A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Bu tufan və sel bir yerdən başqa hər yeri ağuşuna aldı. O da Nuhun (ə) gəmisi idi. Allah-taala onun sərnişinlərinə nicat verdi. Hətta Nuhun (ə) oğlu qürurla “Mən bir dağa sığınaram, o da məni seldən qoruyar”, dediyi zaman atasının “Allahın rəhm etdiklərindən başqasını, bu gün heç kim Onun əzabından qoruya bilməz”, tutarlı cavabı ilə üzləşdi. (Həzrət Nuh (ə) gəmiyə minib nicat tapan mö’minləri nəzərdə tuturdu.) Nuhun (ə) sözü dərhal həyata keçdi. Çünki “böyük bir dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o (Nuhun oğlu) da suda boğuldu!”[111]

Bəli Əhli-beytin (ə) həmin gəmiyə bənzədilməsində dərin mə’na var və bu bənzətmə bizə bir çox həqiqətləri açıqlayır. O cümlədən:

1. İslam peyğəmbərindən (s) sonra ümmət bir sıra tufanlara düçar olacaq. Bu tufanlar çoxlarını özü ilə aparacaq və dalğalar arasında boğub həlak edəcək.

2. İnsanları dini, imanı, ruhu və həyatı hədələyən təhlükələrdən qoruyub-saxlamaq üçün yeganə ümid yeri Əhli-beyt (ə) adlı nicat gəmisidir. Şübhəsiz, hər kəs ondan uzaq düşsə, həlakətə uğrayasıdır.

3. Səhrada karvandan ayrı düşmək həmişə ölümlə nəticələnmir. Mümkündür ki, insan üzücü çətinliklərdən sonra nicat tapsın. Lakin tufanlı bir dəryada nicat gəmisindən ayrı düşmək mütləq həlakət və ölüm deməkdir.

4. Nuh peyğəmbərin gəmisinə minməyin şərti iman və saleh əməl olduğu üçün Nuh (ə) öz oğluna iman gətirib kafirlərdən ayrılmağı təklif etdi. Beləliklə, İslam ümməti də tufan, bəla və azğınlıqlardan nicat tapmaq üçün Əhli-beytə iman gətirib, onlara tabe olmalıdır.

5. Nicat tapmaq üçün təkcə onlara məhəbbət bəsləmək kifayət deyil. Bə’zi alimlərin dediyi kimi, bütün müsəlmanlar Əhli-beyti (ə) sevir, hörmətlə yad edirlər. Buna əsasən, hamı nicat əhlidir. Əksinə, rəvayətdə bəyan olunduğu kimi, əsas məsələ onlara tabe olmaq və müxalif çıxmamaqdır. Nuhun (ə) oğlu atasını sevsə də, ona tabe olmadığından bu məhəbbət qurtuluşa səbəb olmadı.

6. Ötən bəhsdə qeyd olunduğu kimi, “səqəleyn” hədisindən başa düşülür ki, Əhli-beytə (ə) tabe olmaq üçün müəyyən şərt qoyulmamışdır. Qur’anla Əhli-beyt (ə) həmişə birgə olacaq, heç vaxt bir-birindən ayrılmayacaq və nəhayət, behiştdə (“Kövsər” hovuzunda) Peyğəmbəri-əkrəmə (s) qovuşacaq. “Səfinə” hədisindən də belə başa düşülür ki, dünyanın sonuna qədər bu minvalla davam edəcək. Çünki dünya həmişə tufanlı və təlatümlüdür. Yə’ni nə qədər ki, şeytanlar, zəlalət carçıları və heyrət vadisində batanlar var, bu tufanlar da sakitləşməyəcək. Allah-taalanın Öz bəndələri arasında qəzavət edəcəyi, Qur’ani-kərimin buyurduğu kimi, ixtilafların aradan qaldırılacağı[112] vaxta qədər davam edəcəkdir. Buna əsasən, hər bir dövrdə “nicat gəmisi”nin varlığı zəruridir və ondan üz döndərənlər məhvə məhkumdur.

7. Əhli-beytə (ə) qeyd-şərtsiz itaət hər bir dövrdə mə’sum və günahsız bir imamın varlığına gözəl sübutdur. Ona itaət nicat tapmaq, ondan üz döndərmək isə həlakətlə nəticələnəsidir.

8. “Səfinə” hədisi Peyğəmbəri-əkrəmin (s) buyurduğu

( سَتُفَرِّقُ اُمَّتِى عَلى ثَلاثٍ وَسَبْعِينَ فِرْقَةٍ، فِرْقَةٌ ناجِيَةٌ وَالباقُونَ فِى النّارِ:)

“Tezliklə ümmətim yetmiş üç firqəyə ayrılacaq, (onların) biri nicat, qalanları isə cəhənnəm əhlidirlər”[113] məşhur hədisin təfsiridir.

Bu hədisdən mə’lum olur ki, “firqətun naciyə” (nicat əhli olan firqə) Əhli-beyt (ə) məktəbinin üzvləri, İslam üsul və füruatında onların hidayət çərçivəsində qərar tutan firqədir.

Bu məşhur hədis ətrafında araşdırmalardan belə nəticə alırıq ki, İslam ümmətində Əhli-beytin (ə) adı çox yüksək olub. Onların kənarından sadəcə məhəbbətlə ötüb keçməməliyik.

***

3-“NÜCUM” (ULDUZLAR) HƏDİSİ

İslam mənbələrində Peyğəmbərdən (s) nəql olunan və hər bir dövrdə Əhli-beytin müsəlmanlara rəhbər və hidayətçi olduğu göstərilən digər bir hədis “nücum” hədisidir. Bu hədisi Peyğəmbərin (s) bir çox səhabəsi (ən azı yeddi nəfər: imam Əli (ə), Cabir ibn Abdullah, Əbu Səid Xudri, Ənəs ibn Malik, Münkədir ibn Abdullah[114], Sələmə ibn Əkvə və İbn Abbas) nəql etmiş, əhli-sünnə hafizləri və mühəddislərinin onlarla kitabında qeyd edilmişdir. Burada onların bir qismini qısa şəkildə nəzərdən keçirəcəyik:

Hakim Nişapuri “Müstədrək” kitabında İbn Abbasdan İslam peyğəmbərinin (s) belə buyurduğunu nəql edir:

النُّجُومُ اَمانٌ لِاََهْلِ الْاَرْضِ مِنَ الْغَرْقِ، وَاَهْلُ بَيْتِى اَمانٌ لِاُ مَّتِى مِنَ الْاِخْتِلافِ، فَاِذا خالَفَتْها قَبِيلَةٌ مِنَ الْعَرَبِ اِخْتَلَفُوا فَصارُوا حِزْبَ اِبْلِيسِ!

Ulduzlar yer əhli üçün əmin-amanlıq və dəryada (qərq olmaqdan) qurtuluşa səbəb olduğu kimi[115], mənim Əhli-beytim də ümmətim üçün ixtilaflarda əmin-amanlıq və nicat yeridir. Ərəb qəbilələrindən hansı biri onlara qarşı çıxsa, ümmətin arasında ixtilaf yaranar. Bilin ki, onlar (müxalifətçilik edənlər) şeytanın qoşunundandır!”

Hakim Nişapuri bu hədisi qeyd etdikdən sonra yazır: “Bu hədisin sənədi səhih və düzgündür.”[116]

Əllamə Həmzavi “Məşariqul-ənvar” kitabında “Hakim Nişapurinin səhih və düzgün hesab etdiyi rəvayətdə belə deyilmişdir!”[117] söyləyərək yuxarıdkı hədisi olduğu kimi qeyd edir.

Bu hədisi İbn Həcər “Əs-səvaiqul-muhriqə”, Əllamə Əli Müttəqi “Müntəxəbu Kənzül-ümmal”, Bədəxşi “Miftahun-nicah”, Şeyx Məhəmməd Səbban Maliki “İsğafur-rağibin”, Əllamə Burhani “Əş-şərəful-muəyyəd” və “Cəvahirul-bihar” kitablarında nəql etmişlər.[118]

Bu hədisi digər ravilər də Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər. Onların hədisləri şiə və sünnilərin məşhur kitablarında qələmə alınmışdır. (Əlbəttə, bu rəvayətlərin sözlərində azıcıq fərqlər gözə dəysə də, əsas məqsəd birdir.)

Məsələn, Sələmə ibn Əkvənin rəvayətində belə oxuyuruq: “Allahın Rəsulu buyurmuşdur:

النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ وَاَهْلُ بَيْتِى اَمانٌ لِاُمَّتِى

“Ulduzlar səma əhlinin əmin-amanlıq və asudəliyinə, mənim Əhli-beytim isə ümmətimin əmin-amanlığına səbəbdir!”[119]

Bu hədisi azacıq fərqlə Cabir ibn Abdullah Ənsari, eləcə də Münkədir, Əbu Səid Xidri və Ənəs ibn Malik Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər.

İmam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) nəql etdiyi başqa bir hədis isə belədir:

النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ فَاِذا ذَهَبَتِ النُّجُومُ ذَهَبَ اَهْلُ السَّماءِ، وَاَهْلُ بَيْتِى اَمانٌ لِاَهْلِ الْاَرْضِ فَاِذا ذَهَبَ اَهْلُ بَيْتِى ذَهَبَ اَهْلُ الْاَرْضِِ!

“Ulduzlar səma əhlinin asudəliyinə səbəbdir. Onlar ensə səma əhli də məhv olar. Mənim Əhli-beytim də yer əhlinin asudəliyini tə’min edir. Əgər Əhli-beytim olmasa, yer əhli də olmaz!”

Bu hədisi Muhibbuddin Təbəri “Zəxairul-uqba” kitabında Əhməd ibn Hənbəlin “Mənaqib” kitabından nəql etmişdir.[120] Həmçinin digər kitablarda, o cümlədən, Həməvininin “Fəraidus-səmteyn”, İbn Həcərin “Əs-səvaiqul-muhriqə”, Məhəmməd Səbbanın “İsğafur-rağibin”, Xarəzminin “Məqtəlul-Hüseyn”, Nəbhaninin “Əşşərəful-muəyyəd” kitablarında da qeyd edilmişdir.

***

“NÜCUM” HƏDİSİNİN MAHİYYƏTİ

Bu hədis müxtəlif məsələləri açıqlayır:

1. Bu hədis həqiqətdə Qur’ani-kərimin səma ulduzlarının iki mühüm tə’sirindən danışan bir neçə ayəsindən qaynaqlanmışdır. Bir ayədə belə buyurulur: “Onlar ulduzlar vasitəsilə hidayət olunar!”[121] Başqa bir ayədə isə belə buyurulur: “Allah sizin üçün suyun və qurunun zülmətində hidayət olmaq üçün ulduzlar yaratdı!”[122]

Bu isə həqiqətdə ulduzların ən mühüm faydalarından biridir. Çünki kompasın (qütbnəma) ixtirasından öncə dağ, yaxud ağac kimi heç bir əsər-əlaməti olmayan dəniz yollarını tapmaq üçün yeganə vasitə ulduzlar idi. Gecələr bulud səmanı örtdükdə, gəmilər hərəkətdən dayanır, yollarına davam etmək istəyənlər isə ölüm təhlükəsi ilə üzləşirdilər. Bunun səbəbi beş planet (Merkuri, Venera, Mars, Yupiter və Saturn) istisna olmaqla, qalan ulduzların öz yerlərini dəyişməsi sanki qara parça üzərində toxunan, bir tərəfdən başqa təfərə çəkilən mirvarilərə bənzəməsidir. Qalan beş planeti isə “səvabit” adlandırırdılar. Bunlardan və həmişə yeri sabit olan, çıxıb-batmaqda digər ulduzlardan fərqlənən “qütb” ulduzundan əlavə, qalan ulduzları tanıyıb, ilin müxtəlif fəsillərində onların yerini tə’yin etməklə əllərindəki xəritə ilə hər hansı məqsədi tapmalı idilər.

Ulduzların başqa bir faydası isə Qur’ani-kərimdə buyurulduğu kimi, onların şeytanlara tuşlanmış oxlara bənzədilməsidir. Belə ki, onlar şeytanlara atılan və səmalara nüfuz etməyin qarşısını alan oxları əvəz edir. Qur’ani-kərimdə buyurulur:

إِنَّا زَيَّنَّا السَّمَاء الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ لَا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَى وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ دُحُورًا وَلَهُمْ عَذَابٌ وَاصِبٌ

“Biz səmanı ulduzlarla zinətləndirdik, xəbis və itaətdən çıxmış şeytanlardan qoruduq. Onlar yüksək aləmə (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər. (Bu işi görmək istəsələr) hər tərəfdən oxlar (axan ulduzlar) vasitəsilə qovular və şiddətlə geriyə qaytarılarlar. Onlar üçün daimi bir əzab vardır!”[123]

Bu və digər ayələrdən ulduzların səma əhli üçün müdafiə silahı olduğu başa düşülür. “Ulduzlar (yaxud meteoritlər) şeytanların yolunu necə bağlayır və səmalara daxil olmağa icazə vermirlər?” sualı ayrıca bir izaha ehtiyaclıdır. Biz onu “Təfsiri-nümunə” kitabında həmin ayənin təfsirində şərh etmişik. Burada diqqəti cəlb edən məsələ süzən ulduzlar vasitəsilə şeytanların yüksək aləmdən, mələklərin pak, ali məqamından qovulması hadisəsidir. Bu hadisə “nücum” hədisinin təfsiri üçün kifayətdir.

Bəli, bir tərəfdən Peyğəmbər (s) Əhli-beyti (ə) səma ulduzları kimi insanları küfr, fitnə-fəsad, günahın zülmətindən qoruyub, ali məqsədə yönəldirsə və Allah yolunun yolçularını azğınlıq dalğalarında boğulmaqdan xilas edirsə, digər tərəfdən də insan və cinlərdən olan şeytanların İslam hüdudlarına nüfuzunun, Qur’anın hökmləri və sünnəni təhrif etməsinin qarşısını alır. Əhli-beyt meteoroit oxları kimi şeytanları dəf edir, yadların sinəsinə qeyb əlləri ilə zərbə endirir və onları səmavi sirlərdən agah olmağa qoymurlar.

Diqqət yetirmək lazımdır ki, bu hədisdə xüsusi olaraq Əhli-beyt (ə) İslam ümmətindəki ixtilafların qarşısını alan qoruyucu kimi göstərilir. Əgər ixtilaflar davam edərsə, insanlar İblisin qoşunu sıralarına daxil olar. Bu isə doğrudan da dolğun bir mə’nanı çatdırır.

2. “Nücum” hədisindən belə başa düşülür ki, ulduzların səma, yaxud yer əhlinin keşiyində durması davam etdiyi kimi, Əhli-beytin (ə) də hidayət yolu dünyanın sonuna qədər davam edəcəkdir.

3. Həmçinin onların xəta və günahdan mə’sum olduqları da sübuta yetir. Əgər onlar xəta və günaha yol versəydilər, yer əhlini ixtilaf və azğınlıqlardan qoruyan kamil və mütləq dayaq kimi tanıtdırılmazdılar.

4. Səma ulduzlarından biri batıb, digəri çıxması, bir qismi üfüqdə itib, digər qismi yenidən parlaması xüsusiyyəti Peyğəmbər (s) Əhli-beytində (ə) də var. İmam Əli (ə) bu məsələni “Nəhcül-bəlağə”də aydın bəyan edərək buyurmuşdur: “Agah olun! Məhəmmədin (s) Əhli-beyti səma ulduzlarına bənzəyir; onların biri batdıqda, digəri çıxır!”[124]

Şübhəsiz, bu rəvayətlərdə adı çəkilən Əhli-beyti (ə) Peyğəmbərin (s) zövcələri kimi təfsir etmək düzgün deyil; çünki bu rəvayətlərdə hər bir dövr və əsrdə ümmətin hidayəti, azğınlıq dalğalarından qurtuluşu və ixtilafların qarşısının alınması kimi mühüm məsələlərdən söz açılır. Bildiyiniz kimi, Peyğəmbərin (s) zövcələri müəyyən bir dövrdə yaşamış və bundan əlavə, ixtilafların qarşısının alınmasında xüsusi bir rol oynamamışlar.[125]

***

Sual:

Sual olunur ki, bə’zi kitablarda Peyğəmbəri-əkrəmin (s)

( اَصْحابِى بِمَنْزِلَةِ النُّجُومِ فِى السَّماءِ فَاَيُّما اَخَذْتُمْ بِهِ اِهْتَدَيْتُمْ )

“Mənim səhabələrim səma ulduzları kimidir. Onların hər hansı birindən yapışsanız (itaət etsəniz), hidayət olar və doğru yola yönələrsiniz” buyurduğu da nəql olunmuşdur. Görəsən, bu hədis Əhli-beyt (ə) barəsində nəql olunan yuxarıdakı hədislərlə ziddiyyət təşkil edirmi?

Bu sualın cavabı ilə bağlı bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Bu hədisin mö’təbər oluğunu fərz etsək belə, Əhli-beytin (ə) barəsində deyilən hədislərlə heç bir ziddiyyət təşkil etmir. Çünki İslamın əsaslarının bəyanında bir örnəyin başqa bir örnəklə heç bir ziddiyyəti yoxdur. Xüsusilə “Əhlu-beyti kən-nücum” (Əhli-beytim ulduzlar kimidir) hədisində bu vəsf Qur’ani-kərimə aid edilməsə də, Qur’ani-kərimin müsəlmanlar üçün ən gözəl istinad yeri olması sözsüzdür.

2. Əhli-sünnə alimləri bu hədisi sənəd baxımından “saxta”, “məkzub” (yalan) və yaxud “məşkuk” (şübhəli) adlandırmışlar. Bunu açıqlayanlar arasında əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl, eləcə də İbn Həzm, Əbu İbrahim Məzəni (Şafeinin ardıcıllarından biri), Hafiz Bəzzaz, Daru-Qutni, Zəhəbi, və s. alimlər var. Burada onların hər birinin ayrı-ayrılıqda nəzərini nəql etməyə ehtiyac yoxdur. Bu alimlərin münasibətləri barədə mə’lumat əldə etmək istəyənlər “Xülasətu əbəqatil-ənvar” kitabına müracət edə bilərlər.[126]

3. Səhabələrə aid edilən hədisin möhtəvası məntiqlə uyğun gəlmir. Bildiyimiz kimi, Peyğəmbərin (s) vəfatından sonra səhabələr arasında (geniş mə’nada səhabə; yə’ni Peyğəmbəri (s) görən və həzrətlə birgə olan hər bir şəxsi nəzər almaqla) böyük ixtilaflar yarandı. Bu ixtilaflarda qanlar axıdıldı, dəhşətli müharibələr baş verdi. Belə isə hansı məntiqlə qəbul etmək olar ki, bir-birinin qanını tökən iki qrup hidayət örnəyidir və insanları onların hər hansı birinin yolunu seçməkdə azad buraxıb deyək: “Özünüz bilərsiniz, ya Əmirəl-mö’minin Əlinin (ə), ya da Müaviyənin qoşunundan olun; Cəməl müharibəsində ya Əliyə (ə) qoşulun, ya da Təlhə və Zübeyrə. Onların hər hansı birinə qoşulsanız, doğru yolu tapacaqsınız və sizi behiştə aparacaqlar.” Xeyr, belə deyil! Heç bir ağıllı insan bunu qəbul etməz. Allah Rəsulunun (ə) məqamı isə çox üstündür və həzrətə belə hədislər aid etmək rəva deyil.

Tarixdə göstərilir ki, Əməvi hakimləri öz mövqelərini möhkəmləndirmək, “nücum” hədisini e’tibardan salmaq və Əhli-beytin (ə) məqamını kiçiltmək üçün belə saxta hədisləri İslam peyğəmbərinə (s) aid etmiş, bununla da Şam əhalisi və qeyrilərini inandırmağa çalışmışlar ki, Əlinin (ə) hökuməti haqq olduğu kimi, səhabələr zümrəsindən olan Müaviyənin hökuməti də haqqdır.[127] Beləcə, iki qrup arasındakı fərqi itirməyə çalışmışlar.

4-“ON İKİ İMAM” HƏDİSİ

Əhli-beytin (ə) mövqeyini imamət və vilayətlə əlaqələndirən və bir sıra şübhəli sualları cavablandıran hədislərdən biri də “on iki imam” hədisidir. Bu hədis İslamın ən məşhur hədislərindəndir. O səhih və mö’təbər kitabların əksəriyyətində nəql olunmuşdur. Bu hədis barəsində əksər alimlər yekdil fikirdədirlər. Əvvəlcə, hədisin sənədini, sonra isə onun məzmununu qısa şəkildə araşdıracağıq:

Bu hədisi Peyğəmbərin (s) səhabələrindən bə’ziləri nəql etmişdir. Onun əksər raviləri Cabir ibn Sumrəyə, ondan sonra Abdullah ibn Məs’uda, Abdullah ibn Ömərə, Abdullah ibn Əmr ibn Asa, Əbdül-Məlik ibn Ümeyrə, Əbul-Cildə və Əbu Cüheyfəyə istinad edir. Hədis hafizləri onu ondan artıq kitabda qeydə almışlar. İndi isə diqqətinizi həmin hədisin bir hissəsinə yönəldirik:

1. “Səhihi-Müslim” kitabında Cabir ibn Sumrənin belə dediyi nəql olunur: “Allahın Rəsulundan (s) eşitdim ki, belə buyurdu:

لا يَزالُ الْاِسْلامُ عَزيزاً اِلى اِثْنى عَشَرَ خَليفَةً – ثُمَّ قالَ كَلِمَةً لَمْ اَفْهَمْها! فَقُلْتُ لِاَبِى ما قالَ؟ فَقالَ كُلُّهُم مِنْ قُرَيْشٍ!:

“On iki xəlifə müsəlmanlara rəhbərlik edən vaxta qədər İslam izzətli olacaq.” Sonra o həzrət bir söz dedi ki, mən başa düşmədim. Atam Peyğəmbərə (s) yaxın olduğundan, ondan “Peyğəmbər (s) nə buyurdu?” deyə soruşduqda, atam (Peyğəmbərin (s) belə buyurduğunu) dedi: “Onların hamısı Qüreyş tayfasındandır!”[128]

Həmin kitabda başqa bir sənədlə Cabir ibn Abdullah Ənsaridən “La yəzalul-İslamu əzizən” (İslam dini həmişə əziz olacaqdır) ifadəsinin yerində “La yəzalu hazəl-əmr” (Bu iş həmişə davam edəcəkdir) ifadəsini nəql etmişdir.

Başqa bir hədisdə isə “La yəzalu hazəd-din əzizən məniən” (Bu din həmişə izzətli və yenilməz olacaqdır), deyə buyurulmuşdur.

Bir hədisdə Amir ibn Sə’d ibn Əbi Vəqqasdan belə nəql edilir: “Cabir ibn Sumrəyə məktub yazıb bildirdim ki, Peyğəmbəri-əkrəmdən (s) eşitdiyi hədisləri mənə yazıb göndərsin. O da mənə belə yazmışdı: “Mən Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “İslam dini qiyamətə qədər yaşayacaq və mütləq sizə Qüreyş tayfasından olan on iki xəlifə rəhbərlik edəcək!” Həmçinin belə buyurdu: “Müsəlmanların kiçik bir qismi “Ağ” evi, “Kəsra” evini, yaxud da “Kəsra” övladlarını fəth edəcək!” Sonra xəbərdarlıq etdi: “Qiyamətdən qabaq yalançılar meydana çıxacaq, onlardan uzaqlaşın!”[129]

Yenə “Səhihi-Müslim”də başqa bir “təriq”lə (ravilərin sırası) Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “On iki xəlifənin hökuməti durduqca, bu din izzətli, qüdrətli və yenilməz olacaq!” Bu hədisin sonunda da “Kulluhum min Qureyş!” (Onların hamısı Qüreyş tayfasındandır” ifadəsi görünür.[130]

2. Bu hədis “Səhihi-Buxari” kitabında oxşar ifadələrlə Cabir ibn Abdullah Ənsarinin Peyğəmbəri-əkrəmdən (s) belə eşitdiyi nəql olunmuşdur:

يَكُونُ اِثْنى عَشَرَ اَمِيراً فَقالَ كَلِمَةً لَمْ اَسْمَعْها! فَقالَ اَبِى اِنَّهُ قالَ: كُلُّهُم مِنْ قُرَيْشٍ!:

“Məndən sonra on iki əmir olacaq.” Sonra həzrət bir söz buyurdu ki, mən eşitmədim. Atam dedi ki, həzrət deyirmiş: “Onların hamısı Qüreyş tayfasındandır!”[131]

3. Bunun oxşarı “Səhihi-Termizi” kitabında da azacıq fərqlə qeyd olunmuş və Termizi onu nəql etdikdən sonra yazmışdır: “Bu hədis “həsən” və səhihdir!”[132]

4. “Səhihi-Əbi Davud” kitabında da bu hədis azacıq fərqlə qeyd edilmişdir. Hədisin deyilişindən başa düşülür ki, Peyğəmbər (s) onu böyük bir cəmiyyət qarşısında buyurmuşdur. Rəvayətdə göstərildiyi kimi, Peyğəmbər (s) “Bu din on iki xəlifənin rəhbərlik etdiyi vaxta qədər, həmişə izzətli, qüdrətli və yenilməz olacaqdır” deyə buyurduqda, camaat uca səslə “Allahu-Əkbər” demişdir.[133]

5. “On iki imam” hədisi Əhməd ibn Hənbəlin “Müsnəd” kitabının bir neçə yerində qeyd edilmişdir ki, bə’zi təhqiqatçılar onu otuz dörd vasitə ilə Cabirdən nəql etmişlər.[134]

Bir yerdə Məsruqun belə dediyini görürük: “Biz Abdullah ibn Məs’udun yanında oturmuşduq, o bizə Qur’an oxuyurdu. Bir nəfər ondan “Heç Peyğəmbərdən (s) öyrənmisinizmi ki, bu ümmətə neçə nəfər xəlifəlik edəcəkdir?” deyə soruşduqda, “İraqa gəldiyim vaxtdan səndən başqası bu sualı soruşmamışdır!” deyərək belə əlavə etdi: “Bəli, bunu Allahın Rəsulundan (s) soruşduqda, buyurdu:

اِثْنى عَشَرَ كَعِدَّةِ نُقَباءِ بَنِى اِسْرائِيلَ:

“Bəni-İsrailin (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdir!”[135]

Yuxarıda qeyd etdiyimiz hədislər əhli-sünnənin ən məşhur və mö’təbər kitablarından əlavə, digər kitablarda da qeyd edilmişdir. Məqsəddən yayınmamaq üçün onların kiçik bir qisminə işarə edəcəyik. Əlavə izahat üçün “Ehqaqul-həqq”, “Fəzailul-xəmsə”, “Müntəxəbul-əsər” və digər kitablara müraciət edə bilərsiniz.

***

“ON İKİ İMAM” HƏDİSİNİN MÖHTƏVASI

Bu rəvayətlərin ifadələri müxtəlif olduğundan, bə’zilərində “isna əşərə xəlifətən” (on iki xəlifə), bə’zilərində “isna əşərə əmirən” (on iki əmir) və bə’zilərində isə on iki nəfərin vilayət və hökumətindən söz açan “ma vəlahum isna əşərə rəculən” (on iki nəfərin vilayəti) ifadələri qeyd olunmuşdur. Bu rəvayətlərin əksəriyyətində on iki nəfərin xəlifəliyindən söz açılır. Bə’zi rəvayətlərdə təkcə onların neçə nəfərdən ibarət olduğuna işarə edilərək buyurulur: “İsna əşərə kə-iddəti nuqəbai Bəni-İsrail!” (Onlar Bəri-İsrail tayfasının (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdirlər!) Bə’zilərində isə, “on iki başçı” ifadəsi işlədilmişdir.

Mə’lum olduğu kimi, bütün bunlar xilafət, vilayət və hökumət işlərinə aid olub, nəticə e’tibarilə eyni mə’nanı ifadə edir.

Digər tərəfdən, bə’zi rəvayətlərdə “Bu din həmişə qüdrətli və yenilməz olacaqdır...!”, bə’zilərində “Mənim ümmətimin işi həmişə məsləhət üzündəndir...”, bə’zilərində “Bu ümmətin işi həmişə uğurlu olacaqdır, əgər...!”, bə’zilərində “Bu ümmətin işi yaxşılığa doğru olacaqdır, əgər...”, bə’zilərində də “Heç kəs bu ümmətə zərər yetirə və onları xar edə bilməz” kimi ifadələr verilmişdir. Bu qəbildən digər rəvayətlər də vardır. Onlarda da bir növ bu həqiqətə toxunulmuş və İslam ümmətinin qüdrəti, qələbə və uğurundan söhbət açılmışdır. Bundan əlavə, bu rəvayətlərin əksər ravi silsilələri fərqlidir.

Üçüncüsü isə bu rəvayətlərdə “kulluhum min Qureyş” (Onların hamısı Qüreyş tayfasındandır) ifadəsi gözə çarpır. Yalnız Qunduzi Hənəfinin “Yənabiul-məvəddət” kitabında nəql etdiyi bir rəvayətdə Peyğəmbər (s) belə buyurmuşdur: “Kulluhum min Bəni-Haşim!” (Onların hamısı Bəni-Haşimdəndir!) O da bunu “Məvəddətül-qurba” kitabından Cabir ibn Səmərədən nəql etmişdir.[136]

Bu hədislərin çoxunda göründüyü kimi, Peyğəmbəri-əkrəm (s) sonuncu cümləni bəyan edərkən səsini alçaldaraq onu məhrəmanə buyurmuşdur. Aydın olur ki, həmin vaxt orada Peyğəmbərin (s) Qüreyş, yaxud Haşimi tayfasından olan on iki nəfər canişinin e’lanı ilə müxalif olanlar varmış. Bu səbəbdən həzrət sonuncu cümləsini məxfiyanə, astadan bəyan etmişdir!

Ümumiyyətlə, bu hədis məşhur, birinci dərəcəli mənbələrdə nəql olunmuşdur və bütün İslam alimləri onu qəbul etmişlər. Bu hədisin mə’nası Əhli-beyt (ə) məktəbi ardıcıllarına tam aydındır. Onun məfhumunu yalnız on iki mə’sum, günahsız imama aid edirlər. Amma onun izahı digər İslam məzhəbləri ardıcılları üçün qaranlıq məsələyə çevrilmişdir. Belə ki, digər məzhəblərin alimləri bu haqda aydın bir söz deməmişlər. Bunun səbəbi də mə’lumdur; çünki ilk xəlifələrin sayı dörd, Əməvi xəlifələrinin sayı on dörd[137], Abbasi xəlifələrinin sayı otuz yeddi nəfərdir. Bu rəqəmlərin heç biri Peyğəmbərin (s) buyurduğu on iki nəfər xəlifə ilə uyğun gəlmir. Burada biz Hafiz ibn Süleyman ibn İbrahim Qunduzi Hənəfinin e’tirafını həqiqətə uyğun bilməliyik. Belə ki, o, “Yənabiul-məvəddət” adlı məşhur kitabında yazır:

“Bə’zi tədqiqatçılar Peyğəmbərdən (s) sonrakı on iki nəfərdən danışan hədislərin məşhur, eyni zamanda çoxsaylı vasitələrlə nəql olunduğunu bildirmişlər. Zaman ötdükcə mə’lum olacaq ki, Allahın Rəsulunun (s) bu hədisdə məqsədi on iki nəfərdən ibarət Əhli-beyt imamlarıdır. Bunu o həzrətdən sonrakı xəlifələrə tətbiq etmək olmaz və səbəbi də aydındır (çünki onların sayı dörd nəfərdir). Həmçinin onu Əməvi hakimlərinə aid etmək olmaz. Çünki onların sayı on iki nəfərdən çoxdur. Digər tərəfdən Ömər bin Əbdül-Əziz istisna olmaqla, onların hamısı aşkar zülm və haqsızlıqla tanınmışlar. Həm də onlar Bəni-Haşim tayfasından deyillər. Halbuki bu hədisin bə’zi mətnlərində on iki xəlifənin Bəni-Haşim tayfasından olduğu nəql edilir. Bu rəvayət (on iki nəfərin Bəni-Haşim tayfasından olması) xüsusilə sonuncu cümlənin Peyğəmbəri-əkrəm (s) tərəfindən yavaş söylənilməsi ilə daha uyğundur. Peyğəmbəri-əkrəmin (s) sonuncu cümləni astadan söyləməsinin səbəbi bir çoxlarının Bəni-Haşimin xilafətə gəlişi ilə razılaşmamaları olmuşdur.



Geri   İrəli
Go to TOP