A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Cavab: Bir surənin “məkki” (Məkkədə nazil olan) adlanması o demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuşdur. Qur’ani-kərimin bir sıra surələri məkki adlansa da, onların bə’zi ayələri Mədinədə nazil olmuşdur. Eynilə bunun əksinə, “mədəni” (Mədinədə nazil olan) adlanan surələrin də bə’zi ayələri Məkkədə nazil olmuşdur. Buna “məkki” adlanan “Ənkəbut” surəsini misal göstərmək olar. Halbuki Təbəri, Qurtubi və digər alimlərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Mədinədə nazil olmuşdur.[254] Yaxud “Kəhf” surəsi “məkki” adlansa da, Qurtubi və Süyutinin öz kitablarında yazdıqlarına görə, onun ilk yeddi ayəsi Mədinədə nazil olmuşdur.[255] Həmçinin bunun əksi olaraq, “mədəni” adlanan, lakin bə’zi ayələri Məkkədə nazil olan surələrdən də “Mücadilə” surəsini misal göstərmək olar. Bə’zi təfsirçilərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Məkkədə nazil olmuşdur.[256] Bir sözlə, Qur’ani-kərimdə bə’zi surələr vardır ki, Məkkədə, yaxud Mədinədə nazil olsa da, onların bir neçə ayəsi həmin şəhərdə nazil olmamışdır. “Məaric” surəsi də bu qəbildəndir.

İkinci irad: “Məaric” surəsinin ilk ayələrinin nazil olma səbəbi nəql olunan rəvayətdə göstərilir ki, Haris ibn Nö’man “Əbtəh” adlı yerdə Peyğəmbərlə (s) görüşmüşdür. “Əbtəh” Məkkədə bir dərənin adıdır. Bu isə “Qədir-Xum” hadisəsi ilə uyğunlaşmır.

Cavab: Əvvəla, “əbtəh” sözü bütün rəvayətlərdə yox, bə’zi rəvayətlərdə nəql olunmuşdur. İkincisi, “əbtəh” və “bətha” sözləri ümumiyyətlə, içərisində çınqıl daşları olan arxlara və qumsal yerlərə deyilir. Mədinədə və başqa məntəqələrdə belə yerlər az deyil. Maraqlıdır ki, ərəb ədəbiyyatında dəfələrlə buna işarə edilmişdir. O cümlədən, Şəhabəddinin Əhli-beytin (ə) şə’ninə söylədiyi məşhur şe’rlərində onların qatilləri ilə bağlı belə deyilir:

“Mələkna fəkanəl-əfvu minna səciyyətən,

Fələmma mələktum, salə bid-dəmi əbtəhu,

Və həlləltumu qətləl-usari və taləma,

Ğədəvna ənil-əsra nə’fu və nəsfuhu.”

“Qurduğumuz dövlətdə səciyyəmiz əfv idi

Sizsə hakim olandan, “əbtəh” qan ilə dolmuş!

Siz hətta keçmədiniz əsirlərin qanından,

Bizimsə güzəştimiz könüllərdə yer almış!”

Aydındır ki, Peyğəmbərin (s) Əhli-beytinin əksər övladları İraq, Kərbəla, Kufə və Mədinədə qətlə yetirilmişdir və Məkkədə yerləşən “Əbtəh” adlı məntəqədə qan tökülməmişdir. Bəli, Məkkədən təxminən, on fərsəx aralı yerləşən “Fəxx” məntəqəsində də şəhadətə yetənlər olmuşdur. Lakin “Əbtəh” məntəqəsi Məkkənin lap yaxınlığındadır.[257]

Şairlərdən başqa birisi şəhidlərin sərvəri imam Hüseyni (ə) bu sayaq mədh edir:

Və təinnu nəfsi lər-rübui və qəd ğəda,

Bəytun-nəbiyyi muqəttəul-ətnabi,

Bəytun li-alil-Mustəva fi Kərbəla,

Zərbuhu bəynə əbatihin və rəvabi.

“Mənim canım Peyğəmbərin (s) viran edilmiş evlərinin əsər-əlamətindən nalə edir. O cümlədən, Kərbəlada Peyğəmbərin (s) Əhli-beytindən bir ev “əbtəh”lərin və hündür təpələrin arasında bərpa edilmişdi.” (Burada “əbtəh” qumluq yerlər mə’nasındadır.)

İçərisində “əbtəh”, yaxud “əbatih” ifadələri olan və Məkkədəki müəyyən məntəqəyə aid olmayan şe’rlər çoxdur. Bir sözlə, “əbtəh” Məkkədə bir məntəqənin adı olsa da, onun ümumi mə’nası bir məntəqəyə məxsus deyil.

3-BU AYƏLƏRİN ÖZÜNDƏN ƏVVƏL VƏ SONRAKI AYƏLƏRLƏ ƏLAQƏSİ NECƏDİR?

Bə’zi təfsirçilər “təbliğ” ayəsindəki həqiqətdən yayınmaq məqsədilə bəhanəyə əl atmış, demişlər ki, bu ayənin əvvəlki və sonrakı hissələri “kitab əhli” barəsində söz açdığından, onun imamət, vilayət və xilafət məsələsilə heç bir uyğunluğu yoxdur. Belə bir fərq qoyulması isə Qur’ani-kərimin bəlağət və fəsahətinə ziddir.[258]

Qur’an ayələrinin toplanması ilə tanış olanlar yaxşı bilirlər ki, ayələr tədricən və müxtəlif münasibətlərlə nazil olmuşdur. Buna görə də çox vaxt surələrdə müxtəlif mövzulardan söz açılır. Məsələn, eyni bir surədə həm müəyyən bir müharibədən, həm İslamın hökmlərindən, həm münafiqlərdən, həm də mö’minlərdən danışılır. “Nur” surəsinə diqqət yetirsək, tövhid, məad, zinanın hökmü, “ifk” hadisəsi, münafiqlər, hicab və digər məsələlərə işarə edildiyinə şahid olacağıq (Qur’anın digər böyük surələri də az-çox bu qəbildəndir). Hərçənd, bir surənin məcmusu arasında ümumi bağlılıq həmişə qorunur.

Bir surənin məzmunca müxtəlifliyi Qur’ani-kərimin tədricən və zərurəti nəzərə almaqla, müxtəlif münasibətlərdə nazil olması ilə əlaqəlidir. Qur’ani-kərim əvvəlcədən tə’yin olunan bir mövzu haqqında danışan klassik kitab deyil. Buna əsasən, “Maidə” surəsinin bir hissəsinin “kitab əhli”, digər bir hissəsinin isə “Qədir-Xum” hadisəsindən söz açmasında heç bir anlaşılmazlıq yoxdur. Əlbəttə, ümumi götürsək, bu mövzular arasında da müəyyən bağlılıq var. Peyğəmbərin (s) yerinə canişin tə’yin edilməsinin də “kitab əhli”nə tə’siri vardır, çünki onlar Peyğəmbərin (s) vəfatından sonra İslamın dağılacağına ümidvar idilər.

4-NƏ ÜÇÜN ƏLİ (Ə) “QƏDİR-XUM” HƏDİSİNƏ İSTİNAD ETMƏDİ?

Bə’ziləri bəhanə axtarıb deyirlər ki, əgər əzəmətlə yad edilən “Qədir-Xum” hədisi həqiqətdirsə, nə üçün Əli (ə), onun Əhli-beyti və dostları zəruri hallarda ona istinad etmirdilər? Onların Əlinin (ə) xilafətini sübut etmək üçün bu mühüm sənədə əsaslanmaları daha yaxşı olmazdımı?

Bu irad da digər iradlar kimi təfsir, tarix və hədis kitablarından mə’lumatsızlıqdan irəli gəlmişdir. Çünki əhli-sünnə alimlərinin bir çox kitablarında nəql olunmuşdur ki, Əli (ə) özü, Əhli-beyt imamları, eləcə də onların dostları “Qədir-Xum” hədisinə istinad etmişlər. Maraqlıdır ki, irad tutanlar bunları necə görməmişlər?

Xətib Xarəzmi Hənəfi “Mənaqib” kitabında Amir ibn Vasilədən nəql edir ki, (Ömərdən sonra xəlifə tə’yin etmək üçün altı nəfərdən ibarət) Şura günü Əli (ə) ilə birlikdə idim. O, şura üzvlərinə belə deyirdi: “Sizə tutarlı bir dəlil göstərirəm ki, ərəb və əcəm onu dəyişməyə qadir deyil... Sizi Allaha and verirəm! Sizin aranızda elə bir kəs varmı ki, Peyğəmbər (s) onun barəsində belə buyurmuş olsun: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onun dostunu Sən də dost bil, onu sevəni Sən də sev. Hazır olanlar bunu qaib olanlara çatdırsınlar!”

Hamı dedi: “Xeyr!”[259]

Bu rəvayəti Həməvinin “Fəraidus-səmteyn” kitabının 58-ci bölümündə, İbn Hatəm “Durrun-nəzim” kitabında və İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində, eləcə də İbn Həcər “Əs-səvaiq” kitabında Darü-Qutnidən nəql etmişlər.[260]

“Əl-qədir” kitabında imam Əlinin (ə) müxtəlif vaxtlarda, o cümlədən, Osmanın xilafəti və öz xilafəti dövründə, Cəməl müharibəsində və Kufədə Siffeyn müharibəsi günü Qədir-Xum hədisinə əsaslanmasına və uyğun mənbələr geniş yer verilmişdir. Bundan əlavə, Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə), imam Hüseyn (ə), bir qrup səhabə və qeyri-səhabələrin də on altı yerdə bu hədisə istinad etmələrini nəql etmişdir. Bu da müəllifin geniş mə’lumatından və bu hədisin müxtəlif zamanlarda diqqət mərkəzində olmasından danışır. Hərçənd, hər dövrdə mövcud siyasətə uyğun olaraq bunu əhəmiyyətsiz qələmə verməyə çalışmışlar. Bu bəhsin əhatəsi geniş olduğundan deyilənlərlə kifayətlənirik.[261]

2-“VİLAYƏT” AYƏSİ

“Xüsusi imamət”ə dəlalət edən ayələrdən biri də “vilayət” ayəsidir. Bu ayədə buyurulur:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“Həqiqətən, sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, iman gətirib namaz qılır və rüku halında zəkat verirlər.”[262]

***

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

Təfsir və hədis alimlərinin əksəriyyəti bu ayənin imam Əli (ə) haqda nazil olduğunu nəql etmişlər. Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Əli (ə) namazda rüku halında olarkən, bir yoxsul ondan kömək istəyir. Əli (ə) də öz üzüyünü çıxarıb ona verir. Peyğəmbər (s) o yoxsuldan “Bu üzüyü sənə kim sədəqə verdi?” – deyə soruşduqda, o, imam Əliyə (ə) işarə edib deyir: “Rüku halında olan o kişi!” Bu zaman “Həqiqətən, sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir...” – ayəsi nazil olur.”[263]

Bu kitabda elə həmin məzmunla İbn Abbasdan, Səlmət ibn Küheyldən və imam Əlinin (ə) özündən rəvayətlər nəql olunmuşdur.[264]

Bunu Vahidi də “Əsbabun-nüzul” kitabında Cabir ibn Abdullah və İbn Abbasdan nəql etmişdir.[265]

Məşhur təfsirçi Carullah Zəməxşəri “Kəşşaf” təfsirində yazır: “Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Bir gün Əli (ə) məsciddə namaz qılırdı. Rüku halında bir yoxsul gəlib, ondan kömək istədi. Əli (ə) üzüyünü çıxarıb ona verdi.”[266]

Fəxri-Razi öz təfsirində Abdullah ibn Salamdan belə nəql edir: “Bu ayə nazil olduqda, Allahın Rəsuluna (s) dedim: “Mən öz gözlərimlə gördüm ki, Əli (ə) rüku halında öz üzüyünü yoxsula sədəqə verdi. Buna görə də biz onun vilayət və rəhbərliyini qəbul edirik.” Həmçinin Əbuzərdən də belə nəql edir: “Bir gün Peyğəmbərlə (s) birgə günorta namazını qılırdım. Bu zaman bir yoxsul məscidə girib kömək istədi və heç kəs ona kömək etmədi. Yoxsul əlini göyə qaldırıb dedi: “İlahi, şahid ol! Mən Peyğəmbərin (s) məscidində kömək istədim, lakin heç kim mənə kömək etmədi.” Əli (ə) namaz halında ikən o yoxsula sağ əli ilə kiçik barmağındakı üzüyü götürməsini işarə etdi. O, Peyğəmbərin (s) gözü önündə gedib, Əlinin (ə) barmağından üzüyü çıxartdı. Peyğəmbər (s) dedi: “İlahi! Qardaşım Musa Səndən sinəsinin genişlənməsini, qardaşı Harunun onun peyğəmbərliyinə şərik olmasını istəyəndə..., ona buyurdun: “Mən tezliklə səni qardaşın vasitəsilə gücləndirəcək, sizə qüvvət və qələbə bəxş edəcəyəm.” İlahi! Mən Məhəmməd, Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işləri mənə asanlaşdır, mənim üçün Əhli-beytimdən bir vəzir tə’yin et, məni onun vasitəsilə güclü və qüvvətli et!”

Əbuzər deyir: “Allaha and olsun! Allahın Rəsulu (s) hələ sözünü qurtarmamışdı ki, Cəbrail nazil olub dedi: “Ey Məhəmməd! Oxu: “İnnəma vəliyyukumullahu və Rəsuluhu...”[267]

Əlbəttə, Fəxri-Razi bu rəvayəti nəql etdikdən sonra adəti üzrə bu ayənin imamətlə bağlılığına irad tutur. Biz bu iradı sonra qeyd edəcəyik.

Təbəri də öz təfsirində bu ayənin təfsiri və nazil olma səbəbi haqda müxtəlif rəvayətlər nəql edir ki, o rəvayətlərin çoxu bu ayənin Əli (ə) haqda nazil olduğunu açıqlayır.[268]

Alimlərin böyük bir dəstəsi bu ayənin nazil olma səbəbini açıqlayan rəvayəti müxtəlif ifadələrlə qeyd etmişlər. O cümlədən, “Kənzül-ümmal” kitabının 6-cı cildinin 319-cu səhifəsində bu rəvayət nəql olunmuşdur. Həmçinin 5-ci əsrin məşhur alimlərindən olan Hakim Həskani Hənəfi onu “Şəvahidut-tənzil” kitabında altı müxtəlif silsilə sənədlə İbn Abbasdan, iki sənədlə Ənəs ibn Malikdən, iki sənədlə Məhəmməd ibn Hənəfiyyədən, bir sənədlə Əta ibn Saibdən, bir sənədlə Əbdül-Məlik ibn Cərih Məkkidən və onlar da Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər ki, “innəma vəliyyukumullah...” – ayəsi namazın rükusunda öz üzüyünü yoxsula verən Əli (ə) haqda nazil olmuşdur.[269]

Mərhum Əllamə Əmini bu rəvayəti və həmin ayənin imam Əli (ə) haqda nazil olduğunu əhli-sünnənin təqribən iyirmi kitabından (sənəd və mənbələri ilə birgə) nəql etmişdir.[270] “Ehqaqul-həqq” kitabında bu rəvayət müxtəlif kitablardan nəql olunmuşdur.[271]

Diqqəti cəlb edən budur ki, Peyğəmbərin (s) dövründə yaşayan məşhur şair Həssan ibn Sabit bunu şübhə doğurmayan bir məsələ kimi öz şe’rlərində nəzmə çəkmişdir. O, məşhur bir şe’rində imam Əliyə (ə) xitab edərək deyir:

Və əntəlləzi ə’təytu iz kuntə rakiən,

Zəkatən fədətkən-nəfsu, ya xəyrə rakiin!

Fə-ənzələ fikəllahu xəyrə vəlayətin,

Və bəyyənəha fi muhkəmatiş-şəraye!

“Rükusunda zəkat verən sən idin. Can sənə qurban olsun, ey rüku edənlərin ən yaxşısı! Bundan sonra Allah-taala sənin üçün ən gözəl vilayəti nazil edərək, onu Qur’anında bəyan etdi.”[272]

Onun başqa bir şe’rində belə deyilir:

Mən za bixatəmihi təsəddəqə rakiən,

Və əsərrəha fi nəfsihi israrən?

“Rükuda sədəqə verən və bunu öz qəlbində gizlədən kim idi?”[273]

Bir sözlə, “vilayət” ayəsinin imam Əli (ə) haqda nazil olmasına heç bir şübhə yoxdur. Hətta “Minhacul-bəraə fi şərhi Nəhcül-bəlağə” kitabının müəllifi yazır: “Bu haqda Əhli-beyt məktəbinin ardıcılları və əhli-sünnə vasitəsilə “mütəzafir”, hətta “mütəvatir” hədislər nəql olunmuşdur.”

Burada bizi maraqlandıran əsas məsələ bu ayənin Peyğəmbərin (s) xilafət və vilayət məsələsi ilə bağlılığıdır.

***

“VİLAYƏT” AYƏSİNİN XİLAFƏTƏ DƏLALƏTİ

Bu ayədə gələn “vəli” sözü imam Əlinin (ə) müsəlmanların vəlisi və rəhbəri olmasını açıqlayır. Öncə işarə etdiyimiz kimi, “vəli” sözünün müxtəlif mə’naları vardır ki, bə’zən dost, bə’zən hakim və rəhbər mə’nasında işlədilir. Rağib İsfahaninin yazdığına görə, bu sözün ilkin mə’nası aralarında heç bir fasilə olmayan iki şeyin sıx rabitəsini bildirir. Sonra əlavə edərək yazır: “Vilayət” dostluq və kömək, “vəlayət” isə rəhbər və ixtiyar sahibi mə’nasını ifadə edir.”[274]

Ayədə mövcud olan dəlillər göstərir ki, burada “vəli” rəhbər və ixtiyar sahibi mə’nasındadır. Çünki burada “vəli” dost və yardımçı mə’nası kimi işlənsə, onda bütün mö’minlərə aid olacaq. Necə ki, “Tövbə” surəsinin 71-ci ayəsində belə buyurulur:

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ

“Mö’min kişilər və qadınlar bir-birlərinin dostlarıdır...”

Lakin bəhs etdiyimiz ayədəki vilayət sözü xüsusi hala, rüku halında sədəqə verən şəxsə aid edilmiş və inhisar bildirən “innəma” (yalnız və yalnız) sözü ilə birgə qeyd olunmuşdur. Bu ifadə isə vilayət sözünün dostluq və yardım kimi (eləcə də buna oxşar digər) mə’nalar daşımasına imkan verir. Beləliklə, yeganə yol odur ki, “vəli” sözünün ixtiyar sahibi və rəhbər mə’nasını, Allahın və Peyğəmbərin (s) vilayəti ilə yanaşı tutulan cəhətini qəbul edək.

Sonrakı ayə (ayənin davamı):

وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ

“Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə vəli seçsə, (qələbə çalar). Şübhəsiz ki, Allahın dəstəsi məhz qələbə çalanlardır!”

Həqiqətdə, bu ayə qabaqkı ayənin məzmununu tam dolğun ifadə edir. Bizi ondakı vilayət sözünün ixtiyar sahibi və rəhbər mə’nasında olmasını göstərən daha bir dəlillə qarşılaşdırır. Belə ki, “hizbullah” (Allahın dəstəsi) və “düşmənlərə qələbə çalma” ifadələri sadə və adi dostluqla deyil, İslam hökumətinin təşkili ilə əlaqədardır. Bu da göstərir ki, əvvəlki ayədə qeyd olunan “vəli” sözü müsəlmanların rəhbəri mə’nası ilə uyğundur. Hətta “hizb” (dəstə) sözünün müştərək hədəfləri tə’min edən ictimai quruluşa aid olması vilayət və rəhbərliklə daha münasibdir.

***

İRADLAR VƏ BƏHANƏLƏR

Gördüyünüz kimi, bu ayə çox aydın surətdə imamət və xilafəti nəzərdə tutur. Əgər bu ayə başqaları barədə nazil olsaydı, bəlkə də onun haqqında kiçik mübahisəyə belə yol verilməzdi! Lakin o, imam Əli (ə) haqda nazil olduğundan və digər firqələrin əqidələri ilə uyğun gəlmədiyindən çoxları israrla hər cür irad və bəhanə fikrinə düşmüşlər.

Bu iradları iki qismə bölmək olar. Bir qism zahirən elmi yönə malik olduğundan cavabı elmi olmalı, digər bir qism isə bəhanəyönlü olduğundan qısaca cavablandırılmalıdır:

1. Birinci qismə aid ilk irad budur ki, ayədəki “iman gətirənlər”, “namaz qılanlar”, “zəkat verənlər” və “rüku halında olanlar” ifadələri cəm formada işlədilmiş və buyurulmuşdur ki, bu xüsusiyyətlərə malik olanlar sizin rəhbərlərinizdir. Belə isə Əli (ə) bir nəfər olduğu halda, cəm formada işlənmiş ifadələr ona necə aid ola bilər?

Cavab: Həm şiə, həm də sünnilərin kitablarında “müstəfiz”, hətta “mütəvatir” şəkildə nəql olunan rəvayətlərdə ayənin nazil olma səbəbinə diqqət yetirdikdə, onun bir fərdə aid olduğuna heç bir şübhə qalmır. Başqa sözlə, hədislər və İslam tarixi şahiddir ki, rüku halında yoxsula üzüyünü sədəqə verən bir qrup yox, yalnız Əli (ə) olmuşdur. Buna əsasən, deyə bilərik ki, ayədəki ifadələrin cəm formada işlədilməsində məqsəd ehtiram və həmin şəxsin məqamını yüksəltməkdir. Çünki ərəb ədəbiyyatında cəm formada işlədilən sözdən bir nəfər nəzərdə tutulduğuna çox rast gəlinir. Məsələn, “mübahilə” ayəsində “nisaəna” (qadınlar) sözü cəm formada işlədilsə də, onun nazil olma səbəbini nəql edən rəvayətlərə əsasən, məqsəd, təkcə Fatimeyi-Zəhradır (ə.s). Eləcə də, həmin ayədə qeyd olunan “ənfusəna” (özlərimiz) sözünün cəm formasında işləndiyi halda, bütün alimlər qəbul edirlər ki, mübahilədə İslam peyğəmbərindən başqa camaatın arasından yalnız Əli (ə) iştirak etmişdir.

“Həmraul-əsəd” müharibəsi ilə bağlı nazil olan ayədə də belə buyurulur:

الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً

“...O kəslər ki, camaat onlara dedilər: “(Düşmən ordusundan) bir qrup sizə hücum etmək üçün əlbir olmuşlar. Onlardan qorxun. Lakin onlar (nəinki qorxmadılar, hətta) imanları daha da artdı.”[275]

Bu ayədə xəbər verən kəsin cəm formada “nas” (camaat, insanlar) sözü ilə qeyd olunmasına baxmayaraq, tarixdə göstərildiyi kimi, o, yalnız Nəim ibn Məs’ud olmuşdur.

“Maidə” surəsinin 52-ci ayəsində buyurulur:

فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ

“Ürəklərində xəstəlik (nifaq) olanları, onlarla (yəhudi və məsihilərlə) dostluq etməkdə bir-birini ötənləri və “Bizə bir fəlakət üz verməsindən (və onların köməyinə möhtac olacağımızdan) qorxuruq” deyənləri görərsən.” Bu ayə də təkcə Abdullah ibn Übeyy haqqında nazil olsa da, onun ifadələri cəm formasında işlədilmişdir.

“Mümtəhinə” surəsinin 1-ci ayəsindəki xitab ümumi olsa da, Hatib ibn Übeyy Bəltəə haqqında nazil olmuş, “Münafiqun” surəsinin 8-ci ayəsinin şəxs əvəzliyi cəm formasında işlənsə də, məqsəd Abdullah ibn Übeyydir. Bir çox hədislərə əsasən, “Bəqərə” surəsinin 274-cü ayəsi imam Əlinin (ə) haqqında nazil olmuş, onun bütün şəxs əvəzlikləri isə cəm formasında gəlmişdir. “Bəqərə” surəsinin “(Ya Məhəmməd!) Səndən Allah yolunda nə verəcəkləri haqqında soruşanlara söylə...”[276] ayəsindəki əvəzlik cəm formasında olsa da, soruşan şəxs yalnız Əmr ibn Cümuh olmuşdur.[277]

Görəsən, bu ayələrdə məqsəd bir nəfər olduğu halda, onun əvəzlikləri nə üçün cəm formada işlənmişdir? Ola bilsin ki, səbəb nəzərdə tutulan şəxsə hörmət, bə’zən də başqalarının həmin şəxslə bir fikirdə olmasıdır. Ayələrə diqqət yetirdikdə, bunu (ehtiram və ya eyni fikirdə olma) bir-birindən ayırd etmək olar. Bundan əlavə, Qur’ani-kərimin əksər ayələrində Allah-taala Özü haqda söz açdıqda, əvəzlikləri cəm formasında işlədir. Halbuki Onun müqəddəs zatı tək və misilsiz, hər cəhətdən “əhəd” və “vahid”dir. Bunun cavabında deyə bilərik ki, böyük bir şəxsin idarəçiliyi və işlərini yerinə yetirməkdə ona tabe olan mə’murları var. Bu da səbəb olur ki, o, fərd olduğu halda, əvəzlikləri cəm formasında işlətsin. Başqa sözlə, ayələrdəki bu cəm ifadələr Onun uca məqamını və böyüklüyünü göstərir.

2. Şübhəsiz, Əli (ə) Peyğəmbərin (s) dövründə müsəlmanların vilayət və rəhbərliyi məqamına malik deyildi. Belə isə, bu ayəni ona aid etmək olarmı?

Bu iradın da cavabı aydındır. Gündəlik danışıq və ifadələrdə dəfələrlə müşahidə edirik ki, müəyyən bir şəxs vəzifə və məqama seçilsə, yaxud namizəd olsa da, hələ rəsmi olaraq həmin vəzifəni idarə etmir. Məsələn, bir kəs bir nəfəri öz yerinə canişin seçir və özü hələ yaşasa da, “filankəs onun vəsisi və canişinidir” deyilir.

Peyğəmbəri-əkrəmin (s) həyatında imam Əliyə (ə) xəlifə və canişin adını vermək elə də anlaşılmaz deyil. Həzrət həyatda ikən imam Əlini (ə) Allahın əmrilə öz yerinə tə’yin etmişdir. Əlinin (ə) xəlifəliyi Peyğəmbərin (s) vəfatından sonra qüvvəyə minmişdir.

Biz buna oxşar halı “Məryəm” surəsinin 5-ci ayəsində də müşahidə edirik. Belə ki, həzrət Zəkəriyya (ə) Allahdan belə bir hacət istəyir:

فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا

“İlahi! Mənə bir vəli və canişin bağışla (seç)!” Allah-taala da onun duasını qəbul edərək, Yəhyanı ona əta edir. Şübhəsiz, Yəhya, Zəkəriyyanın həyatında canişin, vəli və varis olsa da, onun vəfatından sonra bu məqamı əlinə almışdır.

Bunun oxşarı “Yovmul-inzar” əhvalatında da (Peyğəmbər (s) öz yaxınlarını bir yerə yığaraq, ilk dəfə onları İslama də’vət etdiyi gün) baş vermişdir. Həm şiə, həm də əhli-sünnə tarixçilərinin və hədis alimlərinin yazdıqlarına görə, Peyğəmbər (s) həmin gün Əliyə (ə) işarə edərək buyurdu:

اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:

“Bu, sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Onun sözünü eşidin və əmrinə itaət edin!”[278]

Peyğəmbəri-əkrəmin (s) həyatda belə buyuruqları heç bir iradla üzləşmədiyi halda, Qur’ani-kərimin də ayələri belə iradlardan uzaqdır.

İkinci qism iradlar (bəhanələr) çox olduğundan, onların bə’zilərini qeyd edirik:

1. Bəs, siz deyirsiniz ki, “Əli (ə) dünya malından heç bir şey yığmamışdır. Bəs nə üçün boynunda vacib zəkat olsun? Əgər məqsəd müstəhəb sədəqədirsə, ona zəkat deyilmir.

Cavab: Qur’ani-kərimin bir çox ayələrində müstəhəb sədəqəyə zəkat adı verilmişdir. Hətta “məkki” surələrinin çoxunda zəkatdan söz açılır ki, məqsəd müstəhəb sədəqədir. Çünki zəkat Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra vacib edilmişdir. Bu məsələ “Nəml” surəsinin 3-cü, “Hud” surəsinin 39-cu, “Loğman” surəsinin 4-cü, “Fussilət” surəsinin 7-ci ayələrində açıqlanmış və bu surələr Məkkədə nazil olsa da, onlarda müstəhəb zəkat nəzərdə tutulmuşdur. Bundan əlavə, imam Əli (ə) dünya malından özü üçün bir şey yığmasa da, müharibə qənimətlərindən pay alırdı. Şübhəsiz, öz zəhməti ilə də qazanc kəsb edirdi və yoxsula verdiyi çox da bahalı olmayan gümüş üzüyün bu yolla əldə edilməsi çətin bir iş deyildir. Bə’ziləri Həzrətin gümüş üzüyünün qiymətini şişirtsə də, bu düz deyildir.

2. Fikrin yoxsula doğru yayılması ilə namazda qəlbin hazırlığının və ilahi münacata qərq olmağın nə qədər reallığı var? Halbuki onlar (şiələr) deyirlər: “Namaz halında imam Əlinin (ə) ayağından oxu çıxartsalar da, o həzrət əsla bunu hiss etməmişdir! Belə isə namaz halında yoxsul bir şəxsin fikrində olmasını necə izah edirlər?

Cavab: Bu iradın sahibi bilməlidir ki, yoxsulun səsini eşitmək, kiməsə yardım etmək Allahdan qeyrisinin, özünün və dünya malının fikrində olmaq deyil, əksinə bu özü də bir növ ibadət və Allaha boyun əyməkdir.

Yoxsulların istək və səsləri qarşısında imam Əli (ə) kimi böyük şəxsiyyətin pak qəlbi həmişə həssas idi və həmişə onların səsinə cavab verirdi. O, bu işlə ibadəti ibadətə qoşur, namaz halında zəkat verməklə yalnız Allahın əmrlərini yerinə yetirirdi.

Doğrusu, bu irad Qur’ani-kərimə irad sayılır. Çünki Allah-taala bu ayədə rükuda zəkat verməyi tə’rifləyir, onu böyük adla yad edir. Əgər bu əməl qəflət və Allahdan yayınmaq sayılsaydı, onda yüksək və bəyənilmiş bir sifət kimi yad edilməzdi? Biz isə tamamilə bunun əksini görürük. Belə bir irad tutan təəssübkeşlər imam Əlinin (ə) fəzilətini inkar etmək istəsələr də, həqiqətdə Allaha irad tutmuşlar.

Fəxri-Razi yazır: “Əliyə (ə) yaraşan iş Allahın zikri ilə məşğul olmaqdır. Belə kəs isə başqasının sözünü eşidib başa düşə bilməz.” (Beləliklə, yoxsulun istəyini yerinə yetirmək namazın qaydaları ilə ziddir!)[279]



Geri   İrəli
Go to TOP