A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


5. Yenə orada məşhur səhabə Əbu Səid Xudridən belə nəql edilir: “Peyğəmbəri-əkrəm (s) “Bəraət” ayələrini Məkkə camaatına e’lan etmək üçün əvvəlcə Əbu Bəkri göndərdi. Sonra Əlini çağırıb dedi: “Ya Əli! (Bu ayələri) mənim özümdən, yaxud səndən başqa kimsə camaata çatdıra bilməz.” Sonra onu öz dəvəsinə mindirib Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) yola düşüb, Əbu Bəkrə çatdı və “Bəraət” ayələrini ondan aldı. Əbu Bəkr qorxa-qorxa Peyğəmbərin (s) hüzuruna gəlib “Ya Peyğəmbər (s), mənim haqqımda bir şeymi nazil olub deyə soruşduqda o həzrət Əliyə (ə) dediyi sözləri buyurdu.”[381]

6. Yenə həmin kitabda Peyğəmbərin (s) məşhur səhabəsi Əbu Rafedən belə nəql edilir: “Peyğəmbəri-əkrəm (s) Əbu Bəkri “Bəraət” ayələri ilə birlikdə həccə göndərdi. Cəbrail nazil olub dedi: “Şübhəsiz, onu səndən, yaxud sənin Əhli-beytindən başqa kimsə camaata çatdıra bilməz!” Bundan sonra Peyğəmbər (s) Əlini (ə) Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) Məkkə ilə Mədinə arasında ona çatıb, ayələri ondan aldı və həcc mövsümündə camaata e’lan etdi.”[382]

7. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malik, İbn Abbas, Sə’d, Əbu Səid Xudri, Əbu Hüreyrə və başqalarından bu haqda on iki rəvayət nəql etmişdir. (Əlavə mə’lumat əldə etmək istəyənlər o kitaba müraciət etsinlər.)[383]

Digər alimlər də bu rəvayəti müxtəlif sənədlərlə nəql etmişlər. Onun ravilərinin sayı olduqca çoxdur. Əllamə Əmini bu barədə yazır: “Bu hədis “təvatür” həddinə çatmış, hətta bə’zilərinin nəzərincə “təvatür” həddini keçmişdir.” Sonra bu hədisi öz kitablarında nəql edən 73 əhli-sünnə aliminin qeydlərini təfsilatı – mənbə və sənədləri ilə birlikdə qeyd etmiş[384], sonra yazmışdır: “Bu hədisin raviləri aşağıda adları çəkilən səhabələrdir: Əli (ə), Əbu Bəkr, İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Ənəs ibn Malik, Əbu Səid Xudri, Sə’d ibn Əbi Vəqqas, Əbu Hüreyrə, Abdullah ibn Ömər, Həbəş ibn Cünadə, İmran ibn Həsin və Əbuzər Qifari.”[385]

Bu mövzunu da səkkizinci (h.q) əsrin məşhur şairlərindən olan Şəmsəddin Malikinin şe’rilə sona çatdırırıq:

Və ərsələhu ənhur-Rəsulu mubəlliğən,

Və xəssə bihazəl-əmri təxsisə mufrədi,

Və qalə: “həlit-təbliğu ənni yənbəği,

Li-mən ləysə min bəyti minəl-qovmi fəqtəda.”

“Peyğəmbər (ə) onu (Əlini) onun (Əbu Bəkrin) əvəzinə öz təbliğatçısı kimi göndərdi və bu əmri yalnız ona tapşırıb buyurdu: “Görəsən, layiqdirmi ki, Əhli-beytimdən kənar bir şəxs bunu mənim tərəfimdən yetirsin ?! Əli də ona tabe oldu!”[386]

***

Nəticə:

Bu hədis mənbə və sənədləri ilə birgə imam Əlinin (ə) Allah dərgahında Peyğəmbəri-əkrəmdən (s) sonra bütün insanlardan üstün və fəzilətli olduğunu göstərən aydın və möhkəm dəlildir. Çünki bu hədisdə açıq-aydın buyurulur: “Cəbrail Allah tərəfindən nazil olub Peyğəmbərə (s) dedi ki, “Bəraət” ayələrini ya özün elan et, ya da Əli (ə)!” Peyğəmbər (s) də buyurdu: “Bu, ya mənim, ya da mənim Əhli-beytimdən olan bir kişinin işidir. Bu işə yalnız Əli layiqdir!”

Müşriklərin əhd-peymanları pozması o zaman ən həssas və mühüm hadisələrdən olduğu üçün İslamın göstərişlərinin şücaət və yüksək tədbirlə həyata keçirilməsi tələb olunurdu. Həcc mərasimində müxaliflərin sərt rəftar edəcəyi ehtimalı güclü idi. İmam Əlinin (ə) bu işə seçilməsi onun ümmət arasında ən şücaətli və tədbirli bir şəxs olduğunu göstərir. Belə bir mühüm işə seçilən şəxs sözsüz ki, İslam peyğəmbərinin (s) canişini olmağa hamıdan layiqdir.

Diqqət yetirmək lazımdır ki, Əbu Bəkrin özü də Peyğəmbərin (s) hüzuruna gəldikdə, tam nigarançılıqla “Mənim haqqımda bir şeymi nazil olub, deyə soruşur. Peyğəmbər (ə) buyurur: “Bu iş mənim yaxınlarımdan olan bir şəxsin vasitəsilə yerinə yetirilməlidir.”

Yenə də bəhanə axtaranlar bu işin imam Əli (ə) üçün fəzilət olmadığını göstərmək üçün məntiqsiz təhlillərlə çıxış edirlər. Misal üçün, Alusi “Ruhul-məani” kitabında bu hədisi nəql etdikdən sonra yazır: “Bu rəvayət qısa şəkildə Əli (ə) və qüreyşin fəzilətini göstərir. Bunu heç bir mö’min inkar etmir. Lakin bu fəzilət xilafət məsələsində Əlinin (ə) Əbu Bəkrdən üstün və layiqli olmasına dəlil sayıla bilməz!” Sonra belə əlavə edir: “Bə’zi sünnilər burada Əbu Bəkrin hacıların başçısı, Əlini (ə) isə “Bəraət” ayələrinin e’lanı üçün təbliğatçı seçilməsi ilə bağlı bir incəliyi qeyd etmişlər. O da budur ki, Əbu Bəkr camal və rəhmət sifətinin cilvəsi olduğu üçün Peyğəmbəri-əkrəm (s) müsəlmanların rəhmətlə bağlı işlərini ona tapşırmışdı. Lakin Əli (ə) Allahın aslanı və cəlal sifətinin məzhəri olduğundan (Allahın qəzəbinə səbəb olan kafirləri əhd-peymanı pozduqlarına görə) həmin ayələrin e’lanını onun öhdəsinə qoymuşdur. Onlar hər ikisi qaynar bulağa bənzəyir. Biri camal, digəri isə cəlal sifətlərinin nümunəsidir.” Daha sonra yazır: “Amma Peyğəmbərin (s) söylədiyi səbəb olmasaydı, bu təhlil daha münasib sayılardı.”[387]

O, sözünün sonunda yazır: “Bu təhlil özü Peyğəmbərin (s) buyuruğu ilə uyğun gəlmir. Peyğəmbər (s) açıq-aydın buyurur: “Cabrail Allah tərəfindən mənə göstəriş verdi ki, bu işi ya özüm, ya da mənim Əhli-beytimdən olan bir şəxs yerinə yetirsin.” Yə’ni o şəxs Peyğəmbərə (s) bənzəməli, onun xüsusiyyətlərinə malik olmalıdır. Bildiyimiz kimi, Peyğəmbər (s) bütün camal və cəlal sifətlərinə malik idi.”

Görəsən, nə üçün bizim sünni qardaşlarımız imam Əlinin (ə) misilsiz fəzilətlərini inkar etməyə, yaxud müxtəlif yozumlarla ört-basdır etməyə çalışırlar?! Şübhəsiz, qorxurlar ki, şiələr ona istinad etməklə öz məzhəblərinin doğru olduğunu sübut etsinlər.

Bu bəhsi də “Mətalibus-sual” kitabında Əbuzər Qifaridən nəql olunan bir hədislə sona yetiririk. O deyir ki, Peyğəmbəri-əkrəm (s) buyurmuşdur

عَلِىٌّ مِنِّى وَاَنَا مِنْ عَلِىّ وَلا يُؤَدِّى اِلاّ اَنَا اَوْ عَلِىٌّ:

“Əli məndəndir, mən də Əlidənəm. Bu risaləti (“Bəraət” ayələrinin e’lanını) mən və Əlidən başqa heç kim yerinə yetirə bilməz!”[388]

7-“SİQAYƏTÜL-HACC” (HACILARA SU VERMƏ) AYƏSİ

“Bəraət” surəsinin 19-cu ayəsində buyurulur:

أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَوُونَ عِندَ اللّهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

“Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı tə’mir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni bilirsiniz?! Onlar Allah yanında eyni deyillər. Allah zalım tayfanı hidayət etməz.”

Hakim Həskani Hənəfi “Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə bu ayənin imam Əli (ə) haqda nazil olduğunu göstərən ondan çox rəvayət nəql etmişdir. Rəvayətlərin birində Ənəs ibn Malikdən belə nəql edir: “Abbas ibn Əbdül-Müttəliblə Şeybə (Allah evinin qarovulçusu) hər biri özünün üstün və fəzilətli olduğunu deyəndə, Əli onların yanına gəldi. Abbas dedi: “Qardaşoğlu, dayan, sənə sözüm var!” Əli dayandı. Abbas dedi: “Şeybə mənə deyir ki, mən səndən üstün və şərafətliyəm!” Əli (ə) buyurdu: “Əmican! Sən ona nə cavab verdin?” Abbas dedi: “Dedim ki, mən Peyğəmbərin (s) əmisi, onun atasının vəsisi və hacıları su ilə tə’min edənəm! Buna görə də mən səndən üstünəm.” Əli (ə) üzünü Şeybəyə tutub buyurdu: “Bəs, sən ona nə dedin?” Şeybə dedi: “Dedim ki, mən səndən şərafətliyəm; çünki mən Kə’bəni qorumaqla Allaha əmanətdarlıq edirəm. Onun evinin qapısını açıb-bağlamaq mənim öhdəmdədir. Əgər Abbas şərafətli olsaydı, bu işə o seçilər və onu əmanətdar bilərdilər!”

Əli (ə) buyurdu: “Mən isə fəxr edirəm ki, bu ümmətin içərisində Peyğəmbərə (s) iman gətirən, hicrət edən və cihad edən birinci şəxsəm!”

Nəhayət, onların hər üçü Peyğəmbərin (s) yanına gedib, öz sözünü ərz etdi. Peyğəmbər (s) onlara heç bir cavab vermədi. Onlar geri qayıtdılar. Bir neçə gündən sonra bu haqda vəhy nazil oldu. Bu zaman Peyğəmbər (s) onların yanına gedib, yuxarıdakı ayəni tilavət etdi.”[389]

Bu hadisə azacıq fərqlə digər rəvayətlərdə də bəyan edilmişdir. Onların bə’zisində belə nəql olunur: “Abbas həmin ayənin nazil olduğunu eşitdikdə, üç dəfə “biz təslimik” dedi.”

Hakim Həskanidən başqa alimlər də bunu öz kitablarında geniş, ya qısa şəkildə nəql etmişlər. Aşağıda adı çəkilən alimləri misal göstərmək olar:

–Təbəri: “Təfsir” kitabında, Ənəs ibn Malikdən[390];

–Vahidi: “Əsbabun-nüzul” kitabında[391];

–Qurtubi: “Təfsir” kitabında[392];

–Fəxri-Razi: “Kəbir” təfsirində[393];

–Xazin: “Xazin” təfsirində[394];

–Əbul-Bərəkat Nəsəfi: “Təfsir” kitabında[395];

–İbn Səbbağ Maliki: “Füsulul-muhimmə” kitabında[396];

Əhli-sünnənin öz hədisləri əsasında yazılmış “Əd-durrul-mənsur” kitabında haqqında danışılan ayənin imam Əli (ə) barəsində nazil olması ilə bağlı həm yuxarıdakı rəvayət, həm də başqa rəvayətlər nəql edilmişdir.[397]

Burada bir sual qarşıya çıxır: Məgər, müsəlmanların öz üstünlüklərini bir-birlərinə deyib, onunla qürrələnməsi İslamda məzzəmət olunmayıbmı? Əgər bu iş pis və bəyənilməzdirsə, nə üçün Əli (ə) bu işi görüb?

Burada bir incəliyə diqqət yetirdikdə sualın cavabı aydın olur. Bə’zən insanlar dəyərləri müəyyənləşdirərək səhvə düçar olur, həqiqi dəyəri buraxıb, qiymətsiz işlərin ardınca düşürlər. Belə bir şəraitdə insanın öz üstünlüyünü bəyan etməsi nəinki eyib deyil, hətta onun üzərinə düşən vəzifədir. Məsələn, məclisdə bir nəfər fəxrlə böyük imarət tikdirdiyini, başqa birisi idarə rəisi olduğunu deyərkən, məclisin bir guşəsində əyləşən şəxsin həqiqi dəyərləri göstərmək üçün “mən sərvət, mal-dövlət və vəzifə sahibi olmasam da, Qur’anı əzbər bilirəm” deməsi nəinki pis iş deyil, üstəlik dəyərli bir dərsdir.

8-“SALİHUL-MU’MİNİN” (MÖ’MİNLƏRİN ƏMƏLİSALEHİ) AYƏSİ

“Təhrim” surəsinin 4-cü ayəsində Allah-taala Peyğəmbəri-əkrəmin (s) bə’zi zövcələrinə xitabən buyurur:

إِن تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِن تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ

“Əgər (siz iki qadın) ona qarşı bir-birinizə kömək etsəniz də (əlinizdən bir iş gəlməyəcək), çünki Allah onun mövlası (hamisi), Cəbrail və əməlisaleh mö’minlər, bunlardan sonra mələklər onun köməkçiləridir.”

“Əməlisaleh” mö’minlər ifadəsi ümumi mə’na daşıyır, Peyğəmbərə (s) kömək edən bütün imanlı, əməlisaleh kəslərə, (təkcə o həzrətin dövründə yaşayan əməlisaleh səhabələr və mö’minlərə yox, bütün dövrlərdə yaşamış mö’minlərə aiddir. Onların hər biri öz növbəsində İslamın, Peyğəmbəri-əkrəmin (s) və onun məktəbinin köməkçiləridir.

Mühüm məsələ budur ki, bir çox rəvayətlərdə bu ayədə qeyd olunmuş “əməlisaleh mö’minlər” ifadəsi birbaşa Əliyə (ə) aid edilmişdir. Mə’lum olur ki, o həzrət bu ayə üçün ən kamil nümunədir. Bu sözün “Cəbrail” sözünün kənarında yerləşməsinə diqqət yetirdikdə imam Əlinin (ə) məqamının böyüklüyü və bu fəzilətin əhəmiyyəti aydın olur.

Bəli, Allah-taala və Cəbrail-Əmindən sonra İslam peyğəmbərinin (s) ömür boyu ən yaxın köməkçisi və hamisi imam Əli (ə) olmuşdur. Buna əsasən xilafətə və Peyğəmbəri-əkrəmin (s) canişinliyinə ondan başqa heç kim layiq deyil. Məgər bu rəvayətlər İmam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) sonra ümmətin ən fəzilətlisi və ən üstünü olduğunu göstərən tutarlı dəlil deyilmi?

İndi də əhli-sünnə mənbələrində nəql olunan bə’zi rəvayətlərin sənədlərini araşdıraq: Hakim Həskani Hənəfi “Şəvahidut-tənzil” kitabında bu ayədə qeyd olunan “əməlisaleh mö’minlər” ifadəsinin imam Əliyə (ə) işarə olması ilə bağlı müxtəlif sənədlərlə on səkkiz hədis nəql etmişdir. O cümlədən, Əsma binti Ümeys belə nəql edir: “İslam peyğəmbəri buyurdu:

صالِحُ الْمُؤمِنِينَ عَلِىُّ بْنُ اَبِيطالِب:

“Əməlisaleh mö’minlər Əli ibn Əbi Talibdir.”[398]

Yenə həmin kitabda İbn Abbasın nəqlinə görə, Peyğəmbəri-əkrəm (s) Əli ibn Əbi Talib (ə) haqda buyurmuşdur: “Əməlisaleh mö’min odur!”[399]

Həmçinin Əmmar Yasirdən belə nəql olunur: “Əli (ə) deyirdi ki, Peyğəmbər (s) məni çağırıb buyurdu: “Sənə bir müjdə verimmi?” Dedim: ”Bəli, ya Rəsuləllah! Sən həmişə xeyirli müjdə verənsən!” Buyurdu: “Allah-taala sənin haqqında bir ayə nazil etmişdir.” Dedim: “Hansı ayədir?” Buyurdu: “Sən Cəbraillə eyni səviyyədə nəzərdə tutulmusan!” Sonra bu ayəni söylədi.”[400]

Bu məzmun başqa hədislərdə Hüzeyfədən, İbn Sirindən və imam Əlidən (ə) eynilə nəql edilir. Peyğəmbər (s) buyurur: “Əməlisaleh mö’min Əli ibn Əbi Talibdir!”[401]

Bir çox təfsir alimləri bu hədisi öz təfsir kitablarında, o cümlədən, Süyuti “Əddurrul-mənsur”da həmin ayənin təfsirində İbn Abbas və Əsma binti Ümeysdən nəql etmişdir.

Bursui “Ruhul-bəyan” kitabında bu ayənin təfsiri ilə bağlı alimlərin nəzərini qeyd etdikdən sonra Mücahidin bu barədəki fikrini belə açıqlayır: “Əməlisaleh mö’min” dedikdə Əli ibn Əbi Talib (ə) nəzərdə tutulur.” O yazır: “Mücahidin bu sözünün dəlili Peyğəmbərin (s) buyurduğu başqa bir hədisdir: “Ya Əli! Sən mənim üçün Harun Musa üçün olduğu kimisən!”

Sonra o, bir sıra ayələri misal çəkir. Onlarda Allah-taala “əməlisalehlər” sözünü İslam peyğəmbərinə (s) aid etmişdir. Belə bir nəticə alınır ki, əgər Əli (ə) Allahın peyğəmbəri Harun (ə) kimidirsə, deməli, “əməlisaleh” adına layiqdir.[402]

Bu hədisi Əsqəlani, (“Fəthül-Bari”də), İbn Həcər (“Əs-səvaiq”də), Əlaəddin Müttəqi (“Kənzül-ümmal”da) kimi alimlər də nəql etmişlər.

Bir sözlə, “əməlisaleh mö’minlər”dən olmaq böyük bir fəzilətdir. Belə bir şəxs Cəbrail-Əminlə eyni səviyyədə durur. Qeyd etdiyimiz rəvayətlərə əsasən, onun ən kamil nümunəsi imam Əlidir (ə). Bəli, Peyğəmbəri-əkrəmlə (s) bütün hadisələrdə çiyin-çiyinə dayanan, həmişə o həzrətin köməkçisi olan Əmirəl-mö’minin Əli (ə) imamət və canişinlik məqamına hamıdan çox layiqdir.

9-“VƏZİRLİK” AYƏSİ

“Taha” surəsinin 29-32-ci ayələrində (Musa peyğəmbərin dili ilə) buyurulur:

وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي هَارُونَ أَخِي اشْدُدْ بِهِ أَزْرِي وَأَشْرِكْهُ فِي أَمْرِي

“(İlahi!) Mənə öz ailəmdən bir vəzir qərar ver – qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə şərik et.”

Bu ayələrin təfsirində əhli-sünnə mənbələrində çoxlu rəvayət nəql olunmuşdur. İslam peyğəmbəri (s) risalət vəzifələrini həyata keçirmək üçün həzrət Musanın (ə) Allahdan istədiyini istəyir; bir fərqlə ki, Peyğəmbər (s) Harunun (ə) yerinə imam Əlinin (ə) adını çəkir. Biz həmin rəvayətlərin bir qismini qeyd edirik:

1. “Şəvahidut-tənzil” kitabında Hüzeyfə ibn Üseyddən belə nəql olunur: “Peyğəmbəri-əkrəm (s) Əmirəl-mö’minin Əli ibn Əbi Talibin (ə) əlindən tutub buyurdu:

اَبْشِر، وَاَبْشِر، اِنَّ مُوسى دَعا رَبَّهُ اَنْ يَجْعَلَ لَهُ وَزِيراً مِنْ اَهْلِهِ هارُونَ، وَاِنِّى اَدْعُوا رَبِّى اَنْ يَجْعَلَ لِى وَزِيراً مِنْ اَهْلِى عَلِِىّ اَخى، اُشْدُدْ بِهِ ظَهْرِى وَاَشْرِكْهُ فِى اَمْرِى:

“(Ya Əli!) Müjdə verirəm, müjdə verirəm! Həqiqətən, Musa (ə) Allahdan qardaşı Harunun ona xəlifə və işlərində şərik olmasını istədiyi kimi, mən də Allahdan istədim ki, öz əhlimdən olan bir nəfəri – Əlini mənim üçün vəzir və xəlifə seçsin. İlahi! Onunla arxamı möhkəmləndir və onu işimə ortaq et!”[403]

2. Başqa bir rəvayətdə Əsma binti Ümeysdən belə nəql olunur: “Allahın Peyğəmbəri (s) buyurmuşdur:

اَللّهُمَّ اِنِّى اَقُولُ كَما قالَ اَخِى مُوسى اَللّهُمَّ اجْعَلْ لِِى وَزِيراً مِنْ اَهْلِى عَلِِيّاً اَخى، اُشْدُدْ بِهِ اَزْرِى وَاَشْرِكْهُ فِى اَمْرِى، كَىْ نُسَبِّحَكَ كَثِيراً، وَنَذكُرَكَ كَثِيراً، اِنَّكَ كُنْتَ بِنا بَصِيراً:

“İlahi! Mən Səndən qardaşım Musanın (ə) istədiyini istəyirəm: İlahi! Mənim Əhli-beytimdən bir nəfəri – qardaşım Əlini mənə vəzir qərar ver! Onunla arxamı möhkəmləndir, onu işimə şərik et ki, Sənə çoxlu həmd-səna deyim, Səni çoxlu yad edim. Həqiqətən, Sən bizi görürsən (və bizim vəziyyətimizdən xəbərdarsan)!”[404]

Mə’lum olduğu kimi, İslam peyğəmbərinin (s) işlərinə şərik olmaq nübüvvət və peyğəmbərlik yox, xalqa rəhbərlik vəzifəsidir.

3. Ənəs ibn Malikdən nəql olunan hədisdə yalnız xəlifəlik və vəzirlik məsələsi açıqlanır: “Allahın Peyğəmbəri (s) buyurur:

اِنَّ خَلِيلِى وَ وَزِيرِى وَ خَلِيفَتِى فِى اَهْلِى، وَخَيْرَ مَنْ اَتْرُكَ بَعْدِى، يُنْجِزُ مَوْعُودِى وَيَقْضِى دِينِى، عَلِىُّ بْنُ اَبِيطالِبٍ:

“Həqiqətən, Əhli-beytimdən olan dostum, vəzirim, xəlifəm və özümdən sonra və’dlərimə sadiq qalaraq borclarımı ödəyəcək ən layiqli insan Əli ibn Əbi Talibdir!”[405]

4. Bu hədis azacıq fərqlə Salman ibn Farsidən də nəql olunmuşdur.[406]

5. Beşinci (h.q) əsrin alimlərindən olan Hafiz Əbu Nəim İsfahani “Ma nəzələ minəl-Qur’ani fi Əliyyin” (Qur’ani-kərimdə Əli (ə) haqda nazil olan ayələr) adlı kitabında Əsma binti Ümeysin nəql etdiyi hədisi İbn Abbasdan nəql edir. Sonda İbn Abbas deyir: “Peyğəmbərin (s) duasından sonra qeybdən belə bir səs eşitdim: “Ya Əhməd! Allahdan istədiyin şey sənə verildi.”[407]

6. Fəxri-Razi “Kəbir” təfsirində bu hədisi daha geniş şəkildə Əbuzər Qifaridən nəql edir: “Peyğəmbəri-əkrəm (s) Əlinin (ə) namaz üstə üzüyünü yoxsula verdiyini gördükdə, dedi: “İlahi! Qardaşım Musa səndən istədi ki, onun sinəsini genişləndirəsən..., əhli-beytindən bir nəfəri vəzir seçib işilərinə ortaq edəsən (və Sən də qəbul etdin). İlahi! Sən onun duasının qəbul olduğunu bildirən Qur’ani-natiq (danışan Qur’an) nazil etmisən. İlahi! Mən Məhəmməd də Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işlərimi mənə asan et və Əhli-beytimdən olan Əlini vəzirim seç, onunla arxamı möhkəmləndir!”

Hələ Peyğəmbərin (s) duası qurtarmamışdı ki, Cəbrail “Sizin vəliniz, rəhbəriniz Allah, Onun Rəsulu və sizlərdən olan əmr sahibləridir” ayəsini nazil etdi.”[408]

Bu rəvayətin sənədlərini nəql edən kitabların sayı olduqca çoxdur. Biz isə kitabın həcmini nəzərə alaraq deyilənlərlə kifayətlənirik.

“VƏZİRLİK” AYƏSİ VƏ HƏDİSLƏRİNİN MƏZMUNU

Bu hədislərdə açıq-aşkar belə deyilir: “Peyğəmbəri-əkrəmin (s) duasından sonra Allah-taala Musanın (ə) duası kimi o həzrətin də duasını qəbul etdi. Peyğəmbərin (s) duası belə idi: “İlahi! (Harun (ə) Musanın (ə) vəziri, xəlifəsi olduğu kimi,) Əhli-beytimdən bir nəfəri vəzirim seç, onunla arxamı möhkəmləndir və onu işlərimə şərik et.”

Deyildiyi kimi, burada imam Əlinin (ə) Peyğəmbərin (s) işlərinə şərik olması peyğəmbərlik məqamına aid deyil. Çünki İslam peyğəmbəri (s) peyğəmbərlərin sonuncusudur. Bəllidir ki, məqsəd əmr be mə’ruf (yaxşı işlərə də’vət), nəhy əz münkər (pis işlərdən çəkindirmək) və dinin təbliği ilə bağlı digər məsələlər də deyil. Çünki bunlar, bütün müsəlmanların vəzifəsidir. Hamı gücü çatdığı qədər əmr be mə’ruf və nəhy əz münkər etməli, İslamı yaymalıdır.

Beləliklə, Peyğəmbərin (s) duasında məqsəd peyğəmbərlik və ümumi vəzifələrdən fərqli xüsusi bir məqamdır. Bu məqam Peyğəmbərdən (s) sonra xilafət və imamət məqamı ola bilər. Başqa sözlə, elə vəzifələr var ki, onun öhdəsindən hamı gələ bilmir. O da dini hər bir təhrif və azğınlıqdan qorumaq, Peyğəmbərdən (s) sonra ümmətə rəhbərlik etmək və o həzrətin hədəflərini həyata keçirməkdir. Bütün bunlar “vəzir” sözündə cəmlənmişdir.[409]

Demək, Peyğəmbəri-əkrəm (s) Allahdan imam Əlinin (ə) müsəlmanların xəlifəsi və imamı olmasını istədikdə, Allah onun duasını qəbul etmişdir.

Amma imam Əlinin (ə) bu qəbil fəzilətlərini qəbul etməyən bə’zi əhli-sünnə alimləri “Peyğəmbərin (s) işlərinə şəriklik” məsələsini əmr be mə’ruf və nəhy əz münkər kimi yozmuşlar. Bildiyiniz kimi, bu vəzifə bütün müsəlmanlara aid olduğundan, ondan ötrü Allah tərəfindən bir nəfərin vəzir tə’yin olunmasına ehtiyac qalmır.

10-11-“ƏHZAB” SURƏSİNİN AYƏLƏRİ

Bir qrup təfsir aliminin fikrincə, “Əhzab” surəsinin bir neçə ayəsi imam Əli (ə) və onun misilsiz fədakarlığı haqda nazil olmuşdur. Bu surənin 23-cü ayəsində buyurulur:

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا

“Mö’minlərdən bə’ziləri Allahla əhdlərinə sadiqdirlər. Onlardan kimisi öz əhdini sona çatdırmış (və bu yolda şəhid olmuş), kimisi də intizardadır. Onlar (əhd-peymanlarını, verdikləri sözü) əsla dəyişməzlər.”

Bu surənin 25-ci ayəsində buyurulur:

وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا

“Allah kafirləri qəzəbli olduqları halda geri döndərdi. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah mö’minləri ehtiyacsız (və onlara qələbəni nəsib) etdi. Allah qüvvət və qüdrət sahibidir!”

Bildiyimiz kimi, İslamın ən mühüm müharibələrindən biri “Əhzab” (ordular) müharibəsidir. Adından bəlli olduğu kimi, bu müharibə bütün İslam düşmənlərinin müsəlmanların əleyhinə hərtərəfli mübarizə tədbiri idi. İslam dininin tərəqqisi ilə öz mənafelərinin təhlükəyə düşdüyünü görən bütün müxaliflər əl-ələ verib, İslama və İslam peyğəmbərinin (s) fəaliyyətlərinə son qoymaq, bununla da həmişəlik rahat olmaq istəyirdilər.“Əhzab” surəsinin 17 ayəsində bu müharibədən danışılır, onun incəlikləri, o cümlədən, müharibə zamanı müsəlmanların parçalanması açıqlanır. Bu müharibədə müsəlmanlar çox ağır və təhlükəli hadisələrlə üzləşdilər. Düşmənin sayının çox, İslam qoşununun isə azlığı, eləcə də, düşmənin hərtərəfli hazırlığı onları daha böyük çətinliklərə mə’ruz qoydu.

Qeyd etdiyimiz iki ayə də bu on yeddi ayələrdir. “Şəvahidut-tənzil” kitabında qeyd etdiyimiz birinci ayənin təfsirində silsilə sənədlə imam Əlinin (ə) belə buyurduğu nəql olunur: “Mö’minlərdən bə’ziləri Allahla əhdlərinə sadiqdirlər...” ayəsi bizim haqqımızda nazil olmuşdur. And olsun Allaha, şəhadət intizarında olan şəxs mənəm!”[410]

Yenə həmin kitabda Abdullah ibn Abbasdan belə nəql olunur: “Mö’minlərdən bə’ziləri Allahla əhdlərinə sadiqdirlər” – ayəsi Əli (ə), Həmzə və Cə’fər haqqında nazil olmuşdur. (Ayədə qeyd olunan) “Bə’zisi də intizardadır” cümləsi Allah yolunda şəhadət intizarı çəkən Əliyə (ə) işarədir. Allaha and olsun ki, şəhadət ona nəsib oldu!”[411]

Bu rəvayət İbn Həcərin “Əs-səvaiq”, İbn Səbbağ Malikinin “Füsulul-muhimmə” və Nişapurinin “Əl-kəşfu vəl-bəyan” kitablarında da nəql olunmuşdur.[412]

***

İkinci ayədə bu haqda söhbət daha genişdir. Bir çox hədis və təfsir alimlərinin yazdıqlarına görə, “Kəfəllahul-mu’mininəl-qital” (Döyüşdə Allah mö’minlərə qurtuluş verdi) ayəsi Əmr ibn Əbdəvudu məğlub etməklə kafirlərin kələyini kəsən imam Əliyə (ə) işarədir. Bunu nəql edən kəslərdən biri də Abdullah ibn Məs’uddur. Belə ki, o, bu ayəni oxuyarkən, onun təfsirində deyir: “Mö’minləri döyüş zamanı qoruyan şəxs Əli ibn Əbi Talib olmuşdur!” [413]



Geri   İrəli
Go to TOP