A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


8. Əbu Cə’fər Məhəmməd ibn Cərir Təbəri “Camiul-bəyan” kitabında Əbud-Deyləmdən belə nəql edir: ”Zeynəlabidini (ə) Şama əsir aparıb Dəməşqin (darvazasının) pillələrində saxladılar. Şam əhalisindən bir nəfər ayağa qalxıb dedi: “Allaha şükür olsun ki, sizi öldürüb, kökünüzü kəsdi!” Zeynəlabidin (ə) ona buyurdu: “Heç Qur’an oxuyubsanmı?” Dedi: “Bəli!” Buyurdu: “Qur’anda “Ha-mim” övladlarını oxuyubsanmı?” Dedi: “Qur’anı oxumuşam, amma “Ha-mim” övladlarını görməmişəm!” Buyurdu: “Qul la əs’əlukə ələyhi əcrən illəl-məvəddətə fil-qurba! (Ya Peyğəmbər) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm.)” Dedi: “Peyğəmbərin yaxınları sizmisiniz?” Buyurdu: “Bəli!”[298]

9. İbn Həcər “Əs-səvaiqul-muhriqə” kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Biz “Ha-mim” övladları haqda bir ayə nazil olmuşdur və o budur ki, bizim dostluq və məhəbbətimizi mö’minlərdən başqa kimsə (qəlbində) saxlamaz.” Sonra bu ayəni tilavət etdi: “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm.”[299]

Bu rəvayət azacıq fərqlə “Kənzül-ümmal” kitabında da nəql olunmuşdur.[300] Bu rəvayətdən açıq-aşkar başa düşülür ki, bəhs etdiyimiz ayədəki “qurba”da məqsəd Peyğəmbərin (s) yaxın adamlarıdır. “Ha-mim övladları”ndan məqsəd, əvvəli “Ha-mim”lə başlayan surələrdir. Bunlar yeddi surədir: “Mu’min”, “Fussilət”, “Şura”, “Zuxruf”, “Duxan”, “Casiyə” və “Əhqaf”. Qeyd etdiyimiz ayə isə “Şura” surəsindədir.[301]

10. Zəməxşəri, Fəxri-Razi və Qurtubi öz təfsir kitablarında “qurba” ayəsinin təfsirində Peyğəmbəri-əkrəmdən (s) bir hədis nəql edirlər. Bu hədisdə Əhli-beyt (ə) sevgisi yüksək qiymətləndirilir. Zəməxşərinin “Kəşşaf” təfsirindəki hədisi olduğu kimi yazırıq. Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə ölsə, dünyadan şəhid olaraq getmişdir.

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, bağışlanmışdır.

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, tövbə ilə dünyadan getmişdir.

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, kamil imanla dünyadan getmişdir.

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, ölüm mələyi ona behişt müjdəsi verər, sonra Nəkir və Münkər (adlı sorğu-sual mələkləri) onu müjdələyərlər.

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, gəlin bəy evinə aparılan kimi, ehtirmla behiştə aparılar.

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, onun qəbrindən behiştə doğru iki qapı açılar.

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, qəbri rəhmət mələklərinə ziyarətgah olar.

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, sünnə ilə dünyadan getmişdir.

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavətlə dünyadan getsə, qiyamət günü alnına “Allahın rəhmətindən mə’yusdur” yazıldığı halda məhşərə çıxar!

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavət və kin-küdurətlə dünyadan getsə, kafir halda dünyadan getmişdir.

Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavət və kin-küdurətlə dünyadan getsə, behişt qoxusu duymaz!”[302]

Maraqlıdır ki, bə’zi təəssübkeş sünni alimləri “Kəşşaf” təfsirinə yazdıqları haşiyədə bu hədisin nəqlindən sonra belə qeyd etmişlər: “Bu hədisin saxtalığı əsər-əlamətindən bəllidir!”

Amma onlar hədisin saxta olmasına dəlil göstərməmiş, yaxud saxtalığının necə bəlli olmasını açıqlamamışlar. Səbəb budur ki, hədisdə Peyğəmbəri-əkrəmin (s) Əhli-beytinin məqam və dərəcəsi əzəmətlə bəyan olunmuşdur. Bu isə onların əqidəsinə uyğun deyil. Bəlkə də, onlar ilk dəfə bu şərif hədisdə Peyğəmbər (s) Əhli-beytinin əzəmətli məqamını müşahidə edirdilər. Bu hədisi eyni əqidəli üç böyük təfsir alimi nəql etsə də, onlara irad tutmamışlar. Fəxri-Razi bu hədisi nəql etdikdən sonra belə yazır: “Hədisdəki “ali” sözü haqda fikir ayrılığı olsa da, mənim nəzərimcə “ali-Məhəmməd” (Məhəmmədin (s) Əhli-beyti) Peyğəmbərlə (s) rabitə və əlaqələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olarsa, yaxınlıq da bir o qədər güclənər. Şübhəsiz, Əli, Fatimə, Həsən və Hüseynin (ə) həzrət Peyğəmbərlə (s) rabitəsi hamıdan artıqdır. Bunun inkaredilməz həqiqət olduğu hamı tərəfindən söylənilmiş və mütəvatir hədislərə sübuta yetirilmişdir. Buna əsasən, (hamının əqidəsinə görə) onlar Peyğəmbərin (s) övladları, Əhli-beytidir. Amma onlardan başqalarının “ali-Məhəmməd”ə aid olması ilə bağlı ixtilaf var. Həqiqətən də, ayrı-ayrı şəxsləri “ali” sözünün əhatəsinə daxil etmək ağıl və məntiqə, nəql olunmuş rəvayətlərə qarşı çıxmaqdır.” Fəxri-Razi əlavə dəlil və sübutlar da göstərir ki, bu ayə Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynə (ə) aiddir.[303]

Mə’lum olur ki, “qurba” ayəsini təfsir edən “Ayədə Qüreyş kafirlərinə xitabda məqsəd budur ki, mənim onlarla yaxınlığımı unutmayın, bu yaxınlıq və qohumluğa görə onlara əziyyət verməyin” kimi rəvayətlər düzgün deyil. Çox ehtimal ki, bu saxta hədisləri düzəldənlər Əhli-beytin (ə) məqamını uca göstərən hədisləri əhəmiyyətsiz qələmə vermək istəmişlər. Çünki Qüreyş kafirlərinə belə bir xitab ayənin məfhumuna tam ziddir və Peyğəmbərin (s) kafirlərə “Mən sizdən heç bir muzd istəmirəm, lakin mənimlə qohumluq əlaqələri olanları unutmayın və onlara əziyyət verməyin” buyurması qeyri-mümkündür. Onlar Peyğəmbərin (s) risalət və peyğəmbərliyini əsla qəbul etməmişlər.

Bu bəhsimizi Fəxri-Razinin “Kəbir” və Alusinin “Ruhul-məani” kitablarında “qurba” ayəsinin təfsiri ilə bağlı qeyd etdikləri misralarla sona çatdırırıq. Bu misralar sünni təriqətlərindən birinin banisi Şafeinindir. O, belə deyir:

Ya rakibən, qif bil-muhəssəbi min Məna,

Vəhtif bi-sakini xifiha vən-nahizi,

Səhərən, iza qazəl-həcicu ila Mina,

Fəyzən kə-multətəmil-furatil-faizi.

İn kanə rəfzən hubbu ali-Muhəmməd,

Fəl-yəşhidis-səqəlanu: inni rafiziyyun!

“Ey (Allah evinin ziyarəti üçün) süvar olan, Minanın yaxınlığında şeytana daş atılan yerdə (Allah evinin zəvvarlarının toplaşdıqları böyük mərkəzdə) dayan. Xif məscidində (ibadətlə məşğul olan), yaxud Kə’bəyə doğru hərəkət edən bütün kəsləri çağır; səhər vaxtı hacıların sel kimi Mina məntəqəsinə çatdığını gördükdə, fəryad edərək söylə: “Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab edilərsə, onda bütün insanlar və cinlər şahid olsunlar ki, mən rafiziyəm (dindən çıxmışam)!”[304]

İlahi! Bizi namazda salam və salavat göndərdiyimiz Əhli-beyti (ə) sevənlərdən qərar ver!

İlahi! Bu sevgini vilayət məqamını tanımaq üçün vasitəyə, bu tanışlığı Əhli-beyt (ə) məktəbinə tabeçiliyə çevir. Bu, İslamın ən mühüm məqsədidir!

FƏZİLƏT AYƏLƏRİ

İşarə:

Əvvəldə qeyd etdiyimiz kimi, bu fəsildə araşdıracağımız ayələr imamət və xilafətlə birbaşa bağlı deyil. Lakin onlar imam Əli (ə) üçün böyük fəzilət sayılır və o həzrətin şəxsiyyətini başqalarından tamamilə ayırır.

İslam ümməti arasında onun kimisi var ikən imamət və xilafətin başqa birinə verilməsi əsla düzgün deyil. Başqa sözlə, əqli dəlilə əsasən, imamət və xilafət kimi bir məqamın hikmətli Allah tərəfindən “əfzəl”ə (daha fəzilətliyə) yox, “məzfzul”a (fəzilətcə aşağı şəxsə) verilməsi mümkün deyil. Hətta dünyanın ağıllı insanları belə bir işi məzəmmət edər, bunu tədbirsizlik nişanəsi sayar. Çünki burada üstün şəxs ondan aşağı səviyyədə olan şəxsə tabe edilmişdir.

Bu fəsildəki ayələr daha çox olduğundan bə’zi alimlər bu mövzuda ayrıca kitab yazmışlar. Biz onların içərisindən daha barizlərini seçib nəzərdə tutduğumuz həcmə uyğun şərh edəcəyik!

Əhli-sünnənin məşhur mənbə və kitablarına istinad etməklə Əhli-beyt (ə) məktəbinin ardıcıllarının sözlərinə cüzi toxunacağıq ki, kimsə bu məktəb ardıcıllarının təəssüb üzündən çıxış etdiyini təsəvvür etməsin. Bu ayələr qədərincə çoxdur. Biz 25 ayəni seçib, onların təfsiri ilə sizi tanış edəcəyik:

1-“MÜBAHİLƏ” AYƏSİ

“Ali-İmran” surəsinin 61-ci ayəsində buyurulur:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

“(Ya Peyğəmbər!) Hər kəs sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb) yalançılara Allahdan lə’nət istəyək.”

Bu ayə ilə bağlı bir neçə nöqtəni aydınlaşdırmaq lazımdır:

1. Ayənin məfhumu.

2. İslamın məşhur mənbələrində bu ayənin təfsirində nəql olunan rəvayətlər kimləri tanıtdırır?

3. Ayənin Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseynin (ə) fəzilət və üstünlüyünü göstərməsi.

4. Bə’zi irad və bəhanələrin cavabı.

“MÜBAHİLƏ” AYƏSİNİN MƏFHUMU

Bu ayə özündən əvvəlki və sonrakı ayələrlə birgə göstərir ki, xristianlar yanlış əqidələrindən əl çəkmədikləri, o cümlədən, heç bir məntiq və dəlilə əsaslanmadan həzrət İsanın (ə) allahlıq məqamına şərik olduğunu iddia etdikləri zaman İslam peyğəmbəri (s) haqqın üzə çıxmağı üçün “mübahilə”yə çağırılır. Belə ki, hər iki qrup Allaha yalvarıb qarşı tərəfin yalanının ifşa olmasını diləməli idi!

“Mübahilə” əslində “azad, özbaşına buraxmaq, bir şeyi qeyd-şərtsiz nəzərə almaq” mə’nasını bildirən “bəhl” sözündən götürülmüşdür. Məsələn, balasına süd vermək üçün özbaşına buraxılan heyvana “bahil” deyilir. Dualarda da “ibtihal”ın mə’nası işlərin Allaha tapşırılmasından ibarətdir.

Bə’zən bu sözü “həlakət, lə’nət və Allahdan uzaqlaşmaq” kimi mə’nalandırmışlar. Bəndənin Allahın lütf və mərhəmətindən üzülüb özbaşına buraxılmasını misal göstərmək olar.

“Mübahilə”nin bu ayədəki məfhum və mə’nasına gəldikdə isə “mübahilə” iki nəfərin bir-birinə qarşı nifrin və qarğışı mə’nasını ifadə edir. Belə ki, hər şey şüur və məntiq baxımından aydın olduqdan sonra mübahisə kəsilməyəndə iki nəfər, yaxud iki qrup bir yerə toplaşıb, Allaha dua edir və Ondan yalançının rüsvay olmasını, cəzalanmasını diləyir. Ayədə qeyd olunduğu kimi, İslam peyğəmbəri (s) mübahiləyə Nəcran xristianlarını də’vət etmişdi. Həmin ayənin təfsiri ilə tanış olaq. Ayədə belə buyurulur:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ

“(Ya Peyğəmbər!) Hər kəs sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də ouğllarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq!”

ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

“Sonra mübahilə edib (yalvarıb) yalançılara Allahdan lə’nət istəyək.”

Şübhəsiz, belə bir hadisə baş vermiş və Peyğəmbəri-əkrəm (s) bir neçə nəfəri özü ilə mübahiləyə aparmışdır. Təfsir və hədis alimlərinin nəql etdikləri rəvayətlərdə buyurulur: Mübahilə ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. Onlar o həzrətdən fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı və alimi[305] dedi: “Əgər sabah Məhəmməd öz ailəsi və övladları ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq; amma öz müridlərini gətirsə, onunla mübahilə edərik.”

Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianların başçısı ətrafındakılardan soruşdu: “Bunlar kimdir?” (Bu hadisəni Peyğəmbər (s) özü müşahidə edirdi.) Ona dedilər: “Biri əmisi oğlu və kürəkəni, o iki oğlan uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!” Xristianların başçısı onlara dedi: “Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaət və cür’ətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: “Ey Məhəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bə’zi rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!”[306]

Bu hadisə azacıq fərqlə bir çox təfsir kitablarında nəql olunmuşdur. O cümlədən, Fəxri-Razinin “Kəbir” təfsiri , 8-ci cild, səh. 10; “Təfsiri-Qurtubi”, 2-ci cild, səh. 1346; “Ruhul-bəyan”, 2-ci cild, səh. 44; “Ruhul-məani”, 3-cü cild, səh. 188; “Bəhrul-muhit”, 2-ci cild, səh. 472; “Təfsiri-Beyzavi”, “mübahilə” ayəsinin təfsiri və digər təfsir kitablarında qeyd olunmuşdur.

***

“MÜBAHİLƏ” HƏDİS ALİMLƏRİNİN KƏLAMLARINDA

Əhli-sünnə və Əhli-beyt (ə) ardıcıllarının mö’təbər və məşhur mənbələrində nəql olunan bir çox rəvayətlərə əsasən, Mübahilə ayəsi Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur. O cümlədən:

1. “Səhihi-Müslim”in “Səhabələrin fəzilətləri” kitabının “Əli ibn Əbi Talibin (ə) fəzilətləri” bölümündə Sə’d ibn Əbi Vəqqasdan nəql olunan rəvayətdə deyilir ki, Müaviyə ondan soruşdu: “Nə üçün sən Əbu Turabı (Əlini (ə)) söymürsən?” Sə’d cavabında dedi: “Peyğəmbəri-əkrəmin (s) üç buyuruğu yadımda olduğu üçün Əlini söyə bilmərəm. Əgər onlardan biri mənim haqqımda deyilsəydi, xeyli qırmızı tüklü dəvəyə sahib olmağımdan daha yaxşı idi. (Bu ən bahalı dəvədir!)” Sonra o, “Mənzilət” hədisini (Əlinin (ə) “Təbuk” müharibəsində Mədinədə Peyğəmbərin (s) yerində canişin qalmasını), “Xeybər” müharibəsində Peyğəmbərin (s) bayrağı Əliyə (ə) verməsini və mübahilə hadisəsini qeyd edir: “Mübahilə” ayəsi nazil olandan sonra Allahın Peyğəmbəri (s) Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyni (ə) çağırıb dedi: “İlahi! Bunlar mənim Əhli-beytimdir.”[307]

Bu hədisi əhli-sünnənin digər alimləri də nəql etmişlər. O cümlədən:

Termizi “Səhih” kitabında[308] bu hədisi nəql etdikdən sonra yazır: “Əbu İsa deyir ki, bu hədis “həsən”, “səhih”, eyni zamanda “qərib”dir.” (Hədisin “qərib” və nadirliyi fikri təəssübkeşlik ucbatındandır.) Həmçinin bunu Əhməd ibn Hənbəl “Müsnəd”,[309] Beyhəqi “Əs-sünənül-kubra”[310] və Süyuti “Əd-durrul-mənsur”[311] kitablarında qeyd etmişlər.

2. Termizi “Səhih” kitabının başqa bir yerində Sə’d ibn Vəqqasdan nəql edir ki, “Mübahilə” ayəsi nazil olanda, Peyğəmbəri-əkrəm (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb dedi: “İlahi! Bunlar mənim Əhli-beytimdir!”[312]

Bu hədisi Hakim “Müstədrəküs-səhiheyn” kitabında nəql etdikdən sonra yazır: “Bu hədis səhih və doğrudur, Şeyxeynin (Buxari və Müslimin səhih və doğru bildikləri) şərtləri ilə tam uyğundur!”[313]

Bunu Beyhəqi də “Əs-sünənül-kubra” kitabında nəql etmişdir.[314]

3. Süyuti “Əd-durrul-mənsur” kitabında Hakim və İbn Mərdəveyhdən, eləcə də, Əbu Nəim “Dəlail” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql edirlər: “Peyğəmbəri-əkrəm (s) xristianları mübahiləyə çağırdığı günün səhəri Əli, Fatimə, Həsən və Hüseynin (ə) əlindən tutub tə’yin olunmuş yerə getdi. Lakin onlar mübahiləyə razı olmadılar.” Cabir əlavə edərək deyir: “Mübahilə ayəsi onların haqqında nazil olmuşdur!”[315]

Süyuti yazır: “Hakim bu hədisi səhih və doğru hesab etmişdir!”

4. Yenə “Əd-durrul-mənsur” kitabında İbn Abbasdan belə nəql olunmuşdur: “Nəcran xristianları Peyğəmbərin (s) hüzuruna gedib mübahilə istədilər... Peyğəmbər (s) mübahiləyə Əli, Fatimə, Həsən və Hüseyni (ə) gətirib, onlara buyurdu: “Mən dua edirəm, siz də “amin” deyin!” Bu vaxt Nəcran xristianları mübahilədən çəkinib, Peyğəmbərlə (s) sülh etdilər və cizyə verməyə razı oldular.”[316]

5. Yenə həmin kitabda İbn Cərirdən, (o da İlba ibn Əhmər Yəşkəridən) belə nəql edilir: “Mübahilə ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) Əli, Fatimə, Həsən və Hüseynlə (ə) birgə müxalifləri mübahiləyə çağırdı, amma onlar razı olmadılar.[317]

6. Əllamə Təbəri “Təfsir” kitabında “mübahilə” ayəsinin təfsiri ilə bağlı Zeyd ibn Əlidən belə nəql edir: “(Mübahilədə) Peyğəmbərlə (s) Əli, Fatimə, Həsən və Hüseyn (ə) da vardı!”[318]

7. Yenə həmin kitabda bu ayənin təfsiri ilə bağlı Sədiyyin vasitəsilə belə nəql olunur: “Peyğəmbər (s) Fatimə, Həsən və Hüseynin (ə) əlindən tutub, Əliyə (ə) buyurdu: “Bizim arxamızca gəl!”[319]

8. Hicri qəməri tarixi ilə 4-cü əsrin alimlərindən olan Əllamə Əbu Bəkr Cəssas “Əhkamul-Qur’an” kitabında “mübahilə” barəsində belə yazır: “Tarix raviləri Peyğəmbəri-əkrəmin (s) Həsən, Hüseyn, Əli və Fatimənin əlindən tutub, məsihilərlə mübahiləyə çıxmasını yekdilliklə qəbul edirlər!”[320] Cəssasın yazdığına görə, bütün tarix və hədis alimlərinin bu məsələdə icması və yekdilliyi aydın bir məsələdir.

9. Əllamə Əbu Bəkr Cəssas “Mə’rifətu-ülumil-hədis” adlı başqa bir kitabında “mübahilə” əhvalatını nəql etdikdən sonra yazır: “Hakim demişdir: Təfsir kitablarında İbn Abbas və başqalarından nəql olunan “mütəvatir” hədislərdə buyurulur: “Allahın Peyğəmbəri (s) mübahiləyə getdiyi gün Əli, Həsən və Hüseynin əlindən tutmuşdu və Fatimə də onların arxasınca gedirdi. Sonra o həzrət buyurdu: “Bunlar bizim oğullarımız, özümüz və qadınlarımızdır. Siz də özünüzü, övladlarınızı və qadınlarınızı gətirin (ki, dua edib, Allahdan yalançılara lə’nət diləyək)!”[321]

Qeyd etdiklərimiz “mübahilə” ayəsinin nazil olma səbəbi ilə əlaqədar nəql olunan rəvayətlərin bir qismi idi. Gördüyünüz kimi, hədislərdəki fərq, yalnız Fatimənin (ə.s), yaxud imam Əlinin (ə) Peyğəmbəri-əkrəmlə (s) yanaşı, yaxud həzrətin arxasınca hərəkət etməsi idi. Bu da əslində elə də fərq sayılmır. Çünki “Bədr”, “Xeybər”, “Əhzab” müharibələri, hətta Məkkənin fəthi kimi qəti və şübhəsiz olan bir çox tarixi hadisələrdə fikir ayrılığı gözə dəyir. Tarixdə baş vermiş ən mühüm hadisələrə münasibətdə azacıq fərq və ixtilaf olmaması gözə çarpır.

Ümumiyyətlə, qeyd etdiyimiz rəvayətlərin sayı olduqca çoxdur. Bir qrup əhli-sünnə aliminin fikrinə görə, bu rəvayətlər “təvatür” həddinə çatmışdır. Bununla belə, “Əl-mənar” kitabının müəllifinin “mübahilə” ayəsinin təfsirindəki qeydləri doğrudan da çox qəribədir! O yazır: “İstisnasız olaraq bütün rəvayətlərdə deyilir ki, Peyğəmbər (s) mübahiləyə Əli, Fatimə və onların iki övladını tə’yin etdi. (Ayədə qeyd olunan) “nisaəna” (qadınlarımız) sözü Fatiməyə, “ənfusəna” (özümüz) sözü isə yalnız Əliyə aid edilir. Bu rəvayətlərin hamısı şiələrdəndir və onların da məqsədi bəllidir!”[322]

Doğrudan da, maraqlıdır! Firqə təəssübkeşlikləri baş qaldırdıqda, “Əl-mənar”ın müəllifi kimi məşhur bir alimin məntiqsiz mövqeyi hamıya bəlli olur. Görəsən, “Səhihi-Müslim”, “Səhihi-Termizi” və “Müsnədi-Əhməd” şiənin, yoxsa əhli-sünnənin məşhur mənbələridir?! Görəsən, “Əd-durrul-mənsur” (Süyuti), “Təfsiri-Təbəri”, “Müstədrəki-Hakim” kitablarını şiə alimlərimi yazıblar?! Belə böyük yanlışlıqlar yalnız təəssübkeşlik üzündəndir. “Əl-mənar”ın müəllifi bir tərəfdən “istisnasız bütün rəvayətlərdə belə deyilir...” ifadəsini işlədir, digər tərəfdən isə məsələyə şübhə ilə yanaşır. Əgər “Səhihi-Müslim”, “Səhihi-Termizi”, “Müsnədi-Əhməd” və s. kitablarda şiələrin saxta hədisləri “təvatür” həddində nəql olunubsa, onda belə kitabları “səhih” və “mö’təbər” adlandırmaq, onun hətta bir hədisini belə qəbul etmək olarmı?! Həqiqətdə “Əl-mənar”ın müəllifi belə sözlərlə əhli-sünnənin bütün kitab və mənbələrini gözdən salır və onların mö’təbərliyini şübhə altına alır. Bəli, o, Əli (ə), Fatimeyi-Zəhra (ə.s) və onların övladlarının fəzilətini inkar etmək istəsə də, əksinə, əhli-sünnə məzhəbinə zərbə endirmişdir!

Burada təkcə bir şübhə qalır ki, o da ayədəki cəm ifadələrlə bağlıdır. Biz bu haqda sonra geniş söz açacağıq.

***

“MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ

“Mübahilə” hadisəsi İslam peyğəmbərinin (s) risalətinin doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir. Çünki Allahla qəti və mə’nəvi əlaqəsi olmayan şəxsin belə təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-əkrəm (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib Allahdan yalançıları rüsvay etməsini diləyək. Bunun mə’nası odur ki, sözsüz, mənim nifrin və qarğışım sizi tutacaq və siz bunun nəticəsini görəcəksiniz!

Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; əgər qarğış Allah dərgahında qəbul olunmasa və qarşı tərəf cəzasına çatmasa, bu özü böyük rüsvayçılıq olar. Heç bir ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir işə əl atmaz. Məhz bu səbəbdən də rəvayətlərdə deyildiyi kimi, mübahilədən söz düşdükdə, Nəcran xristianları Peyğəmbəri-əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət istədilər. Onlar Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti inam və xatircəmliklə və’d edilmiş yerə gəldiyini gördükdə, dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o həzrətin haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar.

Digər tərəfdən bu ayə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseynin (ə)) yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm sübutdur. Şübhəsiz, ayədə qeyd olunan “əbnaəna” (oğullarımız) sözündə məqsəd imam Həsən və imam Hüseyn (ə), “nisaəna” (qadınlarımız) sözündə məqsəd Fatimeyi-Zəhradır (ə.s). “Ənfüsəna” (özümüz) sözünə gəldikdə isə, şübhəsiz məqsəd təkcə Peyğəmbəri-əkrəmin (s) özü deyil. Çünki ayədə “özümüzü də’vət edək” ifadəsi vardır ki, əgər yalnız Peyğəmbər (s) nəzərdə tutulsaydı, onda insanın öz-özünü də’vət etməsinin heç bir mə’nası olmazdı. Buna əsasən, yeganə yol budur ki, belə deyək: “Məqsəd yalnız Əlidir (ə)!”

Fəxri-Razi bu ayənin təfsirində şiə alimi Mahmud ibn Həsən Həmsidən maraqlı bir mətləb nəql edir. O, bu ayəyə əsasən, Əlinin (ə) Peyğəmbərdən (s) sonra bütün peyğəmbər və səhabələrdən fəzilətli olduğunu sübut edərək deyir: “İnsanın öz-özünü müəyyən bir işə də’vət etməsi qeyri-mümkündür. Buna əsasən, “ənfüsəna”da (özümüzdən) məqsəd başqa bir şəxsdir. Alimlər də yekdil fikirdədirlər ki, həmin şəxs yalnız Əlidir (ə). Buna əsasən, Əli (ə) Peyğəmbərin (s) özü kimidir. Şübhəsiz, eynən onun kimi olmasa da, o həzrətin peyğəmbərlik məqamını, eləcə də, bütün insanlardan üstünlüyünü istisna etməklə, bütün xüsusiyyətlərdə onun kimidir. Əgər Peyğəmbəri-əkrəm (s) bütün peyğəmbərlərdən üstün və fəzilətlidirsə, deməli, Əli (ə) də onların hamısından fəzilətli olmalıdır.” Sonra o, öz kəlamını sona yetirərək hamının qəbul etdiyi Peyğəmbər (s) hədisinə istinad edir:

مَنْ اَرادَ اَنْ يَرَى آدَمَ فِى عِلْمِهِ وَ نُوحاً فِى طاعَتِهِ وَ اِبْراهِيمَ فِى خُلَّتِهِ وَمُوسى فِى هَيْبَتِهِ وَ عِيسى فِى صَفْوَتِهِ، فَلْيَنْظُر اِلى عَلِىِّ بْنِ اَبِيطالِبٍ (ع):

“Hər kəs Adəmin elmini, Nuhun (Allaha) itaətini, İbrahimin dostluğunu, Musanın heybətini, İsanın pak və saflığını görmək istəyirsə, Əli ibn Əbi Talibə (ə) baxsın!” Bu hədisdə göstərilir ki, Əli (ə) müqəddəs insanların ayrı-ayrılıqda malik olduqları xislətlərin hamısına sahib idi!

Fəxri-Razi bundan sonra yazır: “Həm keçmişdə, həm də indinin özündə şiələr də bu ayəyə istinad edərək, Əlini (ə) Peyğəmbərin (s) nəfsi və özü kimi bilirlər. Belə ki, bu ifadə onun Peyğəmbəri-əkrəmin (s) bütün xüsusiyyətlərinə malik olduğunu və bütün səhabələrdən üstünlüyünü göstərir. Buna əsasən, Əli (ə) hamıdan fəzilətli sayılır.[323]



Geri   İrəli
Go to TOP