A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


“Qiyamət günü mən və Əli “Sirat” körpüsünün üstündə duracağıq və bizim yanımızdan keçən hər kəsdən Əlinin vilayəti haqqında soruşacağıq. Kim bəraət alsa, Siratdan keçəcək, bəraət almayanı cəhənnəmə atacağıq! “Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar” ayəsinin mə’nası məhz budur!”[566]

Hakim Həskani həmin kitabda bu hədisi başqa sənədlərlə də nəql etmişdir.

İbn Həcər də “Əs-səvaiq” kitabında onu Əbu Səid Xudridən nəql etmişdir.[567]

Əhməd ibn Hənbəl “Müsnəd” kitabında Əbu Səid Xudridən belə nəql edir: “Qiyamət günü Əli ibn Əbi Talibin (ə) barəsində sorğu-sual olunacaqlar.”

Bu hədisi öz əsərlərində nəql edən digər alimlərdən “Kəşfül-ğümmə” kitabının[568] müəllifi İzzəddin Hənbəlini, “Ruhul-məani” təfsirinin[569] müəllifi Alusini, “Ət-təzkirətul-xəvass” kitabının[570] müəllifi Sibt ibn Cövzini, “Kifayətul-xisam” kitabının[571] müəllifi Əbu Nəim İsfahanini və “Yənabiul-məvəddət” kitabının[572] müəllifi Şeyx Süleyman Qunduzini misal göstərmək olar. Əlbəttə, digər alimlər də onu nəql etmişlər. Biz onların mühümlərinin adını çəkdik. Burada diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bə’zisində imam Əlinin (ə) vilayəti ilə yanaşı Əhli-beytin vilayətinə işarə edilmişdir.[573] Ən əhəmiyyətlisi isə qeyd edilən bütün rəvayətlərin əhli-sünnənin mühüm mənbə və kitablarında məşhur ravilərdən nəql olunmasıdır. Bununla belə, Alusi qeyd olunan rəvayəti nəql etdikdən sonra yazır: “Bə’zi imamiyyə şiələrinin İbn Cübeyr və İbn Abbasdan nəql etdikləri hədislərdə qiyamətdə Əlinin (ə) vilayətindən soruşulacağı deyilir. Onlar bu rəvayəti həm də Əbu Səid Xudridən nəql etmişlər.”[574]

Təəssüf ki, bu alimlər digər xəlifələrin də vilayətini özlərindən ona əlavə etmişlər!!!

Təəssübkeş təfsir alimi elə fikirləşir ki, imam Əlinin (ə) fəzilətləri ilə bağlı nəql olunan hər bir hədisin ravisi şiədir. Onun əqidəsi hətta əhli-sünnə mənbələrində geniş nəql olunan bu hədisləri qəbul etməyə yol vermir. Amma o bilməli idi ki, sözləri və fikirləri gələcəkdə təhlil olunacaq və aydınlaşacaq ki, bu hədislərin raviləri şiə yox, adətən əhli-sünnə olmuşdur.

Ümumiyyətlə, bu hədislərdə, eləcə də bəhs etdiyimiz ayədə insanların qiyamət günü yalnız imam Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti barədə sorğu-sual olunacağı bildirilmir. Həmin gün bütün əməllər, ne’mətlər və məs’uliyyətlər soruşulasıdır. Amma qiyamətdə sorğu-sual olunacaq ən mühüm məsələlərdən biri də o həzrətin vilayətidir. Şübhəsiz, burada vilayət dedikdə bir mö’minin başqaları ilə sadəcə dostluğu nəzərdə tutulmur. Çünki bu dostluq fürui-dindən və dinin adi məsələlərindən sayılır. Məqsəd böyük əhəmiyyət daşıyan, İslamın əsaslarından sayılan canişinlikdir. Bu da Peyğəmbəri-əkrəmdən (s) sonra rəhbərlik məqamı və ilahi xilafətdən başqa bir şey deyil! Bəli, Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti İslamın ən mühüm əsası və imanın ən mühüm şərti olaraq, qiyamətdə soruşulacaq ilk suallardandır. Əlbəttə, biz müxaliflərdən başqa münasibət gözləmirik. Ədavətli düşmənlər həmişə o həzrətə qarşı çıxmış, fəzilətlərini inkar etmişlər. İndinin özündə də bu iş davam edir. Bə’zən dostlar belə, düşmənin işkəncələrindən qorxaraq, bu fəzilətləri gizli saxlayırlar. Amma imam Əlinin (ə) fəzilətləri bütün hədis kitablarında sadalanır və onun misilsiz şəxsiyyəti Qur’ani-kərimdə əks olunur! Burada da bəhsimizi bir çox İslam mənbələrində İbn Abbasdan nəql olunan məşhur bir hədislə sona yetiririk. O deyir: “Qur’ani-kərimdə “Ya əyyuhəl-ləzinə amənu!” (Ey iman gətirənlər) ifadəsi ilə başlayan hər bir ayənin kamil nümunəsi – mö’minlərin sərvəri, ağası və əmiri Əlidir. Peyğəmbəri-əkrəmin (s) səhabələri içərisində Qur’ani-kərimdə danlanmayan yalnız Əli ibn Əbi Talib olmuşdur. Allahın kitabında Əli (ə) (onun fəzilətləri) haqda nazil olanlar kimsə barəsində deyilməmişdir... Qur’ani-kərimin üç yüz ayəsi Əli (ə) haqda nazil olmuşdur!”[575]

Bu hədisi, xüsusilə onun əvvəlini bir çox alimlər nəql etmişlər. O cümlədən Əbu Nəim İsfahani (“Hilyətül-övliya”da), Muhibbuddin Təbəri (“Zəxairul-uqba”da), Əllamə Gənci Şafei (“Kifayətut-talib”də), Sibt ibn Cövzi (“Ət-təzkirətul-xəvass”da), Şəblənci (“Nurul-əbsar”da), Heysəmi (“Əs-səvaiq”də), Süyuti (“Tarixul-xüləfa”da) və Qunduzi (“Yənabiul-məvəddət”də).[576]

Bəli, bu ayələr Qur’ani-kərimdə imam Əli (ə) haqda nazil olan ayələrin yalnız bir qismidir.

ALTINCI FƏSİL

ON İKİ İMAM

İşarə:

Şiə məzhəblilər arasında dörd imamı qəbul edən “zeydiyyə”, yeddi imamı qəbul edən “ismailiyyə” kimi firqələr olsa da şübhəsiz, ən məşhur məzhəb olaraq dünya müsəlmanlarının mühüm bir hissəsini təşkil edən “imamiyyə” şiələridir. Onlar İraqda, İranda, Azərbaycanda və Bəhreyndə çoxluq, bə’zi ölkələrdə isə cəmiyyətin bir qismini təşkil edirlər. İmamiyyə şiələrinin on minlərlə tələbənin təhsil aldığı və İslam maarifini öyrəndiyi böyük elmi mərkəzləri var. Şiə alimləri tərəfindən “İslam əqidələri”, “fiqh”, “üsul”, “təfsir”, “hədis”, “fəlsəfə”, “rical”, “dirayə” və “İslam tarixi” mövzusunda on minlərlə kitab yazılmış və çap olunmuşdur. Böyük və görkəmli alim Şeyx Ağabozorg Tehraninin son zamanlar iyirmi altı cilddə çap olunan “Əz-zəriətu ila təsanifiş-şiə” adlı kitabında şiə alimlərinin on mindən artıq əsəri qısa şərh edilmişdir. Mə’lum olur ki, şiə alimləri İslama və elmə nə qədər böyük xidmət göstərmişlər.

Yaxşı olar ki, maraqlananlar dünyanın müxtəlif məntəqələrində yerləşən şiə elmi mərkəzlərinə baş vurub, böyük alim və tələbələrlə yaxından tanış olsunlar, onların əsərlərini araşdırsınlar.

Təəssüf ki, bir çox müsəlman ölkələrində informasiyaya ciddi nəzarət və senzuralar səbəb olub ki, indiyə qədər əhli-sünnənin insaflı təhqiqatçıları Əhli-beyt məktəbinin ardıcılları, alimləri və onların elmi əsərləri ilə yaxından tanış ola bilməsinlər. Halbuki bizim kitabxanalarımızda şiə alimlərinin əsərləri ilə yanaşı əhli-sünnə alimlərinin də kitabları var. Kitabxanalarda bu kitablar arasında əsla fərq qoyulmur və kimsə məzhəb təhlükəsi hiss etmir. Əhli-sünnə qardaşlarımızın kitabxanalarında isə şiələrin məşhur elmi əsərləri gözə dəymir ya da çətin tapılır. Arzumuz budur ki, insaflı təhqiqatçılar bu nöqtəni nəzərə alıb imamiyyə şiələrini düşmənlərin, yaxud hakim təbəqənin təbliğat vasitələri ilə yox, obyektiv şəkildə tanısınlar. Bu isə heç şübhəsiz, İslam aləmində yeni üfüqlər açılmasına, vəhdət yaranmasına zəmin olacaq.

Əsl bəhsimizə qayıdaraq deyirik ki, Qur’an ayələrində imam Əlidən (ə) əlavə, Əhli-beyt imamlarına bir sıra işarələr mövcuddur. Bunları təfsir kitablarında nəql olunan rəvayətlərdə axtarmaq lazımdır.

Biz isə həmin ayələrin bir neçəsinə işarə etməklə kifayətlənirik. Onların bir qismi kitabın əvvəlində imam Əlinin (ə) imamət və vilayəti ilə əlaqədar bəhslərdə nəzərdən keçirildi. Aşağıdakı ayələrə nəzər salaq:

1. “Təthir” ayəsi: “Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləyib, sizi pak-pakizə etmək istəyir!”[577] Bu ayənin məzmununa, eləcə də, məşhur İslam mənbələrində Peyğəmbəri-əkrəmdən (s) nəql olunan rəvayətlərə əsasən, əhatəsi ümumi olan bu ayə imam Əli (ə) və digər mə’sum imamlara, xüsusilə imam Həsən və imam Hüseynə (ə) də aiddir.

2. “Qurba” (məvəddət) ayəsi: “(Ya Peyğəmbər!) De: “Sizdən (risalət və peyğəmbərliyim müqabilində) ən yaxınlarıma sevgidən başqa bir mükafat istəmirəm!”[578] Bu ayədə də mə’sum imamlara qısa şəkildə işarə edilmişdir. Səid ibn Cübeyr və İbn Abbasın Peyğəmbəri-əkrəmdən (s) nəql etdikləri müxtəlif rəvayətlərdə açıq-aydın göstərilir ki, ondakı “qurba” (ən yaxınlar) sözündə məqsəd Əli (ə), Fatimə (ə.s) və onların övladlarıdır. Bə’zi rəvayətlərdə imam Həsən və imam Hüseynin (ə) adları da çəkilmişdir. Əlavə mə’lumat üçün “Şəvahidut-tənzil” və s. kitablara müraciət edə bilərsiniz.[579]

3. “Ulil-əmr” (əmr sahibləri) ayəsi: “Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”[580] Bu ayənin də məfhumu ümumidir və hər bir dövrdəki əmr sahibinə aiddir. Buna əsasən, hər əsrdə pak bir şəxsin hüzuru zəruridir. Bundan əlavə, əhli-sünnənin bir çox mənbələrində nəql olunan məşhur rəvayətlərdə aydın şəkildə imam Həsən və imam Hüseynin (ə) adları çəkilmişdir.

4. “Sadiqin” (sadiq olanlar) ayəsi: “Sadiqlərlə birgə olun!”[581] Əvvəldə şərh etdiyimiz kimi, bu ayənin də məfhumu ümumidir və hər əsrə aiddir. Çünki hər bir dövrdə sözü və əməli doğru olan mə’sum bir imamın varlığı zərurətdir (qeyd-şərtsiz və mütləq tabeçilik yalnız mə’sum imamların haqqıdır). Bu ayənin şərhində nəql olunan bir sıra rəvayətlərdə “sadiqin” sözü Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) aid edilmişdir.[582]

Əvvəlki bəhslərdə bu ayələr və onları şərh edən rəvayətləri geniş şəkildə araşdırdığımız üçün bir daha onları təkrarlamır və fəzilət ayələrini nəzərdən keçiririk. Yenə də tə’kidlə deyirik ki, bu ayələr Əhli-beyt imamlarının vilayət və imamətini dolayısı ilə sübuta yeririr, onların yaşadıqları dövrün ən üstün şəxsi olduğunu açıqlayır. Ötən ayələrdə hər dövrdə mə’sum imam və əmr sahibinin olmasının zəruriliyindən söz açdıq. Bunu əsaslandırmaq üçün bir sıra ayələri qeyd edirik:

1-“SALAVAT” AYƏSİ

“Əhzab” surəsinin 56-cı ayəsində buyurulur:

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey mö’minlər! (Siz də) ona salavat və salam göndərin, onun əmrinə təslim olun!”

Bu ayədə İslam peyğəmbərinin (s) məqamı çox yüksək bəyan olunmuşdur. Çünki həm Allah, həm Onun bütün mələkləri Peyğəmbərə (s) salam və salvat göndərir. Həm də göstəriş verilir ki, bütün mö’minlər o həzrətə salam, salavat və rəhmət göndərsinlər. Bundan böyük məqam varmı?!

Düzdür, bu ayədə Peyğəmbərin (s) övladlarından söz açılmamışdır. Lakin bir çox rəvayətlərə görə, səhabələr Peyğəmbərdən (s) “Sənə necə salam və salavat göndərək” – deyə soruşduqda, o həzrət “ali” (övladlar) sözünü də öz adının kənarında qeyd etmişdir. Demək, Allahdan o həzrət üçün salam və salavat istənildikdə, bu onun (s) övladlarına da aid olur. Burada Allah və mələklərinin həm Peyğəmbər (s), həm də onun övladlarına salavat göndərməsi sadə məsələ deyil. Bu tapşırıq onların Peyğəmbərdən (s) sonra ağır məs’uliyyət daşıdığını göstərir. Halbuki belə böyük məqama Peyğəmbərlə (s) sadəcə qohumluq vasitəsilə çatmaq qeyri-mümkündür.

İndi isə əhli-sünnənin məşhur mənbələrində nəql olunan bir sıra rəvayətləri qeyd edirik:

1) Buxarinin “Səhih” kitabında Əbu Səid Xudrinin belə dediyi nəql olunur: “Biz Peyğəmbərdən (s) soruşduq: “Ya Rəsuləllah! Sənə necə salam verməyin qaydası aydındır. Necə salavat göndərməyi isə bilmirik?” Peyğəmbər (ə) buyurdu: “Belə deyin: “Əllahummə səlli əla Muhəmmədin əbdikə və rəsulik, kəma səlləytə əla İbrahimə və ali-İbrahim və barik əla Muhəmmədin və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim!” (İlahi! Bəndən və rəsulun Məhəmmədə salavat göndər, necə ki, İbrahim və onun övladlarına salavat göndərdin. Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahimə bərəkət verdin!)[583]

Yenə həmin kitabda məşhur səhabə Kə’b ibn Ücrədən nəql olunur ki, müsəlmanlar həzrət Peyğəmbərdən (s), ona necə salavat göndərmək barədə soruşduqda, onlara bu qaydada salavat göndərməyi öyrətdi: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim övladlarına salavat göndərdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən. İlahi! Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!)[584]

Buxari bu hədisləri “salavat” ayəsinin təfsirində qeyd etmişdir.

2) Əhli-sünnənin ikinci məşhur mənbəsi sayılan “Səhihi-Müslim” kitabında Əbu Məs’ud Ənsaridən belə nəql olunur: “Bir gün Peyğəmbəri-əkrəm (s) bizim yanımıza gəlmişdi. Biz Sə’d ibn Ubadənin məclisində idik. Sə’din oğlu Bəşir dedi: “Ya Peyğəmbər! Allah-taala bizə sənə salavat göndərməyi göstəriş vermişdir. Sənə necə salavat göndərək?”

Peyğəmbər (s) bir az sükut etdikdən sonra buyurdu: “Deyin: Əllahummə səlli əla Muhəmməd və əla ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim və barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla ali-İbrahim fil-aləmin, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim övladlarına salavat göndərdin. Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki o zaman İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!) [585]

3) Süyuti “Əd-durrul-mənsur” təfsirində Əbu Səid Xudrinin rəvayətini Buxari, Nisai, İbn Macə və İbn Mərdəveyhdən nəql etmişdir.[586]

Yenə həmin kitabda Əbu Səid Ənsarinin rəvayəti Termizi, Nisai və İbn Mərdəveyhdən[587], azacıq fərqlə Malik, Əhməd, Buxari, Müslim, Əbu Davuddan (onlar da Əbu Əhməd Saididən) nəql olunmuşdur.[588]

Hakim Nişapuri “Əl-müstədrəkü ələs-səhiheyn” kitabında İbn Əbi Leylidən belə nəql edir ki, Kə’b ibn Ücrə mənim yanıma gəlib dedi: “Peyğəmbərdən (s) eşitdiyim müjdəni sənə deyimmi?”

Dedim: “Bəli!”

Dedi: “Peyğəmbərdən (s) soruşdum ki, sənin Əhli-beytinə necə salavat göndərək?”

Peyğəmbər (s) buyurdu: “Deyin: Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki, İbrahimə və onun övladlarına salavat göndərdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən. İlahi! Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki, İbrahimə və onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!”

“Səhihi-Müslim” və Səhihi-Buxari”də mövcud olmayan hədisləri nəql edən Hakim Nişapuri yazır: “Bu hədisi eyni sənəd və mətnlə Buxari “Səhih” kitabında Musa ibn İsmayıldan nəql etmişdir. Mənim burada onu təkrar etməyimin səbəbi “Əhli-beyt” və “ali” sözlərinin eyni olduğunu göstərməkdir.[589] Diqqət yetirmək lazımdır ki, Hakim Nişapuri bu hədisi Əhli-beytin Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) olduğunu açıq-aydın göstərən “Kisa” hədisindən sonra nəql etmişdir. Bu da öz növbəsində dərin mə’na kəsb edir. Bundan sonra Hakim Nişapuri “səqəleyn” hədisini, onun ardınca Əbu Hüreyrənin hədisini nəql edir. Orada deyilir: “Peyğəmbər (s) Əli, Həsən və Hüseynə (ə) baxıb buyurdu: “Mən sizinlə müharibəyə qalxan hər kəslə müharibə, sizinlə sülh edən hər kəslə sülh edirəm.”[590]

Məhəmməd ibn Cərir Təbəri də “Təfsir” kitabında “salavat” ayəsinin təfsirində yuxarıdakı rəvayəti azacıq fərqlə Musa ibn Təlhədən və onun atasından, başqa bir rəvayəti İbn Abbasdan, üçüncü bir rəvayəti Ziyad və İbrahimdən, dördüncü rəvayəti isə Əbdür-Rəhman ibn Bəşir ibn Məs’ud Ənsaridən nəql etmişdir.[591]

Beyhəqi də “Sünən” adlı məşhur kitabında bu haqda çoxlu rəvayət nəql etmişdir. Onların bə’zisi namazda təşəhhüd vaxtı müsəlmanların vəzifəsini aydınlaşdırır. Məsələn, Əbu Məs’ud və Əqəbət ibn Əmrin hədisində belə deyilir: “Bir kişi gəlib Peyğəmbərin (s) yanında əyləşdi. Biz də orada idik. O dedi: “Ya Rəsuləllah! Sənə salam verməyi bilirik. Lakin namaz qılanda sənə salavat göndərməyin qaydasını bilmirik. Sənə necə salavat göndərək?” Peyğəmbər (s) bir qədər susdu. Hətta biz o həzrəti belə görüb fikirləşdik ki, kaş kişi belə bir sual verməyəydi. Sonra Həzrət buyurdu: “Mənə salavat göndərmək istəsəniz, belə deyin: Əllahummə səlli əla Muhəmmədin-nəbiyyil-ummiyy və əla ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim və barik əla Muhəmmədin-nəbiyyil-ummiyy və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Ümmi peyğəmbərin Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim və onun övladlarına salavat göndərdin. Ümmi peyğəmbərin Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahim və onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!)

Sonra o, Əbu Abdullah Şafeidən belə nəql edir: “Namazda Peyğəmbərə (s) salavat barədə söz açan bu hədis səhih və doğrudur.”[592]

Beyhəqi Peyğəmbəri-əkrəmə (s) mütləq şəkildə, yaxud namazda salavat göndərməyin qaydası haqda əlavə rəvayətlər də nəql etmişdir. Xüsusilə Kə’b ibn Ücrənin nəqlinə görə, Peyğəmbəri-əkrəm (s) namazda belə salavat deyirmiş: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim və barik əla Muhəmməd və ali-Muhəmməd, kəma barəktə əla İbrahim və ali-İbrahim, innəkə həmidun məcid!”[593]

Bu hədisdə açıq-aydın görünür ki, hətta Peyğəmbərin (s) özü namazlarında bu salavatı deyirmiş.

Beyhəqi rəvayətlərin birini şərh edərkən yazır: “Bu rəvayət namaza aiddir. Çünki bu rəvayətdə qeyd olunan “qəd əlimna keyfə nusəllimu” (biz salam göndərməyin qaydasını bilirik”) – cümləsi namazın təşəhhüddən sonrakı salamına (Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh!) uyğun gəlir.”[594]

Beləliklə, bütün məzhəblərin əqidəsinə görə, müsəlmanlar namazda Peyğəmbəri-əkrəmə (s) salam göndərərkən “Əssəlamu ələykə əyyuhənnəbiyyu və-rəhmətullahi və bərəkatuh!”, təşəhhüddə isə “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd...” – cümlələrini deməlidirlər. Əlbəttə, əhli-sünnə məzhəbləri arasında bu məsələ ilə əlaqədar ixtilaf var. Şafei və hənbəlilər ikinci təşəhhüddə Peyğəmbərə (s) salavat göndərməyi vacib saydıqları halda, maliki və hənəfilər onu müstəhəb bilirlər.[595] Lakin qeyd etdiyimiz rəvayətlərə əsasən, təşəhhüddə salavat demək hamıya vacibdir.

Peyğəmbər (s) və onun Əhli-beytinə (mütləq şəkildə, yaxud namazın təşəhhüdündə) salavatın vacibliyi ilə bağlı rəvayətlər az deyil. Burada qeyd etdiklərimiz rəvayət və kitabların az bir qismi idi. Bu rəvayətlər İbn Abbas, Təlhə, Əbu Səid Xudri, Əbu Hüreyrə, Əbu Məs’ud Ənsari, Büreydə, İbn Məs’ud, Kə’b ibn Ücrə və imam Əli (ə) kimi səhabələrdən nəql edilmişdir.

İnsanı daha çox heyrətləndirən məsələ budur ki, əhli-sünnə (alimləri də daxil olmaqla) Peyğəmbərdən (s) nəql olunan rəvayətlərdə “ali-Məhəmməd” (Məhəmmədin (s) övladları) sözünün qeyd olunmasına baxmayaraq, (çox nadir hallar istisnadır) həmişə salvatı naqis (“Səlləllahu əleyhi və səlləm”) deyirlər. Ən qəribəsi budur ki, salavatda “ali-Məhəmməd” (s) sözünün əlavə edilməsinə dair rəvayətləri nəql edərkən də Peyğəmbərin (s) adını yenə “ali-Məhəmməd” olmadan – “Səlləllahu əleyhi və səlləm” – şəklində deyirlər. (Bundan böyük inadkarlıq olmaz!) Biz bilmirik ki, Peyğəmbərin (s) aşkar göstərişinə müxalif çıxanlar qiyamət günü Allahın dərgahına hansı üzrlə çıxacaqlar?! Məsələn, Beyhəqi kimi bir alim Peyğəmbərə (s) salavat bölümünü bu ünvanla qeyd edir: “Babus-sələvati ələn-nəbiyyi (səlləllahu əleyhi və səlləm) fit-təşəhhüd.” Yə’ni “Təşəhhüddə Peyğəmbərə (səlləllahu əleyhi və səlləm) salavat bölümü”. Digər məşhur mənbələrdə də bunu eyni şəkildə qeyd etmişlər. Bu kitablarda fəsillərin istər müəlliflər, istərsə də tədqiqatçılar tərəfindən belə adlandırılması, qeyd edilən hədislərlə ziddiyyət təşkil edir. Bu məsələ ilə əlaqədar bəhsimizi iki hədislə sona yetiririk:

1. İbn Həcər “Əs-səvaiq” kitabında Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:

لا تُصَلُّواعَلَىَّ الصّلاةَ الْبَتْراءَ:

“Mənə heç vaxt yarımçıq salavat deməyin.”

O həzrətdən soruşdular: “Yarımçıq salavat necədir?”

Peyğəmbər (s) buyurdu:

اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ تُمْسِكُونَ، بَلْ قُولُوا اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ:

“Əllahummə səlli əla Muhəmməd” – deyib, susmağınız. Əksinə, (salavatı) belə deyin: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd!”[596]

Bu hədisdən göründüyü kimi, salavatda “Muhəmməd” və “ali-Muhəmməd” (s) arasında hətta “əla” sözü belə ayrılıq salmamalı, “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd” – deyilməlidir.

2. Səmhudi “Əl-işrafu əla fəzlil-əşraf” kitabında İbn Məs’uddan Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:

مَنْ صَلّى صَلاةً لَمْ يُصَلِّ فِيها عَلىَّ و عَلَى اَهْلِ بَيْتِى لَمْ تُقْبَلْ:

“Kim namaz qılanda mənimlə Əhli-beytimə salavat deməsə, onun namazı qəbul deyildir.”[597]

Şafei məşhur bir şe’rində buna işarə edir:

“Ya Əhlə-beyti Rəsulillah, hubbukum

Fərzun minəllahi fil-Qur’ani ənzələh!

Kəfakum min əzimil-qədri ənnəkum,

Mən ləm yusəlli ələykum la səlatə ləh.”[598]

“Ey “Peyğəmbər Əhli-beyti”, sevginiz

Vacib olub, Qur’andadı bu yazı!

Yetər sizə o möhtəşəm qədriniz,

Salavatsız kəsin puçdur namazı.”

Namazda Allahın vacib buyruğu əsasında adı Peyğəmbərin (s) adının kənarında qeyd edilən şəxsləri başqaları ilə bərabər bilmək olarmı? Hansı insaflı şəxs bu işdə özünə bəraət qazandıra bilər? Məgər, bunlar birbaşa imamət və xilafəti onlara həsr etmirmi? Ədalətli və insaflı olmağı öz öhdənizə buraxırıq.

***

2-“NUR” VƏ “BÜYUT” (EVLƏR) AYƏSİ

“Nur” surəsinin 36-38-ci ayələrində buyurulur:

فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُم مِّن فَضْلِهِ وَاللَّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

“(İlahi nur) Allahın (şeytanların əlindən uzaq olmaq üçün) ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, orada səhər-axşam Onu təqdis edib şə’ninə tə’riflər deyərlər. O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allah zikrindən, namazdan və zəkatdan yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar ki, Allah onlara yerinə yetirdikləri əməllərin ən gözəl mükafatını versin, onlara olan lütf və mərhəmətini artırsın. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verər!”

Allah-taala bu surənin 35-ci ayəsində ilahi nuru çox dəqiq, incə və gözəl ifadələrlə şərh etdikdən sonra növbəti ayələrdə onun yerini və sahiblərini bəyan edərək buyurur: Bu nur aşağıdakı xüsusiyyətlərə malik olan evlərdədir: bu evlər şeytanların əli çatmayan hündür divarlarla ucaldılmışdır; onu gecə-gündüz, sübh və axşam Allahı yad edən kəslər qoruyub-saxlayırlar; elə kəslər ki, dünyanın maddi ləzzətləri, qızıl-gümüşü onları Allah zikrindən, namazdan və zəkatdan ayırmır; onlar qiyamət, hesab-kitab günündən qorxurlar və bu qorxu ümidlə yanaşıdır; onlar haqq yolda daim çalışırlar və Allah-taala belə insanlara saysız-hesabsız savab verər.

Bu cümlələrə diqqət yetirdikdə, ilahi evlərin və onların mühafizlərinin necə də əzəmətlə vəsf edildiyinin şahidi oluruq. İndi isə bu ayə ilə əlaqədar nəql olunan rəvayətlərə diqqət yetirək:



Geri   İrəli
Go to TOP