A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


3. Burada irad şəkilli bəhanələrdən biri də budur ki, namaz halında yoxsula üzük vermək namazda artıq bir iş sayılır və bu hərəkət namazı batil edir.

(Doğrudan da, insan haqqı qəbul etməsə, necə bəhanələrə əl atır!)

Cavab: Müctehidlərin heç birinin fətvasında bir işarə ilə üzüyü çıxarmaq, xüsusilə, işarə ilə yoxsulun özünün onu çıxarması namazda artıq iş və hərəkət sayılmır. Bu halda namazın batil olması ilə bağlı heç bir hökm yoxdur. Halbuki fəqihlərin aşkar fətvalarına görə, hətta namaz halında əqrəb kimi zərərli həşəratı öldürmək, körpə bir uşağı təhlükəli hadisədən xilas etmək, kiçik daşlarla namazın rəkətlərini saymaq, (namaz halında) nəcis libası təmizləmək və s. hərəkətlər belə, namazı batil etmir. Bütün bunları nəzərə aldıqda aydın olur ki, yoxsula üzük vermək, yaxud onu barmaqdan çıxartmaq daha asan və sadə bir işdir.

4. Başqa bir bəhanə ilə deyilir: “Əli (ə) bu bahalı üzüyü haradan almışdı? Onu barmağa taxmaq israf deyildimi?”

Cavab: Bu üzüyün bahalı olduğunu deyənlər yanılırlar. Axı, nə üçün belə mənbəsiz uydurmalara inanmalı, nəticədə müqəddəs Qur’anın ayəsini inkar etməliyik?!

Həmin üzüyün qiymətinin Şamın xəracı qədər olması ilə bağlı yalnız bir rəvayət nəql olunmuşdur ki, bu da əfsanəyə daha çox bənzəyir. Çox güman ki, bu zəif hədisi[280] imam Əlinin (ə) böyük fəzilətini dəyərsiz qələmə vermək üçün saxta hədis düzəldənlər nəql etmişlər. Halbuki belə hallarda əsas məsələ infaq olunan və xərclənən malın qiyməti deyil, yoxsula Allah yolunda yardım etmək, onun əlindən tutmaq və bu işin saf niyyətlə birgə olması nəzərdə tutulur. Əgər Qur’ani-kərimin bir surəsi (“Həl-əta” surəsi) Allah yolunda yetim və fəqirə bir neçə ədəd çörək verməyə görə nazil olursa, namaz halında bir üzüyün yoxsula bağışlanması ilə bağlı bir ayənin nazil olması təəccüblü deyil. Belə iradları qeyd edib cavablandırmaq məqsəddən yayınmağa və vaxtın tələfinə səbəb olduğundan, qeyd olunanlarla kifayətlənirik.

3-“ULİL-ƏMR” AYƏSİ

“Nisa” surəsinin 59-cu ayəsində buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin.”

“Ümumi imamət və vilayət” bəhsində bu ayənin mə’nası və “əmr sahibləri”nin kimlərə aid olması haqda geniş söz açdıq. Dediyimiz kimi, “əmr sahibləri”nə mütləq itaətin Allahın Rəsuluna (s) itaətlə bir qeyd edilməsinin səbəbi budur ki, “əmr sahibləri” Allahın Rəsulu (s) ilə bir səviyyədə olan kəslər, yə’ni o həzrətin mə’sum canişinləridir. Çünki mə’sumlardan başqalarına mütləq itaət düzgün deyildir.

“Əmr sahibləri” ilə əlaqədar deyilən bütün ehtimalları araşdırdıqda, görürük ki, onun mə’sum imamlardan başqası haqda düzgün məfhumu yoxdur. Burada isə bizim məqsədimiz xüsusi vilayət və imam Əlinin (ə) xilafətilə bağlı bu ayənin həzrətə tətbiqi və İslamın (xüsusilə, əhli-sünnənin) məşhur mənbələrində nəql olunan hədisləri araşdırmaqdır. Məşhur təfsirçi alim Hakim Həskani bu ayənin təfsirində beş hədis nəql etmişdir ki, onların hamısında “əmr sahibləri” ünvanı imam Əliyə (ə) (xarici bir nümunə və fərd kimi) tətbiq olunmuşdur. Birinci hədis həzrətin özündən nəql edilir: “Peyğəmbər (s) “Mənim (ümmətə rəhbərlikdə) şəriklərim o kəslərdir ki, Allah-taala onları Özünə və mənə yaxın etmişdir” deyə buyurduğu zaman, “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin” ayəsi nazil oldu. Mən həzrətdən soruşdum: “Ya Peyğəmbər! Əmr sahibləri kimlərdir?” Həzrət buyurdu: “Sən onların birincisisən!”[281]

İkinci hədis məşhur təfsirçi Mücahiddən nəql edilir: “Bu ayə Əmirəl-mö’minin Əli (ə) haqqında nazil olmuşdur. Bu o zaman idi ki, Peyğəmbər (s) (“Təbuk” müharibəsinə gedərkən,) Mədinədə onu öz yerinə canişin seçmişdi.

Üçüncü hədisi imam Baqir (ə) və dördüncü hədisi Sə’d Vəqqasdan nəql edərək yazır: “Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedərkən (Mədinənin yaxınlığındakı) Curuf adlı məntəqəyə çatdı. Əli (ə) həzrətin arxasınca gedirdi və əlində silah yox idi. O, Peyğəmbərə (s) dedi: “Ey Allahın Rəsulu! Məni öz yerinə qoydun (məni özündən ayırdın), halbuki mən heç bir müharibədə səndən ayrılmamışam! Münafiqlər şayiə yayıblar ki, məni Mədinədə ona görə saxlamısan ki, yanında olmağımı istəmirsən!”

Sə’d deyir: “Öz qulağımla eşitdim ki, Allahın Rəsulu (s) buyurdu:

يا عَلِىّ اَلا تَرْضى اَنْ تَكُونَ مِنِّى بِمَنْزِلَةِ هارُونَ مِنْ مُوسى اِلاّ اَنَّهُ لا نَبِيَّ بَعْدِى فَارْجِع فَاخْلُفْنِى فِى اَهْلِى وَ اَهْلِكَ:

“Ya Əli! “Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? Bu fərqlə ki, məndən sonra bir peyğəmbər yoxdur. (Yə’ni sən də Harun kimi peyğəmbərlikdən başqa bütün məqamlara sahibsən!) Buna görə də geri qayıt, mənim və öz əhli-əyalın arasında canişinim ol (və Mədinəni münafiqlərin şərindən qoru)!”

Buna oxşar beşinci hədis yenə imam Əlidən (ə) nəql edilmişdir.[282]

Əbu Həyyan Əndəlusi Məğribi “Əl-bəhrul-muhit” təfsirində “əmr sahibləri” ilə bağlı (üç təfsir alimi) Müqatil, Məymun və Kəlbidən nəql edir ki, ondan məqsəd “səraya əmirləri”, yaxud Əhli-beyt imamlarıdır. Sonra isə ayənin imam Əli (ə) haqqında nazil olduğuna qarşı çıxaraq iki irad irəli sürür:

1. Əli (ə) bir nəfər olduğu halda, necə ola bilər ki, cəm formasında buyurulan “əmr sahibləri” ona aid olsun?

2. Ayənin zahiri camaatın əmr sahiblərinə itaətinin Peyğəmbəri-əkrəmin (s) həyatına aid olduğunu göstərir. Halbuki Əli (ə) o həzrətin həyatında imam deyildi?

Bu kimi irad, yaxud bəhanələr eynilə “vilayət” ayəsinə də tutulmuşdu. Biz onların cavablarını açıqladıq. Dedik ki, tarixdə göstərildiyi kimi, insanlar həyatda öz yerlərinə vəsi və canişin tə’yin edir. Bunu kəlamlarında deyir və yazırlar ki, filankəs mənim vəsim və canişinimdir. O, bu işləri görməkdə ixtiyar sahibidir və s. Bu sözlərin mə’nası odur ki, onun vəfatından sonra vəsiyyətləri icra edilməlidir.

Ayədə işlənən cəm ifadələrə gəldikdə isə, onun da cavabı verildi. Belə ki, Qur’ani-kərimdə, eləcə də ərəb ədəbiyyatında cəm əvəzliyinin bir nəfərə şamil olma halları çoxdur. Bu ayədə də “əmr sahibləri” hər dövrdə bir imama aid olsa da, həqiqətdə cəm şəklində bütün mə’sumlara şamil olunur. Hər bir dövrdə yalnız bir mə’sum yaşasa da, hamısı birlikdə bir qrupu təşkil edirlər. Bu iki iradın cavabını daha geniş şəkildə “vilayət” ayəsinin təfsirində bəyan etdik.

Diqqəti cəlb edən məsələ budur ki, Hakim Həskani “Şəvahidut-tənzil” kitabında, eləcə də digər alimlər bu ayənin nazil olma səbəbini açıqlayan müxtəlif rəvayətlər nəql edərkən demişlər ki, o, imam Əlinin (ə) xilafətinə aiddir. O cümlədən, məşhur alim Əbu Bəkr ibn Mö’min Şirazi “E’tiqad” risaləsində (Kaşinin “Mənaqib” kitabına istinadən) İbn Abbasdan nəql edir ki, “ulil-əmr” ayəsi Əli (ə) haqqında nazil olmuşdur. Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedərkən, onu Mədinədə öz yerinə qoydu. Əli (ə) dedi: “Ey Allahın Rəsulu! Məni Mədinədə qadın və uşaqlarla birgə qoyub gedirsən?” Peyğəmbər (s) buyurdu: “Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? O zaman ki, Musa ona dedi: “Tayfamın arasında qal və onları islah et!” Sonra Allah-taala buyurdu: “Əmr sahibləri də sizdən olacaqlar!”[283]

“Yənabiul-məvəddət” kitabının müəllifi Şeyx Süleyman Hənəfi Qunduzi özünün “Mənaqib” kitabında Süleym ibn Qeysdən belə nəql edir: “Bir gün bir kişi Əlinin (ə) hüzuruna gəlib soruşdu: “İnsanı mö’minlərin, yaxud kafirlər və azğınların sırasına qatan ən kiçik əməl hansıdır?” İmam (ə) buyurdu: “İnsanı azğınların dəstəsinə qatan ən kiçik əməl vilayəti vacib olan ilahi höccəti tanımamaqdır.” O kişi dedi: “Ya Əmirəl-mö’minin! Onları (ilahi höccətləri) mənə tanıtdır!” Əli (ə) buyurdu: “Allah-taala onları Özü və Peyğəmbərlə (s) birgə qərar verərək buyurmuşdur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”[284]

Bu hədis çox aydın surətdə əmr sahiblərinin camaatın seçdiyi şəxslər deyil, ilahi höccət və nümayəndə olduqlarını göstərir.

“Burhan” təfsirində də bu ayə ilə bağlı Əhli-beytdən (ə) nəql olunan bir çox rəvayətlərdə deyilir ki, “ulil-əmr” ayəsi Əli (ə) və Əhli-beytdən olan digər imamlar haqqında nazil olmuşdur. Hətta bu rəvayətlərin bir qismində Əhli-beyt imamlarının adları bir-bir qeyd edilmişdir.[285]

4-“SADİQİN” (SADİQ OLANLAR) AYƏSİ

“Tövbə” surəsinin 119-cu ayəsində buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ

“Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun!”

Bu ayənin təfsiri “ümumi vilayət” bəhsində geniş izah edildi. Burada isə ayənin imam Əliyə (ə), yaxud bütün Əhli-beyt imamlarına aid olması ilə bağlı rəvayətləri qeyd etməyi lazım bilirik:

1. Məşhur təfsirçi alim Süyuti “Əd-durrul-mənsur” kitabında “Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsinin təfsirində İbn Abbasın belə dediyini nəql edir: “Yə’ni Əli ibn Əbi Taliblə birgə olun!”

Bu məzmunun oxşarını Xarəzmi “Mənaqib”, Zərəndi “Durərus-səmteyn”, Abdullah Şafei “Mənaqib” və Hakim Həskani “Şəvahidut-tənzil” kitablarında nəql etmişlər; bu fərqlə ki, bə’ziləri “O, Əli ibn Əbi Talibdir”, bə’ziləri “Ayə Əli ibn Əbi Talib haqqında nazil olmuşdur”, bə’ziləri isə “Əli və səhabələri ilə birgə olun” ifadələrini qeyd etmişlər.[286]

2. Hafiz Süleyman Qunduzi Hənəfi “Yənabiul-məvəddət” kitabında Salman Farsidən belə nəql etmişdir: “Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsi nazil olduqda, Salman soruşdu: “Ey Allahın Rəsulu! Ayənin məfhumu ümumidir, yoxsa xüsusi?” Peyğəmbər (s) buyurdu:

اَمّا الْمَأمُورُونَ فَعامَّة الْمُؤمِنِينَ، وَاَمّا الصّادِقُونَ فَخاصَّة اَخِى عَلِىّ وَاَوْصِيائِهِ مِنْ بَعْدِهِ اِلى يَوْمِ الْقِيامَةِ:

“Bu göstərişə əmr olunanlar bütün mö’minlər, sadiq olanlar isə məhz qardaşım Əli və məndən sonra qiyamət gününə qədərki vəsilərimdir!”[287]

3. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında “Sadiq olanlarla birgə olun” ayəsinin təfsirində Abdullah ibn Ömərin belə dediyini nəql edir: “Sadiq olanlardan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!”[288]

4. “Fəraidus-səmteyn” kitabının müəllifi Əllamə Həməvini, “Şərəfun-Nəbiyy” kitabının müəllifi Şeyx Əbülhəsən Kaziruni kimi bir qrup əhli-sünnə aliminin (bu ayənin təfsirində) imam Baqirdən (ə) nəql etdikləri hədis də eyni mə’nanı daşıyır, yə’ni “Məhəmməd (s) və onun Əhli-beyti ilə birgə olun!”[289]

Bu ayənin təfsirində yuxarıdakı hədisləri yalnız adlarını çəkdiklərimiz yox, digər alimlər də öz kitablarında nəql etmişlər.

Bunu da qeyd etməliyik ki, Allah-taalanın “mö’minlər həmişə sadiqlərlə birgə olsunlar” göstərişi mütləq və qeyd-şərtsizdir. Yə’ni bu göstəriş mə’sum imamlardan başqasına aid ola bilməz. Çünki mə’sum olmayanların xəta və səhvə yol verməsi qətidir və insan belələrindən mütləq ayrılmalıdır. Hər halda itaəti vacib olan, xəta və səhvə əsla yol verməyən kəslər məhz mə’sum imamlardır. Buna əsasən, ayədəki “sadiqlər”də məqsəd düz danışan hər kəs deyil. Əksinə, istər səhvən, istərsə də bilərəkdən haqqa qarşı çıxmayanlardır. Bununla belə, “Ruhul-məani” kitabının müəllifi (Alusi) kimi bə’zi məşhur əhli-sünnə alimləri ayədəki “sadiqlər” ifadəsini imam Əliyə (ə) aid edən rəvayətləri qeyd etdikdən sonra demişlər: “Şiələr Əlinin (ə) canişinliyinin haqq olduğunu sübut emək üçün bu ayəyə istinad edirlər. Belə bir istinad batildir!” Lakin onlar bunu deyib, məsələnin üstündən asanlıqla keçmiş və öz müddəalarına bir dəlil gətirməmişlər. Onların belə mövqeləri göstərir ki, təəssübkeşlik hissi təfəkkür nurunun qarşısını alimlərdən belə alır! Amma Doktor Məhəmməd Ticani Səmavi kimi azad düşüncəli insanlar da vardır ki, bu ayə və onunla bağlı rəvayətlərin nuru sayəsində yolunu düzgün görür, Əli (ə) və digər Əhli-beyt (ə) imamlarına olan imanını şücaətlə açıqlayır, bu zəmində “Lə əkunə məəs-sadiqin” (Sadiq olanlarla birgə olam) adlı dəyərli bir kitab yazır ki, bir çox müsəlmanlara böyük tə’sir bağışlayır.

5-“QURBA” AYƏSİ

“Şura” surəsinin 23-cü ayəsində Peyğəmbəri-əkrəmə (s) xitab olunaraq buyurulur:

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

“(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”

Bütün şiələr və bir qrup əhli-sünnə təfsirçiləri bu ayədə qeyd olunan “zil-qurba” sözünün kimlərə aid olması barədə demişlər: “Zil-qurba”da məqsəd Peyğəmbəri-əkrəmin (s) ən yaxınlarıdır!” Bu təfsir müqabilində digər ehtimallar verilsə də, belə görünür ki, onların əsas məqsədi Peyğəmbərin (s) xilafət məsələsini və Əhli-beytin (ə) məqamını gözdən salmaqdır. O cümlədən:

1. Risalət savab və mükafatı dedikdə, müsəlmanları Allaha yaxınlaşdıran nöqtələr nəzərdə tutulur. Buna əsasən, “qurba” Allaha yaxınlaşmağa səbəb olan bir amildir.

Əvvəla, bu təfsir ayənin zahiri ilə əsla uyğun deyil; çünki namaz, oruc, cihad və bu kimi insanı Allaha yaxınlaşdıran göstərişlərdə ən əhəmiyyətli cəhət onlara məhəbbət yox, əməldir. Görəsən, Peyğəmbərin (s) səhabələri arasında bunları sevməyən bir kəs vardımı? Təbii ki, xeyr! Hətta əməldə səhlənkarlıq edənlər belə, Allaha və Qur’ana iman gətirdikləri üçün İslamın qanunlarını sevirdilər, hərçənd, onlara əməl etməsəydilər də...

İkinci də “əl-qurba” “yaxınlaşdıran” yox, “ən yaxın” mə’nasındadır. Buna görə də Qur’ani-kərimin hər bir ayəsində (başqa on beş ayədə) işlədilən bu söz yaxın (xüsusilə, qohum) olan şəxslərə aid edilmişdir.

Bəs, bu alimlər hansı səbəbə görə bu ayədəki “qurba” sözünü həm lüğət, həm də Qur’anın bütün ayələrində gələn mə’nanın əksinə təfsir etmişlər? Bunun səbəbi öncə qeyd etdiyimiz qərəzli məsələlər deyilmi?

Diqqəti cəlb edən məsələ budur ki, bir çox lüğət alimləri açıq-aşkar bildirmişlər ki, “qurba”, yaxud “zil-qurba” dedikdə, nəsil yaxınlığı və qohumluq nəzərdə tutulur. “Məqayisul-lüğət” kitabında yazılır: “Fulanun zu qərabətin – huvə mən yəqrəbu minkə rəhimən.”

“Filankəs (qohum olan şəxs barəsində) mənə yaxındır”, deyildikdə, həmin şəxsin nəsil qohumluğu nəzərdə tutulur.” Və yaxud: “Əl-qurba və əl-qərabət hər ikisi bir mə’nanı ifadə edir, o da nəsəbi qohumluqdur.”

“Lisanul-ərəb” kitabında belə yazılır:

والقرابة والقربي؛ الدنو في النسب

“Qərabət və qurba nəsəbi yaxınlıq və qohumluğa deyilir!”

2. “Məqsəd budur ki, siz müsəlmanlar öz yaxın adamlarınız və qohumlarınızı risaləti qiymətləndirdiyiniz kimi sevin!”

İnsanın öz qohumlarını sevməsi risalət prinsiplərinə uyğun olmadığı halda, ayənin daha münasib mə’nasını – Peyğəmbərin (s) öz yaxınlarını sevməsini nəzərə almayıb, onu qohum-əqrəbanı sevmək kimi açıqlamaq nə qədər həqiqətə uyğundur?!

3. Təfsir alimlərinin digər bir qrupu belə deyir ki, Peyğəmbərin (s) məqsədi budur: “Mənim risalətimin mükafatı olan qohum-əqrəbama hörmət qoyun. Çünki mənim bir çox qəbilələrlə nəsil və yaxud başqa vasitələrlə qohumluğum var. Bu işdə mənə əziyyət verməyin!”

Bu baxış ayəyə zorla qəbul etdirilən ən əsassız təfsirdir. Çünki Peyğəmbər (s) risalətinin əvəzi o kəslərdən istənilə bilər ki, bu risaləti qəbul etmiş olsunlar. Belə isə onların Peyğəmbərə (s) əziyyət verməsi mə’nasızdır. Burada Peyğəmbərə (s) əziyyət verənlər düşmənlərdirsə, onlar həzrətin peyğəmbərliyini qəbul etmirdilər. Necə ola bilər ki, o həzrət desin: “Risalət və peyğəmbərliyim müqabilində sizdən yalnız bir xahişim var, o da budur ki, sizinlə qohumluğa xatir mənə əziyyət verməyin!”

Əvvəla, Qur’ani-kərimdə peyğəmbərlərin dilindən nəql edilən ifadələrdə buyurulur: “Biz sizdən heç bir mükafat istəmirik, bizim mükafatımız aləmlərin Rəbbinin yanındadır!”

Bu ayədə buyurulanlar təkcə beş peyğəmbərin (Nuh, Hud, Saleh, Lut və Şüeybin) dilindən nəql edilmişdir.[290]

İkincisi, “qurba” ayəsində Peyğəmbər (s) buyurur ki, mən siz müsəlmanlardan yaxın adamlarıma və qohumlarıma sevgidən başqa bir mükafat istəmirəm.

Üçüncüsü, “Fürqan” surəsinin 57-ci ayəsində Peyğəmbərə (s) belə buyurulur:

قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَاء أَن يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلًا

“(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərliyimin) müqabilində Rəbbinə tərəf doğru yol tapmaq istəyən kimsələrdən başqa heç bir mükafat istəmirəm!”

Dördüncüsü, “Səba” surəsinin 47-ci ayəsində yenə Peyğəmbər (s) haqda belə buyurulur:

قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ

“(Ya Peyğəmbər) De: “Sizdən (peyğəmbərliyimin müqabilində) istədiyim mükafat yalnız sizin xeyrinizədir, çünki mənim muzd və mükafatım yalnız Allaha aiddir!”

Bu dörd ayəni nəzərdən keçirməklə belə bir nəticəyə gəlirik ki, İslam peyğəmbəri (s) də digər ilahi peyğəmbərlər kimi camaatdan özünə heç bir muzd və mükafat istəməmişdir. O həzrətin yaxın adamlarını sevmək Allaha tərəf doğru yol kimi göstərilmiş və bu, sözsüz ki, müsəlmanların öz xeyrinədir! Çünki bu məhəbbət imamət, xilafət, Peyğəmbərin (s) canişinliyi, ümmətə rəhbərliyinin davamı və insanların hidayəti üçün açılmış qapıdır.

Bəli, hər vaxt bu ayələri zahirinə görə təfsir etsək, qaranlıq və anlaşılmaz bir nöqtə qalmayacaq. Əks halda ya onlara zidd, ya da əsla uyğun gəlməyən uzun-uzadı təfsirlərə əl atacağıq. Düzgün təfsir bir qrup alimin əqidəsinə zidd olduğundan, belə demişlər: “Camaatdan muzd və mükafat istəmək İslam peyğəmbərinin (s) məqamına münasib deyil. Buna görə də “qurba” ayəsi istisna olunmalıdır.” Bə’zən “Bu ayə “Qul ma əs’əlukum ələyhi min əcrin və ma ənə minəl-mutəkəllifin!” ayəsi ilə ziddiyyət təşkil edir” demiş, bə’zən də mə’nasız yozumlara əl atmışlar.

Həqiqət isə Peyğəmbəri-əkrəmdən (s) nəql olunan rəvayətləri toplayıb yanaşı qoyduqda aydın olur. Ayənin təfsiri ilə əlaqəli rəvayətlərin məcmusundan belə nəticə çıxarırıq ki, risalət və peyğəmbərliyin mükafatı sayılan “zil-qurba” müsəlmanları Allaha yaxınlaşdıran və onların özlərinə xeyirli imamət və xilafətdən ibarətdir. Beləsə, əks mövqe tutan bə’zi təfsir alimlərinin iradları aydınlaşır.

Alusi “Ruhul-məani” kitabında “qurba” ayəsinin təfsirində yazır: “Şiələr məntiq qaydalarına əsaslanaraq, bu ayəni Əlinin (ə) imamətinə dəlil göstərir və deyirlər: “(Ayənin tələbinə görə) Ona məhəbbət bəsləmək vacib, məhəbbət bəslənməsi vacib kəsə itaət etmək vacib və itaət olunması vacib kəs isə imamət məqamına malikdir. Deməli, Əli (ə) imamdır!” Sonra o, bu dəlilə irad tutmağa başlayır.[291]

Əvvəla, qeyd etdiyimiz mətləblərdən mə’lum olduğu kimi, biz ayədən belə bir əsassız nəticə çıxarmaq istəmirik. Ayədəki mühüm incəlik də bu deyil. Burada əsas məsələ Peyğəmbərin (s) risalət və peyğəmbərliyinin mükafatı sayılan yaxın adamlarına məhəbbət bəsləməkdir. Başqa ayələrdə də qeyd olunduğu kimi, bu mükafat Allaha yaxınlaşmağa vasitədir və müsəlmanların öz xeyrinədir. Onların kimlərdən ibarət olduğuna gəldikdə, öncə şərh etdiyimiz kimi, bu, imamlardan başqası ola bilməz. Peyğəmbərin (s) buyurduğu rəvayətlər isə bu məsələnin sübutu üçün əlavə dəlillərdəndir.

***

İSLAM RƏVAYƏTLƏRİNDƏ “QURBA” AYƏSİ

Həm şiə, həm də əhli-sünnə mənbələrində “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (risalət və peyğəmbərliyimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm” ayəsinin mə’na və təfsirini tam açıqlayan xeyli rəvayət nəql olunmuşdur. O cümlədən:

1. 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Səid ibn Cübeyrdən, o da İbn Abbasdan belə nəql edir: “Qurba” ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: “Ey Allahın Peyğəmbəri! Sevilməsi Allah tərəfindən vacib edilən kəslər kimlərdir?” O həzrət belə buyurdu: “Əli, Fatimə və onların iki oğlu!”[292]

Həmin kitabda müxtəlif sənədlərlə İbn Abbasdan həmin məzmunda digər rəvayətlər də nəql olunmuşdur.[293]

2. Yenə həmin kitabda Əbu Əmamə Bahilidən nəql olunur ki, Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur:

اِنَّ اللهَ خَلَقَ الْاَنْبِياءَ مِنْ اَشَجارٍ شَتّى، وَخُلِقْتُ وَعَلِىّ مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، (وَفاطِمَةُ لُقاحُها) وَالْحَسَنُ وَالْحُسَيْنُ ثِمارُها، وَ اََشْياعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجى وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَبْداً عَبَدَاللهَ بَيْنَ الصَّفا وَالْمَرْوَةِ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، حَتّى يَصِيرَ كالشَّنِّ الْبالِس، ثُمَّ لَمْ يُدْرِكْ مَحَبَّتَنااَكَبَّهُ اللهُ عَلَى مِنْخَرَيْهِ فِى النّارِ ثُمَّ قَرَءَ قُلْ لا اَسئَلُكُمْ عَلَيْهِ اَجْراً اِلاَّ الْمَوَدَّةَ فِى الْقُرْبى:

“Allah-taala peyğəmbərləri müxtəlif ağaclardan, mənimlə Əlini isə eyni bir ağacdan yaratdı. Mən həmin ağacın köküyəm, Əli budaqlarıdır, (Fatimə o ağacın bar verməsi üçün bir vasitə,) Həsən və Hüseyn meyvələridir, şiələrimiz isə yarpaqlarıdır. Onun hər bir budağından yapışan kəs nicat tapar, ayrı düşən kəs zəlalətə uğrayar. Allaha Səfa və Mərvə (dağları) arasında min il sonra daha min il sonra başqa bir min il ibadət edib, nəticədə tuluq kimi köhnəlib quruyan, lakin bizi sevməyən bəndəni Allah-taala üzü üstə oda (cəhənnəmə) atar.” Sonra o həzrət bu ayəni (şahid və sübut olaraq) tilavət edir: “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”[294]

3. Əhli-sünnənin məşhur təfsir alimi Süyuti “Əd-durrul-mənsur” kitabında bəhs etdiyimiz ayənin təfsiri ilə bağlı Mücahiddən, o da İbn Abbasdan nəql edirlər ki, Peyğəmbəri-əkrəm (s) “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm” ayəsinin təfsirində buyurdu: “Məqsəd budur ki, Əhli-beytimə münasibətdə haqqımı qoruyun və onları mənə xatir sevin!”[295]

4. Əhməd ibn Hənbəl “Fəzailul-xəmsə” kitabında Səid ibn Cübeyrdən, o da Amirdən belə nəql edir: “Qurba” ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: “Ey Allahın Rəsulu! Məhəbbət bəslənilməsi vacib olan yaxın adamların kimlərdir?” O həzrət buyurdu: “Əli, Fatimə və onların iki oğlu!” Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi.”[296]

Bu rəvayəti Qurtubi həmin ayənin təfsirində azacıq fərqlə Səid ibn Cübeyrdən, o da İbn Abbasdan nəql etmişlər.

5. Hafiz Əbu Nəim İsfahani “Hilyətül-övliya” kitabında Cabirdən belə nəql edir: “Bir ərəb kişi Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: “Ey Məhəmməd! İslamı mənə öyrət.” Peyğəmbər (s) buyurdu: “Şəhadət verirsən ki, Allahdan başqa bir mə’bud yoxdur, O təkdir, şəriksizdir, Məhəmməd Onun bəndəsi və peyğəmbəridir?” Dedi: “Bunun müqabilində məndən bir muzd istəyəcəksənmi?” Peyğəmbər (s) buyurdu: “Xeyr, yalnız qohumları sevməyini istəyirəm!” Dedi: “Öz qohumlarımı, yoxsa sənin qohumlarını?” Peyğəmbər (s) buyurdu: “Mənim qohumlarımı!” Dedi: “Əlini uzat, sənə bey’ət edim! Hər kəs səni və yaxınlarını sevməsə, Allah ona lə’nət etsin!” Peyğəmbər (ə) buyurdu: “Amin!”[297]

6. Məşhur təfsir alimi İbn Cərir Təbəri də “qurba” ayəsinin təfsirində İbn Cübeyrdən belə nəql edir: “Məqsəd Peyğəmbəri-əkrəmin (s) yaxın adamlarıdır!”

7. Hakim “Müstədrəküs-səhiheyn” kitabında imam Zeynəlabidindən (ə) belə nəql edir: “Əlinin (ə) şəhadətindən sonra Həsən ibn Əli (ə) camaata xütbə oxudu və xütbəsində özünü tanıtdıraraq buyurdu: “Mən elə bir ailədənəm ki, Allah-taala onları sevməyi hər bir müsəlmana vacib etmiş və Peyğəmbərinə (s) buyurmuşdur: “De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir muzd istəmirəm.”



Geri   İrəli
Go to TOP