A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: “Miratur-rəşad” (hidayət güzgüsü)
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 148
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Əsbəğ ibn Nubətənin Həzrət Əli əleyhissalamdan nəql etdiyi rəvayətdə gəlib ki, Həzrət buyurmuşdur: Elm öyrənin ki, elm öyrənməyin xüsusi savabı var. Onu öyrənmək Allahı sənə, bu sahədə axtarıb-araşdırmaq cihad, onu bilməyənlərə öyrətmək sədəqə, elm əhlini Allaha yaxınlaşdıran, halal ilə haramı ayıran və elmi sevib axtaranlara behiştə doğru yol açan bir vəsilədir, narahatçılıq vaxtı ülfət və munis, düşmənlərə qarşı silah və dostların bəzəyidir. Mütəal Allah elmlə bəzi insanları xeyir işlərdə ucaldıb, başqalarına rəhbər qərar verər. Əməlləri başqalarına ibrət dərsi və əsərləri isə nəsilbənəsil qorunub saxlanılar, mələklər onlarla rəfiq olmağa can atar və namazlarında onlara qanadlarını sürtərlər. Həqiqətən elm qəlblərə həyat, gözlərə işıq və bədənlərə qüvvətdir. Mütəal Allah elm sahibini “Əxyar”ların (behiştə yüksək bir məqam sahibləri) məqamına çatdırar və onlara hər iki dünyada həmsöhbət və ünsiyyətdə olmağı nəsib edər. Elmlə Mütəal Allaha ibadət və itaət olunar, onu tanıyıb, vahid bilmək olar, elmlə qohumluq əlaqələri saxlamaq və halalı haramdan ayırmaq olar, elm ağla yol göstərən və ağıl isə ona tabedir. Mütəal Allah onu (elmi) napaklara yox alicənab və bəxtiyar insanlara verər. Həsən ibn Əbu Həsən Farisinin nəql etdiyi hədisdə İmam Cəfər Sadiq əleyhissalam rəvayət edir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: “Elm öyrənmək hər bir müsəlmana vacibdir. Eşidin! Allah elmə məhəbbət bəsləyənləri sevər”. Əbu İshaqın nəql etdiyi hədisdə Həzrət Əmirəl-möminin Əli əleyhissalam buyurur: “Ey camaat bilin ki, dinin kamil olması elm öyrənib ona əməl etməklədir, sizə elm öyrənmək mal toplamaqdan artıq vacibdir, mal sizin üçün qabaqcadan bölünmüş bir qismətdir ki, onu ədalət sahibi (Allah) sizin üçün bölmüş və özü də buna zamindir, öz vədəsinə vəfa edəcəkdir. Elm isə elm əhlində xəzinə olunubdur. Yaxşı bilirsiz ki, sizə onu öz əhlindən soruşub öyrənmək vacibdir. Bəs onda soruşub öyrənin”. Əbu Baxtərinin dediyi rəvayətdə İmam Sadiq əleyhissalam buyurmuşdur: “Alimlər peyğəmbərlərin varisləridir, çünki peyğəmbərlər dirhəm və dinar yox yalnız öz hədislərini miras qoymuşlar. Hər kim o mirasdan bir şey götürərsə çox böyük şeyə nəsib olar. Baxın görün bu elmi kimdən alırsınız. Bizim (Əhli-beytin) hər bir gələn nəsillərimizdə adil bəndələr çıxacaq ki, dində ifrat edənlərin təhriflərinin, yolunu azanların və cahillərin dindən çıxardıqları səhv fikirlərinin qarşısını alacaqdır”.

Əbu Həmzə Sumali rəvayət edir ki, Həzrət Əli ibn Hüseyn (İmam Zeynəlabidin) əleyhissalam buyurmuşdur: “Camaat, elm öyrənməyin nə kimi faydaları olduğunu bilsələr hətta öz canlarını qurban və ya dəryalara baş vurub onu öyrənmək üçün can atarlar. Mütəal Allah Danyal peyğəmbər vəhy edib dedi: Bəndələrimdən mənə ən çox düşmən olanı elm əhlinin haqqını qiymətləndirməyən və onların göstərişlərinə əməl etməyən cahil adamlardır. Bəndələrimdən mənə ən sevimli olanı isə təqvalı olub axirət üçün çalışan, həmişə alimlərlə məsləhətləşən, rəftarında səbirli və həlim insanları nümunə bilən və hikmət və zəka sahiblərinin sözlərini eşidənidir”. Başqa bir rəvayətdə isə İmam Məhəmməd Baqir əleyhissalam belə buyurmuşdur: “Elmi fayda verən alim yetmiş min abiddən üstündür”. Müaviyə ibn Əmmar deyir İmam Sadiqə belə dedim: “Sizin hədislərinizi rəvayət edib camaata çatdıran, onların və şiələrinizin qəlblərini ruhlandıran və qüvvətləndirən şəxslə bunları etməyənin hansı biri üstündür? Həzrət buyurdu: Bizim hədislərimizi rəvayət edən və şiələrimizin qəlblərini qüvvətləndirən kəs min abiddən fəzilətlidir”. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) demişdir: “Yaşayışda yalnız iki nəfər xeyir görər” biri sözünə qulaq verilən alim, o biri isə eşidib, anlayan kəsdir”. İmam Sadiq əleyhissalam Bəşir Dəhhana demişdir: “Bizim səhabələrimizdən dinin buyruqlarında təfəkkür etməyən adamın xeyiri yoxdur. Ey Bəşir sizlərdən dini elmlərində bilikli və alim olmayan şəxs onlara (sünnü alimlərinə) möhtac olar. Bu vaxt o şəxs özü də bilmədən onların təsiri altına düşər”. Süleyman ibn Cəfərin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə Həzrət Əli əleyhissalam buyurmuşdur: “Alimin savabı gündüzləri oruc, gecələri ibadətlə məşğul olub Allah yolunda cihad edən bəndənin savabından çoxdur. Alim ölsə (dində) elə boşluq yaranar ki, qiyamətə kimi onun yerini dolduran bir şey tapılmaz”. “İblisi ən çox xoşhal etdiyi şey alimin (dini) ölməsidir”. İmam Musa ibn Cəfər əleyhissalam demişdir: “Mömin bir alimin ölümünə mələklər, üzərində ibadət etdiyi yerlər və əməllərinin keçdiyi göylərin qapıları ağlayarlar və islamda qiyamətə kimi doldurulması mümkün olmayan bir boşluq yaranar. Çünki dini alimlər islam üçün şəhərlərin ətrafına çəkilən möhkəm divarlara bənzəyərlər”. Bu mövzuya aid olan kitablarda çoxlu hədislərimiz var ki, müfəssəl zikr edilmişdir. Oğul, (Allah işlərini avand etsin) bu (elm) böyük mərtəbə, yüksək dərəcə, hədsiz savab, gözəl və qiymətli mükafatı belə asanlıqla əldən vermə, dünyanın dəyərsiz nemətləri səni aldatmasın ki, elm öyrənməyi unudasan. Bu yolda aclığa, yoxsulluğa dözsən həmişəlik və əbədi nemət və izzətə nail olarsan. Hər zaman məvacib və ruzin azalarsada axirətdə Allahın sənə verəcəyi gözəl savab və əcrləri yada salsan yoxsulluğun çətinliklərini unudarsan. Sən özünü elmdən uzaqlaşıb dünyada malı toplamaqla (bir halda ki, dünya malının qiyməti çox azdır) məşğul olan kəs ilə müqayisə etsən görərsən ki, belə bir vəziyyətdə sən axirətdə fayda verəcəyi şeyləri ələ gətirmisən. Lakin onun isə axirətdə həm elmdən həm maldan əli boşdur. Oğul qənaətə riayət et, dünya və onun zinətlərini unut, ondan xeyir gözləmə. Dünya hətta peyğəmbərin nəvəsi İmam Hüseyn əleyhissalamı zülmlə alçaltdı və Yezidi ucaltdı. Ümumiyyətlə dünyanın işi belədir ki, fəzilətli insanları aşağı, liyaqətsizləri isə yuxarı qaldırar. Necə ki, İbn Sina şerlərindən birində buna işarə etmişdir: Zaman nə pis zamandır ürəyində Hər möhtərəm, fəzilətli insana kin saxlamış Görürsən ki, hər alçağa yer verib öz qəlbində Eşqin nəticəsində onlara meydan açmış.

Oğul, elmin xatirinə təhsil yolunda qarşına çıxan hər cür çətinliklərdən heç vaxt narahat olma. Oğul, (Allah səni bəlalardan qorusun) dünyanın rahatlığı ondan uzaqlaşmaq və onu unutmaqdadır. Dünya rahatlıq yox, əzab, əziyyət evidir. Əgər ona meyl salsan cazibəlidir, səni özünə tərəf çəkər, öz ağırlıqlarını sənin üzərinə yükləyər və səni öz oxları ilə yaralayar. Ona meyl saldıqdan sonra da həmişə əzab-əziyyətdə olacaqsan. Çünki nəfs, dünya kimidir, heç vaxt gözü doymaz, hey tələb edər, arzusuna çatmayanda da insanı bəlaya salar. Əgər ondan yaxa qurtarsan rahat olacaqsan, mənəvi-ruhi hisslərin artacaq, nəfsi boğub əzabda çırpındığını gördükdə gözlərinə nur gələcək və axirət sənə aşkar olacaqdır. And içirəm oğlum, dünya məhəbbətini qəlbindən çıxarmağın elə ləzzəti var ki, ona məhəbbət göstərənlər bu ləzzətin mində birini belə dadmayıblar. Məqsədim dünyadan uzaqlaşıb “Sufiyyə” qoşulmaq, camaat arasında qəti surətdə yemək, içmək və geyimi azaldıb zahidlik etmək və bütün var yoxunu ehsan edib, özünü çətin vəziyyətə salmaq deyil.[306] Məqsəd Əhli-beytin göstərişlərinə əsaslanaraq dünyaya məhəbbət və meyl salmamaq, onun ləzzətlərindən əl çəkmək[307] və insanı əldə olan dünya nemətlərinə, axirətdə Allahın verəcəyindən ümidinin çox olmamağı, hər cür şəraitdə Allahın qəza və qədərinə tam şəkildə razı olmaqdır.[308]

Bu məna Abdullah ibn Əbu Yəfurun nəql etdiyi rəvayətdə çox gözəl bəyan olunmuşdur. Buyurur ki, bir nəfər İmam Sadiq əleyhissalama belə dedi: “İstəyirik dünya nemətlərindən bizədə nəsib olsun- dedikdə İmam buyurdu ki, əgər verilsə nə etmək fikriniz var? Dedi: istəyirəm onu özüm və ailəm üçün xərcləyəm, onunla qohumlarıma baş çəkəm və həccə gedəm. Həzrət buyurdu: Bunların heç biri dünya arzusunda olmaq deyil, əksinə axirəti qazanmaqdır”.[309]

TƏHSİLDƏ QƏSDİ-QÜRBƏT

Oğul, (Allah sənə hər iki dünyanın xeyrini nəsib eləsin) təhsil alarkən Allaha qəsdi-qürbət edib niyyətində pak, qəlbini dünyanın çirkin fikirlərindən uzaq, özünü elmlərə yiyələnməyə hazır, nəfsi rəzil sifətlərdən təmizləməli və onu fəzilətli sifətlərlə bəzəməli, şəhvət və qəzəb qüvvələrini cilovlamalısan. Əhli-beytdən bizə çatan hədislərdə bu barədə çoxlu məlumatlar var. Həfs ibn Qiyas nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: “Hər kəs elmi Allaha görə öyrənib ona əməl edərsə onun adı asimanlarda əzə-mətlə yad edilər: bu bəndə Allaha görə öyrənmiş, Allah xatirinə əməl etmiş və Allaha xatir öyrətmişdir”.[310]

İbad ibn Suheyb Bəsrinin etdiyi rəvayətdə Həzrət belə buyurur: “Elmi öyrənənlər üç qismə bölünür, hər birini öz xüsusiyyətləri ilə tanı” birinci dəstə onu boşboğazlıq və yersiz mübahisə üçün, ikinci dəstə onu fırıldaq və hiylə üçün və üçüncü dəstə isə ona yiyələnmək və düşünüb dərk etmək üçün öyrənərlər. Birinci dəstə əziyyət və münaqişə edər, ləyaqətsiz adamların arasında söz açıb elm və helmdən danışar, zahirdə cilddən-cildə düşər amma onda təqvadan əsər-əlamət olmaz. Allah taala belələrinin burunlarını ovub zəlil edər. İkinci dəstə hiyləgər, lovğa və münafiqdir. Özü kimilərini aldadar, varlıların yanında təvazökarlıq göstərər, onların ən yaxşı varından yeyib dini əqidələrini zay edər. Allah həqiqi elmi onlardan alıb alimlərin sırasından kənara atar. Üçüncü dəstə isə həmişə əzab-əziyyət və zəhmətdədirlər, qaranlıq gecələrdə yerindən qalxıb, öz əbasına bükülüb Allahı çağırar, qiyamətin əzablarından lərzəyə gəlib zar-zar ağlayar və Allaha pənah aparar. Öz zamanında hamıdan ağıllı, həyatında çox ehtiyatlı olub heç kimə etibar eləməz. Allah onların özlərini və əqidələrini möhkəm və sarsılmaz edib, qiyamət günü də nicat verər”.[311]

Suleym ibn Qeysin Həzrət Əli əleyhissalamdan nəql etdiyi rəvayətdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur: “İki nəfər var ki, heç vaxt doymaz” dünyapərəstlə elm aşiqi. Hər kəs dünyadan ona nəsib olan halal malla razılaşarsa nicat tapar və hər kəs haram yollarla mal ələ gətirərsə həlakətə uğrayar. Lakin tövbə edib düz yola qayıdırsa həlakətdən qurtular. Hər kəs elmi öz əhlindən öyrənib ona düz əməl edərsə nicat tapacaqdır və əgər onu dünyası xatirinə öyrənərsə nəsib olduğu şey yalnız dünya olacaqdır”.[312]

Əbu Xədicənin İmam Sadiq əleyhissalamdan nəql etdiyi hədisdə Həzrət belə buyurur: “Hər kim hədisləri-mizi (dini elmləri) dünyəvi mənfəətlər xatirinə öyrənərsə axirətdə ona bir şey nəsib olmaz və hər kim onu axirətdə xeyrini görmək məqsədilə öyrənərsə Mütəal Allah ona hər iki dünyanın xeyrini əta edər”.[313]

Həfs ibn Qiyas İmam Sadiq əleyhissalamdan belə nəql edir: “Əgər görsəniz ki, bir alim daha çox sizin malınıza meyl göstərir, dininizi xətərdən qorumaq üçün ona etibar etməyin”. “Allah taala Davud peyğəmbərə vəhy edib dedi: Heç vaxt özünlə mənim aramda dünyaya məftun olmuş alimi vasitə qərar vermə ki, mənə olan məhəbbətindən səni ayırar. Belələri həmişə mənim müridlərimin yolunu kəsərlər. Onlara verəcəyim ən sadə cəzam budur ki, qəlblərindən münacatımın ləzzətini çıxararam”.[314]

Səkuni nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: “Peyğəmbər buyurur din alimləri nə qədər ki, dünyaya qoşulmayıblar peyğəmbərin əmanətdarlarıdır. Ondan dünyaya qoşulmağın mənasını soruşduqda Həzrət bunu onların “sultan”a tabe və saray əhlinə çevrilmə-ləri kimi məna etdi. Hər vaxt bu işi görsələr dininizi onların xətərindən gözləyin”.[315]

Ribi ibn Abdullahın nəql etdiyi hədisdə İmam Baqir əleyhissalam belə buyurur: “Hər kəs elmi alimlərin sırasına girib özünü öyüb, fəxr etmək ya səfeh və nadanlara özünü göstərmək yaxud camaatı özünə tərəf cəlb etmək məqsədilə öyrənərsə indidən öz yerini atəş üçün hazırlasın. Çünki rəyasət və məqam öz əhlindən başqasına layiq deyildir”.[316]

Oğul, məbadə elm öyrənəndən (dini hökmləri) və həqiqət sənə tam aydın olandan sonra günah edəsən. Çünki alimə həqiqət aşkar olduqdan sonra üzərinə düşən yük çox ağır və çətindir. Allah taala Qurani-Kərimdə buyurur: “Allahın yanında yalnız cəhalət və nadanlıq üzündən məsiyət edənlərin tövbəsi qəbul olacaqdır”[317]

Sadiq əleyhissalam Həfs ibn Qiyasa buyurur: “Ey Həfs, alimin bir günahı bağışlananca cahilin yetmiş günahından keçəcəklər”.[318]

Oğul, elm (dini) öyrənməyə başladıqda gərək özünə əməli saleh, dindar və təqvalı bir müəllim və ustad seçəsən ki, bundan qeyrisinin yolu azdırmamaq və zəlalətə salmamağına əmin olmaq olmaz. Burada İmam Sadiq əleyhissalamın bu ayə - “İnsan gərək yediyi təamına diqqət yetirsin” - haqqda verdiyi təfsiri bizim üçün gözəl dəlildir. Həzrət ayədə gələn təam kəlməsinin elmə işarə olunduğunu bəyan etmişdir.[319]

Oğul (Allah səni xeyir işlərdə müvəffəq və pis əməllərdən qorusun) rəhmətlik Şəhid Saninin təlim-tərbiyənin yolları barədə yazdığı “Munyətil-murid” kitabına mütləq müraciət etməli və onun faydalı məsləhətlərindən istifadə etməlisən. Çünki düzgün yolla yerinə yetirilməyən əməl heç vaxt şəriət tərəfindən bəyənilmir. O kitabda gələn ən mühüm göstərişlərdən biri, əməli saleh olan alimlərin, məxsusən ondan dərs aldığın ustadın ehtiramı haqdadır. Şəriətə görə insana üç nəfər ata hesab olunur, onlardan biri də ona dərs vermiş ustadıdır.[320]

Sabit ibn Dinar Sümali rəvayət edir ki, Həzrət Əli ibn Hüseyn əleyhissalam buyurmuşdur: “Ondan elm öyrəndiyin ustadın sənin üzərinə düşən haqqı belədir” onun və məclisinin ehtiramını saxlamalı, ona qulaq asıb, sözlərini maraqla dinləməli, səsin onun səsindən uca olmamalı, ondan bir sual soruşularkən cavab verməyib səbr etməli, dərs vaxtı məclisində başqası ilə danışmamalı, onun yanında qeybətə yol verməməli, birdən sənin yanında onu pisləyib təhqir etsələr onu müdafiə etməli, eyblərini örtüb, fəzilətlərini deməli, onun düşmənləri ilə oturub- durmamalı və dostları ilə də düşmənçilik etməməlisən. Əgər bu deyilənləri edərsənsə Allahın mələkləri şəhadət verərlər ki, məqsədində düzsən və elmi də Allaha xatir öyrənmisən”.[321]

Amma səndən elm öyrənənlərin sənin üzərində olan haqqı belədir: bilməlisən ki, Mütəal Allah verdiyi elm və qiymətli xəzinəsi ilə səni onların dini işlərində məsul təyin edibdir. Əgər sən onları heç bir çətinliyə salmadan gözəl təlim-tərbiyə versən, Allah da öz fəzilini çoxaldar və əgər sən elmi onlara öyrətməyib, yaxud elmi öyrənməkdə çətinlik törədərsənsə Allah elmi sənin əlindən alar, qəlbindən elmin mənəvi gözəlliyini silər və onların ürəklərindən sənə qarşı olan məhəb-bəti yox edər.[322]

Süleyman ibn Cəfəri rəvayət edir ki, İmam Sadiq əleyhissalam Həzrət Əli əleyhissalamdan belə nəql edir: “Alimin haqqı budur ki, ona həddən artıq suallar verməməli, ətəyindən çəkməməli, yanına daxil olarkən, kənarında bir dəstə adam əyləşmişsə hamısına salam verib, onunla xüsusi salamlaşmalı, arxasında yox, qarşısında əyləşməli, məclisində ona-buna göz ucu ya əllə işarə etməməli, sözlərinə müxalif olan başqalarının fikirlərini yersiz ortalığa atmamalı, onu uzun söhbətlərindən narahat olmamalısan. Alim xurma ağacına bənzər ki, meyvəsi yetişənə qədər gözləməlisən ta ondan bir şey sənin əlinə yetişsin”.[323]

Oğul, (Allah səni əməli saleh alimlərdən eləsin) mütləq öz bildiklərinə əməl etməlisən, çünki elm o vaxt qiymət tapır ki, sonradan ona əməl olunsun. Elə bu cəhətdəndir ki, əməlsiz alimi barsız ağaca bənzədiblər. Bunu da yaxşı bil ki, insanın öz bildiklərinə əməl etməməsi sonradan öz başına çox böyük bəla açar. Bunu deyən çox gözəl demişdir: “Bütün bəndələr (Allahın hökmlərinə) əməl etməyə borcludular, lakin alimin haqqında bu təklif qətidir”. Mütəal Allahın Peyğəmbərin öz xanımları barəsində buyurduğu hökmü burada bir dəlil kimi misal göstərmək olar. O ayədə buyurur, “əgər onlar günaha mürtəkib olsalar əzabları iki bərabər və əgər itaətkar olub yollarını azmasalar başqa qadınlara nisbətdə savabları da iki bərabər olacaqdır”. [324]

Süleyman ibn Qeys Hilalinin verdiyi mənbədə Həzrət Əmirəl-möminin Əli əleyhissalam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql edir: “Alimlər iki dəstəyə bölünürlər, bir dəstəsi öz elmlərinə əməl edib, nicat tapacaqlar, o biri dəstə isə bildiklərinə əməl etmədikləri üçün həlakətə uğrayacaqlar. Belə alimlərin murdar iyindən hətta cəhənnəm əhli də əziyyət çəkəcəklər. Cəhənnəm əhlindən ən çox peşman olub, həsrət çəkəni, o kəsdir ki, başqaları onun sözünə qulaq asıb behiştə daxil olacaq, özü isə öz elminin əksinə əməl edib, ehtiraslarına tabe və mənasız uzun arzularla ömrünü keçirdiyinə görə cəhənnəmə düşəcəkdir. Ehtiras-lara tabe olmaq adamı haqq yoldan uzaqlaşdırar, uzun arzular isə axirəti yaddan çıxarar”.[325]

İsmayıl ibn Cabir nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: “Elm ilə əməl bir-birinə bağlıdır, hər kim bilsə əməl edər, hər kim əməl etsə bilər. Elm həmişə əməli səsliyər, əgər cavab versə (yəni insan öz elminə əməl etsə) elmə sahib olacaq. Əgər belə olmazsa, elm heç vaxt qəlblərdə yer salmaz”.[326]

Abdullah ibn Qasim Cəfərinin verdiyi mənbədə İmam Sadiq əleyhissalam belə buyurur: “Alim əgər öz elminə əməl etməzsə, yağış damcılarının saf daşın üzərində qalmayıb süzüldüyü kimi, onun da məsləhətləri ürəklərdə yer salmayıb süzülüb gedər”.[327]

Əli ibn Hamim ibn Bureyd nəql edir ki, bir dəfə bir kişi İmam Səccadın əleyhissalam hüzuruna gəlib ondan müxtəlif şeylərin barəsində suallar soruşdu. İmam da onların hamısına bir-bir cavab verdi. O yenidən bu cür suallar verməyə başladıqda, İmam Səccad əleyhissalam dedi ki, bunda “İncil”də vardır. İkincisi, bildiklərinizə əməl etməyincə heç vaxt bilmədiyiniz şeylərdən soruşmayın. Əgər elmə əməl olunmazsa sahibinin fikirlərində küfrdən başqa bir şey oyatmaz və onu Allahdan da uzaqlaşdırar.[328]

Nəql olunan rəvayətlərə görə, Həzrət Əli əleyhis-salam xütbələrinin birində belə deyirmiş: “Camaat, hər vaxt bir şeyi bilsəniz, ona əməl edin ki, ola bilsin hidayət tapasınız. Öz elminə əməl etməyən alim (dini hökmləri bilən şəxs) cəhalətdə qərq olmuş nadana bənzəyir. Onun üzərinə düşən hökm çox ağır və həsrəti də nadanınkından çox çəkəcəkdir, hər ikisinin axirət xurcunu boş olacaq və çox his çaşqın vəziyyətə düşəcəklər. Əsla bir şeyə şübhə ilə yanaşmayın ki, şəkkə düşərsiniz, şəkk etsəniz küfr edərsiniz, özünüzü boş buraxmayın ki, etinasız olarsız, haqqı yüngül tutmayın ki, ziyan görərsiniz. Haqq və həqiqətin şərti budur ki, onun barəsində diqqətlə düşünəsiniz və düşünüb dərk etməyin şərti budur ki, bildiklərinizə qürurlanmaya-sınız. Hər kim məsləhətə qulaq asıb öz qədrini bilərsə, Allahın ən itaətkar bəndəsi və hər kim nəticə çıxarmayıb özünü aldadarsa, onun ən günahkar bəndəsidir. Allaha itaətkar olan şəxsi aman və bəşarət, günahkar bəndəni isə, ziyan və peşmançılıq gözləyir”.[329]

Abdullah ibn Məymun Əlqəddahın verdiyi mənbədə İmam Sadiq əleyhissalam öz babalarından belə nəql edir: “Bir kişi Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib ona belə dedi: -Ey Allahın rəsulu, elm nədir? Peyğəmbər buyurdu: -Sükut. -Daha nə? -Dinləmək. -Daha nə? -Yadda saxlamaq. -Daha nə? -Ona əməl etmək. -”Daha nə, ey Allahın rəsulu?”-dedikdə Peyğəmbər belə buyurdu: -Onu yaymaq və bilməyənlərə çatdırmaq.[330]

Ey oğul, sənə vacibdir ki, elmi onun əhlinə öyrədəsən. Çünki məsum imamlardan bu haqda belə varid olub: “Elmin zəkatı budur ki, onu Allah taalanın bəndələrinə təlim verəsən.”[331]

“Həqiqətən Allah taala cahillərə elm öyrənməyi vacib etməzdən qabaq, üləmadan elmi cahillərə öyrətmək haqqında əhd-peyman alıb”.[332]

Bəli, başqa bir rəvayətdə gəlib ki, Həzrət İsa əleyhissalam Bəni İsrailə söylədiyi xütbəsində buyurub: “Hikməti cahillərə öyrətməyin ki, bununla ona (hikmətə) zülm edərsiniz və hikmət əhlini ondan məhrum etməyin ki, bu işinizlə onlara zülm etmiş olarsınız”.[333]

Ey oğul, (Allah taala sənin ömrünü uzun etsin, səni istədiyi və bəyəndiyi şeylərə nail olmaqda müvəffəq etsin) gərək öz ömrünü sair elmlərin təhsili üçün lazım olan miqdarda sərf edəsən, amma ömrünün qalan hissəsini isə “Fiqh” (din) elminin təhsilinə sərf etməlisən. Çünki elmin qiymətli olmasına səbəb ona əməl etməkdədir. Əməlində möhtac olduğun şey yalnız fiqh elmidir. Fiqh elminin vasitəsilədir ki, Allah taalanın əmrləri müəyyən olur və əncam verilir, qadağan etdiyi şeylər məlum olur və onlardan pərhiz olunur. Çünki fiqh elminin mövzusu (onlar Allah taalanın hökmlərindən ibarətdirlər) ən şərafətli mövzular-dandır. Bundan əlavə fiqh elmi camaatın məişət işlərini, dini əsaslara uyğun olaraq tənzim edir. Bu elmin vasitəsi ilə insan kamala yetişər. “Məalimul-üsul” kitabının müəllifi fiqh elminin əhəmiyyətini sübuta yetirmək üçün dəlil gətirdikdə çox gözəl deyib: “Bizim (müsəlmanların) əqidəmizə görə haqq budur ki, həqiqətən Allah taala əşyaları müəyyən bir qərəz və məsləhət üzrə xəlq edib. Şübhəsiz, yer üzündə insan bütün cisimlərdən şərafətlidir. Beləliklə onu (insanı) yaratmaqda mütləq bir məsləhət vardır. Mümkün deyildir ki, bu qərəzdə insana zərər yetirmək məqsədi güdülsün. Çünki bu iş yalnız “cahil” və “möhtac“ olan bir şəxs tərəfindən baş verə bilər və Allah taala bu cür naqislikdən uzaqdır. Bəs məlum olur ki, bu qərəz insaniyyətə fayda verməkdən ibarətdir. Bu faydanın Allah taalaya qayıtması caiz və mümkün deyildir. Çünki Allah ona möhtac deyil və O, hər cəhətdən kamildir. Belə olan surətdə labüddür ki, bu fayda və mənfəət bəndəyə şamil olsun. Dünyəvi mənfəətlər həqiqətdə mənfəət olmadığı üçün təkcə çətinlikləri dəf etməyə görədir və onlara heç vaxt mənfəət adı vermək olmaz, bəzi şəraitlər müstəsnadır. Heç ağla sığmır ki, bu cür şərafətli məxluqu (insanı) icad etməkdə qərəz, dünyəvi nemətlər olsun. Məxsusən bu nemətlər müvəqqətidir və eyni zamanda çətinlik və bəlalarla qarışıqdır. Belə olan halda məqsəd başqa bir şey olmalıdır ki, o da axirətdə veriləcək mənfəətlərdir. Həqiqətdə bunlar nemətlərin ən böyüyü və bəxşişlərin ən qiymətlisidir. Belə olan halda heç vaxt bir kəsə əvəzsiz verilməyəcək və bəndənin ona ləyaqəti nəticəsində hasil olacaqdır. Ləyaqət isə bu dünyada əməlin vasitəsi ilə ələ gəlir və əməl də qabaqcadan onun keyfiyyətinə (xüsusiyyətlərinə) vaqif olmaqla (bu isə fiqh elminin vəzifəsidir) hasil olur. Bu böyük mənfəəti ələ gətirmək üçün fiqh elminə doğrudan da ehtiyac duyulur”.[334] O, Əban ibn Təğlibin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayəti gətirmişdir: “Çox istərdim əshabımın başları üzərin-də qamçı ilə dayanıb onları fiqh elmində çalışmaq üçün məcbur etsinlər”.[335]

Əli ibn Həmzənin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: “Çalışın dinin hökmlərində fəqih olasınız. Həqiqətən sizlərdən dinində fəqih olmayan hər kəs bədəvi ərəb kimidir”.[336] Allah taala Qurani Kərimdə buyurur: “Gərək onlar dində fəqih və müctəhid olsunlar. Onlar təhsil alıb el-obalarına qayıdanda öz tayfalarını Allah taalanın hökmlərini bəyan etməklə onları Allah taalanın qəzəbindən qorxutsunlar. Bununla da onlar qorxub Allah taalaya itaət edəcəklər”.[337]

Müfəzzəl ibn Ömərin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: “Həqiqətən hər kim Allah taalanın dinində fəqih olmasa Allah taala qiyamət günü ona etina etməyəcək və onun heç bir əməlini islah etməyəcəkdir”.[338]

Müfəzzəl ibn Ömər Həzrət İmam Cəfər Sadiq əleyhissalamdan belə nəql edir: “Allah taalanın dinində ictihad edib fəqih olun və bədəvi ərəblər kimi olmayın. Həqiqətən hər kim Allah taalanın dinində fəqih olmazsa Allah taala qiyamət günü ona nəzər salmaz və onun heç bir əməlini islah etməz”.



Geri   İrəli
Go to TOP