A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Məşhur səhabə Hüzeyfədən imam Əlinin (ə) Əmr ibn Əbdəvudlə döyüşü və onu qətlə yetirməsi ilə bağlı uzun bir hədis nəql etdikdən sonra Peyğəmbərin (s) belə buyurduğunu yazır:

بَشِّرْ يا عَلِىُّ! فَلَوْ وُزِنَ الْيَوْمُ عَمَلُكَ بِعَمَلِ اُمَّةِ مُحَمَّدٍ (ص) لَرَجَحَ عَمَلُكَ بِعَمَلِهِمْ وَذالِكَ اَنَّهُ لَمْ يَبْقَ بَيْتٌ مِنْ بُيُوتِ الْمُسْلِمِينَ اِلاّ وَ قَدْ دَخَلَهُ عِزٌّ بِقَتْلِ عَمْرو:

“Ya Əli, sənə müjdə olsun! Əgər bu gün sənin bu işin Məhəmməd ümmətinin bütün əməlləri ilə müqayisə edilsə, sözsüz ki, sənin əməlin onların əməllərindən üstün olacaq. Çünki Əmr ibn Əbdəvudun ölümü ilə bütün müsəlman evlərinə izzət verildi.”[416]

O, bu rəvayəti İbn Həkimdən də nəql edir.

Süyuti “Əd-durrul-mənsur” kitabında İbn Əbi Hatəm, İbn Mərdəveyh, İbn Əsakir və İbn Məs’uddan nəql edir ki, Peyğəmbəri-əkrəm (s) həmin ayəni oxuyarkən (onun şərhində) belə buyururdu: “Allah-taala mö’minləri Əli ibn Əbi Talib vasitəsilə döyüşdən xilas etdi.”[417]

Bunu Əllamə Şeyx Süleyman Qunduzi də “Yənabiul-məvəddət” kitabında nəql etmişdir.[418] Ayə ilə bağlı başqa rəvayətlər də nəql olunmuşdur. Kitabın həcmini nəzərə alaraq qeyd etdiklərimizlə kifayətlənirik. Diqqəti cəlb edən məsələ budur ki, “Əhzab” müharibəsində İslamın düşmənləri və müşriklərin atdıqları “sonuncu oxu” Əli (ə) Allahın əmrilə sındırır və döyüş müsəlmanların qələbəsilə sona çatır. Bəli, bu fəzilət Peyğəmbərin (s) ümməti içərisində imam Əlidən (ə) başqasına aid deyildir. İndi görək, Peyğəmbərin (s) canişinliyi bir əməli ilə bütün İslam ümmətinin əməllərindən üstün olan kəsə layiqdir, yoxsa başqalarına?!

Sual: Sual verilə bilər ki, “Əhzab” surəsinin 9-cu ayəsində bu müharibəyə işarə ilə buyurulur: “Ey iman gətirənlər! Ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne’mətini yadınıza salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz qoşun göndərmişdik (ki, bununla da onları məhv etdik). Allah sizin nə etdiyinizi görürdü!”

Ayəyə əsasən, bu müharibədə düşmən ordusunun məğlubiyyət amillərindən biri onların üstünə əsən şiddətli külək və gözə görünməyən mələklərdən ibarət ilahi ordu olmuşdur. Belə isə necə deyə bilərik ki, müsəlmanların qələbəsinin səbəbi Əlidir (ə)?

Cavab: Bir müharibədə qələbənin müxtəlif amilləri ola bilər; təbii amil, hərbi amil, mə’nəvi amil və s. “Əhzab” müharibəsində də şübhəsiz, hər üç amil birləşərək, düşmənləri məğlub etdi. Onların ayrı-ayrılıqda tə’sirini inkar etmək olmaz. Düşmən ordusunun cəsur döyüşçüsü Əmr ibn Əbdəvud həm imam Əli (ə), həm külək, həm də mələklər vasitəsilə öldürüldü. Bu amillərin yanaşı tə’siri ilə nəhayətdə, müsəlmanlar qələbə qazandılar.

12-“BƏYYİNƏ” (ŞAHİD) AYƏSİ

“Hud” surəsinin 17-ci ayəsində buyurulur:

أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ

“Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn, ondan da əvvəl Musanın bir rəhbər və mərhəmət olan kitabının təsdiq etdiyi kimsə (başqaları kimi ola bilərmi?!) Bunlar (haqq-ədalət istəyənlər) ona iman gətirmişlər!”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu ayənin təfsiri ilə bağlı on altıya yaxın rəvayət nəql edir. Ondakı “şahid” sözündə məqsədin imam Əli (ə) olduğu qeyd edilir. Məsələn, Ənəs ibn Malikdən belə nəql olunur: “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən...” ifadəsində məqsəd Məhəmməd (s), ”Ardınca Allah tərəfindən bir şahid gələn...” ifadəsində məqsəd Əli ibn Əbi Talibdir (ə). Müşriklər əhd-peymanlarını pozduqları zaman Məkkədə Peyğəmbəri-əkrəm (s) tərəfindən həmin ayələri tilavət edən şəxs Əli (ə) idi.”[419]

Başqa bir hədisdə İbn Abbasın belə dediyi nəql olunur: ”Ardınca Allah tərəfindən bir şahid gələn...” ifadəsindən məqsəd yalnız Əli ibn Əbi Talibdir!”[420]

Həmçinin, imam Əlinin (ə) xüsusi səhabələrindən olan Zazan o həzrətdən belə nəql edir: “Əgər mənim üçün qəzavət kürsüsü hazırlansa və mən onda əyləşsəm, Tövrat əhli ilə öz kitabları – Tövrat, İncil əhli ilə öz kitabları – İncil, Zəbur əhli ilə öz kitabları – Zəbur və Qur’an əhli ilə öz kitabları – Qur’an əsasında qəzavət və hökm edərəm... Allaha and olsun! Gecə, yaxud gündüz, çöldə, yaxud dağda, səhralıqda, yaxud suda elə bir ayə nazil olmayıb ki, hansı saatda, yaxud kimin haqqında nazil olduğundan xəbərdar olmayım!”

Bir nəfər “Ya Əmirəl-mö’minin! Qur’anda sənin haqqında bir ayə nazil olubmu” soruşduqda, o həzrət buyurdu: “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn... kimsə (başqaları kimi ola bilərmi?!) ayəsində “Allah tərəfindən açıq-aydın dəlilə istinad edəni Məhəmməddir (s), ona şahid və onun ardınca qədəm götürən şəxs isə mənəm!”[421]

Süyuti də ”Əd-durrul-mənsur” kitabında bu haqda çoxlu rəvayət nəql etmişdir. İbn Əbi Hatəm, İbn Mərdəveyh və Əbu Nəimin Əli ibn Əbi Talibdən (ə) nəql etdikləri hədisdə belə buyurulur: “Qüreyşdən elə bir kişi yoxdur ki, Qur’anda onun barəsində ayə nazil olmasın!”

Bir nəfər o həzrətdən soruşdu: “Qur’anda sənin də haqqında ayə varmı?”

Buyurdu: “Məgər “Hud” surəsini oxumayıbsınızmı ki, Allah-taala buyurur: “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn... kimsə (başqaları kimi ola bilərmi?!)”[422]

Həmin kitabda bu məzmunda hədislər də nəql edilmişdir.

“Ruhul-məani” təfsirində də İbn Əbi Hatəmin və İbn Mərdəveyhin Əlidən (ə) nəql etdikləri hədisdən sonra Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql olunur: “Allahdan açıq-aydın bir dəlilə istinad edən...” şəxs mənəm, “Ardınca Allah tərəfindən bir şahid gələn...” şəxs isə Əlidir.”

Həmin kitabda yazılır: “Bə’zi şiələr bu hədisləri Peyğəmbəri-əkrəmdən (s) sonra Əlinin (ə) xəlifəliyi ilə əlaqələndirirlər. Çünki bu ayədə Əli “şahid” sayılmış və “İnna ərsəlnakə şahidən və mübəşşirən və nəzirən” (Həqiqətən, Biz səni şahid, müjdə verən və qorxudan göndərdik!) ayəsində isə Peyğəmbəri-əkrəm (s) şahid kimi göndərilmişdir. Mə’lum olur ki, İslam ümməti arasında Əlinin (ə) məqamı Peyğəmbəri-əkrəmin (s) məqamı ilə eynidir. Çünki Allah-taalanın Qur’ani-kərimdə buyurduğu kimi, Əli (ə) də Allah tərəfindən bir şahid olaraq gəlmişdir. Nəticə budur ki, Əli (ə) İslam peyğəmbərindən (s) sonra xəlifədir!”

Sonra belə yazır: “Bu düzgün deyil!” Ardınca sonra bir rəvayət nəql edərək “şahid” sözünü Peyğəmbərin (s) zamanına aid edir.[423]

Həmişə şiələrə və imam Əlinin (ə) imaməti ilə bağlı açıqlamalara qarşı çıxan “Əl-mənar” müəllifi “Ruhul-məani”nin müəllifi Alusidən geri qalmır. O da bu ayənin təfsirində əl-ayağa düşərək yazmışdır: “Ayənin zahiri mə’nası budur ki, “bəyyinə” (dəlil) Peyğəmbərin (s) öz nübüvvətinə olan qəti elmi, “şahid” isə Qur’andır.” Bu barədə Səid ibn Cübeyrdən bir hədis nəql olunur. Orada “bəyyinə” Qur’an, “şahid” isə Cəbrail sayılır. Ayədəki “yətluhu” sözünün isə Qur’ani-kərimin Peyğəmbərə (s) tilavət edilməsi mə’nasını daşıdığı göstərilir. Əlavə edərək yazır: “Əlbəttə, zəif bir hədisdə deyilir ki, “şahid” Peyğəmbərin (s) Qur’anı camaata tilavət etdiyi dilidir. Şiələrin nəql etdikləri başqa bir hədisdə “şahid”in Əli (ə) olduğu göstərilir.”[424]

Belə yozumlar və təəssübkeşliklər Qur’an ayələrinin və rəvayətlərin düzgün başa düşülməsi yolunda ən böyük maneədir. Burada bir neçə məsələni qeyd etməyi lazım görürük:

1. Şiə və sünnilərin məşhur kitablarında müxtəlif sənədlərlə nəql olunan çox saylı hədislər müqabilində “Əl-mənar” müəllifinin “Şiələrin nəql etdikləri zəif bir hədisdə “şahid”in Əli (ə) olduğu göstərilir” deməsi çox təəccüblüdür! Görəsən, o, əhli-sünnənin “Əd-durrul-mənsur”, “Şəvahidut-tənzil”, hətta “Ruhul-məani” kitablarında “şahid” sözünün imam Əliyə (ə) aid edilməsini təsdiqləyən hədisləri görməyibmi?! Məgər bu rəvayətləri təkcə şiələrmi nəql edib? Yoxsa şiənin xeyrinə tamamlanan rəvayətlər əhli-sünnə alimləri tərəfindən nəql edilsə belə, şiə rəvayəti hesab edilməlidir?!

2. Bir qrup əhli-sünnə aliminin bu ayədə qeyd olunan “şahid” sözünü Peyğəmbəri-əkrəmin (s) “dili” kimi (Qur’anın heç bir yerində görünməyən məfhuma) təfsiri daha maraqlıdır. Çünki “Əl-mənar” müəllifi bu haqda yalnız zəif bir rəvayətin nəql olunduğunu bildirmişdir. Bəlkə də, o, “şahid” sözünün Peyğəmbəri-əkrəmin (s) dili, eləcə də, “yətluhu” sözünün Qur’anın tilavəti kimi təfsirinin həqiqətdən çox uzaq olduğuna diqqət yetirmişdir. Çünki bu təfsirə əsasən, ayənin mə’nası belədir: “Məgər Allahdan açıq-aydın bir dəlilə, yə’ni Qur’ani-kərimə istinad edən, ardınca onu tilavət edən... kimsə (başqaları kimi ola bilərmi?!)” Belə çıxır ki, Peyğəmbər (s) özü özünə şahiddir. Görəsən, iddialı kəs özü özünə şahid ola bilərmi?! Yoxsa başqa bir kəsin şahidliyi lazımdır? Məgər Qur’an Peyğəmbərin (s) dilindən çıxmayıbmı? Necə ola bilər ki, Peyğəmbərin (s) dili Qur’ana şahid olsun? Məgər Peyğəmbərin (s) dili onun özündən ayrıdırmı? Bəli, həqiqəti e’tiraf etmək istəməyənlər müxtəlif yollara əl atırlar.

3. “Şahid” sözünün Cəbrail kimi təfsiri də düzgün deyil; çünki kimsə bu şahidi görmür. Bu halda onun şahidliyi səmərəsizdir.

Görəsən, onları belə əsassız yozumlara nə vadar edir?!

4. Ən maraqlısı Alusinin “Ruhul-məani”də yazdıqlarıdır: “Ayədə qeyd olunan “bəyyinə” (dəlil) Qur’an, “şahid” isə Qur’anın e’cazkarlığıdır. Qur’anın “dəlil” olmasını yalnız onun e’cazkarlığı ilə başa düşməliyik və e’cazkarlığı nəzərə almadan onu dəlil hesab etmək olmaz.”

Burada “bəyyinə” ilə “şahid” bir mənada olacaq. Bu da ayənin təfsirinə uyğun gəlmir.

5. “Bəyyinə” (dəlil) sözünün Peyğəmbəri-əkrəmin (s) öz peyğəmbərliyinə olan batini və qəti elmi, “şahid” sözünün isə Qur’ani-kərim kimi təfsiri də qəribədir. “Bəyyinə” sözünün mə’nasını öncə Qur’andan öyrənməliyik. Qur’ani-kərimdə bu söz 19 dəfə, onun cəm forması olan “bəyyinat” sözü 52 dəfə işlədilmişdir. Bu söz adətən batini və qəti elm “mö’cüzə”, yaxud “səmavi kitablar və Qur’ani-kərim” mə’nalarında verilir. Qətiyyətlə deyirik ki, burada “bəyyinə” sözü İslam peyğəmbərinin (s) əbədi mö’cüzəsi olan Qur’ani-kərimə, “şahid” sözü isə Peyğəmbəri-əkrəmin (s) haqq olduğuna şəhadət verən başqa bir şəxsə işarədir.

Bu düzgün təfsirdən əndişələnənlər onu hansı mə’naya yozurlarsa yozsunlar, yenə də əsassız iradlardan başqa bir nəticə almayacaqlar. Halbuki həqiqətin qəbulu çox da çətin deyil!

13-“SİDDİQUN” (SADİQLƏR) AYƏSİ

“Hədid” surəsinin 19-cu ayəsində buyurulur:

وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُوْلَئِكَ هُمُ الصِّدِّيقُونَ وَالشُّهَدَاء عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ

“Allaha və Peyğəmbərinə iman gətirənlər – məhz onlar Allah dərgahında olan siddiqlər (sözündə və əməlində doğru olanlar) və şəhadət verənlərdir. Onların öz mükafatları və nurları vardır!”

“Şəvahidut-tənzil” kitabında İbn Əbi Leylinin öz atasından belə nəql etdiyi qeyd olunmuşdur: “Peyğəmbəri-əkrəm (s) buyurub:

اَلصِّدِّيقُونَ ثَلاثَةٌ: حَبِيبُ النَّجّارِ مُؤمِنُ آلِ ياسِينَ، حِزْبِيلُ (حِزْقِيلُ) مُؤمِنُ آلِ فِرْعَوْنَ، وَ عَلِىُّ بْنُ اَبِى طالِبٍ الثّالِثُ وَهُوَ اَفْضَلُهُمْ:

“Sadiqlər (düzdanışanlar) üç nəfərdir: Ali-Yasin mö’mini Həbib Nəccar, ali-Fir’on mö’mini Hizbil (Hizqil) və onların fəzilətlisi olan Əli ibn Əbi Talib.”[425]

Bu hədis Əhməd ibn Hənbəlin “Fəzailul-xəmsə”, Əbu Nəimin “Mə’rifətus-səhabə” və İbn Məğazilinin “Mənaqib” kitablarında da nəql olunmuşdur.[426]

“Şəvahidut-tənzil” kitabında bu məzmunda müxtəlif sənədlərlə qırx hədis nəql olunmuşdur.[427]

Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddət” kitabında bu hədisi Əbu Nəimə, İbn Məğaziliyə, Müvəffəq Xarəzmiyə və Əhməd ibn Hənbəlin “Müsnəd” kitabına istinad edərək, Əbu Leyli və Əbu Əyyub Ənsaridən nəql etmişdir.

“Kənzül-ümmal” kitabında İbn Abbasdan,[428] “Ehqaqul-həqq” kitabında silsilə sənədlərlə müxtəlif kitablardan çoxlu rəvayət nəql olunmuşdur.[429]

Bu hədislər xilafət haqda birbaşa söz açmasa da, İslam ümməti arasında “siddiq” məqamını imam Əliyə (ə) aid edir. Bu bir fəzilətdir və başqaları ilə müqayisədə o həzrətin üstünlüyünü göstərir. Bununla da Peyğəmbərin (s) xəlifəlik məqamına Əlinin daha layiq olduğu aydınlaşır.

Bir çox rəvayətlərdə imam Əli (ə) İslam ümmətinin siddiqi kimi tanıtdırılsa da, bə’zi alimlər bu ləqəbi başqalarına vermişlər. Bu ayənin təfsirində nəql olunan bir sıra rəvayətlərdə siddiqlərin səkkiz nəfər (o cümlədən imam Əli (ə) və Əbu Bəkr) olduğu göstərilir. Bu rəvayətlər Peyğəmbərdən (s) nəql olunmamışdır. Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur ki, Əli (ə) bu ümmətin siddiqidir. Bu da ayənin ümumi məfhumu ilə ziddiyyət təşkil etmir. Dəfələrlə dediyimiz kimi, belə rəvayətlər ən kamil fərdə aid olub, İslam ümməti içərisində “siddiq”in ən kamil nümunəsini, sözündə və əməlində doğru olanı, Peyğəmbərə (s) hamıdan öncə iman gətirəni, o həzrəti birinci təsdiq edən şəxsi (imam Əlini (ə)) nəzərdə tutur.

14-“NUR” AYƏSİ

“Hədid” surəsinin 28-ci ayəsində buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِ وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

“Ey iman gətirənlər! Allaha təqvalı olun və Onun Peyğəmbərinə iman gətirin ki, Allah sizə Öz mərhəmətindən iki pay versin. Sizə yol getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan, rəhm edəndir.”

“Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində İbn Abbasdan belə nəql edilir: “Ayədə qeyd olunan “Allah sizə Öz mərhəmətindən iki pay versin” ifadəsindən məqsəd (Allah-taalanın Əliyə (ə) mərhəmət etdiyi) Həsən və Hüseyn (ə), ”Sizə yol getməyiniz üçün nur bəxş etsin” ifadəsindən məqsəd (İslam ümmətinin nuru və hidayət nişanəsi) Əli ibn Əbi Talibdir (ə).”[430]

İbn Abbas bu sözü özündən deməmişdir; çünki elə həmin kitabda müəllif Cabir ibn Abdullah Ənsaridən başqa bir hədis nəql edir. Orada Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur: “...Allah sizə Öz mərhəmətindən iki pay versin” ifadəsindən məqsəd Həsən və Hüseyn (ə), ”Sizə yol getməyiniz üçün nur bəxş etsin” ifadəsində məqsəd isə Əli ibn Əbi Talibdir (ə)!”[431]

Yenə həmin kitabda imam Baqirin (ə) belə buyurduğu nəql olunmuşdur:

:مَنْ تَمَسَّكَ بِوَلايَةِ عَلِىٍّ فَلَهُ نُورٌ:

“Əlinin (ə) vilayətindən yapışan şəxs üçün nur və aydınlıq var!”[432]

O, bunu da əsaslandırmaq məqsədilə Əbu Səid Xudridən bir hədis nəql edir ki, orada Peyğəmbəri-əkrəm (s) buyurmuşdur:

اَما وَاللهُ لا يُحِبُّ اَهْلَ بَيْتِى عَبْدٌ اِلاّ اَعْطاهُ اللهُ عَزَّوَجَلَّ نُوراً حَتّى يَرِدَ عَلَىَّ الْحَوْضَ!:

“Allaha and olsun! Allah-taala Əhli-beytimi sevən hər bir kəsə (qiyamətdə) Kövsər hovuzunun kənarına, mənim yanıma gəlmək üçün bir nur verəcəkdir!”[433]

“Kənzül-ümmal” kitabında imam Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur:

اَنَا عَبْدُ اللهِ وَاَخُو رَسُولِهِ وَاَنَا الصِّدِّيقُ الاَكْبَرُ لا يَقُولُها بَعْدِى اِلاّ كَذّابٌ مُفْتَرٍ وَلَقَدْ صَلَّيْتُ قَبْلَ النّاسِ سَبْعَ سِنِينَ:

“Allahın bəndəsi, Peyğəmbərinin qardaşı və böyük siddiq mənəm! Bu sözü məndən sonra yalançılardan başqa kimsə iddia etməz. Mən camaatdan yeddi il qabaq (Peyğəmbərlə (s) birlikdə) namaz qılırdım!”[434]

Həmin kitabda Məaz Ədviyyədən belə nəql edilmişdir: “Bəsrənin minbərində Əlinin (ə) belə buyurduğunu eşitdim:

اَنَا الصِّدِّيقُ الاَكْبَرُآمَنْتُ قَبْلَ اَنْ يُؤمِنَ اَبُوبَكْرٍ وَاَسْلَمْتُ قَبْلَ اَنْ يُسْلِمَ:

“Böyük siddiq mənəm! (Çünki) Mən Əbu Bəkr iman gətirməzdən öncə iman gətirmişəm, o, İslamı qəbul etməzdən qabaq İslamı qəbul etmişəm!”[435]

Ümumiyyətlə, əhli-sünnə kitablarından qeyd etdiyimiz hədislərə əsasən, imam Əli (ə) fəzilətcə, Peyğəmbəri-əkrəmdən (s) sonra imamət və xilafət məqamına hamıdan artıq layiq olan şəxsdir.

Əllamə Əmini “Əl-qədir” adlı dəyərli əsərinin 3-cü cildində imam Əlinin (ə) kişilər içərisində Peyğəmbəri-əkrəmə (s) iman gətirən ilk şəxs olduğu ilə bağlı geniş söz açmışdır. Məşhur əhli-sünnə alimlərinin kitablarından çoxlu rəvayət nəql etmiş, hətta bir çox İslam şairlərinin də şe’rlərini dəlil kimi qeyd etmişdir.[436] Bu məsələ ilə əlaqədar “ilk müsəlman” adı ilə ayrıca bir fəsildə bəhs edəcəyik.

15-“İNZAR” AYƏSİ

“Şüəra” surəsinin 214-215-ci ayələrində buyurulur:

وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ

“Ən yaxın qohumlarını qorxut. Sənə tabe olan mö’minləri qanadın altına al!”

Bu ayələr bütün İslam tarixçilərinin qeydə aldığı bir hadisədən söz açır. Təbərsinin “Məcməül-bəyan” kitabında yazdığına əsasən, bu məsələ şiə və sünnilərin nəzərində məşhurdur. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Bərra ibn Azibdən belə nəql edir: “Ən yaxın qohumlarını qorxut” ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) qırx nəfərdən ibarət Əbdülmüttəlib övladlarını bir yerə yığdı və onlara süfrə açıb buyurdu: “Allahın adı ilə (süfrəyə) yaxınlaşın və yeyin!” Sonra südlə dolu bir qab gətirib buyurdu: “Allahın adı ilə için!” Ertəsi gün yenə onları bir yerə yığıb, süfrə başına də’vət etdi. Bu vaxt onları həm qorxudub, həm də müjdələyərək buyurdu: “Mən sizə dünya və axirət xeyri gətirmişəm. İslamı qəbul edin və doğru yola yönəlmək üçün mənə tabe olun!” Sonra əlavə edərək buyurdu: “Sizlərdən mənimlə (bu yolda) qardaş olmağa, mənə kömək etməyə, məndən sonra da əhli-əyalım arasında vəsim və canişinim olmağa, dinimi yaymağa kim hazırdır?”

Məclisə sükut çökdü. Həzrət bu sözü üç dəfə təkrarladıqdan sonra kimsə yox, məhz Əli (ə) ayağa durub dedi: “Mən bu işə hazıram!” Peyğəmbər (s) buyurdu: “Beləsə, mənim vəsim və canişinim sən olacaqsan!”

Məclisdə iştirak edənlər durub gedərkən, istehza ilə Əbu Talibə deyirdilər: “Get, oğluna (Əliyə) itaət et. Məhəmməd (s) onu sənin əmirin seçdi!”[437]

“Şəvahidut-tənzil” kitabının haşiyəsində bu hədis Abdullah ibn Abbasdan və Əbu Rafedən də nəql olunmuşdur.

Nisai “Xəsais” kitabında Rəbiə ibn Nacizdən belə nəql edir: “Bir nəfər Əliyə (ə) “Sənin, əmin oğlu Məhəmmədə (s) varis olmağına səbəb nə idi? Halbuki səndən öndə duran əmin buna layiq olmadı” deyə soruşduqda, Əli (ə) onun cavabında “Yovmul-inzar”ı (Peyğəmbərin (s) qırx nəfər qohumlarından ibarət təşkil etdiyi məclisi) vurğuladı və nəhayət, Peyğəmbərin (s) belə buyurduğunu nəql etdi: “Sizdən hansı biriniz mənə bey’ət etməklə mənim qardaşım, dostum və varisim olmaq istəyir?” Heç kim cavab vermədi. Mən ayağa qalxdım, halbuki hamıdan kiçik idim. Peyğəmbər (s) buyurdu: “Sən otur!” Peyğəmbər (s) sözünü üç dəfə təkrar etsə də, məndən başqa heç kim ona cavab vermədi. Axırda əlini mənim əlimə qoyub buyurdu: “Buna görə də əmimi deyil, əmim oğlumu özümə varis edirəm!”[438]

Məşhur tarixçi Təbəri də bu hədisi geniş şəkildə nəql etdikdən sonra yazır: “Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) işarə edərək buyurdu:

اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتِى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:

“Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona qulaq asın və itaət edin!” Camaat gülə-gülə (istehza ilə) ayağa qalxıb gedərkən, Əbu Talibə (Əlinin (ə) atasına) dedilər: “Məhəmməd (s) əmr etdi ki, sən öz oğlunun sözünə qulaq asasan və itaət edəsən!”[439]

Təbəri bu hədisi başqa ravilərdən də nəql etmişdir.

Diqqəti cəlb edən məsələ budur ki, Təbəri kimi əhli-sünnənin böyük tarixçi və müfəssiri “Tarix” kitabında[440] bu hadisəni yuxarıdakı kimi qeyd etsə də, “Camiul-bəyan” təfsirində bu ayənin təfsirinə çatanda, Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Sizdən hansı biriniz bu işdə mənə kömək edə bilər ki, sonra mənim qardaşım... sair və sair olsun!” Əli (ə) dedi: “Ey Allahın Peyğəmbəri (s)! Mən sənə kömək edə bilərəm!” Peyğəmbər (s) də buyurdu: اَنَّ هذا اَخِى وَ كَذا وَكَذا: “Həqiqətən, bu mənim qardaşımdır... sair və sair”[441]

Gördüyünüz kimi, Təbəri Peyğəmbərin (s) buyurduğu “vəsiyyi və xəlifəti fikum” (Əli sizin aranızda mənim vəsim və xəlifəmdir) ifadələrinin yerinə “kəza və kəza” (sair və sair) sözlərilə kifayətlənir ki, məbada “vəsi və xəlifə” sözləri Əhli-beyt məktəbinin ardıcıllarının əlinə düşsün. Bunlar imam Əlinin (ə) xəlifəliyi üçün ən böyük dəlillərdir.

Bəli, bu da əhli-sünnənin Təbəri kimi aliminin təəssübkeşliyi və həqiqəti gizlətməsi idi! Görəsən, kitab yazmaq və Peyğəmbəri-əkrəmin (s) hədislərinə qarşı əmanətdarlıq budurmu? Görəsən, alim fikirləşmirdimi ki, bir gün gələcək, onun “Tarix” kitabındakı ifadələrini “Təfsir” kitabındakı ifadələrlə müqayisə edəcəklər? Doğrusu, bu sahədə Təbəri tək deyil, onunla eyni əqidədə olanlara çox rast gəlmək mümkündür.

Alusi “Ruhul-məani” kitabında bu rəvayəti naqis və natamam şəkildə nəql etdikdən sonra yazır: “Şiələr xilafətlə bağlı məqsədlərinə çatmaq üçün bu rəvayətə istinad edirlərsə, biz də onu tə’vil etməli, yozmalı, yaxud da onun saxta və zəif olduğunu deməliyik!”[442]

Bu məşhur təfsir aliminin sözləri adamı dəhşətə gətirir! O deyir ki, bu rəvayətin şiələrin xeyrinə qurtarmaması üçün onu tə’vil etmək, yozmaq, yaxud da saxta və zəif hesab etmək lazımdır. Belə çıxır ki, Qur’an, hədis və tarixi həqiqətləri təhrif etmək olar. Demək onların əqidələrinə münasib olmayan hədisləri gözüyumlu saxta və zəif hesab etməliyik! Şübhəsiz ki, bütün peyğəmbərlər və səmavi kitablar səhnəyə çıxsa da bu təfəkkür tərzinə malik şəxsin əqidəsini dəyişdirə bilməzlər.

Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl isə “Müsnəd” adlı məşhur kitabında “Yovmul-inzar” hadisəsini, Peyğəmbərin (s) buyurduğunu belə nəql edir: “Kim mənim borclarımı ödəmək, və’dlərimə vəfa etmək, mənimlə behiştdə və əhli-beytimin içərisində canişinim olmaq istəyir?” Əli (ə) Peyğəmbərə (s) müsbət cavab verib deyir: “Mən bu işi görərəm!”[443]

İbn Əbil-Hədid Mö’təzili yazır: “Təbəri ”vəzirlik” hədisini (Əlinin (ə) vəzirliyini isbat edən yuxarıdakı hadisəni) “Tarix” kitabında Abdullah ibn Abbasdan, o da Əli ibn Əbi Talibdən (ə) belə nəql etmişdir: “İnzar” ayəsi nazil olandan sonra Peyğəmbər (s) məni (Əli (ə) çağırdı...” Sonra hadisəni geniş şəkildə yazır və nəhayət, Peyğəmbərin (s) bu kəlamını nəql edir: “Allah mənə sizi Onun dininə də’vət etməyi göstəriş vermişdir. Sizdən hansı biriniz bu işdə mənə yardımçı olsa, mənim qardaşım, vəsim və canişinimdir...”

Əli (ə) ayağa qalxıb dedi: “Ya Rəsuləllah! Mən bu işdə sənə vəzir və yardımçı olmağa hazıram!”

Peyğəmbər (s) buyurdu: “O mənim sizin aranızda qardaşım, vəsim və xəlifəmdir.”[444]

Diqqət yetirmək lazımdır ki, bu rəvayətdə və öncə qeyd etdiyimiz rəvayətlərin bir qismində işlənən “xəlifəti fikum” (sizin aranızda mənim xəlifəm) ifadəsindən mə’lum olur ki, digər rəvayətlərdə qeyd olunan “əhl” sözündən də məqsəd eyni mə’nadır.



Geri   İrəli
Go to TOP