A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Belə qəribə və ani dəyişikliklər də “təkvini vilayət”in tə’sirlərindəndir.


BEŞİNCİ FƏSİL

XÜSUSİ İMAMƏT VƏ VİLAYƏT

İşarə:

“Ümumi imamət”dən sonra “xüsusi imamət” məsələsini, Peyğəmbərdən (s) sonrakı mə’sum imam və ilahi canişinin kim olması mövzusunu araşdırmağa başlayırıq. Bu araşdırmada İslamın müxtəlif mənbələrinə, ayə və rəvayətlərə, eləcə də, ilahi rəhbərlərin tanınmasında ən gözəl üsullardan olan “şahidlər toplusu”na istinad edəcəyik.

Allahdan düşüncəmiz, qələmimiz və bəyanımıza haqq və həqiqəti cari etməyi, hər bir büdrəmə və çaşqınlıqdan uzaq olmağı diləyirik!

Əvvəlcə, Qur’an ayələrinə üz tutaraq “xüsusi imamət”lə əlaqədar ayələri araşdırırıq. Bu ayələri iki qismə bölmək olar:

1. İmamət haqda aşkar söz açan ayələr;

2. Bu haqda qeyri-müstəqim (və dolayısı yolla) söz açan ayələr.

Ümumiyyətlə, hər iki qismə aid olan ayələr çoxdur. Lakin məqsədimiz imamətə dəlalət edən daha aydın ayələri araşdırmaqdır.

Birinci qismə aid ayələr:

1-“Təbliğ” ayəsi və “Qədir-Xum” əhvalatı;

2-“Vilayət” ayəsi;

3-“Ulil-əmr” (əmr sahibləri) ayəsi;

4-“Sadiqin” (sadiq olanlar) ayəsi;

5-“Qurba” (ən yaxınlar) ayəsi.

İkinci qismə aid ayələr:

Bu ayələr imamət və xilafət məsələsini birbaşa açıqlamasa da, Əmirəl-mö’minin Əlinin (ə) fəzilətlərini sübut edir. Uyğun ayələr Həzrətin İslam ümmətinin ən fəzilətlisi, Peyğəmbərdən (s) sonra ən üstün şəxsiyyət olduğunu göstərir. Belə nəticə alırıq ki, Peyğəmbəri-əkrəmdən (s) sonra ümmətin rəhbərliyini öhdəsinə götürməyə ən layiqli şəxs odur.

Bu ayələr daha çox olduğundan, yalnız iyirmi beş ayəni qeyd edəcəyik:

1-“Mübahilə” ayəsi;

2-“Xeyrul-bəriyyə” (yaradılmışların ən yaxşısı) ayəsi;

3-“Leylətül-məbit” ayəsi;

4-“Hikmət” ayəsi;

5-“Həl-əta” surəsinin ayələri;

6-“Bəraət” surəsinin ilk ayələri;

7-“Siqayətul-hacc” (hacılara su vermə) ayəsi;

8-“Salihul-mu’minin” (mö’minlərin əməlisalehi) ayəsi;

9-“Vəzarət” (vəzirlik) ayəsi;

10 və 11-“Əhzab” surəsinin ayələri;

12-“Bəyyinə” (şahid) ayəsi;

13-“Siddiqun” (sadiqlər) ayəsi;

14-“Nur” ayəsi;

15-“İnzar” (qorxudan) ayəsi;

16-“Mərəcəl-bəhreyn” (iki dənizin bir-birinə qovuşma) ayəsi;

17-“Nəcva” (pıçıltı, gizli söhbət) ayəsi;

18-“Sabiqun” (öndə olanlar) ayəsi;

19-“Uzunun-vaiyə” (eşidib yadda saxlayan qulaq) ayəsi;

20-“Məvəddət” (məhəbbət) ayəsi;

21-“Münafiqun” (münafiqlər) ayəsi;

22-“İyza” (əziyyət) ayəsi;

23-“İnfaq” ayəsi;

24-“Məhəbbət” ayəsi;

25-“Məs’ulun” (sorğu-suala tutulanlar) ayəsi.

1-“TƏBLİĞ” AYƏSİ

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

“Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”[241]

***

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (şiənin bütün məşhur kitablarında) yuxarıdakı ayənin imam Əli (ə) haqda nazil olduğu qeyd edilmişdir. Bu rəvayəti bir çox səhabələr, o cümlədən, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Bərra ibn Azib, Hüzeyfə, Əbu Hüreyrə, İbn Məs’ud və Amir ibn Leyli nəql etmişlər. Onların rəvayətlərində bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilmişdir.

Diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bə’zilərinin ravilər silsiləsi, o cümlədən, Əbu Səid Xudrinin və İbn Abbasın hədisinin on bir, Bərra ibn Azibin hədisinin isə üç qrupdan ibarət olduğu nəql olunmuşdur. Bu hədisləri öz əsərlərində (istər geniş, istərsə də qısa şəkildə) qeydə alan məşhur alimlər aşağıdakılardan ibarətdir:

–Hafiz Əbu Nəim İsfahani: “Ma nuzzilə minəl-Qur’an fi Əliyyin” kitabı (“Əl-xəsais” kitabından nəql, səh. 29);

–Əbülhəsən Vahidi Nişapuri: “Əsbabun-nüzul” kitabı, səh. 150;

–İbn Əsakir Şafei: (“Əd-durrul-mənsur” kitabından nəql, 2-ci cild, səh. 298);

–Fəxri-Razi: “Kəbir” təfsiri, 3-cü cild, səh. 636;

–Əbu İshaq Həməvini: “Fəraidus-səmteyn” kitabı;

–İbn Səbbağ Maliki: “Füsusul-muhimmə” kitabı, səh. 27;

–Cəlaləddin Süyuti: “Əd-durrul-mənsur” kitabı, 2-ci cild, səh. 298;

–Qazi Şovkani: “Fəthul-qədir” kitabı, 3-cü cild, səh. 57;

–Şəhabuddin Alusi Şafei: “Ruhul-məani” kitabı, 6-cı cild, səh. 172;

–Şeyx Süleyman Qunduzi Hənəfi: “Yənabiul-məvəddət” kitabı, səh. 120;

–Bədrəddin Hənəfi: “Umdətul-qari fi şərhi Səhihi-Buxari” kitabı, 8-ci cild, səh. 584;

–Şeyx Məhəmməd Əbduh Misri: “Əl-mənar” təfsiri, 6-cı cild, səh. 463;

–Hafiz ibn Mərdəveyh (vəfatı: 418 h.q) (Süyutinin “Əd-durrul-mənsur” kitabından nəql) və s.

Əlbəttə, unutmaq olmaz ki, bu alimlərin bə’ziləri ayənin nazil olma səbəbini və rəvayətləri nəql etməklə yanaşı, sonradan işarə edəcəyimiz dəlillərin üstündən asanlıqla keçmiş, yaxud məsələyə iradla yanaşmışlar. Biz gələcək bəhslərdə Allahın lütf və mərhəməti sayəsində onların nəzərlərini dəqiq araşdıracağıq.

“QƏDİR-XUM” HADİSƏSİ

Ötən bəhslərdəki bir dəlilə əsasən, “təbliğ” ayəsinin imam Əli (ə) barəsində nazil olduğu açıqlandı. Bu haqda (həm şiə, həm də) əhli-sünnənin məşhur kitablarında nəql olunan rəvayətlərin sayı o qədər çoxdur ki, heç kim onu inkar edə bilməz. Bu rəvayətlərdən əlavə, digər rəvayətlərdə də açıq-aşkar deyilir ki, bu ayə “Qədir-Xum” hadisəsinə və Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz canişini, vəsisi tə’yin etdiyi zamana aiddir. Əllamə Əmini “Əl-qədir” kitabında “Qədir-Xum” hədisinin 110 səhabəsi, 84 tabein və 360 məşhur İslam alimi tərəfindən nəql olunduğunu qeydə almışdır. Kim bu sənəd və mənbələrə nəzər salsa, əmin olar ki, “Qədir-Xum” hədisi “təvatür” həddində çatmış mö’təbər hədislərin ən üstünüdür. Doğrusu, kim onun “təvatür” həddinə çatmasına şəkk etsə, “təvatür” həddində olan heç bir hədisi qəbul etməməlidir. Bu kimi bəhslər bizi təfsir üslubundan xaric etdiyindən, hədisin sənədləri və ayənin nazilolma səbəbləri barədə deyilənlərlə kifayətlənib, onun mə’nasını araşdırmağa başlayırıq. Hədislə bağlı geniş izah istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər:

–“Əl-qədir” (Əllamə Əmini), 1-ci cild;

–“Ehqaqul-həqq” (Əllamə Qazi Nurullah Şuştəri) Ayətullah Nəcəfinin şərhi ilə 2-4 və 20-ci cildlər;

–“Əl-müraciat” (Seyid Şərəfuddin Amuli);

–“Əbəqatul-ənvar” (Mirhamid Hüseyni Hindi; bu kitabın xülasəsinin 7-9-cu cildlərinə müraciət etmək daha münasibdir);

–“Dəlailus-sidq”, (Mərhum Müzəffər), 2-ci cild.

“QƏDİR-XUM” RƏVAYƏTLƏRİNƏ BİR BAXIŞ

“Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan (əlbəttə, bə’zi rəvayətlərdə bu hadisə daha geniş, bə’zilərində qısa, bə’zilərində hadisənin bir qismi, bə’zilərində isə digər bir qismi açıqlanmışdır) belə qənaətə gəlirik ki, İslam peyğəmbəri (s) ömrünün sonuncu ilindəki həcci (“Həccətül-vida”nı) daha şövkət və əzəmətlə sona çatdırmışdır. Bu mövsümdə hacıların qəlbləri mə’nəvi hisslərlə dolmuş, böyük ibadətin ləzzətini bütün varlıqları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri[242] bu böyük səadətə çatdıqları üçün böyük sevinc hissi keçirirdilər. Bu səfərdə Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyildi. İftixar və səadətə nail olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən xeyli müsəlman həzrəti müşayiət edirdi.

Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırırdı. Amma bu misilsiz mə’nəvi səfərin ləzzəti bütün çətinlikləri asanlaşdırmışdı. Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra isə Qədir-Xumun quru, yandırıcı səhralıqları görünürdü. Hicazı digər məntəqələrdən ayıran dörd yolayrıcı vardı: biri şimala (Mədinəyə), biri şərqə (İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru. Camaat bura çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona yetirdi. Bu yerdə müsəlmanlar İslam peyğəmbərindən (s) son göstərişləri almaqla bir-birlərindən ayrılırdılar.

Hicri-qəmərilə 10-cu il cümə axşamı idi. Qurban bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacılara dayanmaq göstərişi verildi. Müsəlmanlar uca səslə e’lan etdilər ki, karvanın önündə hərəkət edənlər geri qayıtsınlar. Nəhayət, geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı “Allahu-Əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bə’ziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə gölgəlik, nə də ot-ələf görünürdü. Bə’ziləri də bu çılpaq ağaca sığınmışdılar.

Nəhayət, günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atıb Peyğəmbər (s) üçün kölgəlik düzəltdilər. Amma yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha tapşıraraq camaata belə buyurdu: “Mən tezliklə Allahın də’vətini qəbul edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məs’uliyyət daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?”

Camaat uca səslə dedi: “Biz şəhadət veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz yolunda çalışdın. Allah sənə yaxşı mükafat versin!”

Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?”

Hamı bir ağızdan “Bəli, şəhadət veririk” – dedi.

Peyğəmbər (s) dedi: “İlahi, şahid ol...” Sonra davam etdi: “Ey camaat, səsimi eşidirsinizmi?”

Dedilər: “Bəli!”

Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin züm-züməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s) səsi eşidildi: “İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki böyük və ağır əmanətlə necə davranacaqsınız?!”

Cəmiyyətin içərisindən bir səs gəldi: “Ey Allahın Rəsulu! Bu iki ağır əmanət nədir?”

Peyğəmbər (s) dərhal buyurdu: “Birincisi bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır! Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaq. Onlardan irəli keçməyin, yoxsa həlak olarsınız. Geridə də qalmayın ki, yenə həlak olarsınız!”

Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimisə axtarır. Əlini (ə) görən kimi əyilib, onun əlindən tutdu və o qədər yuxarı qaldırdı ki, hətta onun qolunun altı göründü. Hamı onu tanıdı və bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s) səsini bir az da ucaldaraq buyurdu: “Ey camaat! Mö’minlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!”

Dedilər: “Allah və Peyğəmbəri daha yaxşı bilir!”

Peyğəmbər (s) buyurdu: “Allah mənim mövlam və rəhbərim, mən də mö’minlərin mövlası və rəhbəriyəm. Onlar üzərində özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir)!” Sonra buyurdu: “Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bə’zi ravilərin dediyinə görə, dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi:

اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه وَاَدْرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ:

“İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən də düşmən bil, onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub xar edənləri Sən də xar və zəlil et, haqqı həmişə onunla qərar ver və onu haqdan ayırma!”

Sonra buyurdu: “Hazır olanlar bu xəbəri burada olmayanlara çatdırsınlar!”

Peyğəmbərin (s) xütbəsi sona yetdi. Həzrətin, Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki, vəhy mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı:

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي...

“Bu gün sizin dininizi təkmilləşdirdim, ne’mətimi sizə tamamladım...”

Peyğəmbər (s) buyurdu: “Allahu-Əkbər, Allahu-Əkbər! Allah Öz dinini kamil etdi, ne’mətini bizə tamamladı. Mənim risalət və peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!”

Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar. Onlar cəmiyyətin qarşısında bu sözləri dillərinə gətirdilər:

بَخٍّ بَخٍّ لَكَ يَاابْنَ اَبِى طالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلاىَ وَمَوْلا كُلِّ مُؤمِنٍ وَمُؤمِنَةٍ:

“Afərin sənə, afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mö’min kişi və qadınların mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: “Allaha and olsun! Bu əhd-peyman hamının boynunda qalacaqdır.”

Məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə bir şe’r söyləmək üçün icazə istədi, sonra belə dedi:

Yunadihim yovməl-Ğədiri Nəbiyyuhum,

Bi-Xummin və-əsmi bir-Rəsuli munadiyən.

Fəqalə, fəmən movlakum və nəbiyyukum?

Fəqalu, və ləm yəbdu hunakət-təamiyən,

İlahukə movlana və əntə nəbiyyuna,

Və ləm təlqi minna fil-vəlayəti asiyən.

Fəqalə ləhu, qum ya Əliyyu, fə-innəni,

Rəziytukə min bə’di imamən və hadiyən,

Fə-mən kuntu movlahu, fə-haza vəliyyəhu,

Fəkunu ləhu ətbaə sidqin muvaliyən!

Hunakə dəa, Əllahummə, vali vəliyyuhu,

Və kun lilləzi ada Əliyyən muadiyən!

“Qədir-Xumda Peyğəmbər nidası,

Yayıldı carçısıyla hər sədası.

Dedi: “Kimdir sizin mövla, nəbiniz?”

Bir ağızdan: “Allah bizim Rəbbimiz!

Ondan sonra sən də peyğəmbərimiz!

Vilayətə asi olmaz birimiz!”

Peyğəmbərin Əliyə buyruğuyla:

“Qalx ayağa, həqiqət sorağıyla.

Məndən sonra imam, hidayətçisən,

Mövlası olduğumun rəhbərisən!

Bəs, itaət edin buyruqlarıma,

Allahdan əmanət qoyduqlarıma!

Allah, Sən də sev, onu sevənləri

Düşməninə düşmən olsan, var yeri

Bu, şiə və sünni alimlərinin kitablarında nəql olunan “Qədir-Xum” hadisəsinin xülasəsi idi!

“TƏBLİĞ” AYƏSİ ÜZƏRİNDƏ YENİ BİR TƏHLİL

Əgər biz “təbliğ” ayəsinin nazil olma səbəbi, eləcə də, “Qədir-Xum” barəsində nəql olunan bütün rəvayətləri nəzərə almayıb, elə bu və bundan sonrakı ayələrin mə’nasını diqqətlə nəzərdən keçirək, İslam peyğəmbərinin (s) canişinlik və xəlifəliyi ilə bağlı vəzifəmizi ayırd edə bilərik.

İzah: Bu ayə özü müxtəlif ifadələrlə üç mühüm məsələyə toxunur:

1. Ayədən mə’lum olur ki, bu məsələ İslam baxımından yüksək əhəmiyyətə malik olmuşdur. Hətta Allah tərəfindən Peyğəmbəri-əkrəmə (s) göstəriş verilmişdir ki, mütləq onu xalqa çatdırsın. Əgər çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ peyğəmbərlik qədər ağır vəzifə imiş. Əgər e’lan edilməsəydi, sanki Peyğəmbərin (s) vəzifəsi yarımçıq qalacaqdı!

Mə’lum olduğu kimi, burada sadə bir şərt nəzərdə tutulmayıb. Əgər o pozulsa, Peyğəmbərin (s) risaləti şübhə altına düşür. Ayənin zahirindən göründüyü kimi, burada çox mühüm məsələnin qarşıya qoyulduğu və onun birbaşa peyğəmbərlik məqamı ilə əlaqələndiyi vurğulanmışdır.

2. Bu ilahi əmr sözsüz ki, namaz, oruc, həcc, cihad, zəkat və digər əməli vəzifələrlə bağlı deyildir. Çünki bu ayə “Maidə” surəsində yerləşir və İslam peyğəmbərinə (s) nazil olan sonuncu surədir (yaxud sonuncu surələrdən biridir). Yə’ni bu surə nazil olanda artıq İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan edilmişdi.[243]

3. Ayənin ifadələri göstərir ki, e’lan olunacaq xəbər bə’zilərinin sərt mövqeyi ilə qarşılanacaq və bu işdə Peyğəmbərin (s) həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-taala o həzrətə qarşı xüsusi himayəsini bildirərək buyurur: “Allah səni xalqdan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq!”

Ayənin sonunda daha tə’kidlə buyurur: “Allah kafir cəmiyyəti hidayət etməz!”

Bu ifadə qəti şəkildə bir qrup müxaliflərin əks mövqe tutacaqlarını göstərir.

Ayədən açıq-aşkar görünən bu üç məsələni nəzərə alsaq, o zaman Peyğəmbərə (s) xilafət və canişinliklə əlaqədar vəhyin nazil olduğunu başa düşərik. Bəli, Peyğəmbəri-əkrəmin (s) ömrünün axırlarında ümmətə çatdıracağı son mühüm məsələ İslamın o vaxta qədər bəyan edilməyən əməli vəzifələri deyil, yalnız xəlifəliklə bağlı məsələ ola bilərdi. Çünki Peyğəmbərin (s) risalət və peyğəmbərliyi qədər mühüm olan və müxaliflərin sərt mövqe tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən məsələ məhz budur! Əgər “təbliğ” ayəsini imamət, vilayət və xilafət məsələsindən başqa bir yönə təfsir etsək, ayənin məqsədinə qətiyyən uyğunlaşmayacaq.

Əhli-sünnənin təfsir alimlərinin bu ayənin mə’nası ilə bağlı fikir və nəzərlərinin heç biri deyilən tə’kidlərlə əsla uyğunlaşmır və həqiqətdə ayəni təfsir etməkdə “acizdirlər” (çünki imamət və vilayətə e’tiqadlı deyillər).

***

ŞƏRHLƏR

1-“QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN TƏFSİRİ

Biz “təvatür” həddində olan “Qədir-Xum” hədisini qısa şəkildə bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” kəlamı çox həqiqətləri aydınlaşdırır.

Əhli-sünnə alimlərinin bir çoxu “mövla” sözünü “dost” mə’nasına təfsir etməyə çalışsalar da[244], müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “vəli”, “başçı” və “rəhbər” mə’nasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:

1. O zaman imam Əlinin (ə) bütün mö’minlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər tə’kidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl e’tiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Qur’anda açıq-aşkar buyurulur ki, mö’minlər bir-birlərilə qardaşdır.[245] Həmçinin başqa bir ayədə buyurulur: “Mö’min kişilər və mö’min qadınlar bir-birinin dostudur!”[246]

Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu tə’kid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.

2. Peyğəmbəri-əkrəmin (s) buyurduğu “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.

3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin e’lan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:

هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mö’min kişi və qadının mövlası oldun.”[247]

Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:

هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə! Sən mənim və bütün mö’min kişi və qadınların mövlası oldun!”

Beləliklə, Ömər onu özünün və bütün mö’minlərin mövlası hesab etdi.”

“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”[248]

“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir.[249]

Aydındır ki, mö’minlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki “vilayət” sözü xilafətdən başqa bir mə’na daşıya bilməz.

4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şe’ri bizim müddəamıza canlı bir şahiddir.

***

2-“QƏDİR-XUM” HƏDİSİNİ TƏSDİQ EDƏN DİGƏR AYƏLƏR

“Məaric” surəsinin başlanğıcında buyurulur:

سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ لِّلْكَافِرينَ لَيْسَ لَهُ دَافِعٌ مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ

“Bir nəfər vaqe olacaq əzab barədə soruşdu. O əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir!”[250]

Bir çox təfsirçilər və hədis raviləri bu ayələrin nazil olma səbəbi barədə belə demişlər:

İslam peyğəmbəri (s) imam Əlini (ə) “Qədir-Xum”da xəlifəliyə seçib ( مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ )“Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır”, buyurandan sonra bu xəbər tez bir zamanda hər tərəfə yayıldı. Münafiqlərdən olan Nö’man ibn Haris Fehri[251] Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: “Sən bizə göstəriş verdin ki, Allahın yeganəliyinə, sənin peyğəmbərliyinə şəhadət verək. Biz də şəhadət verdik. Sonra bizə cihad, namaz, həcc və zəkatı əmr etdin. Onları da qəbul etdik. Yenə bunlarla kifayətlənməyib, nəhayət, bu cavanı (Əliyə (ə) işarə etdi) öz yerinə canişin tə’yin edərək dedin: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır!” Bu göstəriş özündəndir, yoxsa Allah-taala tərəfindən?”

Peyğəmbər (s) buyurdu: “Yeganə mə’bud olan Allaha and olsun ki, Allah tərəfindəndir!”

Bu vaxt Nö’man ibn Haris üzünü döndərib dedi: “İlahi! Əgər bu söz haqq və Sənin tərəfindəndirsə, onda bizim başımıza bir daş endir!” Elə bu zaman birdən səmadan bir daş düşüb, onun başını yardı və qeyd etdiyimiz ayələr nazil oldu.

Bu rəvayət “Məcməül-bəyan” kitabında Əbül-Qasim Həskanidən nəql olunmuşdur.[252] Uyğun rəvayəti əhli-sünnə təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində), Alusi (“Ruhul-məani” kitabında) və Əbu İshaq Sə’ləbi (öz təfsirində) azacıq fərqlə nəql etmişlər.[253]

Əllamə Əmini “Əl-qədir” kitabında bu rəvayəti otuz nəfər əhli-sünnə alimindən (mənbə və mətnləri ilə birlikdə), o cümlədən, Hələbinin “Sirə”, Həməvinin “Fəraidus-səmteyn”, Şeyx Məhəmməd Zərəndinin “Durərus-səmteyn”, Şəmsəddin Şafeinin “Əs-siracul-munir”, Süyutinin “Şərhu-camiis-səğir”, Hafiz Əbu Übeyd Hərəvinin “Təfsiru-ğəribil-Qur’an” və Əbu Bəkr Nəqqaşın “Təfsiru-şəfais-südur” kitablarından nəql etmişdir.

İmam Əlinin (ə) fəzilətlərini çarəsizlikdən və ikrahla qəbul edən təfsir və hədis alimlərindən bə’ziləri yuxarıdakı ayələrin nazil olma səbəbinə müxtəlif iradlar tutmuşlar. “Əl-mənar” kitabının müəllifi və digər əhli-sünnə alimləri qeyd etdiyimiz rəvayəti nəql etdikdən sonra belə iradlar irəli sürmüşlər:



Geri   İrəli
Go to TOP