A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


4. Məaz ibn Cəbəl Peyğəmbəri-əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: “Səni camaatdan ayıran yeddi xislətin var ki, Qüreyş tayfasından heç kim səninlə həmin yeddi məsələdə mübahisə (və bərabərlik iddiası) edə bilməz; sən Allaha iman gətirən birinci şəxssən...”[474]

5. Cə’fər ibn Əbi Talibin zövcəsi Əsma binti Ümeys nəql edir ki, Peyğəmbəri-əkrəm (s) qızı Fatimeyi-Zəhraya (ə.s) buyurdu: “Səni İslamda hamıdan öndə, helmi hamının helmindən böyük, elmi hamının elmindən çox olan bir şəxslə evləndirəcəyəm!”[475]

6. Salman Farsi Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu deyir: “Kövsər hovuzunda mənə qovuşan birinci şəxs İslam dinini qəbul edən birinci şəxsdir: O, Əli ibn Əbi Talibdir!”[476]

7. Əbu Süxeylə deyir: “Mən və Salman həcc əməllərini yerinə yetirdikdən sonra Əbuzərin yanına getdik və bir az onun yanında oturduq. Ayağa qalxıb qayıtmaq istədikdə, dedim: “Ey Əbuzər! Mən bir sıra işlərin baş verdiyini görür və camaatın arasında ixtilaf düşəcəyindən qorxuram. Əgər belə bir hadisə baş versə, mənə nə göstəriş verəcəksən?” Əbuzər dedi: “Allah-taalanın kitabı və Əli ibn Əbi Talibdən ayrılma! Şəhadət verirəm ki, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu özüm eşitmişəm: “Əli mənə iman gətirən və qiyamət günü mənimlə görüşəcək birinci şəxsdir. O, “böyük siddiq” (sözündə və əməlində doğru) və “faruq”dur, yə’ni haqqı batildən ayırandır!”[477]

8. Əbdür-Rəhman ibn Ovf bir hədisdə “əs-sabiqunəl-əvvəlun” (öndə gedən birincilər) ayəsinin təfsirində deyir: “Onlar Qüreyşdən olan on nəfərdir. Onların da içərisində birinci şəxs İslamı ilk qəbul edən Əli ibn Əbi Talibdir (ə).”[478]

9. Cəmaləddin Əbül-Həccac “Təhzibul-kəmal” kitabında Peyğəmbəri-əkrəmin (s) səhabəsi Əbu Rafedən belə nəql etmişdir:

اَوَّلُ مَنْ اَسْلَمَ مِنَ الرِّجالِ عَلِىٌّ:

“Kişilərdən İslamı qəbul edən birinci şəxs Əli (ə) idi!”[479]

10. Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Ənəs ibn Malik o həzrətin belə buyurduğunu nəql edir:

اَوَّلُ هذِهِ الْاُمَّةِ وُرُوداً عَلَىَّ الْحَوْضَ اَوَّلُها اِسْلاماً عَلِىُّ بْنُ اَبِى طالِبٍ (ع):

“Bu ümmətdən Kövsər hovuzunda mənə qovuşan ilk şəxs İslam dinini qəbul edən ilk şəxsdir. O, Əli ibn Əbi Talibdir!”[480]

11. İbn Abbas deyir: “Əli (ə) heç kimdə olmayan dörd xislətə malik idi. “...O, ərəb-əcəm içərisində Peyğəmbəri-əkrəmlə (s) namaz qılan birinci şəxsdir!”[481]

Başqa bir hədisdə isə belə deyir: “Xədicədən sonra iman gətirən birinci şəxs Əli ibn Əbi Talibdir.”[482]

12. Məşhur hədis alimi Nisai “Sünən” kitabında Zeyd ibn Ərqəmdən belə nəql edir: “Peyğəmbərə (s) iman gətirən birinci şəxs Əli ibn Əbi Talibdir (ə)!”[483]

13. Əbu Əhməd Cürcani Şafei “Əl-kamilu fir-rical” kitabında Malik ibn Hurisdən belə nəql edir: “Kişilərdən İslam dinini qəbul edən birinci şəxs Əli, qadınlardan isə Xədicə olmuşdur!”[484]

14. Peyğəmbəri-əkrəmin (s) dövründə müharibədə yaralananlara yardım edən Leyla Qifariyyə adlı bir qadın deyir: “Mən Əlinin (ə) qoşununda müharibə məqsədilə Bəsrəyə getdim. Ayişənin o həzrətə qarşı çıxdığını görüb, şübhəyə düşdüm. Onun yanına gedib soruşdum: “Peyğəmbəri-əkrəmdən (s) Əli (ə) haqqında bir fəzilət eşitmisənmi?” Dedi: “Bəli!” Sonra bir əhvalat danışdı və nəhayət, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu dedi: “Əli mənə iman gətirən birinci şəxsdir!”[485]

15. Əhməd ibn Hənbəl “Müsnəd” kitabında məşhur səhabə Mə’qil ibn Yəsardan belə nəql edir: “Bir gün Peyğəmbərin (s) hüzuruna getmişdim. Peyğəmbər (s) mənə buyurdu: “Fatimə xəstədir, onu görməyə gedirəm!” Biz Fatimənin (ə.s) evinə getdik. Peyğəmbər (s) onun vəziyyətini soruşduqda, Fatimə (ə.s) dedi: “Qəm-qüssəm çox, yoxsulluğum şiddətli, xəstəliyim uzundur...” Peyğəmbər (s) (bu çətinliklərin müqabilində ona təsəlli verərək) buyurdu: “Məgər İslam ümməti arasında hamıdan öndə olan, elmi hamının elmindən çox, helmi hamının helmindən böyük bir şəxslə ailə qurmağından razı deyilsən?”[486]

Diqqət yetirmək lazımdır ki, bu hədis İbn Əbil-Hədidin “Nəhcül-bəlağə”nin şərhi (3-cü cild, səh. 257), İbn Əsakirin “Dəməşqin tarixi” (1-ci cild, səh. 232), Əl-Heysəminin “Məcməüz-zəvaid” (9-cu cild, səh. 101), Müttəqi Hindinin “Kənzül-ümmal” (12-ci cild, səh. 205) və digər əhli-sünnə alimlərinin kitablarında da nəql olunmuşdur.

16. Peyğəmbəri-əkrəmin (s) səhabəsi Abdullah ibn Sabit deyir: “Bir gün Peyğəmbəri-əkrəmin (s) hüzuruna gedib dedim: “Ya Peyğəmbər! Sənin elə bir sevimli səhabən varmı ki, bir hadisə baş verdikdə, ona qoşulaq və bir təhlükə zamanı onun yolunda fədakarlıq göstərək?”

Peyğəmbər (s) buyurdu: “O, hamıdan əvvəl müsəlman olan və İslamı qəbul edən Əlidir!”[487]

Bu hədisdə açıq-aydın göstərilir ki, Abdullah ibn Sabit kimiləri Peyğəmbəri-əkrəmdən (s) sonra imamət və vilayət məqamına kimin hamıdan layiqli olduğunu bilmək istədikdə, Peyğəmbər (s) imam Əlini (ə) göstərmişdir.

17. Peyğəmbəri-əkrəmin (s) Büreydə adlı başqa bir səhabəsi də Mə’qil ibn Yəsarın nəql etdiyi hədisə bənzər bir hədis nəql etmişdir ki, onun sonunda belə deyilir: “Peyğəmbəri-əkrəm (s) Fatimeyi-Zəhraya (ə.s) təsəlli verərək buyurdu: “Allah-taala sənə İslamı hamıdan öncə qəbul edən, elmi hamının elmindən çox, helmi hamının helmindən böyük olan bir ər vermişdir.” Sonra Peyğəmbər (s) buyurdu: “Allaha and olsun! Sənin iki övladın (Həsən və Hüseyn) behişt cavanlarının sərvəridir!”[488]

18. Məhəmməd ibn Əbi Bəkr Ənsarinin “Əl-cövhərə” kitabında nəql etdiyi hədisdə deyilir ki, Əli (ə) Bəsrənin minbərində buyurdu: “Böyük siddiq mənəm. Mən Əbu Bəkrdən qabaq iman gətirdim və İslamı qəbul etdim.”[489]

Şeyx Məhəmməd ibn Mükərrəm Ənsari “Təlxisu tarixid-Dəməşq” adlı kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “İslamı qəbul edən birinci şəxs mənəm!”[490]

“Nəhcül-bəlağə”də də dəfələrlə bu məsələ qeydə alınmış və imam Əli (ə) 131-ci xütbədə belə buyurmuşdur:

اَللّهُمَّ اِنِّى اَوَّلُ مَنْ اَنابَ وَ سَمِعَ وَ اَجابَ لَمْ يَسْبِقْنِى اِلاّ رَسُولُ اللهِ (ص) بالصَّلاةِ:

“İlahi! Sənə üz tutub, əmrini eşidən və qəbul edən birinci şəxs mənəm. Peyğəmbəri-əkrəmdən (s) başqa heç kim məndən öncə namaz qılmamışdır!”[491]

Burada söhbəti nəzərə çarpacaq dərəcədə uzatdıq və təfsir üslubundan xaric olduq. Lakin məsələ bundan da artıq müzakirə tələb edir.

Bu məsələni də İbn Hişamın “Əs-sirətun-nəbəviyyə” adlı məşhur kitabında nəql etdiyi bir rəvayətlə sona çatdırırıq. Əlbəttə, e’tiraf etməliyik ki, bu haqda nəql olunan rəvayətlər olduqca çoxdur. O yazır: “İslamın ilk çağlarında Peyğəmbəri-əkrəm (s) namazı məxfi şəkildə, Məkkənin dərələrində qılardı. Onunla bu yolda bir addım atan və namaz qılan şəxs yalnız Əli ibn Əbi Talib (ə) idi... Günlərin birində atası Əbu Talib ondan “Oğlum! Sənin qəbul etdiyin bu din nədir” deyə soruşduqda, Əli (ə) buyurdu: “Atacan! Mən Allaha, Peyğəmbərinə (s) və Allah tərəfindən göndərilənə iman gətirmişəm və onunla birgə namaz qılıram...” Əbu Talib dedi: “Agah ol ki, o, səni yalnız xeyir və yaxşılığa də’vət edir. Ondan heç vaxt ayrılma!”[492]

***

İmam Əlinin (ə) ilk müsəlman olaraq iman gətirməsi o qədər aydın bir məsələdir ki, məşhur şairlər də şe’rlərində bunu həzrətin iftixar və fəziləti kimi qeyd etmişlər. Şairlərdən biri demişdir:

“Ələysə əvvələ mən səlla li-qiblətikum,

Vəə’ləmənnasə bil-Qur’ani vəs-sunəni?”

“Məgər o, sizin qiblənizə tərəf namaz qılan, Qur’anı və sünnəni hamıdan yaxşı bilən birinci şəxs deyilmi?!”

Başqa bir şair isə belə demişdir:

“Fə-haza və fil-İslami əvvəlu muslimin,

Və əvvəlu mən səlla və samə və həllən.”

“O, İslam aləmində ilk müsəlman, namaz qılan, oruc tutan və “La ilahə illəllah” deyən şəxsdir!”

Mərhum Əllamə Əmini “Əl-qədir” kimi dəyərli əsərində buna toxunan on nəfərdən çox şairin adını və şe’rlərini qeyd etmişdir.[493] O, həmin kitabda Peyğəmbəri-əkrəm (s), Əmirəl-mö’minin Əli (ə), səhabə və tabeindən (tarix və hədis alimlərinin kitablarından) yüzdən artıq hədis nəql etmişdir. Onların hamısında imam Əlinin (ə) kişilər içərisində İslam peyğəmbərinə (s) iman gətirən ilk şəxs olduğu göstərilir.

***

Sual: Burada İslamın əvvəllərindən bə’zi bəhanə axtaranlar tərəfindən belə bir məşhur sual irəli sürülmüşdür: “Düzdür, Əli (ə) İslamı qəbul edən birinci şəxsdir, lakin yetkinlik həddinə çatmayan 10 yaşlı bir uşağın İslamı qəbul etməsi nə qədər mühüm ola bilər?! Halbuki onun yetkinlik dövrünü me’yar və əsas götürsək, başqaları ondan qabaq İslamı qəbul etmişlər.”

Cavab: Burada xəlifə Mə’munla onun müasiri İshaq adlı məşhur əhli-sünnə alimi arasında baş verən danışıqları qeyd etməyi münasib görürük (bu əhvalatı İbn Əbdu Rəbbih “İqdul-fərid” kitabında qeyd etmişdir):

“Mə’mun, İshaqa deyir: “İslam peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün ən fəzilətli əməl nə ola bilərdi?

İshaq: “Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə səmimi qəlbdən şəhadət vermək.”

Mə’mun: “Əlidən öncə İslamı qəbul edən bir şəxsi tanıyırsanmı?”

İshaq: “Əli İslamı qəbul edəndə, yaşı çox az idi və ilahi hökmlər ona aid deyildi.”

Mə’mun: “Məgər Əlinin İslam dinini qəbul etməsi Peyğəmbəri-əkrəmin (s) də’vəti ilə olmayıbmı? Məgər Peyğəmbər (s) onun İslama gəlişini qəbul etmədimi? Belə isə, necə ola bilər ki, Peyğəmbər (s) bir kəsi İslama də’vət etsin, amma onun İslama gəlişi qəbul olunmasın?”

İshaq, Mə’munun bu sualına cavab verə bilməyib susdu.[494]

Mərhum Əllamə Əmini bu əhvalatı “İqdül-fərid” kitabından nəql etdikdən sonra yazır: “Əbu Cə’fər İskafi Mö’təzili (vəfatı: 240-cı h.q ili) öz risaləsində yazmışdır ki, hamının bildiyi kimi, imam Əli (ə) çərşənbə axşamı Peyğəmbərə (s) iman gətirmiş və özü buyurmuşdur ki, mən başqalarından yeddi il qabaq namaz qılmağa başlamışam! O, həmişə deyərdi: “Mən İslamı qəbul edən ilk şəxsəm.” Bu isə hər məşhur məsələdən məşhurdur. Biz keçmişdəkilər arasında elə bir şəxs tapa bilmədik ki, Əlinin (ə) İslamı qəbul etməsini yüngül saysın, yaxud “İslamı uşaq ikən qəbul etdi” desin. Maraqlıdır ki, Abbas və Həmzə kimi şəxsiyyətlər İslamı qəbul etmək üçün Əbu Talibin rəftarını gözləyirdilər. Lakin Əbu Talibin oğlu heç vaxt atasını gözləməyərək, Peyğəmbərə (s) iman gətirdi.”[495]

Bir sözlə, İslam peyğəmbəri (s) imam Əlinin (ə) imanını qəbul etdiyi halda, bunu mö’təbər saymayanlar həqiqətdə Peyğəmbəri-əkrəmə (s) irad tuturlar. Bir də “Yovmud-dar” hədisində dedik ki, Peyğəmbər (s) Qüreyşin mühüm adamlarını bir yerə yığıb, onları İslam dininə də’vət edərkən belə buyurmuşdur: “İslamın müdafiəsinə qalxaraq də’vətimi qəbul edən şəxs mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəm olacaqdır.” O zaman Əli ibn Əbi Talibdən (ə) başqa heç kim bu işi qəbul etmədi və Peyğəmbərə (s) cavab olaraq dedi: “Mən sənə bey’ət edirəm və sənin köməkçinəm.” Peyğəmbər (s) də buyurdu: “Sən mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəmsən!”[496]

Beləliklə, Peyğəmbəri-əkrəm (s) o gün yetkinlik həddinə çatmayan, bəhanə axtaranların dediyi kimi, imanı e’tibarsız olan bir kəsi öz qardaşı, vəsisi və canişini kimi tanıtdırıb, başqalarına da ona tabe olmağı əmr etmədimi? Hətta müşriklərin böyükləri istehza ilə Əbu Talibə dedilər ki, get, oğluna tabe ol!

Şübhəsiz, büluğ həddi İslamın qəbul şərtlərindən deyil. Kifayət qədər ağlı kəsən, yaxşı-pisi ayırd edən hər bir yeniyetmə uşaq İslamı qəbul etsə, atası müsəlman olmasa belə, müsəlmanların zümrəsinə daxil olur. Qur’ani-kərimin ayələrindən də başa düşülür ki, yetkinlik həddi hətta nübüvvət və peyğəmbərliyin şərtlərindən də sayılmır. Peyğəmbərlərdən bə’zisi elə uşaq ikən bu məqama çatmışlar. Belə ki, Qur’ani-kərimdə Yəhya (ə) haqqında buyurulur: “Biz ona uşaq ikən peyğəmbərlik verdik!”[497] Həzrət İsanın (ə) əhvalatında onun uşaq ikən “Mənə kitab verən, peyğəmbərliyə seçən Allahın bəndəsiyəm”[498] dedikləri qeyd olunmuşdur.

Qeyd olunanlar arasında ən aydın dəlil Peyğəmbərin (s) imam Əlinin (ə) imanını qəbul etməsi, də’vətinin ilkin çağlarında Qüreyş böyüklərinin qarşısında onu öz qardaşı, (özündən sonra) vəsi və xəlifəsi e’lan etmişdir. Beləliklə, “Əli (ə) Peyğəmbərin (ə) də’vətini qəbul edən ilk şəxsdir” deyən rəvayətlər imam Əlinin (ə) misilsiz fəzilətini açıqlayır. Heç kim bu işdə onunla qarşı-qarşıya dura bilməz və o, İslam ümməti içərisində Peyğəmbərin (s) canişinliyinə hamıdan layiqdir.

19-“UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ

“Haqqə” surəsinin 12-ci ayəsində buyurulur:

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ

“Məqsəd bu idi ki, bunu (mö’minlərə Nuhun gəmisi ilə nicat verib, tufan vasitəsilə kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu (və bu kimi hadisələri) eşidib yadda saxlayacaq (ki, başqaları da ibrət götürsünlər)!”

Süyuti “Əd-durrul-mənsur” kitabında altı sənədlə məşhur səhabə Büreydədən nəql edir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:

اِنَّ اللهَ اَمَرَنِى اَنْ اُدْنِيَكَ وَلا اُقْصِيَكَ، وَاَنْ اُعَلِّمَكَ وَاَنْ تَعِىَ، وَحَقٌّ لَكَ اَنْ تَعِىَ، فَنَزَلَتْْ هذِهِ الآيَةُ وَتَعِيَها اُذُنٌ واعِيَةٌ:

“Allah-taala mənə əmr etdi ki, səni özümə yaxın bilim və özümdən uzaqlaşdırmayım, sənə tə’lim verim və səni saxlayım. Sən buna layiqsən!” Elə bu zaman bu ayə nazil oldu: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq!”[499]

Yenə həmin kitabda (Əbu Nəim İsfahaninin “Hilyətül-övliya” kitabından) imam Əlidən (ə) bunu nəql edir və Peyğəmbəri-əkrəmin (s) yuxarıda qeyd etdiyimiz sözlərdən (Büreydənin nəql etdiyi hədisdən) sonra belə buyurduğunu yazır: “Ya Əli! Sən mənim elmimi qoruyub-saxlayacaqsan!”[500]

Yenə həmin kitabda beş sənədlə Peyğəmbərin (s) Məkhul adlı xidmətçisindən belə nəql edir: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) buyurdu: “Rəbbimdən istəyirəm ki, eşidib yadda saxlayan qulaq Əlinin olsun!” Əli (ə) deyir: “Bundan sonra Allahın Peyğəmbərindən (s) elə bir söz eşitmədim ki, onu yaddan çıxarım!”[501]

Eləcə də, Zəməxşəri “Kəşşaf” kitabında qeyd etdiyimiz sonuncu hədisi iradsız nəql etmişdir.[502]

Digər təfsir alimləri də, o cümlədən, Fəxri-Razi “Kəbir”[503], Alusi “Ruhul-məani”[504], Borsui “Ruhul-bəyan”[505] və Qurtubi “Təfsiri-came”də[506] həmin ayənin təfsirində bu hədisi nəql etmişlər. Təbəri də “Təfsir” kitabında bu haqda bir sıra hədislər nəql etmişdir.[507]

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində müxtəlif ravilərdən sonu Peyğəmbəri-əkrəmə (s) çatan on üç hədis nəql etmişdir. Bu hədislərdən bə’zisini Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Məkhuldan, bə’zisini Büreydədən, bə’zisini imam Əli ibn Əbi Talibdən (ə), bə’zisini Cabir ibn Abdullah Ənsaridən nəql etmişdir. Onların bir qismini nəzərdən keçirək:

Əbud-Dünyanın imam Əlidən (ə) nəql etdiyi bir hədisdə belə deyilir: ”Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) mənə buyurdu: “Ya Əli! Mən Allahdan istəmişəm ki, o qulaq sənin qulağın olsun.” (Eşitdiklərini yadda saxlayıb, başqalarına çatdırasan.)[508]

Məkhuldan nəql olunan başqa bir hədisdə belə buyurulur: “Peyğəmbəri-əkrəm (s) “və təiyəha uzunun-vaiyəh” (Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq) ayəsini tilavət etdikdən sonra üzünü Əliyə (ə) tutub buyurdu: “Allahdan istəmişəm ki, eşidib yadda saxlayan qulaqlar sənin qulaqların olsun!” Əli (ə) deyir: “Ondan sonra Peyğəmbərdən (s) hər nə eşidirdimsə, yadımdan çıxmırdı!”[509]

Həmin kitabda Büreydə Əsləminin hədisi olduğu kimi nəql edilir. Nəhayət, Cabir ibn Abdullah Ənsarinin belə dediyi yazılır: “Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) Allahdan istədi ki, bu fəzilət Əliyə (ə) nəsib olsun və Peyğəmbərin (s) də bu istəyi qəbul oldu.”[510]

“Fəzailul-xəmsə”nin müəllifi bu hədisi qeyd edilən kitablardan əlavə, “Kənzül-ümmal”, “Nurul-əbsar”, “Məcməüz-zəvaid” (Heysəmi) və “Əsbabun-nüzul” (Vahidi) kitablarından da nəql etmişdir.[511]

Nəticə: İmamət, vilayət və Peyğəmbərin (s) canişinliyinin şərtlərinə, ilahi rəhbərlərin elm və bilikdən kifayət qədər bəhrələnməsinə, eləcə də, bəhs etdiyimiz ayənin təfsirində nəql olunan rəvayətlərə əsasən, imam Əli (ə) imamət və vilayət məqamına daha çox layiqdir!

20-“MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ

“Məryəm” surəsinin 96-cı ayəsində buyurulur:

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا

“Həqiqətən, iman gətirən və saleh iş görənlər üçün Allah (mö’minlərin ürəklərində) bir məhəbbət yaradacaqdır!”

Bu ayədə açıq-aydın göstərilir ki, iman və saleh əməl insanlar arasında məhəbbət və sevgiyə səbəb olur. Bəli, iman və saleh əməl qəribə cazibədarlığa malikdir ki, ürəkləri yumşaldır. Günahkar insanlar belə, pak və saleh əməldən ləzzət alırlar.

Bu ayənin təfsiri ilə əlaqədar əhli-sünnə mənbələrində Peyğəmbərdən müxtəlif rəvayətlər nəql olunmuşdur. Həmin rəvayətlərdə onun imam Əli (ə) haqqında nazil olması bildirilir. Qeyd etdiyimiz kimi, ayənin müəyyən bir şəxs haqqında nazil olması həmin şəxsin kamil nümunə olduğunu göstərir. Bu isə ayənin əhatəli mə’nası ilə əsla ziddiyyət təşkil etmir.

“Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə Bərra ibn Azib, Əbu Rafe, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Əbu Səid Xidri və Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədisdə deyilir ki, bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Həzrətin məhəbbəti hər bir mö’minin qəlbində yer tutmuşdur.

Əbu Səid Xudridən nəql olunan hədisdə deyilir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:

:يا اَبَاالْحَسَن! قُل اَللّهُمَّ اجْعَلْ لِى عِنْدَكَ عَهْداً وَاجْعَلْ لِى فِى صُدُورِهِ الْمُؤمِنِينَ مَوَدَّةً:

“Ya Əbəl-Həsən, de ki: “İlahi! Yanında əhd-peymanımı qəbul et[512] və məhəbbətimi mö’minlərin qəlbinə sal!”

Bu zaman “Həqiqətən, iman gətirən və saleh iş görənlər üçün Allah (mö’minlərin ürəklərində) bir məhəbbət yaradacaqdır” ayəsi nazil oldu və Peyğəmbər (s) buyurdu:

لا تَلْقِى رَجُلاً مُؤمِناً اِلاّ فِى قَلْبِهِ حُبٌّ لِعَلِىِّ بْنِ اَبِى طالِبٍ:

“Buna görə də elə bir mö’min tapılmaz ki, onun qəlbində Əli ibn Əbi Talib məhəbbəti olmasın!”[513]

Bu hədis azacıq fərqlə Cabir ibn Əbdüllahdan, Bərra ibn Azibdən[514], həmçinin (bir neçə sənədlə) Məhəmməd ibn Hənəfiyyədən nəql olunmuşdur. Bu hədisdə Əlidən (ə) əlavə, Əhli-beytin məhəbbəti qeyd olunmuşdur. Ümumiyyətlə, bu kitabda müxtəlif sənədlərlə eyni mə’na daşıyan iyirmi rəvayət nəql olunmuşdur.[515]

Süyuti “Əd-durrul-mənsur” kitabında bu hədisi müxtəlif sənədlərlə Bərra ibn Azib və İbn Abbasdan nəql etmişdir.[516]

Zəməxşəri “Kəşşaf” kitabında (bəhs etdiyimiz ayənin təfsirində) Peyğəmbəri-əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: “Allahdan istə ki, Öz dərgahında səninlə əhd-peyman (şəfaət) bağlasın, məhəbbətini mö’minlərin qəlbinə yerləşdirsin.” Elə bu zaman həmin ayə nazil oldu.”[517]

Məşhur təfsir alimi Qurtubi bu rəvayəti eynilə nəql etmiş və “Kəşşaf” kitabının müəllifi kimi rəvayətə irad tutmamışdır.[518]

Bu hədisi nəql edən digər alimlər aşağıdakılardır:

–Sibt ibn Cövzi: “Ət-təzkirə” kitabı[519];

–Muhibbuddin Təbəri: “Zəxairul-uqba” kitabı[520];

–İbn Səbbağ Maliki: “Əl-füsulul-muhimmə” kitabı[521];

–Heysəmi: “Əs-səvaiq” kitabı[522];

–İbn Səbban: “Əs’afur-rağibin”[523] və imamət məsələsi ilə bağlı sair kitablar.

Bu hədislərə münasibətdə məşhur təfsir alimlərindən yalnız “Ruhul-məani” kitabının müəllifi Alusi mənfi mövqedədir. O bu hədisi nəql etdikdən sonra onu əhəmiyyətsiz qələmə vermək istəmişdir. Hədisi Bərra ibn Azibdən nəql edərək, onu Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədislə təsdiqləyib yazır: “Ayə kiminsə haqqında nazil olmayıb, ümumi mə’na ifadə edir.”[524]

Dəfələrlə deyildiyi kimi, heç kim ayənin nazilolma səbəbi ilə onun ümumiliyini məhdudlaşdırmaq istəmir. Belə bir səbəb ayənin kamil nümunəsini göstərir. Başqa sözlə, bu rəvayətlərdə imam Əli (ə) haqqında deyilənlər, onun bütün mö’minlərin ürəklərində yerləşən məhəbbəti həzrət üçün böyük fəzilət sayılır və bu baxımdan kimsə onunla müqayisə oluna bilməz.

Görəsən, məhəbbəti mö’minlərin qəlbinə dolmuş bir kəs imamət və vilayət məqamına hamıdan artıq layiq deyilmi?!

21-“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ

“Məhəmməd” (s) surəsinin 30-cu ayəsində buyurulur:

وَلَوْ نَشَاء لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَاهُمْ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ

“Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərərdik, sən də onları mütləq tanıyardın. Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!”

Bu ayədə isə düşmənçiliyə işarə olunur. Allah-taala münafiqlər və onların nişanələri haqda söz açaraq buyurur: “Əgər Biz istəsək, onları sənə göstərər, hətta onların çöhrələrinə əlamət və nişanə qoyarıq. Bununla da bir baxışla onları tanıyarsan.” Sonra əlavə edərək buyurur: “Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!” Çünki hər vaxt cihad və müharibədən söz düşəndə, onlar bu işdən boyun qaçırmağa və camaatı ruhdan salmağa cəhd göstərəcək, yaxşı və pak insanlardan söz düşdükdə isə onları ləkələməyə çalışacaqlar.

Əbu Səid Xudridən nəql olunan məşhur bir hədisdə “Onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan” cümləsinin təfsiri ilə bağlı belə deyilir: “Onlar Əli ibn Əbi Talibə olan kin-küdurət və ədavətləri ilə tanınarlar.”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu hədisi üç sənədlə, Süyuti isə “Əd-durrul-mənsur” təfsirində İbn Mərdəveyh və İbn Əsakirdən (onlar da Əbu Səid Xudridən) nəql etmişlər.[525]

Süyuti İbn Abbasdan başqa bir rəvayət nəql edir: “Biz Peyğəmbəri-əkrəmin (s) dövründə münafiqləri yalnız Əli ibn Əbi Talibə (ə) kin-küdurət və ədavətləri ilə tanıyırdıq!”[526]

Bu hədisi nəql edən ravilər və kitablar yuxarıdakılarla bitmir. Onu Cabir ibn Abdullah Ənsari və Əbuzər Qifari də nəql etmişdir.

İbn Əbdül-Bir “İstiyab” kitabında Cabir ibn Abdullah Ənsaridən, Muhibbuddin Təbəri isə “Ər-riyazun-nuzrə” kitabında Əbuzər Qifaridən belə nəql etmişdir: “Biz Peyğəmbəri-əkrəmin (s) dövründə münafiqləri ancaq üç yolla tanıyırdıq: Allahı və Peyğəmbəri (s) təkzib etdikdə, namazdan (camaat namazından) boyun qaçırdıqda və Əli ibn Əbi Talibə (ə) ədavət bəslədikdə.”[527]



Geri   İrəli
Go to TOP