A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


“Bəqərə” surəsinin 269-cu ayəsində buyurulur:

يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا

“Allah hikməti (elmi) istədiyi (və layiq gördüyü) şəxsə bəxş edər. Hər kimə də hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Rəbi ibn Xeysəmdən belə nəql edir: “Elə bir kəs görmədim ki, Əlinin hökm və qəzavətinə irad tuta bilsin. Həqiqətən, Allah-taala buyurur: “Allah hikməti (elmi) istədiyi (və layiq gördüyü) şəxsə bəxş edər. Hər kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.”[350]

Həmin kitabda bu məzmunda əlavə rəvayətlər nəql olunmuşdur ki, o cümlədən, İbn Abbas Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu demişdir:

مَنْ اَرادَ اَنْ يَنْظُرَ اِلى اِبْراهِيمَ فِى حُكْمِهِ وَاِلى نُوحٍ فِى حِكْمَتِهِ وَاِلى يُوسُفَ فِى اِجْتِماعِهِ فَلْيَنْظُر اِلى عَلِىِّ بْنِ اَبِى طالِبٍ:

“Hər kəs İbrahimin helmini, Nuhun hikmətini və Yusifin insanpərvərliyini görmək istəyirsə, Əli ibn Əbi Talibə baxsın!”[351]

Başqa bir yerdə isə Əbil-Həmradan belə nəql edir: “Biz Peyğəmbərin (s) yanında idik və Əli (ə) bizə tərəf gəlirdi. Bu vaxt Peyğəmbər (s) buyurdu:

مَنْ سَرَّهُ اَنْ يَنْظُرَ اِلى آدَمَ فِى عِلْمِهِ وَ نُوحٍ فِى فَهْمِهِ وَ اِبْراهِيمَ فِى خُلَّتِهِِ فَلْيَنْظُرْ اِلى عَلِىِّ بْنِ اَبِى طالِبٍ:

“Hər kəs Adəmin elmini, Nuhun düşüncəsini və İbrahimin Allahla dostluğunu müşahidə edib sevinmək istəyirsə, Əli ibn Əbi Talibə baxsın!”[352]

Yenə orada Abdullah ibn Abbasdan belə nəql olunur: “Biz Peyğəmbərin (s) yanında idik və həzrətdən Əlinin (ə) haqqında soruşulduqda, buyurdu:

قُسِّمَتِ الْحِكْمَةُ عَشَرَة اَجْزاءَ فَاُعْطِى عَلى تِسْعَةُ اَجْزاءَ وَ اُعْطِى النّاسُ جُزءً واحِداً:

“Elm və hikmət on qismdir ki, onun doqquzu Əliyə, biri isə camaata verilmişdir!”[353]

Bu rəvayətlər açıq-aydın göstərir ki, Peyğəmbəri-əkrəmdən (s) sonra İslam ümməti arasında elm, bilik və hikmətdə Əliyə (ə) çatan bir kəs yoxdur. İmamətin əsas və mühüm şərti elm və hikmət olduğundan, İslam peyğəmbərindən (s) sonra imamət və xilafət məqamına ən layiq şəxs yalnız Əlidir (ə).

Termizinin “Səhih” kitabında Peyğəmbəri-əkrəmin (s) belə buyurduğu nəql olunur:

اَنَا دارُ الْحِكْمَةِ وَ عَلِىٌّ بابُها:

“Mən hikmət eviyəm, Əli isə onun qapısıdır!”[354]

Şübhəsiz, kim bir evə girmək istəsə, mütləq onun qapısından daxil olmalıdır; necə ki, Qur’ani-kərimdə buyurulur: “Evlərə qapılarından daxil olun!” Beləliklə, hər kim İslam peyğəmbərinin (s) elm və hikmət xəzinəsinə yol tapmaq istəyirsə, mütləq imam Əlidən (ə) başlamalı və bu xəzinənin açarını ondan almalıdır.

5-“HƏL-ƏTA” (İNSAN) SURƏSİ

İmam Əli (ə) və Əhli-beytin fəzilətlərini sübut edən mühüm sənədlərdən biri də “Həl-əta” surəsidir. Bu surənin mə’nasına, ifadələrinə, eləcə də, nazil olma səbəbinə diqqət yetirdikdə, bir çox həqiqətlər üzə çıxacaq. Əlbəttə, bu surənin ayələri ümumilik kəsb etsə də, onun “İnnəl-əbrarə yəşrəbunə min kə’sin...” (Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərbət içəcəklər...) ayəsindən başlayaraq 22-ci ayəsinədək (on yeddi ayə) “əbrar” (yaxşılar) adlı qrup haqda söz açır. İslamın məşhur mənbələrində nəql olunan çoxlu rəvayətə və bu ayənin nazil olma səbəbinə əsasən, “əbrar”ın tam mə’nada nümunələri Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyndir (ə). Diqqət yetirmək lazımdır ki, bu on yeddi ayədə behiştin ən üstün maddi və mə’nəvi ne’mətlərinin (cənnət bağları, pak şərbət çeşmələri, geyimlər, zinətlər, yeməklər, taxtlar, xidmətçilər və s.) adı çəkilsə də, digər ne’mətlərdən olan behişt qadınları və hurilərindən söz açılmamışdır. Qur’anın sirlərindən agah olan bə’zilərinin nəzərincə, bunun səbəbi aləmlərin ən üstün qadını Fatimeyi-Zəhraya (ə.s) ehtiramdır. Qur’ani-kərimin çox az surəsində behiştin bu yüksək ne’mətləri birgə qeyd olunmuşdur. Bu da onu göstərir ki, ayədə qeyd olunan “əbrar” (yaxşı əməl sahibləri) sözündə məqsəd adi şəxslər yox, Allaha yaxın pak, yaxşı və alicənab kəslərdir.

Bunu da qeyd edək ki, yaxşı əməl sahiblərinin nişanələrini göstərən bu surənin 5-10-cu ayələrində belə buyurulur:

إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

“Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu istədikləri yerə asanlıqla axıdacaqlar. Onlar elə kəslərdir ki, etdikləri nəzrə vafa edər və əzabı bürüyəcək gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri (yeməyə möhtac olduqları) halda (və ya Allahın razılığını qazanmaq üçün) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər) “Biz sizi yalnız Allah razılığından ötrü yedirdir və sizdən nə bir mükafat, nə də təşəkkür istəyirik. Həqiqətən, biz çox sərt və çətin bir gündə Rəbbimizdən qorxuruq!”

Bu ayələrin nazilolma səbəbi haqda Zəməxşəri məşhur “Kəşşaf” təfsirində İbn Abbasdan belə nəql edir: “Bir gün Həsən və Hüseyn (ə) xəstələnmişdi. Peyğəmbər (s) bir qrup səhabə ilə onlara baş çəkməyə gəldi. Səhabələr Əliyə (ə) müraciət edərək dedilər: “Ya Əbəl-Həsən! Nə yaxşı olardı ki, uşaqlarının şəfa tapması üçün nəzir edəsən.” Əli (ə) bu təklifi məmuniyyətlə qəbul etdi. Üstəlik Fatimeyi-Zəhra (ə.s) və xidmətçi Fizzə də uşaqların sağalacağı təqdirdə üç gün oruc tutmağı nəzir etdilər. (Bə’zi rəvayətlərə əsasən, Həsən və Hüseyn (ə) də nəzir etdilər.[355]) Nəhayət, uşaqlar şəfa tapıb sağaldılar. Lakin o ərəfələrdə Əlinin (ə) evində iftar üçün ərzaq yox idi. Odur ki, gedib bir nəfərdən üç “sa” (təxminən 10 kq) arpa borc aldı. Fatimə (ə.s) onun üçdə bir hissəsini üyüdüb un etdi və ailə üzvlərinin sayı qədər (beş ədəd) çörək bişirdi. İftar vaxtı çörəklər süfrəyə qoyuldu. Yeməyə hazırlaşarkən, qapı döyüldü. Yoxsul bir şəxs dedi: “Salam olsun sizə, ey Məhəmmədin Əhli-beyti! Mən bir müsəlman yoxsulam, mənə də yeməyə bir şey verin. Allah sizə cənnət süfrələri nəsib etsin!” Bu sözləri eşidən Əhli-beyt (ə) heç nə fikirləşmədən süfrədə olan çörəklərin hamısını ona verdi, özləri isə su ilə iftar edib gecəni belə keçirdilər. Səhəri gün yenə ac halda oruc tutdular. Ötən gün kimi, Fatimeyi-Zəhra (ə.s) yenə çörək bişirdi. Onlar axşam iftar üçün süfrə başına əyləşərkən, bir yetim qapıya gəlib yemək istədi. Onlar bu dəfə süfrədəkiləri o yetimə verib, özləri ac qaldılar. Üçüncü axşam da qapıya bir əsir gəlib yemək istədikdə, bu müqəddəs şəxslər iftara hazırladıqlarını ona verdilər. Ertəsi gün Əli (ə) Həsən və Hüseynlə (ə) birlikdə Peyğəmbərin (s) hüzuruna getmişdi. Peyğəmbər (s) onların aclıqdan titrədiklərini görüb buyurdu: “Sizi bu halda görmək mənə çox ağırdır!” Sonra onlarla birlikdə Fatimənin (ə.s) evinə getdi. Peyğəmbər (s) gördü ki, qızı Fatimə (ə.s) acından zəifləmiş və gözləri çuxura düşdüyü halda, mehrabda ibadət edir. Bu mənzərə Peyğəmbərə (s) çox tə’sir etdi. Cəbrail nazil olub dedi: “Ey Məhəmməd! Allah səni belə bir Əhli-beytin olduğuna görə təbrik edir.” Sonra “Həl-əta” surəsi nazil oldu.”[356]

Bu rəvayəti Qurtubi öz təfsir kitabında azacıq fərqlə vermiş və bu haqda bir şe’r də qeyd etmişdir.[357]

Fəxri-Razi də bu rəvayəti “Əl-vəsit” kitabında Vahididən nəql etmişdir. Həm o, həm də Zəməxşəri uyğun rəvayəti qeyd etdikdən sonra belə yazmışlar: “Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər...” ayəsindəki əvəzliklər cəm formada işləndiyi üçün bir nəfərə (Əliyə (ə) deyil, bütün yaxşı əməl və itaət sahiblərinə aiddir. Əlbəttə, Əlini (ə) bu ayələrdən ayrı bilmək olmaz, lakin bunlar təkcə ona aid deyil... (Ayələrin nazil olma səbəbini açıqlayan rəvayətlərə gəldikdə isə) qeyd etməliyik ki, bu surə Əlinin (ə) itaəti haqda nazil olsa da, “üsuli-fiqh” elminin qaydalarına əsasən, ayələrdəki me’yar xüsusi deyil, ümumilik daşıyır.”[358]

Fəxri-Razi guya, cəm formasında deyilən ayələrin təkcə imam Əliyə (ə) yox, həm də Fatimeyi-Zəhra, Həsən, Hüseyn (ə) və Fizzəyə aid olduğunu unutmuşdur.

Ayələrin məfhumunu ümumiləşdirməklə onların nazil olma səbəbini aradan qaldırmaq olmaz. Əksinə belə yerlərdə ayələr birbaşa Əhli-beyt (ə) (və yaxud hər kim) tərəfindən yerinə yetirilən itaət və fədakarlıqla əlaqədar nazil olur. Bu da onların Allah tərəfindən qiymətləndirilməsi deməkdir. Başqa sözlə, imam Əli (ə) və onun ailəsi bu ayələrin ən kamil nümunələridir. Çünki bu ayələr onların xalis əməli ilə bağlı nazil olmuşdur. Əgər kimsə bu böyük fəziləti inkar etmək istəyirsə, sözsüz, özünü aldadır.

Alusi “Ruhul-məani” kitabında bu rəvayəti əvvəldən axıradək olduğu kimi İbn Abbasdan nəql edib yazır: “Bu rəvayət camaat arasında məşhurdur.” Sonra adəti üzrə onu əhəmiyyətsiz qələmə verməyə çalışır və bu məqsədlə onun sənədləri haqda söz açır: “Bu ayələrin Əli, Fatimə, Həsən və Hüseyn (ə) haqda nazil olma ehtimalı varsa da, onun isbat, yaxud inkarı qəti deyildir. Çünki bu zəmində olan rəvayətlər çox və ziddiyyətlidir. Hətta bu ayələrin onlar barəsində nazil olmadığını desək, yenə onların yüksək məqamından bir şey azalmır. Çünki onların “əbrar”dan (yaxşı əməl və itaət sahiblərindən) olmaları tam aydındır. Onlar bəlkə də, bu cərgədə başqalarından öndədirlər. Onların şə’ni ilə bağlı bunu demək olar ki, Əli (ə) mö’minlərin vəlisi, Peyğəmbərin (s) canişini, Fatimeyi-Zəhra (ə.s) Peyğəmbərin (s) canının bir parası, Həsən və Hüseyn (ə) isə Peyğəmbərin (s) ruhu və reyhanı, behişt cavanlarının rəhbəridirlər.”[359]

Belə misilsiz fəziləti görməməzliyə vurmaq, digər fəzilətlərin də yavaş-yavaş aradan qalxmasına səbəb olacaq. Deməli, bir gün Əli, Fatimeyi-Zəhra, Həsən və Hüseynin (ə) fəzilətlərinin və onların başqalarından üstünlüyünün unudulacağı şübhəsizdir. Axı, nə üçün təfsir və hədis alimlərinin nəql etdiyi bu məşhur rəvayətə e’tinasız yanaşmalı və o ilahi şəxsiyyətlərin irsinə göz yummalıyıq?!

Məşhur sünni alimi Süyuti də “Əd-durrul-mənsur” kitabında İbn Mərdəveyhdən, o da İbn Abbasdan belə nəql edir: “Onlar öz iştahaları çəkdiyi (və möhtac olduğu), özləri yemək istədikləri halda, onu yoxsula, yetimə və əsirə yedirirlər” ayəsi Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olmuşdur.

Eləcə də Şəblənci “Nurul-əbsar” kitabında bəhs etdiyimiz ayələrin nazil olma səbəbilə əlaqədar bu rəvayəti olduğu kimi qeyd etmişdir.[360]

***

“HƏL-ƏTA” SURƏSİ ŞE’R ƏDƏBİYYATINDA

“Həl-əta” surəsinin Əhli-beyt (ə) barəsində nazil olması o qədər aydındır ki, bir çox məşhur şairlər öz şe’rlərində ona toxunmuşlar. O cümlədən, müxtəlif kitablarda nəql olunan “şafei məzhəbi”nin imam və rəhbəri Məhəmməd ibn İdris Şafeinin bu misraları məşhurdur:

İla mə, ila mə, və hətta məta?

Uatəbu fi hubbi hazəl-fəta!

Və həl zuvvicət Fatimu ğəyrəhu?

Və fi ğəyrihi “Həl-əta”, həl-əta?

“Nə vaxta, nə vaxta, nə vaxta qədər?

Ona olan sevgi danlaq gətirər?

Könül verərdimi Zəhra özgəyə?

Onunçün enmədi “həl-əta” məgər?”[361]

Hicri qəməri tarixlə 6-cı əsr alimlərindən olan İbn Bitriq “Umdətu-üyuni sihahil-əxbar” kitabında Əbu İshaq Sə’ləbinin təfsir kitabından bir şe’r nəql edir ki, onun bir misrası belədir:

Ənə movla li-fəta,

Unzilə fihi “Həl-əta”!

“Mən o comərd şəxsin quluyam ki, “Həl-əta” surəsi onun haqqında nazil olmuşdur!”[362]

Məhəmməd ibn Təlhə Şafei (7-ci əsr alimi) “Mətalibus-sual” kitabında Peyğəmbərin (s) Əhli-beyti (ə) barəsində belə bir şe’r söyləmişdir:

Humul-urvətul-vusqa li-mo’təsimin biha,

Mənaqibuhum caət bi-vəhiyin və inzali,

Mənaqibu fiş-Şura və surətu “Həl-əta”

Və fi surətil-“Əhzab”i yə’rifuhət-tali.

“Onlar sarılmaq istəyənlər üçün “ürvətül-vüsqa”dırlar (möhkəm dayaqlardır). Onların fəzilətləri Qur’an və vəhydə, “Şura” və “Həl-əta” surələrində qeyd edilmişdir. “Əhzab” surəsində gəlmişdir ki, (Qur’anı) tilavət edən hər kəs bunu yaxşı bilir.”[363]

Əhli-beytin “Şura” surəsindəki fəzilətləri dedikdə, “qurba” ayəsi nəzərdə tutulur. “(Ya Peyğəmbər!) De ki, mən sizdən risalətim və peyğəmbərliyim müqabilində ən yaxın adamlarıma sevgidən başqa bir mükafat istəmirəm!”[364]

“Əhzab” surəsindəki fəziləti isə “Təthir” ayəsi ilə bağlıdır: “Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi uzaqlaşdırıb, sizi pak-pakizə etmək istəyir!”[365]

Bu zəmində Əbul-Qarat ibn Rəzikin “Təlaye” kitabında daha çox şe’rlər nəql olunmuşdur.[366]

***

“HƏL-ƏTA” SURƏSİ VƏ İRADLAR

Əhli-sünnənin tarix, hədis və təfsir kitabları ilə tanış olanlar yaxşı bilirlər ki, hər vaxt Əli ibn Əbi Talibin (ə) və Peyğəmbərin (s) Əhli-beytinin (s) fəzilətlərindən söz açıldıqda, bə’zi təəssübkeş alimlər müxtəlif bəhanələrlə hər bir hədisin məzmunu və sənədinə irad tutmuş, onu qiymətdən salmağa çalışmışlar. Bu yersiz iradlar göstərir ki, sanki onlar bu fəzilətləri inkar etmək üçün möhkəm əhd-peyman bağlamışlar.

“Ruhul-məani”, “Əl-mənar” və “Kəbir” (Fəxri-Razi) kitablarını mütaliə etdikdə, görürük ki, Əhli-beytin (ə) fəzilətlərini göstərən hədislər ya tam mə’nada qəbul edilməmiş, ya da çoxlu iradlara mə’ruz qalmışdır. Bunlar doğrudan da insanı heyrətə gətirir! Çünki bunun əksi olan çox zəif hədislərdə bə’zilərinin “fəzilətləri” gözübağlı qəbul edilir. Bununla belə, Əhli-beytin fəzilətləri bir çox rəvayətlərdə onların irad və tənqid qılınclarından amanda qalmışdır. Bunu başa düşmək isə elə də çətin deyil.

Burada “Həl-əta” surəsinin nazilolma şəraiti ilə bağlı iradların mühüm bir hissəsini cavablandırmağı lazım görürük:

1. “Həl-əta” surəsi Mədinədə Həsən və Hüseynin (ə) təvəllüdündən sonra nazil olduğu üçün bu fəzilətin Əhli-beytə aid olduğunu doğru hesab edə bilərik. (Məşhur nəzərə görə, imam Həsən (ə) hicrətin 3-cü, imam Hüseyn (ə) isə hicrətin 4-cü ilində dünyaya gəlmişlər.) Halbuki bir çox alimlərin nəzərincə, bu surə Məkkədə nazil olmuşdur. Demək, onun Əhli-beyt (ə) barəsində nazil olması şübhəlidir!

Cavab: Əhli-sünnə alimi Qurtubinin yazdığı kimi, məşhur alimlərin nəzərinə əsasən, bu surə Mədinədə nazil olmuşdur.[367] Hakim Həskani isə bu surənin “Ər-rəhman” və “Təlaq” surələrindən sonra Məkkədə nazil olduğunu söyləmişdir.

Diqqət yetirmək lazımdır ki, adları çəkilən alimlər bu zəmində səkkiz rəvayət nəql etmişlər. Onların hamısı “Həl-əta” surəsinin Mədinədə nazil olduğunu demişlər. Bu rəvayətlərin bə’zisi İbn Abbasdan, bə’zisi Əkrəmədən, bə’zisi də başqalarından nəql olunmuşdur.

Hakim Həskani öz qeydlərində belə yazır: “Əhli-beyt düşmənlərindən bə’ziləri (“Həl-əta” surəsinin nazil olma səbəbinə) e’tiraz edərək demişlər ki, bütün təfsir alimlərinin yekdil nəzərinə görə, bu surə Məkkədə nazil olmuşdur, halbuki Əhli-beyt (ə) barəsində nəql olunan əhvalat Mədinədə baş vermişdir.”

Sonra yazır: “Bu şəxs bütün alimlərin yekdil fikirdə olduğunu necə iddia edə bilər?! Halbuki alimlərin əksəriyyəti bu fikirdə deyil və “Həl-əta” surəsinin Mədinədə nazil olduğunu söyləmişlər.”[368]

Əbu Abdullah Zəncani “Tarixul-Qur’an” kitabında “Nəzmud-durər və tənasuxul-ayati vəs-suvər” kitabına istinadən nəql edir ki, bir qrup əhli-sünnə aliminin fikrincə, bu surə Mədinədə nazil olmuşdur.[369]

Süyuti bu rəvayəti “Əd-durrul-mənsur” kitabında İbn Abbasdan müxtəlif sənədlərlə nəql etmişdir. Həmçinin onun “Əl-itqan” və Beyhəqinin “Dəlailun-nubuvvət” kitablarında Əkrəmədən nəq olunur ki, “Həl-əta” surəsi Mədinədə nazil olmuşdur.[370]

Bu surənin Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olduğunu deyən alimlər böyük bir qrup təşkil edir. Adları öncə qeyd olunan həmin şəxslər bu surənin Mədinədə nazil olduğunu demişlər.

Bütün bunlardan əlavə, bu surənin bir qisminin Məkkədə nazil olduğunu fərz etsək belə, Əli (ə) və ailəsinin nəzri ilə bağlı hadisəni açıqlayan ayələr Mədinədə nazil olmuşdur. Qur’ani-kərimdə bir çox surələrin bir hissəsi Məkkədə, digər bir hissəsi Mədinədə nazil olmuşdur. “Həl-əta” surəsi də bu qəbildəndir.

Məhz bu səbəbdən də “Ruhul-bəyan” əsərinin müəllifi (Bursui Hənəfi) “Həl-əta” surəsinin Mədinədə nazil olduğunu söyləyir. Bir qrup böyük alimin fikrini bəyan etdikdən sonra surənin bir hissəsinin Məkkədə, digər bir hissəsinin Mədinədə nazil olması ilə bağlı yazır: “Deyə bilərik ki, bu surə həm Məkkə, həm də Mədinədə nazil olmuşdur. Amma, onun Mədinədə nazil olan ayələrinin sayı çoxdur. Demək, bu surənin Mədinədə nazil olması fikri daha məntiqlidir. Ümumiyyətlə, biz bu surənin nazilolma səbəbini açıqlayan əhvalatın (Əlinin (ə) və ailəsinin nəzrinin) doğruluğuna şübhə etmirik!”[371]

Bu təfsir alimi və digərlərinin “Həl-əta” surəsinin Mədinədə nazil olmasına əsasları onda qeyd edilən “əsir” sözüdür. Bildiyimiz kimi, Peyğəmbər (s) Məkkədə olduğu zaman kimsə əsir olmamışdır və əsirlik Mədinədə cihad hökmü nazil olduqdan sonraya aiddir.

Həmin alim yazır: “Bu ayələrin Mədinədə nazil olduğunu göstərən dəlil onda qeyd olunan “əsir” sözü ilə əlaqədardır. Çünki əsirlik cihad ayəsi və onun hökmü nazil olduqdan sonra Mədinədə müşahidə olunmuşdur.”[372]

Maraqlıdır ki, imam Əlinin (ə) vilayət və xilafətinə qarşı çıxan bə’zi təəssübkeş alimlər bu ayədə qeyd olunan “əsir” sözünə də müəyyən yozumlar tapmışlar. Onlardan bə’ziləri burada arvadının əsarəti altında olanların, bə’ziləri də borc içində əsir olanların nəzərdə tutulduğunu qeyd etmişlər!...[373]

Bu alimlərdən soruşmaq lazımdır ki, “əsir” sözü nə üçün həqiqi mə’nada yox, məcazi mə’nada götürülməlidir?! Axı nə üçün?!

2. Ayənin bəyanı ümumi olduğu halda, onu müəyyən fərdlərə necə aid etmək olar?

Dəfələrlə işarə edildiyi kimi, ayələrin məfhumunun ümumiliyi ilə onun xüsusi bir məsələ ilə bağlı nazil olması arasında heç bir ziddiyyət yoxdur. Bunu Qur’ani-kərimin bir çox ayələrində müşahidə etmək olar. Qəribədir ki, Qur’ani-kərimdə məfhum və mə’nası ümumi olub, xüsusi bir məsələ ilə əlaqədar nazil olan digər ayələrə bu iradlar tutulmadığı halda, imam Əlidən (ə) söz açıldıqda münasibət tamamilə dəyişilir!

3. Bir insanın üç gün ac qalıb, yalnız su ilə iftar etməsi mümkündürmü?

Bu bəhanə isə doğrudan insanı heyrətə gətirir! Dəfələrlə görmüşük ki, müalicə məqsədi ilə nəinki üç gün, hətta on gün, bəlkə də qırx gün ac qalıb su ilə keçinənlər var. Bə’zi həkimlər hətta bu yolla xəstələri müalicə edirlər. Qeyri-müsəlman doktor Aleksey Sufurin dəqiq proqramlara əsasən, bə’zi xəstəliklərin qırx gün ac qalmaqla müalicəsi haqda ayrıca bir kitab yazmışdır.[374]

Bir növ “su orucu” sayılan “aclıq e’tirazı” da müasir dövrdə yayılmışdır və bə’zən qırx günü ötüb keçir.

Bəs nə üçün inadkarlar üç gün oruc tutub, su ilə iftar edilməsinə təəccüblənirlər?! Məqsəd, mümkün olan hər yolla Əhli-beytin (ə) bu böyük fəzilətini inkar etmək deyilmi?!

6-“BƏRAƏT” AYƏLƏRİ

“Tövbə” surəsində də bir neçə ayə vardır ki, onların nazilolma səbəbilə əlaqədar təfsir, hədis və tarix kitablarında nəql olunan rəvayətlərə diqqət yetirdikdə, Əmirəl-mö’minin Əlinin (ə) fəzilətləri aşkar olur.

Bu surənin ilk ayələrində əhd-peymanı pozan müşriklərə müharibə e’lan olunur. Demək olar ki, bütün tarixçi və təfsirçilərin nəzərincə, hicrətin 9-cu ili bu ayələr nazil olanda, İslam peyğəmbəri (s) həmin əmri Məkkədə həcc mərasimində hamıya çatdırmağı Əbu Bəkrə tapşırdı. Lakin Əbu Bəkr yolun bir miqdarını getdikdən sonra bu iş Əliyə (ə) həvalə olundu və Əbu Bəkr geri çağırıldı. Əli (ə) Peyğəmbərin (s) əmrini olduğu kimi icra etdi. Tarix, təfsir və hədis alimləri bu hadisəni azacıq fərqlə nəql etmişlər. İndi həmin rəvayətlərdən bir qismini nəzərdən keçiririk:

1. Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl “Müsnəd” kitabında yazır: “Peyğəmbəri-əkrəm (s) “Bəraət” ayələrini Əbu Bəkrə verib, Məkkəyə göndərdi ki, onu Məkkə əhlinə çatdırıb desin: “Bu ildən heç bir müşrik Allah evi Kə’bəni ziyarət etmək hüququna malik deyil. Heç kəs çılpaq halda Kə’bəni təvaf edə bilməz...” Sonra Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu ki, özünü (Məkkə ilə Mədinə yolu arasında) Əbu Bəkrə çatdırıb, onu geri qaytarsın və “Bəraət” ayələrini özü aparsın. Əli (ə) belə də etdi. Hədisin axırında deyilir: “Əbu Bəkr Peyğəmbəri-əkrəmdən (s) “Mənim geri qayıtmağımla əlaqədar bir ayəmi nazil olub” soruşduqda Həzrət buyurdu:

اُمِرْتُ اَنْ لا يُبَلِّغَهُ اِلاّ اَنَا اَوْ رَجُلٌ مِنِّى:

“Mənə əmr gəlib ki, bu surəni camaata ya özüm çatdırım, ya da məndən olan bir kəs!”[375]

Əhli-sünnənin mö’təbər mənbələrindən sayılan “Sünəni-Termizi”də bu rəvayət başqa şəkildə Ənəs ibn Malikdən nəql olunur. Peyğəmbəri-əkrəm (s) “Bəraət” ayələrini Əbu Bəkrə verəndən sonra onu geri çağırtdırıb buyurdu:

لا يَنْبَغِى لاَِحَدٍ اَنْ يُبَلِّغَ اِلاّ رَجُلٌ مِنْ اَهْلِى فَدَعا عَلِيّاً فَاَعْطاهُ اِيّاهُ:

“Bu surəni mənim Əhli-beytimdən olan kişidən başqa heç kəs camaata çatdırmağa layiq deyil.” Sonra Əlini çağırıb, bu surəni ona verdi!”[376]

Termizi İbn Abbasdan təfsilatı ilə başqa bir hədis nəql edir.[377] Diqqəti cəlb edən məsələ budur ki, o, hər iki hədisi qeyd etdikdən sonra bu barədə həm özünün, həm də başqalarının nəzərini belə açıqlayır: “Bu hədis “həsən” (yaxşı) və “qərib”dir!” Lakin o, bu sözü nə ondan qabaqkı, nə də sonrakı hədislər barəsində demir. Bu da öz növbəsində qəribə münasibətdir. İmam Əlinin (ə) məqamı və fəziləti haqda nəql olunan bütün hədislər onlara qəribə görünür!

2. Süyuti “Əd-durrul-mənsur” kitabında Abdullah ibn Əhməd Hənbəldən və İbn Mərdəveyhdən, onlar da imam Əlidən (ə) belə nəql edirlər: “Bəraət” surəsinin ilk on ayəsi nazil olanda, Peyğəmbər (s) Əbu Bəkri çağırıb, ayələri ona verdi ki, Məkkə əhalisinə yetirsin. Sonra isə məni çağırıb buyurdu: “Əbu Bəkrə çatıb, məktubu (ayələri) ondan al (və özün e’lan et)! Əbu Bəkr geri qayıdıb dedi: “Ya Peyğəmbər (s)! Mənim haqqımda (bu işə layiq olmadığımı göstərən) bir şeymi nazil olub?!”

Peyğəmbər (s) buyurdu: “Xeyr, lakin Cəbrail gəlib mənə dedi: “Bu xəbəri başqası oxuya bilməz, ya özün, ya da sənin Əhli-beytindən bir kişi oxumalıdır!”[378]

3. Yenə həmin kitabda Əhməddən, Termizidən, eləcə də, İbn Mərdəveyhdən, onlar da Ənəs ibn Malikdən belə nəql edirlər: “Peyğəmbər (s) “Bəraət” ayələrini Əbu Bəkrə verib Məkkəyə göndərdi. Sonra onu geri çağırtdırıb buyurdu:

لا يَنْبَغِى لاَِحَدٍ اَنْ يُبَلِّغَ هذا اِلاّ رَجُلٌ مِنْ اَهْلِى، فَدَعا عَلِيّاً فَاَعْطاهُ اِيّاهُ:

“Bu surəni camaata çatdırmağa mənim Əhli-beytimdən olan kişidən başqa bir kəs layiq deyil.” Sonra Əlini çağırıb, “Bəraət” ayələrini ona verdi!”[379]

4. Yenə orada Sə’d ibn Əbi Vəqqasdan belə nəql edilir: “Peyğəmbər (s) “Bəraət” ayələrini Əbu Bəkrə verib Məkkəyə göndərdi. Sonra Əlini (ə) onun ardınca göndərib tapşırdı ki, ayələri ondan alsın. Əbu Bəkr narahat olub, bunu Peyğəmbərə (s) dedikdə, Həzrət buyurdu:

اِنَّهُ لا يُؤَدِّى عَنِّى اِلّا اَنا اَوْ رَجُلٌ مِنِّى



Geri   İrəli
Go to TOP