A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Bu bəhsin sonunda isə belə yazırlar: “Alimlərin arasında yalnız İbn Xəldun, Mehdi haqqında olan hədislərə irad tutmaq istəmişdir. Amma din böyükləri və İslam alimləri onun sözünü rədd etmiş, hətta İbn Əbdül-Mö’min kimiləri bu mövzuda ayrıca kitablar yazmışlar. Bir sözlə, hədis hafizləri və din alimləri açıq-aşkar qeyd etmişlər ki, Mehdi (ə) haqqında nəql olunan hədislər “səhih” (doğru) və “həsən”dir, ümumilikdə “təvatür” həddinə çatmışdır.”

Nəhayət, onlar belə nəticəyə gəlirlər: “Mehdinin (ə) zühuruna inam hər bir müsəlmana vacibdir. Bu əhli-sünnənin e’tiqadi əsaslarından biridir. Nadanları və bid’ətçiləri istisna olmaqla, heç kim bunu inkar etmir.”[627]

Qeyd etmək lazımdır ki, təhqiqatçıların əqidəsinə görə, imam Mehdiyə (ə) yalnız müsəlmanlar deyil, həm də digər dinlərin ardıcılları inanır və böyük dünyəvi islahatların intizarını çəkirlər. Bu onların da mənbələrində qeyd olunmuşdur. (Bu barədə mə’lumat əldə etmək istəyənlər imam Mehdinin (ə) zühuru ilə bağlı yazılmış kitablara müraciət edə bilərlər.[628])

İndi isə imam Mehdinin (ə) zühuru ilə əlaqədar ayələri qeyd edirik:

1-YER ÜZÜNDƏ SALEHLƏRİN HÖKUMƏTİ

“Ənbiya” surəsinin 105-106-cı ayələrində buyurulur:

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ

“Həqiqətən, Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq. Həqiqətən, bu sözdə ibadət edən bir qövm üçün moizə, öyüd-nəsihət var!”

Saleh bəndələrin (axirət) mükafatlarını ardıcıl sadalayan ayələrdə əslində, dünyəvi mükafatdan söz açılır. Bu elə bir mükafatdır ki, səadətin tə’mini, ilahi hökmlərin icrası, bəşəriyyətin qurtuluş və islahı üçün zəmindir. Ayədə “ərz” (yer) sözü mütləq şəkildə bütün dünyaya və yer kürəsinə aid edilir, saleh bəndələrə cahanşümul hökumətin bərpası haqda müjdə verilir. Bu mövzu keçmiş zamanlarda gerçəkləşmədiyindən onun gələcəkdə həyata keçəcəyi gözlənilməlidir. Bu da yalnız həzrət Mehdinin (ə) cahanşümul hökuməti ola bilər.

Diqqət yetirmək lazımdır ki, “Biz bu və’di keçmiş peyğəmbərlərin kitablarında yazmışıq” ifadəsinə görə, bu yeni bir və’d deyil. Hər zaman və hər dində bu haqda mə’lumat verilmişdir. Ayədə qeyd olunan “Zəbur”da məqsəd çox ehtimal ki, Davud peyğəmbərin dua, minacat, raz-niyaz, moizə və öyüd-nəsihətlərdən ibarət “Zəbur” kitabıdır. Bu kitab “Əhdi-qədim”də (Tövratda) “Davudun məzamiri” adı ilə yad edilir. Maraqlıdır ki, zaman ötdükcə, “Əhdi-qədim” təhrifə mə’ruz qalsa da, “Davudun məzamiri”ndə bu böyük müjdəni müşahidə edirik. Bu kitabın 37-ci bölümünün (məzmurunun) 9-cu cümləsində belə deyilir: “...Çünki şər insanlara son qoyacaq, Allaha güvənənlər isə yer üzünün sahibləri, varisləri olacaqlar!” 11-ci cümlədə də belə yazılır: “Təvazökarlar yer üzünün varisləri olacaq, sağlamlıqdan ləzzət alacaqlar!” 27-ci cümlədə qeyd olunmuşdur: “Allaha yaxın olanlar yer üzünün varisləri olacaqlar. Onun lə’nət etdiyi şəxslərə isə son qoyulacaq!” 29-cu cümlə isə belədir: “Sadiqlər (sözündə və əməlində doğru olanlar) yer üzünə sahib və orada əbədi sakin olacaqlar!”

Aydındır ki, buradakı “sadiqlər”, “Allaha təvəkkül edib güvənənlər”, “Allaha yaxın olanlar” və “təvazökarlar” kimi ifadələr Qur’ani-kərimdə qeyd olunan “saleh bəndələr”lə eynidir. Bəhs etdiyimiz ayədə qeyd olunan “Zikr”də məqsəd isə bir çox təfsirçilərin əqidəsinə görə Tövratdır. Necə ki, “Ənbiya” surəsinin 48-ci ayəsində buyurulur:

وَلَقَدْ آتَيْنَا مُوسَى وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاء وَذِكْرًا لِّلْمُتَّقِينَ

“Biz Musa və Haruna haqqı batildən ayıran, nur və pərhizkarlardan ötrü öyüd-nəsihət olan Tövratı vermişdik.”

Beləliklə, imam Mehdinin (ə) zühur müjdəsi Tövratın digər fəsillərində, o cümlədən, Əş’iya peyğəmbərin kitabında da verilmişdir. Necə ki, bu kitabın 11-ci fəslində belə yazılır: “Həqiqətən, zalımlar üzərində ədalət hökm sürəcək və bu da yer üzünün yoxsulları üçün aydınlıq olacaqdır. Hər yerdə ədalət bərqərar olacaq, əhdə vəfa ediləcəkdir. Qurd qoyunun yanında yatacaq... Çünki yer üzü dənizlər su ilə dolduğu kimi, Allahın elmi ilə dolacaqdır!”

Tövratın özündə də buna oxşar bə’zi ifadələr var. Məsələn, 13-cü fəslin 15-ci cümləsində belə deyilir: “Yer üzünü İbrahimin övladlarından birinə verəcəyik...” 18-ci fəslin 20-ci cümləsi belədir: “Mən ona (İsmayıla) bərəkət verdim, onun övladlarını çoxaldacağam, nəhayət, on iki sərvər gətirəcək və onun ümməti böyük olacaqdır!” “On iki sərvər gətirəcək” ifadəsi göstərir ki, on iki imam və rəhbərin hamısı onun övladlarıdır. 18-ci fəslin 18-ci cümləsində deyilir: “Dünyanın bütün qövmləri onun ətrafına toplaşacaq!”

***

İmam Mehdinin (ə) qiyamı ilə əlaqədar bu ayədəki açıq-aydın ifadələrdən əlavə, rəvayətlərdə də bu haqda geniş söz açılmışdır. Mərhum Təbərsi “Məcməül-bəyan” kitabında bu ayənin təfsirində imam Baqirdən (s) belə bir hədis nəql edir: “Onlar (yer üzünə sahib olan saleh bəndələr) axirəz-zamanda Mehdinin dostlarıdır.”

“Təfsiri-Qummi”də qeyd olunan bir hədisdə deyilir: “Bu ayədə məqsəd Mehdi (ə) və onun səhabələridir!”

Ola bilər ki, Allahın saleh bəndələri yer üzünün hakimiyyətinin bir hissəsini öz ixtiyarlarına alsınlar. Necə ki Peyğəmbər dövründə və digər əsrlərdə belə hadisələr baş vermişdir. Lakin saleh bəndələrin bütün yer üzündəki hökuməti, yalnız həzrət Mehdinin (ə) zühuru zamanı olacaqdır. Bu haqda həm şiə, həm də əhli-sünnə vasitəsilə nəql olunan çoxlu “mütəvatir” hədis vardır. Şeyx Mənsur Əli Nasif əhli-sünnənin məşhur “beş üsul”undan sayılan “Əttacul-cami lil-üsul” kitabında yazır: “Bütün keçmiş və müasir alimlər arasında məşhur nəzər budur ki, axirəz-zamanda Əhli-beytdən bir nəfər zühur edəcək. O, bütün İslam ölkələrinə hakim olacaq və bütün müsəlmanlar ona itaət edəcək. Həmin şəxs haqq-ədalətlə hökm sürəcək və dini qüdrətləndirəcəkdir!”

Sonra yazır: “Mehdi haqqında deyilən hədisləri Peyğəmbərin (s) bir qrup yaxın səhabələri nəql etmiş, eləcə də Əbu Davud, Termizi, İbn Macə, Təbərani, Əbu Yə’la, Bəzzaz, Əhməd ibn Hənbəl və Hakim kimi böyük hədis alimləri öz əsərlərində qeydə almışdır.”[629]

Hətta bu hədislərə şübhə ilə yanaşan İbn Xəldun, onların bütün İslam alimləri arasındakı şöhrətini inkar edə bilməmişdir.[630]

Bu hədislərin “təvatür” həddində olduğunu nəql edən məşhur Misir alimi Məhəmməd Şəblənci “Nurul-əbsar” kitabında yazır: “Peyğəmbəri-əkrəmdən (s) bizə gəlib çatan “mütəvatir” hədislərə əsasən, Mehdi onun sülaləsindəndir və yer üzünü haqq-ədalətlə dolduracaqdır.”

Bu ifadə bir çox kitablarda da vardır. Hətta məşhur əhli-sünnə alimi Şövkani imam Mehdinin (ə) zühuru, Dəccalın qiyamı və həzrət İsa-Məsihin (ə) gəlişi ilə əlaqədar yazdığı kitabda bu hədislərin “təvatür” həddində olduğunu izah etdikdən sonra yazır: “Deyilən mətləblər zərrə qədər imanı, arpa dənəsi qədər insafı olan kəslər üçün kifayətdir!”[631]

Biz isə məşhur İslam mənbələrində nəql olunan bu hədislərin bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. Əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl “Müsnəd” kitabında Əbu Səid Xudridən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql etmişdir:

لا تَقُومُ السّاعَةَ حَتّى تَمْتَلَاُ الْاَرْضَ ظُلْماً وَعُدْواناً، قالَ ثُمَّ يَخْرُجُ رَجُلٌ مِنْ عِتْرَتِى اَوْ مِنْ اَهْلِ بَيْتِى يَمْلَاُها قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ عُدْواناً:

“Yer üzü zülm və haqsızlıqla dolmayınca, qiyamət bərpa olmayacaq; bu zaman mənim itrətimdən (Əhli-beytimdən) bir kişi qiyam edəcək, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.”[632]

2. Bu hədisi Hafiz Əbu Davud Səcistani də “Sünən” kitabında azacıq fərqlə nəql etmişdir.[633]

3. Məşhur hədis alimi Termizi (Şeyx Mənsur Əli Nasifinin yazdığına görə) səhih sənədlə Abdullahdan Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql etmişdir:

لَوْ لَمْ يَبْقَ مِنَ الدُّنْيا اِلاّ يَوْمٌ لَطَوَّلَ اللهُ الْيَوْمََ حَتّى يَبْعَثَ رَجُلاً مِنِّى اَوْ مِنْ اَهْلِ بَيْتِى يَواطِئُ اِسْمُهُ اِسْمِى وَاِسْمُ اَبِيهِ اِسْمَ اَبِى يَمْلَاُ الاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراًً:

Əgər dünyanın qurtarmasına bir gündən artıq qalmasa belə, Allah-taala həmin günü məndən, yaxud mənim Əhli-beytimdən[634] olan bir kişinin zühur edəcəyi vaxta qədər uzadacaq. Onun adı mənim adım, atasının adı mənim atamın adı ilə eynidir.[635] O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır!”[636]

Hakim Həskani “Əl-müstədrək” kitabında bu hədisi azacıq fərqlə nəql etdikdən sonra yazır: “Bu hədis səhih və doğrudur, hərçənd, Buxari və Müslim onu nəql etməmişlər!” [637]

4. Əbu Davud “Sünən” kitabında bunu Ümmü Sələmədən belə nəql edir: “Mən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu eşitdim:

اَلْمَهْدِىُّ مِنْ عِتْرَتِى مِنْ وُلْدِ فاطِمَةَ

“Mehdi mənim sülaləmdən və Fatimənin övladlarındandır!”[638]

5. Hakim Nişapuri “Əl-müstədrək” kitabında Əbu Səid Xudridən daha ətraflı bir hədisdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu yazır:

يَنْزِلُ بِاُمَّتِى فِى آخِرِالزَّمانِ بَلاءٌ شَديدٌ مِنْ سُلْطانِهِمْ، لَمْ يُسْمَعْ بَلاءٌ اَشَدٌّ مِنْهُ، حَتّى تَضِيقَ عَنْهُمُ الاَرْضُ الرَّحْبَةُ، وَحَتّى يَمْلَاُ الْاَرْضَ جَوْراً وَظُلْماً، لايَجدُ الْمُؤمِنُ مَلْجَاً يَلْتَجِاُ اِلَيْهِ مِنَ الظُّلمِ فَيَبْعَثُ اللهُ عَزَّوَجَلَّ رَجُلاً مِنْ عِتْرَتِى، فَيَمْلَاُ الْاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراً، يَرْضى عَنْهُ ساكِنُ السَّماءِ وَ ساكِنُ الْاَرْضِ، لا تَدَّخِرُ الْاَرْضُ مِنْ بَذرِها شَيْئاً اِلاّ اَخْرَجَتْهُ، وَلاَ السَّماءُ مِنْ قَطْرِها شَيْئاً اِلاّ صَبَّهُ اللهُ عَلَيْهِمْ مِدراراً:

“Axirəz-zamanda mənim ümmətim hökmranlar tərəfindən ağır bəlalara mə’ruz qalacaq. Belə ki, ondan ağır və şiddətlisi eşidilməmişdir! Hətta yer üzü bu qədər genişliyi ilə belə, onlara dar olacaq, zülm və haqsızlıq hər yeri tutacaq. Mö’min bir kəs zülmdən pənah aparmağa yer üzündə bir yer tapmayacaqdır. Bu zaman Allah-taala mənim sülaləmdən olan bir nəfəri göndərəcək ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun. Göy və yerin sakinləri ondan razı olarlar, yer üzü özünün bütün toxumlarını cücərdər, səma bütün yağışını onun üzərinə tökər (və hər yeri xeyir- bərəkət bürüyər)!”[639]

Hakim Nişapuri bu hədisi qeyd etdikdən sonra yazır: “Bu hədis səhih və doğrudur, hərçənd, Buxari və Müslim onu nəql etməmişlər.”

Müxtəlif ravilər tərəfindən nəql olunan bu hədislərin məşhur mənbələrdə qeyd olunması göstərir ki, axirəz-zamanda imam Mehdinin (ə) dünyaya hakim olacağı, yer üzünü haqq-ədalətlə dolduracağı və “həqiqətən, yer üzünə saleh bəndələr sahib olacaqlar” ayəsi qaçılmaz həqiqətdir.

2-“NUR” AYƏSİ

“Nur” surənin 55-ci ayəsində buyurulur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ

“Allah aranızda iman gətirib saleh iş görənləri, yalnız Mənə ibadət edən və heç nəyi Mənə şərik qoşmayanları onlardan əvvəlkilər kimi yer üzünə varis edəcəyini, mö’minlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini və’d etmişdir. Bundan sonra hər kəs kafir olsa, şübhəsiz ki, əsl fasiqlərdir!”

Bu ayədə açıq-aydın saleh və yaxşı işlər görən mö’minlərə müjdə verilir ki, onlar yer üzünün rəhbərliyini əldə edəcək, İslam dini hər tərəfə yayılacaq, qorxu əmin-amanlıq, təhlükəsizliklə əvəz olunacaq, şirkə, fitnə-fəsada son qoyulacaq, Allahın bəndələri azadlıqla yeganə Allaha ibadət edəcək və bütün insanlara höccət tamamlanacaqdır. Belə ki, əgər hər kəs bundan sonra küfr etsə, Allahın itaətindən çıxmış əsl fasiq adlanacaqdır.

Bu mühüm hadisə və ilahi və’dlər həm Peyğəmbəri-əkrəmin (s), həm də ondan sonrakı dövrlərdə nisbətən geniş miqyasda dünya müsəlmanları üçün gerçəkləşdi. Lakin sonralar düşmənlərin caynaqları altına keçən İslam və müsəlmanları qorxu və dəhşət bürüdü. Bu dəhşət təkcə ərəb ölkələrini deyil, dünyanın əksər məntəqələrini əhatə etdi və düşmənlər bütün cəbhələrdə kəskin mövqe tutdular. Hələ ki, bütün dünyada şirk və bütpərəstliyi tövhidlə, zülm və haqsızlığı təhlükəsizlik, əmin-amanlıqla əvəz edəcək cahanşümul İslam hökuməti gerçəkləşməmişdir və mütləq onun intizarını çəkmək lazımdır. Bu böyük hadisə “mütəvatir” rəvayətlərə görə, imam Mehdinin (ə) zühuru və inqilabı ilə həyata keçəcəkdir. Lakin bu ayə nisbi olaraq İslam peyğəmbərinin və ona yaxın olan dövrlərə də şamil olur. Bu isə geniş miqyasda imam Mehdinin (ə) zühurundan sonra baş verəcəkdir. Burada əsla ziddiyyət yoxdur və bunlar ilahi və’dlərin müxtəlif zamanlardakı təzahürləridir.

Ayədə qeyd olunan “Onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini və’d etmişdir” ifadəsində məqsəd budur ki, keçmiş ümmətlərdə (nisbi) baş verdiyi kimi, mö’minlər və saleh bəndələr yer üzündən birdəfəlik zülm və küfrü qaldırıb yerində haqq hökuməti bərpa edəcəklər. Bunu biz “Yunus” surəsinin 14-cü ayəsində də görürük: “Onların ardınca sizi yer üzünün varisləri tə’yin etdik ki, görək özünüzü necə aparacaqsınız!”

Buna “Ə’raf” surəsinin 69 və 74-cü ayələrində də işarə edilmişdir. Beləliklə, bu ayənin ilk dörd xəlifənin xilafəti zamanına aid olduğunu və ilahi və’din onların dövründə gerçəkləşdiyini deyən Fəxri-Razi kimiləri yanılır! Çünki qeyd etdiyimiz ayə hətta Peyğəmbərin (s) dövrünə aid olmayıb, “Yunus” surəsinin 14-cü və “Əraf” surəsinin 69-75-ci ayələrində işarə edildiyi kimi, keçmiş qövmlər haqda deyilmişdir. Həmçinin “Ə’raf” surəsinin 137-ci ayəsində də buna toxunulmuşdur: “Zəif görünən o tayfanı (İsrail övladlarını) yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis etdik. Səbir etdiklərinə görə, Rəbbinin İsrail övladlarına verdiyi gözəl və’dlər tam yerinə yetdi.”

Mə’lum olduğu kimi, Allah İsrail övladlarını Fir’onun varisi etdi, onlar Misir və onun ətraf nahiyələrinə, eləcə də orada mövcud bütün sərvətə sahib oldular.

Ümumiyyətlə, bəhs etdiyimiz ayədə saleh bəndələrə, mö’minlərə yer üzünün rəhbərliyi müjdə verilir. Hərçənd, o zaman bu rəhbərlik və hökumət cahanşümul deyildi, bütün dünyanı əhatə etmirdi. Lakin bu özü də ilahi və’din gerçək bir nümunəsi idi. Onların yer üzündəki cahanşümul hökuməti tə’sis olunan zaman Allahın təqdir və istəyi, imam Mehdinin (ə) inqilabı ilə öz əksini tapacaq. Peyğəmbərin (s) və sair mə’sumların rəvayətlərinə əsasən, o, dünya boyu zülm və haqsızlıqdan sonra, haqq-ədaləti bərpa edəcək. Biz də Qur’ani-kərimin və’d etdiyi bu hökumətin intizarını çəkirik!

Ayənin təfsiri ilə bağlı müxtəlif mənbələrdə nəql olunan rəvayətlərdə bu həqiqət aşkar qeyd edilir. Məsələn, məşhur təfsir alimi Qurtubi “Əl-camiu li-əhkamil-Qur’an” kitabında Səlim ibn Amirin və Miqdad ibn Əsvədin Peyğəmbəri-əkrəmdən (s) belə eşitdiyini nəql edir: “Yer üzündə daşdan, yaxud palçıqdan (tikilmiş) elə bir ev qalmayacaq ki, Allah-taala İslamı o evə daxil etməsin!”[640]

“Ruhul-məani” kitabında imam Əli ibn Hüseynin (ə) (bu ayənin təfsiri ilə bağlı) belə buyurduğu nəql olunmuşdur:

هُمْ وَاللهِ شِيعَتُنا اَهْلَ الْبَيْتِ يُفْعَلُ ذالِكَ بِهِمْ عَلَى يَدِ رَجُلٍ مِنّا وَهُوَ مَهْدِىٌّ هذِهِ الاُمَّةِ وَهُوَ الَّذى قالَ رَسُولُ اللهِ (ص) فِيهِ لَوْ لَمْ يَبْقَ مِنَ الدُّنْيا اِلاّ يَوْمٌ لَطَوَّلَ اللهُ تَعالى ذالِكَ الْيَوْمََ حَتّى يَلِىَ رَجُلٌ مِنْ عِتْرَتِى اِسْمُهُ اِسْمِى يَمْلَاُ الاَرْضَ عَدْلاً ًوَ قِسْطاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراًً:

“Allaha and olsun! Onlar bizim şiələrimizdir. Allah-taala bunu bizdən olan bir şəxsin vasitəsilə həyata keçirəcək. O, bu ümmətin Mehdisidir. Allahın Peyğəmbəri (s) onun haqqında belə buyurmuşdur: “Əgər dünyanın qurtarmasına bir gün qalmış olsa belə, Allah-taala həmin günü Əhli-beytimdən olan, adı mənim adımla eyni olan bir şəxsi yer üzünə hakim edəcəyi vaxta qədər uzadar. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldurar.”

Bu hədisə azacıq fərqlə şiə mənbələrində də təsadüf etmək olar.

Alusi “Ruhul-məani” kitabında bu hədisi müvafiq nəzərlə araşdırmasına baxmayaraq, təfsirində yazır: “Bizim sənədlərimizlə nəql olunan bir sıra rəvayətlər bunu təsdiq etsə də, biz onlara istinad etmirik. Məsələn, Ətiyyə Peyğəmbəri-əkrəmdən (s) nəql edir ki, o həzrət bu ayəni tilavət etdikdən sonra belə buyurdu: “Bu ayədə məqsəd Əhli-beytdir!”[641]

Qurtubi başqa bir hədisdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir: “Yer mənim üçün yığıldı, şərq və qərbin hər tərəfini gördüm. Tezliklə yer üzündə mənim ümmətimin hökuməti bərpa olacaq!”[642]

Qeyd etdiyimiz rəvayətlərə əsasən, bə’zilərinin bu ayənin təfsiri ilə əlaqədar iradları mə’nasızdır.

İzah:

Dediyimiz kimi, ilahi və’din xaricdə təzahürləri vardır. Bu və’d Peyğəmbəri-əkrəmin (s) dövrünün saleh bəndələri və mö’minlərinə də şamil olur. Belə ki, Məkkə fəth edildikdən və İslam bütün Ərəbistan yarımadasına yayıldıqdan sonra müsəlmanlar nisbi təhlükəsizlik əldə etdilər və çox böyük bir məntəqəyə hakim oldular. Bu da həmin ayənin nazil olması ilə əlaqəlidir.

Bu ayənin nazilolma səbəbini açıqlayan bir çox təfsir kitablarında, o cümlədən, “Əsbabun-nüzul”, “Məcməül-bəyan”, “Fi zilal” və “Qurtubi” kimi təfsir kitablarında (azacıq fərqlə) nəql olunan rəvayətlərdə deyilir ki, Peyğəmbəri-əkrəm (s) və müsəlmanlar Mədinəyə hicrət etdikdən və “ənsar” onları gülərüzlə qarşıladıqdan sonra bütün ərəblər onların əleyhinə qalxdılar. Hətta müsəlmanlar məcburiyyət qarşısında qalıb, özlərilə həmişə silah gəzdirir, gecəni silahla yatır, sübh silahla dururdular. Bə’ziləri soruşurdular ki, bu vəziyyət nə vaxta qədər davam edəcək? Elə bir vaxt gələcəkmi ki, gecəni rahat yataq, Allahdan başqa heç kəsdən qorxmayaq?! Bu zaman həmin ayə nazil oldu və onları belə bir xəbərlə müjdələdi.

Daha böyük mərhələ xəlifələrin dövründə həyata keçdi, dünyanın böyük bir hissəsi İslamı qəbul etdi və müsəlmanların əmin-amanlığı, təhlükəsizliyi bir az da artdı.

Lakin üçüncü və sonuncu mərhələ İslamın cahanşümul hökuməti, bütün dünyaya hakim olması, təhlükəsizliyin tam tə’mini və tövhid ordusunun şirk və küfr üzərində qəti qələbəsi ilə başa çatacaq. Bu da yalnız imam Mehdinin (ə) zühuru zamanıdır. Qeyd etdiyimiz bu üç mərhələ bir hədəfə doğru yönəlmişdir və bir-birinə əsla zidd deyil. Yeri gəlmişkən, bu ilahi və’d yalnız mö’minlərə və saleh əməl sahiblərinə məxsusdur. Şübhəsiz, nə vaxt bu şərt (iman və saleh əməl) ödənərsə, ilahi və’d də gerçəkləşəcəkdir. Amma bu şərt ödənənədək müsəlmanlar məğlubiyyətə mə’ruz qalası, düşmənlərin caynaqları altına düşəsidir. Deməli, hazırda ilahi və’di doğruldan həmin iki şərt unudulmuş, müsəlmanların imanı zəifləmiş, saleh əməllər çirkinliklərlə qarışmışdır!

***

2-HAQQIN ZÜHURU

“Tövbə” surəsinin 33-cü ayəsində buyurulur:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

“Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”

Diqqət yetirmək lazımdır ki, bu ayə “Onlar Allahın nurunu batil sözləri ilə söndürmək istəyirlər; Allah isə kafirlərin xoşuna gəlməsə də, yalnız Öz nurunu tamamlamaq istəyir” ayəsindən sonra gəlir. Ötən ayələrdəki kimi, bu ayələrdə də Allah-taala İslamın digər dinlərə qalib gələcəyini və’d etmişdir. İslamın bütün dinlərə qalib gəlməsi necə başa düşülməlidir? Bu barədə təfsirçilərin çoxlu ehtimalları var.

Fəxri-Razi burada beş cür təfsir qeyd edir və qələbənin keyfiyyəti ilə bağlı suallara cavab verir:

1. Məqsəd nisbi qələbədir; çünki İslamın tutduğu hər bir yerdə bu din hakimdir.

2. Məqsəd Ərəbistan yarımadasındakı dinlər üzərində üstünlükdür.

3. Məqsəd Peyğəmbəri-əkrəmi (s) bütün ilahi dinlərdən agah etməkdir (ayədəki “li-yuzhirəhu” ifadəsi tam agahlıq kimi mə’na edilmişdir).

4. Məqsəd məntiqli qələbədir, yə’ni İslamın mahiyyəti digər dinlərlə müqayisədə bitkin və idealdır.

5. Məqsəd İslamın həzrət İsanın (ə) zühuru və imam Mehdinin (ə) inqilabı ilə bütün din və ayinlər üzərində son qələbəsidir.

Şübhəsiz, burada İslamın mahiyyətcə qələbəsi təfsiri düzgün deyil. Çünki İslamın mahiyyətcə digər dinlərin fövqündə durması elə İslamın zühuru ilə aşkar oldu.

Bundan əlavə, ayədə qeyd olunan “li-yuzhirəhu” sözünün kökü olan “zühur” və “izhar” sözləri Qur’ani-kərimin digər ayələrindəki kimi, xarici və həqiqi qələbəni ifadə edir. Necə ki, “Əshabi-Kəhf”in əhvalatında buyurulur: “Əgər onlar sizə qələbə çalsa, sizi daş-qalaq edəcəklər!”[643]

“Tövbə” surəsinin 8-ci ayəsində buyurulur:

كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لاَ يَرْقُبُواْ فِيكُمْ إِلاًّ وَلاَ ذِمَّةً

“Necə onların əhd-peymanının bir dəyəri olsun? Əgər onlar sizə qalib gəlsələr, nə sizinlə qohumluğu gözləyər, nə də bir əhdə əməl edərlər?!”

Aydındır ki, Məkkənin bütpərəstləri və müşrikləri allahpərəstlərin məntiqinə qalib gələ bilmədilər. Burada məqsəd, yalnız döyüşdə qələbədir. Buna əsasən, İslamın bütün dinlər üzərində qələbəsi məntiqi və zehni aləmdəki qələbə yox, xarici aləmdəki qələbədir. Öncə qeyd etdiyimiz kimi, bu qələbənin müxtəlif mərhələləri var: birinci mərhələ İslam peyğəmbərinin (s) dövründə və daha geniş bir mərhələsi sonrakı əsrlərdə baş vermişdir. Son mərhələ isə imam Mehdinin (ə) zühuru və inqilabı ilə hasil olacaqdır. Çünki bu ayədə İslam dininin qeyd-şərtsiz bütün dinlərə qalib gələcəyindən söz açılır. Mütləq və qeyd-şərtsiz qələbə yalnız bütün yer üzünü əhatə etdiyi bir vaxt gerçəkləşə bilər. Necə ki, Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə buyurulur:

لا يَبْقى عَلى ظَهْرِ الْاَرْضِ بَيْتُ مَدَرٍ وَلا وَبَرٍ اِلاّ اَدْخَلَهُ اللهُ كَلِمَةُ الْاِسْلامِ:

“Yer üzündə daşdan və palçıqdan tikilən elə bir ev, yundan və kürkdən hazırlanan elə bir xeymə tapılmayacaq ki, Allah-taala İslamın səsini oraya daxil etməsin!”[644]

Süyuti “Əd-durrul-mənsur” kitabında Səid ibn Mənsur və İbn Münzərdən, eləcə də Beyhəqi “Sünən” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql etmişlər: “Bu hadisə (Peyğəmbərin (s) buyurduğu hədis) o zaman gerçəkləşəcək ki, (yer üzündə) başqa məzhəb və din sahibi olan yəhudi və məsihilər belə kənarda qalmayacaq! (Hamı İslam sayəsində yerləşəcək və hər yerdə İslamdan, tövhiddən və yeganə Allahın əzəmətindən danışılacaq.)”[645] Bəli, o gün bu ilahi və’d həyata keçəcəkdir.

Bu ayənin təfsirində imam Sadiqdən (ə) belə bir hədis nəql olunmuşdur: “Allaha and olsun! Bu ayənin mə’nası (sonuncu mərhələsi) hələ gerçəkləşməmişdir və yalnız Qaimin zühuru zamanı əks olacaqdır. Onun qiyamından sonra dünyanın heç bir məntəqəsində Allaha qarşı küfr edən bir şəxs tapılmayacaq!”[646]



Geri   İrəli
Go to TOP