYYİD ƏLİ ƏKBƏR OCAQNEJAD

BAKI-2003

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ وَالعاقِبَةُ لِلتَّقوى وَ الْيَقِينِ وَالصَّلوات وَالسَّلامُ عَلى اَشرَف ِ الأَ نْبِياءِ وَالْمُرْسَلِيَنَ حَبِيبِينا وَحَبِيب ِ اِلهِ الْعالَمِينَ اَبِى الْقاسِمِ مُحَمَّدٍ وَعَلى آلِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ َولَعْنَةُ اللهِ عَلى أَعْدا ئِهِمْ أَجْمَعِينَ مِنَ الآنَ اِلى قِيامِ يَوْمِ الدِّينِ

قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ وَإِن تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُم مِّنْ أَعْمَالِكُمْ شَيْئًا إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُوْلَئِكَ هُمُ الصَّادِقُونَ

“(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır. Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz.

Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır”1

İDARƏ VƏ İSLAHEDİCİ AMİLLƏR

Yuxarıda qeyd olundu ki, insanın daxilində iki qüvvə daima mübarizədədir. O qüvvələrin biri insanı xüsusiyyətlər, o biri isə nəfsani qüvvələrdən ibarətdir. İnsanın qiyməti də məhz bu mübarizənin müsbət nəticəsindən asılıdır. Əgər bu mübarizədə insani qüvvələr qələbə çalarsa demək insan kamillik zirvəsinə çatmış olar. Bu mübarizədə qələbə çalmaq üçün insaı hidayət edən elə bir amil lazımdır ki, istər adi halda, istərsə də daxilində nəfsani qüvvələrin coşub daşdığı bir vaxtda harada olmasından asılı olmayaraq onu hidayət edərək islah etsin.

Bu barədə bir çox alimlər öz nəzər və fikrlərini bildirmişlər. Hər alim insan üçün bir amil söyləmiş və bu amilin insanı idarə və islah edə biləcəyini bildirmişdir. Bir neçə amildən ibarətdir ki, onların hansının insanı tam şəkildə idarə və islah olunması barədə tədqiqat aparmağa ehtiyac duyulur. Əvvəl bu amillərlə tanış olaq, sonra o onların hər biri barədə geniş söhbətlərimizə davam edərik.

1. Ağıl

Bəzi alimlər bildirmişlər ki, insanı idarə və islah edən amil ağıldır. Onlar qeyd etmişlər ki, əgər hər bir fərdin və ya bir cəmiyyətin ağlı (pisi yaxşıdan, xeyri şərdən, mərufu münkərdən və nuru zülmətdən seçə biləcəyi qədər) güclü olarsa, demək ağıl həmin insanı və cəmiyyəti tənzimləyə bilər.

2. Elm

Bəzi alimlərin nəzərinə əsasən insanı idarə və islah edən amil elmdir. Bunu söyləyən şəxslərdən birincisi və bu sözün tərəfdarı Əflatun olmuşdur. Tarixdə sonradan bir qrup alim Əflatunun bu sözünü dəstəkləmiş və bu barədə öz nəzərlərini bildirmişlər.

Əflatun demişdir ki, əgər insanda rəzil sifətlərlə fəzilətli sifətləri ayıran və rəzil sifətlərin ziyanlarını, fəzilətli sifətlərin xeyrini bildirən elm olarsa, demək o elm insanı hidayət edə bilər.

3. Qanun

Bəzi alimlərin nəzərinə əsasən insan qanuna riayət edərsə, o qanun onu idarə edə bilər və onu həddini aşmağa qoymaz.

4. Əmr be-məruf və nəhy əz-münkər

Bir sıra alimlər əmr be-məruf və nəhy əz-münkərin insanı və ya cəmiyyəti idarə və islah etmə qüdrətinə malik olduğunu vurğulamışlar. Əgər bir cəmiyyətdə insanlar bir-birini yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirərsə o cəmiyyət islah olunaraq təkamülə yetişər.

5. İman

Bir çox alimlər isə buyurmuşlar ki, insanı (hansı halda olmasından asılı olmayaraq) idarə və islah edən yeganə amil imandan ibarətdir. Ümumiyyətlə iman üç hissəyə ayrılır.

1. Dildə iman gətirmək.

Alimlər dildə iman gətirməyin insana heç bir fayda vermədiyini söyləmişlər. Çünki, insanın ağlılda və qəlbdə Allaha imanı olmazsa dildə iman gətirməyin ona heç bir faydası yoxdur.

2. Ağıl vasitəsi ilə iman gətirmək.

Bəzi alimlər buyurmuşlar ki, ağlın vasitəsilə iman gətirərsə bu iman insanı idarə və islah edə bilər. Bu iman elm vasitəsilə insan üçün hasil olur. Ağılda olan iman dəlil və sübutlardan ibarətdir və fəlsəfə elmində ona elm deyilir. Yəni dəlil və sübutlarla insana hasil olan iman elm adlanır. Məsələn, İnsan Allahın varlığı, peyğəmbərin peyğəmbərliyi, imamın imaməti və qiyamət barəsində olan elminə ağıl vasitəsi ilə iman gətirməsi deyilir. Bunların hamısı üsulid-dinə aiddir ki, bu da əqli dəlillərin vasitəsilə sübut olunur. Məsələn, nizam-intizamın sübutu əqli dəlillə öz yerini tapır və bu sübutun vasitəsilə insan başa düşür ki, bütün aləmi, nizam-intizamı, yaradan mütləq şüurudur, yəni Allahdır. Beləliklə də ona iman gətirir. İnsanda olan bu imana əqli iman, fəlsəfədə isə elm deyilir.

3. Qəlbi iman.

Fəlsəfədə bu iman mərifət adlanır. Qəlbi iman insanın qəlbinə nüfuz edən bir inamdır. Yəni insan öz qəlbində Allahın ona hakim olmasını və harada olmasına asılı olmayaraq Allahı ona nəzarət edən bir qüvvə olmasını dərk edir. Bütün alimlər bildirmişlər ki, insanın harada və ya hansı halda olmasından asılı olmayaraq onu düz yola yönəldən yeganə amil Allaha qəlbən iman və inam bəsləməsidir. İnsanın ağıl vasitəsilə ələ gətirdiyi iman onu hər yerdə və hər halda bütünlüklə idarə və islah etmək imkanına malik deyildir. Doğrudur, ağıl vasitəsilə ələ gələn iman insanı bəzi hallarda hidayət edə bilər, lakin insanın daxilində qərizələrin tüğyan etdiyi zaman insanın əqli imanı onu idarə və islah etməyə qadir olmur. Məsələn, siqaretin insan üçün ziyanlı olmasını hamı bilir və həkimlər də siqaret barədə öz mənfi nəzərlərini bildirmişlər. Lakin bəzən görünür ki, siqaretin ziyanlarını bilən həmin həkimin özü siqaret çəkir. Yaxud yanacaq doldurma məntəqəsində “Siqaret çəkmək qəti qadağandır” sözü yazılır. Lakin onu ora yazıb vuran şəxsin elə oracada siqaret çəkdiyi müşahidə olunur. Onun öz yazdığı söz onu idarə və islah edə bilmir. O bilir ki, burada siqaret çəkmək böyük bir faciəyə səbəb ola bilər. Lakin ağıl vasitəsilə ələ gətirdiyi bu iman onu idarə və islah etməkdə aciz qalır.

Ümumiyyətlə insanı hər bir halda hidayət edən və tənzimləyən yeganə amil qəlbən insana hasil olan imandır. Ona görə də biz dualarda belə oxuyuruq: “İlahi! Mən səndən elə bir iman istəyirəm ki, həmişə mənim qəlbimdə olsun.”

اِتَّقُوا مَعاصِىَ اللهِ فِى الْخَلَواتِ فَإِنَّ الشّاهِدَ هُوَ الْحاكِمُ

Həzrət Əli(ə) buyurur: “Gizlində də olsa belə Allaha günah etməkdən çəkinin! Çünki sizə şahid olan Allah Özü Qiyamət günü sizə hakim olacaq.”1

Qəlbi iman insanı həm gizli, həm də aşkarda günahlardan qoruyub islah edə bilər. Çünki insan gizlicə günah etmək istədikdə qəlbində Allaha olan iman onu günah etməyə qoymur. Allah insanın harada və hansı halda olmasından asılı olmayaraq onun bütün əməllərini görür və ürəyindən nə keçdiyini bilir. Məsələn, sürücü yolda polisin olmamasından istifadə edib yol hərəkəti qaydalarını pozur. Əgər polis onun yanında olarsa, heç vaxt yol hərəkəti qaydalarını pozmaz. Çünki bilir ki, polis ona nəzarət edir. Əgər qaydanı pozarsa, onu cərimə edəcək.

İnsan harada olursa olsun Allahı öz daxilində ona nəzarət edən qüvvə kimi bilməlidir. Belə olduqda insan heç vaxt qayda-qanunu pozmaz və onun üçün təyin olan həddləri aşmaz.

قَالَ الصَّادِقُ(ع): اَلقَلْبُ حَرَمَ اللِه وَ لا تُسْكِنْ حَرَمَ اللهِ غَيْرَاللهِ

İmam Sadiq(ə) buyurur: “Qəlb Allahın evidir. Allahdan başqasının ora daxil olmasına icazə verməyin.”1

Əgər insan Allahdan başqası üçün öz qəlbidə yer etməsə heç vaxt günah etməz və Allah onun yadından çıxmaz. Hədislərdə vardır ki, mömin (imanlı şəxs) ağır dağa bənzər, hər əsən külək, yağan yağış onu yerindən tərpədə bilməz.”

Yağış dağa yağdığda onun üzərindən qumları və xırda daşları təmizləyər, lakin dağın özünü yerindən oynada bilməz. Dağın üzərində aylarla qar olur, lakin dağ öz yerində olduğu kimi qalır. Mömin möhkəm dağa bənzər ki, heç bir şey onu imanından döndərə bilməz. Əgər insanın imanı möhkəm olarsa onu imandan döndərmək heç zaman mümkün olmaz və o, Qurandan əl götürməz.

Əbdül Məlik ibn Mərvanın Allaha əqli inamı var idi və əqli dəlillərlə Peyğəmbərin peyğəmbərliyini və məadı dərk etmişdir. O məsciddə çox ibadət etdiyinə görə və çox Quran oxuduğuna görə ona məscid göyərçini deyirdilər. Bir gün Mərvan məsciddə əyləşib Quran oxuyurdu. Bir nəfər gəlib onun vəzifəyə seçildiyi xəbərini verdikdə, o Quranı yerə qoyub dedi: “Ey Quran bu günə qədər mənimlə idin, lakin bu gündən sonra səndən ayrılmalı olacağam.” Əbdül Məlik Mərvan vəzifə başında əyləşdikdən sonra hər şeyi yaddan çıxardı və İslamın böyük düşmənlərindən biri oldu. Onun Allaha qəlbən imanı olmadığından belə işlər gördü. Əgər onun Allaha qəlbən imanı olsaydı heç vaxt haqq yoldan azmazdı.

Tarixdə elə şəxsiyyətlər də olmuşdur ki, onların qəlbləri Allah məhəbbətilə dolu idi. Belə şəxsiyyətlər qiyamət gününə qədər yaşayacaq və dillər əzbəri olacaqlar. O şəxsiyyətlərdən biri İmam Əli(ə) idi. Camaat onu özlərinə rəhbər seçmək üçün onun qapısına yığışdılar. İbn Abbas deyir: Mən evə daxil olanda Əlinin(ə) öz çarıqlarını yamadığının şahidi oldum. Dedim: Ya əmirəl-möminin camaat səni özlərinə rəhbər seçmək üçün qapıya yığışıblar. Sənsə evdə əyləşib çarıqlarını yamayırsan?

İmam Əli(ə) çarıqları cütləyib yerə qoydu və məndən soruşdu: İbn Abbas, bu çarıqlara nə qədər qiymət verərsən?

Dedim: Bu ayaqqabıların qiyməti çox azdır, onları heç bir dirhəmə də almazlar.

İmam Əli(ə) buyurdu: Ey ibn Abbas! And olsun Allaha ki, bu çarıqlar mənim üçün rəhbərlik vəzifəsindən daha da qiymətlidir. Lakin mən rəhbərliyi məzlumların haqqını zalımlardan almaq üçün qəbul edirəm.

Həzrət Əlidə(ə) olan bu iman qəlbi iman idi. Belə bir iman insanda olarsa, bu iman insanı hər bir yerdə günahlardan qoruyub saxlayar və onu hidayət edər. İmam Əli(ə) xəlifə olanda da, olmayanda da Allaha ibadət edərkən ağlamağın şiddəti nəticəsində ürəyi gedərdi. Əli(ə) Allaha yalnız Onun Özünə xatir və Ona olan məhəbbətinə görə ibadət edərdi. O Həzrət Allahla münacat edərkən belə deyərdi: “İlahi, mən Sənə Cənnətə getməyə və Cəhənnəmin əzabından nicat tapmağıma görə ibadət etmirəm. Mən yalnız Sənin özünə görə ibadət edirəm. Çünki yalnız Sən ibadətə layiqsən.”

Həzrət Əli(ə) yalnız Allahın razılığı olan işləri görərdi. Həyatı boyu yalnız Allah razılığını qazanmaq üçün çalışmışdı. Yaşlı qadın su apararkən səhəngi ondan alıb kömək edər, yetimlərin başına əl çəkib onların qayğısına qalar, kasıblara əl tutar və bu kimi işlərlə Allah razılığını qazanardı. Hamı bilirdi ki, Əli(ə) harada olsa haqq da oradaır.

Həzrət Peyğəmbər(s) onun barəsində buyurmuşdu: “Əli haqq ilədir və haqq da Əli ilə.”

Bir qrup müsəlmanlar Peyğəmbərin(s) hüzurunda idilir. Həzrət Peyğəmbər(s) Əlinin(ə) əlindən tutub buyurdu: “Harada olmasından asılı olmayaraq Əli(ə) Quranladır və Quranda Əli ilə .”

Həzrət Əliyə(ə) baxarkən sanki Quran ayələri gözə görünürdü. Quran ayələri o Həzrətin simasında təsəvvür olunurdu.

İmam Hüseyn(ə) Əlinin(ə) oğlu idi. O da öz işlərini yalnız Allahın razılığını və Allah dininin diri qalması üçün görərdi. İmam Hüseyn(ə) buyurdu: “Əgər Mühəmməd(s)-in dini mənim ölümümlə diri qalacaqsa, onda ey qılınclar doğrayın məni!”

Qəlbində Allaha imanı olan şəxslər öz razılığını yox, yalnız Allahın razılığı olan işlərə can atar və o işləri görərlər. Hansı işdə Allah razılığı olarsa, o işin içində olmalıdır.

Məcnunun Leyliyə olan məhəbbətinə nəzər salanda görürük ki, Məcnun Leyliyə gərə hər şeyi qurban verməyə hazır idi. Əgər Leyli od-alovun içində belə olsaydı Məcnun da özünü odun içinə atmağa razı idi. Çünki Məcnun Leylini ürəkdən istəyirdi. Əgər insan bir şeyi ürəkdən istəyərsə onun üçün heç bir çətinlik olmaz.

Bilal Həbəşi Allaha qəlbən iman gətirdi. Ona nə qədər əzab-əziyyət verdilərsə yenə də Allahı səsləyirdi. Çünki, o Allaha ürəkdən iman gətimişdi.

Bu bəhsdə biz insanı idarə və islahedici amillərlə qısa da olsa belə tanış olduq və bildik ki, insanın qəlbində Allaha inam və iman olmazsa o biri amillər insanı tam şəkildə idarə və islah edə bilməz. İndi isə biz islahedici amillərin hər biri barədə geniş söhbətlərə keçirik.

AĞIL

Bəzi alimlərin tədqiqatına əsasən insanın ağlı güclü olarsa və yaxşını pisdən ayırd edə bilərsə o ağıl insanı və cəmiyyəti hidayət edib təkamülə çatdıra bilər. Bu sözün doğru olub-olmamasını araşdırmağa ehtiyac vardır. Biz bilməliyik ki, görəsən ağıl insanı hər bir halda idarə və islah edə bilərmi? Bunu bilmək üçün ağılın tərifini bilmək lazımdır.

Ağılın mahiyyətinin nə olduğunu heç kəs müəyyənləşdirə bilmir. Bu cövhərin nə olduğu heç kəsə bəlli deyildir. Lakin biz onun xüsusiyyətlərindən və keyfiyyətindən xəbərdarıq. Quran ağıla çox böyük qiymət vermişdir. Lakin onun mahiyyəti barədə bir söz qeyd etməmişdir. Quran ağlın mahiyyəti barədə bir söz buyurmadığına görə biz də onun həqiqətini bilmirik. Biz yalnız ağılın səmərəsinin düşüncə və fikir olduğunu bilirik və düşüncəli insana da ağıllı insan deyirik. Kimin fikri gözəldirsə, demək onun ağlı da gözəldir.

İmam Sadiq(ə) buyurur: “Ağıllı insanla axmaq insanın fərqi budur ki, ağıllı insan həmişə fikirləşər, sözü ölçüb-biçdikdən sonra danışar, işlərini fikir və düşüncə ilə həyata keçirər. Lakin axmaq insan isə əksinə, əvvəl danışar, işləri xarab edər, sonra da peşmançılıq çəkər.”

Bizdən “ağıl nədir?” –deyə soruşduqda biz bu suala belə cavab veririk. Ağılın səmərə və bəhrəsinin düşüncə və fikir olduğunu bilirik, lakin onun mahiyyətini dərk etmirik.

Allah-təala bu barədə “Rəd” surəsinin 4-cü ayəsində buyurur:

إِنَّ فِي ذالِكَ لَآياتٌ لِقَوْمٍ يَعْقِلُونَ

“Şübhəsiz ki, bunda da (ağıllı) anlayıb dərk edən insanlar üçün Allahın nişanələri və əlamətlər vardır.”

Bu ayədən məlum olur ki, məhz ağıllı insanlar həmişə düşünüb fikirləşər və Allahın nişanələri ilə Onu tanıyarlar.

İmam Sadiq(ə)-dan “ağıl nədir?”- Deyə soruşduqda imam belə cavab verərək buyurdu: “Ağıl odur ki, insan onun vasitəsilə Allahı tanıyıb Ona ibadət etsin və onun vasitəsilə Cənnəti qazansın.”

Əgər bir insan Allahı tanıyarsa və ona ibadət edərsə və ya Cənnəti qazanarsa demək o şəxs ağıllı insandır. Bunların hamısı ağılın bəhrələridir. Başqa bir ayəyə diqqət yetirək. Bu ayədə bir qrup insanlar Cəhənnəmə gedərkən belə deyəcəklər:

وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ

“Əgər biz eşitsəydik və ağlımızı başımıza yığsaydıq Cəhənnəm əhli içində olmazdıq.”1

Bu ayə açıq aydın olur ki, ağılsız insanlar heç vaxt Cənnətə gedə bilməzlər.

Allah-təala “Zümər” surəsinin 18-ci ayəsində belə buyurur:

الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ

“O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Məhz onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də məhz onlardır!”

Bu ayə insanlara bildirir ki, yalnız ağıl sahibləri öyüd nəsihəti və haqqı qəbul edərlər, Allah da onları doğru yola yönəldər.

Qurani-Kərim ağıla çox üstünlük vermişdir. Təfsir alimləri qeyd etmişlər ki, Rum surəsinin 28-ci ayəsindən başqa Quranda ağıl barədə ayə olmasaydı belə bu ayənin özü ağlın fəzilətli olması barədə kifayət edərdi. Allah-təala bu ayədə belə buyurur:

كَذَلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ

“Biz (Allahın nişanələrini) və ayələrimizi ağılla düşünən bir qövm üçün belə ətraflı izah etdik.”

Bu ayədən belə məlum olur ki, Quranın hədəflərindən biri də ağıla tərbiyə verməkdən ibarətdir. Quran bu ayədə ağıla çox qiymət verərək onu qiymətləndirir. Yəni hər kəsin ağlı çox olarsa Quran ona daha çox hörmət edir.

Mərhum Koleyni “Üsuli-Kafi” kitabında İmam Sadiq(ə)-dan belə bir hədis nəql etmişdir. “Allah ağılı yaratdıqdan sonra onunla söhbət etdi və ağıla hər nə əmr etdisə ağıl əmrə tabe oldu və onu hər nədən çəkindirdisə ağıl ondan çəkindi. Bir sözlə ağıl Allahın bütün əmrlərinə tabe oldu. Allah-təala ağıla xitab edərək buyurdu: “İzzət və cəlalıma and olsun, mən səni şərəfli bir varlıq olaraq xəlq etdim. Və çox istədiyim şəxsə də kamil ağıl verərəm.”

Sonra Allah-təala buyurdu: “Mən insanlara onların ağlına görə cəza və savab verərəm.”

Yəni Allah-təalanın insanlara əcr və ya cəza verməsi onların ağlına görədir və əsas meyar da ağıldır.

İmam Sadiqdən(ə) bu barədə olan ikinci hədis belədir: “Ağıl odur ki, insanın əməlləri onun vasitəsilə ölçülür.”

Əgər insanın ağlı az olarsa onun əməlinin çoxluğuna qiymət verilməz. Çünki burada əsas meyar əməlin çoxluğu yox, ağılın çoxluğudur.

İmam Sadiq(ə) bu hədisi buyurduqdan sonra bir rəvayəti əlavə etdi: “Bir adada abid yaşayırdı və Allaha çox ibadət edərdi. Mələklər gördülər ki, o abid Allaha gecə gündüz ibadət edir, lakin onun əməl dəftərinə az savab yazılır. Mələklər Allaha təəccüblə dedilər: “İlahi, o Sənə gecə gündüz ibadət edir, lakin onun nameyi əməlinə az savab yazılıb. Bunun səbəbi nədir? Allah-təala mələklərə onunla söhbət etməyi əmr etdi. Mələklər gəlib bir gecə-gündüz söhbət etdikdən sonra gördülər ki, o abidin ağılı çox yüngül və azdır. Başa düşdülər ki, Allah ağılı yüngül və az olan şəxslərə çox ibadət etsələr belə savab yazmır. Çünki insanın əməlini onun ağıl keyfiyyətləndirir. Əgər ağlı az olarsa, əməlin keyfiyyəti də az olar.

Yuxarıda qeyd etdiyimiz ayə və hədislər ağlın fəzilət və şərafəti barəsində idi. Lakin əsas məqsədimiz budur ki, ağıl bu qədər fəzilət və şərafətilə hər bir halda insanı idarə edə bilərmi? İnsana ağıldan başqa idarə və islah edən bir amil lazımdırmı?

Bu sualların cavabında belə qeyd etmək lazımdır ki, ağıl insanı adi hallarda idarə edə bilər. Lakin insanın daxilində şəhvət hisləri cuşa gəldikdə və ya heyvani qərizələr insanın daxilində baş qaldırdıqda ağıl tamamilə kənarda qalır və insanı idarə etməyə qüdrəti çatmır. Məsələn bir cavanın daxilində şəhvət cuşa gəlib tüğyan etdikdə onun gözləri artıq pisliyi görmə qabiliyyətindən düşər. Yəni görəcəyi işin aqibətini düşünməyi unudar. Çünki artıq şəhvət onun ağlını aradan aparmışdır. Əgər insanda qəlbən Allaha iman olmasa ağıl təklikdə onu idarə edə bilməz. Allah-təala “Yusif” surəsinin 24-cü ayəsində buyurur:

وَلَقَدْ هَمَّتْ بِهِ وَهَمَّ بِهَا لَوْلا أَن رَّأَى بُرْهَانَ رَبِّهِ كَذَلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَاء إِنَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِينَ

“Doğurdan da, (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi (imanın ən yüksək mərhələsi olmasaydı), (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!”

Züleyxa ilə Yusif bir otaqda idilər. Onların ikisindən başqa heç kəs yox idi. Orada Yusifi günahdan saxlayan Allaha qəlbən imanı olması idi. Züleyxa öz bütünün üzərinə bir parça atdı. Yusif soruşdu: Niyə bütün üzərinə parça saldın? Züleyxa dedi: Bizi görməsin deyə mən onun üzərinə parça atdım. Yusif dedi: Sən görməyən, eşitməyən bir bütdən həya edib utandığın halda, mən necə hər bir şeyi görüb-eşidən Allahımdan həya etməyim və utanmayım?

İnsanın daxilində şəhvət tüğyan etdiyi zaman ağıl onu idarə edə bilməz. Bu zaman insana qəlbən iman lazımdır ki, onu idarə və islah etsin. Çünki şəhvət ağılı aradan aparar.

Bu bəhsimizin nəticəsində bir daha qeyd edirik ki, ağıl insanı adi halda islah edə bilər, lakin qərizələr insanın daxilində tüğyan etdiyi zaman qəlbi iman olmazsa ağıl insanı idarə və islah edə bilməz.

ELM

Bir sıra alimlərin nəzərinə əsasən insanı hidayət edən ikinci amil elm və bilikdən ibarətdir. Bu sözün əsas tərəfdarı Əflatun və onun şagirdləri olmuşdur. Əflatun demişdir ki, elm insanı hidayət etmək imkanına malikdir. Əgər fərdin yaxud cəmiyyətin elmi olarsa, o elm onları hidayət edər və heyvani qərizələrdən qoruyub saxlayar. Çünki hər hansı fərd yaxud cəmiyyət müəyyn bir əməlin mənfi və müsbət cəhətlərini bilərsə, rəzalət və fəzilətə elm taparsa belə bir elm insanı və cəmtyyəti hidayət edə bilər. Bu fikir Əflatun və onun şagirdlərinin nəzəriyyəsidir.

İndi biz Əflatunun bu sözünün nə dərəcədə düzgün olması barədə tədqiq edəcəyik. Görəsən Əflatunun dediyi kimi bu elm insanı hər bir halda idarə və islah edə bilərmi? Bunu bilmək üçün elmin tərifini bilmək lazımdır.

Əlbəttə, elm çox mühüm, dəyərli və qiymətli olan bir şeydir. İslam dinində də elmə verilən qiymət başqa heç bir şeyə verilməmişdir. Yəni İslam dini elm öyrənməyi çox təkid edərək insanın bilik öyrənməsini vacib saymışdır. Quranda da təxminən 1000 ayə elm barəsində nazil olmuşdur. Hətta Alla-təala İslam Peyğəmbəri ilə ilk dəfə söhbət edərkən və o Həzrəti Peyğəmbərliyə təyin edərkən onunla elm barədə söhbət etmişdir. Allah-təala “Ələq” surəsində belə buyurur:

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ (1)خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ (2) اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ(3) الَّذِي عَلَّمَ بِالْقَلَمِ(4) عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ(5)

1. Yaradan Rəbbinin adı ilə oxu!

2. O insanı laxtalanmış qandan yaratdı.

3. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.

5. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi.

Allah peyğəmbərlə ilk dəfə söhbət etdikdə onunla elm barədə söhbət olunması çox mühüm bir məsələ idi. Şəhid Sani1 öz kitabında bu ayələr barədə belə qeyd etmişdir: Allahın Peyğəmbərə nazil etdiyi bu ilk surədə peyğəmbərin 23 illik proqramını müəyyənləşdirmişdir. Çünki, Peyğəmbərin(s) bütün işlərini öyrənib-öyrətmək prinsipi əsasında qurulmuşdur. “Cümə” surəsinin 2-ci ayəsində bu məsələyə işarə olunmuşdur.

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ

“Əksəriyyəti yazıb oxumaq bilməyən ərəblərə özlərindən peyğəmbər göndərən Odur. O Peyğəmbər əvvəllər haqq yoldan açıq-aşkar azsalar da onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk, və küfr çirkabından) təmizləyər, onlara Kitabı, hikməti və elmi öyrədər.”

Bu ayələrdən məlum olur ki, peyğəmbərin Allah tərəfindən göndərilməsində əsas məqsədlərdən biri də bu olmuşdur.

Elm barədə bizim Peyğəmbər və imamlardan bir çox hədislərimiz vardır ki, onları nəinki bir kitabda, bəlkə cildlərlə kitablar yazılsa, yenə də o hədislərin ardı arası kəsilməz. Nümunə üçün bir neçə hədisi nəzərnizə çatdırıram. Şəhid Sani “Münyətül-Mürid” kitabında Həzrət Peyğəmbərdən(s) belə bir rəvayət nəql edir:

خرخ رَسُول الله(ص) فإذا فى المسجد مجلسان. مجلس يتفقهون و مجلس يدعون الله تعالى و يسئلونه. فقال: كلا المجلسين الى خير. اما هؤلاء فيدعون الله و اما هؤلاء يتعلمون و يتفقهون الجاهل. هؤلاء افضل. باالتعليم ارسلت. ثم قعد معهم

1. Bir gün həzrət Peyğəmbər(s) məscidə daxil olanda orada iki dəstənin şahidi oldu. Bir dəstə fiqh və bu kimi elmləri öyrənib öyrətməklə o biri dəstə isə Allaha ibadət və dua etməklə, məşğul idilər. Həzrət Peyğəmbər(s) hər iki dəstəyə nəzər salaraq buyurdu: “Hər iki dəstənin məclisi xeyirli və bərəkətlidir. Birinci dəstənin məclisi ona görə xeyirli və bərəkətlidir ki, onlar Allaha ibadət və dua edirlər. İkinci dəstənin məclisi isə ona görə xeyirli və bərəkətlidir ki, onlar elm öyrənib öyrətməklə məşğuldular. Lakin elm bu dəstənin məclisi dua və ibadət edənlərin məclisindən daha fəzilətlidir. Mənim də Allah tərəfindən insanlara gəlməyimdən məqsədim elm öyrətmək olmuşdur.” Sonra həzrət Peyğəmbər(s) gəlib elmlə məşğul olan dəstənin məclisində əyləşdi. 1

Bu ayə və hədislərdən bir fakt kimi başa düşürük ki, islam dini elm və biliyə çox əhəmiyyət verir.



  İrəli
Go to TOP