A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Gözün kürəsinin və başqa lətif əzalarının bu sandıqçada kamil qərar tutub, rahat məhfuz olunmasından ötrü sandıqçanın içi axıcı qabiliyyəti olan piyli maddə ilə dolmuşdur. Gözün hədəqəsi, pərdə vasitəsilə iki qismə bölünür. Qabaq hissə, gözün kürəsinin yeri, arxa qismətdə isə təsvirləri zehnə çatdıran görmə-əsəb sistemləri ilə doludur. Həmçinin, hiss əsəb sistemləri, göz kürəsini hərlədən, gözə qan çatdıran qan damarları da bu qismətdə yerləşir.

2. Pərdə. Gözün önündə iki zərif və möhkəm pərdə asılmışdır. Bu pərdələr, gözün lətif səhifəsini soyuq və istidən və s. şeylərdən qoruyur. Yuxu və təhlükə zamanı tamamilə bir-biri ilə birləşir. Bununla da, gözə qarşı ehtimal olunan hər hansı bir təhlükə aradan gedir. Həmçinin, nurun gözə gəlməsini də orta səviyyədə saxlayır.

Adi halda, göz pərdələri hər dəqiqədə, bir neçə dəfə bir-birinə birləşməklə, gözün yuxarı qismətində olan vəzilərdən göz yaşını vücuda gətirir. Bu suyu, göz səhifəsinə axıdaraq onu yuyub həmişə təzə və yaşlı saxlamaqla gözün fəaliyyətini asanlaşdırır. Göz yaşının gəlməsi, gözə iki cəhətdən lazımlı və faydalıdır. Birinci: Gözün səhifəsini yuyub, hava və toz-torpağın ora daxil olub göz səhifəsinin çirklənməsinin qarşısını alır.

Digəri budur ki, bu mayenin zidd-üfunət xasiyyəti olduğuna görə göz kürəsinin sağlam qalmasında böyük rolu vardır.

3. Kipriklər. Göz örtüklərinin ucunda, münəzzəm şəkildə düzülmüş toz-torpağın gözə girməsinə mane olur. Şiddətli nur müqabilində müqavimət göstərir və onun şiddətindən azaldır. Göz qapaqlarının yanında vəzilər var ki, göz qapaqlarını və kiprikləri yaxşı şəkildə saxlamaqdan ötrü maye ixrac edirlər. Bununla da, gözün suyu adi halda öz-özünə gözə tökülmür, həmçinin, göz qapaqlarının bir-birinə birləşdiyi vaxt insana əziyyət etməməsinə də tə`siri var.

4. Gözü hərəkətə gətirən əzələlər. Gözün əşyalardan asan və sür`ətlə şəkil götürməsinə görə və göz kürəsi çoxlu hərəkətləri ilə bu həyati vəzifəni yerinə yetirməkdən ötrü altı əzələ onun ətrafını tutmuşdur. Bununla da gözün müxtəlif cəhətlərə, yə`ni yuxarıya, aşağıya, sağa və sola, daxilə və xaricə hərəkətləri tə`min olunur.

5. Qaş. Gözlərin yuxarı pərdəsinin yuxarısında, münəzzəm şəkildə tüklər dəstəsi bitmiş, gözəllik əlamətindən əlavə, tərin gözün içinə düşməsinin də qarşısını alır. Həmçinin, nurun, xüsusilə yuxarı tərəfdən gözə düşən nurun şiddətini azaldıb orta səviyyədə olmasına çox böyük tə`sir edir.

GÖZ KÜRƏSİNİN TƏBƏQƏLƏRİ

Göz təbəqələri xaricdən daxilə tərəf üç dəri ilə vücuda gəlmişdir:

1. SƏLBİYYƏ

Bu, gözün bütün qismətini örtmüş möhkəm və ağ bir pərdədir. Bu pərdə çox zərif olub, qalınlığı bir millimetrdən çox olmur. Nisbətən çox möhkəmdir. Ona görə də gözün kürəsini qorumaq vəzifəsindən çox asanlıqla gəlir.

Şəkilçəkən aparatın qarşıda dairəvi xırda gözlüyü və həssas şüşəsi olub, onun daxilində qərar tutduğu kimi, gözün də möhkəm bir cildi var ki, daxilində çox zərif və həssas bir əza yerləşir. Bu pərdədən görünən miqdar, həmin gözün ağıdır. Həmçinin, qarşı tərəfdə bu ağlıq, bir qədər irəli çıxmış nazik və şəffafdır. Bununla da, bu qismət “səlbiyyə" pərdəsinin doqquzda biri qədərdir. Elmi termində ona, “qərniyyə "deyilir. “Səlbiyyə”nin arxasında, gözün kürəsinə daxil olan görmə əsəb sistemi qərar tutur. Bu zərif pərdə tibbi terminlərdə “göz qabı" adlanır. O qədər möhkəmdir ki, yalnız, bıçaqla möhkəm vurmaqla parə ola bilər. Həkimlər cərrahiyyə zamanı burda iti bıçaqdan istifadə edirlər.

2. MÜŞƏYMİYYƏ

O, nazik və zərif bir pərdə olub “səlbiyyə" örtüyünün daxilini tamamilə örtür. Çoxlu damarları var. Onun əssas vəzifəsi gözün qidalanmasını tə`min etməkdir. Uşaqlıq pərdəsinə oxşar olduğuna görə ona “müşəymiyyə" deyirlər.

Bu pərdənin ön qisməti, “ənbiyyə"adlanır. Surət və rənginə görə fərqlidir. Yə`ni, surət cəhətdən enli və uzundur. Belə bir şəkildə olması səbəb olur ki, gözün bu qisməti “zülaliyyə"adlı maye ilə dolu olsun. Rəng cəhətdən çox vaxt qara olur. Bu da gözün qarasını təşkil edir. Bə`zilərində yaşıl və göy vücuda kimi gözə dəyir. "Ənbiyyə" qismətinin ortasında təxminən, 3-6 millimetrdə olan “mərdumək" adlı deşik vardır. Bu deşiyin ağzının genişliyi nurun müqabilində az və çox olması ilə fərqlənir. Yə`ni, nur nə qədər şiddətli olsa, ağız yığılır və nə qədər zəif olsa, ağız genişlənir. Özü tənzimlənən bu əməllə, nurun gözə hansı miqdarda daxil olması müəyyənləşir. Əslində, fotoaparatın diafraqması kimidir. Fərq budur ki, bu əməl, gözdə öz-özünə tənzim olunur. Əllə tənzimləməyə ehtiyac yoxdur. Bu deşik, ona görə “mərdumək" adlanır ki, iki nəfər bir-birinin müqabilində durduqda, gözlərinin içində bir-birinin şəkillərini görürlər. İnsanda “mərdumək" girdə olub, həmişə qaradır. Çünki, onun arxasında qaranlıq mühit var. Lakin, heyvanlarda müxtəlif rənglərdədir.

3. ŞƏBƏKİYYƏ

"Şəbəkiyyə", “müşəymiyyə" pərdəsinin arasında olub, lətif və həssasdır. Pəncərəyə oxşar olduğuna görə ona bu adı veriblər. Şəbəkiyyə, əsəb pərdəsidir. Yə`ni, görmə əsəb sistemlərinin ardına birləşib və məğzə bağlıdır. Arxa qismətində, iki müşəxxəs nöqtə var. Birincisi, gözün görmə əsəb sistemlərinin daxil olduğu kor nöqtə, ikincisi, sarı rəngli “sarı ləkə"adlı yumurtavari nöqtə. Əşyaların şəkli əvvəlcə bu nöqtənin üzərində öz əksini tapıb sonradan oradan məğzə ötürülür.

GÖZÜN KÜRƏSİNİN ŞƏFFAF MÜHİTLƏRİ

Gözün kürəsinin bir neçə qisməti var ki, nur ordan keçib nəticədə, cismlərin şəklini şəbəkiyyədə olan sarı ləkənin üzərinə salır. Bu mərhələlər aşağıdakılardan ibarətdir:

1. ZÜLALİYYƏ

Qərniyyə və ənbiyyə arasındakı fəza təxminən, 3-4 millimetr həcmində olub, maye və zülalla doludur. Ona görə də bu qismətə zülaliyyə deyilir.

Bildiyimiz kimi işıq qanunlarından biri odur ki, işıq, nazik mühitdən qalın mühitə keçdikdə dəyişir. Bu dəyişikliyə “nurun sınması" deyilir. Həmin qanuna əsasən, həcmi az olan yerdə olan nur, belə bir nisbətən qalın yerə düşdükdə, yə`ni, zülalın içinə düşdükdə, “işıq sınması" alınır. Bu da şəklin şəbəkiyyəyə verilməsini hazırlayır.

2. CİLDİYYƏ

Gözün qarası adlanan bu üzv, camid və şəffaf olub, adi mikroskoplara oxşayır. 1,4 millimetr olmaqla, gözün ikinci pərdəsinin, yə`ni, ənbiyyə pərdəsinin arxasında qərar tutmuşdur. Mərkəzi qisməti ətraf tərəflərdən möhkəmdir. Üzünü şəffaf pərdə örtmüşdür. Həmçinin, ətrafında onun şəklinin dəyişməsinə səbəb olan əzələlər yerləşmişdir.

Bu üzvün, gözə düşən işığın sınması və cisimlərin şəklini sarı ləkənin üzərinə verməsində mühüm rolu vardır. Çünki, bütün şəkillər müəyyən bir nöqtəyə düşməlidir. Başqa tərəfdən bilirik ki, bütün cismlər gözün qarası ilə eyni fasilədə olmayıb əksinə, bə`ziləri yaxın, bə`ziləri isə uzaqdırlar. Bu halətdə gözün qarası, cisimlərin yaxın və uzaqlığını tənzimləyib uyğun şəkildə şəbəkiyyəyə ötürür. Uyğunlaşdırmaq adlanan bu əməl, asanlıq və qəribə sür`ətlə baş verir.

3. ZÜCACİYYƏ

Şəffaf maddə olub, gözün kürəsinin içini tam şəkildə doldurur. Gözün qarasının arxasında yerləşir. Hər tərəfdən şəffaf dəri ilə örtülmüşdür. Bu üzvün də işi, işığın sınması və cisimləri uyğun şəkildə sarı şəbəkiyyəyə verməsidir.

GÖZÜN ŞƏKİL ÇƏKƏN APARATLA OXŞARLIĞI

Fiziki cəhətdən şəkil çəkənlə göz arasında oxşarlıq vardır. Şəkil çəkəndə, təsvir ölçülər vasitəsilə lentin üzərinə cəm olunur. Gözün bə`zi əzaları da ölçü kimi əşyaların təsvirini sarı şəbəkiyyə üzərinə cəmləşdirir.

Şəkil çəkən aparatda, ölçü vasitələrini irəli və geri verməklə dəyişmək olar və bununla təsviri aydın salmaq olar. Gözdə də, pərdələrdə dəyişiklik etməklə təsviri şəbəkiyyə üzərinə aydın salmaq olur.

Aparatın diafraqması və gözün ənbiyyə hissəsi, nurun şiddətinin tənzimlənməsində müştərəkdirlər. Nəhayət, istər şəkil çəkəndə, istərsə də gözdə, əşyanın şəkli düşür. Məğz, qismən gözə düşmüş şəkli düzəldib, nəticədə, əşyanı olduğu kimi görməkdə bizə kömək edir.

GÖZÜN FİZİOLOJİ QURULUŞU

Görmək üçün əşyaların şəkli gözün şəbəkiyyə qismətinə düşür. Bu da gözün görməklik sisteminin hərəkətə gəlməsinə səbəb olur. Əsəb dalğası, görmək əsəb sistemləri vasitəsilə məğzə yetişir və orada dərk olunur. Nurun tənzim olunması, refleks vasitəsilə olur. Bu refleks, nurun şiddəti və əşyanın fasiləsinə nisbət gözün xırda mexanizmini kiçik və böyük edir. Çox işıqda göz mexanizmi xırda, az işıqda isə böyük olur.

GÖZ XƏSTƏLİKLƏRİ

Təbii halda əşyaların təsviri gözün şəbəkiyyəsinin üzərinə düşür. Bə`zən əşyanın təsviri şəbəkiyyənin üzərinə düz düşmür. Qabaq yaxud, arxa qismətə düşür. Əgər əşyanın təsviri şəbəkiyyənin əvvəlinə düşərsə, göz yaxın görən və əgər onun arxasına düşərsə göz uzaq görən olur.

Bə`zi göz xəstəliklərindən: Mirvarid suyu, ratarakt, kədurət qərniyyə, göz vərəmi və s. adlarını qeyd etmək olar.

GÖZÜN YAXIN GÖRƏNLİYİ

Göz, o vaxt yaxın görən olur ki, qərniyyə və göz qarası ilə fasilə, adi haldan çox və ya göz qarası ilə göz şəbəkiyyəsindəki fasilə, təbii haldan çox olmuş olsun. Yaxud, göz qarasının qüdrəti həddən çox olmuş olsun. Bu cür hallarda, əşyanın təsviri göz şəbəkiyyəsindən qabaqda görünür.

UZAQ GÖRƏNLİK

Uzaq görənlik, o halətdir ki, yaxın görməkliyin əksinə olsun. Yə`ni, qərniyyə təbəqəsinin fasiləsi, gözün qarası ilə az olsun. Yaxud, gözün qarasında zəiflik olsun. Bu zaman əşyaların təsviri şəbəkiyyə sisteminin arxasında qərar tutur. Yaşlı halda çox vaxt göz, uzaq görən olur. Ona görə də bu eybi, "göz qocalığı" adlandırırlar. Göz qocalığında göz getdikcə öz qüvvəsini əldən verir və şəbəkiyyə üzərində təsvirləri cəmləşdirməyə qüdrəti olmur. Təxminən, bir metrə yaxın məsafədən əşyanın şəkli göz şəbəkiyyəsinə uyğun şəkildə düşmür. Beləliklə, göz qocalığında əşyanı bir metrdən az məsafədə görmək olur. Ondan uzağı görməkdən ötrü, münasib vasitədən kömək almaq lazımdır.[255]

Gözün fiziki quruluşu ilə tanış olduqdan sonra indi də onun şər`i dəyərinə diqqət edək.

GÖZÜN ŞƏR`İ CƏHƏTDƏN DƏYƏRİ

İmam Xomeyni özünün "Təhrirul-vəsilə" kitabında yazır:

“İki gözün qanbahası, insanın tam qanbahası qədərdir. Onların hər birisi, tam qanbahasının yarısıdır. Bu məsələdə fərq etmir ki, gözü torlu görən olsa və ya gözü çəp olub, iki-iki görən olsa, balaca göz olsa, gecə yaxşı görüb gündüz kor olsa, gecə kor olsa, gözü xəstə olsa, bütün bunlar qanbahasında sağlam göz hökmündədir.

Əgər qaranlıqda, onun gözündə ağlıq olsa və bu ağlıq görmə qabiliyyətinə zərər yetirməsə, tam qan bahası var. Əgər bu hal görməkliyə tə`sir etsə, o qədər də qan bahasından əskilir. Bu o haldadır ki, müəyyən olunmaq qabiliyyəti olsun. Əgər müəyyən oluna bilməsə, onda "ərş"var. Yə`ni, sağlam və eybli gözlə fərqi hesablanmalıdır.”[256]

“Məbani təkmilətil-minhac"kitabında, qan bahası barəsində yazır:

“İki gözün qan bahası, insanın qan bahasıdır."Bu cümlənin izahında yazır: Əshab arasında bu məsələdə ixtilaf yoxdur. Bəlkə də, Şeyx Tusi və İbni Zöhrə, şiə alimlərindən qeyriləri arasında da ixtilaf olmadığını iddia etmişdirlər. “Məmalik" kitabında bu məsələdə “icma"iddiası olunmuşdur. O cümlədən rəvayətlərdən sənəd kimi Əbdullah İbni Sənan, İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:

“İnsanın bədənində hər nə cütdürsə, hər biri üçün insanın qanbahasının yarısı qədərdir.”

Sonra cümləni, göz haqqında bu cümlə ilə davam etdirir:

“Onların hər birisində, insanın yarım qanbahası qədərdir. Bunda, sağlam və qeyri-sağlam gözün arasında fərq yoxdur.”

Ayətullahil-uzma Gülpayiqani, bir qızın gözünün kor olması sualına cavabında buyurur:

“Qadının bir gözünün qanbahası, kamil bir qadının qan bahasının yarısı qədərdir.”[257]

Bəli! İnsanın iki gözünün dəyəri, bütün bədəninin dəyəri qədərdir.

6. AYAĞIN HAQQI

وَأَمَّا حَقُّ رِجْلَيْكَ فَأَنْ لا تَمْشِي بهِمَا إلَى مَا لا يَحِلُّ لَكَ وَلا تَجْعَلْهُمَا مَطِيَّتَكَ فِي الطَّرِيقِ الْمُسْتَخِفَّةِ بأَهْلِهَا فِيهَا فَإنَّهَا حَامِلَتُكَ وَسَالِكَةٌ بكَ مَسْلَكَ الدِّينِ وَالسَّبْقُ لَكَ، وَلا قُوَّةَ إلا بالله.

“İki ayağının haqqı odur ki, onlarla, sənə rəva olmayan yerlərə qədəm götürmə. Onlarla, yol gedənin abır-həyasını aradan aparacağı yerə getmə. Çünki, onlar səni həml edirlər və səni dinə tərəf aparırlar. Sənin qarşıya getməyinə səbəb olurlar. Allahdan başqa heç bir güc-qüvvə yoxdur!”[258]

Qur`ani-Kərimdə, "ricl" (ayaq) kəlməsi çox işlənib. Buyurur: “Ayağınla qədəm at və yol yeri.”[259]

"Ricl" sözünün cəm şəkli, "ərcul" vəznində olur. "Ə`raf" surəsinin 195-ci ayəsində buyurur: "Məgər onların yeriyən ayaqları var?"

Həmçinin, Qur`anda, yol yeriyərkən iki ayaq arasındakı fasilə mə`nasını bildirən "xutvə" və qədəm mə`nasında olan “xətvə" kəlməsindən istifadə edib. Birinci kəlmənin cəm şəkli, “xutuvat”, ikinci kəlmənin cəm şəkli isə "xətəvat" kimi işlənilir.[260] Qur`an buyurur:

“Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, Şeytan sizinlə açıq-açığına düşməndir.”[261]

Şeytanın izinə düşmək, ona tabe olmaq deməkdir. Yə`ni, Şeytanın vəsvəsə və dəğdəğələrnə tabe olmaq. Həqiqətdə, yol getməkdə tabeçilik odur ki, tabe olan, ayağını tabe olunanın ayaq izinin yerinə qoysun və onun kimi yol getsin. Bu kəlmə (xutuvat), cəm şəklində Qur`anda beş yerdə gəlmişdir: Bəqərə surəsi, 168-208-ci ayələr; Nur surəsi, 21-ci ayə; Ən`am surəsi, 142-ci ayə. Bütün bunlarda məqsəd, insanın öz həyatında, Şeytanın həva-həvəslərinə tabe olmayıb, Peyğəmbərlər vasitəsi ilə nişan verilmiş doğru, düzgün və məntiqi yolla getmələrinə təşviqdir.[262]

ALLAHIN XALİS BƏNDƏLƏRİ NECƏ YOL GEDİRLƏR?

Allah-taala "Furqan" surəsində, xüsusi bəndələrdən (ibadur-rəhman) on iki xüsusiyyət zikr edir və onlardan birincisi belə bəndələrin yol getməsidir. Buyurur:

“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzərlər.”[263]

MƏSDƏRİN İŞ GÖRƏN MƏ`NASINDA İŞLƏNMƏSİ BURADA TƏ`KİD ÜÇÜNDÜR

Yə`ni, sanki onlar eyni təmkin və təvazökardırlar.[264] Bəli! Allahın xalis bəndələrinin ilk xüsusiyyəti, təkəbbür, qurur və özbaşınalığı inkar edib, insanın bütün əməllərində hətta, yol yeriməyində də təvazökarlıq izhar etməsidir. Çünki, əxlaqi xüsusiyyətlər həmişə özünü insanın əməlləri, sözləri və hərəkətləri arasında nişan verir.

ALLAHIN BU MÖVZUDA PEYĞƏMBƏRƏ MÜHÜM GÖSTƏRİŞİ

Allah-taalanın, Peyğəmbərə göndərdiyi mühüm göstərişlərdən biri budur ki: “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki, sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən.”[265]

Bu ayə işarə edir ki, məğrur təkəbbürçülər yol yeriyərkən ayaqlarını yerə möhkəm vururlar. Bununla da, əhalini öz yol yeriməkliklərindən agah edirlər. Başlarını yuxarı tuturlar ki, öz üstünlüklərini başqalarına göstərsinlər. Qur`an belə şəxsə buyurur: Sən ki, ayağını yerə vurursan, yeri yara bilərsənmi? Sən bu böyük yer üzündə zərrəyə bənzəyirsən. Başını niyə yuxarı tutursan, məgər başın dağlara çatarmı? Öz boyunu ən azı bir neçə santimetr ucalda bilərsənmi?

Bə`zi şəxslərin belə hala düşmələrinin səbəbi odur ki, özlərini unudub, təkəbbürlük bəlasına mübtəla olublar. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan maraqlı bir hədisdə oxuyuruq:

"Günlərin birində küçədən keçirmiş. Bir nəfər dəli özünün gülünc əməlləri ilə əhalinin diqqətini özünə cəlb etmişdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əhalini özlərini anmağa də`vət edib buyurdu: Əsl dəlinin kim olduğunu sizə tanıtdırımmı? Hamı sakit olub bütün vücudları ilə qulaq asırdılar. Buyurur: O kəs ki, həmişə o tərəf bu tərəfinə baxa-baxa, təkəbbür və qürurla yol gedər. Çiyni ilə ətraflarını hərəkətə gətirər. (Özündən başqasını görməz və fikri özündən yuxarı olmaz) O kəs ki, əhalinin ondan xeyir iş baş verməsinə ümidi yoxdur və şərrindən də amanda deyillər. Əsl dəli, odur. Amma bu gördüyünüz, təkcə bir xəstədir.”[266]

Yol yeriyərkən təvazökarlıq bu demək deyil ki, yorğun, yavaş-yavaş qədəm atasan. Əksinə, təvazökarlıqla yanaşı, addımlarını möhkəm, ciddi və qətiyyətlə atmalısan!

İSLAM PEYĞƏMBƏRİ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-NİN YOL YERİMƏSİ

"Məkarimul-Əxlaq" kitabında, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yol getməsi"barəsində xüsusi ünvanda bəhs olunub. Orada rəvayətlərdən birində oxuyuruq:

“Əli ibni Əbi Talib (əleyhissalam)-dan nəql olunur, buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) yol gedərkən, tələsik olmayan halda sür`ətlə qədəm götürərdi. Sanki, üzü aşağı yol gedirdi. Ondan əvvəl və ondan sonra belə yol yeriyən görmədim.”[267]

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in səhabələrindən biri nəql edir: “Mən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən sür`ətlə yol gedən görmədim. Sanki, yer ayağının altında cəm olmuşdu. Biz zəhmətlə özümüzü ona yetirirdik. O isə əhəmiyyət vermirdi.”[268]

İbni Əbbas nəql edir: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) yol gedərkən, yol getməsi nə halsız və tənbəllər kimi nə də aciz və natəvanlar kimi idi.[269]

LOĞMANIN YOL GETMƏK BARƏSİNDƏKİ VƏSİYYƏTİ

"Loğman" surəsində, Loğmanın oğluna etdiyi sifarişlər içində gələn cümlələrdən biri budur:

Yer üzündə qürurla yol getmə. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz.”[270]

Sonrakı ayədə yol yeriməyin qaydasını bəyan edir: “Yerişində müvazinəti gözlə (nə çox yeyin, nə də çox asta get).”[271]

Hədislərdən birində, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur, buyurur:

“Hər kim yer üzündə qürur və təkəbbürlə yol gedərsə, yer, yerin altındakılar və yerin üzərində olanların hamısı ona lə`nət deyərlər.”

Şeyx Səduqun "Əmali" kitabında, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in "nəhy etdikləri" bölməsində nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) məğrurcasına və təkəbbürcəsinə yol getməyi nəhy edib, buyurur: Hər kim libas geyinib onunla təkəbbürlənsə, Allah-taala onu Cəhənnəmin kənarındakı yerin təkinə atar və Qarunun yoldaşı olar. Çünki, (insanlar arasında) ilk qürur və təkəbbürün əsasını qoyan o olmuşdur. Allah, onu evi ilə birlikdə yerə batırıb həlak edər.[272]

Həmçinin, İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə oxuyuruq:

“Allah, imanı insanın əzalarına vacib edib, onların arasında bölmüşdür. O cümlədən, insanın ayaqlarına günaha tərəf getməməyi və Allahın razılığı yolunda qədəm götürməyi vacib etmişdir.”[273]

QİYAMƏTDƏ ŞAHİDLƏR

Allah-taala Qur`ani-Kərimdə buyurur:

“Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində, onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.”[274]

"Nur" surəsinin 24-cü ayəsində oxuyuruq:

“Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər.”

Əzaların necə danışması barəsində müfəssirlər arasında müxtəlif nəzəriyyələr var:

1. Allah-taala, o gün hər bir əzada şüur, dərk və söz danışmaq qüdrəti yaradacaq. Onların hamısı doğru danışacaq. Heç bir təəccüb yeri də yoxdur! Bu qüdrəti, dil adlı bir tikə ətdə yaradan, başqa əzalarda da yarada bilər.

2. Onların şüur və dərki olmayacaq. Lakin, Allah onları danışmağa məcbur edəcək. Əslində, əzalar danışığın zühur etdiyi yer olacaq. Allahın əmri ilə həqiqətləri aşkar edəcələr.

3. Hər bir insanın əzaları, ömrü boyu etdiyi əməllərin tə`sirini özündə saxlayacaqdır. Çünki, bu kainatda heç bir əməl məhv olub birdəfəlik aradan getmir. Bu tə`sirlərin zühuru, onların şəhadəti mə`nasındadır. Bu ifadə, gündəlik danışıq və ədəbiyyatçıların sözündə də çox işlənilir. Məsələn deyirlər: “Gözün sənin yuxusuzluğuna şəhadət verir.”