A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


İnsanın malik oduğu hər bir şey maldır. "Qamus" və "Əqrəbul-Məvarid" adlı lüğət kitablarında yazır: Mal, malik olunan hər bir şeyə deyilir. Həmçinin, köçərilərin yanında heyvanlara da “mal"deyilir.

"Rağib" lüğət ustası yazır: Mala o cəhətdən mal deyirlər ki, həmişə meyl edən və aradan gedəndir. (Bu dəstədən o dəstəyə meyl edir) Bu barədə məsəl var deyərlər: Mal, zinakar qadın kimi bir şeydir bir gün əttarın, bir gün də qəzet satanın evindədir. Qur`an buyurur: "Mal və övlad dünyanın zinətidir.”[718]

MÜLKİYYƏTİN NÖVLƏRİ

Mülkiyyət iki növdür: Həqiqi mülkiyyət və e`tibari mülkiyyət. Həqiqi mülkiyyət, bir mövcudun başqa bir möcuda yaranışda malik olmasıdır. Məsələn, səbəb və mə`lul. Nümunə üçün nəfsin, zehni surətlərə hakim olmasını qeyd etmək olar. Nəfs, hər vaxt bir gülü təsəvvür etmək istəsə, o anda gül şəkili zehnə gəlir. Əgər diqqətini azaltsa, gül zehindən gedər. Allah-taala, bütün mövcudatların həqiqi malikidir. Qur`an buyurur:

"Göylərdə və yerdə nə varsa, Hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə ) ehtiva etmişdir."[719]

Həqiqi malikiyyət, malikdən başqasına intiqal olunmağa qabil deyildir. Çünki, təkvini əhatə, nəql və intiqal oluna bilməz. E`tibari mülkiyyət isə bir mövcudun başqa bir mövcuda elə malikliyidir ki, o şeydən istifadə etsin və onda başqalarının istifadəsinin qarşısını ala bilsin. Məsələn, insanın öz mal-dövlətinə olan malikiyyəti. Belə malikiyyət insanların bir-biriləri ilə əlaqələrindən yaranır. Ona görə e`tibari deyilir ki, maliklə mülk arasında həqiqi və təkvini bağlılıq yoxdur. Həmin səbəbdən e`tibari malikiyyət, nəql və intiqal oluna bilər.

İNSAN, YARANIŞIN ƏSASI

İslami nöqteyi-nəzərdən, insan, yaranışın əsl məhvəri olub bütün mövcudatlar onun xidmətindədirlər. Qur`an, İlahi ne`mətləri sayır və onları insan üçün yarandığına işarə edir, buyurur:

"Yer üzündə nə varsa , hamısını sizin üçün yaradan Odur! (Allahdır)"[720] Yenə də başqa yerdə buyurur:

"(Ey insanlar!) Məgər Allahın yerdə və göydə olanları sizə ram etdiyini, aşkar və gizli ne`mətlərini sizə bolluca ehsan etdiyini görmürsünüzmü? "[721] Yenə buyurur:

"Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən (torpaqdan) yaradıb orada sakin etdi."[722] Yenə də başqa yerdə buyurur:

"Onlara (əlinizin altında olanlara) Allahın sizə verdiyi maldan verin!"[723]

Ayənin ləhnindən mə`lum olur ki, mal, əslində Allaha məxsusdur. Bəs onun bağışlanması sizin üçün çətin olmamalıdır. Zikr olunan ayələrdən mə`lum olur ki, insan, yaranışda əsldir. Allah hər şeyi hətta, mal-dövləti də ondan ötrü yaratmışdır. İslam dininin nizamnaməsindən biri də iqtisadi sistemdir. Bu sistem ümumi olub, bəşərin maddi ehtiyaclarını, yemək, geyim, məskən, müdafiə sisitemi, mədəni yayım, sağlamlıq, bə`zi ruhi ehtiyacların ödənilməsi və insanın gözəllik tələblərini tə`min etməkdən ötrü qərara alınmışdır.

DÜNYA, İSLAM NƏZƏRİNDƏ!

Dünya həyatının həqiqəti barəsindəki ayə və rəvayətlər üç qismə bölünür:

1.Onlardan bə`ziləri dünyanı məzəmmət edir. Dünya bərəsində "oyun və boş şey" ifadələri Qur`anın Məhəmməd surəsinin 36-cı ayəsi, Ən`am surəsi 64-cü ayə, Ənkəbut surəsi 20-ci ayələrdə işlənilmişdir. Həmçinin, dünya barəsində, "az azuqə, qürür yeri, mal-dövlət yığmaq yeri və fəxrlənmə yeri" kimi ifadələrə də rast gəlirik.

2. Başqa ayə və rəvayətlərdə dünya həyatı barəsində elə fikirlər söylənilir ki, dünyanın sevimli və bəyənilmiş oldğunun əlamətləridir. Məsələn, dünya barəsində gələn ifadələrdən, "Allahın fəzli", Tövbə surəsi-28, Nəhl surəsi-16, Nisa surəsi-37, Nur surəsi-24-cü ayələrdə işlənmişdir. O cümlədən, dünya barəsində "Xeyir" ifadəsi, Qur`anın Bəqərə surəsinin 180, 251, 272-ci ayələri, Adiyat surəsinin 6-cı ayəsi və Məaric surəsinin 70-ci ayəsində gəlib. "Rəhmət" ifadəsi, Hud surəsinin 9-cu ayəsi, İsra surəsinin 100-cü ayəsi, Kəhf suəsinin 82-ci ayəsində qeyd olunub. Dünya barəsində "Həsənə”(ehsan) sözü, Ə`raf surəsinin 130-cu ayəsi və Tövbə surəsinin 50-ci ayəsində gəlmişdir. Bunların müqabilində, bə`zi ayə və rəvayətlərdə xüsusi şəraitdə maddi məhrumiyyətdə qalmaq məzəmmət olunmuşdur.

3. Ayə və rəvayətlərin üçüncü dəstəsi, yuxarıdakı iki dəstə ayə və rəvayətlərin izahına varır. Belə ki, ibtidadən iki dəstə ayə və rəvayətlərdə nəzərə gələn ziddiyyəti aradan aparır. Belə ayələr, dünayanı, əgər axirət üçün müqəddəmə qarar verilərsə, məhbub olduğu bəyan olunur. Belə olan halda, dünya bəyənilib ona bir növ əsalət verilir. Nümunə üçün aşağadakı ayədə buyurur:

"Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyən, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların, məhz onların qazandıqları günaha görə düşəcəkləri yer Cəhənnəmdir."[724]

DÜNYA, RƏVAYƏTLƏRDƏ

Həzrət Əli ( əleyhissalam) buyurur: "Dünya, Allaha yaxın olanların ticarət yeridir. [725]"

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: "Dünya, axirət tarlasıdır." Və ya "Dünya, axirətə yaxşı köməkdir." Həmçinin, başqa yerdə buyurur:

"Saleh (halal) mal, saleh şəxslərə necədə yaxşıdır!“[726]

Bu rəvayətlərdən mə`lum olur ki, dünya axirətə müqəddəmə üçün yaxşıdır. Rəvayətlərdə, "ticarət yeri, tarla və kömək" ifadələrindən mə`lum olur ki, dünya olmasa, insanın axirəti də yoxdur. Lakin, bə`zən insan dünyanın axirətə müqəddəmə olduğunu unudub, ona əsalət verir və hesab edir ki, dünya əsas hədəfdir. Belə olduqda, isə yalnız, öz rifahı üçün çalışıb, Allahdan qafil olur. Qur`an bu barədə buyurur:

"Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməklə) yer üzündə həddi aşardılar.[727]

Yaxud, başqa yerdə buyurur: “İnsana bir ne`mət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə mə`yus olar."[728] Başqa surədə buyurur:

"Xeyr! Kafir insan azğınlıq edər. Özünün dövlətli olduğunu (bir şeyə ehtiyacı olmadığını) gördüyü üçün! “[729]

İlahi rəhbərlər, mal-dövləti kifayət edənə kimi təşviq edirlər. Rəvayətlərdən birində İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

"İlahi! Məhəmmədə, Əhli–beytinə və onları sevənlərə kifəyət qədər ruzi ver! [730] Nəhcül-bəlağədə oxuyuruq:

"Dünyada, kifayətindən artıq tələb etmə və əlinə yetişənə də şükr et![731]

Ayə və rəvayətlərdən, dünyada mal-dövlətin insanın iqtisadi həyatında doğru və düzgün idiologiya ilə mühüm olduğu aydın olur. İndi də, İslam dini mal kəsb edib xərc etməkdə bizlərə hansı göstərişlər verməsinə nəzər salaq. İmam Səccad (əleyhissalam) bu məsələnin mühüm olduğundan ona hüquq nisbət verir.

MAL-DÖVLƏT QAZANIB YIĞMAQ

Az-çox da olsa, bəşərin hamısının dünya malına məhəbbəti vardır. Lakin, belə bir bəhs qarşıya çıxır ki, görəsən insanın dünya malına məhəbbəti fitri və təbiidir yoxsa, sonradan və arizidir? Bə`ziləri iddia edirlər ki, bu meyl insanda təbii olub, yaşayış fitrətində mövcuddur. Bəlkədə, heyvanlarda da təbii istəklərinə görə malik olmaq meylləri vardır.

Alimlərin nəzəriyyəsinə əsasən, insanda mal-dövlətə əlaqə və meyl, heç də müstəqil və təbii bir meyl deyildir. Bəlkədə, insanın sonradan həyatdakı ehtiyaclarını ödəməkdən ötrü, yemək, libas, və məskən övladı saxlamaq, cinsi meylləri doydurmaq və sair kimi şeylərə ehtiyac vaxtında meylli olur.

Heyvanlar, öz hədəflərinə görə ehtiyacları olduqları əşyalara malik olmağa çalışırlar. Onlarda malik olmağın ən aşikar surəti yemək, yuva, və vətəndir. Heyvanlarda malik olma meyli, çox vaxt aclığın tə`siri, cinsi meyl və balasından müğayət olmağına görədir.

"Vilyam Ceyms", yaşayış mühitində malikiyyəti şəxsiyyətin çoxalması və ya psixoloji ruhiyyənin artımı kimi qiymətləndirir. Yazır: “Mən”, insanda təkcə ruh qüvvəsi deyildir. Bəlkədə, insanın libası, evi, miniyi, mülki və bankdakı hesablarının hamısına aid olur. Bütün bunların hamısı insanda, mehr qüvvəsinin yaranmasında rol oynayırlar.[732]"

Doğrudur ki, mal-dövlətin məhbubiyyəti fitri deyildir, lakin, insanın həyatında fitri meyilləri doydurmaq, qüdrət və qüvvə ələ gətirməsində rolu olduğuna görə insanın çox istəklərinin təhəqqüq tapması və şəxsiyyətinin formalaşmasında çox tə`sirlidir. Bütün bunlar, yavaş-yavaş mal-dövləti, insanların nəzərində əsas və sevimli bir amilə çevirir. Qur`an bu barədə buyurur: "İnsanın batini meyli və əlaqəsi mal-dövlətə qarşı çox şiddətlidir."[733]

İmam Sadiq( əleyhissalam) buyurur: "Halal yolla mal yığıb, abır-həyasını qoruyub, borcunu ödəyib, qohum-əqrabası ilə əlaqə yaratmaq istəməyən kəsdə xeyir olmaz!"[734]

MAL-DÖVLƏT QAZANMAĞIN HƏDƏFİ

"Günlərin birində, İslam Peyğəmbəri ( səlləlləahu əleyhi və alehi və səlləm) öz əshabı ilə birlikdə oturmuşdu. Sübh tezdən əziyyətlə çalışan güclü bir cavanı görür. Həzrətin ətrafındakılar onun işləməsindən təəssüflənib deyirlər: Ey kaş! Bu güclü və qüvətli cavan öz gücünü Allah yolunda işlədəydi! İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurdu: Bu sözü deməyin! Əgər o cavan, öz zəhmətilə, özünü dilənçilik zillətindən qurtarıb insanlara əl açmamaqdan ötrü çalışırsa, bu əməllə Allah yoluna tərəf gedir. Əgər öz zəhmətilə zəif valideynləri və gücsüz uşaqlarının həyatını idarə edib, ehtiyaclarını yerinə yetirməkdən ötrü çalışırsa, yenə də Allah yolunda çalışır. Lakin, əgər çalışırsa ki, dünya malı cəm edib əhaliyə qarşı fəxirlənsin və malı ilə öyünsün, bu zaman fikri napak və çirkin olub Şeytan yolunda çalışır.[735] "

Bu hədisdən başa düşürük ki, insanın yaşayşını idarə edib əhaliyə əl açmamasından, öz abır-həyasını satmamaqdan ötrü çalışıb mal-dövlət qazanırsa, Allaha ibadət edən bəndə hökmündədir. Belə sərvət nəinki məzəmmət olunmur, bəlkə də, həyatda hər bir insanın mühüm vəzifəsidir. Mə`sum İmamlarımızın (əleyhimussalam) rəftar və əməlləri bu məsələnin sənədidir. İmam Sadiq (əleyhissalam) buyurur:

"Məhəmməd ibni Münkədər nəql edir: Güman etmirdim ki, Əli ibni Hüseyn (İmam Səccad (əleyhissalam) özündən sonra layqli birisini öz canişini tə`yin etsin. Günlərin birində, oğlu Məhəmməd ibni Əlini ( İmam Baqir (əleyhissalam))-ı gördüm. Qərara aldım ki, ona öyüd-nəsihət edəm. Lakin, o mənə öyüd-nəsihət verdi. Əshab ondan soruşdu: O, sənə nə öyüd-nəsihət verdi? Dedi: Günlərin birində evdən çıxıb Mədinənin ətrafını gəzmək istədim. Hava çox isti idi. Məhəmməd ibni Əlini ( İmam Baqir (əleyhissalam))-ı gördüm ki, havanın o qızmarında iki xidmətçi ilə birlikdə möhkəm işləyirdilər.

Öz-özümə dedim: Sübhanəllah! Qureyşin qocalarından bu qızmar istidə, bu yaşında dünya malı ardıncadır! Ona öyüd-nəsihət verməliyəm. Yaxına gedib salam verdim. Salamımın cavabını verdi. Tər dənələri mübarək alnından sel kimi axırdı. Dedim: Allah sizi islah etsin! Qureyşin böyüklərindən, bu saatda dünya ardıncadır! Əgər ölüm mələyi bu anda gəlsə və siz bu halda olsanız, nə edəcəksiniz?!

Buyurdu: Əgər ölüm mələyi bu anda gəlsə və mən də bu halda olsam, Allah-taalaya ibadətdə olmuş olaram. İşim və əməyimlə özümü və övladlarımı dolandırıram və onları dolandırmaqdan ötrü sənə əl açmıram. Həqiqətən, mənim qorxum ondandır ki, ölüm mələyi gələn halda, Allaha qarşı günah etmək halında olam! Ərz etdim: Doğru deyirsiniz. Allah sizi Öz mərhəmətində qərar versin! Mən istəyirdm ki, sizə öyüd-nəsihət verəm, amma siz mənə nəsihət verdiniz! “[736]

Bəli! İlahi rəhbərlər yaşayışlarını dolandırmaqdan və ehtiyac əllərini bə`zi pis fitrətlərə açmamaqdan ötrü həmişə, işdə çalışıblar. Öz tərəfdarlarını həmişə tövsiyə ediblər ki. ehtiyac əllrini əhaliyə tərəf uzatmayıb, öz əllərinin zəhmətilə dolansınlar. İslam nöqteyi-nəzərində hər kim öz arvad-uşaqlarını dolandırmaqdan ötrü halal zəhmətlə çalışırsa, döyüş cəbhəsində düşmənlə cihad edənlər kimidir! İmam Sadiq (əleyhissalam) yenə buyurur:

"Hər kim öz arvad-uşaqlarını dolandırmaqdan ötrü halal zəhmətlə çalışırsa, Allah yolunda düşmənlə cihad edənlər kimidir!”[737]

Əksinə, hər kim öz arvad-uşaqlarını buraxıb, onların rifahından ötrü çalışmasa, Allahın rəhmətindən məhrumdurlar.

İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur buyurur: “Allahın rəhmətindən məhrumdurlar! Allahın rəhmətindən məhrumdurlar. O kəslər ki, haqqı boyunlarında vacib olanların haqqını zay etsələr!"[738]

HALAL YOLLA PUL QAZANMAQ

İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir ki, "Həccətul-vidada" buyurdu:

Bilin! Cəbrail mənə xəbər vermişdir ki, heç kimin ruzisi tamam və kamal verilməyincə dünyadan getməz! Bəs, Allahdan qorxub günah etməyin və ruzi üçün çalışmaqda müxtəsər yol tutut. Əgər ruziniz bir az gecikərsə, bu sizi vadar etməsin ki, haram yola əl atıb, günahla öz ruzinizi qazanasınız. Çünki, Allah-taala bəndələri arasında haramı yox, halal ruzini bölmüşdür. Bəs, hər kim səbr etsə, Allah-taala onun ruzisini halal yolla yetirər. Ancaq, ismət pərdəsini yırtıb, tələsik haram yolla ruzi qazanmaq istəsə, ruzisi azalar və qiyamət günü onunla haram ruzinin hesabı aparılar!"[739]

Bu hədisdə, səbr etmək mühüm sayılır. Əgər insanın ruzisi gec çatıb meyli üzrə olmasa, tələsib haram yola düşməli deyil. Çünki, Qiyamətdə Allah dərgahında bu işin hesabını verəcəkdir!

ZƏHMƏTLƏ VƏ ZƏHMƏTSİZ RUZİ

İmam Sadiq (əleyhissalam) buyurur: "Ruzi, iki qismə bölünür: Bir qismi, tələb etməsədə sahibinə çatar. İkinci qismət isə tələb etmək və ardınca getməyə bağlıdır. İnsanın qismətinə düşən ruzi tələb etməsədə, ona yetişəcək. Ancaq, insanın tələb etdiyi ruzini yaxşı olar ki, halal yolla özü qazansın. Əgər həmin ruzini haram yolla qazanıb götürsə, ruzisi sayılır ancaq, qiyamətdə onunla haram yolla qazandığına görə hesab çəkiləcək!”[740]

Nəql olunan rəvayət, İmam Səccad (əleyhissalam)-ın ruzini haram yolla yox, halal yolla qazanılması barəsində buyurduqlarının təkmilidir. Həzrət buyurmuşdu: İmkan var ki, sənin haram yolla qazandığın ruzi, varislərin əlinə keçsin və onlar o maldan xeyirxahlıqla bəhrələnsinlər ancaq, qiyamətdə acı nəticəsi sənə çatacaq.

Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: "Qiyamət günü ən böyük həsrət budur ki, birisi qeyri-şər`i yolla mal-dövlət yığsın və bu mal başqasına irs çatmaqla, başqası onu Allah yolunda xərcləsin. O kişi Behiştə gedər. Ancaq malı qazanan Cəhənnəmə düşər!"[741]

Bəli! Bu ən böyük xəsarətdir ki, sənin haram yolla qazandığın mal, dünyada başqasının əlinə düşsün və o da bunu halal yolda sərf etsin. İkinci şəxs, həm dünyada, həm də Axirətdə bəhrə aparır. Bədbəxt o şəxsdir ki, həm dünyada əziyyətlə haram qazanır, həm də axirətdə onun əzabına düçar olur!

36. TƏLƏBKARIN HAQQI

وَأمّا حَقُّ الغَرِيمِ الطَّالِب لَكَ فَإنْ كُنْتَ مُوسِرًا أَوفَيتَهُ وَكَفَيتَهُ وَأَغْنَيتَهُ وَلَمْ ترْدُدْهُ وتَمْطُلْهُ فَإنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ - قَالَ – «مَطَلُ الغَنِيَّ ظُلْمٌ». وَإنْ كُنْتَ مُعْسِرًا أَرْضَيتَهُ بحُسْنِ القَوْلِ وَطَلَبتَ إلَيهِ طَلَباً جَمِيلاً وَرَدَدتَهُ عَنْ نفْسِكَ ردًّا لَطِيفًا، وَلَمْ تَجْمَعَ عَلَيْهِ ذهَابَ مَالِهِ وَسُوءَ مُعَامَلَتِهِ فَإنَّ ذلِكَ لؤمٌ. ولا قُوَّةَ إلاّ باللهِ.

"Tələbkarın sənin boynun da haqqı budur ki, əgər imkanın varsa, onun haqqını ver, işini youna qoy, ehtiyacını ödə və onu gecikdirib məətəl qoyma. Çünki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: "İmkanı olub borcunu verməmək zülmdür." Əgər yoxundursa, onu yaxşı dillə xoşhal et, aramlıqla ondan möhlət istə və onu xoşluqla özündən qaytar (səndən inciyib getməsin). Malını ondan alıb onunla pis rəftar etmə. Çünki, bu iş alçaqlıqdır! Allahdan başqa heç bir güc-qüvvət yoxdur! "

İmam Səccad (əleyhissalam) kitabın bu qismətində tələbkarın haqqında xülasə olaraq belə buyurur:

1.Borclu öz borcunu ödəməyə imkanı varsa, tə`xirə salmadan borcunu ödəməlidir. Tələbkarla elə rəftar eləsin ki, onu özündən incitməsin. Əgər elə etməsə, özünün alçaqlığını nişan vermişdir. Çünki, həm qarşı tərəfin malını almış, həm də onunla dava-dalaş edir. Belə şəxs məzəmmətə layiqdir.

İnsanın həyatının xüsusiyyətlərindən biri budur ki, enişli-yoxuşludur. İnsan bə`zən dövlətli, bə`zən fəqir və möhtac olur. Hər iki halda çalışmalıdır ki, möhkəm iradə ilə özünü saxlasın. Nə dövlətli vaxtı tüğyan etsin və nə də möhtac olan vaxtı şəxsiyyətini sındırsın. Müqəddəs İslam məktəbinin ən mühüm məsələlərindən biri də borc vermək, başqalarına kömək və borcunu qaytara bilməyənlərə möhlət verməkdir. Bu barədə Qur`ani-Kərimdə çoxlu ayə zikr olunub və bu məsələnin əhəmiyyətini açıqlayır. İndi də bu ayələrdən bə`zilərinə işarə edək.

QUR`ANDA BORC VERMƏYƏ BAXIŞ

Təğabun surəsində, mal-dövlətdən söhbət açıb onu fitnə kimi ünvanlaşdırdıqdan sonra buyurur:

"Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) borc versəniz, Allah sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən və həlimdir! “[742]

"Qərz" (borc) sözü ərəbcədən, bir şeyin qət olunmasına deyilir. Əgər "həsənə" (gözəl), sözü ilə birlikdə işləsə, maldan ayırıb xeyir işə sərf etmək mə`nasındadır. Ayədən mə`lum olur ki, borc vermək günahların bağışlanmasına səbəb olur. Həmçinin, mə`lum olur ki, Allah-taala da Öz bəndələrinə bu əməlin müqabilində böyük mükafatlar verməklə, onlardan təşəkkür edir. Hədid surəsində oxuyuruq:

"Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, Allah da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir! “[743]

Yenədə həmin surədə buyurur:

"Şübhəsiz ki, infaq (Allah yolunda xərc) edən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin mükafatları qat-qat artırılacaqdır. Onları həmdə çox qiymətli bir mükafat gözləyir! “[744]

Bə`ziləri ehtimal verirlər ki ayədəki, "gözəl borc" sözündən məqsəd, bəndələrə borc verib sonra onu almaqdır. Çünki, Allahın Özünün borca ehtiyacı yoxdur. Mö`min bəndələrin borca ehtiyacları vardır. Lakin, ayələrin ləhnindən mə`lum olur ki, "gözəl borc" sözündən məqsəd, "Allah yolunda xərc etmək" nəzərdə tutulur. Bununla belə bəndələrə borc vermək də böyük fəzilət sayılır.[745]

Qur`anın Bəqərə surəsində buyurur: "Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, Allah da onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada) gördüyünüz işlərin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaqsınınız.”[746]

QUR`ANDA RİBA (SƏLƏMÇİLİK) HAQQINDA

Qeyd etdiyimiz kimi İslam dinində ən mühüm məsələlərdən biri də, borc vermək və ümumiyyətlə, sədəqə və Allah yolunda xərc etməklə yoxsullara kömək etməkdir. Borc verənin niyyəti yalnız, Allaha görə olmalıdır. Bu barədə, Qur`an ayələrini də zikr etdik. Bunun müqabilində Qur`an elə bir məsələni də açmışdır ki, bu gün əksər cəmiyyətlər ona mübtəla olmuşdur. Bəqərə surəsində oxuyuruq:

"Ey mö`minlər! Əgər doğurdanda iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, səmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar." [747]

Birinci ayədə deyilir: Sələm yemək, iman ruhu ilə yol getməz. İkinci ayədə sələm yemək, Allah və Peyğəmbəri ilə müharibə kimi ünvanlandırılıb. Əgər sələmçi bu işdən tövbə edərsə, onun barəsində ədalətlə hökm olunar. Yə`ni, əsl sərmayələri gəlirsiz olaraq onlara qaytarılar. Bu zaman nə səlmçi zalim olar, nə də borcluya zülm olunmuş olar. Həmin surədə başqa ayədə buyurur:

"Sələm (faizli borc verməklə) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan vurmuş (dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-verişdə sələm kimi bir şeydir! ”- dedikləri ucundandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafir və günahkarı sevməz. “<