A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


İbn Əsakir “Tarixud-Dəməşq” kitabında Əbu Səid Xudridən, Cabir ibn Abdullah Ənsaridən, İbadət ibn Samitdən və Məhbub ibn Əbiz-Zənaddan bu məzmunda və buna oxşar bir neçə hədis nəql etmişdir.[529]

İbadət ibn Samitin rəvayətində belə deyilir: “Biz övladlarımızı Əli ibn Əbi Talibin (s) məhəbbəti ilə tanıyırıq. Kimin Əli ibn Əbi Talibi (ə) sevmədiyini görsək, bilirik ki, bizdən deyil!”

Məhbub ibn Əbiz-Zənadın hədisində ənsarın dili ilə deyilir: “Nə vaxt bir kəs Əli ibn Əbi Talibə (ə) qarşı kin-küdurət və ədavət göstərsəydi, başa düşürdük ki, o, öz atasının oğlu deyil!”[530]

Bu məzmunda rəvayətlər çoxdur və bəhsimizi Peyğəmbəri-əkrəmin (s) buyurduğu bir hədislə sona yetiririk. Peyğəmbəri-əkrəm “Xeybər” günü imam Əli (ə) haqqında geniş söhbəti əsnasında belə buyurmuşdur:

يا اَيُّهَا النّاسُ اِمْتَحِنُوا اَوْلادَكُمْ بِحُبِّهِ، فَاِنَّ عَلِيّاً لا يَدْعُو اِلى ضَلالَةٍ وَلا يُبْعِدُ عَنْ هُدىً، فَمَنْ اَحَبَّهُ فَهُوَ مِنْكُمْ وَمَنْ اَبْغَضَهُ فَلَيْسَ مِنْكُم!:

“Ey camaat! Övladlarınızı Əli məhəbbəti ilə sınaqdan keçirin. Həqiqətən, Əli (heç kimi) azğınlığa də’vət etməz və hidayətdən uzaqlaşdırmaz. Onu sevən sizdəndir, ona kin-küdurət və ədavət bəsləyən isə sizdən deyil!”[531]

Bu rəvayətləri diqqətlə araşdırdıqda, elə bir şəxsiyyətlə üzləşirik ki, ona eşq və məhəbbət iman, onunla ədavət küfr və münafiqlik nişanəsidir. Bu rəvayətlər imam Əlinin (ə) tərəfdarlarına ağır işkəncələr verən, düşmənlərini isə vəzifə kürsüsündə əyləşdirən “əməvilər” kimi azğın sülaləni ötüb-keçmiş, həmin dövrün insanlarının dilində dolanmışdır. Hətta ümumi məclislərdə o həzrəti söymək və lə’nətləmək vəzifəyə çatmaq üçün bir vasitə sayılırdı. Doğrudan da, dünyanın şərqini qərbini bürüyən, tarix, təfsir və hədis kitablarında tez-tez xatırlanan fəzilətlərin inadkar düşmənlərin nəzarətindən yayınıb, bu gün bizim əlimizə çatması təəccüblüdür. Bu bütün əsrlərdə haqq nurunun qorunmasının Əli ibn Əbi Talibin (ə) imamət və xilafətinin bütün nəsillərə çatdırılmasının yalnız ilahi yardımlarla mümkün olduğunu göstərir!

22-“İYZA” (ƏZİYYƏT) AYƏSİ

“Əhzab” surəsinin 57-ci ayəsində buyurulur:

إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا

“Həqiqətən, Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lə’nətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!”

Mə’lum olduğu kimi, kimsə Allah-taalanın müqəddəs və pak zatına zərər yetirə bilməz. Demək, “Allaha əziyyət vermək” dedikdə təfsir alimlərinin qeyd etdikləri kimi Allahın qəzəbinə səbəb olan küfr və dinsizlik nəzərdə tutulur. Beləcə Peyğəmbəri (s) və mö’minləri incidən kəslərin cəzalanacağı xatırlanır və onları incidən kəs, şübhəsiz, Allahı incitmiş olur.

Ayənin təfsirində əhli-sünnə və Əhli-beyt (ə) ardıcılları vasitəsilə nəql olunan rəvayətlərdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu oxuyuruq: “Ya Əli! Hər kəs səni incitsə, şübhəsiz, məni incitmişdir!”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) eşitdim ki, Əliyə (s) belə buyurdu: “Səni incidən kəs, şübhəsiz, məni incitmişdir!”[532]

Başqa bir hədisdə İbn Əbi Sələmə, Ümmü Sələmədən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) eşitdim ki, Əliyə (s) belə buyurdu:

اَنْتَ اَخِى وَ حَبِيبِى، مَنْ آذاكَ فَقَدْ آذانِى:

“Sən mənim qardaşım və həbibimsən. Sənə əziyyət verən, şübhəsiz, mənə əziyyət vermişdir!”[533]

Sonra müəllif yazır: “Bu hədis Ömər, Sə’d ibn Əbi Vəqqas, Əbu Hüreyrə, İbn Abbas və Əbu Səid Xidri kimi səhabələrdən də nəql olunmuşdur.”[534]

Başqa bir hədisdə isə Əli ibn Əbi Talibdən (ə) belə nəql edilir: “Allahın Peyğəmbəri (s) öz tükündən tutub, mənə belə buyurdu:

مَنْ آذى شَعْرَةً مِنْكَ فَقَدْ آذانِى ومَنْ آذانِى فَقَدْ آذَى اللهَ فَعَلَيْهِ لَعنَة الله:

“Hər kəs sənin bir tükünü incitsə, məni incitmişdir. Hər kəs məni incitsə, şübhəsiz, Allahı incitmişdir. Hər kəs Allahı incitsə, ona Allahın lə’nəti olsun!”[535]

Qeyd edilən hədislərdə imam Əlini (ə) incitmək, Peyğəmbəri (s) incitmək sayılsa da, bu ayəyə istinad edilməmişdir. Halbuki bə’zi rəvayətlərdə bu istinadı açıq-aydın görmək olar. Məsələn, Hakim Nişapurinin “Müstədrəküs-səhiheyn” kitabında İbn Abbasdan nəql olunan səhih və mö’təbər hədisdə belə deyilir: “Şam əhlindən bir kişi Əlini (ə) söydükdə, İbn Abbas ona dedi: “Ey Allahın düşməni! Sən bu sözünlə Allahın Peyğəmbərini incitdin və ona əziyyət verdin. (Çünki Qur’ani-kərimdə buyurulur:) “Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lə’nətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!” Əgər Peyğəmbəri-əkrəm (s) sağ olsaydı, indi onu incitmiş olardın!”[536]

Zəhəbi bu hədisi “Təlxisul-müstədrək” kitabında nəql etmiş və onun doğru olduğunu vurğulamışdır.[537]

Süyuti də “Əd-durrul-mənsur” kitabında İbn Abbasın bu ayəyə istinadən nəql etdiyi hədisi qeydə almışdır.[538]

Həmçinin “Müstədrəküs-səhiheyn” kitabında Əmr ibn Şasdan ətraflı bir hədis nəql olunmuşdur. Onun bir qismi belədir: “Mən Peyğəmbərin (s) məscidində Əlinin (ə) Yəmən səfərində mənimlə rəftarına görə gileyləndim. Bu söz Peyğəmbərə (s) çatdı. Sübh vaxtı Peyğəmbər (s) bir qrup səhabə ilə məscidə daxil olanda mənə qaş-qabaqla baxıb buyurdu: “Ey Əmr! Allaha and olsun ki, məni incitdin.” Mən dedim: “Ya Peyğəmbər (s)! Allaha pənah aparıram, bu nə sözdür?” Peyğəmbər (s) buyurdu:

مَنْ آذى عَلِيّاً فَقَدْ آذانِى:

“Əlini incidən məni incitmişdir!”

Hakim Nişapuri bu hədisi nəql etdikdən sonra onun səhih və mö’təbər olduğunu yazır.[539]

“Təlxisu tarixid-Dəməşq” kitabının müəllifi də bu hədisi başqa hədislərlə yanaşı Cabir ibn Abdullah Ənsaridən, Sə’d ibn Əbi Vəqqasdan və Əmr ibn Şasdan nəql etmişdir.

Bütün bunlar göstərir ki, Əliyə (ə) əziyyət vermək Peyğəmbərə (s) əziyyət verməklə eynidir.[540] Əhli-sünnə alimlərinin düzgün saydıqları çox saylı hədislərə əsasən, Əli (ə) Peyğəmbərin (s) canı kimidir və ona məhəbbət eynilə Peyğəmbərə (s) məhəbbətdir, onu incitmək eynilə Peyğəmbəri (s) incitməkdir. Bundan sonra görəsən, İslam ümmətində imam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) sonra ən fəzilətli, imamət, vilayət və xilafət məqamına ən layiqli şəxs olmasına şübhə qalırmı?!

23-“İNFAQ” AYƏSİ

“Bəqərə” surəsinin 274-cü ayəsində buyurulur:

الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

“Öz var-dövlətlərini gecə-gündüz, gizli və aşkar infaq (xərc) edənlərin mükafatı öz Rəbbinin yanındadır. Onlar üçün nə qorxu var, nə də qəm-qüssə görərlər!”

Şübhəsiz, bu ayənin əhatəsi ümumidir və o Allah yolunda var-dövlət xərcləməyin müxtəlif formalarını göstərir: gizli və aşkar, gecə və gündüz... Ayədə belə saleh iş görənlər böyük mükafatla müjdələnir. Onların mükafatı Allahın yanındadır, keçmiş və gələcək barəsində də qəmgin deyillər. Ayə ümumi məfhum ifadə etsə də, rəvayətlərdən belə başa düşülür ki, onun nazil olması imam Əli (ə) ilə bağlıdır. Çünki rəvayətlərin çoxunda bu ayənin ilk dəfə Əli (ə) haqqında nazil olduğu göstərilir.

İbn Abbas deyir: “Bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Bir dəfə Həzrət Əlinin (ə) cəmi dörd dirhəm pulu var idi. Onun bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar, bir dirhəmini isə gizli şəkildə Allah yolunda ehsan etdi. Allahın Peyğəmbəri (s) ondan “(Ya Əli!) Səni bu işə nə vadar etdi?” soruşduqda, Əli (ə) belə cavab verdi: “Allahın mənə və’d etdiklərini qazanmaq istəyim!” Peyğəmbər (s) buyurdu: “Agah ol ki, sən həmin və’dlərə nail oldun!” Bu zaman yuxarıdakı ayə nazil oldu."

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu hədisi digər yeddi hədislə yanaşı müxtəlif ravilərdən nəql etmişdir.[541]

Süyuti də “Əd-durrul-mənsur” kitabında bunu müxtəlif sənədlərlə İbn Abbasdan nəql edir və deyir ki, bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. O həzrətin dörd dirhəm pulu vardı. Allah yolunda onun birini gecə, birini gündüz, birini aşkar və birini də gizli xərclədi. Bu zaman “infaq” ayəsi nazil oldu.[542]

Hədisin mə’nası budur ki, Əli (ə) öz var-dövlətini xərcləməkdə Allahın razılığını qazanmaq üçün heç nəyini əsirgəməmişdir. Birincisi, malik olduğu malı Allah yolunda xərc etmiş, ikincisi, bu iş həm gecə, həm gündüz, həm aşkar, həm də gizli yerinə yetirmişdir. Allahın razılığını qazanmaq üçün sevinclə yanaşı ixlas və fədakarlıq Onun dərgahında qəbul edilmiş və bu ayə nazil olmuşdur.

Bu hədisi Muhibbuddin Təbəri “Zəxairul-uqba”[543], Sibt ibn Cövzi “Təzkirətul-xəvass”[544], Əllamə Gənci “Kifayətut-talib”[545], məşhur təfsir alimi Qurtubi “Təfsir”[546], Şəblənci “Nurul-əbsar”[547], Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddət”[548] və digər alimlər öz kitablarında (yuxarıda qeyd etdiyimiz mətndən azacıq fərqlə) nəql etmişlər.

“Fəzailul-xəmsə”də bu hədis digər kitablardan, o cümlədən, İbn Əsirin “Usdul-ğabə”[549], İbn Həcərin “Əs-səvaiqul-muhriqə”[550] və Vahidinin “Əsbabun-nüzul”[551] kitablarından nəql edilmişdir.

Bu ayənin təfsirində nəql etdiyimiz hədisləri İbn Əbil-Hədid Mö’təzilinin rəvayəti ilə sona yetiririk. O, imam Əlinin (ə) fəzilətlərini qeyd edib, “səxavət” fəzilətinə çatdıqda, “Həl-əta” surəsinin ayələrinə işarə ilə yazır: “Təfsirçilərin nəqlinə görə, Əlinin (ə) yalnız dörd dirhəm pulu vardı. Allah yolunda onun birini gecə, birini gündüz, birini aşkar və birini də gizli infaq etdi. Bu zaman Allah-taala onun haqqında “infaq” ayəsini nazil etdi.”[552]

Qeyd olunduğu kimi, bu hadis də təfsirçilər arasında yekdil, qəbul edilən həm də məşhur bir hədisdir.

24-“MƏHƏBBƏT” AYƏSİ

“Maidə” surəsinin 54-cü ayəsində buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

“Ey iman gətirənlər! Sizlərdən hər hansı biriniz öz dinindən qayıtsa, (Allaha heç bir zərər yetirmir). Allah gələcəkdə elə bir tayfa gətirəcək ki, həm Allah onları, həm də onlar Allahı sevirlər. Onlar mö’minlərin qarşısında təvazökar, kafirlərin qarşısında sərtdirlər. Allah yolunda cihad edir, məzəmmət edənlərin danlağından qorxmurlar. Bu Allah tərəfindən istədiyi (və layiq gördüyü) şəxsə əta olunan bir lütf və mərhəmətdir. Allahın elmi (lütf və mərhəməti) genişdir!”

Ayədən mə’lum olur ki, dini təzə qəbul edən müsəlmanların dindən çıxması İslama heç bir zərər yetirə bilməz. Allah-taala müqəddəs dininin müdafiəsini müəyyən xüsusiyyətlərə malik bir qrup mö’minə tapşırmışdır. Həm Allah onları sevir, həm də onlar Allahı sevirlər. Onlar mö’minlərə qarşı təvazökar olar, düşmənlər və kafirlər qarşısında möhkəm duraraq, həmişə Allah yolunda cihad edər, məzəmmət edənlərin məzəmmət və danlağından əsla qorxmazlar. Bəli, bu xüsusiyyətlər bir nəfərə, yaxud bir qrup insana verilən ilahi lütf, mərhəmətdir və hər kəs ona layiq deyil.

Şübhəsiz, bu ayənin də məfhumu bir çox ayələr kimi ümumi və genişdir. Lakin həm şiə, həm də əhli-sünnə vasitəsilə nəql olunan rəvayətlərdən açıq-aydın başa düşülür ki, Əli (ə) bu ayənin ən kamil və bariz nümunəsidir.

Fəxri-Razi bu ayənin təfsirinə çatdıqda belə yazır: “Bə’zi mülahizələrə əsasən, bu ayə Əli (ə) haqqında nazil olmuşdur.” Sonra özü bu müddəanın səhih olduğunu sübut etmək üçün iki dəlil göstərir; birincisi, Peyğəmbərin (s) Xeybər müharibəsində bayrağı Əliyə (ə) verib belə buyurduğunu nəql edir:

لاَدْفَعَنَّ الرّايَةَ غَداً اِلى رَجُلٍ يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ:

“Mən sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allah və Peyğəmbəri, həm də Allah və Peyğəmbər onu sevir.”

Sonra əlavə edir: “Bununla yuxarıdakı ayənin kimə aid olduğu başa düşülür. İkinci dəlil isə Əlinin (ə) haqqında nazil olan sonrakı ayədir. Orada buyurulur: “Həqiqətən, sizin vəliniz və rəhbəriniz Allah, Peyğəmbəri və namaz qılıb rüku halında zəkat verənlərdir...” Buna əsasən, öncəki ayənin də onun haqqında nazil olduğunu deməyimiz daha münasib olar!”[553]

Fəxri-Razinin Peyğəmbəri-əkrəmin (s) Xeybər günü haqqında kəlamına istinadı İmam Əli (ə) haqda nəql olunan və o həzrətin ən böyük fəzilətlərindən sayılan məşhur bir hadisədən qaynaqlanır. Belə ki, İslam ordusunun bir neçə sərkərdəsinin Xeybər qalasını fəth edə bilmədiyini görən Peyğəmbəri-əkrəm (s) üzünü orduya tutub buyurdu:

لَاُعْطِيَنَّ الرّايَةَ غَداً رَجُلاً يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ كَرّاراً غَيْرَ فَرّارٍ، لا يَرْجِعُ حَتّى يَفْتَحَ اللهُ عَلَى يَدِهِ:

“Allaha and olsun! Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allah və Peyğəmbərini, həm də Allah və Peyğəmbəri onu sevir. O, ardıcıl olaraq hücum edəcək, heç vaxt (meydandan) qaçmayacaq və Allah onun vasitəsilə (müsəlmanlara) qələbəni nəsib etdiyi halda, geri qayıdacaqdır.”

Sabahı gün sübh Həzrət (s) buyurdu: “Əli haradadır?” Dedilər: “Xəstədir, gözü ağrıyır.” Peyğəmbər (s) buyurdu: “Ona xəbər verin, gəlsin!” Əli (ə) gəldi. Peyğəmbər (s) onun gözünə üfürdü (yaxud ağız suyunu onun gözünə sürtdü) və onun göz ağrısı çəkildi. Bayrağı ona verdi. Əli (ə) bir hücumla Xeybəri fəth etdi (və Peyğəmbərin (s) sözü gerçək çıxdı).

Bu hədisi Fəxri-Razidən başqa digər tarix və hədis alimləri də (azacıq fərqlə) öz əsərlərində nəql etmişlər. O cümlədən, Hakim Nişapuri “Müstədrəküs-səhiheyn” kitabında bu haqda üç hədis qeydə almışdır. Onların birincisi İbn Abbasdan nəql edilir: “Müsəlmanlardan bir qrupu onun yanında Əlini (ə) pislədikləri zaman qəzəblənib buyurdu: “Vay olsun bu camaatın halına ki, heç kəsin malik olmadığı on ikidən çox fəziləti olan bir şəxsin haqqında gör nə danışırlar?!” Sonra Əlinin (ə) fəzilətlərini bir-bir sadalayaraq, birinci fəziləti kimi Xeybər müharibəsindəki hadisəni yada saldı.”[554]

İkinci hədisdə Sə’d ibn Əbi Vəqqasın oğlu Amirin belə dediyi nəql olunur: “Bir gün Müaviyə atam Sə’ddən soruşdu: “Nə üçün Əli ibn Əbi Talibi söymürsən?” Atam dedi: “Peyğəmbərin (s) onun haqqında buyurduğu üç fəzilət yadımda ikən onu söyməkdən çəkinirəm. Əgər bu üç fəzilətin biri məndə olsaydı, qiymətli qırmızı tüklü dəvələrə sahib olmağımdan daha sevimli olardı.” Müaviyə soruşdu: “Onlar hansılardır?” Sə’d dedi: “Birincisi “kisa” (əba) hədisi, ikincisi “mənzilət” hədisi (Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedərkən, Əliyə (ə) buyurmuşdu: “Ya Əli! Mənimlə sənin nisbətin Musanın Harunla nisbəti kimidir!”), üçüncüsü isə Əlinin (ə) “Xeybər” müharibəsindəki şücaəti və Peyğəmbərin (s) buyurduğu bu kəlamdır: “Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allahı və Peyğəmbərini, həm də Allah və Peyğəmbəri onu sevir. Allah onun vasitəsilə Xeybər qalalarını fəth edəcək.” Sonra Peyğəmbər (s) Əlini (ə) çağırdı və öz ağız suyunu onun gözlərinə sürtdü. Əlinin (ə) göz ağrısı kəsildi. Bundan sonra bayrağı ona verdi. Bu üç fəzilətə görə Əlini (ə) söyə bilmirəm. Bu zaman Müaviyə susub, bir söz demədi...”[555]

Üçüncü hədisi isə Abdullah ibn Büreydədən, qeyd etdiyimiz Xeybər əhvalatı haqda bir sıra əlavələrlə yanaşı nəql etmişdir.[556]

Sə’ləbi “Mənaqib” kitabında yazır: “Həqiqətən, bu ayə Əli (ə) haqqında nazil olmuşdur.”[557]

“Kənzül-ümmal” kitabında da bu hədis Sə’d ibn Əbi Vəqqasdan, eləcə də bir sıra əlavələrlə Amir ibn Sə’ddən nəql olunmuşdur.

Əhli-sünnə və Əhli-beyt məktəbinin ardıcıllarının məşhur kitablarında nəql olunan bu hədislər elə bir fəziləti aşkar edir ki, Sə’d ibn Əbi Vəqqasın dediyi kimi, onun misli yoxdur. Hətta bə’ziləri bu fəzilətlərdən yalnız birini özləri üçün böyük iftixar bilmişlər. Görəsən, İslam ümməti arasında bu kimi fəzilətlərə sahib insanların varlığı onların Peyğəmbərin (s) canişinliyini göstərmirmi?!

***

Bu ayədəki ifadələrdən və məşhur kitablarda nəql olunan rəvayətlərdən mə’lum olur ki, Əli (ə) nəinki Peyğəmbərin (s) sevdiyi və Allahın lütf etdiyi şəxsdir, hətta Allaha və Peyğəmbərə (s) görə, yaradılmışların ən sevimlisidir! Buna şahid məşhur “Teyr” (quş) hədisidir. “Əl-müstədrəkü ələs-səhiheyn” kitabında yazılır: “Peyğəmbərin (s) uzun həyat sürən Ənəs adlı xidmətçisi xəstələndiyi zaman Məhəmməd ibn Həccac bir neçə nəfərlə onun görüşünə getmişdi. Onlar çox şey haqda danışdılar. Nəhayət, Əlidən (ə) söz düşdükdə, Həccacın oğlu o həzrətin barəsində nalayiq sözlər deməyə başladı. Ənəs narahat olub dedi: “Bu kimdir, belə danışır? Məni qaldırın!” Onu yerindən qaldırıb, oturtdular. O dedi: “Ey Həccacın oğlu! Nə üçün Əli ibn Əbi Talib (ə) haqqında pis fikirdəsən? Məhəmmədi (s) peyğəmbərliyə seçən Allaha and olsun! Mən Peyğəmbərin (s) xidmətçisi olmuşam. Hər gün ənsarın cavanlarından biri o həzrətin qulluğunda dururdu. Növbə mənə çatan gün Ümmü Əymən Peyğəmbər (s) üçün (qızardılmış) quş gətirib, o həzrətin qarşısına qoydu. Həzrət buyurdu: “Ey Ümmü Əymən! Bu quşu haradan gətirmisən?” Ümmü Əymən dedi: “Onu özüm ovlamış və sizin üçün bişirmişəm!” Peyğəmbər (s) buyurdu:

اَللّهُمَّ جِئْنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ وَاِلَىَّ، يَأكُلُ مَعِى مِنْ هذا الطَّيْرِ:

“İlahi! Sənin və mənim yanımda yaradılmışların ən sevimlisi olan şəxsi yetir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!”

Bu vaxt evin qapısı döyüldü. Allahın Peyğəmbəri (s) buyurdu: “Ey Ənəs, gör, qapının arxasındakı kimdir?” Mən öz-özümə dedim: “Kaş, qapının arxasında ənsardan biri olaydı. Lakin qapını açdıqda Əlini (ə) gördüm və ona dedim: Peyğəmbərin (s) işi var (səninlə görüşməyə vaxtı yoxdur). Bunu deyib, qayıtdım və öz yerimdə əyləşdim. Yenidən qapı döyüldü. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Hər kimdirsə, icazə ver, qoy gəlsin! Öz tayfasını sevən təkcə sən deyilsən və o da ənsardan deyil!” Mən qapını açdım. Əli (ə) içəri daxil oldu. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Quş ətini ona yaxın qoy.” Mən quş ətini Peyğəmbərlə (s) Əlinin (ə) qarşısına qoydum və hər ikisi ondan yeməyə başladılar.

Məhəmməd ibn Həccac dedi: “Ey Ənəs! Sən bu hadisəni öz gözünləmi gördün?”

Ənəs dedi: “Bəli!”

Bu vaxt Həccacın oğlu dedi: “Mən Allahla əhd-peyman bağlayıram ki, bundan sonra heç vaxt Əlinin (ə) haqqında pis fikirdə olmayım və ona irad tutanı alçaldım!”[558]

Zəhəbi əhvalatı “Əl-müstdərəkü ələs-səhiheyn” kitabının haşiyəsində verilmiş “Təlxisül-müstədrək” kitabında da nəql etmişdir.

“Teyr” adı ilə məşhur olan bu hədis bir çox kitablarda, İslamın müxtəlif mənbələrində nəql olunmuşdur. Əllamə Əmini bu barədə yazır: “Teyr” (quş) hədisi “mütəvatir” və səhih hədislərdəndir. Alimlər onun “təvatür” və doğruluğunu inkar edə bilməmişlər.”

Böyük fəqih, hədis alimi, xətib, ədib və şair Əhməd ibn Müvəffəq “Mənaqib” kitabında bu hədisi qeyd etmişdir.[559]

Hətta məşhur hədis alimi Termizi “Səhih” kitabında Ənəs ibn Malikdən belə nəql edir: “Peyğəmbərin (s) qarşısına qızardılmış quş əti qoyulduğu zaman dedi:

اَللّهُمَّ اَئْتِنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ يَأكُلُ مَعِى هذا الطَّيْرَ فَجاءَ عَلِىٌّ فَاَكَلَ مَعَهُ:

“İlahi! Yaradılmışların ən sevimlisini göndər ki, mənimlə bu quşdan yesin.” Bu vaxt Əli (ə) gəldi və onlar birlikdə yedilər.”[560]

Əllamə Gənci Şafei “Kifayətut-talib” kitabında “Teyr” hədisini qeyd etdikdən sonra yazır: “Bu hədis açıq-aydın təsdiqləyir ki, Əli (ə) Peyğəmbərdən (s) sonra Allahın yaratdıqlarının ən sevimlisidir. Buna ən qəti dəlil budur ki, Allah-taala Peyğəmbərin (s) duasını qəbul etmişdir... Beləliklə, Allahın dərgahına yaxınlaşmaq üçün ən yaxşı vasitə Əli ibn Əbi Talibə (ə), Allahı sevən bir şəxsə məhəbbət bəsləməkdir!”[561]

Hicri qəməri tarixilə üçüncü əsr alimlərindən olan Əllamə Nisai “Xəsais” adlı məşhur kitabında bu hədisi bir sıra əlavələrlə nəql etmişdir.[562]

Hədisi öz kitablarında nəql edən digər alimlərdən “Təzkirətul-xəvass” kitabının müəllifi Sibt ibn Cövzini, “Usdul-ğabə” kitabının müəllifi İbn Əsiri, “Məsabihus-sünnə” kitabının müəllifi İbn Məs’ud Şafeini, “Zəxairul-uqba” kitabının müəllifi Muhibbuddin Təbərini və “Yənabiul-məvəddət” kitabının müəllifi Şeyx Süleyman Bəlxi Qunduzini misal göstərmək olar.

Bə’zilərini heyrətə gətirən budur ki, İbn Əsirin “Usdul-ğabə” kitabında nəql olunan “Teyr” hədisinin sənədlərindən birində (Ənəs ibn Malikdən nəql olunan hədisdə) deyilir: “Əvvəl Əbu Bəkr gəldi, Ənəs onu geri qaytardı. Sonra Osman gəldi, Ənəs onu da geri qaytardı. (Nisainin “Əl-xəsais” kitabında nəql olunan hədisdə isə Osmanın yerinə Ömərin adı qeyd olunur.) Sonra Əli (ə) gəldi və ona evə daxil olmaq icazəsi verildi.”

İbn Əsir sonda yazır: “Bu hədisdə Əbu Bəkr və Osmanın adının çəkilməsi doğrudan da qəribədir!”[563]

Maraqlıdır ki, əhli-sünnənin bə’zi hədis alimləri imam Əlinin (ə) bu misilsiz fəzilətini gözdən salmaq üçün həmin hədisin sənədinə şübhə ilə yanaşmışlar. Məsələn, “Əl-bidayətu vən-nihayə” kitabının müəllifi İbn Kəsir uyğun hədisi nəql etdikdən sonra yazır: “Bu hədisin sənədləri çox olsa belə, ona şəkkim var.”

Halbuki bir çox məşhur mənbələrdə nəql olunmuş bu mütəvatir hədisin sənədinə heç bir irad yoxdur. Sadəcə, hədis onların əqidəsinə uyğun gəlmədiyindən məntiqsiz və yersiz bəhanələrə əl atmışlar. Mərhum Əllamə Əmini bu hədisi nəql etdikdən sonra yazır: “Hədisin doğruluğunu tə’min edən bütün şərtlər mövcud olduğu halda, bir kəsin qəlbində ona şəkk-şübhə varsa, nöqsan hədisdə yox, onun qəlbindədir!”

25-“MƏS’ULUN” (SORĞU-SUALA TUTULANLAR) AYƏSİ

“Saffat” surəsinin 24-cü ayəsində buyurulur ki, qiyamət günü zalımlar haqqında əzab mələklərinə belə xitab olunar:

وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ

“Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar!”

Qiyamətdə onların hansı məsələ haqda sorğu-suala tutulacağı barədə təfsirçilər arasında fikir ayrılığı var; bə’ziləri onların dünyadakı bid’ətlərinə, bə’ziləri çirkin işlərinə, bə’ziləri də Allahın yeganəliyini inkar etdiklərinə görə sorğuya çəkiləcəyini bildirmişlər.[564]

Əlbəttə, ayənin mətnində bütün bu mə’nalar nəzərdə tutula bilər. Lakin bir çox rəvayətlərdə onların Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti barədə sorğu-suala çəkiləcəyindən söz açılır. Bu rəvayətlər İslam mənbələrində qeyd olunmuşdur. “Şəvahidut-tənzil” kitabında iki sənədlə Əbu Səid Xudridən nəql edilən rəvayətdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğu yazılır: “Əli ibn Əbi Talibin vilayəti barədə soruşacaqlar!”[565]

Başqa bir hədisdə Səid ibn Cübeyr, İbn Abbasdan belə nəql edir: Peyğəmbəri-əkrəm (s) buyurmuşdur:



Geri   İrəli
Go to TOP