A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Bu rəvayətin oxşarını Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Peyğəmbərin (s) başqa səhabəsi Əbu Bərzədən nəql etmişdir. O deyir: “Bir nəfər Peyğəmbərdən (s) soruşdu: Ya Rəsuləllah! Əli və Fatimənin də evi o evlərdən sayılırmı? Peyğəmbər (s) buyurdu: “O, evlərin ən fəzilətlisidir!”[600]

Hakim Həskani bu rəvayətdən sonra ötən rəvayəti də iki sənədlə Ənəs ibn Malik və Büreydədən nəql etmişdir.[601]

Diqqəti cəlb edən məsələ budur ki, Əhli-beytin (ə) bütün fəzilətlərinə müdaxilə ilə yanaşan “Ruhul-məani”nin müəllifi bura çatdıqda, birinci rəvayəti Ənəs ibn Malik və Büreydədən nəql edib yazır: “Əgər bu rəvayət səhih və doğru olsa, ayənin təfsirində onu nəzərə almamaq insafsızlıqdır!”[602] (Başqa sözlə, ayənin ən gözəl təfsiri budur ki, vəsf olunan evlər peyğəmbərlərin evləridir və onların ən fəzilətlisi Əli və Fatimənin evidir!)

Əhli-sünnənin digər alimləri də bu rəvayəti nəql etmişlər. Şübhəsiz, bu rəvayətlər Əli (ə), Fatimə (ə.s) və onların övladları Həsən və Hüseynə (ə), eləcə də, imam Hüseynin (ə) nəslindən olan Fatimə (ə.s) övladlarına, yə’ni mə’sum imamlara da şamil olunur. Çünki bütün imamlar həmin sülaləyə mənsubdur və onların davamçıları sayılır. Bəli, onların evi peyğəmbərlərin evləri ilə bərabər, hətta daha fəzilətli olub, həmişə ilahi nurla işıqlanır və şeytanların əlindən uzaqdır. Şübhəsiz, bu evlərin sakinləri də insanların ən üstünü, ən fəzilətlisidir. Onlar fəzilətcə ilahi peyğəmbərlərə bərabərdirlər. Bütün bunlar qeyd etdiyimiz rəvayətlərdən aydın başa düşülürsə, başqalarını onlardan üstün bilmək zülm və cəfa deyilmi?!

***

3-“SİRATİ-MÜSTƏQİM” (DOĞRU YOL) AYƏSİ

Gündəlik namazlarda oxuduğumuz “Həmd” surəsinin 6-cı ayəsində buyurulur:

أِهْدِنَا الصِّرَاطَ المُسْتِقِيمَ

“İlahi! Bizi doğru yola hidayət et!”

Elə bir yola ki, bizi Sənin razılığını qazananlara çatdırsın, qəzəb etdiyin şəxslərin və azğınların yolundan ayırsın! İlahi! Bizi bu yola hidayət et, bu yolda sabitqədəm saxla.

Şübhəsiz, “sirati-müstəqim” (doğru yol) geniş mə’na daşıyır. Bə’zi alimlər onu “İslam”, bə’ziləri “Qur’an”, bə’ziləri “Peyğəmbər (s) və həqiqi imamlar”, bə’ziləri “ilahi ayin”, bə’ziləri də “ilahi peyğəmbərlərin qayda-qanunları” kimi təfsir etmişlər. Bunların hər biri həmin geniş məfhumda özünə yer tapır. Amma müxtəlif sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql olunan bir çox rəvayətlərə görə, burada doğru yolun ən bariz nümunəsinə toxunulmuş, Əli ibn Əbi Talib (ə), yaxud Məhəmməd (s) və ali-Məhəmmədin yolu göstərilmişdir. Hakim Həskaninin “Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən (o da Peyğəmbəri-əkrəmdən (s)) nəql etdiyi hədisdə buyurulur:

اِنَّ اللهَ جَعَلَ عَلِيّاً وَزَوْجَتَهُ وَاَبْنائَهُ حُجَجُ اللهِ عَلى خَلْقِهِ وَهُمْ اَبْوابُ الْعِلْمِ فِى اُمَّتِى، مَنْ اِهْتَدى بِهِمْ هُدِىَ اِلى صِراطٍ مُسْتَقِيمٍ:

“Allah Əlini, onun zövcəsini (Fatimeyi-Zəhranı) və övladlarını məxluqlar üzərində ilahi höccət seçmişdir. Onlar mənim ümmətim içərisində elm qapılarıdır. Hər kəs onlar vasitəsilə hidayət olunsa, doğru yolu tutar!”[603]

Başqa bir hədisdə isə İbn Abbas Peyğəmbəri-əkrəmin (s) Əliyə (ə) belə buyurduğunu nəql edir:

اَنْتَ الطَّرِيقُ الْواضِحُ وَاَنْتَ الصِراطُ الْمُسْتَقِيمُ وَاَنْتَ يَعْسُوبُ الْمُؤمِنِينَ!:

“(Ya Əli!) Sən aydın və doğru yol, mö’minlərin rəhbərisən!”[604]

Üçüncü bir hədisdə İbn Abbas “İhdinəs-siratəl-mustəqim” (İlahi, bizi doğru yola hidayət et) – ayəsinin təfsirində deyir: “Ey Allahın bəndələri! Deyin ki, ilahi, bizə Peyğəmbər və onun Əhli-beytinin məhəbbətini nəsib et!”[605]

Dördüncü bir hədis Əbu Büreydədən nəql olunur və o deyir: “Doğru yoldan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!”[606]

Bu hədisi Əllamə Sə’ləbi (“Təfsir”də)[607] və Şeyx Übeydullah Hənəfi (“Ərcəhül-mətalib”də) Əbu Hüreyrədən nəql etmişdir.[608]

“Şəvahidut-tənzil”də qeyd olunan beşinci hədis Əbdür-Rəhman ibn Zeyddən nəql olunur. Onun atası “Siratəl-ləzinə ən’əmtə ələyhim” (Ne’mət verdiyin şəxslərin yoluna (hidayət et)) – ayəsinin təfsirində deyir: “Onlar (ne’mət verilən kəslər) Peyğəmbər, onunla birgə olan Əli ibn Əbi Talib və onun şiələridir!”[609]

Bu haqda şiə mənbələrində rəvayət çoxdur. Məsələn, imam Sadiq (ə) “Siratəl-ləzinə ən’əmtə ələyhim” – ayəsinin təfsirində buyurmuşdur: “Məqsəd, Məhəmməd (s) və onun övladlarıdır!”[610]

Bütün bunlar göstərir ki, “sirati-müstəqim”in (doğru yolun) xaricdə ən aydın və ən bariz nümunəsi Peyğəmbər (s), Əli (ə) və Fatimeyi-Zəhranın (ə.s) mə’sum övladlarıdır. Deməli, kim onların vilayətinə bağlanıb, onları özünə örnək seçsə, sözsüz, Allahın haqq yoluna düşəcək və azğınlıqdan uzaq olacaqdır.

***

4-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ

“Bəqərə” surəsinin 37-ci ayəsində buyurulur:

فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

“Adəm (tərki-övladan, qadağan olunmuş ağaca yaxınlaşdıqdan sonra) öz Rəbbindən müəyyən kəlmələr öyrəndi, onların vasitəsilə tövbə qıldı və Allah onun tövbəsini qəbul etdi. Allah tövbələri qəbul edən və mərhəmətlidir!”

Allahın Adəmə (ə) tövbə üçün öyrətdiyi “kəlmələr”in nədən ibarət olması ilə bağlı təfsirçilər arasında müxtəlif rə’ylər var. Bə’zi təfsirçilərin əqidəsinə görə, bu kəlmələr “Ə’raf” surəsinin 23-cü ayəsindəkilərdir: “(Adəm və Həvva) dedilər: “İlahi! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyankarlardan olarıq.”

Bə’zilərin nəzərincə, bunlar dualar, raz-niyazlar, o cümlədən, balığın qarnında həbs edilən Yunis peyğəmbərin duasından ibarətdir: “Ey mənim Rəbbim! Həqiqətən, mən özümə zülm etdim, məni bağışla. Çünki Sən bağışlayanların ən yaxşısısan!...”

Lakin Peyğəmbəri-əkrəm (s)-dən, yaxud səhabələrdən nəql olunan müxtəlif rəvayətlərdə bu “kəlmələr”in Allah-taalanın Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseynin (ə) haqqına and verilməsi kimi şərhləri gözə dəyir.

Süyuti Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Mən Peyğəmbəri-əkrəmdən (s) soruşdum: Adəm peyğəmbərin Allahdan öyrəndiyi və onun vasitəsilə tövbə etdiyi “kəlmələr” nə idi? Peyğəmbər (s) buyurdu: “O, Allahı Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseynin haqqına and verərək tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi.”[611]

Yenə orada imam Əlidən (ə) belə nəql olunur: “Mən Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsirini soruşdum, Həzrət buyurdu: “...Allah Adəmə öyrətdi ki, belə desin:

اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَاَغْفِرْلِى اِنَّكَ اَنْتَ الْغَفُورُ الرَّحِيمُ، اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَتُبْ عَلَىَّ اِنَّكَ اَنْتَ التَّوّابُ الرَّحِيمُ فَهؤُلاءِ الْكَلِماتُ الَّتِى تَلَقَّى آدَمُ:

“İlahi! Mən Səni Məhəmməd və ali-Məhəmmədin haqqına and verirəm. Sən pak və münəzzəhsən, Səndən başqa heç bir mə’bud yoxdur. Mən pis iş görüb özümə zülm etdim, məni bağışla. Həqiqətən, Sən bağışlayan və mərhəmətlisən. İlahi! Mən Səni Məhəmməd və ali-Məhəmmədin haqqına and verirəm, Sən pak və münəzzəhsən, Səndən başqa heç bir mə’bud yoxdur. Mən pis iş görüb özümə zülm etdim, mənim tövbəmi qəbul et. Həqiqətən, Sən tövbələri qəbul edən və mərhəmətlisən.” Adəmin Allahdan öyrəndiyi “kəlmələr” bunlardan ibarət idi!”[612]

Bu rəvayətdən açıq-aydın başa düşülür ki, bu üç təfsir arasında ziddiyyət yoxdur. Ola bilər ki, onların hər biri Adəm peyğəmbərə öyrədilmişdir. Adəm də onların həqiqətini, dolğun mə’na və batinini duymaqla onda kamil ruhi dəyişiklik baş vermiş, Allah-taalanın lütf və mərhəmətini qazanmışdır.

İbn Məğazili “Mənaqib” kitabında Səid ibn Cübeyrin İbn Abbasdan belə nəql etdiyini yazır: “Peyğəmbəri-əkrəmdən (s) Adəmin Allah-taaladan öyrəndiyi “kəlmələr” barəsində soruşulduqda, Həzrət buyurdu:

سَئَلَهُ بِحَقِّ مُحَمَّدٍ وَعَلِىٍّ وَ فاطِمَةَ وَالْحَسَنِ وَالْحُسَيْنِ اِلاّ ما تُبْتَ عَلَىَّ فَتابَ عَلَيْهِ:

“O, Allahı Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseynin haqqına and verərək tövbəsinin qəbul olunmasını istədi və Allah da onun tövbəsini qəbul etdi.”[613]

Əllamə Qunduzi “Yənabiul-məvəddət”, Beyhəqi “Dəlailun-nubuvvət”, Bədəxşi “Miftahun-nəcah”, Abdullah Şafei “Mənaqib” kitablarında da bu hədisi nəql etmişlər.[614] Əksər kitablarda bu hədisin sonu İbn Abbasa gedib çıxsa da, onun ravisi təkcə o deyil. Çünki “Əd-durrul-mənsur”da Deyləminin “Müsnədül-firdovs” kitabından nəql edilən bu hədisin sənədi imam Əliyə (ə) yetişir. Əli (ə) buyurur: “Peyğəmbəri-əkrəmdən (s) bu ayə (“kəlmələr”in nəyə işarə olunduğu) haqda soruşdum... Həzrət (s) buyurdu: “Allah-taala Adəmə tövbəsinin qəbul olunması üçün Məhəmməd və ali-Məhəmmədin haqqını and verməyi öyrətdi.”[615]

Bu haqda həm şiə, həm də əhli-sünnə mənbələrində imam Sadiqdən (ə) də müxtəlif sənədli rəvayətlər nəql olunmuşdur.

Əhli-beytin (ə) fəzilətlərini bəyan edən bu hədislərin üstündən gözüyumulu keçmək olmaz. Adəm peyğəmbərin tövbə etməsi və bağışlanması üçün Allah tərəfindən əmr olunur ki, Allahı Məhəmməd (s) və ali-Məhəmmədin (ə) haqqına and versin! Bu məqam Əhli-beytdən (ə) başqa kimsəyə aid olmayan, məhz onlara məxsus çox böyük məqamdır. Belə bir şəraitdə, imamət və xilafət məqamına onlardan başqasını layiq bilmək olarmı?! Bu fəzilətlər göstərir ki, imamət və vilayət Peyğəmbərin (s) sülaləsi və Əhli-beytində qiyamət gününə qədər davam edəcək və bu təəccüblü deyil!

***

5-ƏN YAXŞI ƏMƏL

“Nəml” surəsinin 89-cu ayəsində buyurulur:

مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ

“Hər kəs həsənə ( saleh iş) görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcək. Belələri o günün dəhşətli qorxusundan əmin-amanlıqda olarlar!”

Bu ayədəki “həsənə” (saleh iş) sözü geniş mə’nada bütün yaxşı əməllərə şamil olur. Yaxşı əməl sahibləri Allahın xas mükafatları ilə müjdələnirlər ki, onlardan ən mühümü qiyamət və məhşər gününün dəhşətindən amanda olmaqdır.

Bir çox rəvayətlərdə Peyğəmbərin (s) Əhli-beytinə məhəbbət bəsləmək ayədə qeyd olunan yaxşı əməlin xaricdə ən gözəl və bariz nümunəsi kimi göstərilir. Bu da o deməkdir ki, insanın onlara məhəbbət bəsləməsi qiyamət günü ən gözəl əmin-amanlığa səbəb olacaq.

“Şəvahidut-tənzil” kitabında uyğun ayənin təfsiri ilə bağlı bir neçə rəvayət nəql olunmuşdur. Orada yaxşı əməl Əhli-beytə (ə) məhəbbətlə əlaqələndirilmişdir. Əbu Abdullah Cədəli deyir ki, Əli (ə) mənə buyurdu: “İstəyirsənmi sənə “Hər kəs saleh iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyəcəkdir” ayəsinin təfsirini deyim?” Dedim: “Bəli, sənə qurban olum!” Həzrət buyurdu: “Yaxşı əməl biz Əhli-beytə məhəbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!” Sonra Həzrət bu ayəni tilavət etdi.”[616]

Bu məzmun həmin kitabın 582 və 587-ci hədislərində vardır; bu fərqlə ki, 587-ci hədisdə belə buyurulur:

اَلا اُخْبِرُكَ بالسَّيِّئَةِ الّتِى مَنْ جاءَ بِها اَكَبَّهُ اللهُ عَلى وَجْهِهِ فِى نارِ جَهَنَّمَ، بُغْضُنا اَهْلَ الْبَيْتِ!

“Sənə elə pis əməlin adını deyimmi ki, Allah-taala onu yerinə yetirən hər kəsi üzü üstə cəhənnəmə atacaqdır? O (pis əməl), Əhli-beytə kin-küdurət və ədavət bəsləməkdir.” Sonra Əmirəl-mö’minin Əli (ə) ikinci ayəni (“Nəml” surəsinin 90-cı ayəsini) tilavət etdi:

وَمَن جَاء بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ

“Hər kəs pis iş görsə, cəhənnəm oduna üzü üstə atılar!”[617]

Başqa bir hədisdə Əbu Əmamə Bahili Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:

اِنَّ اللهَ خَلَقَ الاَنْبِياءَ مِنْ شَجَرٍ شَتّى، وَخُلِقْنِى وَعَلِيّاً مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، وَالْحَسَنُ وَالْحُسَيْنُ ثِمارُها، وَ اََشْياعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجا، وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَابِداً عَبَدَاللهَ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ لَمْ يُدْرِكْ مَحَبَّتَنااَكَبَّهُ اللهُ عَلَى مِنْخَرَيْهِ فِى النّارِ:

“Allah-taala peyğəmbərləri müxtəlif ağaclardan (köklərdən), məni və Əlini isə bir ağacdan yaratdı. Mən o ağacın kökü, Əli budağı, Həsən və Hüseyn meyvələri, şiələrimiz isə yarpaqlarıdır. O ağacın budaqlarının birindən yapışan şəxs nicat tapar, onlardan üz döndərən isə süqut edər. Əgər bir abid Allaha min il, daha min il,bir daha min il ibadət etsə, lakin bizə məhəbbət bəsləməsə, Allah-taala onu üzü üstə cəhənnəmin oduna atar!”[618]

Əllamə Qunduzi birinci hədisi imam Əlidən (ə) nəql edərək, onu Həzrətin bu sözü ilə sona yetirir: “Yaxşı əməl bizə məhəbbət, pis əməl isə bizə kin-küdurət və ədavət bəsləməkdir!”[619]

Yenə həmin kitabda İbn Kəsirdən imam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Hər kəs yaxşı iş görsə, onun müqabilində on bərabər mükafat verilər” ayəsi bütün müsəlmanlar üçün, “Hər kəs yaxşı iş görsə, onu bu əməldən də yaxşı bir mükafat gözləyir. Belələri o günün dəhşətli qorxusundan amanda olar” ayəsi isə yalnız vilayəti qəbul etmək və bizə (Peyğəmbərin (s) Əhli-beytinə) məhəbbət bəsləməyin mükafatıdır!”[620]

Bir qrup təfsir və hədis alimi bu ayənin təfsirində Əhli-beytə (ə) məhəbbəti böyük “həsənə” və yaxşı əməl kimi qeyd etməsə də, “Şura” surəsinin “Kim yaxşı iş görsə, onun yaxşılığının savabını artırarıq”[621] ayəsinin təfsirində uyğun məzmunda hədislər nəql etmişdir. Məsələn, Süyuti “Əd-durrul-mənsur” kitabında İbn Əbi Hatəmdən İbn Abbasın bu ayənin təfsirində belə dediyini nəql edir: “Bu ayədəki yaxşı əməldə məqsəd Məhəmmədin (s) Əhli-beytini sevməkdir!”[622]

Alusi “Ruhul-məani” kitabında bu ayənin (“Şura”, 23) təfsirində (“həsənə”də məqsədin Əhli-beytə (ə) və Peyğəmbərin (s) yaxın adamlarına məhəbbət olduğunu bildirən bə’zi təfsir alimlərinin nəzərlərini və bunun İbn Abbas və Südeydən nəql olunduğunu qeyd etdikdən sonra) yazır: “Peyğəmbərin (s) Əhli-beytini sevmək ən böyük həsənə və yaxşı əməldir.[623]

Buna oxşar hədislər başqa kitablarda da nəql olunmuşdur. Biz isə qeyd olunanlarla kifayətlənirik. Bu bəhsi də Əhli-beytin (ə) məhəbbətini qiymətləndirən bir hədislə sona yetiririk. (Əlbəttə, bu hədis bəhs etdiyimiz ayənin təfsirində nəql olunmamışdır.)

Şəblənci “Nurul-əbsar” kitabında Peyğəmbəri-əkrəmdən (s) (öz e’tirafına görə, səhih və doğru olan) belə bir hədis nəql edir:

وَاللهِ لا يَدْخُلُ قَلْبَ رَجُلٍ، اَلْاِيمانَ حَتّى يُحِبَّهُمْ اَهْلَبَيْتِى لِقَرابَتِهِمْ مِنِّى:

“Allaha and olsun! Mənim Əhli-beytimi onların mənimlə yaxınlığına görə sevməyən şəxsin qəlbinə iman daxil olmaz.”[624]

Bunu da qeyd edirik ki, sadə məhəbbət və sevgi qiyamət gününün dəhşətli qorxusundan kiməsə əmin-amanlıq verə bilməz, əsla imanın şərtlərindən sayılmaz. Bu ifadələr açıq-aydın göstərir ki, Əhli-beytin sevgisi, sözsüz, din və nübüvvətin davamı, imanın qorunub-saxlanılmasını tə’min edən imamət və vilayət əsası ilə əlaqədardır.

***

Qeyd etdiyimiz bütün ayə və rəvayətlərdən aydın başa düşülür ki, Peyğəmbərin (s) Əhli-beyti, xüsusilə Əli ibn Əbi Talib, Fatimeyi-Zəhra, Həsən və Hüseyn (ə) yüksək məqama malikdirlər; onları sevmək risalət və peyğəmbərliyə hörmət, onlara salavat göndərmədən qılınan namaz batildir. Onlar “sirati-müstəqim” (doğru yol) və Adəm peyğəmbərin tövbə üçün Allahdan öyrəndiyi müqəddəs adlar və sözlərdir. Bəli, bu böyük fəzilətlərə malik olan, həm şiə, həm də əhli-sünnənin məşhur rəvayətlərində böyük adla yad edilən kəslər başqaları ilə bərabər deyil. Onlara məhəbbət bəsləmək, şübhəsiz, Peyğəmbər (s) tərəfindən əsası qoyulan imamət və vilayətə doğru atılan ilk addımlardır. Onlar “səqəleyn” kimi “mütəvatir” rəvayətlərdə Qur’ani-kərimlə yanaşı durur. Həm onlar, həm də Qur’ani-kərim nicat gəmisi kimi tanıtdırılır. Bu sülalə qiyamət gününə qədər İslam ümməti arasında yaşayacaqdır və müsəlmanların onlara sığınmaları labüddür. Onlar nicat gəmisi, parlaq ulduz, hidayət çıraqları və fəzilət dəryasıdırlar.

Bəli, bizim əqidəmizə görə, Qur’ani-kərimdə Əhli-beytin (ə) fəzilətlərinə dair bir çox işarələr var və bu nöqtələr, Peyğəmbəri-əkrəmin (s) buyuruqları ilə bütün müsəlmanlara e’lan edilmişdir. Müsəlmanlar da Peyğəmbərə (s) itaət etməli, təəssübkeşlikdən əl çəkərək nicat yolunu seçməli, yə’ni həzrətin Əhli-beytinə sarılıb, onların hidayət və rəhbərliyi ilə son məqsədə, səadət və təkamülə çatmalıdırlar. Bu qədər işarə və açıq-aşkar bəyanları, mö’təbər sənədləri görməməzliyə vuranlar, yaxud Qur’anı öz şəxsi rə’yi ilə təfsir edib hər tərəfə yozanlar qiyamət günü cavab verə bilməyəcəklər!

***

HƏDİSLƏRDƏ ƏHLİ-BEYT İMAMLARININ ADLARI

Qeyd etmək lazımdır ki, əhli-sünnə mənbələrində qeyd olunan bə’zi rəvayətlərdə on iki imamın hamısının adı aşağıdakı tərtiblə qeyd olunmuşdur:

İmam Əli ibn Əbi Talib, imam Həsən ibn Əli, imam Hüseyn ibn Əli, imam Əli ibn Hüseyn, imam Məhəmməd ibn Əli-Baqir, imam Cə’fər ibn Məhəmməd-Sadiq, imam Musa ibn Cə’fər-Kazim, imam Əli ibn Musər-Riza, imam Məhəmməd ibn Əli-Təqi, imam Əli ibn Məhəmməd-Nəqi, imam Həsən ibn Əli-Əskəri və imam Məhəmməd ibn Həsən-Mehdi (əleyhimus-səlam)!

Süleyman ibn İbrahim Qunduzi Hənəfi “Yənabiul-məvəddət” kitabında iki hədis nəql etmişdir. Birinci hədis (“Fəraidus-səmteyn” kitabından) İbn Abbasdan belə nəql edilir: “Bir nəfər yəhudi, Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib İslam və onun tə’limləri haqqında müxtəlif suallar soruşdu. O cümlədən, Həzrətin vəsi və xəlifələrindən soruşduqda, Peyğəmbəri-əkrəm (s) birinci vəsisini Əli ibn Əbi Talibin, sonra Həsən və Hüseynin, sonra da doqquz imamın adlarını bir-bir çəkdi. Yəhudi iman gətirib dedi: Mən keçmiş peyğəmbərlərin kitablarında, o cümlədən, Musa peyğəmbərin kitabında oxumuşam ki, sonuncu peyğəmbərin ilk canişini onun kürəkəni, ikinci və üçüncü canişini ilk canişinin övladları və bir-birilə qardaş, qalan doqquz nəfəri isə üçüncü canişinin övladları olacaq.”[625]

İkinci hədis isə “Mənaqib” kitabından Cabir ibn Abdullah Ənsaridən nəql edilir. Orada da on iki imamın adı bir-bir qeyd edilir. Bu hədis də yuxarıdakı əhvalata bənzəyir və uzun olduğundan onu qeyd etmirik.[626]

Unutmamalıyıq ki, ötən bəhslərdə qısa şəkildə on iki imamın vücuduna dəlil olan çoxlu rəvayət qeyd etdik. Əgər yenidən həmin bəhslərə müraciət etməklə həm şiə, həm də əhli-sünnənin məşhur və mö’təbər rəvayətlərinə diqqət yetirsək, görəcəyik ki, on iki imam, yaxud on iki xəlifə üçün doğru təfsir yalnız şiələr tərəfindən bəyan edilmiş, digər firqələr üçün isə Peyğəmbərin (s) on iki xəlifəsi barəsindəki buyuruqları anlaşılmaz qalmışdır. Ən mö’təbər hədis mənbələrində nəql olunan bu rəvayətlərin əksəriyyəti səhih olduğundan onları inkar etmək qeyri-mümkündür. Onların doğru təfsiri yalnız imamiyyə şiələrinin əqidələri ilə uyğun gəlir.

Ümid edirik ki, hər birimiz təəssübkeşlikdən əl çəkərək imamət, vilayət və Peyğəmbərin (s) xilafəti ilə bağlı ayə və rəvayətləri bir daha yenidən araşdırıb, bütün müsəlmanların üzünə yeni bir qapı açacağıq!

YEDDİNCİ FƏSİL

PEYĞƏMBƏRİN (S) SONUNCU XƏLİFƏSİ İMAM MEHDİ (Ə)

İlk növbədə bildiririk ki, bə’zi xəbərsizlərin təsəvvürünə zidd olaraq, imam Mehdinin (ə) qiyamı və cahanşümul hökumətinə inam yalnız Əhli-beyt məktəbinin ardıcıllarına, şiələrə məxsus deyil. İstisnasız olaraq, bütün İslam firqələrində “axirəz-zaman”da Peyğəmbərin (s) sülaləsindən Mehdi adlı bir şəxsin zühur edib, dünyanı haqq-ədalətlə dolduracağı barədə təsəvvür var. Peyğəmbəri-əkrəmin (s) bu məsələ ilə bağlı buyurduğu rəvayətlər onların kitablarında nəql edilmiş, bu haqda şiə və sünni alimləri tərəfindən kitablar yazılmışdır. Biz kələcəkdə yeri gəldikcə, onlardan sitatlar gətirəcəyik.

Bu rəvayətlər müəyyən məzhəbə xas olmayıb, bütün İslam təhqiqatçıları tərəfindən qəbul edilən qəti və “mütəvatir” rəvayətlərdir. Bu təhqiqatçılardan yalnız İbn Xəldun və Əhməd Əmin Misri kimi bir neçə nəfər onların İslam peyğəmbərindən (s) nəql olunmasına şübhə etmişlər. Bizim əqidəmizə görə, onların da məqsədi bu rəvayətləri zəif qələmə verməkdir. Bəlkə də onları belə bir fikrə vadar edən imam Mehdinin (ə) qiyamı ilə əlaqədar bir sıra xariqül-adə hadisələrin baş verməsidir ki, onları qəbul etmək çətin gəlir. Halbuki “vəhhabi” kimi ən təəssübkeş firqə onu qəbul edir və bu hədislərin “mütəvatir” olduğunu təsdiqləyir. Bu müddəanın sübutu neçə il bundan öncə vəhhabilərin və Səudiyyə dövlətinin himayəsi altında fəaliyyət göstərən “Ümumdünya İslam əlaqələri təşkilatı” tərəfindən imam Mehdinin (ə) zühuru ilə bağlı sorğunun cavabında verilən bəyanatdır. Bu sual Keniyadan Əbu Məhəmməd adlı bir nəfər tərəfindən ünvanlanmışdı. Cavab olaraq bu bəyanat verilmiş və həmin təşkilatın sədri Məhəmməd Saleh Qəzzazın imzası ilə də təsdiq edilmişdir. Bu bəyanatda deyilir: “Vəhhabi məzhəbinin tə’sisçisi İbn Teymiyyə Mehdi ilə bağlı hədisləri qəbul edir.” Sonra bu haqda Hicazın beş məşhur alimi tərəfindən yazılan bir risalədən sitatlar gətirilir və həmin risalənin bir yerində belə yazılır: “Dünyaya fitnə-fəsad, zülm və küfr hakim olduğu bir vaxtda, Allah-taala dünyanı Mehdinin vasitəsilə haqq-ədalətlə dolduracaqdır. O, on iki nəfərdən ibarət “raşidin” xəlifələrinin sonuncusudur və “Sihah” kitablarına görə, Peyğəmbər (s) bu haqda xəbər vermişdir...”

İmam Mehdi (ə) haqda hədislər Peyğəmbərin (s) bir çox səhabəsi tərəfindən nəql edilmişdir. O cümlədən, Osman ibn Əfvan, Əli ibn Əbi Talib, Təlhə ibn Übeydullah, Əbdür-Rəhman ibn Ovf, Abdullah ibn Abbas, Əmmar ibn Yasir, Abdullah ibn Məs’ud, Əbu Səid Xudri, Sovban, Qurrət ibn Əyas Məzəni, Abdullah ibn Haris, Əbu Hüreyrə, Hüzeyfə ibn Yəman, Cabir ibn Abdullah Ənsari, Əbu Əmamə, Cabir ibn Macid, Abdullah ibn Ömər, Ənəs ibn Malik, İmran ibn Həsin və Ümmü Sələmə də bu zümrəyə aiddir.

İmam Mehdinin (ə) zühuru haqqında səhabələrin də bir çox sözləri nəql olunmuşdur ki, onları da Peyğəmbərin (s) hədisləri ilə eyni səviyyədə hesab etmək olar. Çünki bu məsələnin ictihadla rabitəsi yoxdur. Deməli, səhabələr bu hədisləri Peyğəmbərdən (s) eşitmişlər.

Həmin risalədə yazılır: “Bu iki mətləb (həm Peyğəmbərin (s), həm də səhabələrin rəvayətləri) İslamın bir çox məşhur mənbələrində və “əsl” hədis kitablarında nəql olunmuşdur, o cümlədən, “Sünəni-Əbi Davud”, “Sünəni-Termizi”, “Sünəni-İbn Macə”, “Sünəni-İbn Əmr”, “Müsnədi-Əhməd”, “Müsnədi-İbn Leyli”, “Müsnədi-Bəzzaz”, “Səhihi-Hakim”, “Məacimi-Təbərani”, “Məacimi-Darü-Qutni”, “Məacimi-Əbu Nəim”, “Məacimi-Xətib Bağdadi”, “Məacimi-İbn Əsakir” və s.

Bu məsələ o qədər əhəmiyyətlidir ki, bə’zi İslam alimləri Mehdi ilə əlaqədar ayrıca kitablar yazmışlar. Əbu Nəim İsfahaninin “Əxbarul-Mehdi”, İbn Həcər Heysəminin “Əl-qovlul-muxtəsər fi əlamatil-Mehdiyyil-Muntəzər”, Şövkaninin “Ət-tövzihu fi təvatur caə fil-Muntəzəri vəd-Dəccali vəl-Məsih”, İdris İraqi Məğribinin “Əl-Mehdi”, Əbul-Abbas ibn Əbdül-Mö’min Məğribinin “Əl-vəhmul-məknun fir-rəddi əla Əli ibn Xəldun” kitabını misal göstərmək olar.



Geri   İrəli
Go to TOP