A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həqiqət olduğu kimi... 1
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 146
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Şiələr özlərini müdafiə etmək və əqidələrini tanımaq üçün kitablar yazır, əhli-sünnət qardaşlarını birliyə çağırırlar.

Bəzi ölkələrdə şiə alimləri İslamı qurumlar yaradaraq məzhəbləri bir-birinə yaxınlaşdırmaq üçün təhqiq aparırlar. Onlar müsəlmanlar arasında olan ayrılığı birliyə çevirmək istəyirlər.

Bəzi şiə alimləri isə Əl-əzhərə üz tutub əhli-sünnət və camaat alimləri ilə görüşür, ən gözəl yollarla fikir mübadiləsi aparırlar. Onlar kinləri aradan aparmaq üçün çox zəhmət çəkirlər. Bu alimlərdən biri də imam Şərəfuddin Musəvidir. O, Şeyx Səlimul-Bəşri ilə belə görüşlər keçirmişdir. Bu görüş və məktub yazışmalarının nəticəsi, çox qiymətli olan “Əl-müraciat” kitabıdır. Bu kitab müsəlmanların bir-birinə yaxınlaşmasında çox böyük təsir qoymuşdur. Şiə alimlərinin Misirdə çəkdikləri zəhmət çox faydalı olmuşdur. Bunlardan biri də Misir dövlətinin müftisi imam Məhmud Şəltutun tarixi fətvasıdır. O, şücaətli fətvasında Cəfəri məzhəbinə itaət etməni caiz bilmiş və şiə fiqhini Əl-əzhər dərslərindən saymışdır.

Şiələr həmişə Əhli-beyt imamlarını tanıtdırmağa çalışmışlar. Onların hədəfi İslamın tam mənalı məzhəbi olan şəiəni dünyaya tanıtdırmaqdır. Bu barədə çoxlu kitablar yazmış, dəyirmi masalar arxasında görüşlər keçirmişlər. Məxsusən İranda İslam inqilabı baş verdikdən sonra neçə-neçə belə konfranslar keçirilmişdir. “İslam birliyi”, “Məzhəbləri yaxınlaşdırmaq” adı ilə keçirilən bu konfranslarda düşmənçiliyi bir kənara qoymağa və qardaşlıq birliyini daha da möhkəmlətməyə çalışmışlar.

Hər il “İslam birliyi” konfransı şiə və sünnü alimlərini bir həftə həqiqi qardaşlıq sayəsi altında bir yerə yığır. Bu bir həftədə bir yerdə oturub durur, yeyib içir, namaz və dua oxuyaraq elmi söhbətlər aparırlar.

Bu yığıncaqların ən kiçik xidməti, müsəlmanların bir yerə yığışması və kinlərin aradan getməsidir. (Əgər başqa xidmətləri sadalamasaq.)

Şiələrin alimlərinin və avamlarının evlərində şiə kitablarının yanında əhli-sünnə kitablarına da rast gələ bilərsiniz. Amma təəssüflər olsun ki, bunun əksi sünnülərin evində gözə çarpmır.

Elə buna görə də şiə haqqında həqiqəti bilmirlər. Bildikləri yalnız onlara çatan yalanlardır.

Şiələr tarix oxuyur, onu bütün mərhələləri ilə araşdırır, müxtəlif münasibətləri bayram keçirirlər. Fərqli olaraq sünnü alimləri tarixə qiymət vermir, onu araşdırılması lazım olmayan bir müsibət bilirlər. Onların fikrincə, tarixə göz yummaq, onu oxumaqdan çəkinmək lazımdır, əks təqdirdə “Saleh sələflər” haqqında pis fikrə düşmək olar!!!

Şiələr Peyğəmbərin sünnətinə əməl edənlərdir. Onların Peyğəmbər (s)-dən sonra ilk imamı Əli ibni Əbi Talibdir. Əli ibni Əbi Talibin həyatı başdan-başa Peyğəmbərin sünnəti ilə əhatə olmuşdur. Hətta onunla beyət edərkən Şeyxeynin sünnətinə əməl etməsini istədikdə, o Həzrət buyurmuşdu: Mən Quran və Peyğəmbərin buyurduğundan başqa heç nəyə əməl etməyəcəyəm.

Əgər xilafət Peyğəmbər sünnətinin əleyhinə olarsa, o xilafət Əliyə lazım deyil. O özü bu barədə buyurur: Mənim üçün sizə xəlifə olmaq, keçinin asqırdığı zaman burnundan axan suya bənzəyir. (Yəni, xəlifə olmaq o Həzrət üçün çox qiymətsiz bir şeydir.) Bunu yalnız Allah qanunlarını icra etmək üçün qəbul edirəm.

O Həzrətin övladı olan imam Hüseyn (ə) buyurur:

“İn kanə dinu Muhəmmədin ləm yəstəqim illa biqətli, fəya süyufi xuzini.”

“Düzələrsə qətlimlə dini-Mühəmməd, onda ey qılınclar, öldürün məni.”

Bu söz əbədi bir nəğmə kimi bütün dünyada səslənir.

Şiələr öz əhli-sünnət qardaşlarına dostluq və mehribanlıq gözü ilə baxırlar. Onların hidayət tapmalarına ümid edirlər. Şiələrin fikrincə, bir nəfəri hidayət etmək bütün dünyaya dəyər. Səhih olan rəvayətlər bunu təsdiq edir. Xeybərin fəth olunması vaxtı Peyğəmbər (s) Əli (ə)-ı yəhudilərlə döyüşə göndərəndə buyurdu: Onlarla Allahın birliyinə və mənim risalətimə şəhadət verənə qədər döyüş. Bunu dedikləri zaman onların malı və canı qorunmalıdır və bundan sonra hesabları Allahladır. Allah əgər bir nəfəri sənin əlinlə hidayət edərsə, bu sənin üçün günəşin dəydiyi hər bir şeydən və cürbəcür nemətlərdən yaxşıdır.[80]

Əli ibni Əbi Talib (ə)-ın hədəfi xalqı hidayət etmək, onları Peyğəmbərin sünnəti və Qurana qaytarmaqdır. Onun şiələri də barələrində deyilən yalan və töhmətləri özlərindən uzaq etməyə çalışmaqla yanaşı, öz əhli-sünnət qardaşlarını da Əhli-beytin həqiqətləri ilə tanış etmək istəyirlər.

لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِّأُوْلِي الأَلْبَابِ مَا كَانَ حَدِيثًا يُفْتَرَى وَلَـكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلَّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

“Onların dastanlarında ağıl sahibləri üçün nəsihət və ibrət var. Bu, yalandan deyilmiş bir söz deyildir. Əksinə qarşısında olanı tətəsdiqləmək və hər şeyi açıqlamaq, iman gətirən bir xalqın hidayət və rəhməti üçündür.[81]

ŞİƏ İMAMLARINI TANITMAQ

Şiələr Əhli-beytdən olan on iki imama üz tutub onları özləri üçün hidayət çırağı bilirlər. Onların birincisi Əli ibni Əbi Talib (ə), ondan sonra oğlu Həsən (ə), sonra o biri oğlu Hüseyn (ə) və daha sonra imam Hüseyn (ə)-ın nəslindən olan doqquz övladıdır.

Peyğəmbər (s) bir çox yerdə, müxtəlif münasibətlərlə on iki nəfərin adını çəkmişdir. Onların adı şiə və sünnü rəvayətlərində qeyd olunmuşdur.

Bəzi sünnü alimləri bu rəvayətləri düz saymamış və hələ baş verməmiş iş barəsində Peyğəmbər (s)-in qeybdən xəbər verməsinin mümkün olmamasını bildirmişlər!!! Allah Quranda onun dili ilə buyurur:

وَلَوْ كُنتُ أَعْلَمُ الْغَيْبَ لاَسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ

“Əgər qeybi elmim olsaydı, öz var-dövlətimi artırardım və mənə zərər dəyməzdi.”[82]

Onların gətirdiyi dəlil qarşısında demək lazımdır ki, bu ayə Peyğəmbərin qeyb elmini tamamilə rədd etmir. Bu ayə müşriklərin cavabında gəlmişdir. Onlar Peyğəmbərdən qiyamətin nə vaxt baş verəcəyini soruşurdular. Zamanını yalnız Allahın bildiyi bir şeyi bilmək istəyirdilər.

عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَدًا  إِلَّا مَنِ ارْتَضَى مِن رَّسُولٍ

“O, qeybi bilir, heç kəsi öz qeybindən agah etmir, – istədiyi peyğəmbərdən başqa.”[83]

Bu ayə onu göstərir ki, Allah seçilmiş peyğəmbərləri öz qeybindən agah edir. Yusifin dastanı bu nümunələrdəndir ki, öz yoldaşlarına zindanda deyir:

لاَ يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِ إِلاَّ نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِ قَبْلَ أَن يَأْتِيكُمَا ذَلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّي

“Yemək verilməmişdən qabaq mən bu yuxunu sizin üçün yozaram. Bu, Allahın mənə öyrətdiyi elmlərdəndir.”[84]

Həmçinin qadir Allah buyurur:

فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِندِنَا وَعَلَّمْنَاهُ مِن لَّدُنَّا عِلْمًا

“O iki nəfər Bizim bəndələrdən birini tapdılar ki, Biz ona elm öyrətmişdik.”[85]

Bu, Xızrın barəsindədir. O, Musa ilə görüşdükdə, ona qeyb elmi öyrətdi, amma Musanın ona səbri çatmadı.

Müsəlmanlar arasında Peyğəmbərin qeyb elmini bilməsində heç bir ixtilaf yoxdur. O Həzrətin davranışı çoxlu qeybi xəbərləri sübut etmişdir. Necə ki, buyurmuşdur: “Təəccüb edirəm! Necə olur ki, zalım bir dəstə Əmmarı öldürür.”

Necə ki, Həzrət Əli (ə)-a buyurur: Zəmanənin ən bədbəxt adamı sənin başına zərbə vuracaq. O zərbədən sonra sənin saqqalını qanla boyanacaqdır.

Başqa bir yerdə buyurmuşdur: Övladım Həsən müsəlmanlar arasında sülh yaradacaqdır. Əbuzərə sürgündə yalqız öləcəyini deymişdi. Bunlardan başqa o Həzrətdən digər qeybi xəbərlər də rəvayət olunmuşdur. O hədislərin ən məşhuru Buxari və Müslümün öz “Səhih”lərində gətirdikləri hədisdir ki, Həzrət buyurur: “Məndən sonra imamlar on iki nəfərdir və hamısı Qüreyşdəndir.” Başqa bir rəvayətdə “Bəni Haşimdəndir” – sözünü buyurur. Başqa mühəddislər də bu rəvayəti qeyd etmişlər.

Biz “Düz danışanlarla birlikdə” və “Zikr əhlindən souşun” kitablarında əhli-sünnə alimlərinin bu hədisləri səhih hədislərdən saymalarını qeyd etmişik.

Əgər bir nəfər onlardan sual edib: “siz bu hədisləri səhih bildiyiniz halda, nə üçün on iki imama itaət etmək əvəzinə dörd məzhəbdən tutub onlara itaət edirsiniz?” – deyə soruşsa, belə cavab verilir:

“Saleh sələflərin hamısı Səqifənin iş başına gətirdiyi üç xəlifənin yoldaşlarıdır. Onların Əhli-beytdən uzaqlaşması, Əli (ə) və övladları ilə düşmənçilik etməsi əlacsızlıq üzündən olmuşdur. Peyğəmbərin sünnətini aradan aparıb yerinə ictihadı qoymağa çalışırdılar.

Bu, ümmətin Peyğəmbər (s)-dən sonra iki dəstəyə bölünməsinə səbəb oldu. Saleh sələflər, onların əhli-sünnədən olan tərəfdarları ümmətin çoxunu təşkil edirlər. Əli (ə) və onun şiələri Əbu Bəkrə beyət etməyib azlıqdadırlar. Hakim dairə onlara qəzəblənib “Rafizi” adlandırdılar.

Əhli-sünnət və camaat əsrlər boyu ümmətin həyatına hakimlik etmişlər. Əməvi və Abbasilər Əbu Bəkr, Ömər, Osman, Müaviyə və Yezid məktəbinin ardıcılları olub, xilafət hakimliyində olmuşlar.

Onların xilafəti zəiflədikdən sonra, xilafət nökərlər və əcəmlər əlinə düşdü. Çoxlu gizlədilmiş rəvayətlər aşkar oldu. Onların çox zəhmət çəkmələrinə baxmayaraq bütün rəvayətləri məhv edə bilməmişdilər. Bu rəvayətlər onlar üçün bu gün dəhşətli bir sirrə çevrilmişdir. Çünki onların etiqad bağladıqları şey tarixlə heç cür uyğun deyildir.

Onların bəziləri bu rəvayətləri əhli-sünnətin əqaidi ilə uyğunlaşdırmağa çalışaraq, özlərini Əhli-beytin dostları kimi göstərmək istəyirlər. Həzrət Əli (ə)-ın adı gələndə “Allah ondan razı olsun” kəlməsini işlədirlər. Bəlkə bu yolla xalqa Peyğəmbər ailəsinin düşməni olmadıqlarını bildirsinlər.

Müsəlmanlardan heç kəs, hətta münafiqlər Peyğəmbərin ailəsi ilə düşmənçiliyini aşkar edə bilmirlər. Çünki Əhli-beyt düşmənləri Peyğəmbərin düşmənləridir. Bu da onları İslamdan çıxarır. (Yəni hər kəs Peyğəmbər (s)-lə düşmənçilik etsə, müsəlman deyildir).

Dediklərimizdən onların həqiqətdə Peyğəmbər ailəsi ilə düşmən olması aydın olur. “Onlar” deməkdə hədəfimiz saleh sələflərdir ki, ardıcılları onları əhli-sünnə və camaat adlandırırlar. Çünki onların hamısı dörd məzhəbə itaət edirdilər. Həmin dörd məzhəblər ki, onları özlərinin zəmanə hakimləri icad etmişdilər. Onlar heç bir şəri hökmlərdə Əhli-beyt imamlarına müraciət etmirdilər.

Sözün əsl həqiqətində imamiyyə şiələri Peyğəmbərin sünnətinə əməl edənlərdir. Onlar bütün fiqhi hökmlərdə Əhli-beyt imamlarına itaət edirlər. Həmin Əhli-beyt imamları ki, səhih sünnəti öz cəddləri olan Peyğəmbərdən irs aparmışlar və ona heç kəsin ictihad və nəzərini daxil etməmişlər.

Şiə bütün tarix boyu Peyğəmbər (s)-in sünnətinə sadiq qalaraq heç vaxt nəss qarşısında ictihad etməmişdir. Peyğəmbər (s) aşkar şəkildə Əli (ə)-ı və onun övladlarını özündən sonra ümmətə imam tanıtdırmış, şiələr də can və qəlblə bunu qəbul etmişdilər. Hərçənd ki, həzrət Əli (ə)-dan savayı heç bir imam zahirdə xilafətə çatmamışdılar. Bununla belə, qüdrətə çatanları da qəbul etməmişlər. Onların özlərinin (Ömərin) dediyinə görə, birinci xəlifə birdən-birə iş başına gəlmişdir və Allah hamını onun şərindən saxlasın! Bu xilafət Allahın sözündən çıxma və Peyğəmbərlə müxalifət etmə üstündə qurulmuşdur. Ondan sonra gələnlər də onun yolunu getmişlər. Hər gələn xəlifə də özündən qabaqkını təyin etmiş, ya da müharibə yolu ilə iş başına çatmışdır.[86]

Tarixdə bunlarla üzləşən əhli-sünnə və camaat çarəsiz qalaraq “imamət yaxşı və pisi qəbul etmişdir”, – sözünü işlədirlər. Bu sözü deməyə onları məcbur edən şey bütün xəlifələri – yaxşı və pisliklərinə baxmayaraq – qəbul etməkləridir.

Şiələrin imamın məsum olmasına etiqadları vardır. Onların fikrinə görə, ümmətin rəhbərliyi məsum imamdan başqa heç kəsə layiq deyildir. Bəli, imamətdir ki, Allah hər cür çirkinliyi ondan uzaq etmiş, pak və pakizə saxlamışdır.

ƏHLİ SÜNNƏT VƏ CAMAATIN İMAMLARI

Əhli-sünnə və camaat məşhur dörd məzhəbin rəhbərləri Əbu Hənifə, Malik, Şafei və Əhməd ibni Hənbələ itaət edirlər.

Bu dörd nəfər nə səhabə olmuş və nə də səhabəni görənlərdəndir. Həmçinin, nə Peyğəmbər onları, nə də onlar Peyğəmbəri görmüş, nə də bir-birini tanımışlar. Onların – tarixə əsasən – ən birincisi Əbu Hənifədir. Onunla Peyğəmbər arasında yüz il fasilə vardır. O, hicrətin 80-ci ilində dünyaya gəlmiş və 150-ci ilində dünyadan getmişdir. Onların sonuncusu Əhməd ibni Hənbəldir ki, hicrətin 165-ci ilində dünyadan getmişdir. Onlar füruid-dində bunlardan itaət etmişlər.

Əhli-sünnə üsulid-dində imam Əbdül-həsən Əli ibni İsmail Əşəriyə itaət edirlər. O, hicrətin 270-ci ilində dünyaya gəlmiş və 325-ci ilində dünyadan getmişdir.

Bunlar dinin üsul və fürusunda əhli-sünnətin itaət etdikləri adamlardır. Siz bunların arasında Peyğəmbər (ə)-in Əhli-beytindən, ya səhabələrindən heç bir kəsi görə bilməzsiniz. Eləcə də Peyğəmbər onların barəsində heç nə deməmiş və xalqı onlara tərəf hidayət etməmişdir. Tarixdə belə şeylər görsənməyib və onların isbatı mümkün deyildir.

Əgər əhli-sünnə Peyğəmbər (s)-in sünnəsinə vəfalı olduqlarını deyirlərsə, bəs nə üçün onların məzhəbi belə gec yaranmışdır? Bu məzhəblər yaranmamışdan qabaq görəsən, haradaydılar? Hansı dində olub, kimə müraciət edirdilər?

Nə üçün Peyğəmbərin zamanında yaşamayıb, onu görməyənlərə itaət edirlər? Bu kəslər səhabələr arasında baş verən fitnə və davalardan sonra dünyaya gəlmişlər. Elə bir zamanda ki, səhabələrin bəzisi bəzisini kafir bilir, Quran və sünnətlə istədikləri kimi dolanıb, özləri istədiklərini ictihad edirlər?!

Yezid ibni Müaviyə xilafətə çatdıqdan sonra Peyğəmbər (s)-in şəhəri olan Mədinəni öz qoşunu üçün halal etdi. İstədikləri hər bir işi etməyə icazə verdi. Onun qoşunu Mədinədə böyük bir faciə yaratdı. Onunla beyət etməyən səhabələri öldürüb iffətli qadınları aludə etdilər və çoxlu qadın bu zinadan hamilə oldu.

Ağıllı insan fitnəyə aludə olmuş təbəqədən olan imamlara necə iman gətirə bilir? Onların fikirləri o zəmanədən qidalanmış, özləri o zamanın tərbiyəsini almışlar. Elə bir zamanda yalnız o kəslər ucalıb məşhur olmuşdur ki, hakimlərin razılığı onlara olmuşdur.

Peyğəmbər (s)-in pak ailəsini, onun sünnətinə əməl edən, xalq içində özündən sonra təyin etdiyi Əli (ə) və onun övladları olan Həsən (ə) və Hüseyn (ə)-ı bir kənara qoyub, əməvilərin siyasəti altında böyümüş, Peyğəmbərin sünnəsi ilə tanış olmayan kəslərə itaət edirlər? Peyğəmbərin sünnəsinə itaət etmələrini iddia edən əhli-sünnə, sünnəsi qoruyanları bir kənara qoyub Peyğəmbərin onların barəsində tapşırdıqlarına məhəl etməyərək yenə də özlərini əhli-sünnət adlandırırlar?

İslam tarixini oxumuş, Quran və sünnədən xəbərdar olan hər kəs əhli-sünnənin əməvi və abbasilərə itatət etmələrini aydın şəkildə hiss edə bilər.

Eyni zamanda şiələrin Peyğəmbər Əhli-beytinin ardınca gedərək Peyğəmbərin sünnətinə əməl etmələrini aydınca görə bilər.

Əziz oxucu! İndi görürsənmi siyasət necə hər şeyi tərsinə edərək, haqqı batil və batili haqq göstərir? Peyğəmbər və onun ailəsini sevənlər “rafizi” və bidət əhli, bidət qoyanlar, Peyğəmbərin sünnəsindən uzaq olub zalım xəlifələrə itaət edənlər isə əhli-sünnə və camaat adlandırılır! Həqiqətən çox təəccüblüdür?!!

Mən mötəqidəm ki, bu ad qoyulmanın arxasında Qüreyş durmuş və sirri də elə bundadır.

Öncə dediyimiz kimi, Qüreyş Abdullah ibni Öməri hədis yazmağa qoymayıb Peyğəmbərin məsum olmamasını demişdi.

Qüreyş həqiqətdə bir neçə nəfər idi. Onlar ərəblər içində böyük nüfuza malikdirlər. Bəzi tarixçilər onları ərəbin siyasətçiləri adlandırmışlar. Çünki onlar hiylə, yalan və zirəklikdə məşhur idilər. Bəziləri də onları “əhli-həll və əqd” adlandırmışlar.

O cümlədən, bu adamlardan Əbu Bəkr, Ömər, Osman, Əbu Süfyan, Müaviyə, Əmr As, Müğeyrə ibni Şöbə, Mərvan ibni Həkəm, Təlhə ibni Übeydullah, Əbdürrəhman ibni Ovf, Əbu Übeydə, Amir ibni Cərrah və bir neçə nəfərin adını çəkmək olar.[87]

Adlarını çəkdiyimiz adamlar bəzi vaxtlar bir yerə yığılır, məşvərətlə qərar qəbul edir, sonra da elam edirdilər. Xalq da öz növbəsində heç bir etiraz etmədən onu qəbul edirdi. Onların hiylələrindən biri də Peyğəmbərin məsum olmaması barədə qəbul etdikləri qərar idi. Onlar Peyğəmbər (s)-i adi bir adam kimi qəbul edərək bəzən onun səhv etdiyini deyirdilər. Beləliklə, onu xalqın nəzərində kiçik etmək istəyirdilər.

Onların işlərindən biri də Əli ibni Əbi Talibi söyüb onu lənətləmək idi. Onu Allahın və Peyğəmbərin düşməni kimi qələmə verirdilər. Bundan əlavə, Peyğəmbərin böyük səhabəsi Əmmar ibni Yasiri də söyürdülər. Onu Abdullah ibni Səba və İbnus-Sovda adlandırırdılar. Çünki o, xəlifələrlə müxalifətçilik edir, xalqı Əli ibni Əbi Talibə itaət etməyə çağırırdı.

Onların başqa işlərindən biri də şiələri rafizi adlandırmaqdır. Bununla xalqı inandırmağa çalışırdılar ki, guya şiələr onlar Peyğəmbər (s)-i kənara qoymuş, Əli ibni Əbi Talib (ə)-a itaət edirlər.

Digər işlərindən biri də özlərini əhli-sünnət və camaat adlandırmaqlarıdır. Bu adı özlərinə qoymaqla həqiqi möminləri inandırmağa çalışırdılar ki, rafizilərin əksinə olaraq yalnız onlar Peyğəmbər (s)-in sünnətinə vəfadardırlar.

Həqiqətdə onların sünnətdən məqsədi dində qoyduqları bağışlanmaz bidətlərdir. Əli ibni Əbi Talib (ə)-ı və Peyğəmbər (s) ailəsini minbər üstündə lənətləmək bu bidətlərin acı nəticəsidir. Bu pis adət səksən il dövlət, şəhər və kəndlərdə davam etdi. Əgər onlardan olan bir kəs minbərdə danışarkən yaddan çıxarıb o həzrəti lənətləməsəydi, fəryad çəkərək: “sünnəni yerinə yetirmədin, sünnəti yerinə yetirmədin” – qışqırırdılar.

Ömər ibni Əbdül-Əziz bu “sünnəni” “İnnəllahə yəmuru bil-ədli vəl-ehsan və itai zil-qurba”[88] ayəsi ilə dəyişmək istədikdə, hiylə quraraq onu öldürdülər. Çünki o, bu əməli ilə onların sünnətini ayaq altına qoymuş, onu bu yerə çatdıranları nadan saymışdır. O öz islahatlarının qurbanı oldu. Bəni-Üməyyədən olan əmisi oğlanları onların “sünnə”sinin aradan getməsinə imkan vermədilər.

Əməvilər dövləti darmadağın olduqdan sonra abbasilər iş başına gəldilər. Onlar da öz növbələrində bacardıqları qədər Əhli-beyt imamlarına və onların şiələrinə əzab verdilər. Bu iş Həzrət Əli (ə)-ı ən böyük düşmənlərindən sayan, Mütəvəkkil adı ilə məşhur olan Cəfər ibni Mötəsimin vaxtına qədər davam etdi. Onun zəmanəsində düşmənçilik ən yuxarı həddə çatdı. O, imam Hüseyn (ə)-ın zərihinin xarab edilməsi əmrini verib xalqa onun ziyarətini qadağan etdi. O, həzrət Əli (ə)-ın düşmənlərindən başqa heç kəsə hədiyyə vermirdi.

Mütəvəkkilin İbni Səkkit adlı alimlə olan dastanı məşhurdur. O, həzrət Əli (ə)-a və onun övladlarına məhəbbət göstərirdi. Eyni zamanda xəlifənin uşaqlarına da müəllimlik edirdi. Buna görə də onu faciəli surətdə qətlə yetirdi.

İş o yerə çatmışdı ki, Mütəvəkkil Əli adı ilə adlanan hər bir uşağı qətlə yetirmək əmrini vermişdi. Əli adından acığı gələr, onu düşmən bilirdi. Bir gün Əli ibni Cəhm adlı bir şair onunla üzbəüz gəldikdə dedi: “Ey Əmirəl-möminin, ailəm mənə zülm etmiş, adımı Əli qoymuşdur. Mənim bu addan və bu adla adlanmış hər bir kəsdən acığım gəlir.” Mütəvəkkil bu sözdən xoşhal olub gülümsədi və ona hədiyyə verməyi tapşırdı.

Onun məclislərində Həzrət Əli (ə)-ı yamsılayan bir adam var idi. O, özünü Həzrət Əli (ə)-ın şəklinə salıb camaatı güldürürdü. Onlar da ona: “keçəl və yekə qarın kişi gəldi” deyib ələ salırdılar. Xəlifə də bu işdən xoşhal olurdu. (Allaha pənah!)

Mütəvəkkilin bu düşmənçiliyi onun nifaqına böyük dəlildir. Bununla belə əhli-sünnə onu “sünnəni dirildən” adlandırırdı.

Əhli hədis özünü əhli-sünnə və camaatdan sayır. Qəti dəlillə sabit olur ki, sünnə onların dilində Əli (ə)-la düşmənçilik etmək və onu lənətləməkdə xülasələnir ki, bu, həmin “nasibi” deməkdir.

Daha artıq məlumat vermək üçün deməliyik ki, Xarəzmi öz kitabında deyir: Harun ibni Xeyzəran və Cəfər Mütəvəkkil Əli (ə)-ı və onun ailəsini söyən hər bir kəsə hədiyyə verirdi.[89]

Həmçinin, İbni Həcər Abdullah ibni Əhməd ibni Hənbəldən rəvayət edib deyir: Nəsr ibni Əli ibni Suhban bu hədisi: Peyğəmbər Həsən və Hüseynin əlindən tutub buyurdu: “Hər kəs məni və bu iki nəfəri və bunların ata-anasını istəyərsə, qiyamət günündə mənimlə behiştdə bir yerdə olacaqdır” – dedikdə, Mütəvəkkil ona min şallaq vurmağı əmr etdi. Ona ölənə qədər şallaq vurdular. Bu vaxt Cəfər ibni Əbdül-Vahid araya girib xəlifəyə dedi: “Ey Əmirəl-möminin! Bu kişi əhli-sünnədəndir.” Bu zaman xəlifə ondan əl çəkmək əmrini verdi.[90]

Cəfər ibni Əbdül-Vahidin “Nəsr əhli-sünnədəndir” sözündən başa düşmək olur ki, onu qurtarmaq istəmişdir. Bu özlüyündə əhli-sünnətin Əhli-beytlə düşmən olmasına dəlildir. Hər kəs Əhli-beytin fəzilətində bir şey rəvayət edirdisə, sünnü belə olmuş olsa, onu öldürürdülər.

Həmçinin İbni Həcər öz kitabında yazır: Abdullah ibni İdris Əzdi əhli-sünnət və camaatdan olmuş, öz sünnətində möhkəm və Osmani idi.[91]

Eləcə də Abdullah ibni Ovn Bəsri haqqında deyir: O, inamlı adamdır. İbadət əhli, əhli-sünnədə davamcıl və bidət əhli qarşısında möhkəmdir. İbni Səd deyir: O, Osmani idi.

Daha sonra yazır: İbrahim ibni Yəqub Cüzcani, Hüreyzi məzhəbində olmuşdur. Əli (ə) ilə düşmənçilikdə məşhurdur. İbni Həbban yazır: Sünnətə itaət etməkdə möhkəm olmuşdur.

Buradan başa düşmək olar ki, Əli (ə) və onun ailəsi ilə düşmənçilik, Əhli-beytə ləənt göndərmək sünnətdə möhkəm olmağa işarədir və bildik ki, osmanilər həmişə Əhli-beytlə düşmən olmuş və Əli (ə) dostları və övladları ilə pis rəftar edirdilər.

Əhli-bidət deməkdə onların hədəfi Həzrət Əli (ə)-ın imamətini qəbul edən şiələrdir. Bu, onların fikrincə bidət deməkdir. Yəni, onlar raşidin xəlifələri, “Sələfi-saleh”lə müxalifətçilik etməkləri ilə bidət etmişlər.

Tarixdə buna çoxlu şahid vardır. Lakin biz təhqiq əhli olanlar üçün kafi ola biləcək miqdarda qeyd edirik. Təhqiqatçılar istədikləri təqdirdə bunun bir neçə bərabərində şahid tapa bilərlər.

وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ

“Hər kəs bizim yolumuza səy göstərsə, onları Öz yolumuza hidayət edərik. Allah yaxşı əməl sahibləri ilədir.”[92]

PEYĞƏMBƏR TƏRƏFİNDƏN ŞİƏ İMAMLARININ MÜƏYYƏN EDİLMƏSİ

Peyğəmbər sirəsini və islam tarixini oxuyan hər bir kəs Peyğəmbər (s)-in on iki nəfəri imam təyin etməsini bilir. Peyğəmbər onların bir-bir adlarını sadalayaraq özünə canişin təyin etmişdir.

Onların sayı əhli-sünnətin “Sihah”ında gəlmiş, on iki nəfər olmaqları açıqlanmışdır. Onların hamısı Qüreyşdəndir. Bu rəvayətləri Buxari, Müslüm və başqaları qeyd etmişlər.

Bəzi sünnü mənbələri də onların adını çəkmişdir. Peyğəmbər (s) onların birincisinin Əli ibni Əbi Talib (ə), ondan sonra oğlu Həsən (ə), ondan sonra qardaşı Hüseyn və daha sonra doqquz nəfər imam Hüseyn (ə)-ın nəslindən olmalarını bildirmişdir. Onların axırıncısı Məhdi (ə)-dır.

“Yənabiul-məvəddət” kitabının sahibi deyir: Etəl adlı bir yəhudi Peyğəmbər (s)-in yanına gəlib dedi: Ey Mühəmməd! Çoxdan qəlbimdə olan bir neçə şeyi səndən soruşmaq istəyirəm. Əgər cavab versən, sənin qarşında müsəlman olacağam.

Həzrət buyurdu: Ey Əbu Əmarə, soruş! O bir neçə şey soruşdu. Həzrət cavab verdikdən sonra yəhudi dedi: Düz deyirsən. Sonra dedi: Mənə de görüm, sənin canişinin kimdir? Çünki hər bir peyğəmbərin canişini olmuşdur. Bizim peyğəmbərimiz Musa ibni İmran buyurmuşdur ki, onun canişini Yuşə ibni Nundur.

Peyğəmbər (s) buyurdu: Mənim canişinim Əli ibni Əbi Talib, ondan olan iki nəvəm Həsən və Hüseyndir. Daha sonra doqquz nəfər Hüseynin nəslindən bir-birinin ardınca olanlardır.

Dedi: Ey Mühəmməd! Onların adını mənim üçün say.

Buyurdu: Hüseyn dünyadan gedəndən sonra oğlu Əli, o dünyadan gedəndən sonra oğlu Mühəmməd, ondan sonra oğlu Cəfər, ondan sonra oğlu Musa, ondan sonra oğlu Əli, Əlidən sonra oğlu Mühəmməd, ondan sonra oğlu Əli, ondan sonra oğlu Həsən, ondan sonra oğlu Məhdi Allahın höccətidir. Bunlar on iki nəfərdirlər.

Yazır: Yəhudi müsəlman oldu. Allaha bu hidayətə görə həmd etdi.[93] Əgər şiə kitablarını axtarıb həqiqətləri üzə çıxarsaq, bunun neçə-neçə bərabərini ələ gətirə bilərik.



Geri   İrəli
Go to TOP