A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Əvvəlcə əhli-sünnə olub, sonra şiəliyi qəbul edən doktor Məhəmməd Ticani Səmavi şiə olmasının səbəbi barədə yazdığı “Lə əkunə məəs-sadiqin” (“Düz danışanlarla birgə olam”) adlı kitabında bu məsələ ilə bağlı qısa və eyni zamanda dolğun qeydlərini qələmə alır: “On iki imam barəsində olan hədisləri imamiyyə şilərinin qəbul etdikləri on iki nəfərdən ibarət Əhli-beyt imamlarından başqasına aid etmək düzgün deyil. Əhli-sünnə alimləri və şəxsiyyətləri bu müəmmanı həll etməlidirlər. Çünki onların səhih kitablarında nəql olunan on iki imamın kimliyi indiyədək müəmmalı qalmış və ona heç bir cavab tapmamışlar.”[139]

Maraqlıdır ki, bə’ziləri bu hədisi Əhli-beytdən (ə) başqalarına aid etmək istədikdə, qəribə yollara əl atmışlar; biri Yezid və onun kimilərini guya İslamı qüdrətli və izzətli etdiyinə görə on iki nəfərdən hesab etmiş, digəri on iki nəfər sayı düzəltmək üçün bə’zi xəlifələrin adını özbaşınalıqla silmişdir.

Bizim nəzərimizcə, onlar sakit qalıb bu hədis barəsində bir söz deməsəydilər, daha yaxşı olardı. Maraqlıdır ki, həcc səfərlərinin birində Məscidül-Həramda Məkkə alimlərinin birindən bu hədislə əlaqədar belə bir fikir eşitdim: “On iki imamın dörd nəfəri ilk dörd xəlifədir, səkkiz nəfəri isə gələcəkdə zühur edəcək!”

Halbuki bu hədisi oxuyan hər kəs on iki imamın varlığının hər bir zamanda, ardıcıl olduğunu başa düşür. “Bu din aradan getməyəcək, həmişə izzətli və yenilməz olacaqdır”, yaxud “Bu din aradan getməyəcək və qiyamət gününə qədər duracaqdır” kimi ifadələr açıq-aşkar göstərir ki, Peyğəmbəri-əkrəmin (s) on iki nəfərdən ibarət xəlifələr silsiləsi dünyanın sonuna qədər davam edəcəkdir.

Bu bəhsimizi də Hafiz Əbu Nəim İsfahaninin “Hilyətül-övliya” adlı kitabında nəql olunan bir hədislə sona yetiririk. İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) belə nəql etmişdir: “Hər kim mənim kimi yaşayıb, mənim kimi ölmək və Rəbbimin saldığı “Ədn” bağında məskunlaşmaq istəyirsə, məndən sonra Əlini, onun vəlisini (dostunu) sevsin və məndən sonra gələn imamlara tabe olsun. Çünki onlar mənim Əhli-beytimdirlər!”[140]

BİR İNCƏLİK

Burada mühüm bir məsələyə də qısaca işarə edir, onun geniş izahını gələn bəhslərə saxlayırıq. Şiə və sünni mənbələrində nəql olunan rəvayətlərin çoxunda on iki imamın adı Əhli-beyt məktəbinin qəbul etdiyi kimi göstərilmişdir. Bə’zisində isə yalnız onların birincisi (imam Əli (ə) və axırıncısının (imam Mehdinin (ə)); “Əvvəluhum Əliyyun və axiruhum Məhdiyy!” “Onların birincisi Əli, sonuncusu isə Mehdidir!”) adları çəkilmiş, bə’zilərində də üçüncü imam həzrət Hüseynin (ə) adına işarə olunmuşdur. O həzrət barəsində Peyğəmbəri-əkrəmdən (s) belə nəql olunmuşdur:

هذا اِبْنِى اِمامٌ، اِبْنُ اِمامٍ، اَخُ اِمامٍ، اَبُوا اَئِمَّةٍ تِسْعَةٍ:

“Mənim bu övladım (Hüseyn (ə)) imam, imam övladı, imam qardaşı və doqquz imamın atasıdır!”[141]

Hətta bu hədisdə də on iki imama işarə edilmişdir.

YER ÜZÜ İLAHİ HÖCCƏTSİZ QALMAZ

Rəvayətlərdə tə’kidlə vurğulanan məsələlərdən biri də yer üzünün ilahi höccətsiz qalmamasıdır. Əhli-beyt imamlarından bizə gəlib çatan çoxlu rəvayətlərdə bu məsələyə dəfələrlə toxunulmuş və yer üzünün imamsız (yaxud peyğəmbərsiz), ümumiyyətlə, ilahi höccətsiz qalmayacağı göstərilmişdir. “Üsuli-kafi” kitabının iki bölümü bu məsələyə həsr edilmişdir: bir bölümdə “İnnəl-ərzə la təxlu min höccətin” (Həqiqətən, yer üzü höccətsiz qalmaz!) adı ilə imam Baqir (ə), imam Sadiq (ə), imam Riza (ə) və digər imamlardan on üç rəvayət, ikinci bölümdə isə “İnnəhu ləv ləm yəbqə fil-ərzi rəculani lə-kanə əhəduhuməl-höccətə” (Həqiqətən, yer üzündə yalnız iki nəfər insan qalsa, onların biri ilahi höccətdir!) adı ilə beş rəvayət qeyd edilmişdir.[142] Aşağıda hər iki bölümün bə’zi rəvayətlərinə işarə edəcəyik:

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:

اِنَّ الْاَرْضَ لا تَخْلُوا اِلاّ وَفِيها اِمامٌ كَيْما اِنْ زادَ الْمُؤمِنُوا شَيْئاً رَدَّهُمْ وَاِنْ نَقَصُوا شَيْئاً اَتَمَّهُ لَهُمْ:

“Yer üzü heç vaxt imamsız qalmaz; əgər mö’minlər (səhvən ilahi tə’limlərdə) bir şeyi artırsalar, onların qarşısını alar, əgər bir şeyi azaltsalar, onu bərpa edər.”[143]

Həzrətdən nəql olunan başqa bir hədisdə buyurulur: “Allah-taalanın yer üzünü ədalətli bir imamsız qoyması qeyri-mümkündür!”[144]

Hətta bə’zi hədislərdə göstərilir ki, əgər yer üzü bir an belə imam və ilahi höccətsiz qalsa, zəlzələ baş verər və yer əhlini özünə çəkər.[145]

İmam Sadiqin (ə) buyurduğu bir hədis belədir:

لَوْ كانَ النّاسُ رَجُلَيْنِ لَكانَ اَحَدُهُما الْاِمامُ:

Əgər dünyada yalnız iki nəfər qalsa, onların biri mütləq imamdır!”

Başqa bir hədisdə isə belə buyurulmuşdur:

وَاِنَّ آخِرُ مَنْ يَمُوتُ اَلْاِمامُ

“Həqiqətən, (dünyada) hamıdan axırda ölən şəxs imam olacaq!”[146]

“Üsuli-kafi” kitabında nəql olunan on səkkiz rəvayətlə yanaşı “Nəhcül-bəlağə”də buna aydın işarə edilmiş, imam Əlinin (ə) Kumeyl ibn Ziyada buyurduğu mühüm bəyanatında belə göstərilmişdir:

اَللّهُمَّ بَلى لا تَخْلُوا الْاَرْضُ مِنْ قائِمٍ لِِلّهِ بِحُجَّةٍ، اِمّا ظاهِراً مَشْهُوراً وَاِمّا خائِفاً مَغْمُوراً، لِئَلاّ تَبْطُلَ حُجَجُ اللهِ وَبَيِّناتُهُ:

“Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır!”[147]

Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 23-cü cildinin “Əl-iztiraru iləl-höccəti” (İlahi höccətin vücudunun zəruriliyi) bölümündə bu məsələ ilə əlaqədar on səkkiz hədis nəql etmişdir ki, onların bir qismini “Üsuli-kafi”dən, çox hissəsini də digər kitablardan nəql etmişdir.[148]

Beləliklə, hər bir əsr və dövrdə yer üzü ilahi höccətsiz deyildir və bu məsələ Əhli-beyt (ə) məktəbinin qəti e’tiqadlarındandır. Hətta imam Kazimdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: “Yer üzü bir göz qırpımınca ilahi höccətsiz qalmayacaq - istər aşkar tanınsın, istərsə də gizli yaşasın!”[149]

***

İLAHİ HÖCCƏTİN ZƏRURİLİYİNƏ AİD QUR’AN AYƏLƏRİ VƏ MƏNTİQİ DƏLİLLƏR

Yuxarıda qeyd edilən rəvayətlər əqli sübutlarla da uyğundur. Çünki bəhsimizin əvvəlində hər bir əsr və dövrdə bir imam, yaxud bir peyğəmbərin vücudunun zəruriliyini göstərdik. Onların vücudu olmayan təqdirdə fitnə-fəsadla əlaqədar “lütf qanunu”[150] yer kürəsində iki nəfər qalsa belə həmişə öz qüvvəsindədir.

“Lütf qanunu”nda belə deyilir: “İnsanı səadət və təkamülə yetirmək məqsədilə yaradan, onun boynuna müəyyən vəzifələr qoyan Xaliqə onun hidayət və tərbiyəsi ilə əlaqədar qabaqcadan bir sıra hazırlıq görmək və o yüksək hədəfə nail olmaq üçün onun ixtiyarına kifayət qədər vəsait vermək vacibdir. Əgər O, belə etməzsə, məqsədində nöqsana yol vermiş olar. Halbuki mütləq hikmət sahibindən heç vaxt belə bir iş gözlənilmir!”

Şübhəsiz, insan yalnız əql, yaxud adi rəhbərin varlığı ilə xəta, səhv və günahlardan qoruna bilməz. Başqa sözlə, insan tək özü həmin məqsədə, ilahi itaət və əbədi səadətə nail ola bilməz. Hətta bu zərurətdən əlavə, ilahi elmə yiyələnən, xəta, səhv və günahdan uzaq olan örnəyə də möhtacdır ki, haqq qəti aydınlaşsın və həqiqət yolu bilinsin.

Bu dəlil hər bir əsr və dövrə, böyük və kiçik, hətta iki nəfərdən ibarət qrupa da aiddir. Buna əsasən, yer kürəsində yalnız iki nəfər qalsa belə, onlardan biri ya mə’sum imam, ya da ilahi peyğəmbər olmalıdır.

Ümumiyyətlə, əvvəlki hədislərə əsasən, insanları səadət və təkamül məqsədilə yaradan Allahın onlara düzgün yolu göstərməməsi pak və uca məqamından çox uzaqdır. Bu mə’na Qur’ani-kərimin bir sıra ayələrində də gözə çarpır.

“İnnəma əntə munzirun və li-kulli qovmin hadin!” (Ya Peyğəmbər! Sən yalnız qorxudansan və hər tayfanın bir rəhbəri, hidayət edəni vardır!)[151] ayəsi göstərir ki, bütün dövrlərdə hər tayfa və qövmün bir hidayətçisi vardır. (Burada hidayətçidən məqsəd, xəta və günahdan uzaq olan şəxsdir.) İmam Baqirdən (ə) bu ayənin təfsiri ilə əlaqədar nəql olunan bir hədisdə belə buyurulur:

...وَ فِى كُلِّ زَمانٍ اِمامٌ مِنّا يَهْدِيهِمْ اِلى ما جاءَ بِهِ رَسُولُ اللهِ (ص):

“...Hər bir dövrdə bizim aramızdan insanlara Peyğəmbəri-əkrəmin (s) gətirdiklərinə yönəldən bir imam vardır!”[152]

“Nəhcül-bəlağə”də buyurulan rəvayətdə də məntiqli bir dəlil var. İmamın vəzifələrindən biri Peyğəmbər irsi və ilahi tə’limlərin əsaslarını təhriflərdən qoruyub-saxlamaqdır. Başqa sözlə, əgər yer üzündəki bütün insanları kafir fərz etsək, yenə də ilahi tə’limləri və peyğəmbərin irsini qoruyan bir kəsin varlığı zəruridir. Bu irs hidayət proqramı kimi gələcək nəsillərə çatdırılmalıdır. Qur’ani-kərimdə buyurulduğu kimi, ilahi höccətlər, Allahın dəlil və aydın nişanələri məhv olmamalıdır.

Burada artıq “ümumi vilayət”lə əlaqədar bəhsi sona yetirir və diqqətinizi imamın şərtləri və xüsusiyyətlərinə yönəldirik:

ÜÇÜNCÜ FƏSİL

İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR

İşarə:

İmam və Peyğəmbərin (s) canişinin öhdəsinə düşən ən ağır məs’uliyyətlərə diqqət yetirdikdə, onun çox mühüm xislətlərə də malik olması labüd görünür. İmamın malik olduğu xislətlər mütləq Peyğəmbəri-əkrəmin (s) spesifik xüsusiyyətlərinə az-çox oxşamalıdır. Çünki hər ikisi bir məqsədə qulluq edir və eyni məs’uliyyət daşıyırlar. Peyğəmbər (s) ilkin rəhbər, imamlar isə onun ardıcılları sayılır.

“Nübüvvət” məqamının tələbi, Peyğəmbərin (s) öhdəsinə düşən ağır və mühüm məs’uliyyətə əsasən, insanları zəlalət təhlükəsindən xilas etmək, e’tiqad və əxlaqda, ictimai nizamda xeyir və təkamülə çatdırmaq, ilahi qayda-qanunları qorumaq üçün yüksək elm və biliyə ehtiyac var. Bundan əlavə, insan ictimai-psixoloji dünyagörüşü və bəşərin tarixi inkişaf prosesi haqqında geniş mə’lumata malik olmalı, bir sözlə, ümumbəşəri tə’lim-tərbiyə üsullarını bilməlidir. Peyğəmbərlərin elmi mə’lumatlara uyğun düzgün proqramlar hazırlaması üçün gələcək hadisələrdən az-çox xəbərdar olması da lazımdır. Çünki risalət vəzifəsi ümumbəşəri xarakter daşıyır.

Bu məsələlər azacıq fərqlə mə’sum imamlar və peyğəmbərlərin canişinlərinə də aiddir. Çünki onlar peyğəmbərlərin məram və yolunu davam etdirir. Beləliklə, dini-şər’i proqramlar ilahi canişinlər vasitəsilə möhkəmləndirilir, inkişaf etdirilir.

Həmçinin mə’sum imamlar ilahi peyğəmbərlər kimi, dini göstərişləri səhvsiz və azğınlığa düşmədən camaata çatdırmalıdır. Əgər onlar xəta və günahdan uzaq olmasalar, onların tə’yini faydasızdır.

Peyğəmbərlər din və dünya işlərinə rəhbərliyi əllərinə aldıqlarından onlarda nifrət doğuran zahiri və batini çirkin sifətlər olmamalıdır. Belə ki, həmin sifətlər işlərinə maneçilik törətməsin və kimlərisə məqsəddən yayındırmasın.

Bunlar eynilə mə’sum imamlara da şamildir. Onlar nəinki nifrət oyadan xislətlərdən uzaq, həm də düşüncə və qəlbləri cəzb edən əxlaqi səciyyə və gözəlliklərə malik olmalıdırlar.

Hər şeydən öncə imamın elminin hüdudları ilə tanışlıq yüksək əhəmiyyət daşıyır:

İMAMIN ELMİ

Qur’ani-kərimin bir çox ayələrində bu məsələ diqqət mərkəzində durur, o cümlədən, bu ayədə buyurulur:

وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لاَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلاَّ قَلِيلاً

“Onlara qələbə və ya məğlubiyyət xəbəri gəldikdə, dərhal (təhqiq etmədən) onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən (kifayət qədər elm və qüdrətə malik) olan əmr sahiblərinə desəydilər, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütf və mərhəməti üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyardınız!”[153]

Başqa bir ayədə belə buyurulur:

فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ

“Əgər bilmirsinizsə, elm əhlindən soruşun!”[154]

***

Birinci ayədə göstərilir ki, bə’zən müsəlmanlar münafiqlər və İslam düşmənləri tərəfindən yayılan şayiələrlə üzləşirdilər. Onlar hərdən qələbəyə və məğlubiyyətə, hərdən də digər məsələlərə aid şayiə və xəbərlər yayırdılar. Bu da bə’zən onların arasında iğtişaş törədir və ruhdan düşmələrinə səbəb olurdu. Belə hallarda Qur’ani-kərim onlara belə məsləhət görür: “Müsəlmanların xəbərsiz olduğu mühüm ictimai məsələlərdə İslam peyğəmbərinə və ya əmr sahiblərinə müraciət olunsun!”

“Ulil-əmr” “əmr və fərman sahibləri” deməkdir. Şübhəsiz, burada bu söz ordu sərkərdələri mə’nasını bildirilir. Çünki ayənin davamında buyurulur: “Əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslərə desəydilər, onlar bilərdilər.” Deməli, xəbərsiz olanlar onlara müraciət etməlidirlər. (Diqqət yetirmək lazımdır ki, “yəstənbitunəhu” “nəbət” sözündən götürülmüş, əslində “quyudan çəkilən ilk su” mə’nasını ifadə edir. Müxtəlif dəlil və şahidlərin araşdırılmasına “istinbat” deyilir.)

Bu sifət başçı və ordu sərkərdələrinə yox, alimlərə aiddir. Beləliklə, müsəlmanlara xəbərdarlıq edilir ki, həssas və mühüm hadisələrdən agah olan “əmr sahibləri”nə müraciət etsinlər.

Ayədə qeyd edilən “ulil-əmr”in (əmr sahiblərinin) kimlər olduğu barədə təfsirçilər arasında fikir ayrılığı var. Əvvəldə qeyd etdiyimiz kimi, bə’ziləri onu (xüsusilə Peyğəmbərin (s) iştirak etmədiyi müharibələrdəki) ordu sərkərdələrinə, bə’ziləri fəqih və alimlərə, bə’ziləri ilk dörd xəlifəyə, bə’ziləri vəzifə sahiblərinə, bə’ziləri də mə’sum imamlara aid etmişlər.

Bu beş təfsir arasında sonuncusu daha münasibdir. Çünki ayənin davamında “əmr sahibləri” üçün qeyd edilən iki xüsusiyyətə görə, onu mə’sumlardan başqasına aid etmək olmaz.

Birinci xüsusiyyət belə vəsf edilir: “Xəbərin mahiyyətinə varan əmr sahiblərinə müraciət etsələr, onlara yol göstərərlər!” Uyğun xüsusiyyətin zahiri mə’nası budur ki, əmr sahiblərinin elmi əsla nöqsan, şəkk-şübhə və xətaya uğramaz. Bu isə mə’sumlardan qeyrisinə aid deyil.

İkinci xüsusiyyətdə, əmr sahiblərinin varlığı bir növ ilahi lütf və mərhəmət hesab edilir. İnsanlar onlara itaət etməklə şeytana uymaqdan yayınırlar.

Mə’lum olduğu kimi, mə’sum imamlara itaət şübhəsiz, azğınlıq və şeytana uymağın qarşısını alır. Çünki mə’sum olmayanların özləri də xəta və günaha, şeytanın tələsinə düşə bilərlər!

Əhli-beyt (ə) və əhli-sünnə mənbələrindən bizə gəlib çatan bir çox rəvayətlərdə “əmr sahibləri” mə’sum imamlar kimi təfsir edilmişdir.

Mərhum Təbərsi “Məcməül-bəyan” kitabında imam Baqirdən (ə) nəql etmişdir ki, onlar mə’sum imamlardır.[155]

“Təfsiri-Əyyaşi”də imam Rizadan (ə) nəql olunan bir hədisdə belə buyurulur:

يَعْنِى آلَ مُحَمَّدٍ، وَهُمُ الّذِينَ يَسْتَنْبِطُونَ مِنَ الْقُرآنِ وَيَعْرِفُونَ الْحَلالَ وَالْحَرامَ وَهُمْ حُجَّةُ اللهِ عَلى خَلْقِهِ:

“Məqsəd Məhəmmədin (s) övladlarıdır. Onlar Qur’anı izah edənlər, halal və haramı tanıyanlar və insanlar üzərində ilahi höccətlərdir!”[156]

Şeyx Səduq “Kəmalud-din” kitabında[157] imam Baqirdən (ə) belə nəql edir: “Allahın vilayət (rəhbərlik) və ilahi elminə yiyələnənləri Peyğəmbərin Əhli-beytindən başqasına aid edən kəs Allahın əmrinə qarşı çıxmışdır.”

***

İkinci ayədə (Qur’ani-kərimin “Nəhl” və “Ənbiya” surələrindəki “Fəs’əlu əhləz-zikr, in kuntum la tə’ləmun” ayəsində) isə bütün insanlara göstəriş verilir ki, bilmədiklərini elm və bilik əhlindən soruşsunlar.

Şübhəsiz, ayədə qeyd olunan “zikr” sözü “elm, bilik və mə’lumat” mə’nasını bildirir. Ümumiyyətlə, “əhləz-zikr” sözü bütün elmli, bilikli və mə’lumatlı şəxslərə aid edilə bilər. Buna görə də təqlid məsələsində bir şəxsin alimə müraciətinin zəruriliyini sübut etmək üçün bu ayəyə istinad olunur. Lakin onun tam mə’nada həqiqi timsalı elmini Allah və Peyğəmbərdən (s) irs alanlardır. Onların elmi xəta və səhvdən uzaq, ismət məqamı ilə birgədir. Məhz buna görə də həmin ayə Əhli-beyt və mə’sum imamlara təfsir edilmişdir. Belə ki, imam Rizadan (ə) nəql olunan bir hədisdə bu ayə ilə əlaqədar sualın cavabını belə vermişdir: “Elm və bilik əhli bizik və (hər şeyi) bizdən soruşmaq lazımdır!”[158]

Diqqət yetirmək lazımdır ki, bu və buna oxşar fikirlər əhli-sünnənin on ikiyə yaxın təfsir kitabında nəql olunmuşdur. Həmin təfsir kitabları aşağıdakı alimlərin əsərləridir: Əbu Yusif, İbn Həcər, Müqatil ibn Süleyman, Vəki ibn Cərrah, Yusif ibn Musəl-Qəttan, Qəttadə, Hərbut-Tai, Südey, Mücahid, Müqatil ibn Həyyan, Əbu Saleh və Məhəmməd ibn Musa Şirazi.

Bu təfsir kitablarında İbn Abbasdan nəql olunur ki, “Elm əhlindən soruşun” ayəsində məqsəd Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyndir (ə). Onlar elm, bilik və əql sahibləri, Peyğəmbərin Əhli-beytidir![159]

Bir sözlə, ayənin məfhumu geniş olsa da, onun kamil nümunəsi elmi xəta və səhvdən uzaq mə’sum imamlardır. Ayə keçmiş peyğəmbərlərin nişanələri, Tövrat, İncil, yəhudi və məsihi alimlərindən sualla əlaqədar nazil olsa da, onun mə’nası deyilənlərlə heç bir ziddiyyət təşkil etmir.

Bildiriş:

Əvvəldə deyildiyi kimi, peyğəmbərlər insanların bütün maddi və mə’nəvi yönlərdə hidayəti, onların dünya və axirət səadəti ilə bağlı vəzifələri layiqincə yerinə yetirmək üçün mütləq qeyri-adi elm və biliyə malik olmalıdırlar. Peyğəmbərin canişinləri olan imamlar da belədir. Onların öhdələrinə düşən ağır məs’uliyyətə görə qeyri-adi elm və biliyə yiyələnmələri zəruridir. Çünki insanlar onlara e’timad etməli, dində rəhbərliyi onlara tapşırmalıdırlar.

Bu elm və bilik xəta, səhv və nöqsandan uzaq olmalıdır. Əks təqdirdə insanların e’timadını qazana bilməzlər, onlar öz fikir və nəzərlərini peyğəmbər və imamın nəzərindən üstün tutarlar. Peyğəmbər və imamın xəta və səhvi qeyd-şərtsiz təslimçiliyə yol vermir. Mütləq e’timad qazanmaq üçün onların ismət məqamında olması zəruri görünür.

Qur’ani-kərimdə Bəni-İsrailin rəhbəri seçilən Talut haqda belə buyurulur:

إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ

“Allah-taala sizdən ötrü onu seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük verilmişdir!”[160]

Allah-taala Bəni-İsrailin “biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda o necə bizə padşah ola bilər”[161] sözləri müqabilində buyurdu ki, ilahi rəhbərlik elm və qüvvə ilədir və ona kifayət qədər elm, qüvvə bəxş etmişik.

Həzrət Yusif (ə) Misirin hökumət işində “beytül-mal”a (ümumi əmlak) müdiriyyətə layiq görüldükdə elm, bilik və əmanətdarlığına istinad edərək buyurdu:

اجْعَلْنِي عَلَى خَزَآئِنِ الأَرْضِ إِنِّي حَفِيظٌ عَلِيمٌ

“Məni Misirin xəzinələrinə mə’mur tə’yin et, çünki mən qoruyan və bilənəm!”[162]

Peyğəmbərlərin elmi barəsində qeyd etdik ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirmək üçün mütləq qeyb aləmindən xəbərdar olmalıdırlar. Bu elmə imamlar da malikdir. Onların vəzifələri cahanşümul olduğundan dünyanın bir çox sirlərindən, o cümlədən, keçmiş və gələcəkdən də xəbərdar olmaları zəruridir. Ola bilərmi ki, keçmiş və gələcəkdən xəbərdar olmadıqları halda, vəzifələrini layiqincə yerinə yetirsinlər?! Onların işi zahir və batin, daxil və xariclə birbaşa əlaqədardır. Belə mühüm işləri qeyb aləmindən xəbərsiz yerinə yetirmək qeyri-mümkündür. Bunu imam Sadiqin (ə) diqqəti cəlb edən buyuruğunda görmək olar:

مَنْ زَعَمَ اَنَّ اللهَ يَحْتجُّ بِعَبْدٍ فِى بِلادِهِ ثُمَّ يَسْتُرُهُ عَنْهُ جَميعَ ما يَحْتاجُ اِلَيهِ فَقَدِ افْتَرى عَلَى اللهِ:

“Hər kəs yer üzündə bir bəndənin Allahın höccəti olduğunu, sonra isə Allahın bu bəndənin ehtiyac duyduğunu ondan gizlətdiyini güman edərsə, Allaha iftira yaxmışdır!”[163]

Bəli, keçmiş, bu gün və gələcəklə əlaqəli hadisələrin sirlərindən agah olmaq ilahi höccətin xüsusiyyəti, eləcə də, insanların hidayəti ilə bağlı əsas vəzifələrin yerinə yetirilməsi üçün bir vasitədir. Bir sözlə, imamət məqamının ilk şərti qeyri-adi elmə yiyələnmək, bütün dini maarifdən, cəmiyyətin ehtiyaclarından, onların tə’lim-tərbiyəsi, hidayət və idarəsi ilə əlaqədar məsələlərdən tam xəbərdar olmaqdır. Qeyri-adi elm və biliksiz belə ağır məs’uliyyəti (imamət məqamını) kimsəyə tapşırmaq olmaz.

***

İMAMLARIN ELMİ MƏNBƏLƏRİ

Mə’sum imamların elmi ilə bağlı diqqəti cəlb edən ən mühüm məsələ onların elmi mənbələridir. Görəsən, onlar din və dünya ilə əlaqədar bu qədər mə’lumatı haradan almışlar? Onlara vəhyin nazil olmadığına, Peyğəmbəri-əkrəmin (s) vəfatından sonra vəhyin kəsildiyinə heç bir şəkk-şübhə qalmadığı halda, şəriət məsələlərini, İslam və müsəlmanların məsləhətlərini, ümmətin hidayəti ilə bağlı zərurətləri, eləcə də, keçmiş və gələcəyi haradan bilirdilər?

Qur’an ayələri və rəvayətlərə diqqət yetirdikdə, bir çox mənbələr gözə dəyir. Onlar aşağıdakılardan ibarətdir:

1. Allahın kitabı Qur’ani-kərim (kamil şəkildə agah olmaq şərtilə):

Mə’sum imamlar Qur’ani-kərimin təfsir və tə’vilini, zahir və batinini, “möhkəm və mütəşabih” ayələrini çox gözəl bilirdilər. Qur’ani-kərimdə buyurulur:

وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَسْتَ مُرْسَلاً قُلْ كَفَى بِاللّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِندَهُ عِلْمُ الْكِتَاب

“Kafirlər “Sən peyğəmbər deyilsən” deyirlər. Onlara belə cavab ver: “Mənimlə sizin aranızda Allahın və kitabdan xəbərdar kəsin şahidliyi kifayətdir!”[164]

Bu ayədən aydın başa düşülür ki, Allahın kitabından agah olanlar vardır. Diqqət yetirmək lazımdır ki, “elmül-kitab” (kitabdan xəbərdar olmaq) mütləq şəkildə (qeydsiz) işlədildiyindən, bütün ilahi kitablarda mövcud olanlara şamildir. Lakin “Nəml” surəsinin 40-cı ayəsində Allahın kitabından cüz’i xəbərdar olan kəs haqda buyurulur:

قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ

“Kitabdan bir qədər bilən kəs dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!”

Şübhəsiz, Allahın kitabı elm və bilik mənbəyi, hər işin açarıdır. Belə ki, Süleyman peyğəmbərin vəziri Asəf ibn Bərxiya Allahın kitabından cüz’i xəbərdar olduğu halda zahirən mümkün olmayan bir işin yerinə yetirilməsini öhdəsinə götürdü və Səba padşahının taxtını bir göz qırpımında Ərəbistanın cənubundan (Yəməndən) şimalına (Suriyanın Şam şəhərinə - Süleyman peyğəmbərin hökumət mərkəzinə) gətirdi. Şübhəsiz, Allahın bütün kitabı və onda olan bütün elmlərdən agah olan şəxs istənilən çətin və ağılagəlməz işləri görməyə qadirdir. Amma “Görəsən, kim kitabın elminə vaqifdir və Allahın kitabını bilənlər kimdir” sualının cavabı Qur’ani-kərimdə üstüörtülü qeyd edilmişdir.

Bə’zilərinin əqidəsinə görə, həmin şəxs Allahın Özüdür. (Belə olduqda, “mən indəhu elmul-kitab” (kitabdan xəbərdar olan kəs) cümləsi kəlamın zahirinin əksinə olan bir təfsir bağlayıcısından ibarət olacaqdır!)

Bə’zi təfsirçilərin nəzərincə, məqsəd əvvəllər kitab əhlindən olmuş, İslam peyğəmbərinin (s) nişanələrini keçmiş səmavi kitablarda görmüş və onun haqq olduğunu qəbul edən Salman Farsi və Abdullah ibn Salam kimi alimlərdir.

Lakin bir çox təfsir alimləri yazmışlar ki, bu ayə Əli ibn Əbi Talib (ə) (hidayət imamı) barəsindədir.



Geri   İrəli
Go to TOP