A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتِى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:

“Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona qulaq asın və tabe olun!”[446]

Bəli, İbn Əsirin nəql etdiyi bu hədisdə “xəlifəti fikum” (sizin aranızda mənim xəlifəm) ifadəsindən görünür ki, Peyğəmbərin (s) mö’cüzələrindən biri də Əlini (ə) on üç yaşında ikən özündən sonraya xəlifə kimi tanıtdırması idi. Kim deyə bilərdi ki, on üç yaşlı bir uşaq gələcəkdə varlıq aləminin ən böyük şəxsiyyəti, Peyğəmbərin (s) canişini olacaq?! Peyğəmbəri-əkrəm (s) isə bunu həm də’vətinin ilk çağlarında, həm də ömrünün sonunda (“Qədir-Xum” da) bəyan etmişdir. Məgər bunlar imam Əlinin (ə) imamətini sübut edən aydın dəlillər deyilmi?

16-“MƏRƏCƏL-BƏHREYN” AYƏSİ

“Ər-rəhman” surəsinin 19-22-ci ayələrində buyurulur:

مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ

“O, iki dənizi bir-birinə qovuşdurdu. Halbuki onların arasında maneə var və bir-birinə qarışmırlar. Belə olduqda, Rəbbinizin hansı ne’mətlərini danırsınız? O iki dənizdən inci və mərcan çıxır!”

Alimlərin bu ayələrin təfsirində çoxlu mübahisəli fikirləri var. Biz bu barədə “Təfsiri-nümunə” kitabında geniş söz açmışıq.

Bə’ziləri demişlər: “Ayədə qeyd olunan iki dənizdən məqsəd suları şirin və şor olan, eyni zamanda bir-birlərinə qarışmayan iki dənizdir. Dünyanın bir çox məntəqələrində bunu müşahidə etmək olar.

Diqqəti cəlb edən digər bir təfsirə görə, burada məqsəd dünya okeanının ekvator boyu isti sularını hər iki qütbə doğru yönəldən (Qolfştrem cərəyanı kimi) böyük axın və cərəyanlardır. Bə’zən onların rəngi də ətraf suların rəngindən fərqlənir. Hətta bə’zən onların eni 150 km, dərinliyi 100-200 metr olur. Gün ərzində saatda 160 km sür’ətlə hərəkət edir və istiliyi ətraf sulardan fərqlənərək, 10-15 dərəcəyə çatır. Belə isti su cərəyanları isti küləklər yaradır. O şimal istiqamətindəki məntəqə və ölkələrin havasını dəyişir, mülayimləşdirir. Əgər bu cərəyanlar baş verməsə həmin ölkələrdə həyat tərzi çətin və dözülməz olar.

Əlbəttə, bu iqlim hadisəsi dünyanın beş qitəsinin sularında müşahidə olunur. Bu prosesin əsas amili suyun ekvator xətti boyunca, hər iki qütbdə fərqliliyidir. (Bu barədə əlavə izahat istəyənlər “Təfsiri-nümunə” kitabının 23-cü cildinin 131-ci səhifəsinə müraciət etsinlər.)

Qur’an ayələrinin zahiri və batini mə’naları olduğundan, bə’zən ayələr həm zahiri, həm də batini baxımdan təfsir edilir. İslam rəvayətlərində bu “iki dəniz”in batini təfsiri Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), ayədə qeyd olunan inci və mərcan sözlərinin təfsiri isə Həsən və Hüseyndir (ə).

“Şəvahidut-tənzil” kitabında “O, iki dənizi bir-birinə qovuşdurdu” ayəsinin təfsirində Salman Farsidən nəql olunan rəvayətdə deyilir ki, məqsəd Əli (ə) və Fatimeyi-Zəhradır (ə.s). Sonra əlavə edərək Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu yazır: “O iki dənizdən inci və mərcan çıxır” ayəsindən məqsəd Həsən və Hüseyndir (ə).[447] Bu məzmunda digər bir oxşar rəvayət İbn Abbas və Zəhhakdan nəql olunmuşdur.[448] Yenə həmin kitabda Səid ibn Cübeyrdən, o da İbn Abbasdan belə nəql edilir ki, “O, iki dənizi bir-birinə qovuşdurdu” ifadəsində məqsəd Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), “Onların arasında maneə vardır və bir-birinə qatışmırlar” ifadəsində məqsəd sonsuz və kəsilməyən əbədi məhəbbət, “O iki dənizdən inci və mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).[449]

Başqa bir hədisdə “Onların arasında maneə vardır və bir-birinə qarışmırlar” ayəsinin təfsirində İbn Abbasdan nəql olunan açıq-aydın bir rəvayətdə belə deyilir: “Əli (ə) ilə Fatimeyi-Zəhranın (ə.s) arasında elə sevgi və məhəbbət vardır ki, kin-küdurəti tamamilə uzaqlaşdırır.”[450]

Ayədə qeyd olunan “bərzəx” sözü lüğətdə iki şey arasındakı maneə mə’nasını daşıyır. Burada da məqsəd kin-küdurəti qovan dostluq və məhəbbətdir.

Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin zahiri mə’nası ilə bağlı rəvayətləri qeyd etdikdən sonra, öncə vurğuladığımız hədislərin batini mə’nası ilə bağlı İbn Abbasdan, o da Peyğəmbəri-əkrəmdən (s) nəql edərək yazır: “İbn Mərdəveyh “O, iki dənizi bir-birinə qovuşdurdu” ifadəsinin təfsirində İbn Abbasdan nəql edir ki, məqsəd Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), “O iki dənizdən inci və mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).”[451]

O, bu rəvayəti Ənəs ibn Malikdən də nəql etmişdir.[452]

Məşhur təfsir alimi Alusi “Ruhul-məani” kitabında yuxarıdakı rəvayəti İbn Abbas və Əyas ibn Malikdən, eləcə də Təbərsinin vasitsilə Salman Farsi, Səid ibn Cübeyr və Süfyan Suridən nəql etdikdən sonra belə yazır: “Mənim nəzərimcə, bu rəvayətlər səhih və düzgün olsa da, bu ayənin təfsiri ilə heç bir əlaqəsi yoxdur. Üstəlik sufilərin bir çox ayələrlə bağlı yozumlarına bənzəyir. Əlbəttə, bizim nəzərimizcə, Əli və Fatimə elm və fəzilət baxımından dəryalardan da böyükdür. Həmçinin Həsən və Hüseyn inci və mərcandan daha gözəl, daha cəlbedicidir.”[453]

Həqiqətdə, onun Peyğəmbərin (s) Əhli-beytinə münasibətdə bu e’tirafı tə’rifəlayiqdir; bu şərtlə ki, qeyd etdiyimiz rəvayətləri dəyərdən salmaq məqsədi olmasın. Alusi guya unutmuşdur ki, bu hədis müxtəlif sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql olunmuş və o həzrətin də ayələri yozmağa ixtiyarı var! Amma bunun sufilərin azğın fikirləri və sənədsiz yozumları ilə müqayisəsi zülm, haqsızlıqdır və belə bir alimin şə’nindən uzaqdır.

Ümumiyyətlə, bu ayə də imam Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseynin (ə) böyük fəzilətini sübuta yetirən ayələrdən biridir. Çünki Əli (ə) və Fatimeyi-Zəhra (ə.s) Alusinin yazdığı kimi, iki böyük dəryaya bənzəyirlər. Belə ki, onlar Allahın əzəmətli nişanələri, xeyir-bərəkət mənbəyi, elm və biliklərin başlanğıcı, ismət, paklıq, səxavət, əxlaq və s. göstəriciləridir. Alusi onların övladlarını elm və təqvada, fəzilət və paklıq baxımından dəryanın tayı-bərabəri olmayan, qiymətli, misilsiz ləl-cavahirinə bənzədir. Axı, İslamda kimin haqqında bu qədər fəzilət sadalanmışdır?! Peyğəmbərin (s) canişinliyinə Əli (ə) və onun övladlarından başqa kim layiq ola bilər?! Alimlər özlərinə bu qədər fəzilətlərə etinasızlıqla yanaşmağa necə icazə verirlər?!

17-“NƏCVA” (PIÇILTI) AYƏSİ

“Mücadilə” surəsinin 12-13-cü ayələrində buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً ذَلِكَ خَيْرٌ لَّكُمْ وَأَطْهَرُ فَإِن لَّمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ أَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

“Ey iman gətirənlər! Peyğəmbərlə məxfi danışığa getməzdən öncə (Allah yolunda) sədəqə verin. Bu sizin üçün daha xeyirli, daha pakdır. Əgər bir şey tapmasanız, (bilin ki,) Allah bağışlayan və rəhm edəndir. Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?! İndi ki, siz bu işi etmədiniz və Allah da tövbənizi qəbul etdi, onda namaz qılın, zəkat verin, Allaha, Onun Peyğəmbərinə itaət edin (və bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır!”

Bu iki ayədə mövcud olan dəlillərdən, eləcə də, bir çox alimlərin, o cümlədən, Təbərsinin “Məcməül-bəyan”, Fəxri-Razinin “Kəbir”, Qurtubinin “Əl-camiu li-əhkamil-Qur’an”, Alusinin “Ruhul-məani” və digər təfsir kitablarında onun nazil olma səbəbilə əlaqədar qeydlərindən belə başa düşülür ki, bə’zən müsəlmanlar (bə’zi təfsirçilərin yazdıqları kimi, sərvətli müsəlmanlar) Peyğəmbərin (s) yanında mövqe qazanmaq üçün hər bir kiçik və əhəmiyyətsiz məsələni ona pıçıltı ilə və məxfi şəkildə bildirirdilər. Nadanlar anlamırdılar ki, Peyğəmbər (s) vaxtını bir fərdin əhəmiyyətsiz sözlərinə sərf etməklə mühüm işlərdən qalır. Bu iş həm də zəif və yoxsul təbəqəni narahat edirdi. Bu zaman qeyd etdiyimiz birinci ayə nazil oldu və müsəlmanlara belə bir göstəriş verildi: “Əgər Peyğəmbərlə məxfi şəkildə danışmaq istəyirsinizsə, bu işdən öncə Allah yolunda sədəqə verin.” Bu göstəriş maraqlı bir sınaqla yanaşı, Peyğəmbərlə (s) səmimi əlaqədə olduğunu iddia edənlərə tutarlı bir cavab oldu. Bir nəfərdən (yalnız imam Əmirəl-mö’minin Əlidən (ə)) başqa heç kim Peyğəmbərlə (ə) məxfi danışmaqdan əvvəl sədəqə vermədi.

Bununla da müsəlmanlar imam Əlinin (ə) Allah və Onun Peyğəmbərinin (s) yanında yüksək məqama malik olduğunun şahidi oldular. Qısa bir müddətdən sonra ikinci ayə nazil olub, birinci ayədə qeyd olunan hökmü ləğv etdi. Bununla da mə’lum oldu ki, bə’zilərinin ürəklərində sərvət, mal-dövlət sevgisi Peyğəmbərlə (s) məxfi danışmaqdan artıqdır. Həm də aydın oldu ki, məxfi danışmaq istəyənlərin sözləri əhəmiyyətsizdir. Onların bu işdə məqsədi yalnız ictimai mövqe qazanmaq idi.

Bu ayənin təfsiri ilə bağlı çoxlu rəvayət nəql olunmuşdur ki, onun hökmünə əməl edən şəxs yalnız imam Əli (ə) olmuşdur. “Şəvahidut-tənzil” kitabında nəql olunur ki, Mücahid imam Əlinin (ə) belə buyurduğunu demişdir:

اِنَّ فِى الْقُرْآنِ لآيَة ما عَمِلَ بِها اَحَدٌ قَبْلِى وَلا بَعْدِى وَهِىَ آيَةُ النَّجْوى، قالَ كانَ لِى دِينارٌ فَبِعْتُهُ بِعَشَرَةِ دَراهِمَ، فَكُلَّما اَرَدْتُ اَنْ اُناجِىَ النّبِىَّ (ص) تَصَدَّقْتُ بِدِرْهَمٍ مِنْهُ ثُمَّ نُسِخَتْ:

“Qur’anda bir ayə var ki, məndən qabaq və məndən sonra ona əməl edən bir kəs olmayıb və olmayacaq da; bu “nəcva” ayəsidir. Mənim bir dinar pulum var idi, onu on dirhəmə satdım. Bununla da hər vaxt Peyğəmbərlə (s) məxfi danışmaq istəsəydim, bir dirhəm sədəqə verərdim. Lakin bir müddətdən sonra o ayənin hökmü (sonrakı ayənin vasitəsilə) ləğv oldu.”[454]

Başqa bir rəvayətdə Əbu Əyyub Ənsaridən belə nəql olunur: “Bu ayə Əli (ə) haqda nazil olmuşdur. Əli (ə) Peyğəmbərlə (s) on dəfə məxfi danışdı və hər danışığından əvvəl bir dirhəm sədəqə verdi.”[455]

Növbəti rəvayətdə Mücahiddən belə nəql olunur: “Qur’ani-kərimdə bir ayə var ki, hökmü ləğv olana qədər Əli ibn Əbi Talibdən (ə) başqa heç kim ona əməl etmədi. Həmin ayə “nəcva” ayəsidir. O, Allahın Peyğəmbəri ilə məxfi danışdı və bir dinar pul sədəqə verdi.”[456]

Həmin kitabda bu barədə təxminən, on rəvayət nəql olunmuşdur.

Süyuti “Əd-durrul-mənsur” təfsirində də bu rəvayəti (yeddi müxtəlif sənədlə), onun düzgünlüyü ilə bağlı Hakim Nişapurinin e’tirafını və imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Qur’ani-kərimdə bir ayə var ki, məndən qabaq və sonra ona əməl edən olmayıb və olmayacaq.” Sonra hədisin davamını “Şəvahidut-tənzil” kitabında nəql olunduğu kimi qeyd etmişdir.[457]

Yenə həmin kitabda müxtəlif ravilərdən belə nəql olunmuşdur: “Peyğəmbər (s) (şəxsi danışığa gəlmək istəyənlərin nə qədər sədəqə verəcəkləri barədə Əli (ə) ilə məsləhətləşib) buyurdu: (Ya Əli!) Bir dinar necədir? Əli (ə) dedi: (Ya Peyğəmbər (s)) Camaatın ona gücü çatmaz. Peyğəmbər (s) buyurdu: Bir dinarın yarısı necə? Əli (ə) dedi: Buna da camaatın gücü çatmaz. Buyurdu: Bəs, nə qədər olsa, yaxşıdır? Dedi: Bir arpa ağırlığı qədər qızıl pul! Peyğəmbər (s) buyurdu: (Ya Əli!) Onun miqdarını çox az dedin!

Onların söhbətindən bir az keçməmişdi ki, ”Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?! İndi ki, siz bu işi etmədiniz və Allah da tövbənizi qəbul etdi, onda namaz qılın, zəkat verin...” ayəsi nazil olub, ötən hökmü ləğv etdi.

Əli (ə) buyurur: “Allah-taala mənim vasitəmlə bu ümmətin yükünü yüngülləşdirdi.”[458]

Bu məsələ ilə əlaqədar Bursuinin “Ruhul-bəyan” təfsirində Abdullah ibn Ömər ibn Xəttabdan nəql etdiyi bir hədis diqqəti daha çox cəlb edir. O deyir: “Əgər Əlinin (ə) malik olduğu üç fəzilətdən biri məndə olsaydı, bir dəstə qırmızı dəvəyə[459] (ən qiymətli mala) sahib olmağımdan daha yaxşı olardı. Birincisi, Əlinin (ə) Fatimeyi-Zəhra (ə.s) ilə evlənməsi, ikincisi, “Xeybər” müharibəsində qələbə bayrağını əlinə götürməsi, üçüncüsü, “nəcva” ayəsidir.”[460]

Bu hədisi Zəməxşəri “Kəşşaf”, Qurtubi “Əl-camiu li-əhkamil-Qur’an” və Təbərsi “Məcməül-bəyan” kitablarında nəql etmişlər.[461]

Həqiqətdə, Abdullah ibn Ömər üç həssas və mühüm məsələyə işarə etmişdir. Çünki Peyğəmbərin (s) buyurduğu kimi, bütün dünya qadınlarının ən fəzilətlisi Fatimeyi-Zəhraya (ə.s) layiq, yalnız Əlidir (ə) və Peyğəmbərdən (s) sonra bəşəriyyətin qəhrəmanı odur! “Xeybər” döyüşündə İslam sərkərdələrinin məğlub olduğu zaman Peyğəmbərin (s) bayrağı imam Əliyə (ə) verməsi və bununla da müsəlmanların bu döyüşdə qələbə qazanması başqalarının arzuladığı misilsiz bir fəzilətdir. “Nəcva” ayəsinə gəldikdə isə, bu ayəyə əməl edən yeganə şəxs imam Əli (ə) olmuşdur.

Qəribədir ki, bə’ziləri bu məsələni əhəmiyyətsiz göstərməyə, hətta Əlinin (ə) bu fəzilətini ört-basdır etməyə cəhd göstərmişlər! Onlar adəti üzrə, həmişə bəhanələr, məntiqsiz və əsassız dəlillər girdabındadırlar. Bə’zən deyirlər ki, səhabələrin böyükləri (sədəqə verməyə) ehtiyac bilmədikləri üçün bu işə əməl etməmişlər; bə’zən deyirlər ki, səhabələrin bu işi görməyə (sədəqə verməyə) kifayət qədər vaxtı yox idi. Çünki bu hökm tez bir zamanda ləğv olundu; bə’ziləri də deyirlər ki, sədəqə verib, Peyğəmbərlə (s) məxfi danışığa getmək, yoxsulları narahat edər, sərvətliləri qorxuya salar. Çünki yoxsulların sədəqə verməyə gücləri çatmırdı və sərvətlilər də gücləri çatdıqları halda, əgər bu işi tərk etsəydilər, danlanacaqdılar. Buna görə də digər səhabələrin bu ayənin hökmünə əməl etməməsi, onları fəzilətdən salmır.”[462]

Amma bu böyük təfsir alimləri sanki ikinci ayəni bəhanə gətirdikləri zaman tamamilə unutmuşlar ki, Allah-taala elə həmin ayədə əvvəlcə Peyğəmbərlə (s) məxfi danışanları hökm nazil olduqdan sonra sədəqəni tərk etdikləri üçün danlayır və məzəmmət edir. Ayədə buyurulur: “Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?” Allah-taala bu işi tərk etməyi bir növ günah hesab edərək buyurur: “Allah tövbənizi qəbul etdi!” Bu ayədə sədəqə verməyi tərk edənlərin bağışlandığı bildirilir. Onun əvəzində namaz qılmaq, zəkat vermək, Allaha və Peyğəmbərə (s) itaət etmək əmri verilir. Əgər digər səhabələrin vaxtı yox idisə, məqsədləri yoxsulların qəlbini ələ almaq, sərvətlilərin qorxusunu aradan qaldırmaq idisə, onda nə üçün Allah-taala onları məzəmmət edir və tövbə məsələsini gündəmə gətirir?! Ayəyə diqqət yetirməklə mə’lum olur ki, onların tutduğu iş düzgün deyilmiş. Bu mövqedən çıxış edən alimlər əqidələrinə uyğun gəlməyən məsələlərdə Qur’an ayələrinin münasibətini görə bilmirlər.

İmam Əlinin (ə) fəzilətini əhəmiyyətsiz göstərmək üçün demişlər: “Nəcva” ayəsi ilə onun hökmünü ləğv edən sonrakı ayə arasında yalnız bir saat fasilə olmuşdur. Buna görə də, digər səhabələr onun hökmünə əməl etməyə müvəffəq olmamışlar.” Belələri də yaddaşı zəif qrupdan sayılır. Çünki onlar hökmü ləğv edən ayənin tonuna diqqət yetirməmişlər. Həmin ayədə bir qrup səhabə məzəmmət olunur ki, nə üçün yoxsulluq qorxusundan sədəqə verməyi və Peyğəmbərlə (s) məxfi danışmağı tərk etmişlər! Düzdür, onlar bu işi tərk etsələr də, Allah rəhm edəndir və onların tövbəsini qəbul etmişdir. Əgər bu iki ayə arasında fasilə bir saat olsaydı, Allah-taala onları məzəmmət etməzdi. Bir sıra rəvayətlərdə “bu iki ayə arasında fasilə on gün olmuşdur” fikri daha münasibdir.[463]

Sual: Bu məsələ ilə bağlı bir sual qalır. Bu işi necə fəzilət hesab etmək olar? Bə’zi təəssübkeş təfsirçilərin dedikləri kimi, nə ona əməl etmək bir fəzilətdir, nə də onu tərk etmək bir nöqsan və xəta.

Cavab: Bu sual da keçən bəhslərdə cavablandırıldı. Əlavə olaraq deyə bilərik ki, sualın cavabını tapmaq üçün ən yaxşı yol Qur’ani-kərimə müraciət edib, hökmü ləğv edən (ikinci) ayəyə diqqət yetirməkdir. Bu ayədən göründüyü kimi, Allah-taalanın əmrilə müsəlmanlar sınağa çəkilir. Belə ki, Peyğəmbərlə (s) şəxsi danışmaq istəyənlər müsəlmanları nəzərə alaraq yenidən danışıq üçün, Allah yolunda sədəqə verməli idilər. Burada yalnız bir nəfər bu ilahi sınaqdan layiqincə keçdi və o da Əli ibn Əbi Talib (ə) oldu. Məgər bu böyük bir iftixar və fəzilət deyilmi?! Başqa sözlə, bütün səhabələr ayədə məzəmmət olunduğu və onların tövbəsindən söz açıldığı halda, burada istisna edilən şəxs yalnız imam Əlidir (ə).

Bəs, nə üçün bə’zi alimlər belə açıq-aydın həqiqəti inkar etmək istəyirlər? Bunun səbəbi haqda özünüz düşünün!

18-“SABİQUN” (ÖNDƏ OLANLAR) AYƏSİ

“Vaqiə” surəsinin 10-14-cü ayələrində buyurulur:

وَالسَّابِقُونَ السَّابِقُونَ أُوْلَئِكَ الْمُقَرَّبُونَ فِي جَنَّاتِ النَّعِيمِ ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ

“Öndə olanlar, öndə olanlar! Onlar yaxın olanlardır. Onlar behiştin ne’mətlə dolu bağlarında olacaqlar. Bir qrupu əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında İbn Abbasdan belə nəql edir: “(İmanda) Öndə olanlar üç nəfərdir: Musaya iman gətirən Yuşə ibn Nun, İsaya iman gətirən Sahibi-Yasin (Həbib Nəccar) və Peyğəmbəri-əkrəmə (s) ilk iman gətirən Əli!”[464]

Yenə həmin kitabda İbn Abbasın belə dediyi nəql olunur: “Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsirini soruşdum. Həzrət buyurdu:

حَدَّثَنِى جَبْرَئِيلُ بِتَفْسِيرِها، قالَ ذاكَ عَلِىٌّ وَشِيعَتُهُ اِلَى الْجَنَّةِ:

“Mən onun təfsirini Cəbraildən soruşdum. O dedi: “Ayə Əli və onun şiələrinə aiddir, onlar hamıdan öncə behiştə girəcəklər!”[465]

Bu iki hədis və təfsir bir-birilə ziddiyyət təşkil etmir; çünki Əli (ə) həm Peyğəmbərə (s) iman gətirməkdə, həm də behiştə daxil olmaqda hamıdan öndədir. Həqiqətdə, bu iki təfsirin bir-birilə sıx rabitəsi var. (Yə’ni hamıdan əvvəl Peyğəmbərə (s) iman gətirən şəxs hamıdan əvvəl də behiştə daxil olacaqdır!)

Həmin kitabda bu barədə əlavə olaraq bir neçə hədis də nəql olunmuşdur.

“Əd-durrul-mənsur” kitabında da İbn Əbi Hatəm və İbn Mərdəveyh həmin ayənin təfsiri ilə bağlı İbn Abbasdan iki rəvayət nəql edirlər. Hədislərin birində belə deyilir: “Musaya (ə) iman gətirən birinci şəxs Yuşə ibn Nun, İsaya (ə) iman gətirən birinci şəxs Həbib Nəccar və İslam peyğəmbərinə (s) iman gətirən birinci şəxs isə Əli ibn Əbi Talibdir (ə)!”[466]

Həmin kitabda bu məzmunda daha bir neçə hədis də nəql olunmuşdur.[467]Bu hədisi nəql edən alimlər aşağıdakılardır:

–İbn Məğazili, “Əl-ümdə” kitabı (İbn Bitriqdən nəqlən);

–Sibt ibn Cövzi, “Təzkirə” kitabı;

–İbn Kəsir, “Təfsir” kitabı;

–İbn Həcər, “Əs-səvaiq” kitabı;

–Əllamə Şövkani, “Fəthul-qədir” kitabı;

–Şeyx Süleyman Qunduzi, “Yənabiul-məvəddət” kitabı.

Diqqəti cəlb edən məsələ budur ki, imamət və xilafətə münasibətdə təəssübkeş Qazi Ruzbehan “İbtalu-nəhcil-həqq” kitabında qeyd etdiyimiz ayələrin təfsiri ilə bağlı sünni mənbələrində İbn Abbasdan nəql olunan “İmanda bu ümmətin qabaqcılı (bu ümmətin birinci iman gətirəni) Əli ibn Əbi Talibdir (ə)” hədisinə istinad edən Əllamə Hillinin cavabında yazır: “Bu hədisin əhli-sünnə mənbələrindəki mətni belədir: “Ümmətin önündə gedənlər üç nəfərdir: Ali-Fir’onun mö’mini (Asiya), Həbib Nəccar və Əli ibn Əbi Talib.” Sonra əlavə edərək yazır: “Şübhəsiz, Əli (ə) İslamda hamıdan öndə idi və onun saysız fəzilətləri var. Lakin bu onun imamətinə dəlil deyil!”[468]

Hələ ki, bu hədisləri Əli ibn Əbi Talibin (ə) imamətinə dəlil göstərmək fikrində deyilik. Lakin ayə və rəvayətləri ardıcıl nəzərdən keçirdikdə Əlinin (ə) İslam ümmətinin ən fəzilətli və bu məqama daha layiq şəxs olduğunu görürük. Görəsən, bu qədər inkaredilməz fəzilətləri olduğu halda, başqalarını o həzrətdən üstün tutmağımız düzgün işdirmi?! Əlbəttə, yox!

***

Burada bir neçə mühüm məsələni qeyd etməklə bəhsimizi tamamlayırıq:

1) Ayədə qeyd olunan “qəlilun minəl-axirin” (az bir qismi də sonrakılardır) ifadəsindən məqsəd kimlərdir?

Ötən ayələrdə öndə gedənlərin yüksək məqamından, Allah dərgahına yaxın olmalarından və onların behiştin ne’mətlə dolu bağlarında yaşayacaqlarından söz açıldı. Həmin ayələrin davamında belə buyurulur:

ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ

“Bir qismi əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”[469]

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Məhəmməd ibn Fərat, Məhəmməd ibn Səhl və Əli ibn Abbasdan bir neçə rəvayət nəql etmişdir ki, Cə’fər ibn Məhəmməd (s) “az bir qismi də sonrakılardır” ayəsinin təfsirində buyurmuşdur: “O, Əli ibn Əbi Talibdir!”[470]

Mə’lum olduğu kimi, ayənin mə’nası bu deyil ki, İslam ümməti içərisində behiştə yalnız Əli (ə) gedəcək; əksinə imanda hamıdan öndə olmaq behiştdə yüksək məqam tələb edir. Bu da Peyğəmbəri-əkrəmdən (s) sonra imam Əli ibn Əbi Talibə (ə) məxsusdur. Buna görə də behiştə öndə gedənlərin (“Əshabul-Yəmin”in, sağ tərəf sahiblərinin) məqamlarından söz açan “Vaqiə” surəsinin sonrakı ayələrində buyurulur ki, bir qrup əvvəlki ümmətlərdən, bir qrup da sonrakı ümmətdən, yə’ni Məhəmmədin (s) ümmətindən behiştə daxil olacaq. Aydındır ki, əməl dəftəri sağ əlinə verilən kəslər behişt əhlidirlər, lakin onların məqamı öndə gedən və Allah dərgahına yaxın olanların məqamına çata bilməz.

***

2) Birinci müsəlman kimdir?

Bu məsələ ilə əlaqədar ən mühüm bəhslərdən biri də İslam peyğəmbərinə (s) iman gətirən və bey’ət edən birinci şəxsin kim olmasıdır. Bütün İslam ümmətinin yekdil fikrinə əsasən, qadınlar içərisində Peyğəmbərə (s) iman gətirən birinci şəxs Xədicə (ə.s), kişilər içərisində isə Əlidir (ə). O, Peyğəmbərə (s) iman gətirən, onunla bey’ət edib namaz qılan, rüku və səcdə edən birinci şəxsdir. Bu, bütün İslam mənbələrində açıq-aydın göstərilmişdir. Biz burada həmin mənbələrin bir qisminə işarə edirik:

Səhabələrdən on səkkiz nəfəri müxtəlif silsilə sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər ki, İslamı qəbul edən və Peyğəmbəri-əkrəmlə (s) namaz qılan birinci kişi imam Əli (ə) olmuşdur:

1. Əbu Səid Xidri deyir: Peyğəmbəri-əkrəm (s) əlini Əlinin (ə) kürəyinə vurub buyurdu:

يا عَلِىّ لَكَ سَبْعَ خِصالٍ لا يُحاجُّوكَ فِهِينَّ اَحَدٌ يَوْمَ الْقِيامَةِ اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً بِاللهِ...

“Ya Əli! Sən yeddi xislətə maliksən ki, qiyamət günü heç kəs sənə tay ola bilməz (səninlə mübahisə edə bilməz): “Birincisi budur ki, Allaha iman gətirən (və İslamı qəbul edən) ilk şəxs sənsən...”[471]

2. Ayişə deyir: Məhəmmədin (s) qızı Fatimə mənə o həzrətin belə buyurduğunu dedi: “Səni elmi bütün mö’minlərin elmindən çox, İslamı hamıdan əvvəl qəbul edən və helmi hamının helmindən çox olan bir nəfərlə evləndirəcəyəm!”[472]

3. İbn Abbas deyir ki, Ömər ibn Xəttabın belə dediyini eşitdim: “Əlini pis adla çağırmayın. Mən onun haqqında Peyğəmbərdən bə’zi fəzilətlər eşitmişəm ki, əgər onların biri Xəttab övladlarında olsaydı, mənim üçün günəşin saçdığı hər bir şeydən sevimli olardı. Əbu Bəkr, Əbu Übeydə və bir qrup səhabə ilə Ümmü Sələmənin evinə getdik. Əlini onun evinin kandarında görüb dedik: “Peyğəmbəri (s) görmək istəyirik!” Əli buyurdu: “İndi gələcək.” Peyğəmbər gələrkən, biz də həzrətə tərəf getdik. Həzrət, Əliyə söykəndi və əli ilə onun çiyininə vurub buyurdu:

اِنَّكَ مُخاصِمٌ، اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً وَ اَعْلَمُهُمْ بِاَيّامِ اللهِ وَ اَوْفاهُمْ بِعَهْدِهِ وَاَقْسَمُهُمْ بِالسَّوِيَّةِ وَاَرْاَفَهُمْ بالرَّعِيَّةِ وَ اَعْظَمُهُمْ الرَّزِيَّةَ:



Geri   İrəli
Go to TOP