A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həqiqət olduğu kimi... 1
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 146
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bizim yəqinimizi daha da artıran, Əhli-beytdən olan imamların heç kəsin yanında elm oxumamasıdır. Heç bir tarixçi, mühəddis və sirə yazan şəxs Əhli-beyt imamlarının səhabə, ya tabeindən elm oxumasını yazmamışdır. Ümmətin bütün alimləri, o cümlədən başqa məzhəb sahiblərinin hamısı başqa alim yanında dərs almışlar.

Əbu Hənifə imam Sadiqin, Malik isə Əbu Hənifənin şagirdi olmuş, Şafei Malikdən və Əhməd də Şafeidən istifadə etmişdir.

Amma Əhli-beyt alimləri öz elmlərini Allahdan almış, nəsildən-nəsilə irs aparmışlar. Allah yalnız onların haqqında buyurmuşdur:

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا

“Sonra Kitab və elmi seçdiyimiz bəndələrə irs olaraq verdik.”

Başqa bir yerdə imam Cəfər Sadiq (ə) bu həqiqət barəsində belə buyurur: Çox təəccüblüdür, camaat öz elmlərini Allah rəsulundan aldıqlarını və ona əməl etdiklərini deyir, bizim isə ondan heç nə öyrənmədiyimizi iddia edirlər. Biz onun ailəsiyik, bizim ailəmizdə vəhy nazil olmuşdur. Elm bizim ailədən xalqa çatmışdır. Sizin fikrinizcə, onlar bilib həqiqətə çatmışlar, ya biz bilməyib həqiqətdən uzaq olmuşuq?!

Bəli, imam Sadiq (ə) necə də təəccüb etməsin? Əhli-beytlə düşmənçilik etdikləri halda Həzrət Peyğəmbər (ə)-dən elm öyrəndiklərini iddia edirlər. Sünnəti ayaq altına qoyub özlərini əhli-sünnət adlandırırlar?!

Tarixin şəhadət verdiyi kimi, şiələr Əliyə yaxın olmuş, ona kömək etmişlər. Düşmənləri qarşısında durmuş, müharibələrdə onunla olmuşlar. Bütün elmlərini ondan almışlar. Əhli sünnət və camaat isə əksinə olaraq onun şiəsi olmamış, ona kömək etməmişlər. Həmişə onunla müharibə etmiş, onu aradan aparmağa çalışmışlar. Ondan sonra övladlarını azad buraxmamış, ya zindanlara salmış, ya da öldürmüşlər. Dinin bir çox hökmlərində onunla düşmənçilik etmişlər. Özlərini elm və bilik sahibi bilib Allahın dinində ictihad edənlərin ardınca düşmüş, onlara itaət etmişlər.

Özlərini əhli-sünnət və camaat adlandıran bu insanlara necə də təəccüb etməyəsən. Sünnət və camaatdan olduqları halda dörd yerə bölünmüşlər: Maliki, Hənəfi, Şafei və Hənbəli. Bunların dördü də fiqh hökmlərində bir-biri ilə müxalifətçilik edirlər. İxtilafların onlar üçün rəhmət olduğunu iddia edirlər. Bu yolla Allahın dini həvayi-nəfslərə, şəxsi fikirlərə qurban edilir.

Bəli, bu qruplar çoxdandır ki, Allah və Peyğəmbərin əhkamından çıxmışdır. Bununla belə bir nöqtədə “Səqifə icmasının düz olmasında və Peyğəmbər (s) ailəsinin kənara qoyulmasında” birləşirlər.

Bunların əhli-sünnət olmalarına necə də təəccüb etməyəsən? Allah rəsulunun “səqəleyn”indən, yəni, Allahın kitabı və Əhli-beytdən tutma əmrini yerə atdılar. Baxmayaraq ki, onlar bu hədisi düz saymış, öz Səhih” kitablarında sənədlə gətirmişlər. Onlar nə Qurandan tutmuşlar, nə də Əhli-beytdən. Əhli-beyti bir kənara qoymaq həqiqətdə Quranı kənara qoymaqdır. Çünki hədis bunların heç zaman bir-birindən ayrılmayacağını qeyd etmişdir. Allah Peyğəmbəri buyurur: Alim olan Allah mənə xəbər vermişdir ki, bu iki – “Quran və itrət” Kövsər hovuzunda mənə yetişənə qədər heç vaxt bir-birindən ayrılmayacaqdır.[94]

Bunların əhli-sünnət olmasına necə də təəccüb etməyəsən? Öz səhih kitablarında Peyğəmbərin rəftarı barəsində olan hədislərlə müxalifətçilik edirlər?[95]

Əhli-sünnənin daha çox qəbul etmək istədiyi “mən sizin aranızda Allahın kitabı və öz sünnətimi qoyuram. Əgər onlardan tutsanız, heç vaxt yoldan çıxmazsınız” hədisini əgər səhih saysaq, bizim təəccübümüz, onların isə biabırçılığı daha da artacaqdır. Çünki onların rəhbərləri həmin o kəslərdir ki, ilk dəfə özləri Peyğəmbərin sünnətini ayaq altına qoyub onun hədislərini yandırdılar. Onları müsəlman içində yayılmağa qoymadılar.

Ömər ibni Xəttab çox aşkar deyir: Allahın Kitabı bizə bəsdir. Bu sözü demək Allah rəsulunu rədd etmək deməkdir. Hər kəs Allahın rəsulunu rədd edərsə, Allahı rədd etmişdir.

Ömər ibni Xəttabın bu sözünü əhli-sünnətin bütün səhih kitabları gətirmişdir. Onlardan biri də Buxari və Müslümdür. Peyğəmbər “mən sizin aranızda kitab və sünnəti qoyuram” dedikdə, Ömər ona cavab verir. Allahın kitabı bizə bəs edər, sənin sünnətinə ehtiyac yoxdur. Əgər Ömər Peyğəmbərin qarşısında belə bir söz deyirsə, sözsüz dostu Əbu Bəkr də onun sözünü təkid etmişdir. O, xəlifə olduqdan sonra dedi: Allah rəsulundan heç nə rəvayət etməyin. Əgər bir kəs sizdən bir şey soruşsa, deyin: Allahın kitabı bizimlədir. Onun halalını halal, haramını haram bilin.[96]

(Onların hər işi təəccüblüdür.) Onlar Allah rəsulunun sünnətini tərk edib onun yerinə bidətlər meydana çıxartdılar. O bidətlər ki, Allah heç birisi barəsində elm və bilik göndərməyibdir.

Amma görəndə ki, Əbu Bəkr “əgər məni Peyğəmbərin sünnəti ilə məhkum etmək istəyirsinizsə, mənim ona taqətim yoxdur” cümləsini deyir və bizim təəccübümüz azalır.

Nəyə görə Əbu Bəkrin Peyğəmbər sünnəsinə taqəti yoxdur? Görəsən, Peyğəmbərin sünnəsi qeyri-mümkün olan bir şeydir ki, Əbu Bəkr ona dözə bilmir?

Məzhəblərinin banisi olan birinci imamları əgər sünnətə dözə bilmirsə, onlar necə özlərinin əhli sünnə və camaat olduqlarını deyirlər?!!

Allah Quranda buyurmurmu:

لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ

“Sizin üçün Allah Peyğəmbərində gözəl nümunə vardır.”[97]

Yenə də sünnət barəsində buyurur:

لاَ تُكَلَّفُ نَفْسٌ إِلاَّ وُسْعَهَا

“Allah heç kəsə, onun bacardığından üstün təklif etmir.”[98]

وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ

“Allah sizin üçün dində çətinlik qoymamışdır.”[99]

Görəsən, Əbu Bəkr və dostu bu fikirdədir ki, Allah rəsulu Allahın göndərdiyi dindən başqa bir din gətirmiş və müsəlmanları çətinliklə üz-üzə qoymuşdur? Yox, belə deyildir. O özü çox vaxt buyururdu: Xalqa müjdə verin. Onları bezdirməyin, onlara asan tutun, çətinlik yaratmayın. Allah sizə bəzi işlərdə icazə vermişdir, özünüzü çətinliyə salmayın.

Amma Əbu Bəkrin sünnəyə dözə bilməməsi etirafı bizim dediyimizi təsdiq edir. Çünki o öz dövlət siyasətinə uyğun bidətlər yaratmışdır.

Ola bilər ki, Ömər də Quran və sünnətin dözülməz olduğu fikrindədir! Cənabət vaxtı su olmadıqda namazı tərk edir, xilafəti zamanı da həmin fətvanı verir. Baxmayaraq ki, bütün adamlar onun hökmünü bilirdilər. Hədisçilər hamısı onun hökmünü qeyd etmişlər.

Ömərin cinsi əlaqəyə çox həvəsi olduğu üçün bu ayə onun haqqında nazil olmuşdur:

عَلِمَ اللّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ

“Allah bilirdi ki, özünüzə xəyanət edəcəksiniz və sizə bağışladı.”[100]

O oruc tutduğu zaman özünü cinsi əlaqədən saxlaya bilmədi. Su az olduğu üçün qüsl etməyib namazı tərk etdi. Özünü rahat edib su çoxalana qədər gözləməyi qərara aldı. Bu niyyətlə ki, namazını sonra yenidən qılsın.

Osmanın da Peyğəmbər (s)-in sünnəti ilə müxalifətçilik etməsi məşhurdur. Belə ki, Aişə Peyğəmbərin köynəyini əlinə götürüb dedi: “Peyğəmbərin köynəyi köhnəlməmiş Osman onun sünnətini köhnəltdi.” Peyğəmbər və iki şeyxin sünnətini ayağı altına qoyduğuna görə səhabələr onu öldürdülər.

Müaviyənin işi isə danışılmalı deyil. O həm Quran, həm də Peyğəmbərin sünnəti ilə müxalifətçilik və düşmənçilik etdi. Çünki Peyğəmbər buyurmuşdu:

“Əli məndən, mən də Əlidənəm. Hər kəs Əlini söysə, məni söymüşdür. Hər kəs məni söysə, sanki Allahı söymüşdür.”[101]

Tarixdə göstərilir ki, Müaviyə Əli (ə)-ı söyməkdə həddini aşmışdı. O, bütün hakimlərə Əlini söyməyi və lənət etməyi tapşırmışdı. Boyun qaçıran hər bir kəsi işdən uzaqlaşdırıb öldürmüşdü.

Müaviyə özünü və ardıcıllarını əhli-sünnət və camaat adlandırmışdı. O, bu işi şiə adının müqabilində etmişdi.

Bəzi tarixçilər Müaviyənin İmam Həsən (ə)-la sülh edəndən sonra xilafəti öz əlinə keçirdiyi ili “camaat” ili adlandırdığını qeyd etmişlər.

Bəli, Müaviyənin sünnəsindən məqsəd Əli (ə)-ı minbər üstündə lənətləməkdir, buna görə də onların əhli-sünnə olmaları təəccüb doğurmur.

Əgər sünnət və camaat Müaviyənin bidətlərindəndirsə, onda Allahdan istəyirik ki, bizim canımızı Əli (ə) banisi olduğu “rafizi” bidətində alsın!!!

Əziz oxucular! Əhli-bidətin əhli-sünnət və camaat, Əhli-beytin pak imamlarının isə əhli-bidət adlanmasına təəccüb etməyin.

Əllamə İbni Xəldun əhli-sünnətin məşhur alimlərindəndir. O, əhli-sünnət məzhəblərini saydıqdan sonra tam həyasızlıqla deyir: Əhli-beyt özlərinə bütün ümmətin əksinə olan bir məzhəb seçdilər. Özlərinə aid olan fiqh yaratdılar. Onu öz yaratdıqları təməl üstündə bina etdilər. Bəzi səhabələri də tənqid etdilər.[102]

Hörmətli oxucular! Mən əvvəldə sizə dedim ki, onların sözünün əksi həqiqətlə düz gəlir.

Əgər fasiqləri əhli-sünnət, pak imamları və Əhli-beyti əhli-bidət adlandırsaq (necə ki, Xəldun belə deyir), gərək İslamın fatihəsi oxunsun və daha dünyanın da bundan sonra heç bir qədir-qiyməti olmayacaqdır.

ZALIM BAŞÇILAR TƏRƏFİNDƏN ƏHLİ–SÜNNƏ İMAMLARININ TƏYİN OLUNMASI

Əhli-sünnə rəhbərlərinin Quran və sünnətlə müxalif olmalarını bildirən şeylərdən biri də onların heç birinin Əhli-beyt imamlarına tərəf gəlməməsi, nicat gəmisindən uzaq düşmələridir. Baxmayaraq ki, Peyğəmbərin pak sünnəti və Quran hamını onlara itaət etməyə çağırmışdır.

İmam Sadiq (ə)-dan dərs almış Əbu Hənifədən bu söz məşhurdur: “Əgər o iki il olmasaydı, Nöman (Əbu Hənifə) həlak olardı.” İki ildən hədəfi imam Sadiqdən dərs aldığı müddətdir. Buna baxmayaraq, bidətlə dolu olan bir məzhəb yaratdı. Qiyas və öz nəzəriyyələrini səhih rəvayətlərlə üz-üzə qoydu. Ondan əlavə, Malik də imam Sadiq (ə)-dan dərs almışdır. Ondan rəvayət olmuşdur ki, deyir: “Heç bir göz imam Sadiq (ə)-dan biliklisini görməmiş və heç bir qulaq eşitməmişdir. Heç bir kəs onun kimi insanın qəlbinə yol tapmamışdır.” Bunları deməsinə baxmayaraq, o da öz növbəsində yeni bir məzhəb yaratmışdır. Abbasilər onu böyüdüb “darul-hicrə imamı” adlandırdılar. Bundan sonra Malik çoxlu pul, qüdrət və nüfuz sahibi oldu.

Peyğəmbər ailəsini şiə adlandırmaqla müttəhim olan Şafei bu məşhur şeri demişdir:

“Ya Əhlə-beyti Rəsulillah, hubbukum,

Fərzun minəllahi fil-Qurani ənzələh.”

“Ey Allah rəsulunun Əhli-beyti!

Allah tərəfindən nazil olan Quranda eşqiniz vacib olmuşdur.”

“Kəfakum min əzimil-fəzli ənnəkum,

Mən ləm yusəlli ələykum la səlatə ləh.”

“Çox böyük fəzilətiniz üçün elə bircə bu kifayətdir ki,

Hər kəs sizə salavat göndərməzsə, namazı batildir.”

Həmçinin Əhli-beytin mədhində deyilmiş bu beytləri də ona nisbət verirlər:

“Və ləmma rəəytun-nasə qəd zəhəbət bihim,

Məzahibuhum fi əbhoril-ğəyyi vəl-cəhəl.”

“İnsanları azğınlıq və cəhalət dəryasında sərgərdan gördüyüm zaman,”

“Rəkibtu əla ismillahi fi sufunin-nəca,

və hum əhlu bəytil-Mustəfa Xatəmir-rusuli.”

“Allahın adı ilə nicat gəmisinə mən səvar oldum,

Onlar axırıncı Peyğəmbərin Əhli-beytidir.”

“Və əmsəktu həbləllahi və huvə və la vuhum,

Kəma qəd əmərəna bittəməssoki bil-həbli.”

“Allahın ipindən tutun ki, bu onların dostluğudur. Necə ki, bizə ibu pdən tutmağı əmr ediblər.”

Onun bu sözü məşhurdur:

“İn kanə rəfzən hubbu Ali-Mühəmməd,

Fəlyəşhədus-səqəlanə inni rafiziyyun.”

“Əgər Ali-Mühəmmədi sevmək rafizilikdirsə,

Ey cinlər və insanlar, şahid olun ki, mən də rafiziyəm.”

Əgər aləmləri şiə olmağına şahid çağırırsa, bəs nə üçün Əhli-beytin əksinə olan məzhəbləri kənara qoymur. Əksinə bundan da yuxarı, öz adına yeni məzhəb yaradır və zəmanəsində yaşayan Əhli-beyt imamlarından kənara çəkilir.

Həzrət Əli (ə)-ı raşidin imamlardan sayan Əhməd ibni Hənbəldən bu söz məşhurdur ki:

“Heç bir səhabənin Əli (ə)-ın fəziləti barəsində olan rəvayətlər qədər rəvayəti yoxdur. Bu rəvayətlərin hamısının sənədi səhihdir.”

O da məzhəb yaradıb ona öz adını vermişdir. Amma zəmanəsinin alimlərinin şəhadətinə görə o, fəqih olmamışdır.

Şeyx Əbu Zöhrə yazır: Qədim alimlərin çoxu Əhməd ibni Hənbəli fəqih bilməmişlər. O cümlədən, onun zəmanəsində yaşayan İbni Qüteybə və İbni Cərir Təbərinin adını çəkmək olar.

İbni Teymiyyə Hənbəli məzhəbindən çıxmış, ona özünün bir neçə nəzəriyyəsini əlavə etmişdir. O cümlədən, qəbirlərin ziyarətini və onların üstünü düzəltməyi haram etmişdir. Peyğəmbər ailəsinə təvəssül etməyi də qadağan etmiş, onların hamısını şirk hesab etmişdir. Bəli, budur bu dörd məzhəb, bu da onların rəhbərləri və Əhli-beyt haqqında olan fikirləri.

Onların bəzi sözlər deməsi və ona əməl etməmələri çox pis və nifrət doğurasıdır. Buna ona görədir ki, onlar özləri bu məzhəbləri yaratmamışlar. Həqiqətdə əməvi və abbasilərin vücuda gətirdikləri bu məzhəbləri onların köməyi ilə yaymış və öləndən sonra onların adı ilə məşhurlaşmışdır. Bu barədə tezliklə danışacağıq.

Siz bu rəhbərlərə təəccüb etmirsiniz ki, hidayət rəhbərləri olan Əhli-beytlə eyni zamanda yaşamış, lakin onların düz yolundan üz çevirmişlər? Onların öz cəddlərindən söylədikləri rəvayətləri qəbul etməyib başqalarının rəvayətlərini ondan üstün tutmuş, yəhudi olan Kəbul-əhbar və Əbu Hüreyrə kimi adamların rəvayətini düzgün saymışlar. Əmirəl-möminin Əli (ə) Əbu Hüreyrənin haqqında buyurur: “Peyğəmbər haqqında ən çox yalan danışan şəxs Əbu Hüreyrə Dusidir.” Aişə də həmin sözü Əbu Hüreyrənin haqqında demişdir.

Həzrət Əli (ə)-la düşmənçilikdə məşhur olan Abdullah ibni Öməri də Əhli-beytdən üstün tuturlar.

Abdullah ibni Ömər o kəsdir ki, Həzrət Əli (ə)-a beyət etməkdən boyun qaçırmış, əvəzində Həccac ibni Yusiflə beyət etmişdi.

Müaviyənin hiyləgər və münafiq müşaviri olan Əmr Ası da onlardan üstün tuturlar.

Bu rəhbərlərin özlərinə Allahın dinində “qanun qoyma” haqqını verməklərinə təəccüb etmirsiniz? Peyğəmbərin sünnətini ayaq altına qoyub, qiyas və bidət etməklə (ki, Allah onlara öyrətməmişdir) Peyğəmbər və dinilə döyüşə başladılar.

Görəsən, Allah və Peyğəmbər dinin kamil olmasına etinasız idilər? Bunlara icazə vermişdilərmi ki, öz ictihadları ilə onu kamil etsinlər? Hər nəyi istəsələr, onun halal və haram olmasını desinlər?!

Peyğəmbərin sünnətini tutmalarını iddia edən insanlara təəccüb etmirsiniz ki, nə Peyğəmbəri görmüş və nə də Peyğəmbər onları görüb tanımış adamlara itaət edirlər?!

Allahın kitabında, ya Peyğəmbərin sünnəsində onların bu əməllərinə dəlil vardırmı?!

Mən bu barədə bütün dünya ilə bəhs etməyə hazıram. Onlar bu haqda bir dəlil də Allah Kitabından və Peyğəmbər sünnəsindən gətirə bilməzlər.

Yox, and olsun Allaha, yox! Allahın Kitabında və Peyğəmbərin sünnəsində Əhli-beyt imamlarına təqlid və itaətdən başqa bir şey yoxdur. Bu barədə qəti dəlillər və parlayan həqiqətlər əldədir.

فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ

“Nəsihət alın, ey görənlər.”[103]

فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

“Gözlər kor olmaz, sinələrdə olan qəlblər kor olur.”[104]

SÜNNÜ MƏZHƏBİNİN YAYILMASININ SİRRİ

Tarix kitablarında təhqiq aparan, qədimlərin yazdıqlarını mütaliə edənlər başa düşürlər ki, sünnü məzhəbinin yayılmasına əsl səbəb o zaman qüdrətdə olan hakimlərin istəyi olmuşdur. Elə buna görə də onların ardıcılları həddindən artıqdır. Xalq həmişə öz ardıcıllarının ardıncadır.

Mühəqqiqlər onlarla məzhəbin tarix boyu vücuda gəlməsini görə bilərlər. Lakin hakim dairələrin onları himayət etməməsinə görə tez də aradan getmişlər. Bunlara misal olaraq Ovzan, Həsən Bəsri, Əbu Üyeynə, İbni Əbi Züeyb, Süfyan Suri, İbni Əbi Davud, Leys ibni Səd və digərlərinin məzhəbinin adını çəkmək olar.

Nümunə üçün, Leys ibni Səd, Malik ibni Ənəsin dostu olmuşdur. Şafeinin etirafına görə o, Malikdən fəqih və savadda daha artıq idi. Amma onun məzhəbi aradan getmiş, fiqhi o biri məzhəblərin içində itib-batmışdır. Əhməd ibni Hənbəl deyir: İbni Əbi Züeyb Malik ibni Ənəsdən daha savadlı idi. Amma Malik şəxsiyyətləri məhv etməkdə usta idi.

Tarixə müraciət edəndə görürük ki, Malik dövlətə yaxın adam olmuş, onlarla razılığa gəlib, onların dediklərinə əməl etmişdir. Beləliklə, nüfuza minmiş, məşhur olmuşdur. Onun məzhəbi qızıl və zor gücünə yayılırdı.

Məxsusən, onun şagirdi Yəhya ibni Yəhya Əndəlosun hakimilə dost olmaq üçün çox çalışmış və istəyinə nail olmuşdu. Belə ki, hakim də qaziləri seçmək məsuliyyətini onun öhdəsinə qoymuşdu. O da özünün maliki məzhəbindən olan dostlarını qəzavət işlərində yerləşdirmişdi.

Əbu Hənifənin məzhəbinin yayılması da belə olmuşdur. O, dünyadan getdikdən sonra iki yaxın şagirdi Əbu Yusif və Mühəmməd ibni Həsən Şeybani Harun Ər-Rəşidin yaxınlarından idilər. və onun qüdrətinin saxlanmasında böyük rol oynadılar. Hərəmxana qəhrəmanı, xoş gün keçirmə aşiqi olan Harun o iki nəfərin icazəsi olmadan heç kəsə qəzavət etməyə və fətva verməyə icazə vermirdi. Hər işdə gərək birinci o iki nəfərin nəzərini biləydilər.

Onların qazi qoyduqları adamların hamısı Hənəfi məzhəbindən idi. Beləliklə, Əbu Hənifə alimlərin alimi, onun məzhəbi ən böyük məzhəb oldu. Bu elə bir halda idi ki, onunla eyni əsrdə olan alimlər onu kafir və dinsiz bilirdilər. O cümlədən, Əhməd ibni Hənbəl və Əbul-Həsən Əşəri bu fikirdə idi.

Şafeinin də məzhəbi aradan getmək təhlükəsində olduğu zaman birdən-birə dirilib qüdrət tapdı. Çünki bu zaman dövlət onun köməyinə gəlmişdi. Tamamilə Fatimi şiəsi olan Misir dövləti Səlahəddin Əyyubinin zamanında şafei oldu. Çünki Səlahəddin bu zaman şiələri aradan apararaq onların başını qoyun başı kimi kəsirdi.

Hənbəli məzhəbi də abbasilərin dövləti zamanı Mötəsim tərəfindən himayə olunmasaydı, tanınmamış qalardı. Bu zaman Əhməd ibni Hənbəl öz qəti nəzəriyyəsindən döndü (o, Quranın məxluq olmasını deyirdi) və nasibi olan Mötəsimin yanında uca məqama çatdı.

Bu məzhəb bir dəfə də keçən əsrdə Şeyx Mühəmməd Əbdül-Vəhhabın vaxtında qüdrətə çatdı. İstemarçı qüdrətlər ondan istifadə etdilər. O, Səudi ilə al-verə başladı. Onlar da geçikmədən ona kömək və himayə etdilər. Beləliklə, onun məzhəbini Hicaz və Ərəbistanda yaydılar.

Hənbəli məzhəbi üç imama nisbət verilir. Onlardan birincisi Əhməd ibni Hənbəldir. O, özünün dediyinə görə, fəqih deyil, sadəcə olaraq, əhli-hədis və rəvayətdir.

İkincisi, İbni Teymiyyədir. Onlar İbni Teymiyyəni “Şeyxul-islam” və “Mucədditus-sünnə” adlandırırlar. O, bütün müsəlmanları “müşrik” adlandırdığına görə, zəmanəsinin alimləri onu təkfir edib “kafir” adlandırmışdılar.

Üçüncüsü, Mühəmməd ibni Əbdül-Vəhhabdır. O, orta şərqdə ingilislərin köməyi ilə Hənbəli məzhəbini diriltməyə başladı. Mühəmməd ibni Əbdül-Vəhhab İbni Teymiyyənin fətvalarını öz işinin əsasında qərar verdi. Beləliklə, Əhməd ibni Hənbəli yadlardan çıxartdı. Hal-hazırda onların məzhəbi artıq “Hənbəli” deyil, “vəhhabi” adlanır.

Sözsüz, bu məzhəblərin genişlənib şöhrət tapması dövlətlərin əli ilə olmuşdur.

Həmçinin, bu hakimlərin hamısının Əhli-beyt (ə)-la düşmən olmasında da heç şəkk və şübhə yoxdur. Onlar Əhli-beyt (ə)-ı həmişə özləri üçün bir xətər bilmişlər. Onlar şiələrin bir gün şahlığı onların əlindən alacağını fikirləşirlər. Elə buna görə də gecə-gündüz xalqı Əhli-beyt (ə)-dan uzaq salmağa çalışırlar. Hər kəs onlara itaət edərsə, tez öldürürlər.

Sözsüz bu cür hakimlər bəzi yaltaq alimləri iş başına gətirir, onları öz siyasətləri ilə uyğun fətvalar verməyə məcbur edirlər. Çünki xalqın həmişə şəri hökmlərə ehtiyacı vardır.

Hər zəmanədə olan hakimlər dindən xəbərdar olmadıqları üçün çarəsiz qalaraq bəzi alimləri onların tərəfindən fətva vermək üçün saxlayırdılar. Beləliklə, xalqa bildirirdilər ki, din başqa şeydir və siyasət başqa şey.

Xəlifə və hakim siyasət adamı, fəqih isə din adamı idi. Necə ki, bu gün müsəlman dövlətlərində prezident belə edir. Özünə yaxın olan din alimlərindən birini müfti, ya ona oxşayan bir şey edir. Ondan dini məsələlər, ibadət və sair işlərdə fətva verməsini istəyir.

Amma həqiqətə gəldikdə isə heç vaxt onun fətva verməyə haqqı yoxdur. Yalnız o zaman danışa bilər ki, dövlətin dediyini təkrar etsin, ya da dövlətin əleyhinə olmayan söz desin.

Bu quruluşun yaranması üç xəlifənin – Əbu Bəkr, Ömər və Osmanın zəmanəsinə qayıdır. Baxmayaraq ki, onlar din və siyasət arasında ayrılıq salmamışlar, amma bununla yanaşı dində icad etdikləri yeni qanunlar xilafətin xeyrinə olmuş və ona zamindir.

Bu üç xəlifə az-çox Peyğəmbərin hüzurunda olmuşdular. Siyasətləri ilə müxalif olmayan sünnətləri öyrənmişdilər.

Müaviyə yalnız hicrətin 9-cu ilində müsəlman oldu. Səhih rəvayətlər belə deyir: O, uzun müddət Peyğəmbərlə olmamış, onun sünnətindən elə də xəbərdar deyildi. Çarəsiz qalıb Əbu Hüreyrə, Əmr ibni As və bəzi səhabəyə əmr etdi ki, onun istədiyi kimi fətva versinlər. Ondan sonra Bəni Üməyyə və Bəni Abbas bu sünnəni, ya “bidəti” davam etdirdilər. Hakimiyyətə gələn hər hakimin yanında qazilər qazisi əyləşərdi. Onun vəzifəsi dövlətin siyasətinə uyğun qazilər təyin etmək idi. Bu yolla dövlətin möhkəmlənməsinə kömək edirdilər. Siz bu qazilərin həqiqətini görə bilərsiniz. Onlar hakimləri razı salmaqdan ötrü Allahı qəzəbləndirirdilər (təki onlar razı olsunlar).

Məsum olan imamların kənara qoyulmasının sirri buradan aydın olur. Bütün tarix boyu onların heç olmasa birinin qəzavətdə olmasını görə bilməzsiniz.

Əgər hakimlərin əli ilə dörd məzhəbin necə yayılmağını araşdırmaq istəsək, imam Malikin məzhəbinin üstündən pərdəni götürməklə bu məsələyə yol tapa bilərik. Malik təkcə Müvəttəəni yazmaqla məşhur oldu. Deyirlər ki, onu öz əli ilə yazmışdır. Əhli-sünnənin fikrincə, Qurandan sonra ən səhih kitab sayılır. Hətta bəzi əhli-sünnə alimləri onu “Səhihi Buxari”dən də üstün bilirlər.

Malikin şöhrəti hər tərəfi tutmuşdu. İş o yerə çatmışdı ki, deyirdilər: Malik Mədinədə ola-ola bir kəs fətva verə bilərmi? Onu “darul-hicrə imamı” adlandırırdılar.

Qeyd etmək lazımdır ki, Malik zor və güclə olunan beybəti haram etmişdi. Elə buna görə də Mədinənin valisi Cəfər tərəfindən yetmiş şallaq zərbəsi ilə cəzalandırıldı.

Maliki məzhəbində olanlar onu dəlil gətirib deyirlər ki, Malik həmin hakim dairə ilə müxalif olmuşdur. Bu söz düz deyildir. Çünki bunu deyənlər ardını da bəyan etmişlər. İndi sizi həmin hadisə ilə tanış edirik:

İbni Qüteybə yazır: Deyirlər ki, Cəfər ibni Süleymanın Maliklə etdiyi rəftar Mənsura çatanda bu işi çox pis adlandırıb öz narahatçılığını elan etdi. Cəfər ibni Süleymanın kənara qoyulması barəsində məktub yazdı. Onun çulsuz dəvədə Bağdada gətirilməsini əmr etdi.

Sonra başqa bir məktub yazıb Malik ibni Ənəsi öz yanına – Bağdada çağırdı. Amma Malik qəbul etmədi və Mənsura məktub yazıb ondan üzr istədi. Mənsur onun cavabında yazdı: "ələn il həcc mərasimində mənim yanıma gəl, çünki bu il istəyirəm həccə gedəm.[105]

Əgər Abbasi xəlifəsi Əbu Cəfər Mənsur öz əmisi oğlu Cəfər ibni Süleyman ibni Abbası Mədinənin valiliyindən çıxarır və günahını Maliki vurmaq bilirsə, bunun özü insanı şəkkə salıræ çünki Cəfər ibni Süleyman Maliki öz əmisi oğlunun xilafətini möhkəmlətmək üçün döyürmüş. Mənsur buna görə gərək ona hörmət edib vəzifəsini böyüdə, nəinki onu bu cür hədələyə. Lakin görürük ki, onu bərkənar etməklə yanaşı acınacaqlı surətdə Bağdada gətirir, sonra xəlifə özü Malikə məktub yazıb onu razı salır. Bu təəccüblüdür!

Buradan başa düşülür ki, Mədinənin hakimi axmaq hərəkət etmiş və siyasətdən xəbərsizdir. O bilirdi ki, Malik xəlifənin inamlı adamı onun şərif hərəmlərdə olan siyasi dayağı idi. Əgər belə deyildisə, onda əmisi oğlunu – yalnız Maliki vurduğuna görə – valilikdən çıxarmamalı idi. Baxmayaraq ki, Malik döyülməyə layiq idi, çünki xalqın Mənsurla etdiyi beyətin güclə olduğunu demişdi.

Bu cür hadisələr bu gün də gözümüzün qarşısında baş verir. Dövlət işçilərindən biri bir nəfərə zülm edir, zindana salıb dövləti möhkəmlətmək istəyir. Birdən xəbər yayılır ki, bu adam böyüklərin birinin qohumlarındandır. O dövlət işçisi işdən çıxarılır. Bəzən nə üçün çıxarıldığını heç özü də bilmir.

Burada bir hadisə yadıma düşdü. Fransalıların Tunisi işğal etdiyi zaman “İsaviyyə” təriqəsinin şeyxi bir dəstə adamla təbil vurub məddahi etməyə başlayırlar. Onlar bəzi küçələrdən keçərək özlərini övliyalarından birinin yanına çatdırırdılar. Bu onların həmişəlik adəti idi. Onlar bir fransız zabitinin evinin qarşısından keçdikləri zaman, o küçəyə çıxıb acıqla onların təbillərini cırır, özlərini də qovur. Səbəbi də bu idi ki, gecə saat 10-dan sonra səs-küy salıb camaatı narahat etmək olmazdı.



Geri   İrəli
Go to TOP