A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Diqqəti cəlb edən budur ki, surə (“Rə’d” surəsi) Məkkədə nazil olmuşdur. Halbuki Abdullah ibn Salam, Salman Farsi və kitab əhlindən olan digər alimlər İslam dinini Mədinədə qəbul etmişdilər.

Bu fikir Səid ibn Cübeyrdən də nəql olunmuşdur. Belə ki, ondan “ayədə qeyd olunan “mən indəhu elmul-kitab!” (Allahın kitabını bilən şəxs) Abdullah ibn Salamdırmı”, deyə soruşduqda, belə cavab vermişdi: “O deyil, çünki bu surə Məkkədə nazil olmuşdur!”[166]

Həmçinin Şeyx Salman Qunduzi Hənəfi[167] “Yənabiul-məvəddət” kitabında Sə’ləbi, İbn Məğazili və Abdullah ibn Ətadan nəql edir ki, Məhəmməd Baqirlə (ə) birgə məsciddə oturmuşdum. Bu zaman Abdullah ibn Salamın oğlunu görüb dedim: “Bu Allahın kitabını bilən şəxsin oğludur!” Məhəmməd Baqir (ə) buyurdu: “(Xeyr!) Ayə Əli ibn Əbi Talib (ə) barəsində nazil olmuşdur.”[168]

Həmin kitabda başqa bir rəvayətdə Ətiyyə Ovfi, Əbu Səid Xudridən belə nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) “əlləzi indəhu elmun minəl-kitab” (“Nəml” surəsinin 40-cı) ayəsi haqda soruşulduqda o həzrət buyurdu: “O, qardaşım Süleyman ibn Davud peyğəmbərin vəziri idi!” Sonra “De ki, Allah və Onun kitabından xəbərdar olan şəxsin mənimlə sizin aranızdakı şahidliyi mənə bəsdir” ayəsinin kimin haqqında nazil olduğu soruşuldu. Həzrət buyurdu: “O, qardaşım Əli ibn Əbi Talibdir!”[169]

Başqa bir rəvayətdə İbn Abbas belə deyir: “Allahın kitabını bilən şəxs yalnız Əlidir. O, Qur’anın təfsir və tə’vilini, nasix və mənsuxunu bilir!”[170]

Bir sözlə, bu ayəni kitab əhlindən olan alimlərə aid etmək əsla düzgün deyil. Çünki bu surə Məkkədə nazil olmuşdur. Onlar isə hicrətdən sonra Mədinədə İslamı qəbul etmişdilər. Yuxarıdakı rəvayətlərə əsasən, bu ayə imam Əlinin (ə) barəsində nazil olmuşdur (o həzrətdən sonrakı mə’sum imamlara da elmdən irs çatmışdır).

Bəli, Qur’ani-kərim, onun sirr və incəlikləri, zahir və batini mə’naları mə’sum imamların əsas elm mənbələrindəndir.[171]

Buna sübut göstərilən ayələrdən biri də “Ali-İmran” surəsinin “Və ma yə’ləmu tə’viləhu illəllahu vər-rasixunə fil-elm” (Qur’anın tə’vilini Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilmir) ayəsidir.[172]

İzah: Təfsir alimləri arasında “elmdə qüvvətli olanlar” – ifadəsinin “və” bağlayıcısı ilə “Allah” sözünə bağlılığında fikir ayrılığı var. Bə’zilərinin nəzərincə, ifadə “və” bağlayıcısı vasitəsilə “Allah” sözünə bağlanır. Belə olduqda, ayə yuxarıda qeyd etdiyimiz mə’nanı daşıyıcaqdır. Bə’ziləri isə deyirlər ki, “elmdə qüvvətli olanlar...” ayrıca, müstəqil cümlədir. Buna əsasən, ayənin mə’nası belə olacaq: “Qur’anın tə’vilini yalnız Allah bilir. Elmdə qüvvətli olanlar isə “Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir”, deyirlər!”

İkinci baxış həqiqətə uyğun gəlmir və bunun bir neçə səbəbi var:

1. Qur’ani-kərimdə Allahdan başqasının bilmədiyi sirlərin olması qeyri-mümkündür. Qur’an insanların hidayət və tərbiyəsi üçün nazil olduğundan, onda Allahdan başqa kimsənin bilmədiyi bir cümlə və ayənin olması mə’nasızdır.

2. Böyük təfsir alimi Təbərsinin “Məcməül-bəyan” kitabında yazdığı kimi, hələ ki, təfsirçilər arasında “filan ayəni Allahdan başqa heç kim bilmir” deyən bir təfsirçi görünməmişdir. Əksinə, onlar həmişə ayələrin sirlərini kəşf etmək üçün müxtəlif yollara, o cümlədən, mə’sum imamların rəvayətlərinə əl atmışlar. Həqiqətdə, ikinci baxış bütün təfsir alimlərinin dediklərinin əksinədir.

3. Əgər məqsəd elmsiz təslim olmaqdırsa, onda ayədə “elmdə qüvvətli olanlar” deyil, “imanda qüvvətli olanlar” ifadəsi işlədilməli idi. Bir şey bilməyən şəxsə “elmdə qüvvətli olan” adını vermək olarmı?!

4. Bir çox rəvayətlərdə “elmdə qüvvətli olanlar”ın Qur’an ayələrinin tə’vil və batinini bildikləri nəql olunmuşdur. Bu isə həmin ibarənin “və” bağlayıcısı ilə “Allah” sözünə bağlandığını göstərir.

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: “Elmdə qüvvətli olanlar Əmirəl-mö’minin və ondan sonrakı imamlardır!”[173]

Yenə başqa bir hədisdə imamlar buyurmuşdur: “Elmdə qüvvətli olanlar və Qur’anın tə’vilini bilənlər bizik!”[174]

İmam Baqir (ə) (yaxud imam Sadiq (ə)) “Qur’anın tə’vilini Allah və elmdə qüvvətli olanlardan başqa kimsə bilməz” ayəsinin təfsirini belə açıqlamışdır:

فَرَسُولُ اللهِ اَفْضَلُ الرّاسِخِينَ فِى الْعِلْمِ، قَدْ عَلَّمَهُ اللهُ عَزَّوَجَلَّ جَميعَ ما اَنْزَلَ عَلَيهِ مِنَ التَّنْزِيلِ وَالتَّأوِيلِ، وَما كانَ اللهُ لِيُنَزِّلَ عَلَيهِ شَيْئاً لَمْ يُعَلِّمْهُ تَأوِيلَهُ، وَاَوْصِيائُهُ مِنْ بَعْدِهِ يَعْلَمُونَهُ كُلَّهُ:

“Allahın Rəsulu (s) elmdə qüvvətli olanların ən üstünüdür. Allah-taala tənzildən tə’vilə qədər nazil etdiklərinin hamısını ona öyrətdi. Allah-taalanın ona nazil etdiyi bir şeyin təfsir və tə’vilini öyrətməməsi qeyri-mümkündür. Peyğəmbərin (s) vəsiləri[175] də peyğəmbərdən sonra onların hamısını bilirlər!”[176]

Bu barədə həmin mə’na və məfhumu yetirən hədislər də çoxdur.[177]

Qeyd etdiyimiz dörd dəlilə əsasən, “elmdə qüvvətli olanlar” ifadəsinin “Allah” sözünə bağlanmasına heç bir şəkk-şübhə qalmır və onlar Qur’an ayələrinin tə’vil və batinindən agahdırlar.

Diqqəti cəlb edən digər incə nöqtə budur ki, Qur’ani-kərimdə “elmdə qüvvətli olanlar” ifadəsi iki dəfə – biri bu ayədə (“Ali-İmran” surəsi, 7-ci ayə), digəri isə “Nisa” surəsində (162-ci ayə) işlədilmişdir. “Nisa” surəsinin 162-ci ayəsində kitab əhlinin (yəhudi və məsihilərin) sələm, qarət və camaatın əmlakını mənimsəmə kimi bəyənilməz və çirkin əməllərinə işarə edildikdən sonra buyurulur: “Lakin onların elmdə qüvvətli olanları və (Peyğəmbərin səhabələrindən olan) mö’minlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara (səmavi kitablara) inanırlar!” (Yə’ni hər iki qrup bütün səmavi kitablara, həm Qur’ani-kərimə, həm də əvvəlki kitablara iman gətirmişlər.)

Belə nəzərə çarpır ki, Abdullah ibn Salam və kitab əhlinin İslam dinini qəbul edən digər alimlərinin “elmdə qüvvətli olanlar”a aid edilməsi “Ali-İmran” surəsinin 7-ci ayəsi ilə yox, “Nisa” surəsinin 162-ci ayəsi ilə əlaqədardır. Çünki bu ayədə kitab əhlinin alimləri haqda söz açıldığı halda, bəhs etdiyimiz ayədə (“Ali-İmran” surəsinin 7-ci ayəsi) kitab əhli barədə heç bir söz yoxdur.

Bir sözlə, “Ali-İmran” surəsinin 7-ci ayəsinin zahiri mə’nası budur ki, Qur’anın tə’vilini Allah və elmdə qüvvətli olanlar bilir. Elmdə qüvvətli olanların həqiqi simaları Peyğəmbər (s) və mə’sum imamlar olduğundan, onların elmi mənbələrindən ən mühümü də Qur’ani-kərim, onun təfsir və tə’vili, zahir və batinidir.

Bu hissəni Qur’ani-kərimin “Ənkəbut” surəsinin 49-cu ayəsi ilə sona çatdırırıq:

بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ

“Xeyr, bu Qur’an elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələridir.”

Əhli-beyt (ə) rəvayətlərinə görə, bu ayədə qeyd olunan “elm verilmiş kəslər” ünvanı (Peyğəmbərdən (s) sonra) mə’sum imamlardır. Əlavə mə’lumat əldə etmək istəyənlər “Biharul-ənvar” kitabına və “Bürhan” təfsirinə müraciət edə bilərlər.[178]

b) Peyğəmbərin (s) irsi:

Mə’sum imamların elmi mənbələrinin ikincisi Peyğəmbərdən (s) aldıqları elm irsidir. Belə ki, o həzrət bütün İslam şəriət və maarifini imam Əliyə (ə) öyrətmişdir. Bə’zi rəvayətlərə əsasən, imam Əli (ə) də öyrəndiklərini yazmış, bu elm və bilik nəsildən–nəslə onun övladlarına, yə’ni mə’sum imamlara ötürülmüşdür. Başqa sözlə, İslam rəvayətlərində göstərildiyi kimi, Peyğəmbər (s) imam Əliyə (ə) elmin min qapısını açdı. Bu qapıların hər birindən min qapı açılırdı.

“Üsuli-kafi” kitabında bu barədə xeyli rəvayət var. O cümlədən, Əbu Bəsirin belə dediyi nəql olunur: “İmam Sadiqdən (ə) soruşdum: “Sizin ardıcıllarınız deyirlər ki, Allahın Rəsulu (s) Əliyə (ə) elmin elə bir qapısını açdı ki, ondan min qapı açıldı.” O həzrət buyurdu:

عَلَّمَ رَسُولُ اللهِ عَلِيّاً اَلْفَ بابٍ، يُفْتَحُ مِنْ كُلِّ بابٍ اَلْفَ بابٍ:

“Allahın Rəsulu (s) Əliyə (ə) elmin (bir qapı deyil) min qapısını açdı və hər qapıdan min qapı açıldı.”

Sonra buyurdu: “Ey Əbu Bəsir! Bizim ixtiyarımızda bir “Camiə” var.” Əbu Bəsir “Camiə nədir” soruşduqda, Həzrət buyurdu: “Allah Rəsulunun “zira”sı[179] (biləkdən dirsəyə qədər olan məsafə) ilə yetmiş zira uzunluğda bir səhifədir. O, Peyğəmbərin (s) öz imlası və Əlinin (ə) dəstxətti ilə yazılmışdır. Onda bütün halal-haram və (qiyamət gününə qədər) insanların ehtiyac duyduqları məsələlər, hətta bədəndəki cızığın diyəsi (cəriməsi) mövcuddur.”[180]

Diqqət yetirmək lazımdır ki, “Elm şəhəri” adlı məşhur hədislə əlaqədar şiə və sünnilərin mö’təbər kitablarında nəql olunan rəvayətlərin sayı olduqca çoxdur. Bu hədisin ravilərindən İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Ömər və imam Əlini (ə) misal göstərmək olar. Bu hədis Hakim Nişapurinin “Müstədrək”, Əbu Bəkr Nişapurinin “Tarixul-Bağdad”, İbn Məğazilinin “Mənaqibu Əmiril-mö’minin”, Gəncinin “Kifayətut-talib”, Həməvininin “Fəraidus-səmteyn”, Zəhəbinin “Mizanul-e’tidal”, Qunduzinin “Yənabiul-məvəddət”, Nəbhaninin “Fəthul-kəbir”ində və s. kitablarda nəql olunmuşdur.[181] Bir çox rəvayətlərdə Əhli-beyt imamlarının belə buyurduğunu görürük: “Biz bütün dediklərimizi Peyğəmbəri-əkrəmdən (s) nəql edirik. Çünki bütün bunlar bizə ata-babalarımız vasitəsilə Peyğəmbərdən (s) çatmışdır!”

İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətə dedi: “Biz bə’zən sizdən bir hədis eşidir, sonra onu sizdən, yoxsa atanızdan eşitdiyimiz barədə şəkk edirik (bu halda nə edək?)” Həzrət buyurdu: “Məndən eşitdiyini atamın və Allahın Rəsulunun (ə) adından rəvayət edə bilərsən!”[182]

Həmçinin buyurmuşdur: “Mənim sözüm atamın, atamın sözü babamın, babamın sözü Hüseynin (ə), Hüseynin (ə) sözü Həsənin (ə), Həsənin (ə) sözü Əmirəl-mö’minin Əlinin (ə), Əmirəl-mö’minin Əlinin (ə) sözü Allahın Rəsulunun (s), Allahın Rəsulunun (s) sözü isə Allahın sözüdür!”[183]

Başqa bir hədisdə buyurmuşdur: “Hər vaxt sənə cavab versəm, bil ki, o, Allahın Rəsulundandır. Biz özümüzdən heç nə demirik!”[184]

v) Mələklərlə əlaqə:

İmamların elm mənbələrindən biri də mələklərlə rabitədən əldə etdikləridir. Əlbəttə, bu onların peyğəmbər olduğunu göstərmir. Bildiyimiz kimi, İslam peyğəmbəri (s) ilahi elçilərin sonuncusu olmuş və onun vəfatı ilə ilahi vəhy kəsilmişdir. Qur’ani-kərim ayələrinə əsasən, Xızr (ə), Zül-Qərneyn (ə) və Məryəm (ə) kimi müqəddəs şəxslər mələklərlə əlaqə saxladığı kimi, imamlar da qeyb aləminin həqiqətlərindən xəbərdar olurdular. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: “Həqiqətən, Əli (ə) “mühəddəs” idi.” (Yə’ni o, qeyb aləmindən söz alırdı.) O həzrətdən: “Əli (ə) ilə söhbət edən kim idi” soruşulduqda, buyurdu: “Onunla mələk söhbət edirdi!” Yenə də o həzrətdən “O, peyğəmbərmi idi” soruşulduqda, Həzrət əlini inkar əlaməti olaraq tərpədib buyurdu: “O, eynilə Süleymanın dostu (Asəf ibn Bərxiya), yaxud Musanın dostu (Yuşə ibn Nun və ya Xızr), yaxud da Zül-Qərneyn kimi idi.”[185] (Bu barədə çoxlu rəvayət nəql olunmuşdur.)[186]

q) Ruhul-qudusun (müqəddəs ruhun) təlqini:

İmamların elm mənbələrindən biri də Ruhul-qudusdan aldıqları təlqinlərdir.

İzah: Qur’ani-kərimin üç ayəsində həzrət İsanın (ə)[187], bir ayəsində isə İslam peyğəmbərinin (s)[188] “Ruhul-qudus” vasitəsilə qüvvətlənməsindən söz açılmışdır.

“Ruhul-qudus” kimdir, yaxud nədir?” Bu barədə təfsirçilər arasında fikir ayrılığı var. Bə’ziləri onu Cəbrail, bə’ziləri həzrət İsa (ə), bə’ziləri İncil, bə’ziləri də həzrət İsanın (ə) ölüləri dirildərkən istifadə etdiyi Allahın böyük adı (“ismi-ə’zəm”) kimi təfsir etmişlər.[189]

Lakin Qur’ani-kərimin ifadələri, eləcə də bir çox rəvayətlərdən başa düşülür ki, “Ruhul-qudus”un müxtəlif mə’naları var. Onun ayrı-ayrı hallarda xüsusi və fərqli mə’na daşıması mümkündür. Qur’ani-kərimin bir ayəsində buyurulur: “De: “Ruhul-qudus onu Rəbbi tərəfindən haqq olaraq sənə nazil etdi!”[190] Zahirən burada Qur’anı Allah tərəfindən Peyğəmbəri-əkrəmə (s) nazil edən Cəbrail (ə) nəzərdə tutulmuşdur.

Qur’ani-kərimin həzrət İsadan (ə) söz açan digər üç ayəsində onun başqa mə’na ifadə etdiyi nəzərə çarpır. Çünki ayələrdə qeyd olunan “əyyədəkə bi-ruhil-qudus” və yaxud “və əyyədnahu bi-ruhil-qudus” (onu müqəddəs ruhla qüvvətləndirdik) kimi ifadələrdə İsa (ə) ilə həmişə birgə olan, onu qüvvətləndirən ruha işarə olunur.

Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdən də aydın olur ki, “Ruhul-qudus” bütün peyğəmbər və mə’sumlarla birlikdə olan, müxtəlif məqamlarda ilahi yardım edən müqəddəs ruhdan ibarətdir. Əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdən də başa düşülür ki, bə’zən onlar mühüm işlər gördükdə, yaxud dərin mə’nalı fikir və şe’r söylədikdə, onu müqəddəs və pak ruhdan ilham kimi aldıqlarını xəbər verirdilər. O cümlədən, “Əd-durrul-mənsur” təfsirində nəql olunan bir hədisdə buyurulur ki, Peyğəmbəri-əkrəm (s) İslamın məşhur şairi Həssan ibn Sabit haqda buyurmuşdur: “İlahi! Peyğəmbəri müdafiə etdiyinə görə Həssanı müqəddəs ruhla qüvvətləndir!”[191]

İmam Baqir (ə) məşhur Əhli-beyt (ə) şairi Kumeyt ibn Zeyd Əsədi haqda buyurmuşdur: “Peyğəmbəri-əkrəmin (s) Həssan ibn Sabit haqda duası sənə də aiddir. Bizi müdafiə etdiyin vaxta qədər müqəddəs ruh səninlə olacaq!”[192]

İslamın qorxmaz şairi Di’bel Xüzai “Mədarisul-ayat” adlı məşhur qəsidəsindən iki beyt oxuduğu zaman imam Riza (ə) ağlayaraq buyurmuşdu: “Müqəddəs ruh bu iki beyti sənin dilinlə söylədi!”[193]

Beləliklə, bir çox ayə və rəvayətlərdən mə’lum olur ki, Ruhul-qudus mühüm işlərdə ilahi və mə’nəvi yardım göstərən ruhdan ibarətdir. Əlbəttə, bu yardım bəndələrin dərəcələrinə görə fərqlənir; Peyğəmbər və mə’sum imamların işlərində daha qüvvətli, başqalarında isə aşağı həddə özünü göstərir. (Əlbəttə, bu işin mahiyyəti və təfərrüatı barədə geniş mə’lumat yoxdur!)

İmam Sadiq (ə) “Vəs-sabiqunəs-sabiqun, ulaikəl-müqərrəbun” ayəsinin təfsirində buyurmuşdur:

فَالسّابِقُونَ هُمْ رُسُلُ اللهِ (ع) وَخاصَّةِ اللهِ مِنْ خَلْقِهِ، جَعَلَ فِيهِمْ خَمْسَةُ اَرْواحٍ، اَيَّدَهُمْ بِرُوحِ الْقُدُسِ فَبِهِ عَرَفُوا الْاَشْياءَ...

“Burada “qabaqcıllar” yaranmışlar arasındakı ilahi elçilər və Allahın xüsusi bəndələridir. Allah-taala onlarda beş ruh qərar vermiş və (o cümlədən) onları müqəddəs ruhla qüvvətləndirmişdir ki, onun vasitəsilə əşyaları (olduğu kimi) tanıya bilsinlər...”[194]

İmam Baqir (ə) bir hədisdə peyğəmbər və vəsilərdə mövcud olan beş ruhu bəyan etdikdən sonra buyurur: “Onlar müqəddəs ruh vasitəsilə ərş və yerin altında olanları bilirlər.”[195]

Bu məsələ ilə əlaqədar “Üsuli-kafi” və digər kitablarda çoxlu hədis vardır ki, burada qeyd etdiklərimizlə kifayətlənirik. Bəli, müqəddəs ruh vasitəsilə ilahi yardımlar mə’sum imamların elmi mənbələrindən sayılır.

d) İlahi nur:

Bir çox rəvayətlərdə nəql olunduğu kimi, imamların elm mənbələrindən biri də ilahi nurdur. Həsən ibn Raşid nəql edir ki, imam Sadiqdən (ə) belə eşitdim:

...فَاِذا مَضى الْاِمامُ الَّذِى كانَ قَبْلَهُ رُفِعَ لِهذا مَنارَ مِنْ نُورٍ، يَنْظُرُ بِهِ اِلى اَعْمالِ الْخَلائِقِ فَبِهذا يَحْتَجُّ اللهُ عَلى خَلْقِهِ:

“İmam dünyadan getdikdə, Allah-taala sonrakı imam üçün nurdan bir sütun düzəldir. İmam onun vasitəsilə insanların əməllərini görür. Allah-taala bu yolla höccəti tamamlayır!”[196]

Bə’zi rəvayətlərdə “mənarun min nur” (nurdan bir sütun) ifadəsinin əvəzinə “əmudun min nur” ifadəsi qeyd olunsa da, onlar arasında böyük fərq yoxdur. Əlbəttə, rəvayətlərin çoxunda “mənarun min nur” ifadəsi işlədilmişdir. (Bu barədə əlavə mə’lumat əldə etmək istəyənlər “Biharul-ənvar” kitabının 6-cı cildinin 132-ci səhifəsinə müraciət edə bilərlər. Mərhum Əllamə Məclisi bu məsələ ilə əlaqədar on altı hədis nəql etmişdir. Həmçinin, həmin kitabın 23-cü cildinin 333-334-cü səhifələrində bu barədə müxtəlif rəvayətlər var.)

***

Qeyd edilənlərdən mə’lum olur ki, mə’sum imamların elm mənbələri müxtəlifdir. Onların Qur’ani-kərimin bütün hüdudlarından agahlıqları, Peyğəmbəri-əkrəmdən (s) öyrəndikləri, mələklər və qeyb aləmi ilə əlaqələri onlara ilahi yardımlar, qəlb ilhamları göz qabağındadır. Bütün bunlar İslamı, Qur’anı və Peyğəmbər (s) sünnəsini qorumaqda, insanların Allaha doğru hidayətinda, nəfslərin paklanmasında, qanunların icrasında, ümmətin işlərinin sahmana salınmasında bir sıra vəzifə və məs’uliyyətlərin layiqincə yerinə yetirilməsində imama böyük yardım edir.

Diqqəti cəlb edən məsələlərdən biri də budur ki, bir sıra rəvayətlərdə “hər cümə axşamı imamların ruhuna Allah tərəfindən yeni ilhamlar edilir” kimi ifadələr mövcuddur. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: “Hər cümə axşamı bizə yeni bir sevinc gəlir!” Ravi “Allah sevincinizi artırsın, bu sevinc nədən ibarətdir” soruşduqda, Həzrət buyurur:

اِذا كانَ لضيْلَةُ الْجُمُعَةِ وافِى رَسُولُ اللهِ الْعَرْشَ وَ وافِى الاَئِمَّةُ مَعَهُ وَمَعَهُمْ، فَلا تُرَدُّ اَرْواحُنا اِلى اَبْدانِنا اِلاّ بِعِلْمٍ مُسْتَفادٍ، وَلَوْلا ذالِكَ لَاَنْقَدْنا:

“Cümə axşamı çatanda Peyğəmbəri-əkrəm (s) (o həzrətin müqəddəs ruhu) ilahi ərşə enir və imamların ruhu onunla görüşür. Mənim də ruhum onlarla birgə oraya gedir. Sonra ruhumuz yeni mə’lumatla bədənimizə qayıdır. Əgər belə olmasa, biliyimiz sona yetər!”[197]

Bu fəsildə qeyd edilənlərdən mə’lum olur ki, imamların elm mənbələri sadə bir məsələ deyildir. Bu mənbələr onları digər insanlardan fərqləndirir, İslamı qorumaq, Qur’an tə’limi və bəndələrin hidayəti ilə əlaqədar ağır vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır.

***

İMAMLARIN MƏ’SUM VƏ GÜNAHSIZ OLMASI

İşarə:

Xəta, səhv, unutqanlıq və günahdan uzaqlıq ilahi imamların ümumi səciyyələridir. Həqiqətdə, imamların məs’uliyyətləri peyğəmbərlərin məs’uliyyətlərinə yaxın olduğundan, peyğəmbərlərin mə’sum və günahsızlığına dəlalət edən bütün imtiyazlar onlara da aiddir. Düzdür, şəriət sahibi Peyğəmbəri-əkrəmdir (s) və birbaşa vəhylə əlaqə saxlayır. Lakin imamlar da onun şəriətini qoruyur. Hərçənd, onlara vəhy nazil olmur. Onlar insanların hidayəti, ilahi hökmlərin icrası və dini maarifin kamil şəkildə çatdırılmasında Peyğəmbərin (s) ardınca hərkət edirlər. Buna görə də imamlar Peyğəmbərlə (s) əksər xüsusiyyətlərdə müştərəkdir və bir-birinə bənzəyirlər. Buna əsasən, peyğəmbərlərin isməti ilə əlaqədar bütün dəlillər mə’sum imamlara da aiddir.

***

Söhbətə bu barədə nazil olan Qur’an ayələrindən bir neçəsinə istinad etməklə başlayırıq:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Həqiqətən, Allahın istək və iradəsi budur ki, siz Əhli-beytdən çirkinliyi uzaqlaşdırsın, sizi (hər cəhətdən) pak-pakizə etsin!”[198]

Ötən bəhslərdə imamət və vilayət məqamının əzəmət və böyüklüyü haqda İbrahim peyğəmbərin əhvalatını açıqlayan “Bəqərə” surəsinin 124-cü ayəsini qeyd etdik. Dedik ki, Allah-taala o böyük peyğəmbəri bir çox ağır sınaqlara çəkəndən və Həzrət də onların öhdəsindən layiqincə gələndən sonra buyurdu: “Həqiqətən, Mən səni insanlara imam tə’yin etdim.” (Burada “imamət” bəşərin cisminə, canına, ruhuna və tə’lim-tərbiyəsinə rəhbərlik mə’nasındadır!) İbrahim (ə) da övladlarının bu məqama yiyələnməsini istədikdə, Allah-taala şərti cavab verərək buyurdu: “Mənim (imamət) əhdim zülmkarlara çatmaz!” (Yə’ni sənin övladlarından yalnız pak və mə’sum olanlara bu məqam veriləcək!)

Bu ayənin düzgün təfsiri imamların və ilahi rəhbərlərin mə’sum və günahsız olduğunu göstərir. Əqidəsi şirk və küfrlə dolu olan, yaxud əməllərində zülm və haqsızlıq görünənlər bu məqama layiq deyillər. Çünki zülm geniş mə’nada həm şirk, küfr və əqidə azğınlığına, həm də başqalarına, eləcə də, bir şəxsin günah etməklə özünə rəva gördüyü haqsızlığa da şamil olur. Bir sözlə, Qur’ani-kərim baxımından imamlıq və ilahi rəhbərlik şərtlərindən biri ismət və günahsızlıqdır.

Burada yenidən “Təthir” ayəsinə qayıdır və bu ayədə açıqlanan ismət məsələsini araşdırırıq:

Bu ayə Peyğəmbərin (s) zövcələrindən söz açan ayələrin arasında yerləşsə də fərqli tona və mühüm bir hədəfə malikdir. Çünki ondan əvvəl və sonrakı bütün ayələrin əvəzlikləri qadın cinsinin cəm, (bu ayədə isə kişi cinsinin cəm formasında) işlənmişdir. Bu ayənin başlanğıcında Peyğəmbərin (s) zövcələrinə göstəriş verilir ki, öz evlərində otursunlar, cahillik dövrünün adət-ən’ənələrinə uyğun camaat arasına çıxmasınlar, iffətlərini qorusunlar, namaz qılıb zəkat versinlər, Allaha və Rəsuluna tabe olsunlar. Ayədəki altı əvəzliyin hamısı qadın cinsinin cəm formasındadır. Sonra isə ayənin üslubu və deyiliş tərzi dəyişir və buyurulur:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Allah siz Əhli-beytdən çirkinlik və günahı uzaqlaşdırıb, sizi tamamilə pak-pakizə qərar vermək istəyir!”

Ayənin bu hissəsindəki əvəzliklərin hər ikisi kişi cinsinin cəm formasındadır. Adətən, hər bir ayənin əvvəli ilə axırı eyni bir məsələni bəyan edir. Lakin bu o zaman baş verir ki, ona qarşı dəlil olmasın. Belə isə ayənin bu hissəsinin də Peyğəmbər (s) zövcələrinə aid olduğunu deyənlər yanılırlar. Çünki ayənin hissələri arasındakı zahiri fərq tam aydındır və əvəzliklər də bir-birindən fərqlənir. Bundan əlavə, şiə və sünni alimləri Peyğəmbəri-əkrəmdən (s) çoxlu rəvayət nəql etmişlər. Hər iki firqənin məşhur və məqbul mənbələrində bu fakt müşahidə olunur. Bütün bu rəvayətlərə görə, hazırkı ayə İslam peyğəmbərinin (s) zövcələrinə yox, yalnız Həzrətin özünə, imam Əliyə (ə), Fatiməyə (ə.s), imam Həsənə (ə) və imam Hüseynə (ə) aiddir. (Bu barədə geniş izahat veriləcək.)

Rəvayətləri araşdırmazdan öncə “Təthir” ayəsində işlədilən söz və ifadələri şərh etmək zəruri görünür:

“İnnəma” sözü adətən, “həsr və inhisar” üçün işlədilir və dilimizdə “yalnız”, “ancaq” və “təkcə” mə’nalarını bildirir.

“Yuridu” (Allah istəyir, iradə edir) fe’li Allahın “təkvini” iradəsini bildirir. Yə’ni Allah-taala qəti qərar vermişdir ki, Əhli-beyti bütün çirkinliklərdən pak və uzaq etsin. Burada məqsəd “təşrii” iradə ola bilməz. Çünki “təşrii” iradə onların çirkinliklərdən qorunmağa vəzifəli olduğunu bildirəcək. Bu isə təkcə Peyğəmbər (s) Əhli-beytinin yox, bütün müsəlmanların vəzifəsidir.

Bə’zilərində belə təsəvvür oyana bilər ki, “təkvini” iradə bir növ məcburiyyət yaradır və bu iradə əsasında mə’sumluğun heç bir fəziləti yoxdur.



Geri   İrəli
Go to TOP