A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nəss qarşısında ictihad
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 228
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


“Tüğyançılarla o qədər müharibə edin ki, Allahın əmrinə qayıtsınlar” ayəsinin hökmünə etsin. Buna görə də müharibəyə başlayıb Ayişənin ordusunu məğlub etdi və Bəsrəni fəth etdi. Bu müharibədə iman əhlinə çoxlu ziyan və xəsarətlər dəydi. Bu müharibə “böyük Cəməl” müharibəsi adlanır.

Ayişənin məğlub olması və Bəsrənin Əli (əleyhissalam)-ın əli ilə fəth edilməsi 36-cı hicri ilinin cəmadiyul-axir ayında baş verdi. Bu hadisələr İslam tarixinə “Siffeyn”, “Nəhrəvan”, “Bədr”, “Ühüd” və “Əhzab” müharibələri kimi təvatür əsasında nəql olunmuşdur. Bütün tarixçilər 36-cı hicri ilinin hadisələrini yazarkən Cəməl müharibəsində baş verən hadisələri təfsilatı ilə qeyd etmişlər. Bu barədə məacim və təracim kitablarında Əli (əleyhissalam)-ın, habelə Ayişə və Cəməl müharibəsini törədənlərin tərcümeyi-halını şərh edərkən müfəssəl şəkildə qeyd etmişlər.

CƏmƏl müharibƏsi

İbni Əbil Hədidin, sair tarixçilərin və sirə yazanların dediyinə görə Ayişənin Osmana qarşı düşmənçiliyi hamıdan artıq idi. O, Peyğəmbərin köynəyini evin qapısından asmışdı, evə girənlərə deyirdi: Hələ Peyğəmbərin köynəyi köhnəlməmişdir ki, Osman onun sünnətini pozdu.

Təbəri öz “Tarix” kitabının 3-cü cildinin 476-cı səhifəsində yazır: Ayişə Məkkədən qayıdarkən yolda Sərf adlı yerdə Əbdüllah ibni ümmü Kəlamla rastlaşdı. Ayişə soruşdu: Mədinədə nə xəbər var?

Əbdüllah dedi: Osmanı öldürdülər və ümmət səkkiz gün xəlifəsiz qaldı.

Ayişə yenidən soruşdu: Sonra nə oldu?

Dedi: Mədinə əhli icma etdilər və xilafət işini ümmətin ən yaxşısına–Əliyyibni Əbi Talibə həvalə etdilər.

Ayişə dedi: Kaş ki, yer-göy bir-birinə dəyəydi! Məni qaytarın, məni qaytarın!

Sonra Məkkəyə doğru qayıtdı, hər kimi görsəydi, deyirdi: Allaha and olsun, Osman məzlumcasına öldürülmüşdür! Allaha and olsun, mən onun intiqamını alacağam!

İbni Ümmü Kəlam dedi: Bunə deməkdir? Allaha and olsun, onu ilk dəfə münhərif hesab edən sən oldun!

Ayişə dedi: Camaat Osmanı tövbələtmişdilər. Sonra öldürdülər. Mən də əvvəllər onun barəsində bəzi sözlər deyirdim, lakin haqq söz mənim axırıncı sözümdür!

İbni Ümmü Kəlam bu şeri dedi:

Başlayan da sən oldun, təhrik edən də sən,

Külək də səndən oldu, yağış da səndən.

Əmr etdin, rəhbəri öldürün, dedin o kafir olub!

Sonra biz onu öldürməkdə sənə tabe olduq.

Onun qatili o kəsdir ki, bu işi əmr etmişdir.

İndi nə asiman başımıza tökülmüş,

Nə də ay və günəş tutulmuşdur.

Camaat elə böyük şəxsə bey”ət etdilər ki,

Hər növ pislik, təkəbbür və lovğalığı kənara qoymuşdur.

Müharibə vaxtı zirehli paltar geyib hazır olur.

Onda camaat haradan və kim tərəfindən aldanmışdır?!

İbni Əsir də bu şerləri nəql etmişdir və o, çox məşhur şerlərdən biridir. Sonra Təbəri yazır: Ayişə Məkkəyə qayıtdı, Məscidul-Həramın qapısında minikdən endi, oradan Həcərül-əsvədə tərəf getdi. Camaat onun ətrafına yığışmışdı, Ayişə dedi: Əyyuhənnas! Osman məzlumcasına öldürüldü! Allaha and olsun, mən onun intiqamını alacağam.

Elə buradan da iğtişaş və fitnə-fəsad yaratdı ki, öz intiqamını Peyğəmbərin sevimlisi, onun siyğə qardaşı olan Əli (əleyhissalam)-dan alsın.

Halbuki Əli (əleyhissalam) Osmanın qatili deyildi, bir kəsi onu öldürməyə təhrik etməmişdi, heç onun öldürülməsinə də razı deyildi. Bunu təkcə İslam ümmətinin insaflıları deyil, hətta yadlar da bilirlər.

İbni Əsirin “Kamil” kitabında (4-cü cild, səh.102) və sairlərinin öz tarix kitablarında nəql etdiklərinə görə Ayişə deyirdi:

Şəhərlərin, abadlıqların və Mədinə qullarının yaratdığı iğtişaşlar bais oldu ki, bu kişiyə (Osmana) hücum edib onu məzlumcasına öldürsünlər və onu qətlə yetirmək üçün əməllərini əllərində bəhanə tutsunlar. Hansı ki, bu işləri ondan əvvəl də edirdilər. Ancaq Osman tövbə edib özünü bu çirkin işlərdən təmizlədi.

Qiyamçılar bütün bəhanə yollarının bağlandığını gördükdə ona hücum edib qanını axıtdılar. Allaha and olsun, yer üzündə Osmanın bir barmağı onun kimilərin hamısından yaxşıdır. Allaha and olsun, onun qətlə yetirilməsi üçün gətirilən bəhanələr günah iş olsaydı belə, o, bu günahlardan pak olmuşdu. Qızıl əridilərək təmizləndiyi kimi, insan da tövbə edərək çirkli paltarlarını çıxarıb təmiz paltarlarını geyinir.

Əbdüllah ibni Amir Həzrəmi o dövrdə Osmanın tərəfindən Məkkədə hakim idi. O dedi: Mən ilk şəxsəm ki, onun qanının intiqamını almaq istəyirəm!

Bəni-Üməyə tayfası da ona tabe oldular. Onların hamısı Osmanın qətlindən sonra Mədinədən qaçmışdılar.

AYİŞƏNİN YARATDIĞI FİTNƏ QARŞISINDA ÜMMü SƏLƏMƏNİN TUTDUĞU MÖVQE

Tarixçilər, sirə yazanlar, habelə İbni Əbil Hədid yazır ki, Ayişə Ümmü Sələmənin yanına gəldi ki, Osmanın intiqamını almaq bəhanəsi ilə onu da müharibəyə təhrik etsin. Ona dedi: Ey İbni Üməyyənin qızı! Sən Peyğəmbərin ilk hicrət edən arvadısan. Sən Ümmül-mömininlər arasında ən böyük şəxsiyyətsən. Peyğəmbər bizim növbələrimizi sənin evində bölüşdürürdü. Cəbrail də əksər vaxtlarda sənin evində nazil olurdu.

Ümmü Sələmə dedi: Bu sözlərlə nə demək istəyirsən?

Ayişə dedi: Camaat Osmanı tövbələtdilər. O tövbə etdikdən sonra orucağız olan halda və haram ayda qanını axıtdılar. Mən istəyirəm ki, onun intiqamını almaq üçün Təlhə və Zübeyr ilə birlikdə Bəsrəyə gedəm. Sən də bizimlə gəl, bəlkə Allah bu işi bizim əlimizlə həll etsin.

Ümmü Sələmə dedi: Sən dünən camaatı Osmanın əleyhinə qiyama qaldırır, onun barəsində ən pis və nalayiq sözlər deyirdin, ona “Nə”səl” deyə xitab edirdin. Sən həm də Əlinin Peyğəmbərin yanında olan yüksək məqamını yaxşı bilirsən. Onu sənin yadına salımmı?

Ayişə dedi: Bəli.

Ümmü Sələmə dedi: Yadındadırmı, bir gün Əli Peyğəmbərin yanına gəldi, biz də onun yanında idik. Peyğəmbər Əli ilə söhbəti çox uzandı. Sən onlara etiraz etmək istədikdə mən sənə mane oldum, lakin sən etina etmədin. Gedib hər ikisinə etiraz etdin. Bir azdan ağlar gözlə qayıtdın. Mən səndən soruşdum ki, nə olub? Sən dedin: Mən gedəndə gördüm ki, onlar bir-biri ilə raz-niyaz edirlər. Mən Əliyə dedim: Doqquz gündən biri mənimdir. Ey Əbu Talibin oğlu, nə üçün qoymursan ki, bu gün mənə çatsın?!

Peyğəmbərin üzü qəzəbdən qızarmış halda mənə buyurdu: “Qayıt! Allaha and olsun, hər kəs Əlini düşmən tutsa, imandan xaric olmuşdur.” Yadındadırmı, sən də peşman və qəzəbli halda qayıtdın?!

Ayişə dedi: Bəli, yadımdadır.

Ümmü Sələmə dedi: Yenə də sənin yadına salım: Mən və sən Peyğəmbərin yanında idik, o bizə buyurdu: Görəsən, sizlərdən hansısız çox tüklü dəvəyə minəcək və Hov”əb itləri onlara hürəcək və o, həqiqi yoldan azacaq?! Biz dedik: Belə bir şeydən Allaha və Onun Peyğəmbərinə pənah aparırıq!

Peyğəmbər əlini sənin kürəyinə vurub buyurdu: “Hümeyra, olmaya sən olasan?!” Yadındadırmı, mən də səni qorxutdum?

Ayişə dedi: Bu da yadımdadır.

Ümmü Sələmə dedi: Bunu da yadına sal ki, mən və sən Peyğəmbərlə bir səfərdə idik. Əli də bir ağacın altında oturub Peyğəmbərin ayaqqabısını yamayırdı. Atan (Əbu Bəkr) Ömərlə birlikdə gəldi. Biz pərdənin arxasına keçdik. Onların arasında bir qədər söhbət oldu, axırda dedilər: Ya Rəsuləllah! Biz bilmirik ki, neçə ildən sonra bizim aramızdan gedəcəksən. Yaxşı olar ki, səndən sonra xəlifə və canişinin kim olacağını bizə xəbər verəsən, o, bizim üçün bir sığınacaq olsun.

Peyğəmbər buyurdu: Mən kimin canişin olacağını yaxşı bilirəm, lakin əgər desəm, Bəni-İsrailin Harunun ətrafından dağıldığı kimi siz də dağılacaqsınız.

Onlar susdular və sonra çölə çıxdılar. Sonra biz Peyğəmbərin yanına getdik. Sən bizim aramızda Peyğəmbərə qarşı cəsur olduğundan dedin: Ya Rəsuləllah, onlar üçün kimi əmir və xəlifə təyin edəcəksən?

Peyğəmbər buyurdu: O kəsi təyin edəcəyəm ki, mənim ayaqqabılarımı yamayır.

Biz gəlib gördük ki, o, Əlidir.

Sən dedin: Ya Rəsuləllah, Mən Əlidən başqa bir kəsi görmədim.

Peyğəmbər buyurdu: O, elə dediyim şəxsdir.

Ayişə dedi: Bəli, bunu da xatırlayıram.

Ümmü Sələmə dedi: Ey Ayişə, onda bu nə qiyamdır ki, başlayırsan?

Ayişə dedi: İstəyirəm ki, cəmiyyətdə islahat aparmaq üçün qiyam edəm!

Bu söhbətdən sonra İbni Qüteybənin “Ğəribul-hədis” kitabında nəql etdiyinə əsasən Ümmü Sələmə Ayişənin evdən çıxıb Əli (əleyhissalam)-ın əleyhinə qiyam etməsinin qarşısını almaq istədi və dedi: Əgər İslamın sütunu əyilsə, bil ki, qadınların vasitəsilə düzəlməyəcək, əgər İslamın sütunu sınsa, qadınların vasitəsilə təmir olunmayacaq. Qadınların yaxşı əməli budur ki, özünü naməhrəmlərdən gizlətsin və namusunu hifz etsin. Əgər Peyğəmbər səni bu çöllərdə dəvəyə minib o tərəfə-bu tərəfə getdiyini görsə, nə deyəcəksən? Allaha and olsun, əgər sən bu yolla getsən, qiyamətin günü mənə desələr ki, Bərrin cənnətlərə daxil ol, sənin Əliyə qarşı etdiyin bu işə görə mən ora daxil olmağa həya edərəm.[349]

Sonra Ümmü Sələmə Məkkədən Əli (əleyhissalam)-a belə bir məktub yazdı:

Amma bəd. Təlhə, Zübeyr və onların azğın ardıcılları Ayişə və Əbdüllah Amir ilə birlikdə qiyam etmək fikrindədirlər. Onlar iddia edib deyirlər ki, Osman məzlumcasına öldürülmüşdür. Allah onları öz cəzalarına çatdıracaqdır. Allaha and olsun, əgər Allah bizim evdən çıxmağımızı qadağan etməsəydi və sən də razı olsaydın, sənə kömək etmək üçün heç nəyi əsirgəməzdim. Amma indi ki, belə maneələr var, əvəzində oğlumu öz yerimə (Ömər ibni Əbi Sələmə) göndərirəm ki, hər yerdə sənin önündə olsun. Ya Əmirəl-möminin, onun barəsində yaxşılıq et.

Ümmü Sələmənin oğlu Əmirəl-möminin Əli (əleyhissalam)-ın yanına çatdıqda Həzrət ona çox ehtiram etdi. O, bütün hadisələrdə Həzrətin yanında idi.

AYİŞƏ HƏFSƏni DƏ”VƏT edir

Tarixçilər yazırlar: Ayişə daha sonra Həfsə və Peyğəmbərin sair qadınlarının yanına adam göndərdi. (Onların hamısı bu zaman həcc mərasimini yerinə yetirirdilər.)

Ayişə onları də”vət etdi ki, onunla birlikdə Bəsrəyə getsinlər. Həfsədən başqa heç biri ona müsbət cavab vermədi. Həfsəni də qardaşı Əbdüllah ibni Ömər gəlib qaytardı.[350]

MaLİK ƏJDƏR VƏ AYİŞƏ

Malik Əjdər Mədinədən Ayişəyə belə bir məktub yazdı:

Amma bəd. Sən Peyğəmbərin zövcəsisən. Peyğəmbər sənə əmr etmişdi ki, öz evində qalasan. Əgər evdə otursan, sənin üçün başqa işlərindən daha yaxşı olar. Yox, əgər qiyam edib camaatın arasında zahir olsan, öz ehtiramını aradan aparacaqsan, belə olarsa səninlə müharibə edib o evə qaytaracağam ki, Allah səni o evdə qərar verib.

AYİŞƏ–QİYAMIN RƏHBƏRİdir!

Bu qiyamın rəhbəri şəxsən Ayişə idi. O əmr verir, ordunu sahmana salır, sərkərdələri işdən çıxarır və ya işə təyin edirdi. İbni Əbil Hədid öz şərhinin 2-ci cildinin 80-cı səhifəsində Şə”bidən, o da Müslüm ibni Əbi Bəkrədən, o da atasından belə rəvayət edir: Təlhə və Zübeyr Bəsrəyə gəldikdə qılıncımı onlara kömək etmək məqsədi ilə siyirdim. Ayişənin yanına getdikdə, gördüm ki, əmr verir, o nə deyirsə, həmin şey hökm kimi qəbul olunur. Peyğəmbərdən eşitdiyim bu hədis yadıma düşdü: “Nicat tapmaz o qövm ki, onların rəhbəri qadın olsun.” Bu hədisi yadıma saldıqdan sonra onlardan üz döndərib bir guşəyə çəkildim.

İbni Əbil Hədid yazır: Bu rəvayəti başqa surətdə də nəql etmişlər. O da bundan ibarətdir: “Məndən sonra bir qövm qiyam edəcəkdir ki, onların başçısı bir qadındır.” Bəsrə müharibəsində ordunun bayrağı “Ayişənin dəvəsi” idi və Ayişə ona minmişdi. Bu da tarixdə belə bir bayrağa malik olan yeganə müharibə idi. Ayişənin göndərdiyi adamlar hər tərəfə gedib onun məktublarını camaata çatdırır, onları Əmirəl-möminin Əli (əleyhissalam)-ın əleyhinə qiyama təhrik edir və beləliklə də özlərinə kömək yığırdılar.

Çoxları onun də”vətinə müsbət cavab verdi. Lakin pak qəlblilərdən və ağıllılardan bir qrupu onun də”vətini rədd etdilər. Bəni-Üməyyə qəbiləsi özünün bütün mal-dövlətini bu qiyam yolunda xərclədilər, hər tərəfdən Ayişəyə kömək etmək üçün axışdılar.

Mərvan Həkəm də Ayişənin ordusunda idi. Lakin o bəzən oxu Ayişənin əsgərlərinə, bəzən isə Əli (əleyhissalam)-ın ordusuna tərəf atır və deyirdi ki, hansı tərəfə dəysə qənimətdir. Hətta tarixçilər demişlər ki, o Təlhəni oxla vurub öldürmüşdür.

AYİŞƏ MƏKKƏDƏN BƏSRƏYƏ YOLA DÜŞÜR

Ayişə Məkkədən çıxıb Bəsrəyə yola düşmək istədikdə Bəni-Üməyyə tayfası onun ətrafını tutaraq fikir mübadiləsinə girişmişdilər. Onların bəziləri deyirdilər ki, Əliyə tərəf gedib onunla müharibə edək. Ayişə və bir dəstə adam isə deyirdilər ki, sizin Mədinə əhli ilə müharibə etməyə gücünüz çatmaz. Bəziləri də deyirdilər. Gəlin, Şama gedək.

Ayişə və bir dəstə adam dedi: Müaviyənin orada varlığı sizin üçün kifayətdir. Biz Kufə və Bəsrəyə tərəf getməliyik. Təlhənin Kufədə, Zübeyrin isə Bəsrədə çoxlu tərəfdarı vardır. Hamısı bu fikirlə razılaşdılar.

Bu zaman Əbdüllah ibni Amir onlara çoxlu pul və dəvə bağışladı ki, orduya sərf olunsun. Yəli ibni Üməyyə də onlara dörd yüz min dirhəm pul və 70 nəfər döyüşçü cəngavər verdi. Sonra Ayişəni Əsgər adlı bir dəvəyə mindirdilər. O dəvə çox tüklü və qüdrətli idi. Ayişə onu gördükdə heyrətləndi. Dəvənin sahibi onu vəsf edərək fiziki qüdrətindən Ayişəyə bir qədər söhbət etdi. Söhbət əsnasında onun adının Əsgər olduğunu qeyd etdi. Ayişə bu adı eşitdikdə dedi: “İnna lillah və inna iləyhi raciun” Bu dəvə mənə lazım deyil!

Bu zaman Ayişənin yadına düşmüşdü ki, Peyğəmbər bu dəvənin adını demiş və onu həmin dəvəyə minməkdən çəkindirmişdi.

Onun üçün başqa bir dəvə tapmaq istədilər, lakin onun kimisini tapa bilmədilər. Sonra onun zahiri görkəmini dəyişdirib dedilər ki, sənin üçün daha güclü bir dəvə tapmışıq. Ayişə də onlarla razılaşdı. Hələ Məkkədən çıxmamışdı ki, əməvilər ona kömək etməkdən imtina etdilər. Lakin Ayişə məqsədindən dönmədən irəlilədi.

HOV”ƏB SUYU

Məşhur tarixçilər yazmışlar ki, İbni Abbas deyirdi: Bir gün Peyğəmbər öz arvadlarının hamısı bir yerdə olanda onlara buyurdu: Sizlərdən hansınız bir dəvəyə minəcək, Hov”əb itləri ona tərəf hürəcəklər? Onun sağında və solunda çoxlu adam öldürəcəkdir, onların hamısı da cəhənnəm əhlidirlər.

Bütün tarixçilər yazmışlar ki, yol üstündə Ayişə Hov”əbə çatdıqda (o, Bəni-Amir ibni Sə”səə qəbiləsinə mənsub olan su quyuları idi) itlər onun üstünə hürüşdülər, güclü dəvələr hürküb qaçdılar. Onun ətrafındakılardan biri dedi: Hov”əb itləri nə qədər çoxdurlar və nə qədər çox hürürlər!

Bu zaman Ayişə öz dəvəsinin cilovunu çəkib soruşdu: Bunlar Hov”əb itləridir?! Məni qaytarın, məni qaytarın! Mən Peyğəmbərdən eşitmişdim ki, belə buyurur:...

Onlardan biri bunu inkar edib dedi: Biz Hov”əb suyundan çoxdan keçmişik.

Ayişə dedi: Şahidiniz varmı?

Onlar da çöl ərəblərindən 50 nəfər tapıb gətirdilər, onlar da Ayişənin yanında and içdib dedilər ki, bura Hov”əb suyu deyildir. Ayişə də yolunu davam edərək Bəsrənin yaxınlığındakı Əbu Musa quyularına çatdı.

Ayişənin Hov”əb sularından keçməsi və həmin vaxt oranın itlərinin onlara hürməsi müstəfiz hədislərdəndir və Peyğəmbəri Əkrəmin haqq olmasını və İslamın əzəmətini çatdırır. Bu ümmətdən heç kəs bu barədə deyilənlərdən xəbərsiz deyildir.

ƏBUL ƏSVƏD DUƏLİNİN AYİŞƏ, TƏLHƏ VƏ ZÜBEYRLƏ SÖHBƏTİ

Ayişə öz ordusu ilə “Əbu Musa” quyularına çatdıqda Osman ibni Hüneyf (o günlərdə Bəsrənin hakimi idi) Əbul Əsvəd Duəlini onlara tərəf göndərdi ki, nə məqsədlə gəldiklərini öyrənsin. Əbul Əsvəd Ayişənin yanına gəlib soruşdu: Nə üçün qiyam etmisən?

Ayişə dedi: Osmanın qisasını almaq istəyirəm!

Əbul Əsvəd dedi: Bilirsən ki, Bəsrədə onun qatillərindən bir kəs yoxdur.

Ayişə dedi: Düz deyirsən! Osmanın qatilləri Əlinin tərəfdarlarıdırlar və Mədinədədirlər. Mən gəlmişəm ki, Bəsrə əhalisini onun əleyhinə qiyama səfərbər edəm. Biz sizin üçün Osmanın şallağından qəzəblənməliyik, lakin sizin Osmana çəkdiyiniz qılıncdan qəzəblənməyək?!

Əbul Əsvəd dedi: Sənin şallaqla, qılıncla nə işin var?! Sən Peyğəmbərin arvadısan, o sənə əmr etmişdir ki, evində qalıb Allahın kitabını oxuyasan. Müharibəni də qadınlara vacib etməmişdir. Qadınların haqqı yoxdur ki, kiminsə intiqamını almaq üçün qiyam etsinlər. Əmirəl-möminin Əli (əleyhissalam) səninlə müqayisədə Osmanın daha yaxın qohumudur. Çünki onların hər ikisi Əbdülmənaf övladlarındandır.

Ayişə dedi: Hər halda, nə qədər ki, öz məqsədimə çatmamışam, burdan qayıtmayacağam. Ey Əbul Əsvəd, belə güman edirsən ki, bir kəs mənimlə müharibəyə gələcək?

Əbul Əsvəd dedi: Allaha and olsun, səninlə çox güclü müharibə aparacağıq!

Əbul Əsvəd bunu deyib Zübeyrin yanına gəldi və dedi: Camaatın sənin barəndə fikri bu idi ki, sən onlar Əbu Bəkrlə bey”ət edəndə qılıncını siyirib dedin ki, Əlidən başqa heç kəs xilafətə layiq deyil! İndi nə oldu, o sözlər hara getdi?

Zübeyr Osmanın intiqam məsələsini irəli çəkdi. Əbul Əsvəd dedi: Bizə çatan xəbərlərə görə sən və dostun Təlhə bu qətlin məsuliyyətini daşıyırsınız.

Zübeyr dedi: Get Təlhənin yanına, gör onun bu barədə fikri nədir.

Əbul Əsvəd Təlhənin yanına gəldi, gördü ki, o, öz azğınlığında ifrata varmış və iğtişaş yaratmağa israr edir. Naçar qalıb Osman ibni Hüneyfin yanına qayıdıb dedi: Bunlar müharibəyə hazırdılar. Gərək biz də onlarla müharibəyə hazırlaşaq.

AYİŞƏ VƏ ZEYD İBNi SUHaN

Ayişə Bəsrədən Zeyd ibni Suhana belə bir məktub yazdı:

Möminlərin anası, Əbu Bəkr Siddiqin qızı və Peyğəmbərin zövcəsi Ayişədən, özünün pak fitrətli övladı Zeyd ibni Suhana. Amma bəd: Evində qal və camaatı Əliyə tərəfdar olmaqdan çəkindir. Səndən mənə gələn xəbərlər gərək sevindirici olsun. Çünki sən mənim nəzərimdə ən etimadlı adamsan. Vəssəlam!

İbni Əbil Hədidin nəql etdiyinə görə Zeyd ibni Suhan belə cavab yazdı: Zeyd ibni Suhandan Əbu Bəkrin qızı Ayişəyə. Amma bəd:

Allah sənə bir iş, bizə də başqa bir iş əmr etmişdir: Sənə əmr etmişdir ki, öz evində oturasan. Bizə əmr etmişdir ki, cihad edək. Sənin məktubun mənə çatdı. Onda mənə yazıb əmr etmisən ki, mən Allahın əmr etdiyinin əksinə hərəkət edəm: Allahın sənə əmr etdiyi işi mən görəm, mənə əmr etdiyini də sən görəsən. Buna əsasən, mənim nəzərimdə sənin əmrinə itaət olunmamalıdır: cavabım mənfidir.

CariyƏ İBNi QÜDAMƏ SƏ”Dİ VƏ AYİŞƏ

Təbəri mötəbər sənədlərlə Qasim ibni Əbi Bəkrdən rəvayət edir ki, Cariyə ibni Qüdamə Sə”di Ayişənin yanına gəlib dedi: Ya Ümmül-möminin, Allaha and olsun ki, Osmanın öldürülməsinin məsuliyyəti sənin evdən çıxıb məl”un dəvəyə minməyinin və müharibəyə hazırlaşmağının cəzasından qat-qat asandır. Allah səni pərdələmiş və möhtərəm saymışdır, sən isə bu pərdəni yırtmış və ehtiramını əldən vermisən. Hər kəs səninlə müharibəni caiz bilsə, sənin qətlini də caiz biləcəkdir. Əgər öz istəyinlə gəlmisənsə, tez evinə qayıt, yox, əgər səni zorla gətiriblərsə, camaatdan kömək al!

BƏNİ SƏ”d QƏBİLƏSİNDƏN BİR CaVAN TƏLHƏ VƏ ZÜBeYRİ MƏZƏMMƏT edir

O, bu şerləri deyirdi:

öz arvadlarınızı evdə saxlayıb ananızı hərəkət etdirmisiniz.

Sizin canınıza and olsun ki, bu son dərəcə insafsızlıqdır.

Ona əmr olunmuşdu ki, özünü yığışdırıb evində otursun.

Lakin o hərəkət etmiş, dəvəyə minmişdir ki, çölləri seyr etsin.

O, bu işləri görürdü ki, övladları onu himayə edərək

öz oxları, nizə və qılıncları ilə müharibə etsinlər.

CÜHEYNƏ QƏBİLƏSİNDƏN olan BİR CaVAN VƏ MƏHƏMMƏD İBNi TƏLHƏnin sÖzü

Cüheynə qəbiləsindən olan bir cavan Təlhənin oğlu Məhəmmədin yanına gəlib dedi: Osmanın qatilləri kimlər idi?

Məhəmməd ibni Təlhə dedi: Osmanın qanının məsuliyyəti üç yerə bölünür: üçdə biri kəcavədə oturanın (Ayişənin), üçdə biri qırmızı dəvəyə minənin (yəni atası Təlhənin), üçdə biri isə Əliyyibni Əbi Talibin öhdəsinədir.

Cüheynəli cavan güldü və Əli (əleyhissalam)-a qoşulub şerlə dedi:

Təlhənin oğlundan cəsədi Mədinənin ortasında düşüb dəfn olunmayan bir kəs barəsində soruşdum.

O dedi: Üç dəstədirlər ki, onlar Əffanın oğlunu qətlə yetirdilər, ibrət al.

Onun qanının üçdə biri Ayişənin, üçdə biri qırmızı dəvəni minənin

Üçdə biri isə Əliyyibni Əbi Talibin öhdəsinədir.

Amma biz çöl ərəbləriyik, ona görə də dedim ki,

Əvvəlki iki nəfər barəsində düz dedin.

Amma üçüncü parlaq şəxsiyyət barəsində səhvə yol verdin.

ƏHNƏF İBNi QEYS VƏ AYİŞƏ

Beyhəqi “Əl-məhasinu vəl-məsavi” kitabında Həsən Bəsridən rəvayət edir ki, Əhnəf ibni Qeys Cəməl müharibəsində Ayişəyə dedi: Ey Ümmül-möminin! De görüm, Peyğəmbər sənə bu barədə tövsiyə edibmi ki, bu qədər yolu gəlmisən?

Ayişə dedi: Yox.

Soruşdu: Quranda sənin hədəfin və yolun barəsində bir ayə mövcuddurmu?

Ayişə dedi: Bizim oxuduğumuz ayələri sən də oxuyursan. (Yəni bu barədə Quranda heç bir şey yoxdur.)

Əhnəf dedi: Peyğəmbər azlıqda və müşriklər əksəriyyətdə olanda, Peyğəmbər öz arvadlarından onlarla mübarizədə istifadə edirdimi?

Ayişə dedi: Yox.

Dedi: Onda bizim günahımız nədir?

Başqa rəvayətdə yazılır ki, Əhnəf ibni Qeys dedi: Ey Ümmül-möminin, səndən bir neçə sualım var. Bu sualların cavabını ciddi şəkildə istəyirəm, mənə irad tutmayın.

Ayişə dedi: Soruş, eşidirik.

Əhnəf dedi: Peyğəmbər sənə sifariş edibmi ki, bu yolla gəlmisən?

Ayişənin “yox” deməkdən savayı heç bir çıxış yolu qalmadı.

Əhnəf dedi: Ondan bir hədis nəql edirsənmi ki, o demiş olsun: “Ayişə, sən xətalardan amandasan.”?

Ayişə dedi: Yox.

Əhnəf dedi: Düz dedin! Allah sənin Mədinədə qalmağını istəmişdir. Lakin sən Bəsrəyə gəlməyi üstün hesab etmisən. Allah sənə əmr etmişdir ki, Peyğəmbərin evində oturasan, lakin sən Bəsrəyə gəlib Bəni-Zəbhə qəbiləsindən olan bir nəfərin evində qalırsan. Ey Ümmül-möminin, sən bizə deməzsənmi ki, müharibə üçün gəlmisən, yoxsa sülh üçün?

Ayişə narahat halda dedi: Sülh üçün gəlmişəm!

Əhnəf dedi: Əgər sənin müxaliflərinin hətta öz ayaqqabılarını və xırda daş qırıntılarını atmaqdan başqa döyüş sursatı olmazsa belə, yenə səninlə sülh etməyəcəklər. O ki, qala hamısı qılınclarını siyirmiş halda olalar!

Ayişə də yalnız bunu deyə bildi: öz övladlarımın itaətsizliklərindən Allaha şikayət edirəm!

ƏBDÜLLAH İBNi HÜKEYM TƏMİMİ VƏ TƏLHƏ

Əbdüllah ibni Hükeym də Təlhəyə belə dedi: Ey Əbu Məhəmməd, bu məktublar sənin bizə göndərdiklərin deyilmi?

Təlhə dedi: Bəli, elədir.

Əbdüllah ibni Hükeym dedi: Sən dünən bizə yazırdın ki, Osmanı işdən götürək və onu qətlə yetirək, amma özün onu öldürdün. İndi isə onun intiqamını bizdən almaq istəyirsən! Allaha and olsun, sənin bu işə etiqadın yoxdur, sənin yalnız maddi məqsədlərin var. Aram ol, aram ol!

Sonra Əli ilə tam razılıq üzündən bey”ət etdin, amma bey”əti pozdun. İndi də gəlmisən ki, özünün yaratdığın iğtişaşa bizi də qoşasan.

Təlhə dedi: Camaat Əli ilə bey”ət etdikdən sonra özü məni bey”ətə də”vət etdi![351] Mən də gördüm ki, onun də”vətini qəbul etməsəm, nəticəyə çatmayacağam. Bunun ardınca onun ardıcılları mənə hücum etdilər.

BƏSRƏ ƏHLİNDƏN (BƏNİ CƏŞM QƏBİLƏSİNDƏN) BİR AĞILLI İNSANIn NƏSİHƏTi

Ayişə öz tərəfdarları ilə Bəsrənin yaxınlığında Mərbəd adlı bir yerdə qərargah saldı, Cəşm qəbiləsindən olan bir ağıllı şəxs qalxıb özünü təqdim etdi, sonra oraya toplaşan bəsrəlilərə dedi: Bu qrup (Ayişənin qoşunu) sizə tərəf gəlmişdir. Əgər qorxu üzündən sizə üz gətirdiklərini güman etsəniz, onda bilməlisiniz ki, onlar elə bir yerdən (Məkkədən) gəlirlər ki, hətta quşlar, vəhşi heyvanlar və yırtıcılar belə, hər bir cəhətdən əmin-amanlıqdadırlar. Əgər kiminsə intiqamını almaq üçün sizin şəhərə gəldiklərini güman edisinizsə, onda bilin ki, Osmanın qatilləri biz deyilik. Ey camaat, məni eşidin və bunları gəldikləri yerə qaytarın. Əgər bu işi etməsəniz çox yaxın vaxtlarda baş verəcək dəhşətli müharibədən sağ çıxmayacaqsınız.

Amma Ayişənin müdafiəsinə qalxan Bəsrə camaatı onu daşa basdılar.

AYİŞƏNİN BƏSRƏ ƏHaLİSİNƏ XİTABI

Sonra Ayişə “Əsgər” adlı dəvəsinə minmiş halda irəli gəlib uca səslə dedi: Camaat, az danışın və sakit olun!

Hamı sakit oldu ki, onun sözlərini eşitsinlər. Ayişə dedi: Ey camaat, möminlərin əmiri–Osman bəzi işləri dəyişdirdi. Lakin sağlığında həmin işləri tövbə suyu ilə yudu, tövbə etdiyi halda məzlumcasına onu öldürdülər.

Sizin ondan giley-güzarınız onun şallaq vurması, işləri cavanlara tapşırması və öz qohum-əqrəbasını himayə etməsi idi. Nəhayət onu haram ayda dəvəni öldürən kimi öldürdülər. Qüreyş öz məqsədini oxlarla hədəfə çatdırdı və əlləri ağızlarına çatdı. Osmanı öldürməklə heç bir şeyə nail olmamış, əlləri heç nəyə çatmamışdır.

Allaha and olsun, onlar tezliklə elə bir müsibət görəcəklər ki, bu müsibət ayaq üstə olanı oturdar, oturanı təkan verib qaldırar. Allah elə bir qövmü onlara hakim edəcəkdir ki, onlara rəhm etməsin və ağır əzaba düçar etsin.



Geri   İrəli
Go to TOP