A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həqiqət olduğu kimi... 1
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 146
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Yaxınlarından biri bu rəftarın səbəbini soruşduqda dedi: Bizim fikrimizcə, bu vəhşilərin təbil vurub boş-boş sözlər deməyə, əqrəb yeməyə məşğul olmaları daha yaxşıdır. Əgər onlar işsiz dursalar, ardımızca gəlib bizi yeyərlər. Çünki biz onların hüquqlarını əllərindən almışıq.

Yenidən Malikin əhvalatına qayıdırıq. Görək onun özü Əbu Cəfər Mənsurla olan görüşünü nə necə nəql edir.

MALİKİN ƏBU CƏFƏR MƏNSURLA GÖRÜŞÜ

Bu rəvayəti böyük tarixçi İbni Qüteybə “Tarixul-xüləfa” kitabında gətirmişdir. İbni Qüteybə bu rəvayəti Malikin özündən nəql edir.

Malik yazır: Minaya getdiyim zaman xeymələr vurulmuş bir yerə çatdım. İrəli getdim və icazə istədim. Mənə icazə verdilər. Bir azdan icazə verənin özü eşiyə çıxıb məni özü ilə içəri apardı. Ona dedim: Xəlifə əmirəl-möminin xeyməsinə çatanda mənə deyərsən. O məni bu xeymədən o xeyməyə, o xeymədən bu xeyməyə apardı. Hər xeymədə əlində qılınc və nizə tutmuş kişilər dayanmışdı, axırı ki, bir xeyməni mənə göstərib dedi: “O xeymədir!” Məni qabağa buraxıb özü arxada durdu.

Mən o xeyməyə getdim. Əbu Cəfər Mənsur orada idi. O öz taxtından düşmüş, yerə salınmış xalçanın üstündə oturmuşdu. Adi paltarda idi. Bu işləri mənim qarşımda təvazökarlıq etmək üçün etmişdi. Xeymədə bizim ikimizdən savayı, onun başı üstündə durmuş əli qılınclı bir adam var idi.

Yaxınlaşdıqda mənim qabağıma gəldi. Öz yanında mənə yer göstərdi. Mən ona: “elə burada da oturaram” – dedim. Axır ki, əl çəkməyib məni öz yanında oturtdu. Dizini mənim dizimə yapışdırdı. Sonra ilk cümləsi bu oldu: And olsun o Allaha ki, Özündən savayı heç kəsin Allah olmağa ləyaqəti yoxdur! Ey Əba Əbdillah! Mən bu işə əmr verməmişəm. Mənim bu işdən xəbərim olmayıb. Eşitdiyim zamandan heç vaxt bu işə razı olmamışam. (Məqsədi Malikin döyülməsi idi.)

Malik deyir: Mən Allaha hər halda şükür edib, Peyğəmbərə salavat göndərdim.

O dedi: Ey Əba Əbdillah! Sən bu iki hərəm camaatının içində olduğun müddətdə xalqın işi qaydasında gedəcəkdir. Mən bilirəm ki, sən onları Allahın əzabından saxlamaq üçün bir vasitəsən. Allah sənə görə böyük bəlanı onlardan götürür. Mənim bildiyimə görə, hamıdan çox onların ara qarışdırıb fitnə törətməyə meyilləri vardır. Allah onları öldürsün.

Mən əmr verdim ki, bu Allah düşmənini çulsuz dəvənin üstündə gətirsinlər. Onun dar bir yerdə zindana salınması əmrini verdim. Sənə verdiyi əzabın neçə bərabərini onun başına gətirəcəyəm.”

Mən dedim: “Allah əmirəl-möminini salamat etsin. Mən onu Allah rəsulu ilə qohumluğu və sonra səninlə yaxın olduğu üçün bağışladım.”

Əbu Cəfər dedi: “Allah sənin günahlarını bağışlasın və sənə rəhm etsin.”

Malik deyir: Sonra mənimlə keçmiş alimlər haqqında söhbət etdi. Xalqı hamıdan yaxşı tanıdığını gördüm. Daha sonra elm və fiqh barəsində mənimlə söhbət etdi. İxtilaf olan və olmayan məsələlər barəsində hamıdan yaxşı xəbəri var idi, bütün rəvayətləri bilir, eşitdiyini çox yaxşı başa düşərdi.

Sonra mənə dedi: Ey Əba Əbdillah! Bu elmi nəzmə salaraq bir yerə yığ, onun barəsində ayrı-ayrı kitablar yaz. Abdullah ibni Ömərin camaatı zəhmətə salmasından, Abdullah ibni Abbasın (çox) asanlıq etməsindən və Abdullah ibni Məsudun qeyri-adi fətvalarından uzaq ol. Orta xətlə hərəkət et. İmam və səhabələrin ittifaq etdiklərini gətir. Bu yolla xalq sənin bilik və kitablarını öyrənsinlər və şəhərlərdə yaysınlar. Biz onlarla əhd bağlarıq ki, onunla müxalifət etməsinlər və onun xilafına hökm verməsinlər.

Dedim: Allah sizi qorusun, İraq camaatı bizim elmimizi bəyənmir, öz işlərində bizim nəzərimizə diqqət etmir.

Əbu Cəfər dedi: Biz onları bu işə məcbur edərik. Qılıncla onların başına vurub, qamçı ilə bellərini sındırarıq. Sən tez onu yaz. Oğlum Məhəmməd Məhdi gələn il Mədinəyə gəlir. Bu işi tamam etmək xəbərini, inşaallah səndən eşitsin.

Malik deyir: Biz xeymədə oturduğumuz zaman kiçik bir oğlan uşağı içəri daxil oldu. Gözü mənə sataşdığı zaman qorxdu, geri çəkildi və daha yaxınlaşmadı.

Əbu Cəfər ona dedi: “Əzizim, yaxına gəl! Bu, Hicaz əhlinin fəqihi Əbu Abdullahdır.” Sonra üzünü mənə tutub dedi: “Ey Əba Əbdillah! Bilirsən uşaq nə üçün qorxub yaxın gəlmədi?”

Dedim: Yox!

Dedi: Allaha and olsun, təəccüb etdi ki, nə üçün mən sənə bu qədər yaxın oturmuşam. Bu vəziyyəti başqa bir kəs üçün görməmişdir. Buna görə də geri çəkildi.

Malik dedi: Sonra əmr verdi ki, mənə min dinar qızıl və qiymətli paltar versinlər. Oğluma da min dinar verdi. Sonra oradan getməyə icazə istədim. İcazə verdi. Ayağa qalxdım. O, mənimlə xudahafizləşdi, mənim üçün dua etdi. Yola düşdüyüm zaman bir qulam arxadan gəldi və o paltarı çiynimə qoydu. Bu, onların qaydası idi. Hər kəsə xələt vermək istədikdə, belə edərdilər. O da elə o cür xalqın içinə gələr və sonra onu öz qulamına verərdi. Qulam onu çiynimə qoyanda, çiynimi aşağı əydim. O paltarı geyib xalqın qarşısına çıxmaq istəmirdim. Bu işdən xoşum gəlmirdi.

Əbu Cəfər qışqırdı: Bu paltarı Əbu Abdullahın çadırına apar...[106]

BƏHS VƏ TƏHQİQ ÜÇÜN LAZIM OLAN İNCƏ-NÖQTƏ

Hər kəs bu iki nəfərin dostcasına etdiyi söhbətə yaxşı diqqət etsə, başa düşər ki:

1. Abbasi xəlifəsi Mədinədə olan valisini işdən çıxarıb acınacaqlı vəziyyətdə Bağdada gətirir. Sonra imam Malikdən onun işi barəsində üzr istəyib, bu işdən xəbərsiz olduğunu bildirir. Eşitdiyi zaman narahat olduğunu ona çatdırır.

Bu dediklərimizdən o iki nəfərin arasında həmrəylik olduğunu görürük. İmam Malik Mənsurun yanında çox böyük hörmətə sahib idi. Belə ki, onu ev paltarında qarşılayır, heç kəsin oturmadığı yerdə otuzdurur. Hətta balaca uşaq onların diz-dizə oturmağından təəccüblənib qorxur.

2. Mənsurun Malikə dediyi bu sözündən: “nə qədər sən xalqın içindəsən, onların işi sahmandadır, sən onlar üçün Allah əzabından amansan. Allah sənə görə böyük bəlanı onlardan qaytarar”, – başa düşülür ki, “iki hərəm” camaatı xəlifənin əleyhinə qiyam etmək istəyirdilər. Malik onları sakitləşdirmişdi. Allaha, Peyğəmbərə və “Ulul-əmrə” (yəni hakimə) itaət etmənin vacib olduğunu deyib, inqilabı yatırtmışdı. Xəlifə də onlara qarşı zor işlətmədən əl saxlamışdı. Allah onun fətvasının vasitəsilə xəlifənin xalqı qırmasının qarşısını almışdı.

Elə buna görə də Mənsur deyirdi: Bu iki hərəmin camaatı hamıdan çox fitnə və qiyama meyillidir. Allah onları öldürsün.

3. Xəlifə Maliki bütün İslam dövlətlərinə fəqih qərar verir. Onun məzhəbini zorla bütün insanlara qəbul etdirir.

Buradan başa düşülür ki, bədbəxt şiələr bu zalımların əlindən nələr çəkmişlər. Onlara əzab verilirmiş ki, pak imamlardan ayrılıb, Malik və onun kimilərə itaət etsinlər.

4. İmam Malik və Əbu Cəfər Mənsur zorla iş başına gələn səhabə və xəlifələr barəsində həmfikirdirlər. Hər ikisi onları başqalarından üstün bilir.

Malik deyir: Elm və fiqh barəsində mənimlə söhbət etdi. Gördüm ki, hamısından biliklidir. Sonra keçmiş alimlər barəsində sözə başladı, yenə də gördüm ki, xalqı hamıdan artıq tanıyır.

Sözsüz, Əbu Cəfər Mənsur da Malik barədə bu fikirdədir. O da onu həmin sözlərlə tərifləmişdir. Görüşdükdə ona deyir: Allaha and olsun! Əmirəl-möminindən sonra səndən daha alim olanı görməmişəm. Sözsüz ki, “əmirəl-möminin” deyəndə, o özünü nəzərdə tuturmuş.

Dediklərimizdən belə məlum olur ki, Malik də nasibi olmuşdur. Çünki o da Əmirəl-möminin Əli ibni Əbi Talibin xilafətini qəbul etməmişdi. Qabaqda dediyimiz kimi, Əli (ə)-ı dördüncü xəlifə kimi tanıdığına görə camaat Əhməd ibni Hənbəldən narazı olmuşdu. Malikin Hənbəldən öncə yaşadığını nəzərə alsaq, daha bu danışığa ehtiyac qalmaz.

Bundan əlavə, qabaqda qeyd etdiyimiz kimi, o, nasibi Abdullah ibni Ömərin hədislərinə etimad edirdi. Abdullah ibni Ömər rəvayət edir: Biz Peyğəmbərin zəmanəsində heç kəsi Əbu Bəkrlə bərabər bilmirdik. Ondan sonra Öməri və Ömərdən sonra Osmanı qərar verirdik. Ondan sonra qalan camaatı bərabər bilirdik.

Abdulah ibni Ömər Malikin hədislərində ən məşhur sənəd sahibidir. Müvəttəənin əksər rəvayətləri və həmçinin Malikin fiqhi ona qayıdır.

5. Zülm üstündə qurulmuş siyasətli özünü xalqa yaxınlaşdırmaq istəyir. Xoşlarına gələn fətvaları xalqa çatdırır. Quran və sünnətə bağlanmaq istəmir.

Mənsurun Malikə olan sözlərində belə bir şey vardır: “Elmi nəzmə sal, kitab yazıb xalqa çatdır. Abdullah ibni Ömərin camaatı zəhmətə salmasından, İbni Abbasın (çox) asanlıq etməsindən, İbni Məsudun qeyri-adi sözlərindən çəkin. Orta yolu tut, səhabənin və xəlifələrin icmasını öz işinin əsasında qərar ver. Xalqı sənin kitablarını oxumağa və fiqhinə əməl etməyə məcbur edərəm.” Buradan başa düşülür ki, əhli-sünnət və camaatın məzhəbi Abdullah ibni Ömərin çətinlikləri, İbni Abbasın asanlıqları və İbni Məsudun qeyri-adi sözləri ilə qarışıqdır. Malikin bəyəndiyi və orta yol saydığı, xəlifəl Əbu Bəkr, Ömər, Osman və səhabələrin yoludur ki, Əbu Cəfər Mənsur onu bəyənir.

Amma orada Peyğəmbərin sünnətindən və pak imamlardan bir şey yoxdur. İmamların bəzisi Malik və Mənsurla müasir olmuşdur. Xəlifə onları siyasət səhnəsindən uzaqlaşdırmağa çalışırdı.

6. Gördüyünüz kimi, sünnə barəsində yazılan ilk kitab, səhabə və onlardan sonra gələnlərin hədislərini  əhatə edir. Bu iş dövlətin, xüsusilə xəlifənin öz istəyi ilə baş verirdi. Belə ki, istədiyi zaman xalqı zor və qılınc gücü ilə özünə itaətə vadar edirdi.

Belə məlum olur ki, bu rəvayətlər əməvilərin və abbasilərin düzəltdiyi rəvayətlərdir. Belə ki, onlara xidmət etsinlər, onların nüfuzlarını və qüdrətlərini genişləndirərək xalqı İslamın həqiqətlərindən uzaq saxlasınlar.

7. Gördüyünüz kimi, Malik İraq xalqından savayı heç kəsdən qorxmur. Belə ki, onlar Əli ibni Əbi Talib (ə)-ın şiələrindən olub, elm və fiqhdə pak imamlara itaət edir, Malik və Malik kimilərə etina etmirdilər. Onların Əhli-beytlə müxalif olub, hakimiyyətə yaxınlaşmalarını gözəl başa düşür və dünyalarını pula satmalarını görürdülər.

Buna görə də Malik xəlifəyə deyir: Allah əmiri salamat etsin. İraq xalqı bizim elmimizi qəbul etmir və ona bağlanmırlar.

Mənsur təkəbbürlə cavab verir: Biz onları məcbur edər, qılıncla onların başını, qamçı ilə bellərini sındırarıq.

Burada hakimlərin yaratdığı məzhəblərin necə şöhrət tapıb yayılması aydın olur. Həmin məzhəblərdir ki, bu gün əhli-sünnət və camaat adını özünə almışdır.

Daha təəccüblüsü Əbu Hənifənin Maliklə və Malikin onunla müxalif olmasıdır. Hər ikisi də Şafei və Əhməd Hənbəl ilə müxalifdirlər. Dörd məzhəbin eyni nəzərdə olduğu heç bir məsələ yoxdur. Yalnız çox az və cüzi. Baxmayaraq ki, hamısı əhli-sünnət və camaatdır! Başa düşmək olmur ki, bu nə cür camaatdır (cəmdir)?!

Malikdir, ya Hənəfi, ya Şafei, ya Hənbəli?! Yox, nə budur, nə də o, bəlkə Müaviyə ibni Əbu Süfyanın camaatıdır. Onlar Əli ibni Əbi Talib (ə)-ı lənətləməkdə onunla həmfikirdirlər və səksən il bu “sünnəyə” əməl etmişdirlər.

Öz aralarında bu qədər ixtilaf ola-ola, bu dörd məzhəbdən kənara çıxmayınca hər bir məsələdə anlaşılmazlığı azad bildikləri halda, başqa bir müctehid onlarla ixtilaf etsə, onu kafir sanaraq İslamdan kənar bilərlər.

Əgər ağıllı insandırlarsa, nəyə görə şiənin ixtilafını öz daxili ixtilafları kimi qəbul etmirlər? Bu insafdandırmı?

Amma şiə onların nəzərində bağışlanmalı deyil, çünki onların günahı budur ki, Peyğəmbərdən savayı heç kimi həzrət Əli (ə)-dan üstün bilmirlər. Bu, ixtilafın əslidir ki, əhli-sünnə və camaat ona dözə bilmirlər. Onlar yalnız bir şeydə vəhdətdədirlər, o da Əli (ə)-ı xilafətdən kənara qoymaq, onun fəzilətlərini gizlətməkdir.

8. Zorla müsəlmanlara hakim olanlar onların mallarını əliaçıqlıqla alimə oxşayanlara paylayırlar. Bu yolla onların vicdan və dinlərini öz əllərinə alırlar.

Malik dedi: Sonra əmr etdi ki, mənə min dinar qızıl və qiymətli paltar versinlər. Min dinar da öz oğluna bağışladı.

Bu, Malikin özünün etiraf etdiyidir. Bəlkə demədiyi şeylər bundan da artıqdır. Çünki onun aşkar hədiyyədən xoşu gəlmirdi və istəmirdi ki, xalq bunu bilsin. Bunu onun öz sözlərindən başa düşmək olar.

Qulam o paltarı mənim çiynimə qoyanda aşağı əyildim. İstəmirdim onu mənim çiynimə qoysun. Bu işdən xoşum gəlmirdi.

Mənsur bunu bildiyi üçün qulamına əmr etdi ki, paltarı xeyməyə aparsın. Bəlkə, bu yolla camaat bir şey başa düşməsin.

ZƏMANƏ ALİMLƏRİNİN HAKİM ABBASİ TƏRƏFİNDƏN YAXALANMASI

Abbasi xəlifəsi Əbu Cəfər Mənsur böyük siyasətçi idi. İnsanların vicdanını ələ ala bilir, müxtəlif yollarla öz nüfuzunu genişləndirmək istəyirdi. Bu, onun Maliklə görüşündə açıq surətdə bilinir. Çünki Mədinənin valisi Malikə şallaq vurduqdan sonra onunla çoxdan dost olduğunu aşkar etdi.

Malik bu hadisədən on beş il qabaq, bir dəfə də Mənsurla görüşmüşdü. Bu Mənsurun yenicə xilafətə çatdığı zaman idi.[107] Mənsur o görüşdə Malikə demişdi:

Ey Əba Əbdillah! Mən yuxu görmüşəm!

Malik dedi: Allah əmirəl-möminini düz fikrə hidayət etsin. Əmirəl-möminin nə görmüşdür?

Əbu Cəfər dedi: Gördüm ki, səni bu evdə oturtmuşam. Sən Allahın evini abad edənlərdən olmusan. Mən də xalqı sənin elminə itaətə məcbur etmişəm. Dövlət və şəhərlərdə camaatla əhd bağlamışam ki, həcc mövsümündə öz nümayəndələrini sənin yanına göndərsinlər. Sən də öz növbəndə onları düz yola hidayət edəsən. Elm yalnız Mədinə camaatının elmidir, sən də onların ən elmlisisən.[108]

İbni Qüteybə yazır: Əbu Cəfər Mənsur xilafətə çatdığı zaman Malik ibni Ənəs, İbni Əbi Züeyb və İbni Səmanı bir yerə yığdı və onlardan soruşdu: Mən sizin nəzərinizdə nə cür adamam? Adil rəhbərlərdənsən, ya zalım?

Malik deyir: Mən dedim: Ey əmirəl-möminin! Mən Allahı və sənin qohumun Peyğəmbər (s)-i vasitəçi salıb, bunun cavabını verməkdən məni məzur qılmanı istəyirəm.

Dedi: Əmirəl-möminin səni bağışladı.

İbni Səman dedi: Allaha and olsun ki, sən çox yaxşı kişisən. Allahın evinə – həccə gedir, Onun düşməni ilə cihad edirsən. Yollarda əmniyyət yaradır, zəiflər sənin vasitənlə arxayın olurlar. Din səninlə möhkəmdir! Sən çox adil rəhbər və xalqın ən yaxşısısan!!

İbni Əbi Züeyb dedi: Allaha and olsun! Sən mənim üçün xalqın ən pisisən. Allah və Peyğəmbərin malını yığıb saxlamış, Peyğəmbərin qohumlarının, yetimlərin və fəqirlərin payını vermirsən. Zəifləri yazıq etmiş, güclüləri əzaba salmısan. Onların malını əllərindən almısan. Sabah Allaha nə cavab verəcəksən?

Əbu Cəfər ona dedi: Nə dediyini heç başa düşürsən? Gör kimin qarşısındasan?

Dedi: Bəli, qılınclar görürəm, canım xətərdədir, amma ölüm yüz faizdir, nə qədər tez gəlsə, o qədər yaxşıdır.

Bu söhbətdən sonra Mənsur İbni Əbi Züeyblə İbni Səmanı bayıra çıxartdı. Maliklə tək qaldıqda, ona aman verib dedi: “Ey Əba Əbdillah! Arxayınlıqla öz şəhərinə qayıt. Əgər bizim yanımızda olanları istəsən, biz də heç kəsi səndən üstün tutmarıq və heç kəs səninlə bərabər olmaz...”

Deyir: Sabahı gün Əbu Cəfər Mənsur onların hər biri üçün bir kisə göndərdi. Hər birində beş min dinar pul var idi. Pulları aparan şəxs onun qoruyucularından biri idi. Mənsur ona dedi: Onları hər birinə bir kisə ver, əgər Malik ibni Ənəs pulu aldı, heç, almasa da bir eybi yoxdur.

Amma əgər İbni Əbi Züeyb aldı, başını kəsib mənə gətir, əgər almasa, eybi yoxdur.

İbni Səman əgər almasa, başını kəs, mənə gətir. Əgər alsa, qoy salamat getsin.

Malik deyir: O kişi pulları gətirdi. İbni Səman pulu aldı və sağ qaldı. İbni Zübeyr almadı, o da sağ qaldı. Amma, Allaha and olsun, mənim pula ehtiyacım var idi, ona görə onu aldım.[109]

Bu, abbasilərin bəyəndiyi həmin üslub idi. O zaman onlar üçün daha çox əhəmiyyət kəsb edirdi. Xalq onlara – Peyəğəmbər (s)-lə qohum olduqları üçün – hörmət edirdi. Elə bu səbəbdən xəlifə Malikin nə demək istədiyini başa düşdü və bəyəndi. Onu söz deməkdən azad etdi.

İkincisi, İbni Səman idi. Xəlifəni elə tərif etdi ki, onun qorxusu onda olmasın. Çünki cəllad durmuş, xəlifənin əmrini gözləyirdi.

İbni Əbi Züeybə gəldikdə isə, o, qorxusu olmayan, şücaətli bir insan idi. Allah yolunda heç kəsdən qorxmur, imanlı, ixlaslı, düz danışan, Allahın, Peyğəmbərin və müsəlmanların xeyrini istəyən idi. Heç bir qorxusu olmadan həqiqəti deyib, onun yalançı və hiyləgər olmasını aşkar etdi. Onu ölümlə hədələdikdə isə, hazır olduğunu bildirdi.

Xəlifə o iki nəfəri pulla yoxladı. İmam Maliki isə hər bir surətdə bağışladı. Hər iki halda sağ qalacağını bildirdi.

Əgər İbni Əbi Züeyb pul alsa, ya İbni Səman almasaydı, hər ikisinin başı kəsiləcəkdi. Əbu Cəfər Mənsur çox siyasətcil və hiyləgər idi. Maliki böyüdüb, onun məzhəbini rəsmi etdi. İbni Əbi Züeybin – Malikdən savadlı olmasına baxmayaraq – məzhəbini aradan apardı. Əhməd ibni Hənbəl onun Malikdən savadlı olmasını təsdiq etmişdi.[110]

Şafeinin etirafına görə, Leys ibni Səd də Malikdən savadlı idi.[111] Həqiqət isə bu idi ki, imam Sadiq (ə) hamıdan elmli idi. Bunu hamı etiraf edir.[112] Görəsən, ümmətin arasında elə bir adam vardı ki, fəzilət, şərafət, elm və əməldə ona çatsın? O elə bir kəsdir ki, cəddi Əli ibni Əbi Talib (ə) Peyğəmbərdən sonra xalqın ən alimi, ən fəqihi olmuşdur.

Amma bu, siyasətdir ki, kimini yuxarı və kimini də aşağı gətirir. Həmçinin bu, puldur ki, bəzi adamları qabağa salır, bəzilərini isə geri qovur.

Burada hər şeydən mühüm olan şey, əhli-sünnə və camaatın bu dörd məzhəbinin siyasət nəticəsində vücuda gətirilib xalqa zorla sırılmasının möhkəm və eyni zamanda aydın dəlillərlə sübut edilməsidir. Sözsüz, xalq da öz əmirlərinin dinindədir.

Daha geniş xəbərdar olmaq istəyənlər Şeyx Əhməd Heydərin yazdığı “Əl-imamus-Sadiqu vəl-məzahibul-ərbəətu” kitabına müraciət edə bilərlər.

Bu kitabda imam Malikin hakimlərin yanında hansı nüfuza və sevgiyə malik olduğunun şahidi ola bilərsiniz. Hətta imam Şafei Mədinənin valisindən xahiş edir ki, imam Malikin evinə getmək üçün şərait yaratsın. Hakim ona deyir: Mən hazıram Mədinədən Məkkəyə piyada gedəm, amma Malikin qapısında dayanmayam. Onun qapısında durduqda zəlil olduğum qədər heç bir yerdə zəlil olmuram.

Əhməd Əmin Misri özünün “Zühurul-İslam” kitabında yazır: Dövlətlər əhli-sünnət məzhəblərinin möhkəmlənməsində böyük rola malik olmuşlar. Hökumətlər möhkəm olduğu zaman bir məzhəbə kömək, xalq da itaət edir. O məzhəb həmin dövlət qalana qədər davam edir.[113]

Biz deyirik ki, imam Sadiq (ə)-ın məzhəbi Əhli-beytin məzhəbidir. Əlbəttə, əgər ona məzhəb adı qoymaq düz hesab olunarsa. (Bu cür adlandırmaq müsəlmanların adətidir.) Bu, həmin həqiqi İslamdırsa ki, Allah rəsulu onu gətirmişdir, heç bir dövlət də ona kömək etməmiş və rəsmən tanınmamışdır. Əksinə olaraq, bütün hakimlər onu məhv etmək üçün çalışmış, hər yolla olursa-olsun, xalqı ondan uzaqlaşdırmaq istəmişlər.

Əgər bu qaranlıq aradan getmiş və bütün tarix boyu ona kömək olunmuşsa da, bu Allahın müsəlmanlara olan lütfündən irəli gəlmişdir. Çünki Allahın nurunu heç kəs söndürə, qılıncla kəsə bilməz. Aldadıcı təbliğlər, qərəzli şayiələr onu aparmağa qadir deyildir.

Allah Peyğəmbəri dünyadan gedəndən sonra hidayət imamlarına və pak Əhli-beyt (ə) iqtida edənlər çox az olmuşdur. Tarix boyu müxtəlif zəmanələrdə artıb çoxalmışdır. Çünki pak ağacın kökü torpaqda, budaqları isə göydədir. Hər zaman Allah istəsə, o, meyvə gətirir. Hər şey Allahla olsa qalır və yaşayır.

Qüreyş elə əvvəllər də – Həzrət Mühəmməd (ə)-in təbliği zamanı – onun qarşısını almaq istəyirdilər. Amma Allahın köməyi və Əbu Talibin (ki, özünü Həzrətə fəda etmişdi) çalışması ilə bir iş görə bilmədilər.

Qüreyş özü-özünü aldadıb “Mühəmməd (s)-in ocağı kordur” – dedilər. “O, dünyadan getdiyi zaman nəsli kəsiləcək və işi də axıra çatacaqdır.”

Amma Pərvərdigar ona “Kövsər” verdi. Həsən və Hüseynin babası oldu. Möminlərə müjdə verib dedi: Onlar hər ikisi imamdır, istər sülh etsinlər, istərsə də qiyama qalxsınlar. Qalan doqquz imam Hüseyn (ə)-ın övladlarındandır.

Qüreyş isə bunu istəmirdi. Həzrət Mühəmməd (s) dünyadan gedəndən sonra, ayağa qalxıb onun ailəsini yer üzündən silmək istədilər. Fatimə (əleyha-salam)-ın evini mühasirə etdilər və yandırdılar. Əgər Əli (ə) təslim olmasaydı, barışıq da olmazdı və nəticədə İslama son qoyardılar.

Qüreyş rahat oldu, qorxuları aradan getdi. Çünki dövlət artıq onların əlində idi. Mühəmməd (s)-in nəslindən onları qorxuda biləcək bir kəs qalmamışdı. Amma Əli (ə) xilafətə gəldiyi zaman Qüreyş yenidən öz işinə başladı. Həzrət Əli (ə)-a qarşı amansız müharibələr apardılar və onu məhv edənə qədər dayanmadılar. Xilafəti Qüreyşin ən pis tayfasına qaytardılar. Yenidən padşahlıq geri qayıtdı və irs şəklində oldu.

Hüseyn (ə) Yezidlə beyətdən imtina etdiyi zaman Qüreyş yenidən Peyğəmbər (s)-in Əhli-beytini tamamilə aradan aparmaq üçün ayağa qalxdılar. Hətta onların adını tarixdən silmək istəyirdilər.

Kərbəla faciəsi baş verdi. Bu faciədə Peyğəmbər (s)-in bütün nəslini, hətta südəmər uşaqlarını öldürüb şəhid etdilər. Nübüvvətin tamam kökünü qırmaq istədilər. Amma Allah Öz Peyğəmbərinə verdiyi vədəyə əməl etdi, Əli ibni Hüseyn (ə)-a nicat verdi. Onun nəslindən başqa imamları dünyaya gətirdi. Şərq və qərb onun nəsli ilə doldu, Kövsər vücud tapdı.

Elə bir şəhər və kənd yoxdur ki, orada Peyğəmbər (s)-in nəslindən bir nəfər ya özü, ya da təsiri olmasın. Xalq onlara ehtiram edir, onları sevir.

Bütün bu qədər çətinlik və hiylələrdən sonra bu gün Cəfəri şiələrinin sayı iki yüz əlli milyona çatır. Onların hamısı Peyğəmbər (s) ailəsinin on iki imamlarına itaət edirlər. Bu yolla Allaha yaxınlaşmaq və Peyğəmbər (s)-in şəfaətinə nail olmaq istəyirlər.

Başqa məzhəblərin sayı – dövlətlərin himayə etməsinə, xalqı onlara tərəf çəkmələrinə baxmayaraq – bu qədər deyildir.

وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ

“Onlar çarə fikirləşirdilər və Allah çarə fikirləşdi. Allah ən yaxşı çarə edəndir.”[114]

Məgər Firon Bəni-İsrailin bütün xırda oğlan uşaqlarını öldürməyə əmr etmədimi? Onun bu işinin səbəbi münəccimlərin ona verdikləri xəbər idi.

Münəccimlər xəbər vermişdilər ki, Bəni-İsraildən bir uşaq dünyaya gələcəkdir ki, onun şahlığını təhlükəyə salacaqdır. Amma ən yaxşı çarə edən (Allah) Musa (ə)-a Fironun hiyləsindən nicat verdi. Onu Fironun öz evindəcə böyüdüb şahlığına son qoydu. Məgər öz zəmanəsinin Fironu olan Müaviyə Həzrət Əli (ə)-a lənət göndərtdirib onun övlad və şiələrini öldürmədimi? Onun fəzilətlərini deməyin qarşısını almadımı? Bütün gücü ilə Allahın nurunu söndürüb cahiliyyəti təzədən geri qaytarmaq istəmədimi? Amma ən gözəl çarə edən Allah Müaviyənin istəyinin əleyhinə olaraq, Əli (ə)-ın adını və ardıcıllarını ucaltdı. İndi bütün dünyada – istər şiə, istər sünnü, hətta məsihi və yəhudilər belə – Əli (ə)-ın adını hər yerdə (yaxşılıqla) çəkirlər. Onun qəbri Allah Peyğəmbərinin qəbrindən sonra ziyarətgaha çevrilmiş, milyonlarla insan onu ziyarət edib göz yaşı tökürlər. Onu sevməklə Allaha yaxınlaşırlar.

Amma Müaviyənin (ki, yer üzünəd imperatorluq edirdi) adı itib-batmışdır. Ondan heç bir xatirə qalmamışdır. Qaranlıq və balaca məqbərədən başqa qəbrində heç nə yoxdur. Bir nəfər də olsun, ziyarətinə gedib onu yada salmır.

Ey ağıllı insanlar! Baxın ibrət alın. Batilin yalnız quru səsi vardır. Haq isə əbədi yaşayacaqdır!

Bizi haqq yola hidayət etdiyi üçün Allaha şükür edirik. Allah bizə göstərdi ki, şiələr Peyğəmbərin sünnətinə həqiqətən əməl edənlərdir. Çünki onlar Əhli-beytə iqtida edirlər. Əhli-beyt Peyğəmbərin ailəsindəndir və onlar ailədən və onun daxilindən daha yaxşı xəbərdardırlar. Onlardır ki, Allah onları seçmiş və Kitabını onlara vermişdir.

Allah həmçinin bizə öyrətmişdir ki, əhli-sünnət və camaat özlərinin (keçmişdə və indi olan) hakimlərinin bidətinə itaət edirlər və iddia etdikləri şeydə heç bir dəlilləri yoxdur.

«SƏQƏLEYN» HƏDİSİ ŞİƏNİN NƏZƏRİNDƏ

Yalnız şiənin Peyğəmbər (s)-in sünnətinə əməl etməsini sabit edən şeylərdən biri də Allah rəsulundan olunan rəvayətdir. Bu, məşhur “səqəleyn” hədisidir. Həzrət bu hədisdə buyurur: “Mən sizin aranızda iki qiymətli şey qoyuram. Onlardan biri Allahın Kitabı, digəri isə mənim Əhli-beytimdir. Nə qədər ki, onlardan yapışmısınız, heç vaxt məndən sonra (haqdan) azmazsınız. Onlardan qabağa keçməyin ki, yazıq və dala qalmayın ki, bədbəxt olarsınız. Onlara heç nə öyrətməyin, onlar sizdən biliklidir.”[115] Bəzi rəvayətlərdə belə gəlmişdir: “Alim və agah Allah mənə xəbər verdi ki, o ikisi (Quran və Əhli-beyt (ə)) Kövsər hovuzunda mənim yanıma gələnə qədər bir-birindən ayrılmaz.”

“Səqəleyn” hədisini əhli-sünnət və camaat iyirmi kitabdan səhih və müsnəd rəvayətlərlə nəql etmişlər. Şiələr də o hədisi öz hədis kitablarında gətirmişlər.

Gördüyünüz kimi, bu hədis aşkar surətdə deyir: Əhli-sünnət və camaat haqq yoldan azmışlar. Onların hər ikisindən tutmamış, yazıq olmuşlar. Çünki Əhli-beytdən qabağa düşmüşlər. Güman edirlər ki, Əbu Hənifə, Malik, Şafei və İbni Hənbəl pak Əhli-beytdən daha elmlidirlər. Pak Əhli-beyti bir kənara qoyub onlara itaət edirlər.



Geri   İrəli
Go to TOP