A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


"Mən (Allah tərəfindən) də’vət olunmuş və bu də’vəti qəbul etmişəm (tezliklə sizin aranızdan gedəcək və dünyamı dəyişəcəyəm). (Buna görə də) sizin aranızda iki qiymətli əmanət qoyuram. Biri digərindən daha böyük olan Allahın kitabı, o birisi isə itrətim, Əhli-beytimdir. Baxın görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz? Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar." Sonra buyurdu: "Allah mənim mövlamdır, mən isə hər bir mö’minin mövlasıyam!" Sonra Əlinin əlindən tutub buyurdu: "Mən hər kəsin mövlası və rəhbəriyəmsə, bu da onun mövlası və rəhbəridir. İlahi! Hər kəs onu sevirsə, Sən də onu sev; hər kəs ona düşməndirsə, Sən də onunla düşmən ol!"

Hədisin sonunda qeyd olunduğu kimi, ikinci ravi Əbu Tüfeyl deyir: Mən, Zeyd ibn Ərqəmdən "Sən özün bu hədisi Allahın Rəsulundanmı (s) eşitmisən?" deyə soruşduqda, o dedi: "Kölgəlikdə olan hər bir kəs bu səhnəni gözlərilə görüb, qulaqları ilə Həzrətin sözlərini eşitdi!"[77]

Bu hədis açıq-aşkar göstərir ki, Peyğəmbəri-əkrəm (s) bu sözləri "Qədir-Xum"da müsəlmanların qarşısında söyləmiş və hamı da bilavasitə eşitmişdir.

8. Hicri qəməri tarixi ilə 4-cü əsrin böyük sünni alimlərindən olan Hakim Nişapurinin "Müstədrəküs-səhiheyn" adlı məşhur kitabında "Səhihi-Buxari" və "Səhihi-Müslim" kitablarında olmayan bir çox hədislər qeydə alınmışdır. O cümlədən, "səqəleyn" hədisi İbn Vasildən belə nəql edilir: "Mən Zeyd ibn Ərqəmdən eşitdim ki, Peyğəmbəri-əkrəm (s) Məkkə ilə Mədinə arasındakı bir ağaclığa çatdıqda, dayandı. Camaat oturmaq üçün ağacların altını səliqəyə saldı. Peyğəmbər (s) əsr namazından sonra xütbə söyləyərək, Allaha həmd-səna dedi. Öyüd-nəsihət verdikdən sonra buyurdu:

اَيُهَا النّاسُ اِنّى تارِكٌ فِيكُمْ اَمْرَيْنِ لَنْ تَضِِلُّوا اِنِ اتَّبَعْتُمُوهُما: وََهُما كِتابُ اللهِ وَ اَهْلُبَيْتِى َعِتْرَتِى:

"Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlara itaət etsəniz, heç vaxt azğınlığa düşməzsiniz. Onlar Allahın kitabı və itrətim Əhli-beytimdir."[78]

Sonra Hakim əlavə edərək yazır: "Bu hədis Buxari və Müslimin nəzərincə səhih və düzgündür.[79]

9. Şiələrin qatı müxaliflərindən olan Hicaz müftisi İbn Həcər Heysəmi "Əs-səvaiqul-muhriqə" kitabında yazır ki, səhih bir rəvayətə əsasən, Peyğəmbər (s) buyurmuşdur:

قَدْ دُعِيتُ فَاَجِبْتُ، اِنِّى قَدْ تَرَكْتُ فِيكُمُ الثَّقَلَيْنِ اَحَدُهُما آكَدُ مِنَ الْآخَرِ: كِتابَ اللهِ عَزَّوَجَلََّ وََعِتْرَتِى اَهْلُبَيْتِى، فَانْظُرُوا كَيْفَ تُخْلِفُونِى فِهِيما فَاِنَّهُما َلَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ:

"Mən Allah tərəfindən də’vət olunmuşam və bu ilahi də’vəti qəbul edəcəyəm. (Buna görə də) sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Allahın kitabı və itrətim, Əhli-beytimi! Baxın görün, məndən sonra onların haqqını necə ödəyəcəksiniz? Bu iki əmanət (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq!"

Sonra əlavə edir: Başqa bir rəvayətdə bu hissə də qeyd olunmuşdur: "Mən bu məqamı onlar üçün Allah-taaladan istəmişəm. Onlardan qabağa keçməyin, yoxsa həlak olarsınız; geridə də qalmayın ki, (yenə) həlak olarsınız! Onlara bir şey öyrətməyin, çünki onlar sizdən elmli və biliklidirlər!"

Sonra yazır ki, bu hədisin iyirmidən artıq ravisi vardır və onu izah etməyə ehtiyac yoxdur.[80]

Vilayət və imamət məsələsində şiələrə müxalif olan şəxsin "səqəleyn" hədisini belə aşkar e’tirafla qeyd etməsi doğrudan da diqqəti cəlb edir!

10. "Usdul-ğabə" kitabının müəllifi İbn Əsir (Məhəmməd ibn Məhəmməd ibn Əbdülkərim), Abdullah ibn Hintəbin tərcümeyi-halında onun belə dediyini nəql etmişdir: "Allahın Rəsulu (s) (Məkkə ilə Mədinə arasında yerləşən) Cöhfə məntəqəsində öz xütbəsində buyurdu: "Mən sizin üzərinizdə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?" Camaat dedi: "Bəli, ey Allahın Rəsulu (s)!" Həzrət buyurdu: "Mən (qiyamətdə) sizdən iki şeyi soruşacağam: “Qur’an və Əhli-beytimi!"[81]

11. Cəlaləddin Əbdür-Rəhman Süyuti[82] "Ehyaul-məyyit" kitabında İbn Əsirin "Usdul-ğabə"də yazdığı mətləbləri qeyd etmişdir.[83]

12. Zəməxşəri Beyhəqinin (Əbu Bəkr Əhməd ibn Hüseyn) barəsində yazır: "Şafei məzhəbinin rəhbəri və imamının onun məzhəbinə e’tiqadlı bütün şəxslərin boynunda haqqı varsa, Beyhəqinin öz kitablarına görə həm Şafeinin, həm də bu məzhəbdə olanların boynunda haqqı vardır."[84]

Beyhəqi bu hədisi "Əs-sünənül-kubra" adlı mühüm kitabında ("Səhihi-Müslim"də nəql olunan hədisin oxşarını, xüsusilə, "Əhli-beyt" sözünü üç dəfə təkrar etdiyi halda) nəql etmişdir.[85]

13. Hafiz Təbərani əhli-sünnənin məşhur mühəddislərindən olub, 3-cü və 4-cü əsrlərdə yaşamış və bə’zilərinin dediyinə görə, hədis elmində mindən artıq ustadı olmuşdur. O da "Əl-mö’cəmül-kəbir" adlı məşhur kitabında bir hədisdə Peyğəmbəri-əkrəmdən (s) nəql edir ki, o həzrət camaatı "səqəleyn"ə itaətə də’vət edərkən, bir nəfər ayağa qalxıb, "Ey Allahın Rəsulu! "Səqəleyn nədir" deyə soruşduqda, Həzrət buyurdu:

اَلاَكْبَرُ كِتابُ اللهِ، سَبَبٌ طَرَفُهُ بِيَدِاللهِ، وَطَرَفُهُ بِاَيْدِيكُمْ، فَتَمَسَّكُوا بِهِ لَنْ تَزالُوا وَلا تَضِلُّوا، وَالاَصْغَرُ عِتْرَتِى وَاِنَّهُما لَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ:

"Böyük və ağır əmanət Allahın kitabıdır. Onun bir tərəfi Allahın əlində (qüdrətində), digər tərəfi isə sizin əlinizdədir. Əgər ondan yapışsanız, birliyiniz itməz, azğınlığa düşməzsiniz. Kiçik əmanət isə itrətimdir. Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar."

Sonra əlavə edərək buyurdu: "Mən bu iki əmanəti Allahdan istəmişəm. Onlardan qabağa keçməyin ki, həlak olarsınız; onlara bir şey öyrətməyin; çünki onlar sizdən elmli və biliklidirlər."[86]

14. Hazırda vəhhabiliyin banisi kimi tanıtdırılan İbn Teymiyyə (Əhməd ibn Əbdülhəlim Hənbəli, ölümü: 727 h.q) "Minhacus-sünnə" kitabında bu hədisi "Səhihi-Müslim"də qeyd olunduğu kimi nəql etmişdir.[87]

Sünnilərin digər məşhur və tanınmış alimləri də "Səqəleyn" hədisini öz əsərlərində nəql etmişlər. O cümlədən:

15. Hicri-qəməri tarixilə 5-ci əsr alimlərindən olan İbn Məğazili (Əli ibn Məhəmməd Fəqih Şafei) bu hədisi geniş şəkildə Zeyd ibn Ərqəmdən nəql etmişdir.[88]

16. 6-cı (h.q) əsrin məşhur alim, mühəddis, xətib və şairlərindən olan Xarəzmi də onu "Mənaqib" kitabında qeyd etmişdir.[89]

17. 7-8-ci əsr alimlərindən və məzhəbcə təəssübkeşliyi ilə məşhur olan Zəhəbi (Məhəmməd ibn Əhməd ibn Osman Dəməşqi Şafei) də bu hədisi "Təlxisul-müstədrək" kitabında qeyd etmişdir.[90] Tacəddin Səbki "Təbəqatuş-şafei" kitabında Zəhəbi barəsində belə yazır: "O, öz zamanının dahi və görkəmli mühəddisi, böyük hafiz (hədis əzbərçisi), əhli-sünnə məzhəbinin bayraqdarı, əsrinin rəhbər və qabaqcılı idi.”

18. 11-ci əsrin məşhur alim və tarixçisi Əli ibn Burhan Hələbi Şafei özünün "Sireyi-Hələbi" adı ilə tanınan "İnsanul-üyun" kitabında "səqəleyn" hədisi və "Qədir-Xum" hadisəsini açıq-aşkar nəql etdikdən sonra belə yazır: "Bu hədis səhih və düzgündür, səhih[91] və "həsən"[92] sənədləri ilə nəql olunmuşdur."[93]

19. İbn Həyyan Maliki "Əl-muqtəbəsu fi əhvalil-Əndəlus" kitabında bu hədisi "Səhihi-Müslim"də olduğu kimi qeyd etmişdir; bu fərqlə ki, Məkkə ilə Mədinə arasındakı məkanı "qalalar" mə’nasını ifadə edən "Həsain" adlandırmışdır.[94]

20. 8-ci (h.q) əsr alimlərindən olan Xazin adı ilə tanınmış Əlauddin Əli ibn Məhəmməd Bağdadi bu hədisi "Təfsir" kitabında "Səhihi-Müslim" və "Səhihi-Termizi"də qeyd olunduğu kimi nəql etmişdir.[95]

21. 7-ci əsrin məşhur alimi İbn Əbil-Hədid Mö’təzili (İzzəddin Əbdülhəmid) "Nəhcül-bəlağə"nin şərhində "səqəleyn" hədisini nəql etdikdən sonra yazır: "Peyğəmbər (s) öz itrətini tanıtdıraraq belə buyurmuşdur:

قَدْ بَيَّنَ رَسُولُ اللهِ (ص) عِتْرَتَهُ مَنْ هِىَ؟ لَمّا قالَ: اِنِّى تارِكٌ فِيكُمُ الثِّقْلَيْنِ، فَقالَ عِتْرَتِى اَهْلُبَيْتِى:

"Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram." Sonra buyurmuşdur: "İtrətim, yə’ni Əhli-beytim."

O yazır: "Peyğəmbər (s) başqa bir yerdə öz Əhli-beytini əbasının altına alaraq tanıtdırmış və "Təthir" ayəsi nazil olduqda, demişdir: "İlahi, bunlar mənim Əhli-beytimdir, çirkinliyi onlardan uzaq et!"[96]

22. 13-cü əsr alimlərindən olan Məkkə müftisi Zeyni Dehlan Şafei (Seyid Əhməd) "Sireyi-Hələbi"nin haşiyəsində çap olunan "Sireyi-Nəbəvi" kitabında bu hədisi "Səhihi-Müslim"də olduğu kimi yazmış, eləcə də "Müsnədi-Hənbəl"də Əbu Səid Xidrinin hədisini eynilə nəql etmişdir.[97]

Xülasə və nəticə:

Qeyd etdiyimiz şəxslər "səqəleyn" hədisini öz əsərlərində nəql edən əhli-sünnənin məşhur və tanınmış alimləridir. Əlbəttə, bunu da unutmaq olmaz ki, burada adı çəkilənlər alimlərin az bir qismini təşkil edir. Mərhum Mirhamid Hüseyn Hindi "Əbəqatul-ənvar" kitabının xülasəsində "səqəleyn" hədisinin yüz iyirmi altı mənbədən ibarət məşhur kitablarda nəql olunduğunu yazmış, habelə hər bir kitabın cild və səhifəsini göstərmişdir.[98]

Qeyd etmək lazımdır ki, bu hədis yalnız Cabir ibn Abdullah Ənsari, Əbu Səid Xidri və Zeyd ibn Ərqəmdən deyil, demək olar Peyğəmbərin (s) iyirmi üç səhabəsindən vasitəsiz nəql olunmuşdur. Onların adları aşağıdakılardan ibarətdir:

1-Zeyd ibn Ərqəm; 2-Əbu Səid Xudri; 3-Cabir ibn Abdullah Ənsari; 4-Hüzeyfə ibn Üseyd; 5-Xüzeymə ibn Sabit; 6-Zeyd ibn Sabit; 7-Səhl ibn Sə’d; 8-Zəmurətul-Əsləmi; 9-Amir ibn Leyli; 10-Əbdür-Rəhman ibn Ovf; 11-Abdullah ibn Abbas; 12-Abdullah ibn Ömər; 13-Ədiyy ibn Hatəm; 14-Əqəbə ibn Amir; 15-Əli ibn Əbi Talib (ə); 16-Əbuzər Qifari; 17-Əbu Rafe; 18-Əbu Şüreyh Qazi; 19-Əbu Qüdamə Ənsari; 20-Əbu Hüreyrə; 21-Əbu Heysəm ibn Teyhan; 22-Ümmü Sələmə; 23-Ümmü Hani.

***

"SƏQƏLEYN" HƏDİSİ PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) DİLİNDƏ TƏKRARLANIR

Diqqət yetirmək lazımdır ki, Peyğəmbəri-əkrəm (s) bu hədisi yalnız bir dəfə deyil (buna Peyğəmbərin (s) yalnız bir dəfə buyurduğu "Qədir-Xum" hədisini misal göstərmək olar ki, onu müsəlmanlar o həzrətin dilindən eşitmiş və nəql etmişlər), həm də müxtəlif zaman və münasibətlərdə bəyan etmişdir.

Əhli-sünnə mənbələrinə görə, bu hədisin Peyğəmbəri-əkrəmdən (s) nəql olunduğu məntəqələr aşağadakılardan ibarətdir:

1. "Qədir-Xum": Peyğəmbəri-əkrəm (s) sonuncu həcc mərasimindən qayıdarkən "Qədir-Xum"da geniş söhbətdən sonra "səqəleyn" hədisini buyurmuşdur.

2. "Ərəfat": Peyğəmbəri-əkrəm (s) həcdə olarkən "Ərəfə" günü dəvəsinin belində bir xütbə söylədikdən sonra bu hədisi buyurmuşdur. Ötən səhifələrdə qeyd etdiyimiz kimi, "Səhihi-Termizi"də Cabir ibn Abdullah Ənsaridən nəql olunan hədis (2-ci hədis) Ərəfə gününə aid idi.

3. "Cöhfə": Peyğəmbəri-əkrəm (s) həccin “miqat”larından sayılan, Məkkə ilə Mədinə arasında yerləşən "Cöhfə" adlı məntəqədə "səqəleyn" hədisini buyurmuşdur. Bunu İbn Əsir "Usdul-ğabə" kitabında Abdullah ibn Hintəbin tərcümeyi-halında nəql etmişdir.

4. Peyğəmbəri-əkrəm (s) vəfatına səbəb olan xəstəliyi zamanı son vəsiyyətində belə buyurmuşdur: "Ey camaat! Mən tezliklə sizin aranızdan gedəcəyəm və artıq sizə höccətim tamamlandı. Agah olun! Mən sizin aranızda böyük Allahın kitabını və itrətim olan Əhli-beytimi yadigar qoyuram." Sonra Əliyə (ə) işarə ilə buyurdu: " Əli Qur’anla, Qur’an da Əli ilədir. Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar. Bu iki əmanətdə yadigar qoyduqlarımdan soruşun!"[99]

Düşünənlər üçün bu hədisdə bir sıra incəliklər var.

5. "Həccətül-vida" (“Vida” həcci): Peyğəmbəri-əkrəm (s) “Vida” həccində "Xif" məscidində belə buyurmuşdur: "Agah olun! Mən sizdən iki ağır əmanət haqda soruşacağam." O həzrətdən "Ey Allahın Rəsulu! İki ağır əmanət nədir?" – deyə soruşulduqda, buyurdu: "Böyük və ağır əmanət Qur’ani-kərimdir. Onun bir tərəfi Allahın əlində (ixtiyarında), digəri isə sizin əlinizdədir. Belə isə, ondan yapışsanız, heç vaxt azğınlığa düşməz və həlak olmazsınız. Kiçik ağır əmanət isə mənim itrətim və Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər vermişdir ki, bu iki əmanət eynilə mənim iki yanaşı üzüyüm kimi “Kövsər” hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq."[100]

6. Peyğəmbəri-əkrəm (s) (Məkkənin fəthindən sonra) Taifdən qayıdan zaman bu hədisi buyuraraq mühüm bir məsələni açıqlamışdır.

Peyğəmbəri-əkrəmin (s) Səqəleyn hədisini müxtəlif yerlərdə – Mədinədə, həcc mərasimində, "Ərəfə" günündə, "Xif" məscidində ("Mina"da), Məkkə ilə Mədinə arasında və digər məntəqələrdə müsəlmanların zəlalətə düşməmələri üçün tə’kidlə təkrarlaması o iki əmanətin yüksək əhəmiyyət daşımasına bir sübutdur. Doğrudan da, bu qədər tə’kid və təkrardan sonra Peyğəmbərin (s) yadigar qoyduğu Qur’an və Əhli-beytdən uzaqlaşmağımız, yaxud yanlış yozumlara əl atmağımız aşkar zəlalət və azğınlıq deyilmi?! Peyğəmbərin (s) iyirmidən artıq səhabəsindən iki yüzə yaxın məşhur və birinci dərəcəli İslam mənbəyində nəql olunan, sənədində heç bir şəkk-şübhə olmayan belə hədisin üzərindən asanlıqla keçmək olarmı?! Şübhəsiz, belə bir inadkarlığın ağır nəticələri var.

İslam peyğəmbərini (s) Allahın rəsulu, peyğəmbərlərin sonuncusu, ilahi vəhyin əmanətdarı kimi tanıyan şəxs bilməlidir ki, o həzrətin iki böyük və ağır əmanətə sarılmağın vacibliyini, eləcə də, onlardan uzaqlaşanların azğınlığa düşdüklərini tə’kidlə vurğulamasında mühüm bir sirr, İslamın əsası ilə bağlı danılmaz bir həqiqət var.

***

"SƏQƏLEYN" HƏDİSİNDƏN ANLAŞILAN MÜHÜM NÖQTƏLƏR

Bu hədis müsəlmanların qarşısında bir neçə mühüm üfüq açır. Burada onların bir qismini nəzərdən keçirəcəyik:

1. Qur’an və Əhli-beyt (ə) həmişə birgədir, heç vaxt bir-birindən ayrılmayacaq. Qur’anın həqiqətlərilə tanış olmaq istəyənlər Əhli-beytə (ə) sığınmalıdır.

2. Qur’ani-kərimin hökmlərinə itaət etmək müsəlmanlara qeyd-şərtsiz vacib olduğu kimi, Əhli-beytə (ə) itaət də qeyd-şərtsiz vacibdir.

3. Əhli-beyt (ə) mə’sum və günahsızdır; Onların Qur’andan ayrılmaması, həm də onlara qeyd-şərtsiz itaətin vacibliyi onların mə’sum olduğunu, günah, xəta və səhvə yol vermədiyini göstərir. Əgər onların günah, yaxud xətası olsa, Qur’andan ayrılarlar və onlara itaət müsəlmanları azğınlıqdan saxlamaz. Hədisdə qeyd olunduğu kimi, Əhli-beytə (ə) itaətlə günahlardan uzaqlaşmaq, onların günahsız olmasına başqa bir dəlildir.

4. Daha mühüm məsələ budur ki, Peyğəmbəri-əkrəmin (s) buyuruğu qiyamətə qədər bütün müsəlmanlar üçün öz gücündədir: "Bu iki əmanət “Kövsər” hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq." Bu isə açıq-aşkar göstərir ki, tarix boyu Əhli-beytdən (ə) bir nəfər mə’sum və günahsız rəhbər həyatda olacaq. Qur’ani-kərim həmişə hidayət çırağı olduğu kimi, onlar da həmişə hidayət çıraqlarıdır. Buna görə də hər əsrin ilahi imam və rəhbərini tanımaq lazımdır.

5. Bu hədisdən başa düşülür ki, Əhli-beytdən (ə) ayrılmaq, yaxud qabağa keçmək azğınlıqla nəticələnir. Heç vaxt şəxsi istəyi onların istəyindən üstün tutmaq olmaz.

6. Onlar hamıdan üstün və fəzilətli, elmli və biliklidirlər.

Diqqəti cəlb edən məsələ budur ki, hicri-qəməri tarixlə 9-10-cu əsr alimi və "Vəfaul-vəfa" kitabının müəllifi Səmhudi Şafei "Cəvahirul-əqdeyn" kitabında Səqəleyn hədisi barədə yazır: "Bu hədis göstərir ki, qiyamətə qədər hər bir dövrdə Əhli-beytdən bir nəfər var və ona itaət edilməlidir.

***

YALNIZ BİR SUAL

Araşdırdığımız mövzu ilə əlaqədar yalnız bir sual qalır. Bə’zi rəvayətlərdə – sayca az da olsa – "və itrəti Əhli-beyti" (itrətim olan Əhli-beytim) ifadəsinin yerinə "və sünnəti" (mənim sünnəm) qeyd olunmuşdur. Bu "Sünəni-Beyhəqi" kitabında iki yerdə qələmə alınmışdır. Bir yerdə İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) nəql edir ki, həzrət sonuncu həcc mərasimindəki xütbəsində buyurdu: "Sizin aranızda iki ağır əmanət qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: "Kitabəllah və sünnətə nəbiyyihi" yə’ni "Allahın kitabı və Peyğəmbər sünnəsi!"[101] Başqa bir yerdə isə eynilə bu məzmunda bir hədis Əbu Hüreyrədən nəql edilmişdir.[102]

Əhli-beytin (ə) açıq-aşkar bəyanlarını, bə’zi hədislərdə bu sözün üç dəfə təkrar və tə’kid olunmasını, bə’zi hədislərdə imam Əlinin (ə) adının çəkilməsini, eləcə də Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz Əhli-beyti kimi tanıtdırdığı hədisləri kənara qoyub, təkcə belə nadir rəvayətə istinad etmək qətiyyən düzgün deyil. Görünür ki, dövrün hakim dairələri öz mənafelərini qorumaq üçün bu hədisdə bir sıra dəyişikliklərə əl atsalar da, onu tamamilə təhrif edə bilməmişlər. Bir də bu iki hədis (“sünnəti” sözünün düzgünlüyünü fərz etsək belə) bir-birilə heç bir ziddiyyət təşkil etmir: Peyğəmbəri-əkrəm (s) bir yerdə “kitab” və “sünnə”yə, digər bir yerdə isə “kitab” və “Əhli-beyt”ə (ə) işarə etmişdir. Öncə qeyd etdiyimiz kimi, həzrət bu hədisi (əhli-sünnənin məşhur mənbələrindəki çoxlu rəvayətlərə əsasən) müxtəlif məntəqələrdə – “Vida” həccində, “Xif” məscidində, “Ərəfə”də, “Cöhfə”də, “Qədir-Xum”da, Taifdən qayıdanda, Mədinədə minbərdə və vəfatına səbəb olan xəstəliyi zamanı bəyan etmişdir. Beləliklə, Həzrətin bir yerdə “Əhli-beyt”, digər bir yerdə isə “sünnəti” deyə buyurmasında heç bir ziddiyyət yoxdur.

Əsas e’tibarilə heç kim Peyğəmbərin (s) sünnəsinin mühüm bir yadigar və əmanət olduğunu inkar etmir. Mümkündür, müsəlman bir şəxs Qur’ani-kərimin “ma atakumur-Rəsul fə-xuzuhu və ma nəhakum ənhu fəntəhu” (Peyğəmbərin sizə gətirdiklərinə əməl edin, qadağan etdiklərindən isə çəkinin), ayəsilə təsdiq olunan Peyğəmbər sünnəsinə əməl etməsin. Lakin bu mə’na Əhli-beytə (ə) tabe olmağa və onlardan yapışmağa çağıran hədislərlə heç bir ziddiyyət təşkil etmir. Başqa sözlə, iki rəvayətdən birinə o zaman üstünlük verilir ki, onlar bir-birilə ziddiyyət təşkil etsin. Halbuki geniş mə’na ifadə edən bu iki rəvayət arasında heç bir ziddiyyət yoxdur. Ümumiyyətlə, Əhli-beytə (ə) tabe olmağın özü Peyğəmbər (s) sünnəsinə tapınmağın bariz nümunələrindəndir. Hər kim Əhli-beytə (ə) itaət etsə, sünnəyə əməl etmiş, hər kim itaət etməyib, onlardan üz çevirsə öz nəzərini Peyğəmbərin (s) əmrindən üstün tutsa, sünnəni tərk etmiş və Allahın Rəsuluna (s) itaətdən boyun qaçırmışdır.

Doğrusu, bu bəhanələrlə “səqəleyn” hədisinin biz müsəlmanların üzərinə qoyduğu mühüm vəzifələrdən boyun qaçıra bilmərik. Şübhəsiz, bu hədislər “təvatür”[103] həddindədir, onların sənədinə heç bir irad yoxdur.

Qeydlərimizi Şafeinin (şafei məzhəbinin banisi) bu barədəki mədhi ilə sona çatdırırıq:

Və ləmma rəəytun-nasə qəd zəhəbət bihim,

Məzahibuhum fi əbhuril-ğəyyi vəl-cəhli.

Rəkibtu əla ismillahi fi sufunin-nəcati,

Və-hum alu-bəytil-Mustəfa xatəmir-rəsuli.

Və əmsəktu həbləllahi və huvə vilauhum,

Kəma qəd umirna bit-təməssuki fil-həbli...

“Camaatın məzhəb və təriqətlərilə azğınlıq və nadanlıq dəryasında batdığını görüb, Allahın adı ilə “nicat gəmisi”nə sığındım. O gəmi sonuncu Peyğəmbərin Əhli-beytidir. İlahinin (uzatdığı) vilayət ipindən yapışmışam. Necə ki Allahın ipindən (Qur’ani-kərimdən) yapışmağa əmr olunub. Nə yaxşı olar ki, hamı hər işdə onlara sığınıb, haqqı onlarda arasın!”[104]

Ötən rəvayətlərin çoxunda “Kövsər” hovuzunun adının çəkilməsindən belə mə’lum olur ki, bu hovuz behişt qapılarının arxasında və behiştin girişində yerləşir. Mö’minlər, əməlisalehlər və pərhizkarlar Peyğəmbəri-əkrəm (s) və Əhli-beytlə (ə) orada görüşəcəklər.

2-“SƏFİNƏ” (GƏMİ) HƏDİSİ

Əhli-beyt (ə) və mə’sum imamlar barəsində buyurulan, həm şiə, həm də sünnilərin mö’təbər kitablarında geniş nəql olunan məşhur hədislərdən biri də “səfinə” hədisidir. Biz burada bu hədisin mətni, sənədi və mənbələrini qısa şəkildə bəyan edəcəyik.

Deməliyik ki, bu hədisi Peyğəmbəri-əkrəmin (s) ən azı səkkiz səhabəsi nəql etmişdir. (Əbuzər, Əbu Səid Xudri, İbn Abbas, Ənəs, Abdullah ibn Zübeyr, Amir ibn Vasilə, Sələmə ibn Əkvə və imam Əli (ə))

“Səfinə” hədisi əhli-sünnənin onlarla məşhur kitabında nəql olunmuşdur. Onlardan bə’zilərini nəzərdən keçiririk. Əlavə mə’lumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 9-cu, “Xülasətul-əbəqat” kitabının 4-cü cildinə və digər kitablara müraciət edə bilərlər.

1. Bir dəfə Əbuzər əli ilə Kə’bə evinin qapısının halqasından tutub deyirmiş: “Məni tanıyanlar (mənim kim olduğumu yaxşı) bilir, tanımayanlar da bilsinlər ki, mən Əbuzər Qifariyəm! Allahın Rəsulundan (s) belə eşitmişəm:

مَثَلُ اَهْلِبَيْتِى فِيكُمْ كَمَثَلِ سَفِينَةِ نُوحٍ فِى قَوْم نُوحٍ مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:

“Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.” (Başqa bir rəvayətdə isə “qərq olar” ifadəsi qeyd olunmuşdur.)[105]

Burada Əhli-beyt (ə) həyatın tufanlı dəryasında nicat gəmisinə bənzədilmişdir.

2. İbn Abbas, eləcə də Sələmə ibn Əkvə (İbn Məğazili adı ilə tanınan Əbül-Həsən Əli ibn Məhəmməd Şafeinin “Mənaqib” kitabındakı nəqlinə əsasən) Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql etmişlər:

مَثَلُ اَهْلِبَيْتِى فِيكُمْ َمَثلُ سَفِينَةِ نُوحٍ، مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَكَ:

“Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.”

Hədisin bu deyilişi İbn Abbasdan nəql olunmuşdur. Sələmə ibn Əkvədən nəql olunan hədis isə belədir:

مَثَلُ اَهْلِبَيْتِى َمَثَلُ سَفِينَةِ نوحٍ مَنْ رَكِبَها نَجى:

“Əhli-beytim Nuhun gəmisinə bənzəyir; ona minən şəxs nicat tapar!”

“Limaza-əxtərtu məzhəbə Əhlil-beyt?” (“Nə üçün Əhli-beyt məzhəbini seçdim?”) kitabının müəllifi Şeyx Məhəmməd ibn İntaki “səfinə” hədisinin şərhində yazır: “Bütün İslam alimlərinin yekdil fikrinə əsasən, bu hədis “təvatür” həddinə yaxın “səhih” və “müstəfiz”[106] hədislərdəndir. Təxminən yüz nəfər hafiz və hədis əzbərçisi, tarixçi və “sirə”[107] yazan şəxs öz kitablarında onu nəql və qəbul etmişlər.” Sonra əlavə edir: “Bu hədisi qeyri-müsəlmanlar belə islami bir hədis kimi nəql etmişlər.”[108]

Bu hədis “Əbəqatul-ənvar” kitabında əhli-sünnənin doxsan iki məşhur aliminin doxsan iki kitabından bütün təfərrüatı ilə nəql olunur. “Əbəqatul-ənvar” kitabının xülasəsinin müəllifi isə onun haşiyəsində bu hədisi səkkiz nəfər səhabə, səkkiz nəfər tabein, üç nəfər 2-ci əsr, səkkiz nəfər 3-cü əsr, on dörd nəfər 4-cü əsr alimlərindən və bu minvalla hər əsrin öz alimlərinin adları ilə birgə qeyd etmişdir.[109]

***

“SƏFİNƏ” HƏDİSİ NƏ DEMƏK İSTƏYİR?

Bu hədisi dərk etmək üçün Nuh peyğəmbərin macərasına qısa bir nəzər salırıq. Allah-taala Qur’ani-kərimdə buyurur:

فَفَتَحْنَا أَبْوَابَ السَّمَاء بِمَاء مُّنْهَمِرٍ وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاء عَلَى أَمْرٍ قَدْ قُدِرَ



Geri   İrəli
Go to TOP